Qanunvericilik

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu

 

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında

Azərbaycan Respublikasının Konstitusiya Qanunu


I fəsil. Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) fəaliyyətinin və təyin edilməsinin əsasları

Maddə 1. İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) fəaliyyətinin əsasları

1.1. Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) vəzifəsi (bundan sonra — Müvəkkil) Azərbaycan Respublikası Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş və Azərbaycan Respublikasının dövlət orqanları, bələdiyyələr, habelə dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər (o cümlədən publik hüquqi şəxslər) və büdcə təşkilatları (bundan sonra — dövlət orqanları, bələdiyyələr və digər qurumlar), onların vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi və bu Konstitusiya Qanunu ilə müəyyən edilmiş hallarda insan hüquqları pozuntularının qarşısının alınması üçün təsis edilir.

1.2. Müvəkkil «İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya»nın Fakültativ Protokolunda nəzərdə tutulmuş milli preventiv mexanizmin funksiyalarını həyata keçirir. İşgəncənin və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısını almaq məqsədi ilə o, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə müntəzəm surətdə və ya zəruri saydığı istənilən halda baş çəkir.

1.3. Müvəkkil dövlət orqanlarının, bələdiyyələrin, publik hüquqi şəxslərin, onların vəzifəli şəxslərinin (bundan sonra — informasiya sahibləri) «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirir.

1.3-1. Müvəkkil «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Konvensiyanın və «Uşaq hüquqları haqqında» Konvensiyanın həyata keçirilməsinin, bərabərlik hüququnun təmin edilməsinin və ayrı-seçkiliyin qarşısının alınmasının monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarını həyata keçirir.

1.4. Müvəkkil fəaliyyət istiqamətlərinə uyğun olaraq yerli, regional və beynəlxalq təşkilatlarla, habelə xarici ölkələrin insan hüquqları təsisatları ilə əməkdaşlıq edə, bu məqsədlə müqavilələr bağlaya, beynəlxalq qurumlarda təmsil oluna bilər.

1.5. Müvəkkilin fəaliyyəti insan hüquqlarının müdafiəsini, pozulmuş insan hüquq və azadlıqlarının bərpasını təmin edən digər dövlət orqanlarının səlahiyyətlərini məhdudlaşdırmır və əvəz etmir.

1.6. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının və Azərbaycan Respublikası hakimlərinin fəaliyyətinin yoxlanılması müvəkkilin səlahiyyətlərinə aid deyil.

1.7. Müvəkkil əfv, vətəndaşlıq, siyasi sığınacaq verilməsi məsələlərinin həlli ilə bağlı Azərbaycan Respublikası Prezidentinə təkliflər verə bilər.

1.8. Müvəkkil Azərbaycan Respublikasının Milli Məclisinə insan hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə qanunların qəbul edilməsinə, ləğv edilməsinə və ya qanunlarda dəyişikliklər edilməsinə dair təkliflər verə bilər. Müvəkkil Azərbaycan Respublikasının Milli Məclisinə amnistiya elan edilməsi barədə təklif verə bilər.

1.9. Müvəkkilin məhkəmələrdə süründürməçilik, sənədlərin itirilməsi və vaxtında verilməməsi, habelə məhkəmə qərarlarının icrasının gecikdirilməsi ilə əlaqədar insan hüquqlarının pozulmasına dair şikayətlərə baxmaq hüququ vardır.

1.10. Müvəkkilin fəaliyyəti aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət, qərəzsizlik prinsipləri əsasında qurulur.

1.11. Müvəkkil insan hüquqları sahəsində dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının və konsepsiyaların icrası prosesinin təhlilini apara, rəy və təkliflərini müvafiq sahədə monitorinq və qiymətləndirməni həyata keçirən quruma təqdim edə bilər.

Maddə 2. Müvəkkilin seçilməsi

2.1. Müvəkkili Azərbaycan Respublikası Prezidentinin təqdim etdiyi üç namizəd arasından Azərbaycan Respublikasının Milli Məclisi 83 səs çoxluğu ilə seçir.

2.2. Azərbaycan Respublikasının Milli Məclisi müvəkkilin seçilməsi ilə bağlı qərarı qəbul etmədikdə, Azərbaycan Respublikasının Prezidenti 15 gün müddətində digər üç şəxsin namizədliyini Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir.

Maddə 3. Müvəkkilin namizədliyinə aid tələblər

3.1. Yaşı 30-dan aşağı olmayan, ali təhsilli, insan hüquqlarının müdafiəsi sahəsində təcrübəyə və yüksək əxlaqi keyfiyyətlərə malik olan Azərbaycan Respublikasının vətəndaşı müvəkkil vəzifəsinə seçilə bilər.

3.2. İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, qanunvericilik, icra və məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxs müvəkkil ola bilməz.

3.3. Müvəkkil siyasi fəaliyyətlə məşğul ola və heç bir siyasi partiyanın üzvü ola bilməz. Müvəkkil hər hansı qeyri-hökumət təşkilatının rəhbərliyində təmsil oluna bilməz.

