Dövlət
qulluğu haqqında
Azərbaycan
Respublikasının Qanunu
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin 19-cu bəndinə uyğun olaraq Azərbaycan
Respublikasında dövlət qulluğunun hüquqi, təşkilati və maliyyə-iqtisadi əsaslarını
müəyyən edir.
I fəsil. Ümumi müddəalar
Maddə 1. Əsas anlayışlar
1.1.
Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.1.1.
dövlət qulluğu — Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ
hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata
keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmət;
1.1.2.
dövlət qulluğunun xüsusi növü — xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə
tutulan vəzifələrdə dövlət qulluğu keçmə;
1.1.3.
dövlət qulluqçusu — yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən
dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya
yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati
vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan
Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı
olan dövlət orqanının işçisi;
1.1.4.
dövlət orqanı — Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan
Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və
funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən,
Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə
olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan
Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına
uyğun olaraq yaradılan və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan struktura
malik olan dövlət təsisatı;
1.1.5.
dövlət orqanlarının kateqoriyası (təsnifatı) — dövlət orqanlarının statusu,
iyerarxiyası və yurisdiksiyası (ölkə, regional və yerli səviyyədə) nəzərə
alınmaqla təsnifləşdirilməsi;
1.1.6.
dövlət məvacibi — dövlət qulluqçusuna pul formasında nağdsız qaydada ödənilən
aylıq haqq;
1.1.7.
dövlət qulluğu vəzifəsi — dövlət orqanının Azərbaycan Respublikasının
Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən səlahiyyətlərini
icra etmək məqsədilə həmin orqanın strukturuna müvafiq olaraq ştat cədvəlində
müəyyən edilən ştat vahidi;
1.1.8.
inzibati və yardımçı vəzifələrin təsnifatı — dövlət orqanlarında inzibati və
yardımçı vəzifələrin aid olduqları dövlət orqanlarının kateqoriyası nəzərə
alınmaqla təsnifləşdirilməsi;
1.1.9.
dövlət qulluğunun inzibati vəzifəsi — dövlət orqanının struktur bölməsinin fəaliyyət
istiqamətinə uyğun olaraq həmin bölmənin səlahiyyətlərini bilavasitə həyata
keçirən, dövlət orqanının strukturuna müvafiq olaraq ştat cədvəlində müəyyən
edilən ştat vahidi;
1.1.10.
dövlət qulluğunun yardımçı vəzifəsi — dövlət orqanının struktur bölməsinin fəaliyyətini
təmin edən, dövlət orqanının strukturuna müvafiq olaraq ştat cədvəlində müəyyən
edilən ştat vahidi;
1.1.11.
inzibati və yardımçı vəzifələrin təsnifat toplusu — inzibati və yardımçı vəzifələrin
adlarını, təsnifatlarını və dövlət qulluqçularının ixtisas dərəcələrini özündə əks
etdirən, dövlət orqanlarında ştat cədvəllərinin hazırlanması üçün əsas olan və
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq
edilən siyahı;
1.1.12.
dövlət qulluqçusunun ixtisas dərəcəsi — dövlət qulluqçusunun tutduğu vəzifəyə
uyğun olaraq ona verilən ixtisas səviyyəsi;
1.1.13.
dövlət orqanının strukturu — dövlət orqanının fəaliyyətini təmin edən struktur
qurumlarının normativ hüquqi aktlarla müəyyən edilmiş sistemi;
1.1.14.
dövlət orqanının aparatı — özündə struktur bölmələri (şöbə və sektor) birləşdirən
və dövlət orqanına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsini
bilavasitə təşkil və təmin edən dövlət orqanının struktur qurumu;
1.1.15.
dövlət orqanının struktur bölməsi — dövlət orqanının rəhbərinin qərarı ilə
yaradılan və həmin dövlət orqanının əsasnaməsinə uyğun olaraq ona həvalə
edilmiş səlahiyyətləri həyata keçirən dövlət orqanının struktur vahidi;
1.1.16.
rotasiya — inzibati vəzifə tutan dövlət qulluqçularının bu Qanunun 31-1-ci maddəsinə
uyğun olaraq bir vəzifədən başqa vəzifəyə keçirilməsi;
1.1.17.
bilavasitə rəhbər — dövlət qulluqçusunun birbaşa tabe olduğu vəzifəli şəxs;
1.1.18.
xidməti fəaliyyət — dövlət qulluqçusunun qanunla müəyyən edilmiş hüquq və vəzifələrinin
həyata keçirilməsi ilə əlaqədar fəaliyyəti;
1.1.19.
dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi — dövlət
qulluqçusunun cari fəaliyyətinə nəzarətin həyata keçirilməsi, onun potensial
imkanlarının aşkara çıxarılması və həmin imkanlardan səmərəli istifadə edilməsi,
dövlət qulluqçusunun peşə səriştəliyini artırmağa stimullaşdırılması və onun əlavə
təhsilə və ya təlimə ehtiyacının, habelə tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyinin,
işçinin vəzifədə irəli çəkilməsi üçün potensialının müəyyənləşdirilməsi məqsədilə
keçirilən dövlət qulluqçusunun hər təqvim ilinin sonunda fəaliyyətinin
yoxlanılması;
1.1.20.
şöbə — dövlət orqanının bir və ya bir neçə fəaliyyət istiqaməti üzrə səlahiyyətlərini
həyata keçirən struktur bölməsi;
1.1.21.
sektor — dövlət orqanının şöbə daxilində və ya müstəqil şəkildə yaradılan
struktur bölməsi;
1.1.22.
vəzifə təlimatı — dövlət qulluğu vəzifəsinin adının, qulluq funksiyalarının və
həmin vəzifənin tutulması şərtlərinin əks olunduğu və dövlət orqanının rəhbəri
tərəfindən təsdiq olunan sənəd;
1.1.23.
mərkəzi icra hakimiyyəti orqanı — səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının
113-cü maddəsi ilə müəyyən edilən fəaliyyət istiqamətlərinə uyğun sahələrdə
dövlət siyasətini və tənzimlənməsini həyata keçirən dövlət orqanı;
1.1.24.
mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və
dövlət xidmətləri — mərkəzi icra hakimiyyəti orqanının yanında yaradılan və sahəvi
qanunlarla müəyyən edilən səlahiyyətlərini ölkə səviyyəsində həyata keçirən
struktur qurumu;
1.1.25.
mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri — mərkəzi icra hakimiyyəti
orqanının yerlərdə (rayon, şəhər və region üzrə) fəaliyyətinin təmin edilməsi məqsədilə
yaradılan struktur qurumu;
1.1.26.
intizam məsuliyyəti — dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə
yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsinə (intizam xətasına),
habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmamasına görə bu
Qanunda nəzərdə tutulmuş intizam tənbehinin tətbiqini nəzərdə tutan hüquqi məsuliyyət
növü;
1.1.27.
müsabiqə — inzibati vəzifələrin tutulması məqsədilə namizədlərin vakant vəzifələrə
uyğunluğunu qiymətləndirmək üçün keçirilən test imtahanından və müsahibədən
ibarət proses;
1.1.28.
daxili müsahibə — 1—5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin
birinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifənin tutulması üçün
keçirilən, həmin dövlət orqanlarında inzibati vəzifələrdə qulluq keçən və
inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət
qulluqçularının, habelə bu Qanunun 28.12-ci maddəsinin ikinci hissəsində müəyyən
edilmiş vəzifələrə iddia edən şəxslərin iştirakını nəzərdə tutan müsahibə;
1.1.29.
ümumi müsahibə — 1—5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin
dördüncü-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifənin həmin dövlət
orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və
inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət
qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə
çalışmış, həmçinin bu Qanunun 29.3-cü maddəsinin birinci hissəsində nəzərdə
tutulmuş digər şəxslər tərəfindən tutulması məqsədilə keçirilən müsahibə.
1.2.
Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ
hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.
Maddə 2. Qanunun tətbiq dairəsi
2.1.
Bu Qanun dövlət orqanlarının struktur qurumlarında qulluq keçən dövlət
qulluqçularına şamil edilir.
2.2.
Bu Qanunda başqa hal nəzərdə tutulmamışdırsa, bu Qanun Azərbaycan
Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Birinci
vitse-prezidentinə və vitse-prezidentlərinə, Azərbaycan Respublikasının Baş
nazirinə və onun müavinlərinə, Azərbaycan Respublikası Milli Məclisinin
deputatlarına, Azərbaycan Respublikası məhkəmələrinin hakimlərinə, Azərbaycan
Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana), Azərbaycan
Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə və onların müavinlərinə,
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədrinə, sədr müavininə,
katiblərinə və digər üzvlərinə, Azərbaycan Respublikası Hesablama Palatasının sədrinə,
sədr müavininə və auditorlarına, yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinə
(başçılarına), Azərbaycan Respublikasının Audiovizual Şurasının sədrinə, sədr
müavinlərinə və digər üzvlərinə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
deputatlarına, Naxçıvan Muxtar Respublikasının Baş nazirinə və onun müavinlərinə,
Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana),
Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədrinə, Naxçıvan
Muxtar Respublikası Televiziya və Radio Şurasının sədrinə, sədr müavinlərinə və
digər üzvlərinə, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti
orqanlarının rəhbərlərinə, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi
Nümayəndəliyinin rəhbərinə və hərbi qulluqçulara şamil olunmur.
2.3.
Dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) keçməsi bu
Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək
hüququna, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında müsabiqə və müsahibə yolu
ilə həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə
və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun
15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə
tənzimlənir. Dövlət qulluğunun xüsusi növü nəzərdə tutulan dövlət orqanlarında
çalışan və xüsusi, hərbi və ya diplomatik rütbəsi olmayan şəxslərə (dövlət
qulluqçusu olmayan digər işçilər istisna olmaqla) bu Qanun şamil edilir.
2.4.
Bu Qanun dövlət orqanlarının tabeliyində olan hüquqi şəxslərin işçilərinə şamil
edilmir. Bu işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi
ilə tənzimlənir.
Maddə 3. Dövlət qulluğunun əsas vəzifələri
3.1.
Dövlət qulluğunun əsas vəzifələri aşağıdakılardır:
3.0.1.
Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunvericilik aktları əsasında
vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi;
3.0.2. dövlət orqanlarının səlahiyyəti
hüdudlarında qərarların hazırlanması, qəbul edilməsi, icrası və onların
icrasına nəzarət edilməsi;
3.0.3. dövlət orqanlarının səmərəli fəaliyyətinin
və dövlət qulluqçuları tərəfindən qulluq funksiyalarının icrasının təmin
edilməsi.
Maddə 4.
Dövlət qulluğunun prinsipləri
4.1. Dövlət qulluğu aşağıdakı prinsiplərə əsaslanır:
4.1.1. qanunçuluq;
4.1.2. Azərbaycan Respublikasında qanunvericilik,
icra və məhkəmə hakimiyyəti orqanlarının səlahiyyət hüdudlarının müəyyən edilməsi;
4.1.3. dövlət orqanlarına və dövlət
qulluqçularına nəzarət və onların hesabat verməsi;
4.1.4. yuxarı kateqoriya dövlət
orqanlarının və vəzifəli şəxslərin öz səlahiyyətləri hüdudlarında qəbul etdikləri
qərarların aşağı kateqoriya dövlət orqanları və vəzifəli şəxslər tərəfindən
yerinə yetirilməsinin məcburiliyi;
4.1.5. bütün vətəndaşların və vəzifəli şəxslərin
dövlət qulluqçularının qanuni tələblərini icra etməyə və qanuni hərəkətlərini
müdafiə etməyə borclu olması;
4.1.6. dövlət qulluğuna qəbulun şəffaflığı;
4.1.7. vətəndaşların dövlət qulluğuna müsabiqə
və müsahibə əsasında qəbul edilməsi;
4.1.8. vətəndaşların öz qabiliyyətlərinə, xidməti
nailiyyətlərinə və peşə hazırlığına uyğun olaraq dövlət qulluğunun hər hansı vəzifəsini
tutmaqda hüquq bərabərliyi;
4.1.9. irqindən, etnik mənsubiyyətindən,
dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, ailə, əmlak və qulluq
mövqeyindən, yaşayış yerindən, dinə münasibətindən, əqidəsindən, həmkarlar
ittifaqlarına və ya ictimai birliklərə mənsubiyyətindən, habelə dövlət
qulluqçusunun xidməti fəaliyyətinə aid olmayan başqa səbəblərdən asılı
olmayaraq dövlət qulluqçularının hüquq bərabərliyi;
4.1.10. dövlət qulluqçularının potensialının səmərəli
istifadəsi, xidməti və peşəkarlıq səviyyəsinin artırılması məqsədi ilə
onların rotasiyası;
4.1.11. dövlət qulluqçularının sosial və
hüquqi müdafiəsi, onların özləri və ailələri üçün layiqli həyat səviyyəsinin
təmin edilməsi;
4.1.12. dövlət orqanlarının və ya onların vəzifəli
şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş zərərə
görə dövlət orqanlarının məsuliyyət daşıması.
4.2. Dövlət orqanlarında siyasi partiyaların və
ictimai birliklərin strukturları yaradılmır.
4.3. Dövlət qulluqçuları vəzifə borclarını yerinə
yetirərkən Azərbaycan Respublikası Konstitusiyasını, qanunlarını və onlara
müvafiq olaraq qəbul edilmiş digər qanunvericilik aktlarını rəhbər tuturlar
və siyasi partiyaların və ictimai birliklərin qərarlarının onlara dəxli
yoxdur.
Maddə 5.
Dövlət qulluğunu idarəetmə orqanları
5.1. Azərbaycan Respublikasında bu Qanunun tətbiqinə
nəzarəti, dövlət qulluğunun normativ-metodiki təminatını, Azərbaycan
Respublikasında dövlət qulluqçuları kateqoriyasına aid edilən şəxslərin
siyahısını müəyyən etməyi Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə
Şurası həyata keçirir (bundan sonra—Şura). Şura 18 nəfər üzvdən ibarətdir.
Şuranın 6 üzvü Azərbaycan Respublikasının Prezidenti tərəfindən, 6 üzvü Azərbaycan
Respublikası Milli Məclisinin sədri tərəfindən, 6 üzvü isə Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin sədri tərəfindən təyin edilir. Şuranın səlahiyyətləri
qanunla təsdiq edilən Əsasnamə ilə müəyyən edilir.
5.2. Şura dövlət orqanı deyil və onun üzvləri öz
səlahiyyətlərini ictimai əsaslarla həyata keçirirlər. Şuranın fəaliyyətinin
təşkilini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
yaradılan Katiblik həyata keçirir.
5.3. Şuranın qəbul etdiyi qərarların məcburiliyi
müvafiq dövlət qulluqçuları üçün müvafiq olaraq Azərbaycan Respublikasının
Prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin sədri və Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin sədri tərəfindən təmin edilir.
5.4. Şuranın qəbul etdiyi qərarlar icra edilməsi
üçün 3 (üç) iş günü müddətində müvafiq dövlət orqanlarına göndərilir. Dövlət
orqanlarının rəhbərləri tərəfindən həmin qərarın icra vəziyyəti barədə hesabat
30 (otuz) gün müddətində Şuraya təqdim edilir.
Maddə 6.
Dövlət qulluğu haqqında qanunvericilik
Dövlət qulluğu haqqında qanunvericilik Azərbaycan
Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələr, Azərbaycan Respublikasının dövlət qulluğunu
hüquqi cəhətdən tənzim edən və dövlət qulluqçularının hüquqi vəziyyətinin
xüsusiyyətlərini müəyyən edən digər qanunvericilik aktlarından ibarətdir.
II fəsil.
Dövlət orqanları
Maddə 7.
