28.08.2020
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayev avqustun
27-də Qazaxıstan Respublikasının Konstitusiya Şurasının təşkil etdiyi “XXI
əsrin Konstitusiyası – hüququn aliliyi, insan dəyəri və dövlətin səmərəliliyi”
mövzusunda keçirilən Asiya Konstitusiya Məhkəmələri və Ekvivalent İnstitutlar
Assosiasiyasının onlayn formatda keçirilmiş IV Konqresində
iştirak etmişdir.
Tədbirin
əvvəlində Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevin
Konqres iştirakçılarına ünvanlanan məktubu səsləndirildi.
Daha
sonra Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev çıxış edərək,
keçirilən Konqresin ölkənin Konstitusiyasının 25-ci ildönümünə təsədüf etdiyini
qeyd etdi, Əsas Qanunun Respublikanın yeni hüquq sisteminin yaradılmasında və
inkişafında rolunu vurğuladı.
Açılış
nitqləri ilə həmçinin Qazaxıstan Konstitusiya Şurasının sədri, hazırda adıçəkilən Assosiasiyaya sədirlik
edən Kayrat Mami, Avropa Şurası Venesiya Komissiyasının sədri Canni Bukikkio, Avrasiya
İqtisadi Birliyi Məhkəməsinin sədri Jolımbet Baişev, Almaniya beynəlxalq hüquqi
əməkdaşlıq fondunun baş direktoru Frauke Baxler və ATƏT-in Nur-Sultandaki
Proqram ofisinin rəhbəri Dyörd Sabo çıxış etdilər.
Tədbirin
praktiki hissəsində Qazaxıstan, Türkiyə, Rusiya, Ukrayna, Latviya, Koreya,
İndoneziya, Qırğızıstan, Tailand, Pakistan, Hindistan və digər ölkələrin
Konstitusiya və Ali Məhkəmələrinin sədrləri və hakimləri qanunun aliliyinin təmin
olunmasında konstitusiya nəzarəti orqanlarının rolu; COVİD-19 pandemiya şəraitində
insan hüquqlarının müdafiəsi; rəqəmsal transformasiya dövründə demokratik dəyərlərin
və insan hüquqlarının müdafiəsi; müasir dövlətin inkişafı və digər mövzular üzrə məruzələr
təqdim etdilər.
Konqresdə
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayev
“Pandemiya dövründə Azərbaycan Respublikasında konstitusiya ədalət mühakiməsinin
həyata keçirilməsinin bəzi aspektləri” mövzusunda məruzə ilə çıxış etdi.
Tədbirin
sonunda Konqresinin Bəyannaməsi qəbul edildi.
Bəyannamədə
konstitusiya nəzarəti orqanları tərəfindən konstitusiya dəyərlərinin müdafiəsində
rolu, Assosiasiyaya üzv olan dövlətlərin qanunvericiliyin təkmilləşdirilməsi
prosesi, pandemiya dövründə vətəndaşların hüquqlarının məhkəmə icraatları çərçivəsində
təmin edilməsi və digər hüquqi məsələlər öz əksini tapmışdır.
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin təklifi ilə ölkələrin ərazi bütövlüyü və
sərhədlərin pozulmazlığı kimi beynəlxalq
hüququn fundamental prinsipləri Assosiasiyaya üzv olan ölkələrin
Konstitusiya və Ali Məhkəmələri tərəfindən yekdil olaraq dəstəklənərək Bəyannamənin
mətninə daxil edilmişdir.
Həmin
Bəyannamə Assosiasiyaya üzv olan konstitusiya ədalət mühakiməsini həyata keçirən
orqanlar tərəfindən yekdilliklə imzalanmışdır.