Azərbaycan
Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında
Azərbaycan Respublikasının Konstitusiya Qanunu
I fəsil. Azərbaycan Respublikasının insan hüquqları
üzrə müvəkkilinin (ombudsmanın) fəaliyyətinin və təyin edilməsinin əsasları
Maddə 1. İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın)
fəaliyyətinin əsasları
1.1.
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) vəzifəsi
(bundan sonra — Müvəkkil) Azərbaycan Respublikası Konstitusiyasında və Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş və Azərbaycan
Respublikasının dövlət orqanları, bələdiyyələr, habelə dövlət və ya bələdiyyə
mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə
məxsus olan hüquqi şəxslər (o cümlədən publik hüquqi şəxslər) və büdcə təşkilatları
(bundan sonra — dövlət orqanları, bələdiyyələr və digər qurumlar), onların
vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa
edilməsi və bu Konstitusiya Qanunu ilə müəyyən edilmiş hallarda insan
hüquqları pozuntularının qarşısının alınması üçün təsis edilir.
1.2. Müvəkkil «İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti
alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya»nın Fakültativ Protokolunda nəzərdə
tutulmuş milli preventiv mexanizmin funksiyalarını həyata keçirir. İşgəncənin və
digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın
qarşısını almaq məqsədi ilə o, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə
bilmədiyi yerlərə müntəzəm surətdə və ya zəruri saydığı istənilən halda baş çəkir.
1.3. Müvəkkil dövlət orqanlarının, bələdiyyələrin, publik hüquqi şəxslərin,
onların vəzifəli şəxslərinin (bundan sonra — informasiya sahibləri) «İnformasiya
əldə etmək haqqında» Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn
vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirir.
1.3-1. Müvəkkil «Əlilliyi olan şəxslərin hüquqları haqqında»
Konvensiyanın və «Uşaq hüquqları haqqında» Konvensiyanın həyata keçirilməsinin,
bərabərlik hüququnun təmin edilməsinin və ayrı-seçkiliyin qarşısının
alınmasının monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizminin
funksiyalarını həyata keçirir.
1.4. Müvəkkil fəaliyyət istiqamətlərinə uyğun olaraq yerli, regional və
beynəlxalq təşkilatlarla, habelə xarici ölkələrin insan hüquqları təsisatları
ilə əməkdaşlıq edə, bu məqsədlə müqavilələr bağlaya, beynəlxalq qurumlarda təmsil
oluna bilər.
1.5. Müvəkkilin
fəaliyyəti insan hüquqlarının müdafiəsini, pozulmuş insan hüquq və
azadlıqlarının bərpasını təmin edən digər dövlət orqanlarının səlahiyyətlərini
məhdudlaşdırmır və əvəz etmir.
1.6. Azərbaycan
Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin
deputatlarının və Azərbaycan Respublikası hakimlərinin fəaliyyətinin
yoxlanılması müvəkkilin səlahiyyətlərinə aid deyil.
1.7. Müvəkkil
əfv, vətəndaşlıq, siyasi sığınacaq verilməsi məsələlərinin həlli ilə bağlı Azərbaycan
Respublikası Prezidentinə təkliflər verə bilər.
1.8. Müvəkkil
Azərbaycan Respublikasının Milli Məclisinə insan hüquq və azadlıqlarının təmin
edilməsi məqsədilə qanunların qəbul edilməsinə, ləğv edilməsinə və ya
qanunlarda dəyişikliklər edilməsinə dair təkliflər verə bilər. Müvəkkil Azərbaycan
Respublikasının Milli Məclisinə amnistiya elan edilməsi barədə təklif verə bilər.
1.9. Müvəkkilin
məhkəmələrdə süründürməçilik, sənədlərin itirilməsi və vaxtında verilməməsi,
habelə məhkəmə qərarlarının icrasının gecikdirilməsi ilə əlaqədar insan
hüquqlarının pozulmasına dair şikayətlərə baxmaq hüququ vardır.
1.10. Müvəkkilin
fəaliyyəti aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət, qərəzsizlik prinsipləri əsasında
qurulur.
1.11. Müvəkkil insan hüquqları sahəsində dövlət proqramlarının, strategiyaların,
milli fəaliyyət planlarının və konsepsiyaların icrası prosesinin təhlilini
apara, rəy və təkliflərini müvafiq sahədə monitorinq və qiymətləndirməni həyata
keçirən quruma təqdim edə bilər.
Maddə 2. Müvəkkilin seçilməsi
2.1.
Müvəkkili Azərbaycan Respublikası Prezidentinin təqdim etdiyi üç namizəd
arasından Azərbaycan Respublikasının Milli Məclisi 83 səs çoxluğu ilə seçir.
2.2.
Azərbaycan Respublikasının Milli Məclisi müvəkkilin seçilməsi ilə bağlı qərarı
qəbul etmədikdə, Azərbaycan Respublikasının Prezidenti 15 gün müddətində digər
üç şəxsin namizədliyini Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir.
Maddə 3. Müvəkkilin namizədliyinə aid tələblər
3.1.
Yaşı 30-dan aşağı olmayan, ali təhsilli, insan hüquqlarının müdafiəsi sahəsində
təcrübəyə və yüksək əxlaqi keyfiyyətlərə malik olan Azərbaycan Respublikasının
vətəndaşı müvəkkil vəzifəsinə seçilə bilər.
3.2.
İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan,
qanunvericilik, icra və məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi,
pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə
məşğul olan, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır
və xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxs müvəkkil ola bilməz.
3.3.
