22.01.2021
Fərhad Abdullayevin sədrliyi
ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi
konstitusiya icraatının yazılı prosedur qaydasında növbəti məhkəmə iclası
keçirilib.
İclasda Bakı Apellyasiya Məhkəməsinin
müraciəti əsasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci,
747-1.3-cü və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair
konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin
Plenumu iş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələri
- Bakı Apellyasiya Məhkəməsinin sədri vəzifəsini icra edən E.Rəhimovun və Milli
Məclis Aparatının İqtisadi və sosial qanunvericilik şöbəsinin müdiri
M.Bazıqovun, mütəxəssislər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət
Heyətinin və Azərbaycan Banklar Assosiasiyasının yazılı mülahizələrini, ekspert
qismində Milli Aviasiya Akademiyasının Hüquq kafedrasının müdiri, hüquq üzrə
elmlər doktoru A.Rüstəmzadənin rəyini və işin materiallarını araşdırıb müzakirə
edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 747.1-ci, 747-1.3-cü və 747-2-ci maddələrinin tələblərinə
və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.17-ci və 114-cü maddələrində
əsas vəsaitlərə verilmiş anlayışa uyğun olaraq, yaşayış sahəsinin, o cümlədən mənzilin
əsas vəsait olmaqla lizinq müqaviləsinin obyekti olması və lizinq obyektinin
sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan hüquqi və ya fiziki şəxsə verilməsi
istisna edilmir.
Azərbaycan Respublikası Mülki
Məcəlləsinin 747.1-ci və 747-2-ci maddələrinin tələblərinə, habelə bu Qərarın təsviri-əsaslandırıcı
hissəsinin hüquqi mövqelərinə əsasən kredit müqaviləsindən fərqli olaraq lizinq
müqaviləsinin obyekti pul vəsaiti deyil, müəyyən əmlak olduğundan lizinq
müqaviləsinin kredit müqaviləsi ilə pərdələnməsi qeyri-mümkündür.
Qərar dərc edildiyi gündən
qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə,
yaxud rəsmi təfsir edilə bilməz.