3.4. Müvəkkil vəzifəsinə seçildiyi gündən 5 iş günü müddətində onun statusuna uyğun olmayan fəaliyyəti dayandırmalıdır.

3.5. Müvəkkil vəzifəyə seçildiyi gün Azərbaycan Respublikası Milli Məclisinin iclasında and içir: «Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili vəzifəsində səlahiyyətlərimi şərəf və ləyaqətlə yerinə yetirəcəyimə, Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edəcəyimə, müstəqil və qərəzsiz fəaliyyət göstərəcəyimə and içirəm».

Maddə 4. Müvəkkilin səlahiyyət müddəti

4.1. Müvəkkil 7 il müddətinə seçilir.

4.2. Eyni şəxs Müvəkkil vəzifəsinə iki dəfədən artıq seçilə bilməz.

4.3. Müvəkkilin səlahiyyətlərinin bitməsinə 30 gün qalmış Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Milli Məclisinə yeni Müvəkkilin seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edir. Azərbaycan Respublikasının Milli Məclisi 15 gün müddətində Müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul edir.

Maddə 5. Müvəkkilin müstəqilliyinin təminatları

5.1. Müvəkkil müstəqildir və yalnız Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına tabedir.

5.2. Müvəkkilin müstəqilliyinə aşağıdakı təminatlar verilir:

5.2.1. dəyişilməzliyi;

5.2.2. toxunulmazlığı;

5.2.3. dövlət orqanları, bələdiyyələr və digər qurumlar, onların vəzifəli şəxsləri tərəfindən onun fəaliyyətinə müdaxilə edilməsinin yolverilməzliyi;

5.2.4. maddi və sosial təminatlar.

5.3. Fövqəladə və ya hərbi vəziyyətin, habelə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin elan edilməsi müvəkkilin fəaliyyətini dayandırmır və ya məhdudlaşdırmır.

Maddə 6. Müvəkkilin toxunulmazlığı

6.1. Müvəkkil səlahiyyət müddəti ərzində toxunulmazdır.

6.2. Müvəkkil səlahiyyət müddəti ərzində cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula və ya saxlanıla bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz. Müvəkkil cinayət başında yaxalanarsa, onu tutan orqan bu barədə 24 saat müddətində Azərbaycan Respublikası baş prokuroruna və Azərbaycan Respublikasının Milli Məclisinə xəbər verməlidir.

6.3. Müvəkkilin toxunulmazlığına yalnız Azərbaycan Respublikası baş prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikası Milli Məclisinin 83 səs çoxluğu ilə qəbul edilmiş qərarı ilə xitam verilə bilər.

6.4. Müvəkkilin toxunulmazlığı həmçinin onun mənzilinə, xidməti otağına, nəqliyyat və rabitə vasitələrinə, poçt-teleqraf və elektron yazışmalarına, şəxsi əmlakına və sənədlərinə də şamil edilir.

6.5. Müvəkkil işləmiş şəxs vəzifədən getdikdən sonra müvəkkil səlahiyyətlərini həyata keçirdiyi dövrdəki fəaliyyətinə və söylədiyi fikirlərə görə toxunulmazdır. Bu dövrdə törətdiyi cinayətlərə və məhkəmə qaydasında inzibati tənbeh tədbirləri nəzərdə tutulmuş hüquq pozuntularına görə həmin şəxsin məsuliyyətə cəlb edilməsi bu qanunun 6.3-cü maddəsində müəyyən olunmuş qaydada həyata keçirilir.

Maddə 7. Müvəkkilin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi

7.1. Müvəkkilin səlahiyyətlərinə Azərbaycan Respublikası Milli Məclisinin təşəbbüsü ilə və ya Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikası Milli Məclisinin 83 səs çoxluğu ilə qəbul edilmiş qərarı ilə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:

7.1.1. müvəkkilə aid tələblər pozulduqda;

7.1.2. müvəkkil öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdikdə.

7.2. Azərbaycan Respublikası Milli Məclisinin iclasında aşağıdakı hallar elan edildikdə, Azərbaycan Respublikası Milli Məclisinin sədri öz sərəncamı ilə müvəkkilin səlahiyyətlərinə vaxtından əvvəl xitam verir:

7.2.1. müvəkkil vəfat etdikdə;

7.2.2. müvəkkil barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü olduqda;

7.2.3. müvəkkil vəzifəsindən könüllü yazılı istefa verdikdə.

7.3. Müvəkkilin səlahiyyətlərinə vaxtından əvvəl xitam verildikdə, Azərbaycan Respublikasının Prezidenti 30 gün müddətində Azərbaycan Respublikası Milli Məclisinə yeni müvəkkilin seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edir. Azərbaycan Respublikasının Milli Məclisi 15 gün müddətində müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul edir.

II fəsil. İnsan hüquqlarının pozulmasına dair şikayətlərə baxılması, milli preventiv mexanizmin və müstəqil monitorinq mexanizminin funksiyalarının həyata keçirilməsi

Maddə 8. İnsan hüquqlarının pozulmasına dair şikayətlərin verilməsi qaydası

8.1. Müvəkkil Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, hüquqi şəxslərin (bundan sonra — ərizəçi) insan hüquqlarının pozulmasına dair şikayətlərinə baxır.