Müvəkkil siyasi fəaliyyətlə məşğul ola və heç bir siyasi partiyanın üzvü ola
bilməz. Müvəkkil hər hansı qeyri-hökumət təşkilatının rəhbərliyində təmsil
oluna bilməz.
3.4.
Müvəkkil vəzifəsinə seçildiyi gündən 5 iş günü müddətində onun statusuna
uyğun olmayan fəaliyyəti dayandırmalıdır.
3.5.
Müvəkkil vəzifəyə seçildiyi gün Azərbaycan Respublikası Milli Məclisinin
iclasında and içir: «Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili
vəzifəsində səlahiyyətlərimi şərəf və ləyaqətlə yerinə yetirəcəyimə, Azərbaycan
Respublikası Konstitusiyasına və qanunlarına əməl edəcəyimə, müstəqil və qərəzsiz
fəaliyyət göstərəcəyimə and içirəm».
Maddə 4. Müvəkkilin səlahiyyət müddəti
4.1.
Müvəkkil 7 il müddətinə seçilir.
4.2. Eyni şəxs Müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz.
4.3. Müvəkkilin səlahiyyətlərinin bitməsinə 30 gün qalmış Azərbaycan
Respublikasının Prezidenti Azərbaycan Respublikasının Milli Məclisinə yeni Müvəkkilin
seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edir. Azərbaycan Respublikasının
Milli Məclisi 15 gün müddətində Müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul
edir.
Maddə 5. Müvəkkilin müstəqilliyinin təminatları
5.1.
Müvəkkil müstəqildir və yalnız Azərbaycan Respublikası Konstitusiyasına və
qanunlarına tabedir.
5.2.
Müvəkkilin müstəqilliyinə aşağıdakı təminatlar verilir:
5.2.1.
dəyişilməzliyi;
5.2.2.
toxunulmazlığı;
5.2.3.
dövlət orqanları, bələdiyyələr və digər qurumlar, onların vəzifəli şəxsləri
tərəfindən onun fəaliyyətinə müdaxilə edilməsinin yolverilməzliyi;
5.2.4.
maddi və sosial təminatlar.
5.3.
Fövqəladə və ya hərbi vəziyyətin, habelə epidemiya əleyhinə rejimin,
sanitariya-gigiyena və karantin rejimlərinin elan edilməsi müvəkkilin fəaliyyətini
dayandırmır və ya məhdudlaşdırmır.
Maddə 6. Müvəkkilin toxunulmazlığı
6.1.
Müvəkkil səlahiyyət müddəti ərzində toxunulmazdır.
6.2.
Müvəkkil səlahiyyət müddəti ərzində cinayət başında yaxalanma hallarından
başqa, cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula və ya saxlanıla bilməz,
onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz,
axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz. Müvəkkil cinayət
başında yaxalanarsa, onu tutan orqan bu barədə 24 saat müddətində Azərbaycan
Respublikası baş prokuroruna və Azərbaycan Respublikasının Milli Məclisinə xəbər
verməlidir.
6.3.
Müvəkkilin toxunulmazlığına yalnız Azərbaycan Respublikası baş prokurorunun təqdimatına
əsasən Azərbaycan Respublikası Milli Məclisinin 83 səs çoxluğu ilə qəbul
edilmiş qərarı ilə xitam verilə bilər.
6.4.
Müvəkkilin toxunulmazlığı həmçinin onun mənzilinə, xidməti otağına, nəqliyyat və
rabitə vasitələrinə, poçt-teleqraf və elektron yazışmalarına, şəxsi əmlakına
və sənədlərinə də şamil edilir.
6.5.
Müvəkkil işləmiş şəxs vəzifədən getdikdən sonra müvəkkil səlahiyyətlərini həyata
keçirdiyi dövrdəki fəaliyyətinə və söylədiyi fikirlərə görə toxunulmazdır. Bu
dövrdə törətdiyi cinayətlərə və məhkəmə qaydasında inzibati tənbeh tədbirləri nəzərdə
tutulmuş hüquq pozuntularına görə həmin şəxsin məsuliyyətə cəlb edilməsi bu
qanunun 6.3-cü maddəsində müəyyən olunmuş qaydada həyata keçirilir.
Maddə 7. Müvəkkilin səlahiyyətlərinə vaxtından əvvəl
xitam verilməsi
7.1.
Müvəkkilin səlahiyyətlərinə Azərbaycan Respublikası Milli Məclisinin təşəbbüsü
ilə və ya Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan
Respublikası Milli Məclisinin 83 səs çoxluğu ilə qəbul edilmiş qərarı ilə
aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:
7.1.1.
müvəkkilə aid tələblər pozulduqda;
7.1.2.
müvəkkil öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdikdə.
7.2.
Azərbaycan Respublikası Milli Məclisinin iclasında aşağıdakı hallar elan
edildikdə, Azərbaycan Respublikası Milli Məclisinin sədri öz sərəncamı ilə müvəkkilin
səlahiyyətlərinə vaxtından əvvəl xitam verir:
7.2.1.
müvəkkil vəfat etdikdə;
7.2.2.
müvəkkil barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü olduqda;
7.2.3.
müvəkkil vəzifəsindən könüllü yazılı istefa verdikdə.
7.3.
Müvəkkilin səlahiyyətlərinə vaxtından əvvəl xitam verildikdə, Azərbaycan
Respublikasının Prezidenti 30 gün müddətində Azərbaycan Respublikası Milli Məclisinə
yeni müvəkkilin seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edir. Azərbaycan
Respublikasının Milli Məclisi 15 gün müddətində müvəkkilin seçilməsi ilə bağlı
müvafiq qərar qəbul edir.
