07.05.2020
Xalqımızın ümummilli lideri,
müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ilk Konstitusiyamızın
müəllifi Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə mayın 7-də
Konstitusiya Məhkəməsində xüsusi karantin rejiminin qaydalarına əməl etməklə
hakimlər və Aparatın bir sıra əməkdaşlarının iştirakı ilə tədbir keçirilib.
Tədbirdə çıxış edən
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev ulu öndər Heydər Əliyevin
keçdiyi şərəfli həyat yolundan, zəngin fəaliyyətindən, xilaskarlıq
missiyasından, Azərbaycan xalqının çətin günlərində göstərdiyi misilsiz xidmətlərindən
danışıb.
Qeyd olunub ki, müstəqil Azərbaycanın
ilk Konstitusiyasının hazırlanması və qəbul edilməsi, həmçinin ölkəmizdə
konstitusionalizm ideyalarının inkişafı müasir müstəqil Azərbaycanın memarı və
qurucusu Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. Ulu öndər Heydər Əliyev Əsas
Qanunun müəllifi kimi dövlət hakimiyyətinin demokratik prinsiplər əsasında
bölünməsinə, yeni qanunvericilik bazasının yaranmasına, dünyəvi cəmiyyətin əsaslarının
inkişafına nail olub.
Diqqətə çatdırılıb ki,
Konstitusiyanın aliliyinin təmin edilməsi məqsədilə 1998-ci il iyulun 14-də Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi yaradılıb. Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin yaradılması xalqımızın ümummilli lideri Heydər
Əliyevin adı ilə bilavasitə bağlıdır.
Ümummilli lider Heydər
Əliyevin həyata keçirdiyi dövlətçilik siyasəti nəticəsində bu gün Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə mütərəqqi və
dünyəvi dəyərlərə söykənərək aparılmış mühüm islahatlar dayanıqlı
ictimai-siyasi sabitliyin əldə edilməsinə, qanunun aliliyinin təmin olunmasına,
habelə insan hüquq və azadlıqlarının müdafiəsi üçün təminatları nəzərdə tutan vətəndaş
cəmiyyətinin formalaşmasına imkan yaradıb.
Sədr qeyd edib ki, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə ölkədə koronavirus
infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması və əhalinin
sağlamlığının qorunması üçün bütün tədbirlər həyata keçirilib. Dövlətimizin
başçısının xalqın rifahına yönəlmiş təxirəsalınmaz tədbirləri nəticəsində ölkəmiz
bir çox dövlətlərdən fərqli olaraq sosial və iqtisadi böhrandan xilas olunub.
İclasın yekununda F.Abdullayev Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr edilmiş “XXI əsrdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində müasir nəzəri və praktiki yanaşmalar” mövzusunda mayın 5-də Konstitusiya Məhkəməsində keçirilmiş onlayn elmi-nəzəri konfrans barədə məlumat verib. Bildirilib ki, konfransın materialları əsasında məqalələr toplusu nəşr ediləcək.