Dövlət orqanlarının struktur qurumlarında struktur bölmələrinin növləri və
yaradılması qaydası
7.1. Dövlət orqanlarının struktur qurumlarında
işçilərin müəyyən edilmiş say həddi daxilində şöbə, onun tərkibində və ya müstəqil
olmaqla sektor yaradıla bilər.
7.2. Dövlət orqanlarının struktur qurumlarında
struktur bölmənin rəhbəri də daxil olmaqla, şöbə yaradılması üçün minimum 8
ştat vahidi (dövlət sirrinin mühafizəsi üzrə struktur bölmələrdə 3 ştat
vahidi), sektor yaradılması üçün minimum 3 ştat vahidi müəyyən edilir.
7.3. Dövlət orqanlarının struktur qurumlarında
struktur bölmələrin onlara həvalə edilmiş funksiyalar nəzərə alınmaqla təminedici
və yardımçı struktur bölmələr kimi təsnifləşdirilməsi müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahı əsasında
həyata keçirilir.
7.4. Ali kateqoriya dövlət orqanlarında bu
Qanunun 7.1-ci maddəsində nəzərdə tutulanlardan başqa struktur bölmələr də
yaradıla bilər.
Maddə 8.
Dövlət orqanlarının təsnifatı
8.1. Dövlət orqanları onların statusu,
iyerarxiyası və yurisdiksiyası (ölkə, regional və yerli səviyyədə) nəzərə
alınmaqla aşağıdakı kateqoriyalar üzrə təsnifatlaşdırılır:
8.1.1. əsas səlahiyyətləri Azərbaycan
Respublikası Konstitusiyasının 7-ci maddəsinin III hissəsinə əsasən müəyyən
edilən Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyətinin
ən yüksək dövlət orqanları, Azərbaycan Respublikası Prezidentinin
Administrasiyası, habelə Azərbaycan dövlətinin başçısının fəaliyyətini
bilavasitə təmin edən digər orqanlar və icra səlahiyyətlərini həyata keçirən
orqan, Azərbaycan Respublikasının Milli Məclisi, Ali konstitusiya ədalət
mühakiməsi səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsi, ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid
edilən işlər üzrə ali məhkəmə orqanı olan Azərbaycan Respublikasının Ali Məhkəməsi
(Ali kateqoriya dövlət orqanları);
8.1.2. əsas səlahiyyətləri Azərbaycan
Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Konstitusiya
qanunları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən dövlət
orqanları — Azərbaycan Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar
Respublikasının Ali Məclisi, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan
Respublikasının Hesablama Palatası, Məhkəmə-Hüquq Şurasının Aparatı, Azərbaycan
Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatı (1-ci
kateqoriya dövlət orqanları);
8.1.3. əsas səlahiyyətləri Azərbaycan
Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Konstitusiya
qanunları, Azərbaycan Respublikasının qanunları ilə və Azərbaycan
Respublikasının Konstitusiyasının 113-cü maddəsi ilə müəyyən edilən dövlət
orqanları — Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar
Respublikasının müvafiq icra hakimiyyəti orqanı, Azərbaycan Respublikasının Hərbi
Prokurorluğu, Naxçıvan Muxtar Respublikasının Prokurorluğu, Naxçıvan Muxtar
Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatı, Azərbaycan
Respublikasının apelyasiya məhkəmələri, Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının Katibliyi, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə
üzrə Komissiyasının Katibliyi, müvafiq icra hakimiyyəti orqanları, Azərbaycan
Respublikasının Audiovizual Şurasının Aparatı (2-ci kateqoriya dövlət
orqanları);
8.1.4. əsas səlahiyyətləri Azərbaycan
Respublikası Konstitusiyasının 113-cü və 124-cü maddələri ilə və qanunla müəyyən
edilən dövlət orqanları — müvafiq icra hakimiyyəti orqanlarının yanında
yaradılan dövlət agentlikləri və dövlət xidmətləri, Azərbaycan Respublikasının
xarici ölkələrdə ticarət nümayəndələrinin aparatları, Azərbaycan
Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) regional mərkəzləri,
Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasının Aparatı, Naxçıvan
Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanları, Naxçıvan Muxtar
Respublikası Televiziya və Radio Şurasının Aparatı, ağır cinayətlər məhkəmələri,
inzibati məhkəmələr, kommersiya məhkəmələri, hərbi məhkəmələr, Naxçıvan
Muxtar Respublikasının Hərbi Prokurorluğu, Bakı şəhər prokurorluğu (3-cü
kateqoriya dövlət orqanları);
8.1.5. əsas səlahiyyətləri Azərbaycan
Respublikası Konstitusiyasının 113-cü, 120-ci və 124-cü maddələri ilə və
qanunla müəyyən edilən dövlət orqanları — müvafiq icra hakimiyyəti orqanları,
müvafiq icra hakimiyyəti orqanlarının yerli bölmələri, müvafiq icra hakimiyyəti
orqanlarının yanında, tabeliyində olan orqanlar, rayon (şəhər) məhkəmələri ,
rayon (şəhər) prokurorluqları və hərbi prokurorluqları (4-cü kateqoriya dövlət
orqanları);
8.1.6. əsas səlahiyyətləri Azərbaycan
Respublikası Konstitusiyasının 113-cü və 124-cü maddələri ilə müəyyən edilən
dövlət orqanları —müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət
agentliklərinin və dövlət xidmətlərinin, müvafiq icra hakimiyyəti orqanlarının
yanında, tabeliyində olan orqanların yerli bölmələri, müvafiq icra hakimiyyəti
orqanlarının yanında olan orqanlar, inzibati ərazi dairələri üzrə nümayəndəlikləri
və sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri (5-ci kateqoriya dövlət
orqanları).
8.2. Dövlət orqanlarının bölmələri onlara həvalə
edilmiş funksiyalara görə aparıcı və köməkçi bölmələrə bölünür (1-ci — 7-ci
kateqoriya dövlət orqanlarının bölmələri).
8.3. Konkret dövlət orqanlarının və onların
bölmələrinin muvafiq kateqoriyalara aidiyyəti Azərbaycan Respublikasının
qanunvericiliyi ilə bu qanun əsasında müəyyən edilir.
III fəsil.
Dövlət qulluğu vəzifəsi
Maddə
9. Dövlət qulluğu vəzifəsinin anlayışı
Dövlət qulluğu vəzifəsi dövlət orqanının
normativ aktları ilə müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun
olan ştat vahididir. Həmin vəzifəni tutuan şəxsin səlahiyyət və
funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən
edilir.
Maddə
10. Dövlət orqanlarında vəzifələrin təsnifatı
10.1. Dövlət orqanlarında vəzifələr həmin vəzifələrin
funksiyalarının məzmunundan, səlahiyyətlərinin mənbəyindən və tutulması
üsullarından asılı olaraq inzibati və yardımçı vəzifələrə bölünür.
10.2. Siyasi vəzifələr 1-ci kateqoriya dövlət
orqanları rəhbərlərinin, rəhbərlərin birinci müavinlərinin və müavinlərinin,
2-ci kateqoriya dövlət orqanları rəhbərlərinin vəzifələridir. Siyasi vəzifəyə
dövlət qulluqçuları Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş
qaydada və müddətə qanunvericilik və icra hakimiyyəti orqanlarının qərarı ilə təyin
edilir və ya seçilirlər.
10.3. Dövlət qulluqçuları siyasi vəzifəyə təyin
ediləndən və ya seçiləndən sonra özlərinə müşavir, köməkçi və katib işə götürə
bilərlər.
10.4. Siyasi vəzifələri tutan şəxslərn hüquqi
statusu başqa qanunvericilik aktları ilə müəyyən olunur və bu Qanunda başqa
hal nəzərdə tutulmayıbsa, bu Qanunun qüvvəsi onlara şamil edilmir.
10.5. İnzibati vəzifələr Ali — 5-ci kateqoriya
dövlət orqanlarının strukturuna daxil olan struktur qurumların və struktur bölmələrin
rəhbərlərinin, onların müavinlərinin, habelə dövlət qulluğunda çalışan mütəxəssislərin
vəzifələridir, İnzibati vəzifə tutan şəxsin hüquqi statusu müvafiq orqanın səlahiyyətlərini
müəyyən edən qanunvericilik aktları ilə, habelə vəzifə təlimatları ilə müəyyən
edilir.
10.6. Yardımçı vəzifələr Ali — 5-ci kateqoriya
dövlət orqanlarında texniki işləri həyata keçirən dövlət qulluqçularının
(kargüzar, makinaçı, kuryer, arxiv qeydiyyatçısı, liftçi, sürücü və sair işçilərin)
vəzifələridir. Yardımçı vəzifə tutan şəxsin hüquqi statusu müvafiq orqanın səlahiyyətlərini
müəyyən edən qanunvericilik aktları ilə, habelə vəzifə təlimatları ilə müəyyən
edilir.
Maddə
11. İnzibati və yardımçı vəzifələrin təsnifatı
11.1. İnzibati vəzifələrin aşağıdakı təsnifatları
vardır:
11.1.1. inzibati vəzifələrin ali təsnifatı:
11.1.1.1. Azərbaycan Respublikası
Prezidentinin Administrasiya rəhbərinin vəzifəsi, Azərbaycan Respublikası
Prezidentinin Administrasiyasında Azərbaycan Respublikasının Birinci
vitse-prezidentinin fəaliyyətini təmin edən struktur bölmənin rəhbərinin vəzifəsi,
Azərbaycan Respublikası Milli Məclisinin Aparat rəhbərinin vəzifəsi, Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin vəzifəsi, Azərbaycan
dövlətinin başçısının icra səlahiyyətlərini həyata keçirən orqanın Aparat rəhbərinin
vəzifəsi, Azərbaycan Respublikası Dövlət müşavirlərinin vəzifəsi, Azərbaycan
dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların rəhbərlərinin
vəzifəsi, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Aparat rəhbərinin vəzifəsi.
11.1.2. inzibati vəzifələrin birinci təsnifatı:
11.1.2.1. Azərbaycan Respublikası
Prezidentinin Administrasiya rəhbərinin müavini vəzifəsi, Azərbaycan
Respublikası Prezidentinin Administrasiyasında Azərbaycan Respublikasının
Birinci vitse-prezidentinin fəaliyyətini təmin edən struktur bölmənin rəhbərinin
müavini vəzifəsi, Azərbaycan Respublikası Prezidentinin köməkçisinin vəzifəsi,
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında struktur bölmə rəhbərinin
vəzifəsi, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisinin vəzifəsi,
Azərbaycan Respublikasının vitse-prezidentinin köməkçisinin vəzifəsi Azərbaycan
Respublikası Milli Məclisinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
aparat rəhbərlərinin müavinləri vəzifələri, Azərbaycan dövlətinin başçısının
icra səlahiyyətlərini həyata keçirən orqanın Aparat rəhbərinin müavini vəzifəsi,
Azərbaycan Respublikasının Ali Məhkəməsinin Aparat rəhbərinin müavini vəzifəsi,
habelə həmin dövlət orqanlarının struktur bölmələrinin (şöbələrinin) rəhbərlərinin
vəzifələri;
11.1.2.1-1. Azərbaycan Respublikası
Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsinin vəzifəsi;
11.1.2.1-2. Naxçıvan Muxtar Respublikasında
Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin vəzifəsi;
11.1.2.1-3. Azərbaycan Respublikası
Prezidentinin xüsusi nümayəndələrinin vəzifələri;
11.1.2.2. Azərbaycan dövlətinin başçısının fəaliyyətini
bilavasitə təmin edən digər orqanların rəhbərlərinin birinci müavinləri və
müavinləri, habelə həmin orqanlarda bölmə rəhbərlərinin vəzifələri;
11.1.2.3. 1-ci kateqoriya dövlət orqanları
aparat rəhbərlərinin vəzifələri;
11.1.2.4. Azərbaycan Respublikası Baş
nazirinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrlərinin
müşavirləri, köməkçiləri vəzifələri.
11.1.3. inzibati vəzifələrin ikinci təsnifatı:
11.1.3.1. Azərbaycan dövlətinin başçısının
fəaliyyətini bilavasitə təmin edən Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasında struktur bölmə rəhbərinin müavini vəzifəsi, Azərbaycan
Respublikası Prezidentinin Administrasiyası rəhbərinin köməkçisi vəzifəsi, Azərbaycan
Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
və Azərbaycan Respublikası Ali Məhkəməsinin aparatlarında struktur bölmə (şöbə)
rəhbərinin müavini vəzifəsi;
11.1.3.2. Azərbaycan dövlətinin başçısının
icra səlahiyyətlərini həyata keçirən orqanın Aparatında bölmə rəhbərinin
müavini vəzifəsi;
11.1.3.3. Azərbaycan dövlətinin başçısının fəaliyyətini
bilavasitə təmin edən digər orqanların struktur bölmə rəhbərlərinin müavinlərinin
vəzifələri;
11.1.3.3-1. Naxçıvan Muxtar Respublikasında
Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavinlərinin
vəzifələri;
11.1.3.3-2. Azərbaycan Respublikası
Prezidentinin xüsusi nümayəndələrinin müavinlərinin vəzifələri;
11.1.3.4. 1-ci kateqoriya dövlət orqanları
aparat rəhbərlərinin müavinlərinin, struktur bölmə (şöbə) rəhbərlərinin vəzifələri;
11.1.3.5. Naxçıvan Muxtar Respublikasında
2-ci kateqoriya dövlət orqanları aparat rəhbərlərinin vəzifələri;
11.1.3.5-1. Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin sədrinin müşaviri, köməkçisi, Azərbaycan Respublikası Milli Məclisi
sədrinin müavininin və Azərbaycan Respublikası Baş nazirinin müavininin köməkçiləri
vəzifələri;
11.1.3.6. müvafiq icra hakimiyyəti
orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin rəhbərlərinin,
Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və
konsulluqlarında təyin olunan ticarət nümayəndələrinin vəzifələri;
11.1.3.7. müvafiq icra hakimiyyəti orqanı rəhbərinin
müavinlərinin vəzifələri.
11.1.4. inzibati vəzifələrin üçüncü təsnifatı:
11.1.4.1. Azərbaycan dövlətinin başçısının
fəaliyyətini bilavasitə təmin edən Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasında, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin
aparatlarında mütəxəssislərin vəzifələri;
11.1.4.2. Azərbaycan dövlətinin başçısının fəaliyyətini
bilavasitə təmin edən digər orqanların bölmə rəhbərlərinin, onların müavinlərinin
və mütəxəssislərinin vəzifələri;
11.1.4.3. Azərbaycan dövlətinin başçısının
icra səlahiyyətlərini həyata keçirən orqanın Aparatında mütəxəssislərin vəzifələri;
11.1.4.3-1. Naxçıvan Muxtar Respublikasında
Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyində mütəxəssislərin
vəzifələri;
11.1.4.3-2. Azərbaycan Respublikası
Prezidentinin xüsusi nümayəndəliklərində mütəxəssislərin vəzifələri;
11.1.4.4. 1-ci kateqoriya dövlət orqanları
struktur bölmə (şöbə) rəhbərlərinin müavinlərinin vəzifələri;
11.1.4.5. 2-ci kateqoriya dövlət orqanları
aparat rəhbərlərinin və onların müavinlərinin vəzifələri;
11.1.4.6. Naxçıvan Muxtar Respublikasında
2-ci kateqoriya dövlət orqanları aparat rəhbərlərinin müavinlərinin və struktur
bölmə (şöbə) rəhbərlərinin vəzifələri;
11.1.4.7. müvafiq icra hakimiyyəti
orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin rəhbərlərinin
müavinlərinin vəzifələri.