II fəsil. İnsan hüquqlarının pozulmasına dair şikayətlərə
baxılması, milli preventiv mexanizmin və müstəqil monitorinq mexanizminin
funksiyalarının həyata keçirilməsi
Maddə 8. İnsan hüquqlarının pozulmasına dair şikayətlərin
verilməsi qaydası
8.1.
Müvəkkil Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin, hüquqi şəxslərin (bundan sonra — ərizəçi) insan
hüquqlarının pozulmasına dair şikayətlərinə baxır.
8.2.
Şikayəti insan hüquqları pozulmuş şəxsin razılığı ilə üçüncü şəxslər, o cümlədən
qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar), media subyektləri,
həmkarlar ittifaqları, vətəndaşların təşəbbüs qrupları və bələdiyyələrin məhəllə
komitələri (bundan sonra — vətəndaş cəmiyyəti institutları) verə bilərlər.
İnsan hüquqları pozulmuş şəxsin razılığını almaq mümkün olmadıqda (həmin şəxs vəfat
etdikdə, fəaliyyət qabiliyyətini itirdikdə və s.), şikayəti üçüncü şəxslər və
ya vətəndaş cəmiyyəti institutları razılıq almadan da verə bilərlər.
8.3.
Dövlət orqanları müvəkkilə şikayət verə bilməzlər.
8.4.
Şikayət ərizəçinin hüquqlarının pozulduğu və ya ona bu barədə məlum olduğu gündən
bir il müddətində verilə bilər.
8.5.
Cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında, müvəqqəti saxlama
yerlərində, qarnizon hauptvaxtlarında, qanunsuz miqrantların saxlanılması mərkəzlərində,
habelə saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi digər yerlərdə, o
cümlədən müvafiq tibb və təhsil müəssisələrində (bundan sonra — şəxslərin öz
iradəsi ilə tərk edə bilmədiyi yerlər) saxlanılan şəxslər tərəfindən
ünvanlanmış şikayətlər senzuradan keçirilmədən 24 saat müddətində müvəkkilə
göndərilməlidir.
Maddə 9. İnsan hüquqlarının pozulmasına dair şikayətin
məzmunu
9.1.
İnsan hüquqlarının pozulmasına dair şikayətdə ərizəçinin adı, atasının adı,
soyadı, ünvanı göstərilməli, eləcə də ərizəçinin hüquqlarını pozmuş qərar və ya
hərəkətin (hərəkətsizliyin) mahiyyəti, şikayətin tərtib edilmə yeri, vaxtı və ərizəçinin
imzası olmalıdır. Şikayətlə bağlı başqa materiallar və ya məhkəmə tərəfindən
çıxarılmış qərar olduqda, şikayətə əlavə edilə bilər.
9.2.
Şikayətdə ərizəçinin adı, atasının adı, soyadı, ünvanı və imzası (hüquqi şəxslərə
münasibətdə hüquqi şəxsin adı və hüquqi ünvanı, onun rəhbərinin imzası)
olmadıqda müraciət anonim hesab edilir və həmin şikayətlərə, bu qanunun
9.3-cü maddəsində göstərilən hallar istisna olmaqla, baxılmır.
9.3.
Anonim şikayətdə göstərilən hallar kifayət qədər sübutlu və əsaslı faktlarla təsdiq
edilirsə, həmin şikayətlər müvəkkil tərəfindən baxılmaq üçün qəbul edilir.
9.4.
Şikayət şifahi verildikdə müvəkkil aparatının işçisi şikayətin məzmununu xüsusi
blankda qeyd edir və ərizəçi həmin vərəqi imzalayır.
9.5.
Ərizəçinin xahişi ilə müvəkkil onun barəsində məlumatları gizli saxlamalıdır.
Maddə 10. İnsan hüquqlarının pozulmasına dair şikayətlə
bağlı qərarın qəbul edilməsi
10.1.
Ərizəçi tərəfindən insan hüquqlarının pozulmasına dair şikayət daxil olduqda,
müvəkkil aşağıdakı qərarlardan birini qəbul edir:
10.1.1.
şikayət baxılmaq üçün qəbul edilsin;
10.1.2.
şikayətə baxılmasından imtina edilsin.
10.2.
Müvəkkil şikayətə baxılmasından imtina etdiyi halda ərizəçiyə 10 iş günü
müddətində yazılı şəkildə əsaslandırılmış cavab verir.
Maddə 11. İnsan hüquqlarının pozulmasına dair şikayətə
baxılmasından imtina edilməsi üçün əsaslar
11.1.
Müvəkkil aşağıdakı hallarda şikayətə baxmır:
11.1.1.
bu qanunun 8.4-cü maddəsinin tələbləri pozulduqda;
11.1.2.
şikayət müvəkkilin səlahiyyətlərinə aid olmadıqda;
11.1.3.
bu qanunun 9.3-cü maddəsində göstərilən hallar istisna olmaqla, şikayət anonim
olduqda;
11.1.4.
şikayətlə bağlı məhkəmə icraatı getdikdə;
11.1.5.
təkrar təqdim edilmiş şikayətdə yeni məlumatlar, faktlar və sübutlar olmadıqda.
Maddə 12. İnsan hüquqlarının pozulmasına dair şikayətə
baxılması və milli preventiv mexanizmin funksiyalarının həyata keçirilməsi
qaydası
12.1.
