Ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü Konstitusiya Məhkəməsində qeyd edilib

Xəbərlər

2020 May

07.05.2020

Xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ilk Konstitusiyamızın müəllifi Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə mayın 7-də Konstitusiya Məhkəməsində xüsusi karantin rejiminin qaydalarına əməl etməklə hakimlər və Aparatın bir sıra əməkdaşlarının iştirakı ilə tədbir keçirilib.

Tədbirdə çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev ulu öndər Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan, zəngin fəaliyyətindən, xilaskarlıq missiyasından, Azərbaycan xalqının çətin günlərində göstərdiyi misilsiz xidmətlərindən danışıb.

Qeyd olunub ki, müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanması və qəbul edilməsi, həmçinin ölkəmizdə konstitusionalizm ideyalarının inkişafı müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. Ulu öndər Heydər Əliyev Əsas Qanunun müəllifi kimi dövlət hakimiyyətinin demokratik prinsiplər əsasında bölünməsinə, yeni qanunvericilik bazasının yaranmasına, dünyəvi cəmiyyətin əsaslarının inkişafına nail olub.

Diqqətə çatdırılıb ki, Konstitusiyanın aliliyinin təmin edilməsi məqsədilə 1998-ci il iyulun 14-də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yaradılıb. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yaradılması xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır.

Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi dövlətçilik siyasəti nəticəsində bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə mütərəqqi və dünyəvi dəyərlərə söykənərək aparılmış mühüm islahatlar dayanıqlı ictimai-siyasi sabitliyin əldə edilməsinə, qanunun aliliyinin təmin olunmasına, habelə insan hüquq və azadlıqlarının müdafiəsi üçün təminatları nəzərdə tutan vətəndaş cəmiyyətinin formalaşmasına imkan yaradıb.

Sədr qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə ölkədə koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması və əhalinin sağlamlığının qorunması üçün bütün tədbirlər həyata keçirilib. Dövlətimizin başçısının xalqın rifahına yönəlmiş təxirəsalınmaz tədbirləri nəticəsində ölkəmiz bir çox dövlətlərdən fərqli olaraq sosial və iqtisadi böhrandan xilas olunub.

İclasın yekununda F.Abdullayev Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr edilmiş “XXI əsrdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində müasir nəzəri və praktiki yanaşmalar” mövzusunda mayın 5-də Konstitusiya Məhkəməsində keçirilmiş onlayn elmi-nəzəri konfrans barədə məlumat verib. Bildirilib ki, konfransın materialları əsasında məqalələr toplusu nəşr ediləcək.