8.2. Şikayəti insan hüquqları pozulmuş şəxsin razılığı ilə üçüncü şəxslər, o cümlədən qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar), media subyektləri, həmkarlar ittifaqları, vətəndaşların təşəbbüs qrupları və bələdiyyələrin məhəllə komitələri (bundan sonra — vətəndaş cəmiyyəti institutları) verə bilərlər. İnsan hüquqları pozulmuş şəxsin razılığını almaq mümkün olmadıqda (həmin şəxs vəfat etdikdə, fəaliyyət qabiliyyətini itirdikdə və s.), şikayəti üçüncü şəxslər və ya vətəndaş cəmiyyəti institutları razılıq almadan da verə bilərlər.

8.3. Dövlət orqanları müvəkkilə şikayət verə bilməzlər.

8.4. Şikayət ərizəçinin hüquqlarının pozulduğu və ya ona bu barədə məlum olduğu gündən bir il müddətində verilə bilər.

8.5. Cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında, müvəqqəti saxlama yerlərində, qarnizon hauptvaxtlarında, qanunsuz miqrantların saxlanılması mərkəzlərində, habelə saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi digər yerlərdə, o cümlədən müvafiq tibb və təhsil müəssisələrində (bundan sonra — şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlər) saxlanılan şəxslər tərəfindən ünvanlanmış şikayətlər senzuradan keçirilmədən 24 saat müddətində müvəkkilə göndərilməlidir.

Maddə 9. İnsan hüquqlarının pozulmasına dair şikayətin məzmunu

9.1. İnsan hüquqlarının pozulmasına dair şikayətdə ərizəçinin adı, atasının adı, soyadı, ünvanı göstərilməli, eləcə də ərizəçinin hüquqlarını pozmuş qərar və ya hərəkətin (hərəkətsizliyin) mahiyyəti, şikayətin tərtib edilmə yeri, vaxtı və ərizəçinin imzası olmalıdır. Şikayətlə bağlı başqa materiallar və ya məhkəmə tərəfindən çıxarılmış qərar olduqda, şikayətə əlavə edilə bilər.

9.2. Şikayətdə ərizəçinin adı, atasının adı, soyadı, ünvanı və imzası (hüquqi şəxslərə münasibətdə hüquqi şəxsin adı və hüquqi ünvanı, onun rəhbərinin imzası) olmadıqda müraciət anonim hesab edilir və həmin şikayətlərə, bu qanunun 9.3-cü maddəsində göstərilən hallar istisna olmaqla, baxılmır.

9.3. Anonim şikayətdə göstərilən hallar kifayət qədər sübutlu və əsaslı faktlarla təsdiq edilirsə, həmin şikayətlər müvəkkil tərəfindən baxılmaq üçün qəbul edilir.

9.4. Şikayət şifahi verildikdə müvəkkil aparatının işçisi şikayətin məzmununu xüsusi blankda qeyd edir və ərizəçi həmin vərəqi imzalayır.

9.5. Ərizəçinin xahişi ilə müvəkkil onun barəsində məlumatları gizli saxlamalıdır.

Maddə 10. İnsan hüquqlarının pozulmasına dair şikayətlə bağlı qərarın qəbul edilməsi

10.1. Ərizəçi tərəfindən insan hüquqlarının pozulmasına dair şikayət daxil olduqda, müvəkkil aşağıdakı qərarlardan birini qəbul edir:

10.1.1. şikayət baxılmaq üçün qəbul edilsin;

10.1.2. şikayətə baxılmasından imtina edilsin.

10.2. Müvəkkil şikayətə baxılmasından imtina etdiyi halda ərizəçiyə 10 iş günü müddətində yazılı şəkildə əsaslandırılmış cavab verir.

Maddə 11. İnsan hüquqlarının pozulmasına dair şikayətə baxılmasından imtina edilməsi üçün əsaslar

11.1. Müvəkkil aşağıdakı hallarda şikayətə baxmır:

11.1.1. bu qanunun 8.4-cü maddəsinin tələbləri pozulduqda;

11.1.2. şikayət müvəkkilin səlahiyyətlərinə aid olmadıqda;

11.1.3. bu qanunun 9.3-cü maddəsində göstərilən hallar istisna olmaqla, şikayət anonim olduqda;

11.1.4. şikayətlə bağlı məhkəmə icraatı getdikdə;

11.1.5. təkrar təqdim edilmiş şikayətdə yeni məlumatlar, faktlar və sübutlar olmadıqda.

Maddə 12. İnsan hüquqlarının pozulmasına dair şikayətə baxılması və milli preventiv mexanizmin funksiyalarının həyata keçirilməsi qaydası

12.1. Müvəkkil insan hüquqlarının pozulmasına dair şikayətdə əks etdirilmiş halların araşdırılması zamanı barəsində şikayət verilən dövlət orqanının, bələdiyyənin və digər qurumun və ya vəzifəli şəxsin həmin şikayətlə bağlı mülahizələrini öyrənməlidir. 10 iş günü müddətində mülahizə müvəkkilə təqdim edilməlidir.