Müvəkkil insan hüquqlarının pozulmasına dair şikayətdə əks etdirilmiş halların
araşdırılması zamanı barəsində şikayət verilən dövlət orqanının, bələdiyyənin
və digər qurumun və ya vəzifəli şəxsin həmin şikayətlə bağlı mülahizələrini
öyrənməlidir. 10 iş günü müddətində mülahizə müvəkkilə təqdim edilməlidir.
12.2.
İnsan hüquqlarının pozulmasına dair şikayətdə əks etdirilmiş halların
araşdırılması və milli preventiv mexanizmin funksiyalarının həyata keçirilməsi
zamanı müvəkkilin aşağıdakı hüquqları vardır:
12.2.1. istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən dövlət
orqanlarına, bələdiyyələrə və digər qurumlara, hərbi hissələrə, polis
orqanlarına, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə
daxil olmaq; saxlanılan və ya əvvəllər saxlanılmış şəxslərlə, habelə müvafiq məlumatı
verə biləcək istənilən digər şəxslə təkbətək və ya zəruri saydığı halda mütəxəssisin
və ya tərcüməçinin iştirakı ilə görüşmək və söhbət etmək; saxlanılan şəxslərin
saxlanılmasının qanuniliyini təsdiq edən, eləcə də həmin şəxslərlə rəftara və
onların saxlanma şəraitinə aid olan bütün sənədlərlə tanış olmaq və surətlərini
almaq; akt tərtib etmək, həyata keçirdiyi tədbirlərin gedişini və nəticələrini
protokollaşdırmaq; texniki vasitələrdən istifadə etməklə foto, audio və video
qeydiyyatını aparmaq; səlahiyyətli dövlət orqanlarına müvafiq tövsiyələr vermək
və həmin tövsiyələrə müəyyən edilmiş müddətdə cavablar almaq;
12.2.2.
dövlət orqanlarından, bələdiyyələrdən və digər qurumlardan, onların vəzifəli
şəxslərindən zəruri məlumat, sənəd və materialları 10 iş günü müddətində
almaq;
12.2.3.
cinayət, mülki və inzibati işlərə dair qanuni qüvvəyə minmiş qərarlarla, həmçinin
cinayət işlərinin başlanmasının rədd edilməsi barədə materiallarla tanış olmaq;
12.2.4.
şikayətin araşdırılması zamanı vəzifəli şəxslərdən yazılı arayışlar almaq;
12.2.5.
şikayətdə əks etdirilmiş halların yoxlanılması üçün müvafiq orqanlara tapşırıq
vermək (yoxlama, qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) şikayət
edilən dövlət orqanına, bələdiyyəyə və digər quruma və ya vəzifəli şəxsə
tapşırıla bilməz);
12.2.6.
müvafiq dövlət orqanları və təşkilatlarına ekspert rəyinin hazırlanmasını
tapşırmaq;
12.2.7. dövlət orqanlarının, bələdiyyələrin və digər qurumların rəhbərləri
və digər vəzifəli şəxsləri, hərbi hissələrin komandirləri, polis orqanlarının,
saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərin rəhbərliyi tərəfindən
təxirə salınmadan qəbul edilmək;
12.2.8. şikayət üzrə yerində araşdırma aparmaq və nəticələrini sənədləşdirmək;
12.2.9. bu Konstitusiya Qanununun II fəsli ilə müəyyən edilmiş qaydada
şikayətlərə baxılması, milli preventiv mexanizmin və müstəqil monitorinq
mexanizminin funksiyalarının həyata keçirilməsi zamanı hüquq pozuntularının
qarşısının alınması və aşkar edilmiş pozuntuların aradan qaldırılması məqsədilə
dövlət orqanlarının, bələdiyyələrin və digər qurumların nümayəndələrini dəvət
etməklə tədbirlər görmək.
12.3. Müvəkkilə məlumat verilməsinə görə hər hansı şəxsə və ya təşkilata
təzyiq göstərilməsi, yaxud şəxsin və ya təşkilatın təqib edilməsi yolverilməzdir.
12.4. İnsan
hüquqları pozulmuş şəxsin razılığı ilə xüsusi ictimai əhəmiyyət kəsb edən
hallarda və ya öz hüquqlarını müstəqil şəkildə müdafiə etmək qabiliyyəti
olmayan şəxslərin maraqlarına toxunulduğu hallarda müvəkkil öz təşəbbüsü ilə
araşdırma aparır.
12.5.
Araşdırma zamanı şikayətdə qeyd olunmayan digər hallar aşkar edilərsə,
araşdırma müvəkkilin səlahiyyətlərinə aid olduqda onun tərəfindən aparılır,
onun səlahiyyətlərinə aid olmadıqda isə materiallar digər səlahiyyətli dövlət
orqanlarına göndərilir.
12.6. Şikayətə
30 gün müddətində baxılır. Şikayətə baxmaq üçün əlavə yoxlama aparmaq və ya
material tələb etmək zərurəti yarandıqda müraciətə baxılma müddəti 30 günədək
uzadılır. Şikayətçinin yazılı müraciəti ilə əlavə yoxlama aparmaq lazım
gəldiyi halda şikayətə baxılma müddəti 30 günədək uzadılır.
Maddə 13. İnsan hüquqlarının pozulmasına dair şikayətə
baxılmanın nəticələri
13.1.
Müvəkkil şikayətə baxılması ilə bağlı görülmüş tədbirlər və nəticələr barədə 10
iş günü müddətində ərizəçiyə yazılı surətdə məlumat verir.
13.2.