11.1.5. inzibati vəzifələrin dördüncü təsnifatı:
11.1.5.1. 1-ci kateqoriya dövlət orqanlarının
aparatlarında mütəxəssislərin vəzifələri;
11.1.5.2. 2-ci kateqoriya dövlət orqanları
struktur bölmə (şöbə) rəhbərlərinin və onların müavinlərinin vəzifələri;
11.1.5.2-1. müvafiq icra hakimiyyəti
orqanları yanında yaradılan rəhbəri və rəhbərinin müavinləri müvafiq icra
hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən dövlət
xidmətləri və dövlət agentliklərinin aparat rəhbərlərinin və onların müavinlərinin
vəzifələri;
11.1.5.3. Naxçıvan Muxtar Respublikasında
2-ci kateqoriya dövlət orqanları struktur bölmə (şöbə) rəhbərlərinin müavinlərinin
vəzifələri;
11.1.5.4. müvafiq icra hakimiyyəti orqanı rəhbərinin
müavinlərinin vəzifələri.
11.1.6. inzibati vəzifələrin beşinci təsnifatı:
11.1.6.1. 2-ci kateqoriya dövlət orqanlarının
mütəxəssislərinin vəzifələri;
11.1.6.1-1. müvafiq icra hakimiyyəti
orqanları yanında yaradılan rəhbəri və rəhbərinin müavinləri müvafiq icra
hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən dövlət
xidmətləri və dövlət agentliklərinin rəhbərlərinin müşavirlərinin, köməkçilərinin
vəzifələri;
11.1.6.2. Naxçıvan Muxtar Respublikasında
3-cü kateqoriya müvafiq icra hakimiyyəti orqanlarının aparat rəhbərlərinin vəzifələri;
11.1.6.3. 3-cü kateqoriya dövlət orqanları
struktur bölmə (şöbə) rəhbərlərinin və onların müavinlərinin vəzifələri;
11.1.6.4. 4-cü kateqoriya dövlət orqanları —
müvafiq icra hakimiyyəti orqanlarının yerli bölmələrinin, müvafiq icra hakimiyyəti
orqanlarının yanında, tabeliyində olan orqanların, müvafiq icra hakimiyyəti
orqanının tabeliyində olan orqanların rəhbərlərinin vəzifələri;
11.1.7. inzibati vəzifələrin altıncı təsnifatı:
11.1.7.1. 3-cü kateqoriya dövlət orqanlarının
mütəxəssislərinin vəzifələri;
11.1.7.2. 4-cü kateqoriya müvafiq icra
hakimiyyəti orqanının struktur bölmə (şöbə) rəhbərinin və onun müavininin vəzifələri;
11.1.7.3. 4-cü kateqoriya dövlət orqanları —
müvafiq icra hakimiyyəti orqanlarının yerli bölmələrinin, müvafiq icra hakimiyyəti
orqanlarının yanında, tabeliyində olan orqanların, müvafiq icra hakimiyyəti
orqanının tabeliyində olan orqanların rəhbərlərinin müavinlərinin vəzifələri;
11.1.7.4. 5-ci kateqoriya dövlət orqanları —
müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin
və dövlət xidmətlərinin, onların yanında, tabeliyində olan orqanların yerli
bölmələrinin rəhbərləri və onların müavinlərinin vəzifələri.
11.1.8. inzibati vəzifələrin yeddinci təsnifatı:
11.1.8.1. 4-cü və 5-ci kateqoriya dövlət
orqanları — müvafiq icra hakimiyyəti orqanının, müvafiq icra hakimiyyəti
orqanlarının yerli bölmələrinin, müvafiq icra hakimiyyəti orqanlarının yanında,
tabeliyində olan orqanların, rayon (şəhər) məhkəmələrinin, rayon (şəhər)
prokurorluqlarının və hərbi prokurorluqlarının, müvafiq icra hakimiyyəti
orqanının tabeliyində olan orqanların, müvafiq icra hakimiyyəti orqanlarının
yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, onların
yanında, tabeliyində olan orqanların yerli bölmələrinin mütəxəssislərinin vəzifələri;
11.1.8.2. müvafiq icra hakimiyyəti
orqanlarının yanında olan orqanların rəhbərlərinin, onların müavinlərinin və
mütəxəssislərinin vəzifələri, müvafiq icra hakimiyyəti orqanlarının inzibati ərazi
dairələri üzrə nümayəndələrinin və sahə inzibati ərazi dairələri nümayəndələrinin,
onların müavinlərinin və mütəxəssislərin vəzifələri.
11.2. Yardımçı vəzifələrin aşağıdakı təsnifatları
vardır:
11.2.1. yardımçı vəzifələrin birinci təsnifatı
— Ali kateqoriya dövlət orqanlarında texniki vəzifələr;
11.2.2. yardımçı vəzifələrin ikinci təsnifatı
— 1-ci kateqoriya dövlət orqanlarında texniki vəzifələr;
11.2.3. yardımçı vəzifələrin üçüncü təsnifatı
— 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında texniki vəzifələr;
11.2.4. yardımçı vəzifələrin dördüncü təsnifatı
— 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında texniki vəzifələr.
11.3. Bu Qanunun 11.1-ci maddəsində göstərilən
inzibati vəzifələrin birinci təsnifatı istisna olmaqla, ikinci-üçüncü təsnifat
vəzifələri tutan şəxslərin müvafiq ixtisas dərəcəsi (o cümlədən, həmin vəzifə
üçün nəzərdə tutulmuş daha yüksək ixtisas dərəcəsi) alması üçün dövlət
orqanında azı yeddi illik qulluq stajı və müvafiq vəzifədə azı üç illik qulluq
stajı olmalı, dördüncü-yeddinci təsnifat vəzifələri tutan şəxslərin isə bundan
ötrü dövlət orqanında azı beş illik qulluq stajı olmalıdır. Bu halda həmçinin vəzifəli
şəxsin funksiyalarının məzmunu, peşəkarlığı və idarəçilik təcrübəsi nəzərə
alınır. Bu maddənin birinci cümləsində müəyyən edilmiş hər hansı tələbə cavab
verməyən vəzifəli şəxsə tutduğu vəzifənin inzibati təsnifatı üçün müəyyən
edilmiş ən kiçik ixtisas dərəcəsi verilir. Üçüncü təsnifat vəzifələrində
çalışan dövlət qulluqçularına 3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcəsi o
halda verilə bilər ki, həmin şəxslərin uyğun dövlət orqanlarında azı on illik
qulluq stajı, müvafiq vəzifədə isə azı beş illik qulluq stajı olsun. Bu halda həmçinin
vəzifəli şəxsin funksiyalarının məzmunu, peşəkarlığı və idarəçilik təcrübəsi nəzərə
alınır.
11.4. Dövlət orqanlarının aparatları (və ya
onların fəaliyyətini təmin edən qurumlar) və onların bölmələri Ali — 5-ci
kateqoriya dövlət orqanlarının Azərbaycan Respublikasının Konstitusiyası və
qanunları ilə müəyyən edilmiş funksiya və səlahiyyətləri, habelə onların həyata
keçirilməsi xüsusiyyətləri nəzərə alınaraq, təminedici və yardımçı kimi təsnifləşdirilir.
Dövlət orqanlarının aparatının (və ya onların
fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Qeyd:
11-ci maddədə «dövlət orqanlarının aparatı (və
ya onların fəaliyyətini təmin edən qurumlar)» dedikdə, dövlət orqanının vəzifə,
funksiya və səlahiyyətlərinin həyata keçirilməsini təmin edən dövlət
qulluqçularından ibarət ixtisaslaşdırılmış bölmələrini özündə birləşdirən dövlət
orqanının struktur vahidi nəzərdə tutulur.
Maddə
12. İnzibati və yardımçı vəzifələrin təsnifat toplusu
12.1. İnzibati və yardımçı vəzifələrin təsnifat
toplusuna vəzifələrin təsnifatları və adları, ixtisas dərəcələri və vəzifələrin
tutulması şərtləri haqqında məlumatlar daxil edilir.
12.2. İnzibati və yardımçı vəzifələrin təsnifat
toplusu dövlət orqanlarının ştat cədvəllərinin yaradılması və dövlət
qulluqçularının vəzifə təlimatlarının hazırlanması üçün əsasdır. İnzibati və
yardımçı vəzifələrin təsnifat toplusu Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə
13. İnzibati və yardımçı vəzifələrə aid ixtisas tələbləri
13.1. İnzibati və yardımçı vəzifələrə aid
ixtisas tələbləri vəzifə iddiasında olan şəxsin həmin vəzifənin öhdəsindən gəlməsi
üçün kifayət qədər səriştəsinin olmasını təmin edir.
13.2. İnzibati vəzifə iddiasında olan şəxsin
müvafiq ali təhsili olmalıdır. Həmin şəxsin başqa ali təhsili olduqda, o,
ixtisasını dəyişdirib iddiasında olduğu inzibati vəzifənin profilini öyrənməlidir.
13.3. Yardımçı vəzifə iddiasında olan şəxsin
tam orta təhsili olmalıdır.
13.4. İnzibati və yardımçı vəzifələri tutmaq
üçün əlavə tələblər qanunvericiliklə və vəzifə təlimatları ilə müəyyən edilir.
13.5. Ali kateqoriya dövlət orqanlarında
inzibati və yardımçı vəzifələr tutan dövlət qulluqçularının həmin dövlət
orqanlarının fəaliyyətini, dövlət qulluğu vəzifəsinin adını, qulluq
funksiyalarını və vəzifənin tutulması şərtlərini özündə əks etdirən vəzifə təlimatları
həmin orqanların rəhbərləri tərəfindən təsdiq edilir. 1 — 5-ci kateqoriya dövlət
orqanlarında inzibati vəzifələrin birinci—yeddinci təsnifatlarına uyğun olan vəzifələr
üzrə vəzifə təlimatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın
(qurumun) müəyyən etdiyi ümumi şərtlərə uyğun olaraq müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmaqla, müvafiq dövlət
orqanlarının rəhbərləri tərəfindən təsdiq edilir.
IV fəsil.
Dövlət qulluqçusu
Maddə
14. Dövlət qulluqçusu
14.1. Dövlət qulluqçusu bu Qanunla müəyyən
edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən
mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə
üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq
olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır.
14.2. Siyasi və ya inzibati vəzifə tutan və
hakimiyyət səlahiyyətləri alan dövlət qulluqçusu dövlət vəzifəli şəxsdir.
14.3. Deputatlar və hakimlər dövlət
qulluqçuları sayılmırlar.
Maddə
15. Dövlət qulluqçusunun andı
15.1. And Azərbaycan Respublikası ilə dövlət
qulluqçusu arasında açıq hüquqi borc və sədaqət münasibətlərini təsdiq edir.
15.2. İlk dəfə daimi dövlət qulluğuna qəbul
edilmiş vətəndaş vəzifəsinin icrasına başlamamışdan əvvəl aşağıdakı məzmunda
and içir:
«Azərbaycan Respublikasına sadiq olacağıma, onun Konstitusiyasına
dönmədən əməl edəcəyimə, dövlət sirrini və xidməti sirri qoruyacağıma, dövlət
qulluğunun mənə verdiyi hüquqları və üzərimə qoyduğu vəzifələri qərəzsiz,
vicdanla, ancaq qanunauyğun surətdə, var gücümlə və vətənin mənafeyi naminə həyata
keçirəcəyimə and içirəm».
15.3. Andiçmə təntəli şəraitdə Azərbaycan
Respublikasının Dövlət bayrağı altında Azərbaycan Respublikasının
Konstitusiyasına əl basmaqla həyata keçirilir.
15.4. Andiçmə bir dəfə olur. And içən dövlət
qulluqçusu andın mətnini imzalayır və bu sənəd onun şəxsi işində saxlanılır.
15.5. Dövlət qulluğunun ayrı-ayrı növlərində
andın status xüsusiyyətləri Azərbaycan Respublikasının qanunvericilik
aktlarında müəyyən edilir.
15.6. Yardımçı dövlət qulluğu vəzifəsinə qəbul
edilənlər and içmirlər.
Maddə 15-1. Dövlət qulluqçusunun şəxsi
işi
15-1.1. Dövlət qulluqçusunun dövlət qulluğu
keçdiyi dövr ərzində yalnız bir şəxsi işi tərtib edilir və aparılır.
15-1.2. Dövlət qulluqçusunun şəxsi işinə bu
Qanunun 15-1.3-cü maddəsinə əsasən müəyyən olunan qaydalarda nəzərdə tutulmuş sənədlər
və məlumatlar daxil edilir.
15-1.3. Dövlət qulluqçusunun şəxsi işinin
aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
15-1.4. Dövlət qulluqçusunun şəxsi işinin
aparılması ilə bağlı tələblərin pozulmasında təqsirli olan şəxslər Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət
daşıyırlar.
Maddə 15-2. Dövlət qulluqçusunun xidməti
vəsiqəsi
15-2.1. Dövlət qulluqçusuna qulluq keçdiyi
dövlət orqanında xidməti vəsiqə verilir.
15-2.2. Xidməti vəsiqə dövlət qulluqçusunun
tutduğu dövlət qulluğu vəzifəsini və ona verilmiş ixtisas dərəcəsini təsdiq edən
rəsmi sənəddir.
15-2.3. Xidməti vəsiqənin nümunəsi müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə
15-3. Dövlət qulluqçularının reyestri
15-3.1. Dövlət qulluqçularının reyestri dövlət
qulluqçuları (o cümlədən stajçı kimi və sınaq müddəti ilə qulluğa qəbul edilmiş
şəxslər, habelə dövlət qulluğuna xitam verilmiş şəxslər də daxil olmaqla) barədə
məlumatlardan ibarət dövlət informasiya ehtiyatıdır.
15-3.2. Dövlət qulluqçularının reyestri
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
aparılır.
15-3.3. Dövlət qulluqçuları reyestrinin
aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən müəyyən edilir.
15-3.4. Bu Qanunun 15-3.3-cü maddəsində nəzərdə
tutulan qaydanın tələblərinin pozulması qanunla nəzərdə tutulmuş hallarda məsuliyyətə
səbəb olur.
Maddə 16. Dövlət qulluqçularının
ixtisas dərəcələri
16.1. Dövlət qulluqçusunun ixtisas dərəcəsi
onun ixtisas səviyyəsini göstərir, dövlət qulluqçusuna inzibati vəzifə tutmaq,
vəzifə maaşına əlavə haqq almaq və sosial təminatlardan istifadə etmək hüququ
verir.
16.2. İnzibati vəzifələrin təsnifatına uyğun
olaraq dövlət qulluqçularına aşağıdakı ixtisas dərəcələri verilir:
16.2.1. inzibati vəzifələrin ali təsnifatı üzrə
— həqiqi dövlət müşaviri, 1-ci dərəcə dövlət müşaviri və 2-ci dərəcə dövlət
müşaviri;
16.2.2. inzibati vəzifələrin birinci təsnifatı
üzrə — 1-ci dərəcə dövlət müşaviri, 2-ci dərəcə dövlət müşaviri və 3-cü dərəcə
dövlət müşaviri;
16.2.3. inzibati vəzifələrin ikinci təsnifatı
üzrə — 2-ci dərəcə dövlət müşaviri, 3-cü dərəcə dövlət müşaviri və dövlət
qulluğunun baş müşaviri;
16.2.4. inzibati vəzifələrin üçüncü təsnifatı
üzrə — dövlət qulluğunun baş müşaviri, dövlət qulluğunun müşaviri və dövlət
qulluğunun kiçik müşaviri;
16.2.5. inzibati vəzifələrin dördüncü təsnifatı
üzrə — dövlət qulluğunun müşaviri, dövlət qulluğunun kiçik müşaviri və 1-ci dərəcə
dövlət qulluqçusu;
16.2.6. inzibati vəzifələrin beşinci təsnifatı
üzrə — dövlət qulluğunun kiçik müşaviri, 1-ci dərəcə dövlət qulluqçusu və 2-ci
dərəcə dövlət qulluqçusu;
16.2.7. inzibati vəzifələrin altıncı təsnifatı
üzrə — 1-ci dərəcə dövlət qulluqçusu, 2-ci dərəcə dövlət qulluqçusu və 3-cü dərəcə
dövlət qulluqçusu;
16.2.8. inzibati vəzifələrin yeddinci təsnifatı
üzrə — 2-ci dərəcə dövlət qulluqçusu, 3-cü dərəcə dövlət qulluqçusu və kiçik
dövlət qulluqçusu.