12.2. İnsan hüquqlarının pozulmasına dair şikayətdə əks etdirilmiş halların araşdırılması və milli preventiv mexanizmin funksiyalarının həyata keçirilməsi zamanı müvəkkilin aşağıdakı hüquqları vardır:

12.2.1. istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən dövlət orqanlarına, bələdiyyələrə və digər qurumlara, hərbi hissələrə, polis orqanlarına, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə daxil olmaq; saxlanılan və ya əvvəllər saxlanılmış şəxslərlə, habelə müvafiq məlumatı verə biləcək istənilən digər şəxslə təkbətək və ya zəruri saydığı halda mütəxəssisin və ya tərcüməçinin iştirakı ilə görüşmək və söhbət etmək; saxlanılan şəxslərin saxlanılmasının qanuniliyini təsdiq edən, eləcə də həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan bütün sənədlərlə tanış olmaq və surətlərini almaq; akt tərtib etmək, həyata keçirdiyi tədbirlərin gedişini və nəticələrini protokollaşdırmaq; texniki vasitələrdən istifadə etməklə foto, audio və video qeydiyyatını aparmaq; səlahiyyətli dövlət orqanlarına müvafiq tövsiyələr vermək və həmin tövsiyələrə müəyyən edilmiş müddətdə cavablar almaq;

12.2.2. dövlət orqanlarından, bələdiyyələrdən və digər qurumlardan, onların vəzifəli şəxslərindən zəruri məlumat, sənəd və materialları 10 iş günü müddətində almaq;

12.2.3. cinayət, mülki və inzibati işlərə dair qanuni qüvvəyə minmiş qərarlarla, həmçinin cinayət işlərinin başlanmasının rədd edilməsi barədə materiallarla tanış olmaq;

12.2.4. şikayətin araşdırılması zamanı vəzifəli şəxslərdən yazılı arayışlar almaq;

12.2.5. şikayətdə əks etdirilmiş halların yoxlanılması üçün müvafiq orqanlara tapşırıq vermək (yoxlama, qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən dövlət orqanına, bələdiyyəyə və digər quruma və ya vəzifəli şəxsə tapşırıla bilməz);

12.2.6. müvafiq dövlət orqanları və təşkilatlarına ekspert rəyinin hazırlanmasını tapşırmaq;

12.2.7. dövlət orqanlarının, bələdiyyələrin və digər qurumların rəhbərləri və digər vəzifəli şəxsləri, hərbi hissələrin komandirləri, polis orqanlarının, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərin rəhbərliyi tərəfindən təxirə salınmadan qəbul edilmək;

12.2.8. şikayət üzrə yerində araşdırma aparmaq və nəticələrini sənədləşdirmək;

12.2.9. bu Konstitusiya Qanununun II fəsli ilə müəyyən edilmiş qaydada şikayətlərə baxılması, milli preventiv mexanizmin və müstəqil monitorinq mexanizminin funksiyalarının həyata keçirilməsi zamanı hüquq pozuntularının qarşısının alınması və aşkar edilmiş pozuntuların aradan qaldırılması məqsədilə dövlət orqanlarının, bələdiyyələrin və digər qurumların nümayəndələrini dəvət etməklə tədbirlər görmək.

12.3. Müvəkkilə məlumat verilməsinə görə hər hansı şəxsə və ya təşkilata təzyiq göstərilməsi, yaxud şəxsin və ya təşkilatın təqib edilməsi yolverilməzdir.

12.4. İnsan hüquqları pozulmuş şəxsin razılığı ilə xüsusi ictimai əhəmiyyət kəsb edən hallarda və ya öz hüquqlarını müstəqil şəkildə müdafiə etmək qabiliyyəti olmayan şəxslərin maraqlarına toxunulduğu hallarda müvəkkil öz təşəbbüsü ilə araşdırma aparır.

12.5. Araşdırma zamanı şikayətdə qeyd olunmayan digər hallar aşkar edilərsə, araşdırma müvəkkilin səlahiyyətlərinə aid olduqda onun tərəfindən aparılır, onun səlahiyyətlərinə aid olmadıqda isə materiallar digər səlahiyyətli dövlət orqanlarına göndərilir.

12.6. Şikayətə 30 gün müddətində baxılır. Şikayətə baxmaq üçün əlavə yoxlama aparmaq və ya material tələb etmək zərurəti yarandıqda müraciətə baxılma müddəti 30 günədək uzadılır. Şikayətçinin yazılı müraciəti ilə əlavə yoxlama aparmaq lazım gəldiyi halda şikayətə baxılma müddəti 30 günədək uzadılır.

Maddə 13. İnsan hüquqlarının pozulmasına dair şikayətə baxılmanın nəticələri

13.1. Müvəkkil şikayətə baxılması ilə bağlı görülmüş tədbirlər və nəticələr barədə 10 iş günü müddətində ərizəçiyə yazılı surətdə məlumat verir.