Müvəkkil şikayətin araşdırılması zamanı insan hüquqlarının pozulması hallarını
aşkar etdikdə, aşağıdakı tədbirləri həyata keçirir:
13.2.1.
qərar və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində insan hüquqlarını pozmuş dövlət
orqanlarından, bələdiyyələrdən və digər qurumlardan, onların vəzifəli şəxslərindən
həmin hüquqların bərpasını tələb etmək (müvafiq dövlət orqanları, bələdiyyələr
və digər qurumlar, vəzifəli şəxslər 10 iş günü müddətində müvəkkilə
görülən tədbirlər barədə yazılı surətdə məlumat verməlidirlər. Məlumat verilmədiyi
və ya müvəkkilin tələbləri həyata keçirilmədiyi hallarda müvəkkil həmin təşkilatın
yuxarı orqanına və ya digər dövlət orqanlarına müraciət edir);
13.2.2.
cinayət əlamətləri aşkar edildikdə müvafiq orqanlara cinayət işinin başlanması
barədə müraciət etmək;
13.2.3.
əlavə kassasiya qaydasında şikayət etmək hüququna malik olan subyektlərə müraciət
etmək;
13.2.4.
qərar və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində insan hüquqlarını pozmuş vəzifəli
şəxslərin intizam məsuliyyətinə cəlb edilməsi barədə müvafiq dövlət
orqanlarına, bələdiyyələrə və digər qurumlara təkliflər vermək;
13.2.5.
insan hüquqlarının pozulması ilə əlaqədar aparılmış yoxlamaların nəticələri ilə
kütləvi informasiya vasitələrini tanış etmək;
13.2.6.
insan hüquqlarının pozulması xüsusi ictimai əhəmiyyət kəsb edən hallarda
onların bərpası üçün müvəkkilin səlahiyyətlərində olan təsir imkanları kifayət
etmədikdə, Azərbaycan Respublikasının Prezidentinə müraciət etmək, Azərbaycan
Respublikasının Milli Məclisi qarşısında məruzə ilə çıxış etmək;
13.2.7.
dövlət orqanının, bələdiyyənin və digər qurumun, vəzifəli şəxsin qərarı
və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində pozulmuş hüquqların bərpası üçün məhkəməyə
müraciət etmək;
13.2.8.
şəxsin hüquqları qüvvədə olan normativ aktlarla pozulduqda Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət etmək.
Maddə 13-1. İnformasiya əldə etmək hüququnun
pozulmasına dair şikayətə baxılmasının xüsusiyyətləri
13-1.1. Müvəkkil informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətdə
əks olunmuş halları 10 iş günü ərzində araşdırır. Əgər şikayət dəqiqləşdirmə tələb
edirsə və ya şikayəti araşdırmaq üçün əlavə izahat və sənədlər toplamaq
lazımdırsa, Müvəkkil bu barədə şikayətçiyə yazılı məlumat verməklə şikayətə
baxılması müddətini əlavə olaraq 10 iş gününə qədər uzadır.
13-1.2. Müvəkkil aşağıdakı hallarda şikayətə baxmır:
13-1.2.1. şikayət konkret informasiya sahibinin fəaliyyəti barəsində
olmadıqda;
13-1.2.2. həmin iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;
13-1.2.3. ərizəçi informasiya sahibinin informasiya əldə etmək üçün
yaratdığı imkanlardan kifayət qədər səmərəli istifadə etmədikdə.
13-1.3. Müvəkkil informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətdə
əks olunmuş halların araşdırılması zamanı informasiya sahibi olan dövlət
orqanı, yerli özünüidarə orqanı və ya vəzifəli şəxs tərəfindən «İnformasiya
əldə etmək haqqında» Azərbaycan Respublikası Qanununun aşağıdakı tələblərinə
riayət edilib-edilmədiyini aydınlaşdırır:
13-1.3.1. informasiya əldə etmək üçün müraciətin (bundan sonra –
informasiya sorğusunun) qeydiyyata alınması;
13-1.3.2. informasiya sorğusunun qanunla nəzərdə tutulmuş qaydada, müddətdə
və üsulla təmin edilməsi;
13-1.3.3. informasiya sorğusunun icrasından imtinanın qanunun tələblərinə
uyğun olması;
13-1.3.4. ictimai informasiyanın açıqlanması vəzifəsinin dəqiq və tam həcmdə
yerinə yetirilməsi;
13-1.3.5. İnternet informasiya ehtiyatının yaradılmasının qanunun tələblərinə
cavab verməsi;
13-1.3.6. informasiyanın əldə olunmasına qoyulan məhdudiyyətin qanunla nəzərdə
tutulmuş qaydada müəyyənləşdirilməsi.
13-1.4. Müvəkkil informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətlə
bağlı informasiya sahibindən pozuntuların aradan qaldırılmasını tələb edir.
13-1.5. Müvəkkilin göstərişini aldıqdan sonra informasiya sahibi olan
dövlət orqanı, yerli özünüidarə orqanı və ya vəzifəli şəxs Müvəkkilə 10 iş
günü müddətində görülən tədbirlər barəsində yazılı məlumat verməlidir. Məlumat
verilmədiyi və ya Müvəkkilin tələbləri yerinə yetirilmədiyi hallarda Müvəkkil
müvafiq yuxarı orqana müraciət edir.
13-1.6. Müvəkkil informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətə
baxarkən informasiya sahiblərindən zəruri məlumatları (sənədləri, materialları)
və ya onların surətlərini tələb edə bilər. Həmin məlumatlar (sənədlər,
materiallar) 5 iş günü müddətində Müvəkkilə təqdim edilməlidir.
