Legislation

Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu


Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında 

AZƏRBAYCAN RESPUBLİKASININ

KONSTİTUSİYA QANUNU


Bu Konstitusiya Qanunu Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin birinci hissəsinin 14-cü bəndində əks etdirilmiş Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun həyata keçirilməsi üçün əlavə təminatların yaradılması məqsədi ilə qəbul edilir.

Maddə 1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikasının Milli Məclisi qarşısında hesabatı

Azərbaycan Respublikasının Nazirlər Kabineti hər il Azərbaycan Respublikası Milli Məclisinin yaz sessiyasının beşinci iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin fəaliyyəti haqqında hesabat verir.

Maddə 2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən sorğu göndərilməsi

2.1. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair sorğu ilə müraciət edə bilər.
2.2. Azərbaycan Respublikası Milli Məclisinin sorğusuna cavab Azərbaycan Respublikasının Nazirlər Kabinetini təmsil edən səlahiyyətli şəxs tərəfindən Azərbaycan Respublikası Milli Məclisinin iclasında bir aydan gec olmayaraq təqdim edilir.

Maddə 3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvlərinə Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının sorğuları

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının sorğularına cavab vermək üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydaları ilə müəyyən edilmiş hallarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvləri Azərbaycan Respublikası Milli Məclisinin iclaslarında iştirak edirlər.

Maddə 4. Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun məhdudlaşdırılması

4.1. Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad göstərilməsi məsələsi Azərbaycan Respublikası Prezidentinin və ya Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkiləri gününə 6 aydan az qaldıqda müzakirəyə çıxarıla bilməz.

4.2. Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad göstərilməsi məsələsi eyni məsələyə dair birinci müzakirədən yalnız 6 ay keçdikdən sonra təkrarən yenidən müzakirəyə çıxarıla bilər.

Azərbaycan Respublikasının Prezidenti
Heydər Əliyev

Bakı şəhəri, 24 dekabr 2002-ci il
№ 405 - IIKQ