Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası MM-nin 747.1-ci, 747-1.3-cü və 747-2-ci mad. bəzi müddəalarının şərh edilməsinə dair konstitusiya işinə baxıb

News

2021 Jan

22.01.2021

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında növbəti məhkəmə iclası keçirilib.

İclasda Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci, 747-1.3-cü və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələri - Bakı Apellyasiya Məhkəməsinin sədri vəzifəsini icra edən E.Rəhimovun və Milli Məclis Aparatının İqtisadi və sosial qanunvericilik şöbəsinin müdiri M.Bazıqovun, mütəxəssislər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin və Azərbaycan Banklar Assosiasiyasının yazılı mülahizələrini, ekspert qismində Milli Aviasiya Akademiyasının Hüquq kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru A.Rüstəmzadənin rəyini və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci, 747-1.3-cü və 747-2-ci maddələrinin tələblərinə və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.17-ci və 114-cü maddələrində əsas vəsaitlərə verilmiş anlayışa uyğun olaraq, yaşayış sahəsinin, o cümlədən mənzilin əsas vəsait olmaqla lizinq müqaviləsinin obyekti olması və lizinq obyektinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan hüquqi və ya fiziki şəxsə verilməsi istisna edilmir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci və 747-2-ci maddələrinin tələblərinə, habelə bu Qərarın təsviri-əsaslandırıcı hissəsinin hüquqi mövqelərinə əsasən kredit müqaviləsindən fərqli olaraq lizinq müqaviləsinin obyekti pul vəsaiti deyil, müəyyən əmlak olduğundan lizinq müqaviləsinin kredit müqaviləsi ilə pərdələnməsi qeyri-mümkündür.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.