Maddə 13-2. Milli preventiv qrup
13-2.1. Bu Konstitusiya Qanununun 1.2-ci maddəsində nəzərdə tutulmuş
milli preventiv mexanizmin funksiyalarının həyata keçirilməsi məqsədilə Müvəkkilin
aparatında Milli preventiv qrup yaradılır. Yaşı 25-dən aşağı olmayan, ali təhsilli,
insan hüquqlarının müdafiəsi sahəsində təcrübəyə və yüksək əxlaqi keyfiyyətlərə
malik olan şəxslər Milli preventiv qrupun üzvü təyin olunurlar. Milli preventiv
qrupun üzvləri Müvəkkil tərəfindən 3 il müddətinə şəffaf prosedurlar əsasında təyin
olunurlar.
13-2.2. İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi
olan, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır və
xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxs Milli preventiv qrupun üzvü
təyin oluna bilməz.
13-2.3. Milli preventiv qrup aşağıdakı hüquqlara malikdir:
13-2.3.1. istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən
polis orqanlarına, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə
daxil olmaq, saxlanılan şəxslərlə, habelə müvafiq məlumatı verə biləcək istənilən
digər şəxslə təkbətək və ya mütəxəssisin və ya tərcüməçinin iştirakı ilə görüşmək
və söhbət etmək, saxlanılan və ya əvvəllər saxlanılmış şəxslərin
saxlanılmasının qanuniliyini təsdiq edən, eləcə də həmin şəxslərlə rəftara və
onların saxlanma şəraitinə aid olan bütün sənədlərlə tanış olmaq və surətlərini
almaq, akt tərtib etmək, həyata keçirdiyi tədbirlərin gedişini və nəticələrini
protokollaşdırmaq, texniki vasitələrdən istifadə etməklə foto, audio və video
qeydiyyatını aparmaq;
13-2.3.2. polis orqanlarının, saxlanılan şəxslərin öz iradəsi ilə tərk
edə bilmədiyi yerlərin rəhbərliyi tərəfindən təxirə salınmadan qəbul edilmək;
13-2.3.3. milli preventiv mexanizmin funksiyalarının həyata keçirilməsi
zamanı hüquq pozuntularının qarşısının alınması və aşkar edilmiş pozuntuların
aradan qaldırılması məqsədilə dövlət orqanlarının, bələdiyyələrin və digər
qurumların nümayəndələrini dəvət etməklə tədbirlər görmək.
13-2.4. Milli preventiv qrupun üzvü öz funksiyalarını həyata keçirməsi ilə
əlaqədar ona məlum olmuş faktlar barəsində ifadə verməyə və ya hər hansı digər
üsulla bu faktları açıqlamağa məcbur edilə bilməz. Bu təminat Milli preventiv
qrupun üzvü qrupun tərkibindən çıxdıqdan sonra da qüvvədə qalır.
13-2.5. Milli preventiv qrupun üzvü saxlanılan şəxslərin öz iradəsi ilə
tərk edə bilmədiyi yerlərdə öz funksiyalarını həyata keçirərkən tutula və ya
saxlanıla bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz. Milli
preventiv qrupun üzvünün poçt, teleqraf və digər göndərişlərinin, habelə
elektron yazışmalarının üzərinə həbs qoyulmasına, onların yoxlanılmasına və ya
götürülməsinə yol verilmir.
Maddə 13-3. Müstəqil monitorinq mexanizminin
funksiyalarının həyata keçirilməsinin xüsusiyyətləri
13-3.1. Müvəkkil insan hüquq və azadlıqlarının təşviqi, müdafiəsi və təmini
vəziyyətinin monitorinqi, pozuntu hallarının qarşısının alınması məqsədilə bu
Konstitusiya Qanununun 1.3-1-ci maddəsinə uyğun olaraq müstəqil monitorinq
mexanizminin funksiyalarını həyata keçirir.
13-3.2. Müstəqil monitorinq mexanizminin funksiyalarının həyata keçirilməsi
məqsədilə Müvəkkilin aparatında monitorinq qrupları yaradılır. Monitorinq
qruplarının üzvləri bu Konstitusiya Qanununun 13-2.1-ci maddəsində nəzərdə
tutulmuş qaydada təyin olunurlar.
13-3.3. Müstəqil monitorinq mexanizmi funksiyalarını həyata keçirən
zaman Müvəkkilin və monitorinq qrupunun aşağıdakı hüquqları vardır:
13-3.3.1. dövlət orqanlarında, bələdiyyələrdə və digər qurumlarda
monitorinqlər həyata keçirmək, zəruri məlumatlarla (sənədlərlə, materiallarla)
yerində tanış olmaq və surətlərini almaq;
13-3.3.2 dövlət orqanlarından, bələdiyyələrdən və digər qurumlardan,
onların vəzifəli şəxslərindən zəruri məlumatları (sənədləri, materialları) və
ya onların surətlərini tələb etmək və 5 iş günü müddətində almaq;
13-3.3.3. həyata keçirilən monitorinqin nəticələrini sənədləşdirmək;
13-3.3.4. dövlət orqanlarına, bələdiyyələrə və digər qurumlara, onların
vəzifəli şəxslərinə monitorinqin nəticələri ilə əlaqədar tövsiyələr vermək;
13-3.3.5. vətəndaş cəmiyyəti institutlarını, müstəqil ekspertləri və mütəxəssisləri
monitorinq qruplarının fəaliyyətinə cəlb etmək.
13-3.4. Müstəqil monitorinq mexanizminin funksiyalarının həyata keçirilməsi
zamanı aşkar edilmiş insan hüquqlarının pozulması faktlarına bu Konstitusiya Qanununun
12-ci, 13-cü, 13-1-ci və 15-ci maddələri ilə müəyyən edilmiş qaydada baxılır.