16.3. Yardımçı vəzifələrin təsnifatına uyğun
olaraq dövlət qulluqçularına aşağıdakı ixtisas dərəcələri verilir:
16.3.1. yardımçı vəzifələrin birinci təsnifatı
üzrə — dövlət qulluğunun baş referenti, dövlət qulluğunun böyük referenti və
dövlət qulluğunun 1-ci dərəcə referenti;
16.3.2. yardımçı vəzifələrin ikinci təsnifatı
üzrə — dövlət qulluğunun böyük referenti, dövlət qulluğunun 1-ci dərəcə
referenti və dövlət qulluğunun 2-ci dərəcə referenti;
16.3.3. yardımçı vəzifələrin üçüncü təsnifatı
üzrə — dövlət qulluğunun 1-ci dərəcə referenti, dövlət qulluğunun 2-ci dərəcə
referenti və dövlət qulluğunun 3-cü dərəcə referenti;
16.3.4. yardımçı vəzifələrin dördüncü təsnifatı
üzrə — dövlət qulluğunun 2-ci dərəcə referenti, dövlət qulluğunun 3-cü dərəcə
referenti və dövlət qulluğunun kiçik referenti.
Maddə
17. İxtisas dərəcələrinin verilməsi və onlardan məhrum edilməsi
17.1. İxtisas dərəcələri bu qanunun 16-cı maddəsinə
müvafiq olaraq dövlət qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas
dərəcəsində qulluq müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi
nəzərə alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajına 1991-ci
il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil
edilir.
İlk dəfə daimi dövlət qulluğuna qəbul olunmuş
şəxsə tutduğu vəzifənin inzibati təsnifatı üçün müəyyən edilmiş ən kiçik
ixtisas dərəcəsi verilir.
17.2. 3-cü dərəcə dövlət müşaviri və ondan
yuxarı olan ixtisas dərəcələri Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndinə uyğun olaraq verilir. Bu ixtisas dərəcələri alan dövlət
qulluqçusuna müvafiq hüquqi akt və vəsiqə verilir.
Dövlət qulluğunun baş müşaviri və ondan aşağı
olan ixtisas dərəcələri müvafiq dövlət orqanının rəhbəri tərəfindən verilir.
17.3. İnzibati vəzifələrin ali təsnifatı
istisna olmaqla, birinci-ikinci təsnifat inzibati vəzifələri tutan dövlət
qulluqçusunun həmin təsnifat üzrə ixtisas dərəcəsi alması üçün dövlət
qulluğunda azı 5 il qulluq stajı, həmin təsnifatlara daxil olan vəzifələrdə azı
3 il qulluq stajı olmalıdır.
İnzibati vəzifələrin üçüncü-altıncı təsnifat
vəzifələri tutan dövlət qulluqçusunun həmin təsnifat üzrə daha yüksək (növbəti)
ixtisas dərəcəsi alması üçün müvafiq vəzifə də daxil olmaqla, həmin təsnifata
daxil olan vəzifələrdə azı 4 il qulluq stajı olmalıdır.
Bu maddənin birinci hissəsində müəyyən edilmiş
hər hansı tələbə cavab verməyən dövlət qulluqçusuna, habelə təyin olunduğu
inzibati vəzifənin təsnifatına uyğun ixtisas dərəcəsinə malik olmayan dövlət
qulluqçusuna tutduğu vəzifənin inzibati təsnifatı üçün müəyyən edilmiş ən kiçik
ixtisas dərəcəsi verilir.
İxtisas dərəcəsi verilərkən dövlət
qulluqçusunun peşəkarlığı və idarəçilik təcrübəsi nəzərə alınır.
Bu qanunun 17.3-cü maddəsinin ikinci hissəsində
«müvafiq vəzifə» və «müvafiq vəzifədə» dedikdə, dövlət qulluqçusunun hazırda
dövlət qulluğu keçdiyi dövlət orqanında tutduğu dövlət qulluğu vəzifəsi nəzərdə
tutulur.
17.4. Müvafiq inzibati vəzifələr üçün müəyyən
edilmiş ixtisas dərəcələri çərçivəsində növbəti ixtisas dərəcəsi almaq üçün
aşağıdakılar vacibdir:
- üçüncü-beşinci təsnifat
vəzifələri üçün - ixtisas dərəcəsində qulluq müddəti 3 il təşkil
etməlidir;
- altıncı-yeddinci
təsnifat vəzifələri üçün - ixtisas dərəcəsində qulluq müddəti 2 il təşkil
etməlidir.
- Müvafiq yardımçı
vəzifələr üçün müəyyən edilmiş ixtisas dərəcələri çərçivəsində növbəti
ixtisas dərəcəsi almaq üçün aşağıdakılar vacibdir:
- birinci-ikinci təsnifat
vəzifələri üçün - ixtisas dərəcəsində qulluq müddəti ardıcıl olaraq 2 il
təşkil etməlidir;
- üçüncü-dördüncü
təsnifat vəzifələri üçün - ixtisas dərəcəsində qulluq müddəti ardıcıl
olaraq 1 il təşkil etməlidir.
17.4-1. Dövlət qulluqçusuna bu Qanunun 17.3-cü
maddəsinin birinci hissəsində və 17.4-cü maddəsində müəyyən edilmiş tələblər nəzərə
alınmadan daha yüksək (növbəti) ixtisas dərəcəsi aşağıdakı hallarda verilə bilər:
17.4-1.1. xidməti fəaliyyətin qiymətləndirilməsinin
nəticəsinə uyğun olaraq qulluq funksiyalarını nümunəvi icra etdiyinə və işindəki
yüksək nailiyyətlərinə görə;
17.4-1.2. yuxarı təsnifat dövlət qulluğu vəzifəsinə
təyin edildikdə.
17.4-2. Bu Qanunun 17.4-1-ci maddəsində nəzərdə
tutulmuş qaydada dövlət qulluqçusuna vaxtından əvvəl ixtisas dərəcəsi onun
malik olduğu ixtisas dərəcəsində qulluq müddətinin ən azı yarısı keçdikdən
sonra verilə bilər.
Bu Qanunun 17.4-1.1-ci maddəsində nəzərdə
tutulmuş halda vaxtından əvvəl ixtisas dərəcəsinin verilməsinə dövlət
qulluqçusunun dövlət qulluğunda qulluq etdiyi müddətdə yalnız bir dəfə yol
verilir.
Bu Qanunun 17.4-1.2-ci maddəsi dövlət
qulluqçusunun tutduğu inzibati vəzifədən bir təsnifat yuxarı inzibati vəzifəyə
təyin edildiyi hallarda tətbiq oluna bilər.
17.4-3. Dövlət qulluqçularına ixtisas dərəcələri
verilərkən onların xüsusi, hərbi və diplomatik rütbələri nəzərə alınır. Xüsusi,
hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı olaraq
uyğunlaşdırılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın
(qurumun) müəyyən etdiyi qaydada həyata keçirilir.
17.5. Dövlət orqanlarında dövlət
qulluqçularına ixtisas dərəcələrinin verilməsi qaydaları müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
17.6. Bu qanunun 33.1.7-ci maddəsində nəzərdə
tutulmuş hallarda dövlət qulluqçusu ona verilmiş ixtisas dərəcəsindən məhrum
edilir və bu barədə şəxsin əmək kitabçasında müvafiq qeyd aparılır.
17.7. Bu Qanunun 25.2-ci maddəsinə əsasən
intizam tənbehi qaydasında dövlət qulluqçusunun ixtisas dərəcəsi (bu Qanunun
17.2-ci maddəsinin birinci hissəsinə uyğun olaraq verilmiş ixtisas dərəcələri
istisna olmaqla) bir pillə aşağı salına bilər. İntizam tənbehinin tətbiqi
qaydasında dövlət qulluqçusunun ixtisas dərəcəsi təqvim ili ərzində yalnız bir
dəfə aşağı salına bilər. Bu qaydada aşağı salınmış ixtisas dərəcəsində qulluq
müddəti həmin intizam tənbehinin verilməsi haqqında əmrin imzalandığı gündən
hesablanır.
17.8. İxtisas dərəcəsinin verilməsi, aşağı
salınması və ixtisas dərəcəsindən məhrum etmə tətbiq olunarkən dövlət
qulluqçusunun əmək kitabçasında və şəxsi işində müvafiq qeydlər edilir.
Maddə
18. Dövlət qulluqçusunun əsas vəzifələri
18.0. Dövlət qulluqçuları vəzifədə olaraq
aşağıdakıları etməlidirlər:
18.0.1. qanunvericiliyi və dövlət orqanlarının qəbul
etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli;
18.0.2. rəhbərlərin öz səlahiyyəti hüdudunda
verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli;
18.0.3. dövlət orqanında müəyyən edilmiş qulluq
reqlamentinə riayət etməli;
18.0.4. başqa dövlət qulluqçularının işini çətinləşdirən,
yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə
yol verməməli;
18.0.5. vətəndaşların, müəssisə, idarə və təşkilatların
müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz
həll etməli;
18.0.6. lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin
göstərişi ilə əlavə iş görməli;
18.0.7. dövlət sirrini və qanunla mühafizə edilən
digər sirri həmişə, o cümlədən dövlət qulluğuna xitam verildikdən sonra
da saxlamalı;
18.0.8. vəzifə borcunun yerinə yetirilməsi vaxtı
daxil olan və vətəndaşların şəxsi və ailə həyatı, şərəfi və ləyaqəti ilə
bağlı məlumatları gizli saxlamalı və qanunla nəzərdə tutulmuş hallar istisna
edilməklə, belə məlumatların verilməsini tələb etməməli;
18.0.9. qulluq keçdiyi orqanın rəhbərinə hər
il öz gəlirləri və əmlak vəziyyəti haqqında maliyyə hesabatı verməli, orada əlavə
gəlirlərin mənbəyini, növünü və məbləğini göstərməli;
18.0.10. qanunvericilikdə müəyyən edilmiş
hallarda və qaydada müvəqqəti olaraq başqa yaşayış yerinə keçməli, başqa yerdə qulluq
keçməli və ya başqa vəzifələri icra etməli;
18.0.11. qanunvericilikdə müəyyən edilmiş
hallarda və qaydada öz fiziki və əqli qabiliyyətinin və ya tapşırılan
funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi
komissiyalarda müayinə keçməli;
18.0.12. etik davranış qaydalarına əməl
etməlidir.
Maddə
19. Dövlət qulluqçusunun əsas hüquqları
19.0. Dövlət qulluqçusu aşağıdakı hüquqlara
malikdir:
19.0.1. vəzifə borcunu yerinə yetirmək üçün dövlət
orqanlarından, ictimai birliklərdən, müəssisə, idarə və təşkilatlardan müəyyən
edilmiş qaydada lazımi informasiya və materiallar tələb etmək və almaq;
19.0.2. dövlət qulluqçusunu vəzifəyə təyin və
vəzifədən azad etmək hüququna malik olan vəzifəli şəxsdən öz qulluq vəzifələrinin
yazılı surətdə təsbit edilməsini və onların icrası üçün şərait yaradılmasını tələb
etmək;
19.0.3. dövlət məvacibi almaq;
19.0.4. əlavə təhsili və qulluq vəzifələrinin
yerinə yetirilməsinə münasibəti nəzərə alınmaqla qulluqda irəli çəkilmək və ya dövlət
məvacibinin məbləğinin artırılması iddiasında olmaq;
19.0.5. elmi və yaradıcılıq fəaliyyəti ilə məşğul
olmaq, qulluq keçdiyi dövlət orqanı rəhbərinin icazəsi ilə pedaqoji və
başqa ödənişli fəaliyyətlə məşğul olmaq;
19.0.6. əmanətlərdən (depozitlərdən), qiymətli
kağızlardan, rentadan və icarədən gəlir götürmək;
19.0.7. ilk tələbdən öz şəxsi işinin bütün
materialları ilə, şəxsi işə tikilməli olan rəylər və digər sənədlərlə tanış
olmaq, habelə öz izahatlarının şəxsi işə tikilməsini tələb etmək;
19.0.8. şərəf və ləyaqətinə xələl gətirən məlumatları
təkzib etmək üçün xidməti araşdırma aparılmasını tələb etmək;
19.0.9. müvafiq orqanlarda və məhkəmədə öz qanuni
hüquqlarını və mənafeyini müdafiə etmək;
19.0.10. həmkarlar ittifaqlarında birləşmək;
19.0.11. qulluq keçdiyi dövlət orqanının rəhbərindən
aldığı icrası məcburi olan göstəriş və ya əmrin qanuniliyi və ya dürüstlüyü
dövlət qulluqçusunda şübhə doğurursa, həmin göstərişin və ya əmrin yazılı şəkildə
ona verilməsini tələb etmək;
19.0.12. qanunvericilikdə başqa hal nəzərdə
tutulmayıbsa və bu, dövlət qulluqçusu funksiyalarının icrası ilə bir araya
sığmayan deyilsə, ictimai birliklərdə üzv olmaq;
19.0.13. qanunvericilikdə nəzərdə tutulmuş
qaydada dövlət vəsaiti hesabına təhsil almaq və müvafiq təlim keçmək, habelə təhsil
məqsədilə məzuniyyət almaq;
19.0.14. qanunvericilikdə nəzərdə tutulmuş
hallarda və qaydada məzuniyyətlər (sosial məzuniyyətlər, özünün və ya ailə üzvlərinin
müalicəsi ilə əlaqədar və yaradıcılıq məzuniyyətləri), özünün və ya ailə
üzvlərinin əlilliyi, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu
ilə əlaqədar pensiyalar və müavinətlər almaq.
Maddə
20. Dövlət qulluğu ilə əlaqədar məhdudiyyətlər
20.1. Dövlət qulluqçusunun aşağıdakılara ixtiyarı
yoxdur:
20.1.1. dövlət orqanlarında əlavə ödənişli
(əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada müvəqqəti əvəz edilməsi
halları istisna olmaqla), heç bir seçkili və ya təyinatlı vəzifə tutmağa;
20.1.2. elmi və yaradıcılıq fəaliyyəti istisna
olmaqla, qulluq keçdiyi dövlət orqanı rəhbərinin icazəsi olmadan
pedaqoji və başqa ödənişli fəaliyyətlə məşğul olmağa;
20.1.3. dövlət orqanının və ya yerli özünüidarə
orqanının işləri üzrə üçüncü şəxslərin nümayəndəsi olmağa;
20.1.4. dövlət qulluğuna xitam verildikdən
sonra Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş müddət ərzində
öz qulluq fəaliyyətinə aid olan və dövlət sirri və ya qanunla mühafizə edilən
digər sirr olan məsələlər barədə informasiyadan üçüncü şəxslərin xeyrinə
istifadə etməyə;
20.1.5. qulluq keçdiyi dövlət orqanı rəhbərinə
bildirmədən xarici ölkənin vəsaiti hesabına oraya getməyə;
20.1.6. qulluq vəzifələrini icra etdiyi dövrdə
siyasi partiyaların fəaliyyətində iştirak etməyə;
20.1.7. tətillərdə və dövlət orqanlarının işini
pozan digər hərəkətlərdə iştirak etməyə;
20.1.8. dini təbliğ etmək üçün dövlət
qulluqçusunun statusundan istifadə etməyə və dövlət orqanlarının tabeliyindəki
obyektlərdə dini mərasimlərin keçirilməsinə rəsmi xarakter verməyə.
