Konstitusiya Məhkəməsinin Sədri Asiya Konstitusiya Məhkəmələri və Ekvivalent İnstitutlar Assosiasiyasının onlayn Konqresində iştirak edib

Новости

2020 Aug

28.08.2020

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayev avqustun 27-də Qazaxıstan Respublikasının Konstitusiya Şurasının təşkil etdiyi “XXI əsrin Konstitusiyası – hüququn aliliyi, insan dəyəri və dövlətin səmərəliliyi” mövzusunda keçirilən Asiya Konstitusiya Məhkəmələri və Ekvivalent İnstitutlar Assosiasiyasının onlayn formatda keçirilmiş IV Konqresində iştirak etmişdir.

Tədbirin əvvəlində Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevin Konqres iştirakçılarına ünvanlanan məktubu səsləndirildi.

Daha sonra Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev çıxış edərək, keçirilən Konqresin ölkənin Konstitusiyasının 25-ci ildönümünə təsədüf etdiyini qeyd etdi, Əsas Qanunun Respublikanın yeni hüquq sisteminin yaradılmasında və inkişafında rolunu vurğuladı.

Açılış nitqləri ilə həmçinin Qazaxıstan Konstitusiya Şurasının sədri, hazırda adıçəkilən Assosiasiyaya sədirlik edən Kayrat Mami, Avropa Şurası Venesiya Komissiyasının sədri Canni Bukikkio, Avrasiya İqtisadi Birliyi Məhkəməsinin sədri Jolımbet Baişev, Almaniya beynəlxalq hüquqi əməkdaşlıq fondunun baş direktoru Frauke Baxler və ATƏT-in Nur-Sultandaki Proqram ofisinin rəhbəri Dyörd Sabo çıxış etdilər.

Tədbirin praktiki hissəsində Qazaxıstan, Türkiyə, Rusiya, Ukrayna, Latviya, Koreya, İndoneziya, Qırğızıstan, Tailand, Pakistan, Hindistan və digər ölkələrin Konstitusiya və Ali Məhkəmələrinin sədrləri və hakimləri qanunun aliliyinin təmin olunmasında konstitusiya nəzarəti orqanlarının rolu; COVİD-19 pandemiya şəraitində insan hüquqlarının müdafiəsi; rəqəmsal transformasiya dövründə demokratik dəyərlərin və insan hüquqlarının müdafiəsi; müasir dövlətin inkişafı və digər mövzular üzrə məruzələr təqdim etdilər.

Konqresdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayev “Pandemiya dövründə Azərbaycan Respublikasında konstitusiya ədalət mühakiməsinin həyata keçirilməsinin bəzi aspektləri” mövzusunda məruzə ilə çıxış etdi.

Tədbirin sonunda Konqresinin Bəyannaməsi qəbul edildi.

Bəyannamədə konstitusiya nəzarəti orqanları tərəfindən konstitusiya dəyərlərinin müdafiəsində rolu, Assosiasiyaya üzv olan dövlətlərin qanunvericiliyin təkmilləşdirilməsi prosesi, pandemiya dövründə vətəndaşların hüquqlarının məhkəmə icraatları çərçivəsində təmin edilməsi və digər hüquqi məsələlər öz əksini tapmışdır.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təklifi ilə ölkələrin ərazi bütövlüyü və sərhədlərin pozulmazlığı kimi beynəlxalq hüququn fundamental prinsipləri  Assosiasiyaya üzv olan ölkələrin Konstitusiya və Ali Məhkəmələri tərəfindən yekdil olaraq dəstəklənərək Bəyannamənin mətninə daxil edilmişdir.

Həmin Bəyannamə Assosiasiyaya üzv olan konstitusiya ədalət mühakiməsini həyata keçirən orqanlar tərəfindən yekdilliklə imzalanmışdır.