Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun
əlavə təminatları haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ
KONSTİTUSİYA QANUNU
Bu Konstitusiya
Qanunu Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin birinci
hissəsinin 14-cü bəndində əks etdirilmiş Azərbaycan Respublikası Milli
Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin
həll edilməsi hüququnun həyata keçirilməsi üçün əlavə təminatların yaradılması
məqsədi ilə qəbul edilir.
Maddə 1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan
Respublikasının Milli Məclisi qarşısında hesabatı
Azərbaycan
Respublikasının Nazirlər Kabineti hər il Azərbaycan Respublikası Milli
Məclisinin yaz sessiyasının beşinci iclasında Azərbaycan Respublikası Nazirlər
Kabinetinin fəaliyyəti haqqında hesabat verir.
Maddə 2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Azərbaycan
Respublikasının Milli Məclisi tərəfindən sorğu göndərilməsi
2.1. Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə onun
səlahiyyətlərinə aid edilmiş məsələlərə dair sorğu ilə müraciət edə bilər.
2.2. Azərbaycan Respublikası Milli Məclisinin sorğusuna cavab Azərbaycan
Respublikasının Nazirlər Kabinetini təmsil edən səlahiyyətli şəxs tərəfindən
Azərbaycan Respublikası Milli Məclisinin iclasında bir aydan gec olmayaraq
təqdim edilir.
Maddə 3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvlərinə
Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının sorğuları
Azərbaycan
Respublikası Milli Məclisinin deputatlarının sorğularına cavab vermək üçün
Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydaları ilə müəyyən edilmiş
hallarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvləri Azərbaycan
Respublikası Milli Məclisinin iclaslarında iştirak edirlər.
Maddə 4. Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan
Respublikası Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun
məhdudlaşdırılması
4.1. Azərbaycan
Respublikasının Milli Məclisi tərəfindən Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə etimad göstərilməsi məsələsi Azərbaycan Respublikası Prezidentinin
və ya Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkiləri gününə 6
aydan az qaldıqda müzakirəyə çıxarıla bilməz.
4.2. Azərbaycan
Respublikasının Milli Məclisi tərəfindən Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə etimad göstərilməsi məsələsi eyni məsələyə dair birinci müzakirədən
yalnız 6 ay keçdikdən sonra təkrarən yenidən müzakirəyə çıxarıla bilər.
Azərbaycan Respublikasının
Prezidenti
Heydər Əliyev
Bakı şəhəri, 24 dekabr
2002-ci il
№ 405 - IIKQ