13.2. Müvəkkil şikayətin araşdırılması zamanı insan hüquqlarının pozulması hallarını aşkar etdikdə, aşağıdakı tədbirləri həyata keçirir:

13.2.1. qərar və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində insan hüquqlarını pozmuş dövlət orqanlarından, bələdiyyələrdən və digər qurumlardan, onların vəzifəli şəxslərindən həmin hüquqların bərpasını tələb etmək (müvafiq dövlət orqanları, bələdiyyələr və digər qurumlar, vəzifəli şəxslər 10 iş günü müddətində müvəkkilə görülən tədbirlər barədə yazılı surətdə məlumat verməlidirlər. Məlumat verilmədiyi və ya müvəkkilin tələbləri həyata keçirilmədiyi hallarda müvəkkil həmin təşkilatın yuxarı orqanına və ya digər dövlət orqanlarına müraciət edir);

13.2.2. cinayət əlamətləri aşkar edildikdə müvafiq orqanlara cinayət işinin başlanması barədə müraciət etmək;

13.2.3. əlavə kassasiya qaydasında şikayət etmək hüququna malik olan subyektlərə müraciət etmək;

13.2.4. qərar və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində insan hüquqlarını pozmuş vəzifəli şəxslərin intizam məsuliyyətinə cəlb edilməsi barədə müvafiq dövlət orqanlarına, bələdiyyələrə və digər qurumlara təkliflər vermək;

13.2.5. insan hüquqlarının pozulması ilə əlaqədar aparılmış yoxlamaların nəticələri ilə kütləvi informasiya vasitələrini tanış etmək;

13.2.6. insan hüquqlarının pozulması xüsusi ictimai əhəmiyyət kəsb edən hallarda onların bərpası üçün müvəkkilin səlahiyyətlərində olan təsir imkanları kifayət etmədikdə, Azərbaycan Respublikasının Prezidentinə müraciət etmək, Azərbaycan Respublikasının Milli Məclisi qarşısında məruzə ilə çıxış etmək;

13.2.7. dövlət orqanının, bələdiyyənin və digər qurumun, vəzifəli şəxsin qərarı və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində pozulmuş hüquqların bərpası üçün məhkəməyə müraciət etmək;

13.2.8. şəxsin hüquqları qüvvədə olan normativ aktlarla pozulduqda Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət etmək.

Maddə 13-1. İnformasiya əldə etmək hüququnun pozulmasına dair şikayətə baxılmasının xüsusiyyətləri

13-1.1. Müvəkkil informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətdə əks olunmuş halları 10 iş günü ərzində araşdırır. Əgər şikayət dəqiqləşdirmə tələb edirsə və ya şikayəti araşdırmaq üçün əlavə izahat və sənədlər toplamaq lazımdırsa, Müvəkkil bu barədə şikayətçiyə yazılı məlumat verməklə şikayətə baxılması müddətini əlavə olaraq 10 iş gününə qədər uzadır.

13-1.2. Müvəkkil aşağıdakı hallarda şikayətə baxmır:

13-1.2.1. şikayət konkret informasiya sahibinin fəaliyyəti barəsində olmadıqda;

13-1.2.2. həmin iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;

13-1.2.3. ərizəçi informasiya sahibinin informasiya əldə etmək üçün yaratdığı imkanlardan kifayət qədər səmərəli istifadə etmədikdə.

13-1.3. Müvəkkil informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətdə əks olunmuş halların araşdırılması zamanı informasiya sahibi olan dövlət orqanı, yerli özünüidarə orqanı və ya vəzifəli şəxs tərəfindən «İnformasiya əldə etmək haqqında» Azərbaycan Respublikası Qanununun aşağıdakı tələblərinə riayət edilib-edilmədiyini aydınlaşdırır:

13-1.3.1. informasiya əldə etmək üçün müraciətin (bundan sonra – informasiya sorğusunun) qeydiyyata alınması;

13-1.3.2. informasiya sorğusunun qanunla nəzərdə tutulmuş qaydada, müddətdə və üsulla təmin edilməsi;

13-1.3.3. informasiya sorğusunun icrasından imtinanın qanunun tələblərinə uyğun olması;

13-1.3.4. ictimai informasiyanın açıqlanması vəzifəsinin dəqiq və tam həcmdə yerinə yetirilməsi;

13-1.3.5. İnternet informasiya ehtiyatının yaradılmasının qanunun tələblərinə cavab verməsi;

13-1.3.6. informasiyanın əldə olunmasına qoyulan məhdudiyyətin qanunla nəzərdə tutulmuş qaydada müəyyənləşdirilməsi.

13-1.4. Müvəkkil informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətlə bağlı informasiya sahibindən pozuntuların aradan qaldırılmasını tələb edir.

13-1.5. Müvəkkilin göstərişini aldıqdan sonra informasiya sahibi olan dövlət orqanı, yerli özünüidarə orqanı və ya vəzifəli şəxs Müvəkkilə 10 iş günü müddətində görülən tədbirlər barəsində yazılı məlumat verməlidir. Məlumat verilmədiyi və ya Müvəkkilin tələbləri yerinə yetirilmədiyi hallarda Müvəkkil müvafiq yuxarı orqana müraciət edir.

13-1.6. Müvəkkil informasiya əldə etmək hüququnun pozulmasına dair şikayətə baxarkən informasiya sahiblərindən zəruri məlumatları (sənədləri, materialları) və ya onların surətlərini tələb edə bilər. Həmin məlumatlar (sənədlər, materiallar) 5 iş günü müddətində Müvəkkilə təqdim edilməlidir.