20.2. Seçki komissiyasının həlledici səs
hüquqlu üzvü dövlət qulluğunda ola bilməz.
20.3. Dövlət qulluqçusu bu maddənin tələblərinə
zidd hərəkət etdikdə, əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, xəbərdarlıq
aldıqdan sonra otuz gün ərzində o, dövlət qulluğuna, yoxsa başqa fəaliyyətə
üstünlük verdiyini özü üçün müəyyən edərək gəldiyi qərar barəsində qulluq keçdiyi
dövlət orqanının rəhbərinə məlumat verməlidir.
Maddə
21. Dövlət qulluqçuları üçün təminatlar
21.1. Dövlət qulluqçuları üçün aşağıdakılara təminat
verilir:
21.1.1. dövlət qulluqçusunun layiqli həyat səviyyəsini
təmin edən dövlət məvacibi və digər ödənişlər;
21.1.2. lazımi qulluq şəraiti;
21.1.3. haqqı ödənilən məzuniyyət;
21.1.4. dövlət qulluqçularının və onların ailə
üzvlərinin icbari tibbi sığortası;
21.1.5. müvafiq istiqamət üzrə əlavə təhsilalma;
21.1.6. dövlət orqanları ləğv edilərsə və ya
ştatlar ixtisara düşərsə, vəzifə maaşına və ixtisasa uyğun işə düzəlmə və ya dövlət
orqanlarında tutduğu vəzifəyə uyğun vəzifə tutmaqda üstünlük;
21.1.7. pensiya təminatı və dövlət sosial
sığortası;
21.1.8. qulluq vəzifələrinin icrası ilə əlaqədar
olaraq qanunla müəyyən edilmiş qaydada sığorta;
21.1.9. icra edilən vəzifə öhdəliklərinin
xarakteri nəzərə alınmaqla xidməti nəqliyyat və ya müvafiq kompensasiya almaq;
21.1.10. dövlət qulluqçusunun vəzifə öhdəliklərinin
icrası ilə əlaqədar olaraq ona və onun ailə üzvlərinə qarşı törədilən
zorakılıqdan, hədələrdən və təhqirlərdən dövlət qulluqçusunun və onun ailə üzvlərinin
müdafiəsi.
21.2. Dövlət qulluqçusu sosial sığorta və məşğulluq
fondlarına ödənişlərdən azaddır.
21.3. Dövlət qulluqçusu bu qanunda nəzərdə
tutulmuş hallardan başqa yalnız öz razılığı ilə aşağı maaşlı vəzifəyə keçirilə
bilər.
21.4. Dövlət hakimiyyəti orqanlarının, habelə
dövlət orqanları rəhbərliyinin tərkibinin dəyişməsi dövlət qulluğuna xitam
verilməsi üçün əsas deyildir.
21.5. Yardımçı vəzifələr tutan dövlət
qulluqçuları üçün təminatlar Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən
edilir.
21.6. Azərbaycan Respublikasının xarici ölkələrdə
fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin olunan ticarət
nümayəndələrinə və onların aparatlarının işçilərinə dövlət məvacibi (əməkhaqqı),
tibbi sığorta, nəqliyyat xərcləri, yaşayış sahəsinin icarə xərcləri, məktəbyaşlı
ailə üzvlərinin təhsil haqqı və bu Qanunda nəzərdə tutulmayan təminatların
verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu
Qanunun dövlət qulluqçularına aid edilən digər təminatlar ilə bağlı müddəaları
Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və
konsulluqlarında təyin olunan ticarət nümayəndələrinə və onların
aparatlarının işçilərinə şamil edilir.
Maddə
22. Dövlət məvacibi
22.1. Dövlət məvacibi dövlət qulluqçusuna pul
ilə ödənilən haqdır. Dövlət məvacibinin məbləği səlahiyyət həcmindən, məsuliyyət
dərəcəsindən, tələb olunan peşəkarlıq səviyyəsindən, vəzifədə qulluq
stajından asılıdır.
22.2. Dövlət məvacibi vəzifə maaşındın,
mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə,
qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir.
22.3. Dövlət orqanlarında inzibati və yardımçı
vəzifə tutan dövlət qulluqçularının aylıq vəzifə maaşının minimum məbləği
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən
edilir.
22.4. Qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli,
yaxud xüsusilə ağır olan dövlət orqanlarında vəzifə maaşları üçün artıq əmsal
müəyyən edilir. Əmsalın müəyyən edilməsi qaydası, onun təyin edilməsi üçün əsas
və onun məbləği Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən edilir.
22.5. Dövlət qulluqçularının vəzifə maaşlarına Azərbaycan
Respublikasının Qanununa müvafiq surətdə yerli əmsallar müəyyən edilir.
22.6. Dövlət qulluqçusuna hakimiyyət səlahiyyəti
vermək barədə qərar qəbul edilməsi ilə eyni zamanda müvafiq səlahiyyətin
icrasına görə onun üçün qanunvericiliklə müəyyən edilən məbləğdə əlavə
haqq müəyyən edilir.
22.7. Dövlət qulluqçusuna daimi dövlət
qulluğuna qəbul edildiyi vaxtdan başlayaraq qulluq stajına görə müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada və
məbləğdə aylıq əlavə haqq ödənilir. Haqqın məbləği qanunvericiliklə
müəyyən edilir. Dövlət qulluqçusu daha yüksək dərəcəli dövlət
qulluğu vəzifəsinə təyin edilərkən əvvəlki vəzifəsində qulluq stajına görə əlavə
haqq verilmir. Bu maddə Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti və vitse-prezidentləri, Azərbaycan Respublikasının Baş
naziri və onun müavinləri, Naxçıvan Muxtar Respublikasının Baş naziri və onun
müavinləri, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanının rəhbəri
və onun müavinləri, Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti
orqanının rəhbəri və onun müavinləri, yerli icra hakimiyyəti orqanının rəhbəri
(başçısı) vəzifələrini tutan şəxslərə də şamil olunur.
22.7-1. Dövlət qulluqçusunun bu Qanunun 2.3-cü
maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri
onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində
nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil
edilir.
22.7-2. Qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə
alınaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət
qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə
qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.
22.8. Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin
icrasına görə əlavə haqq təyin edilməsi qaydası Azərbaycan Respublikasının
müvafiq Qanunu ilə müəyyən edilir.
22.9. Bu Qanunun 22-ci maddəsinin müddəaları
Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və
konsulluqlarında təyin olunan ticarət nümayəndələrinə və onların
aparatlarının işçilərinə şamil olunmur.
Maddə
22-1. Dövlət qulluqçusunun əlavə təhsili
22-1.1. Dövlət qulluqçusunun əlavə təhsili
fasiləsiz təhsilin və peşə hazırlığının tərkib hissəsi olmaqla, ali, orta
ixtisas və peşə təhsili pillələrinin hər hansı birini bitirmək haqqında dövlət
sənədi olan hər bir dövlət qulluqçusunun (o cümlədən stajçı kimi və sınaq müddətinə
qəbul edilmiş şəxslərin) fasiləsiz təhsil almaq imkanını təmin edir.
22-1.2. Dövlət qulluqçusunun əlavə təhsil
aldığı müddət onun qulluq stajına daxildir.
22-1.3. Dövlət qulluqçusunun əlavə təhsil
alması üçün aşağıdakılar əsasdır:
22-1.3.1. dövlət qulluğunda daha yüksək vəzifəyə
təyin edilməsi;
22-1.3.2. dövlət qulluğunun ehtiyat
kadrlarının siyahısına daxil edilməsi;
22-1.3.3. dövlət qulluqçusunun attestasiyası
və ya onun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsi;
22-1.3.4. dövlət qulluqçusunun şəxsi təşəbbüsü.
22-1.4. Dövlət qulluqçusunun əlavə təhsil
alması həmin dövlət orqanının rəhbəri tərəfindən müəyyən edilir.
22-1.5. Dövlət qulluqçusunun əlavə təhsili
ixtisasartırma və yenidənhazırlanma qurumlarında, təhsil müəssisələrində
yaradılmış müvafiq strukturlarda, stajkeçmə və peşə hazırlığı kurslarında və bu
sahə üzrə fəaliyyətinə xüsusi razılıq verilmiş digər müəssisələrdə
qanunvericiliklə müəyyən olunmuş istiqamətlərdə həyata keçirilir.
22-1.6. Dövlət qulluqçusu əlavə təhsil almaq
üçün xarici ölkələrə ezam edilə bilər.
22-1.7. Dövlət qulluqçusunun əlavə peşə
təhsili qulluqkeçmədən ayrılmaqla, qismən ayrılmaqla və ya ayrılmamaqla həyata
keçirilir.
22-1.8. Dövlət qulluqçusunun əlavə peşə
təhsilinin növü, forması, müddəti və maliyyə təminatı müvafiq icra hakimiyyəti
orqanı tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir.
22-1.9. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin,
Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Məhkəmə-Hüquq
Şurasının və Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin
(ombudsmanın) aparatlarında, habelə 2-ci-5-ci kateqoriya dövlət orqanlarında
ali hüquq təhsili tələb edən vəzifələrdə qulluq keçən dövlət qulluqçuları mütəmadi
olaraq müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində peşə
hazırlığına və ixtisasının artırılmasına cəlb edilirlər.
Maddə
23. Dövlət qulluqçularının pensiya təminatı
23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin
pensiya təminatı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq həyata keçirilir.
23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği
dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən
asılıdır. Dövlət qulluqçusuna «Əmək pensiyaları haqqında» Azərbaycan
Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr
təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun
23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb
olunur.
23.2-1. Dövlət orqanının əsasında müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin
yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam
verildiyi tarixə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının
Qanununda nəzərdə tutulmuş əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qalmış
dövlət qulluqçusu kimi əmək pensiyasına əlavə almaq hüququ onların dövlət
qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır. (2020-ci
il yanvarın 1-dən tətbiq edilir)
23.3. Müvafiq qanunvericiliyə uyğun olaraq
pensiya yaşına çatmasına, əlilliyinə, o cümlədən sağlamlıq imkanlarının məhdudluğuna
görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində bu Qanunun 23.2-ci maddəsi
ilə müəyyən edilmiş minimum qulluq stajına (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə
tutulan hal istisna olmaqla) və əmək pensiyası almaq hüququna malik olmayan
dövlət qulluqçusuna qanunvericiliklə müəyyən edilmiş miqdarda ömürlük müavinət
təyin edilir.
23.4. Dövlət qulluqçusunun pensiyasının və
müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində
olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilən qaydada yenidən hesablanır.
23.5. Dövlət qulluqçusu, yaxud pensiyaçı
öldükdən sonra onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ
olan ailə üzvlərinə pensiyanın müvafiq qanunvericiliklə müəyyən edilən
faizi ödənilir.
Maddə
24. Dövlət qulluqçularının mükafatlandırılması
24.1. Dövlət qulluqçusunun vəzifə borclarını
yerinə yetirərkən səylə çalışması hərtərəfli mükafatlandırılır. Dövlət
qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları qanunvericiliklə müəyyənləşdirilir.
24.2. Dövlət qulluqçularının xidmətdə peşəkarlıq
səviyyəsinin artması və vəzifə borcuna və andına sədaqəti dövlət tərəfindən
qiymətləndirilməlidir. Onun xidmətlərinin dövlət tərəfindən təsdiq edilməsi «Vətənə
xidmətə görə» ordeninin üç dərəcəsi, «Dövlət qulluğunda fərqlənməyə görə»
medalı ilə, digər orden və medallarla təltif olunmasından, habelə Azərbaycan
Respublikasının fəxri adlarını almasından ibarətdir. Dövlət qulluqçularının
orden və medallarla təltif olunması və onlara fəxri adların verilməsi haqqında əsasnamələr
və qaydalar qanunvericiliklə müəyyən edilir.
Maddə
25. Dövlət qulluqçusunun məsuliyyəti
25.1. Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin
yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu
qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə
tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur.
25.2. Dövlət qulluqçusu bu qanunun 18-ci,
20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində
aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər:
25.2.1. töhmət;
25.2.2. bir il müddətinədək vəzifə maaşının 5
faizindən 30 faizinədək azaldılması;
25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə
maaşı aşağı olan vəzifəyə keçirilməsi;
25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə
keçirilməsi;
25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı
salınması;
25.2.6. dövlət qulluğundan azad edilməsi.
25.3. Bu qanunun 25.2-ci maddəsinə uyğun
olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin
əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət
olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət
qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu,
intizam tənbehinin tətbiqinə mane olmur.
25.4. Xidməti yoxlamanın aparılması qaydası
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
25.5. Dövlət qulluqçularına intizam tənbehi bu
qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir
ay keçənədək verilə bilər. Dövlət qulluqçusunun məzuniyyətdə, ezamiyyətdə
olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində xidməti yoxlama
və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir.
25.6. Bu qanunun 25.2.6-cı maddəsində nəzərdə
tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi
olaraq pozuntulara yol verildikdə və ya bu qanunun 20-ci maddəsində nəzərdə
tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər.
25.7. Bu qanunun 25.2.1-25.2.6-cı maddələrində
nəzərdə tutulmuş intizam tənbeh tədbirləri dövlət qulluqçusunun qulluq keçdiyi
dövlət orqanının rəhbəri tərəfindən, 25.2.1-ci maddəsində nəzərdə tutulmuş
intizam tənbeh tədbiri isə, habelə dövlət qulluqçusunun qulluq keçdiyi dövlət
orqanının rəhbəri tərəfindən səlahiyyət verilmiş vəzifəli şəxs (şəxslər) tərəfindən
tətbiq oluna bilər.
25.8. İntizam tənbeh tədbirinin tətbiq edilməsi
barədə əmrdən, onun imzalandığı gündən 7 iş günü müddətində müvafiq icra
hakimiyyəti orqanına şikayət vermək olar. Bu zaman həmin orqan tərəfindən
intizam tənbeh tədbiri 10 iş günü müddətində ləğv olunmalı və ya qüvvədə
saxlanılmalıdır. Tətbiq olunmuş intizam tənbeh tədbirindən şikayət verilməsi
qaydası Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir.
25.9. Dövlət qulluqçusu qanunvericiliklə müəyyən
edilmiş hallarda və qaydada inzibati və cinayət məsuliyyətinə cəlb oluna bilər.
25.10. Dövlət qulluqçusu onun təqsiri üzündən
dəymiş zərər üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maddi məsuliyyət
daşıyır. Dövlət qulluqçusunun qanuna uyğun hərəkətləri nəticəsində dəymiş zərərin
əvəzi tam həcmdə Azərbaycan Respublikasının dövlət büdcəsinin və Naxçıvan
Muxtar Respublikasının büdcəsinin vəsaiti hesabına ödənilir.
25.11. Dövlət qulluqçusu «Korrupsiyaya qarşı
mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən
edilmiş tələblərə əməl etmədikdə və ya həmin qanunun 9-cu maddəsində göstərilən
hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti
yaratmadıqda) intizam məsuliyyətinə cəlb olunur.
Maddə
26. Qanunsuz göstərişin yerinə yetirilməsi üstündə dövlət qulluqçusunun məsuliyyəti
26.1. Dövlət qulluqçusu öz hərəkətlərinin
qanuniliyi üçün cavabdehdir.