Maddə 14. Müvəkkilin illik məruzəsi
14.1.
Cari il bitdikdən sonra 2 aydan gec olmayaraq müvəkkil ölkədə insan
hüquqlarının qorunması haqqında Azərbaycan Respublikası Prezidentinə illik məruzəni
təqdim edir və həmin məruzə ilə Azərbaycan Respublikası Milli Məclisi
qarşısında çıxış edir.
14.2.
İllik məruzədə insan hüquqlarını pozan müvəkkilin tələbləri ilə hesablaşmayan dövlət
orqanlarının, bələdiyyələrin və digər qurumların, vəzifəli şəxslərin adları
çəkilir və bununla əlaqədar görülmüş tədbirlər barədə məlumat verilir.
14.3.
Müvəkkilin illik məruzəsində insan hüquqlarının təmin edilməsi ilə əlaqədar
ümumi fikir, rəy və tövsiyələr öz əksini tapmalıdır.
14.4.
İllik məruzə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinə
və Azərbaycan Respublikasının baş prokuroruna göndərilir.
14.5.
Məruzə «Azərbaycan» qəzetində və «Azərbaycan Respublikasının qanunvericilik
toplusu»nda dərc olunur.
Maddə 15. Müvəkkilin fəaliyyətində konfidensiallığın təmin
olunması
15.1. Müvəkkilin fəaliyyəti ilə əlaqədar ona, milli preventiv qrupun və
müstəqil monitorinq qrupunun üzvlərinə, Müvəkkilin aparatının və regional mərkəzlərinin
işçilərinə məlum olan dövlət sirri təşkil edən məlumatların, istintaq, məhkəmə,
vergi, bank və kommersiya sirlərinin, eləcə də qanunla əldə olunmasına məhdudiyyət
qoyulan digər məlumatların mühafizəsi bu sahədə münasibətləri tənzimləyən Azərbaycan
Respublikasının qanunları ilə müəyyən olunmuş qaydada həyata keçirilir.
15.2.
Şikayətdə əks etdirilmiş halların müvəkkil tərəfindən araşdırılması zamanı ərizəçilərin
şəxsi və ailə həyatı barədə bəlli olmuş məlumatların yayılmasına onların
razılığı olmadan yol verilmir.
III fəsil. Müvəkkilin fəaliyyətinin təşkili və təminatları
Maddə 16. Müvəkkilin sosial, maliyyə və digər təminatları
16.1. Müvəkkil 3060 manat məbləğində aylıq vəzifə maaşı alır.
16.1-1. Müvəkkilə aylıq vəzifə maaşının 1,65 misli həcmində vəzifə
maaşına əlavə ödənilir.
16.2.
Müvəkkil hərbi çağırışdan və hərbi toplantıdan azad edilir.
16.3.
Müvəkkilə səlahiyyət müddəti ərzində diplomatik pasport verilir.
16.4.
Müvəkkilə Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məzuniyyət
verilir.
16.5.
Müvəkkilin səlahiyyət müddəti onun ümumi, xüsusi və fasiləsiz iş stajına daxil
edilir.
16.6. Müvəkkil məzuniyyətə çıxdığı vaxt onun müalicə olunması və istirahət
etməsi üçün iki aylıq əmək haqqı məbləğində ona pul təminatı verilir.
16.6-1. Müvəkkil 5 illik vəzifə maaşı məbləğində icbari sığorta edilir.
16.7. Müvəkkilin, sabiq müvəkkilin və onun ailə üzvlərinin pensiya təminatı
«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata
keçirilir.
Maddə 17. Müvəkkilin aparatı və regional mərkəzləri
17.1.
Müvəkkilin fəaliyyətinin hüquqi, təşkilati, elmi-analitik, informasiya,
maddi-texniki, maliyyə və təsərrüfat təminatının həyata keçirilməsi üçün onun
aparatı yaradılır. Yerlərdə Müvəkkilin regional mərkəzləri yaradıla bilər.
17.2.
Müvəkkilin aparatı üzərində Azərbaycan Respublikasının Dövlət gerbi təsvir
olunmuş möhür və blanklara malikdir.
17.3.
Müvəkkilin aparatı və regional mərkəzlər müvəkkil tərəfindən təsdiq
olunan «Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin aparatı və
regional mərkəzləri haqqında» Əsasnaməyə uyğun fəaliyyət göstərir.
17.4.
Müvəkkilin aparatının və regional mərkəzlərinin strukturu, ştat cədvəli
və smeta xərcləri müvəkkil tərəfindən müəyyən edilir.
Maddə 18. Müvəkkil aparatının və regional mərkəzlərinin
işçilərinin hüquq və vəzifələri
18.1.
Müvəkkilin aparatının və regional mərkəzlərinin işçilərini müvəkkil işə
götürür və işdən azad edir.
18.2.
Müvəkkil aparatının və regional mərkəzlərinin işçilərinin hüquqları, vəzifələri
və məsuliyyəti Azərbaycan Respublikasının Əmək Məcəlləsi, «Dövlət qulluğu
haqqında» Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının digər
qanunvericilik aktları ilə müəyyən edilir.