Maddə 13-2. Milli preventiv qrup

13-2.1. Bu Konstitusiya Qanununun 1.2-ci maddəsində nəzərdə tutulmuş milli preventiv mexanizmin funksiyalarının həyata keçirilməsi məqsədilə Müvəkkilin aparatında Milli preventiv qrup yaradılır. Yaşı 25-dən aşağı olmayan, ali təhsilli, insan hüquqlarının müdafiəsi sahəsində təcrübəyə və yüksək əxlaqi keyfiyyətlərə malik olan şəxslər Milli preventiv qrupun üzvü təyin olunurlar. Milli preventiv qrupun üzvləri Müvəkkil tərəfindən 3 il müddətinə şəffaf prosedurlar əsasında təyin olunurlar.

13-2.2. İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxs Milli preventiv qrupun üzvü təyin oluna bilməz.

13-2.3. Milli preventiv qrup aşağıdakı hüquqlara malikdir:

13-2.3.1. istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən polis orqanlarına, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə daxil olmaq, saxlanılan şəxslərlə, habelə müvafiq məlumatı verə biləcək istənilən digər şəxslə təkbətək və ya mütəxəssisin və ya tərcüməçinin iştirakı ilə görüşmək və söhbət etmək, saxlanılan və ya əvvəllər saxlanılmış şəxslərin saxlanılmasının qanuniliyini təsdiq edən, eləcə də həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan bütün sənədlərlə tanış olmaq və surətlərini almaq, akt tərtib etmək, həyata keçirdiyi tədbirlərin gedişini və nəticələrini protokollaşdırmaq, texniki vasitələrdən istifadə etməklə foto, audio və video qeydiyyatını aparmaq;

13-2.3.2. polis orqanlarının, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərin rəhbərliyi tərəfindən təxirə salınmadan qəbul edilmək;

13-2.3.3. milli preventiv mexanizmin funksiyalarının həyata keçirilməsi zamanı hüquq pozuntularının qarşısının alınması və aşkar edilmiş pozuntuların aradan qaldırılması məqsədilə dövlət orqanlarının, bələdiyyələrin və digər qurumların nümayəndələrini dəvət etməklə tədbirlər görmək.

13-2.4. Milli preventiv qrupun üzvü öz funksiyalarını həyata keçirməsi ilə əlaqədar ona məlum olmuş faktlar barəsində ifadə verməyə və ya hər hansı digər üsulla bu faktları açıqlamağa məcbur edilə bilməz. Bu təminat Milli preventiv qrupun üzvü qrupun tərkibindən çıxdıqdan sonra da qüvvədə qalır.

13-2.5. Milli preventiv qrupun üzvü saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərdə öz funksiyalarını həyata keçirərkən tutula və ya saxlanıla bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz. Milli preventiv qrupun üzvünün poçt, teleqraf və digər göndərişlərinin, habelə elektron yazışmalarının üzərinə həbs qoyulmasına, onların yoxlanılmasına və ya götürülməsinə yol verilmir.

Maddə 13-3. Müstəqil monitorinq mexanizminin funksiyalarının həyata keçirilməsinin xüsusiyyətləri

13-3.1. Müvəkkil insan hüquq və azadlıqlarının təşviqi, müdafiəsi və təmini vəziyyətinin monitorinqi, pozuntu hallarının qarşısının alınması məqsədilə bu Konstitusiya Qanununun 1.3-1-ci maddəsinə uyğun olaraq müstəqil monitorinq mexanizminin funksiyalarını həyata keçirir.

13-3.2. Müstəqil monitorinq mexanizminin funksiyalarının həyata keçirilməsi məqsədilə Müvəkkilin aparatında monitorinq qrupları yaradılır. Monitorinq qruplarının üzvləri bu Konstitusiya Qanununun 13-2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada təyin olunurlar.

13-3.3. Müstəqil monitorinq mexanizmi funksiyalarını həyata keçirən zaman Müvəkkilin və monitorinq qrupunun aşağıdakı hüquqları vardır:

13-3.3.1. dövlət orqanlarında, bələdiyyələrdə və digər qurumlarda monitorinqlər həyata keçirmək, zəruri məlumatlarla (sənədlərlə, materiallarla) yerində tanış olmaq və surətlərini almaq;

13-3.3.2 dövlət orqanlarından, bələdiyyələrdən və digər qurumlardan, onların vəzifəli şəxslərindən zəruri məlumatları (sənədləri, materialları) və ya onların surətlərini tələb etmək və 5 iş günü müddətində almaq;

13-3.3.3. həyata keçirilən monitorinqin nəticələrini sənədləşdirmək;

13-3.3.4. dövlət orqanlarına, bələdiyyələrə və digər qurumlara, onların vəzifəli şəxslərinə monitorinqin nəticələri ilə əlaqədar tövsiyələr vermək;

13-3.3.5. vətəndaş cəmiyyəti institutlarını, müstəqil ekspertləri və mütəxəssisləri monitorinq qruplarının fəaliyyətinə cəlb etmək.