26.2. Rəhbər işçinin göstərişini qanunsuz sayan
dövlət qulluqçusunun etirazına baxmayaraq, həmin rəhbər işçi öz göstərişini
qüvvədə saxlayırsa və ondan yuxarı vəzifəli rəhbər işçi həmin göstərişi ləğv
etmirsə, dövlət qulluqçusu məsuliyyətdən azad olunur.
V fəsil.
Dövlət qulluğu keçmə
Maddə
27. Dövlət qulluğuna qəbul edilmək hüququ
27.1. Azərbaycan Respublikasının 16 yaşına
çatmış, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən,
cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən, dinə
münasibətindən, əqidəsindən, ictimai və digər birliklərə mənsubiyyətindən
asılı olmayaraq müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olan
və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən vətəndaşlarının
dövlət qulluğuna qəbul edilmək hüququ vardır.
27.2. Hər hansı şəxs dövlət qulluğuna aşağıdakı
hallarda qəbul edilə bilməz:
27.2.1. onun fəaliyyət qabiliyyətinə malik
olmaması və ya məhdud fəaliyyət qabiliyyətinə malik olması məhkəmənin qərarı ilə
təsdiq edilərsə;
27.2.2. məhkumluğu ödənilməmiş və ya götürülməmişsə;
27.2.3. bilavasitə tabeliyində və ya nəzarəti
altında işləyəcəyi dövlət qulluqçusu ilə yaxın qohumluq və ya qudalıq (ər-arvadlar,
onların valideynləri, qardaşları, bacıları, övladları) əlaqəsi olduqda;
27.2.4. barəsində tibbi xarakterli məcburi tədbirlərin
tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olarsa;
27.2.5. Qanunvericiliklə müəyyən edilmiş
başqa hallarda.
27.3. Dövlət orqanında dövlət qulluğuna qəbul
edilmək üçün müraciət etmiş şəxsin dövlət qulluğuna qəbul edilməsinin mümkün
olub-olmaması qabaqcadan yoxlanılır. Yoxlamanın qaydası müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Şəxsi (ailə) həyatın təfsilatı
yoxlanmamalıdır.
Maddə
28. Dövlət qulluğuna qəbul
28.1. Dövlət qulluğuna qəbul müsabiqə əsasında
aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir.
28.2. Müvafiq icra hakimiyyəti orqanının
yaratdığı qurum inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən
az olmayaraq test imtahanları təşkil edir.
Test nümunələrinin hazırlanması, ekspertizası,
təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması
qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Test imtahanında iştirak etmək üçün ödənişin məbləğini
müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
28.3. Müvafiq icra hakimiyyəti orqanının
yaratdığı qurum test imtahanından keçən şəxsə inzibati vəzifə üzrə test
imtahanından keçdiyini təsdiq edən «Dövlət qulluğu sertifikatı» (bundan sonra —
sertifikat) verir. Forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilən sertifikatın qüvvədəolma müddəti beş ildir. Şəxs dövlət qulluğu vəzifələri
üzrə, bu Qanuna uyğun olaraq bir neçə sertifikat ala bilər.
28.4. Müsahibəni dövlət qulluğu vəzifəsinin
aid olduğu dövlət orqanı təşkil edir.
Müsahibənin keçirilməsi haqqında elan, sənədlərin
qəbulu üçün müəyyən edilmiş son müddət göstərilməklə, müvafiq icra hakimiyyəti
orqanının yaratdığı qurumun, dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət
orqanının internet saytında və mediada verilir.
28.5. Dövlət qulluğuna qəbul üçün test
imtahanından keçdiyini təsdiq edən sertifikatı olan şəxs həmin sertifikatın
qüvvədə olma müddətinin hər ili ərzində beş müsahibədə iştirak etmək üçün ödənişsiz
müraciət edə bilər. Beşdən artıq müsahibədə iştirak ödənişlidir və müsahibədə
iştirak etmək üçün ödənişin məbləğini müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) müəyyən edir.
Müsahibədə iştirak etmək istəyən şəxs müsahibənin
keçirilməsi elan edildiyi gündən 30 gün müddətində dövlət qulluğu vəzifəsinin
aid olduğu dövlət orqanına müraciət edir. Müraciətə əlavə edilməli sənədlərin
siyahısı və sənədlərin qəbulu qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
28.6. Müsahibə sənədlərin qəbulu başa
çatdıqdan sonra 30 gün ərzində keçirilir.
Dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət
orqanı müsahibənin keçirilməsi üçün müsahibə komissiyası yaradır. Müsahibə
komissiyası 3 nəfərdən ibarət tərkibdə, müvafiq icra hakimiyyəti orqanının
yaratdığı qurumun 1 nümayəndəsi və 1 müstəqil ekspert daxil edilməklə
yaradılır. Müsahibə komissiyası üzvünün müsahibənin nəticələri barədə xüsusi rəyi
müsahibənin nəticələrinin araşdırılması üçün əsasdır.
Müsahibə komissiyasının reqlamenti, o cümlədən
müsahibə komissiyası tərkibinin formalaşdırılması, müsahibənin keçirilməsi,
qiymətləndirmənin aparılması, müsahibənin nəticələrinin araşdırılması qaydası və
keçid balları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
28.7. Müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər
vakant dövlət qulluğu vəzifəsinə təyin edilmək üçün 5 iş günü müddətində dövlət
orqanının rəhbərinə təqdim olunurlar. Dövlət orqanının rəhbəri təqdim olunmuş
namizədlərdən birini seçərək, altı ay müddətinə stajçı kimi qulluğa qəbul etməli
və vakant dövlət qulluğu vəzifəsinə təyin etməlidir. Staj dövründə dövlət
orqanı rəhbərinin təyin etdiyi kurator stajçının işini istiqamətləndirir, fəaliyyətinə
nəzarət edir və staj müddəti qurtardıqdan sonra stajçının sınaq müddəti ilə
dövlət qulluğuna qəbul edilməsinin məqsədəuyğun olub-olmadığı barədə tövsiyə təqdim
edir. Tövsiyə müsbət olarsa, stajçı əmək müqaviləsi bağlamaq yolu ilə üç ay
sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilir. Əmək müqaviləsində sınaq müddəti
ərzində qulluq keçmənin şərtləri müəyyənləşdirilir. Sınaq müddəti ilə dövlət
qulluğuna qəbul edilən şəxslə bağlanan əmək müqaviləsinin nümunəsi müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sınaq müddəti ərzində əmək
müqaviləsi pozulmayıbsa, həmin müddət qurtardıqdan sonra dövlət orqanının rəhbəri
müqavilənin şərtlərinə uyğun olaraq, həmin şəxsin daimi dövlət qulluğuna qəbul
edilməsi haqqında əmr verir və onunla müvafiq əmək müqaviləsi bağlayır. Daimi
dövlət qulluğuna qəbul edilən şəxslə bağlanan əmək müqaviləsinin nümunəsi
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
28.7-1. Dövlət orqanının rəhbəri tərəfindən bu
Qanunun 28.7-ci maddəsinə uyğun olaraq təqdim olunmuş namizədlər sırasından
seçim edilərkən müsabiqədə daha yüksək nəticə əldə etmiş namizədlərə, müsabiqə
nəticələri bərabər olduqda ali təhsil pilləsinin daha yüksək səviyyəsini bitirənlərə,
təhsil səviyyəsi eyni olduqda isə təhsil müəssisəsini fərqlənmə ilə bitirənlərə
və xarici dil bilənlərə üstünlük verilir.
28.8. Stajçı kimi qulluğa qəbul edilmiş şəxs həmin
müddətdə bu Qanunun 28-ci maddəsinə uyğun olaraq yenidən müsabiqədən keçərək
yeni vəzifəyə təyin edildikdə, əvvəlki vəzifədəki staj müddəti nəzərə alınır.
Sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilmiş şəxs bu Qanunun 28-ci maddəsinə
uyğun olaraq yenidən müsabiqədən keçdikdə, əvvəlki sınaq müddəti nəzərə
alınmamaqla, yenidən sınaq müddəti ilə vəzifəyə təyin edilir.
28.8-1. Bu Qanunun 28.7-ci maddəsində nəzərdə
tutulmuş staj və sınaq müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanda (qurumda) inzibati vəzifələrin beşinci — yeddinci təsnifatlarına
uyğun olan vakant vəzifələr üzrə müsahibə əsasında ilk dəfə dövlət qulluğuna qəbul
edilən şəxslərə də şamil edilir.
28.9. Daimi dövlət qulluğuna qəbul edilmiş və
bu Qanunun 33.1-ci maddəsinə uyğun olaraq dövlət qulluğuna xitam verilmiş şəxslər
(yardımçı vəzifə tutmuş şəxslər istisna olmaqla) yenidən dövlət qulluğuna qəbul
edildikdə, habelə bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət
qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və ya əvvəllər qulluq (xidmət)
keçmiş (kiçik rəis heyəti və sıravi heyət vəzifələrini tutan və ya əvvəllər
tutmuş şəxslər istisna olmaqla) və xüsusi (hərbi, diplomatik) rütbəyə malik olan
şəxslər dövlət qulluğuna qəbul edildikdə, onlar barəsində bu Qanunun 28.7-ci
maddəsində nəzərdə tutulmuş staj və sınaq müddəti tətbiq edilmir.
28.10. Daimi dövlət qulluğuna qəbul Azərbaycan
Respublikasının adından müvafiq dövlət orqanının sənədi ilə təsdiq edilir.
28.11. Vakant vəzifəyə təyin olunmaq üçün dövlət
orqanının rəhbərinə təqdim olunmuş, lakin vakant vəzifəyə təyin edilməmiş namizədlər
iki il müddətində həmin dövlət orqanında ehtiyat kadr kimi saxlanılır. Bu müddət
ərzində həmin dövlət orqanında analoji vakant vəzifə olduqda, namizədlərin
razılığı ilə onlar həmin vəzifələrə təyin edilirlər, yaxud digər dövlət
orqanında analoji vakant vəzifə olduqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən həmin vəzifəyə təyin edilmə məsələlərinə
baxılması üçün namizədlər bu dövlət orqanının rəhbərinə təqdim olunurlar. Həmin
müddət ərzində inzibati vəzifələrə təyin edilən namizəd ehtiyat kadrlar
siyahısından çıxarılır. Şəxsin bir dövlət orqanında ehtiyat kadr kimi
saxlanılması digər dövlət orqanında dövlət qulluğuna qəbul üzrə keçirilən
müsahibədə iştirakını məhdudlaşdırmır.
Dövlət orqanında inzibati və yardımçı vəzifələrin
təsnifat toplusuna uyğun olaraq müvafiq vakant inzibati vəzifə üzrə ehtiyat
kadr olduğu halda, həmin inzibati vəzifənin müsabiqəyə və ümumi müsahibəyə
çıxarılmasına yol verilmir.
28.12. Bu Qanunun 28-ci maddəsinin müddəaları
ali kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin ali, birinci, ikinci və
üçüncü təsnifatı vəzifələrinə, Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət
göstərən səfirlik və konsulluqlarında təyin olunan ticarət nümayəndələri vəzifələrinə,
«yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinin müavinləri vəzifələrinə dövlət
qulluğuna qəbula və bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulmuş dövlət
qulluğunun xüsusi növünə qəbula şamil edilmir. Bu Qanunun 2.3-cü maddəsində nəzərdə
tutulmuş dövlət orqanlarında qulluğa (xidmətə) qəbul qaydaları Azərbaycan
Respublikasının dövlət qulluğunun xüsusi növünü tənzimləyən qanunları ilə müəyyən
edilir.
1—3-cü kateqoriya dövlət orqanlarında (müvafiq
icra hakimiyyəti orqanı, habelə Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət
göstərən səfirlik və konsulluqlarında təyin olunan ticarət nümayəndələri
istisna olmaqla) inzibati vəzifələrin birinci - üçüncü təsnifatlarına uyğun
olan vəzifələrə, habelə 2-ci kateqoriya dövlət orqanlarına aid müvafiq icra
hakimiyyəti orqanında inzibati vəzifələrin dördüncü təsnifatına uyğun olan vəzifələrə
(struktur bölmə rəhbərləri və həmin dövlət orqanı rəhbərinin müşavirləri, köməkçiləri)
qəbul bu Qanunun 29.3-cü maddəsinin ikinci hissəsinə uyğun olaraq daxili
müsahibə əsasında həyata keçirilir.
Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə
tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər,
dövlət orqanlarında (qurumlarında) siyahısı müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən vəzifələrdə azı 10 il iş
stajı olan şəxslər inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul olunarkən
müsabiqənin yalnız müsahibə mərhələsində iştirak edirlər.
28.13. Azərbaycan gənclərinin xarici ölkələrdə
təhsili üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş dövlət
proqramı çərçivəsində xaricdə təhsil almış şəxslərin dövlət qulluğuna qəbulu ilə
bağlı bu Qanunun 28.1-ci maddəsi tətbiq edilmir. Həmin şəxs vakant dövlət
qulluğu vəzifəsinin aid olduğu dövlət orqanına müraciət edərək, tələb olunan sənədləri
təqdim etməlidir. Sənədlər təqdim edildikdən sonra həmin şəxs 5 iş günü müddətində
dövlət orqanının rəhbərinə təqdim olunur. Dövlət orqanının rəhbəri həmin şəxsi
stajçı kimi qulluğa qəbul etməli və vakant dövlət qulluğu vəzifəsinə təyin etməlidir.
Həmin şəxsin stajçı kimi qulluğu, habelə onun sınaq müddəti ərzində qulluq keçməsi
və daimi dövlət qulluğuna qəbul edilməsi ilə bağlı məsələlər bu Qanunun 28.7-ci
maddəsi ilə tənzimlənir.
Maddə
28-1. Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi
28-1.1. Dövlət qulluqçusu kimi fəaliyyətini
davam etdirmək istəyən şəxs sertifikatın qüvvədə olma müddətinin son ilində,
lakin həmin sertifikatın qüvvədə olma müddətinin bitmə tarixindən gec olmayaraq
növbəti sertifikat almaq üçün müvafiq icra hakimiyyəti orqanının yaratdığı
qurum tərəfindən keçirilən imtahanlarda iştirak etməli və yenidən sertifikat
almalıdır.
28-1.2. Sertifikat alaraq dövlət qulluğuna qəbul
edilən şəxs sonradan iki dəfə sertifikat aldıqda, sonuncu sertifikat şəxsə müddətsiz
verilir və həmin şəxs dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirməsi üçün
hər hansı bir imtahana cəlb oluna bilməz.
28-1.3. Dövlət qulluğunda fəaliyyətin davam
etdirilməsi üzrə keçirilən test imtahanının məzmunu Şuranın təklifləri əsasında
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən
edilir.
Maddə
29. İnzibati vəzifələrin tutulması
29.1. Ali kateqoriya dövlət orqanlarında
inzibati vəzifələrin ali-üçüncü təsnifatlarına uyğun olan vəzifələrin tutulması
müsahibə keçirilməklə və ya qulluqda yüksəliş yolu ilə həyata keçirilir.
29.2. 1—5-ci kateqoriya dövlət orqanlarında
(yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinin müavinləri vəzifələri və Azərbaycan
Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və
konsulluqlarında təyin olunan ticarət nümayəndələri vəzifələri istisna
olmaqla) inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin
tutulması həmin dövlət orqanı rəhbərinin qərarı əsasında bu Qanunun 28-ci maddəsində
nəzərdə tutulmuş qaydada müsabiqə və ya bu Qanunun 29.3-29.9-cu maddələrinə uyğun
olaraq müsahibə yolu ilə həyata keçirilir. 1—5-ci kateqoriya dövlət orqanının rəhbəri
inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifə
yarandığı gündən bir ay ərzində müsabiqənin, ümumi müsahibənin və ya daxili
müsahibənin keçirilməsi barədə qərar qəbul etməlidir. Müvafiq icra hakimiyyəti
orqanının yaratdığı qurum və müsabiqə (müsahibə) barədə qərar qəbul edən
müvafiq dövlət orqanı həmin müsabiqə və müsahibələrin ədalətli, şəffaf və
operativ keçirilməsini təmin etməlidirlər.