Maddə 18-1. Milli preventiv qrup
18-1.1. Bu Konstitusiya Qanununun 1.2-ci maddəsində nəzərdə tutulmuş
milli preventiv mexanizmin funksiyalarının həyata keçirilməsi məqsədi ilə Müvəkkilin
aparatında Milli preventiv qrup yaradılır. Yaşı 25-dən aşağı olmayan, ali təhsilli,
insan hüquqlarının müdafiəsi sahəsində təcrübəyə və yüksək əxlaqi keyfiyyətlərə
malik olan şəxs Milli preventiv qrupun üzvü təyin olunur. Milli preventiv
qrupun üzvləri Müvəkkil tərəfindən 3 il müddətinə şəffaf prosedurlar əsasında təyin
olunurlar.
18-1.2. Milli preventiv qrupun aşağıdakı hüquqları vardır:
18-1.2.1. istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən
polis bölmələrinə, müvəqqəti saxlama yerlərinə, istintaq təcridxanalarına, cəzaçəkmə
müəssisələrinə, qarnizon hauptvaxtlarına, psixiatriya müəssisələrinə, qanunsuz
miqrantların saxlanılması mərkəzlərinə və saxlanılan şəxslərin öz iradəsi ilə tərk
edə bilmədiyi digər yerlərə daxil olmaq; saxlanılan şəxslərlə, habelə müvafiq məlumatı
verə biləcək istənilən digər şəxslə təkbətək və ya zəruri hesab etdiyi halda
mütəxəssisin və ya tərcüməçinin iştirakı ilə görüşmək və söhbət etmək;
saxlanılan şəxslərin saxlanılmasının qanuniliyini təsdiq edən, eləcə də həmin şəxslərlə
rəftara və onların saxlanma şəraitinə aid olan bütün sənədlərlə tanış olmaq və
surətlərini almaq; akt tərtib etmək, həyata keçirdiyi tədbirlərin gedişini və nəticələrini
protokollaşdırmaq;
18-1.2.2. polis bölmələrinin, müvəqqəti saxlama yerlərinin, istintaq təcridxanalarının,
cəzaçəkmə müəssisələrinin, qarnizon hauptvaxtlarının, psixiatriya müəssisələrinin,
qanunsuz miqrantların saxlanılması mərkəzlərinin və saxlanılan şəxslərin öz
iradəsi ilə tərk edə bilmədiyi digər yerlərin rəhbərliyi tərəfindən təxirə
salınmadan qəbul edilmək.
18-1.3. Milli preventiv qrupun üzvü öz funksiyalarını həyata keçirməsi
ilə əlaqədar ona məlum olmuş faktlar barəsində ifadə verməyə və ya hər hansı
digər üsulla bu faktları açıqlamağa məcbur edilə bilməz. Bu təminat Milli
preventiv qrupun üzvü qrupun tərkibindən çıxdıqdan sonra da qüvvədə qalır.
18-1.4. Milli preventiv qrupun üzvü saxlanılan şəxslərin öz iradəsi ilə
tərk edə bilmədiyi yerlərdə öz funksiyalarını həyata keçirərkən tutula və ya
saxlanıla bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz. Milli
preventiv qrupun üzvünün poçt, teleqraf və digər göndərişlərinin üzərinə həbs
qoyulmasına, onların yoxlanılmasına və ya götürülməsinə yol verilmir.
Maddə 19. Müvəkkilin fəaliyyətinin maliyyələşdirilməsi
19.1.
Müvəkkilin və onun aparatının, onun aparatının və regional mərkəzlərinin
fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına maliyyələşdirilir.
19.2. Müvəkkilin fəaliyyətinin maliyyələşdirilməsi üçün ayrılan illik vəsaitin
tərkibində cari xərclərin məbləği əvvəlki maliyyə ilində bu məqsəd üçün nəzərdə
tutulmuş məbləğdən az ola bilməz.
Maddə 20. Müvəkkilin, milli preventiv qrupun və müstəqil
monitorinq qruplarının qanuni fəaliyyətinə maneə törədilməsinə görə məsuliyyət
Müvəkkilin, milli preventiv qrupun və müstəqil monitorinq qruplarının
qanuni fəaliyyətinin məhdudlaşdırılması və ya fəaliyyətinə müdaxilə qanunla müəyyən
edilmiş məsuliyyətə səbəb olur.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 28 dekabr 2001-ci il
№ 246-IIKQ
«Azərbaycan» qəzetində dərc edilmişdir (6 mart 2002-ci il, № 53)
(«LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir
(31 mart 2002-ci il, № 3, maddə 115) («LegalActs» LLC).
1 sentyabr 2004-cü il tarixli, 722-IIKQD nömrəli; 3 mart 2006-cı il
tarixli, 71-IIIKQD nömrəli; 2 oktyabr 2006-cı il tarixli, 128-IIIKQD nömrəli;
19 oktyabr 2007-ci il tarixli, 431-IIIKQD nömrəli; 19 iyun 2009-cu il tarixli,
832-IIIKQD nömrəli; 26 noyabr 2009-cu il tarixli, 912-IIIKQD nömrəli; 6 may
2011-ci il tarixli, 102-IVKQD nömrəli; 24 iyun 2011-ci il tarixli, 163-IVKQD
nömrəli; 27 iyun 2014-cü il tarixli, 1011-IVKQD nömrəli; 15 aprel 2016-cı il
tarixli, 201-VKQD nömrəli; 1 oktyabr 2018-ci il tarixli, 1233-VKQD nömrəli; 27
noyabr 2018-ci il tarixli, 1335-VKQD nömrəli; 13 mart 2020-ci il tarixli,
9-VIKQD nömrəli; 30 dekabr 2022-ci il tarixli 778-VIKQD nömrəli (2023-cü il
yanvarın 1-dən qüvvəyə minir); 9 iyun 2023-cü il tarixli 900-VIKQD nömrəli
Qanunlara əsasən dəyişikliklərlə.