13-3.4. Müstəqil monitorinq mexanizminin funksiyalarının həyata keçirilməsi zamanı aşkar edilmiş insan hüquqlarının pozulması faktlarına bu Konstitusiya Qanununun 12-ci, 13-cü, 13-1-ci və 15-ci maddələri ilə müəyyən edilmiş qaydada baxılır.

Maddə 14. Müvəkkilin illik məruzəsi

14.1. Cari il bitdikdən sonra 2 aydan gec olmayaraq müvəkkil ölkədə insan hüquqlarının qorunması haqqında Azərbaycan Respublikası Prezidentinə illik məruzəni təqdim edir və həmin məruzə ilə Azərbaycan Respublikası Milli Məclisi qarşısında çıxış edir.

14.2. İllik məruzədə insan hüquqlarını pozan müvəkkilin tələbləri ilə hesablaşmayan dövlət orqanlarının, bələdiyyələrin və digər qurumların, vəzifəli şəxslərin adları çəkilir və bununla əlaqədar görülmüş tədbirlər barədə məlumat verilir.

14.3. Müvəkkilin illik məruzəsində insan hüquqlarının təmin edilməsi ilə əlaqədar ümumi fikir, rəy və tövsiyələr öz əksini tapmalıdır.

14.4. İllik məruzə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının baş prokuroruna göndərilir.

14.5. Məruzə «Azərbaycan» qəzetində və «Azərbaycan Respublikasının qanunvericilik toplusu»nda dərc olunur.

Maddə 15. Müvəkkilin fəaliyyətində konfidensiallığın təmin olunması

15.1. Müvəkkilin fəaliyyəti ilə əlaqədar ona, milli preventiv qrupun və müstəqil monitorinq qrupunun üzvlərinə, Müvəkkilin aparatının və regional mərkəzlərinin işçilərinə məlum olan dövlət sirri təşkil edən məlumatların, istintaq, məhkəmə, vergi, bank və kommersiya sirlərinin, eləcə də qanunla əldə olunmasına məhdudiyyət qoyulan digər məlumatların mühafizəsi bu sahədə münasibətləri tənzimləyən Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş qaydada həyata keçirilir.

15.2. Şikayətdə əks etdirilmiş halların müvəkkil tərəfindən araşdırılması zamanı ərizəçilərin şəxsi və ailə həyatı barədə bəlli olmuş məlumatların yayılmasına onların razılığı olmadan yol verilmir.

III fəsil. Müvəkkilin fəaliyyətinin təşkili və təminatları

Maddə 16. Müvəkkilin sosial, maliyyə və digər təminatları

16.1. Müvəkkil 3060 manat məbləğində aylıq vəzifə maaşı alır.

16.1-1. Müvəkkilə aylıq vəzifə maaşının 1,65 misli həcmində vəzifə maaşına əlavə ödənilir.

16.2. Müvəkkil hərbi çağırışdan və hərbi toplantıdan azad edilir.

16.3. Müvəkkilə səlahiyyət müddəti ərzində diplomatik pasport verilir.

16.4. Müvəkkilə Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məzuniyyət verilir.

16.5. Müvəkkilin səlahiyyət müddəti onun ümumi, xüsusi və fasiləsiz iş stajına daxil edilir.

16.6. Müvəkkil məzuniyyətə çıxdığı vaxt onun müalicə olunması və istirahət etməsi üçün iki aylıq əmək haqqı məbləğində ona pul təminatı verilir.

16.6-1. Müvəkkil 5 illik vəzifə maaşı məbləğində icbari sığorta edilir.

16.7. Müvəkkilin, sabiq müvəkkilin və onun ailə üzvlərinin pensiya təminatı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

Maddə 17. Müvəkkilin aparatı və regional mərkəzləri

17.1. Müvəkkilin fəaliyyətinin hüquqi, təşkilati, elmi-analitik, informasiya, maddi-texniki, maliyyə və təsərrüfat təminatının həyata keçirilməsi üçün onun aparatı yaradılır. Yerlərdə Müvəkkilin regional mərkəzləri yaradıla bilər.

17.2. Müvəkkilin aparatı üzərində Azərbaycan Respublikasının Dövlət gerbi təsvir olunmuş möhür və blanklara malikdir.

17.3. Müvəkkilin aparatı və regional mərkəzlər müvəkkil tərəfindən təsdiq olunan «Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin aparatı və regional mərkəzləri haqqında» Əsasnaməyə uyğun fəaliyyət göstərir.

17.4. Müvəkkilin aparatının və regional mərkəzlərinin strukturu, ştat cədvəli və smeta xərcləri müvəkkil tərəfindən müəyyən edilir.

Maddə 18. Müvəkkil aparatının və regional mərkəzlərinin işçilərinin hüquq və vəzifələri

18.1. Müvəkkilin aparatının və regional mərkəzlərinin işçilərini müvəkkil işə götürür və işdən azad edir.

18.2. Müvəkkil aparatının və regional mərkəzlərinin işçilərinin hüquqları, vəzifələri və məsuliyyəti Azərbaycan Respublikasının Əmək Məcəlləsi, «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə müəyyən edilir.