Dövlət qulluqçusu (bu Qanunun 28.12-ci maddəsinin
ikinci hissəsinə uyğun olaraq dövlət qulluğu vəzifələrini tutan dövlət
qulluqçuları istisna olmaqla) qulluq keçdiyi orqanda öz razılığı ilə aşağı vəzifəyə
keçirilərkən, habelə tutduğu inzibati vəzifə təsnifatına uyğun olan, vəzifənin
adı və qulluq funksiyası eyni olan vəzifəyə keçirilərkən bu maddənin
müddəaları həmin dövlət qulluqçusu barəsində tətbiq edilmir.
Dövlət qulluqçusu (bu Qanunun 28.12-ci maddəsinin
ikinci hissəsinə uyğun olaraq dövlət qulluğu vəzifələrini tutan dövlət
qulluqçuları istisna olmaqla) bu maddənin müddəaları tətbiq edilmədən digər
dövlət orqanında (bu maddənin dördüncü hissəsinə uyğun olaraq dövlət
qulluğuna qəbul edilmiş dövlət qulluqçusu isə digər müvafiq icra hakimiyyəti
orqanında) tutduğu inzibati vəzifə ilə eyni təsnifatdan və ya aşağı təsnifatdan
olan vəzifəyə həmin dövlət orqanları rəhbərlərinin qarşılıqlı razılığı ilə
keçirilə bilər.
Yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinin
müavinləri vəzifələrinin tutulması müsahibə keçirilməklə və ya qulluqda yüksəliş
yolu ilə bu Qanunun 29.13-cü maddəsinin müddəaları nəzərə alınmaqla həyata
keçirilir.
Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət
göstərən səfirlik və ya konsulluğunda ticarət nümayəndəsi vəzifəsinin
tutulması müsahibə keçirilməklə və ya qulluqda yüksəliş yolu ilə bu Qanunun
29.12-ci maddəsinin müddəaları nəzərə alınmaqla həyata keçirilir.
29.3. 1—5-ci kateqoriya dövlət orqanlarında (müvafiq
icra hakimiyyəti orqanı istisna olmaqla) inzibati vəzifələrin
dördüncü-yeddinci təsnifatlarına (2-ci kateqoriya dövlət orqanlarına aid
müvafiq icra hakimiyyəti orqanında inzibati vəzifələrin dördüncü təsnifatına
uyğun olan vəzifələr (struktur bölmə (şöbə) rəhbərləri və həmin dövlət orqanı rəhbərinin
müşavirləri, köməkçiləri) istisna olmaqla) uyğun olan vəzifələrin həmin dövlət
orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati
vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə
azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış,
eləcə də bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi
növündə qulluq (xidmət) keçən və xüsusi (hərbi, diplomatik) rütbəsi olan, habelə
həmin orqanlarda azı 5 il qulluq (xidmət) stajı olan və xüsusi (hərbi,
diplomatik) rütbə nəzərdə tutulan vəzifələrdə çalışmış şəxslər tərəfindən
tutulması ümumi müsahibə yolu ilə həyata keçirilir. Bu maddənin müddəaları
bu Qanunun 29.2-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq dövlət qulluğuna
qəbul edilmiş dövlət qulluqçuları (şəxslər) barəsində tətbiq edilmir. Dövlət
qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti)
üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər, dövlət orqanlarında
(qurumlarında) siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) tərəfindən təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı olan şəxslər
inzibati vəzifələrin tutulması üçün keçirilən ümumi müsahibədə iştirak edə bilərlər.
1—5-ci kateqoriya dövlət orqanlarında (müvafiq
icra hakimiyyəti orqanı istisna olmaqla) inzibati vəzifələrin dördüncü —
yeddinci (2-ci kateqoriya dövlət orqanlarına aid müvafiq icra hakimiyyəti
orqanında inzibati vəzifələrin dördüncü təsnifatına uyğun olan vəzifələr
(struktur bölmə (şöbə) rəhbərləri və həmin dövlət orqanı rəhbərinin müşavirləri,
köməkçiləri) istisna olmaqla) təsnifatlarına uyğun olan vəzifələrin tutulması məqsədi
ilə dövlət orqanı rəhbərinin qərarı əsasında, ilk növbədə, həmin dövlət orqanında
inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun
ixtisas dərəcəsi olan dövlət qulluqçularının, habelə bu Qanunun 28.12-ci maddəsinin
ikinci hissəsində müəyyən edilmiş vəzifələrə iddia edən şəxslərin iştirakını nəzərdə
tutan daxili müsahibə keçirilə bilər. Müsahibə bu Qanunun 29.4-29.9-cu maddələrinin
tələbləri nəzərə alınmaqla, bu Qanunun 29.6-cı maddəsində nəzərdə tutulmuş
qaydada keçirilir.
Bu maddənin ikinci hissəsinə uyğun olaraq
keçirilən müsahibə nəticəsində müvafiq inzibati vəzifə tutulmadıqda, dövlət
orqanı rəhbərinin müvafiq qərarı əsasında bu Qanunun 29.4-29.9-cu maddələrinə
uyğun olaraq, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş digər şəxslərin
iştirakını nəzərdə tutan ümumi müsahibə və ya bu Qanunun 28-ci maddəsində nəzərdə
tutulmuş qaydada müsabiqə (bu Qanunun 28.12-ci maddəsinin ikinci hissəsində müəyyən
edilmiş vəzifələr istisna olmaqla) keçirilə bilər.
Bu maddəyə uyğun olaraq müvafiq inzibati vəzifənin
müsahibə yolu ilə tutulması həyata keçirildikdə qanunvericiliklə müəyyən
edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələbləri gözlənilməlidir.
1—5-ci kateqoriya dövlət orqanlarında inzibati
vəzifələrin birinci — yeddinci təsnifatlarına uyğun olan vəzifələrin tutulması
məqsədilə keçirilən müsahibədən müvəffəqiyyətlə keçmiş, lakin vakant vəzifəyə təyin
edilməmiş namizədlər iki il müddətində həmin dövlət orqanında ehtiyat kadr kimi
saxlanılır. Həmin namizədlərin vakant inzibati vəzifələrə təyin olunması və
ehtiyat kadrlar siyahısından çıxarılması ilə bağlı məsələlər bu Qanunun
28.11-ci maddəsinə uyğun olaraq tənzimlənir.
Dövlət orqanının ləğvi, dövlət qulluqçularının
sayının və ya ştatların ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısına daxil
edilən şəxs bu Qanunun 29.2-ci maddəsinin birinci hissəsinə uyğun olaraq
keçirilən ümumi müsahibədə və ehtiyat kadr kimi saxlanıldığı dövlət orqanında
bu Qanunun 29.3-cü maddəsinin ikinci hissəsinə uyğun olaraq keçirilən daxili
müsahibədə iştirak edə bilər.
29.4. Bu Qanunun 29.3-cü maddəsinin ikinci
hissəsində nəzərdə tutulmuş hal istisna olmaqla, müsahibə barədə elan müvafiq
dövlət orqanının müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanının
yaratdığı qurum tərəfindən mediada müsahibənin keçirilməsi tarixinə bir ay
qalmış verilir.
Müsahibənin bu Qanunun 29.3-cü maddəsinin
ikinci hissəsinə uyğun keçirilməsi barədə dövlət orqanı rəhbərinin qərarı
müsahibənin keçirilməsi tarixinə bir ay qalmış həmin dövlət orqanında rəsmi
elan olunur, dövlət orqanının və müvafiq icra hakimiyyəti orqanının yaratdığı
qurumun rəsmi internet saytlarında yerləşdirilir.
29.5. Müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən
çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları,
habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş şəxslər
iştirak edə bilərlər.
Barələrində intizam tənbehi tətbiq edilmiş
dövlət qulluqçuları altı ay ərzində müsahibəyə və müsabiqəyə buraxılmırlar.
Bu maddənin birinci hissəsi bu Qanunun
28.12-ci maddəsinin ikinci hissəsində müəyyən edilmiş vəzifələrin tutulmasına,
habelə məhkəmə hakimiyyəti orqanlarında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına
uyğun olan vəzifələrin həmin orqanlarda qulluq keçən şəxslərin iştirakı ilə
tutulmasına şamil olunmur.
29.6. Müsahibə müvafiq dövlət orqanı rəhbərinin
yaratdığı komissiya tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi qaydada keçirilir.
29.7. Bu Qanunun 29.6-cı maddəsində nəzərdə
tutulmuş komissiya bu Qanunun 28.12-ci maddəsinin ikinci hissəsində müəyyən
edilmiş vəzifələrin tutulması ilə bağlı müsahibə zamanı yalnız həmin dövlət
orqanının nümayəndələri daxil edilməklə, digər hallarda isə müvafiq icra
hakimiyyəti orqanının yaratdığı qurumun 1 nümayəndəsi və 1 müstəqil ekspert
daxil edilməklə, 3 nəfərdən ibarət tərkibdə yaradılır.
29.8. Müsahibə zamanı müsahibədə iştirak edən
şəxsin bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə
elan edilən vəzifə üçün zəruri olan keyfiyyətləri yoxlanılmaqla, müvafiq vəzifəyə
yararlılığı müəyyən edilir.
29.9. Müsahibə zamanı aşağıdakı göstəricilər nəzərə
alınmalıdır:
29.9.1. ixtisas dərəcəsi;
29.9.2. attestasiyanın nəticələri;
29.9.3. müvafiq vəzifənin tələblərinə uyğun
olaraq əlavə təhsilalma.
29.10. Müsahibənin nəticələrinə görə müvafiq
inzibati vəzifənin tutulması barədə qərar qəbul edilir.
29.11. Müsahibə nəticəsində müvafiq inzibati vəzifə
(bu Qanunun 28.12-ci maddəsinin ikinci hissəsində müəyyən edilmiş vəzifələr
istisna olmaqla) tutulmadıqda, dövlət orqanı rəhbərinin həmin vəzifənin müsabiqə
əsasında tutulması barədə qərarı əsasında bu Qanunun 28-ci maddəsində nəzərdə
tutulmuş qaydada müsabiqə keçirilir.
29.12. Azərbaycan Respublikasının xarici ölkələrdə
fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələri
müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən müvafiq icra hakimiyyəti
orqanı ilə razılaşdırılmaqla təyin olunur.
29.13. Yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinin
müavinləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq icra hakimiyyəti
orqanı ilə razılaşdırılmaqla təyin olunur.
Maddə
29-1. Müsahibənin nəticələrinə yenidən baxılması
Namizədlər müsahibənin nəticələrindən inzibati
qaydada müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma, Şuraya və məhkəməyə
şikayət verə bilərlər.
Maddə
30. Dövlət qulluğunun şərtləri
30.1. Dövlət qulluğunda iş vaxtı həftədə 40
saatdır. Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qanunla müddəti
qısaldılmış iş vaxtı müəyyən edilə bilər.
30.2. Qulluq üçün zəruri olduqda dövlət orqanının
rəhbəri müstəsna hallarda iş vaxtını ayda əvəzi ödənilmədən 5 saata qədər
artıra bilər. İş vaxtı 5 saatdan çox artırılanda işlədiyi hər saata görə dövlət
qulluqçusuna əlavə haqq ödənilməlidir.
30.3. İnzibati vəzifə tutan dövlət
qulluqçusuna ildə bir dəfə 30 təqvim günü müddətində haqqı ödənilən əsas məzuniyyət
verilir. Uzun illər işləməyə görə haqqı ödənilən əlavə məzuniyyət aşağıdakı
qaydada verilir:
30.3.1. 5 ildən 10 ilədək əmək stajına görə—2
təqvim günü;
30.3.2. 10 ildən 15 ilədək əmək stajına görə—4
təqvim günü;
30.3.3. 15 ildən çox əmək stajına görə—6 təqvim
günü;
Dövlət qulluqçusu öz arzusu ilə və dövlət
orqanı rəhbərinin razılığı ilə ödənişsiz məzuniyyətə göndərilə bilər.
30.4. Xidməti ezamiyyətə göndərilən dövlət
qulluqçusu aşağıdakılarla təmin olunur:
30.4.1. mehmanxanada və ya xidməti yaşayış sahəsində
yer, altı aydan çox müddətə ezamiyyətə göndəriləndə isə ayrıca xidməti mənzil
sahəsi;
30.4.2. iş yeri, rabitə vasitələrindən istifadə
etmək imkanı;
30.4.3. digər zəruri texniki xidmətlər və
sosial-məişət xidmətləri, o cümlədən onu göndərən orqanın vəsaiti hesabına xidmətlər.
30.5. Müvvəqqəti olaraq başqa yerə qulluğa
keçirilən dövlət qulluqçusunun ailəsini özü ilə aparmağa ixtiyarı vardır. Ona
müəyyən edilmiş yaşayış normalarına uyğun gələn məişət ləvazimatı ilə komplektləşdirilmiş
xidməti mənzil verilir, habelə əvvəl qulluq keçdiyi yerdəki yaşayış sahəsi
saxlanılır. Dövlət qulluqçusunun ailə üzvlərinə işə və ya təhsil müəssisəsinə
düzəlməkdə kömək göstərilir, məktəbəqədər təhsil müəssisələrində yer
verilir və lazım gəldikdə, onu göndərən orqanın vəsaiti hesabına haqqı ödənilən
tibbi xidmət göstərilir. Müvəqqəti olaraq başqa yerə qulluğa keçirilməklə bağlı
olan digər məsələlər Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzim
olunur.
30.6. Yardımçı vəzifələr tutan dövlət
qulluqçularının əmək münasibətləri bu qanunun müddəaları nəzərə alınmaqla
Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.
Maddə
30-1. Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi
30-1.1. İnzibati vəzifə tutan dövlət
qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi hər təqvim ilinin
sonunda həyata keçirilir.
30-1.2. Ali kateqoriya dövlət orqanlarında
inzibati vəzifələrin ali-üçüncü təsnifatlarına uyğun dövlət qulluğu vəzifələrini
tutan dövlət qulluqçularının, stajçı kimi və sınaq müddəti ilə dövlət qulluğuna
qəbul edilmiş şəxslərin, habelə təqvim ilinin sonunadək müvafiq vəzifədə
faktiki olaraq 6 aydan az müddətdə qulluq keçən dövlət qulluqçularının xidməti
fəaliyyəti qiymətləndirilmir.
30-1.3. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin
qiymətləndirilməsi onun bilavasitə rəhbəri tərəfindən həyata keçirilir.
30-1.4. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin
qiymətləndirilməsi qiymətləndirilmə forması əsasında aparılır. Qiymətləndirilmə
forması dövlət qulluqçusunun təqvim ili ərzində yerinə yetirməli olduğu
tapşırıqlar (hədəflər) və bu Qanunun 30-1.6-cı və 30-1.7-ci maddələrində göstərilən
meyarlar, habelə əmək intizamı nəzərə alınmaqla tərtib edilir. Tapşırıqların (hədəflərin)
və meyarların mühümlük dərəcəsi bilavasitə rəhbər tərəfindən müəyyən edilir.
30-1.5. Tapşırıqlar (hədəflər) dövlət
qulluqçusunun il ərzində icra etməli olduğu mühüm işlərdir. Tapşırıqlar (hədəflər)
dövlət qulluqçusunun qulluq keçdiyi struktur bölmənin fəaliyyət istiqamətlərinə
uyğun və dövlət qulluqçusunun qulluq funksiyaları çərçivəsində olmalıdır.