Maddə 18-1. Milli preventiv qrup

18-1.1. Bu Konstitusiya Qanununun 1.2-ci maddəsində nəzərdə tutulmuş milli preventiv mexanizmin funksiyalarının həyata keçirilməsi məqsədi ilə Müvəkkilin aparatında Milli preventiv qrup yaradılır. Yaşı 25-dən aşağı olmayan, ali təhsilli, insan hüquqlarının müdafiəsi sahəsində təcrübəyə və yüksək əxlaqi keyfiyyətlərə malik olan şəxs Milli preventiv qrupun üzvü təyin olunur. Milli preventiv qrupun üzvləri Müvəkkil tərəfindən 3 il müddətinə şəffaf prosedurlar əsasında təyin olunurlar.

18-1.2. Milli preventiv qrupun aşağıdakı hüquqları vardır:

18-1.2.1. istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən polis bölmələrinə, müvəqqəti saxlama yerlərinə, istintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrinə, qarnizon hauptvaxtlarına, psixiatriya müəssisələrinə, qanunsuz miqrantların saxlanılması mərkəzlərinə və saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi digər yerlərə daxil olmaq; saxlanılan şəxslərlə, habelə müvafiq məlumatı verə biləcək istənilən digər şəxslə təkbətək və ya zəruri hesab etdiyi halda mütəxəssisin və ya tərcüməçinin iştirakı ilə görüşmək və söhbət etmək; saxlanılan şəxslərin saxlanılmasının qanuniliyini təsdiq edən, eləcə də həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan bütün sənədlərlə tanış olmaq və surətlərini almaq; akt tərtib etmək, həyata keçirdiyi tədbirlərin gedişini və nəticələrini protokollaşdırmaq;

18-1.2.2. polis bölmələrinin, müvəqqəti saxlama yerlərinin, istintaq təcridxanalarının, cəzaçəkmə müəssisələrinin, qarnizon hauptvaxtlarının, psixiatriya müəssisələrinin, qanunsuz miqrantların saxlanılması mərkəzlərinin və saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi digər yerlərin rəhbərliyi tərəfindən təxirə salınmadan qəbul edilmək.

18-1.3. Milli preventiv qrupun üzvü öz funksiyalarını həyata keçirməsi ilə əlaqədar ona məlum olmuş faktlar barəsində ifadə verməyə və ya hər hansı digər üsulla bu faktları açıqlamağa məcbur edilə bilməz. Bu təminat Milli preventiv qrupun üzvü qrupun tərkibindən çıxdıqdan sonra da qüvvədə qalır.

18-1.4. Milli preventiv qrupun üzvü saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərdə öz funksiyalarını həyata keçirərkən tutula və ya saxlanıla bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz. Milli preventiv qrupun üzvünün poçt, teleqraf və digər göndərişlərinin üzərinə həbs qoyulmasına, onların yoxlanılmasına və ya götürülməsinə yol verilmir.

Maddə 19. Müvəkkilin fəaliyyətinin maliyyələşdirilməsi

19.1. Müvəkkilin və onun aparatının, onun aparatının və regional mərkəzlərinin fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına maliyyələşdirilir.

19.2. Müvəkkilin fəaliyyətinin maliyyələşdirilməsi üçün ayrılan illik vəsaitin tərkibində cari xərclərin məbləği əvvəlki maliyyə ilində bu məqsəd üçün nəzərdə tutulmuş məbləğdən az ola bilməz.

Maddə 20. Müvəkkilin, milli preventiv qrupun və müstəqil monitorinq qruplarının qanuni fəaliyyətinə maneə törədilməsinə görə məsuliyyət

Müvəkkilin, milli preventiv qrupun və müstəqil monitorinq qruplarının qanuni fəaliyyətinin məhdudlaşdırılması və ya fəaliyyətinə müdaxilə qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 28 dekabr 2001-ci il

№ 246-IIKQ

«Azərbaycan» qəzetində dərc edilmişdir (6 mart 2002-ci il, № 53) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 2002-ci il, № 3, maddə 115) («LegalActs» LLC).

1 sentyabr 2004-cü il tarixli, 722-IIKQD nömrəli; 3 mart 2006-cı il tarixli, 71-IIIKQD nömrəli; 2 oktyabr 2006-cı il tarixli, 128-IIIKQD nömrəli; 19 oktyabr 2007-ci il tarixli, 431-IIIKQD nömrəli; 19 iyun 2009-cu il tarixli, 832-IIIKQD nömrəli; 26 noyabr 2009-cu il tarixli, 912-IIIKQD nömrəli; 6 may 2011-ci il tarixli, 102-IVKQD nömrəli; 24 iyun 2011-ci il tarixli, 163-IVKQD nömrəli; 27 iyun 2014-cü il tarixli, 1011-IVKQD nömrəli; 15 aprel 2016-cı il tarixli, 201-VKQD nömrəli; 1 oktyabr 2018-ci il tarixli, 1233-VKQD nömrəli; 27 noyabr 2018-ci il tarixli, 1335-VKQD nömrəli; 13 mart 2020-ci il tarixli, 9-VIKQD nömrəli; 30 dekabr 2022-ci il tarixli 778-VIKQD nömrəli (2023-cü il yanvarın 1-dən qüvvəyə minir); 9 iyun 2023-cü il tarixli 900-VIKQD nömrəli Qanunlara əsasən dəyişikliklərlə.