Tapşırıqların (hədəflərin) icra müddəti dəqiq müəyyən edilməli, ölçülə və yerinə
yetirilə bilən olmalıdır. Hər bir tapşırığın (hədəfin) icra edilməsindən gözlənilən
nəticə müəyyən edilməlidir.
30-1.6. Dövlət qulluqçusunun il ərzində xidməti
fəaliyyəti aşağıdakı meyarlar əsasında qiymətləndirilir:
30-1.6.1. peşə bilikləri;
30-1.6.2. qulluq (xidməti) vəzifələrinə
münasibəti;
30-1.6.3. təhlil aparmaq, problem həll etmək və
qərar vermək bacarığı;
30-1.6.4. yaradıcılıq və təşəbbüskarlıq;
30-1.6.5. iş təcrübəsi və onu bölüşmə;
30-1.6.6. kollektivdə işləmək və ünsiyyət
bacarığı.
30-1.7. Rəhbər vəzifə tutan dövlət
qulluqçularının fəaliyyəti bu Qanunun 30-1.6-cı maddəsində göstərilənlərə əlavə
olaraq aşağıdakı meyarlar əsasında qiymətləndirilir:
30-1.7.1. proqnozlaşdırma;
30-1.7.2. idarəetmə;
30-1.7.3. kollektiv daxilində nüfuz və
ruhlandırmaq bacarığı;
30-1.7.4. komanda qurmaq bacarığı.
30-1.8. Dövlət qulluqçusunun xidməti fəaliyyəti
aşağıdakı şəkildə qiymətləndirilir:
30-1.8.1. əla;
30-1.8.2. yaxşı;
30-1.8.3. kafi;
30-1.8.4. qeyri-kafi.
30-1.9. Dövlət qulluqçusunun xidməti fəaliyyətinə
verilən yekun qiymətin 50 faizi tapşırıqların (hədəflərin) icra səviyyəsinin
qiymətləndirilməsinə, 40 faizi meyarlar əsasında qiymətləndirilməyə, 10 faizi
isə əmək intizamı əsasında qiymətləndirməyə əsaslanır.
30-1.10. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin
qiymətləndirilməsinin nəticələri xidməti fəaliyyətin qiymətləndirilməsi barədə
sənədlə rəsmiləşdirilir. Dövlət qulluqçusunun fəaliyyəti bütün tapşırıqlar (hədəflər),
meyarlar, eləcə də əmək intizamı üzrə qiymətləndirilir və verilmiş qiymətlər əsaslandırılır.
Dövlət qulluqçusu xidməti fəaliyyətinin qiymətləndirilməsi nəticəsi ilə
razılaşmadıqda xidməti fəaliyyətin qiymətləndirilməsi barədə sənədə onun rəyi əlavə
edilir. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri
onun şəxsi işində saxlanılır.
30-1.11. Dövlət qulluqçusunun xidməti fəaliyyəti
üzrə yekun qiymət müəyyən edildikdən sonra onunla müsahibə keçirilir. Müsahibə
zamanı dövlət qulluqçusunun xidməti fəaliyyətinə verilən qiymət və şərhlər
müzakirə olunur. Müsahibə zamanı növbəti qiymətləndirilmə ili üçün tapşırıqlar
(hədəflər) və onların mühümlük dərəcəsi müəyyən edilə bilər.
30-1.12. Dövlət orqanının rəhbəri tərəfindən
dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsi əsasında
onun barəsində aşağıdakı tədbirlərdən biri görülə bilər:
30-1.12.1. dövlət qulluqçusunun
mükafatlandırılması;
30-1.12.2. dövlət qulluqçusuna vaxtından əvvəl
ixtisas dərəcəsinin verilməsi;
30-1.12.3. dövlət qulluqçusunun fəaliyyətinin
və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə əlavə təhsilə və ya
xüsusi təlimlərə cəlb edilməsi;
30-1.12.4. dövlət qulluqçusunun bilik və
bacarıqlarına uyğun digər analoji vəzifəyə keçirilməsi;
30-1.12.5. dövlət qulluqçusunun aşağı inzibati
vəzifəyə keçirilməsi.
30-1.13. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin
qiymətləndirilməsi qaydası və qiymətləndirilmə forması müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
30-1.14. Dövlət qulluqçusu xidməti fəaliyyətinin
qiymətləndirilməsinin nəticəsi ilə razılaşmadıqda inzibati qaydada və məhkəmə
qaydasında şikayət etmək hüququna malikdir.
Maddə
31. Dövlət qulluqçusunun attestasiyası
31.1. İnzibati və yardımçı vəzifələri tutan hər
bir dövlət qulluqçusu, bu qanunda başqa hal nəzərdə tutulmayıbsa, beş ildə bir
dəfədən çox olmayaraq attestasiyadan keçirilməlidir.
31.2. Attestasiya kollegial, obyektiv surətdə,
müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin və müstəqil mütəxəssislərin cəlb
edilməsi ilə keçirilir. Attestasiya komissiyasının tərkibini müvafiq dövlət
orqanının rəhbəri təsdiq edir.
31.3. Attestasiya zamanı dövlət qulluqçusunun
peşəkarlıq, işgüzarlıq və mənəvi keyfiyyətləri qiymətləndirilir və onun tutduğu
vəzifəyə uyğun gəlib-gəlmədiyi barədə nəticə çıxarılır.
31.4. Attestasiyanın əsas məqsədləri
aşağıdakılardır:
31.4.1. dövlət qulluqçusunun tutduğu vəzifəyə
uyğun gəlib-gəlmədiyinin müəyyənləşdirilməsi;
31.4.2. dövlət qulluqçusunun potensial
imkanlarından istifadə etmək mümkünlüyünün aşkara çıxarılması, onun peşə səriştəliyini
artırmağa stimullaşdırılması;
31.4.3. dövlət qulluqçusunun əlavə təhsilinə zərurət
dərəcəsinin müəyyənləşdirilməsi.
31.5. Attestasiyanın keçirilməsinin müddətləri,
cədvəli və bu Qanunun 31.6-cı maddəsində göstərilən sualların hazırlanmasında
istifadə olunan hüquqi aktların və digər məlumat mənbələrinin siyahısı müvafiq
icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla müvafiq dövlət orqanı tərəfindən
təsdiq edilir və attestasiyanın başlanmasına ən geci 1 ay qalmış attestasiyadan
keçən dövlət qulluqçularının nəzərinə çatdırılır.
31.6. Attestasiya komissiyasının üzvləri tərəfindən
dövlət qulluqçusuna yalnız tutduğu vəzifəyə, vəzifə təlimatına, ixtisasına
dair, icra etdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə
uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş
hüquqları, qulluq funksiyalarına aid olan məsələlərlə əlaqədar suallar verilə
bilər. Attestasiya olunan dövlət qulluqçusuna onun xidməti fəaliyyətinə
bilavasitə aid olmayan sualların verilməsi, habelə onun siyasi baxışlarına və etiqadına
görə qiymətləndirilməsi yolverilməzdir.
31.7. Tutduğu vəzifədə 1 ildən az qulluq keçən,
habelə staj və sınaq müddətində olan dövlət qulluqçuları növbəti attestasiyadan
keçirilmirlər. Uşağa qulluq etmək üçün məzuniyyətdə olan dövlət qulluqçusu
qulluq keçməsini davam etdirməyə başladıqdan sonra bir ildən tez olmayaraq
attestasiyadan keçməlidirlər.
31.8. Attestasiyanın keçirilməsi üçün sədrdən,
katibdən və azı digər üç komissiya üzvündən ibarət tərkibdə attestasiya
komissiyası təsdiq edilir. Tərkibi vaxtaşırı dəyişən attestasiya komissiyasına
yüksək ixtisaslı mütəxəssislər, elmi ekspertlər daxil edilə bilərlər.
31.9. Attestasiyadan keçməli olan hər bir dövlət
qulluqçusuna attestasiyanın başlanmasına ən azı 2 həftə qalmış onun bilavasitə
rəhbəri tərəfindən hazırlanmış xidməti xasiyyətnamə verilir və həmin dövlət
qulluqçusu ona verilən xasiyyətnamə ilə tanış olmalıdır.
Xasiyyətnamədə dövlət qulluqçusunun xidməti fəaliyyətinə
qiymət verilir, fərdi xüsusiyyətləri, güclü və zəif cəhətləri, keçən dövr ərzindəki
işinin nəticələri göstərilir. Sonrakı attestasiyalarda komissiyaya habelə əvvəlki
attestasiyanın attestasiya vərəqəsi təqdim edilir.
31.10. Dövlət qulluqçusu attestasiyadan
keçirilərkən onun bilavasitə rəhbəri attestasiyaya dəvət edilə bilər.
Attestasiya komissiyası attestasiyadan keçən dövlət qulluqçusunun fəaliyyəti
haqqında onun məlumatını dinləyir və təqdim edilmiş materialları nəzərdən
keçirir.
31.11. Dövlət qulluqçusu üzrlü səbəb olmadan
attestasiya komissiyasının iclasına gəlmədikdə, attestasiyadan keçirilməmiş
hesab edilir və həmin dövlət qulluqçusu barəsində bu qanunun 25.2-ci maddəsində
nəzərdə tutulmuş intizam tənbeh tədbirləri tətbiq edilə bilər. Dövlət
qulluqçusu üzrlü səbəbdən attestasiya komissiyasının iclasına gəlmədikdə,
attestasiyadan keçirilməmiş hesab edilir. Dövlət qulluqçusu üzrlü səbəb olmadan
və ya üzrlü səbəbdən attestasiya komissiyasının iclasına gəlmədikdə, həmin dövlət
qulluqçusu növbəti attestasiyadan keçməlidir.
31.12. Dövlət qulluqçusunun attestasiyasının nəticələri
əsasında attestasiya komissiyası aşağıdakı qiymətlərdən birini verir:
31.12.1. tutduğu vəzifəyə uyğun gəlir;
31.12.2. işini yaxşılaşdırsa və komissiyanın
tövsiyələrini yerinə yetirsə, bir ildən sonra təkrar attestasiyadan keçmək şərti
ilə tutduğu vəzifəyə uyğun gəlir;
31.12.3. tutduğu vəzifəyə uyğun gəlmir.
31.13. Attestasiya komissiyası attestasiyanın
nəticələri əsasında ayrı-ayrı dövlət qulluqçularının qazandıqları müvəffəqiyyətlərə
görə mükafatlandırılması, irəli çəkilmək üçün ehtiyat kadrlar siyahısına daxil
edilməsi, attestasiyadan keçən dövlət qulluqçularının müvafiq istiqamət üzrə əlavə
təhsilə cəlb edilməsi, qulluq fəaliyyətinin, işinin nəticələrinin
yaxşılaşdırılması, aşağı vəzifəyə keçirilməsi və ya tutduğu vəzifədən azad
edilməsi haqqında tövsiyələr verə bilər. Bu halda komissiya irəli sürdüyü tövsiyələri
əsaslandırmalıdır.
31.14. Dövlət qulluqçusunun fəaliyyətinə verilən
qiymət və komissiyanın tövsiyələri attestasiyadan keçən dövlət qulluqçusunun
iştirakı olmadan açıq səsvermə yolu ilə qəbul edilir.
31.15. Attestasiya və səsvermə attestasiya
komissiyasının üzvlərinin ən azı üçdə iki hissəsinin iştirakı ilə keçirilir. Səsvermənin
nəticələri səs çoxluğu ilə müəyyən edilir. Səslər bərabər olduqda,
attestasiyadan keçən dövlət qulluqçusu tutduğu vəzifəyə uyğun gələn sayılır.
Attestasiya komissiyasının üzvü olan dövlət qulluqçusu attestasiyadan keçərkən
səsvermədə iştirak etmir. Attestasiyanın nəticələri səsvermədən dərhal sonra
dövlət qulluqçusuna bildirilir.
31.16. Attestasiyanın nəticələri (qiymət və
tövsiyələr), habelə attestasiya zamanı verilən suallar və cavablar tərtib edilən,
sədr, katib və attestasiya komissiyasının səsvermədə iştirak etmiş digər üzvləri
tərəfindən imzalanan attestasiya vərəqəsinə yazılır.
31.17. Attestasiyadan keçən dövlət
qulluqçusunun attestasiya vərəqəsi və xasiyyətnaməsi onun şəxsi işində
saxlanılır və onların bir surəti attestasiyadan keçən dövlət qulluqçusuna
verilir.
31.18. Attestasiya komissiyasının verdiyi qiymət
əsas götürülərək, tövsiyələr nəzərə alınmaqla və qüvvədə olan qanunvericiliyə
uyğun olaraq ayrı-ayrı dövlət qulluqçularının qazandıqları müvəffəqiyyətlər
müqabilində mükafatlandırılması, dövlət qulluqçusunun irəli çəkilmək üçün
ehtiyat kadrlar siyahısına daxil edilməsi, yuxarı vəzifəyə keçirilməsi, xidməti
fəaliyyətlə bağlı müvafiq istiqamət üzrə əlavə təhsilə cəlb edilməsi,
attestasiyanın nəticələrinə görə tutduğu vəzifəyə uyğun gəlmədiyi aşkara çıxan
dövlət qulluqçusunun aşağı vəzifəyə keçirilməsi və ya tutduğu vəzifədən azad
edilməsi haqqında qərarlar dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının
rəhbəri tərəfindən qəbul edilir.
31.19. Bu qanunun 31.18-ci maddəsində nəzərdə
tutulmuş qərarlar dövlət qulluqçusunun attestasiyadan keçdiyi gündən sonra ən
geci 2 ay müddətində qəbul edilir. Bu müddət keçdikdən sonra attestasiyanın nəticələri
əsasında dövlət qulluqçusunun aşağı vəzifəyə keçirilməsi və ya tutduğu vəzifədən
azad edilməsi haqqında qərarlar qəbul edilə bilməz.
31.20. Dövlət qulluqçusunun üzrlü səbəbdən işə
gəlmədiyi, ezamiyyətdə və məzuniyyətdə olduğu vaxt həmin 2 ay müddətinə daxil
edilmir.
31.21. Dövlət qulluqçusu attestasiyanın nəticələrindən
7 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına şikayət edə bilər.
Müvafiq icra hakimiyyəti orqanı şikayətə daxil olduğu gündən sonra 20 iş günü ərzində
baxır.
31.22. Dövlət qulluqçusunun attestasiyasının
keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
Maddə
31-1. Dövlət qulluqçusunun rotasiyası
31-1.1. Dövlət qulluqçusunun rotasiyası onun
qulluq keçdiyi dövlət orqanının rəhbərinin qərarı ilə müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata
keçirilir.
31-1.2. Bu Qanunun 31-1.1-ci maddəsində nəzərdə
tutulan qaydada siyahısı müəyyən edilən dövlət qulluqçuları rotasiya qaydasında
başqa vəzifəyə təyin edilərkən onun qulluq keçdiyi inzibati vəzifənin təsnifatı,
ixtisası, xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsi, qulluq stajı,
habelə yaşı, ailə və sağlamlıq vəziyyəti nəzərə alınır.
31-1.3. Müvafiq vəzifədə beş ildən az qulluq
keçən dövlət qulluqçuları rotasiya olunmur.
31-1.4. Rotasiya qaydasında yaşadığı inzibati ərazi
vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada
kompensasiya və birdəfəlik ödəniş verilir.
Maddə
32. Dövlət qulluğunda irəli çəkilmək hüququ
32.1. Dövlət qulluqçusu bu qanunla müəyyən
edilmiş qaydada qulluqda yüksəliş yolu ilə, habelə müsahibə və ya müsabiqə nəticəsində
dövlət qulluğunda irəli çəkilə bilər.
32.2. Dövlət qulluğunda irəli çəkilmək hüququ
dövlət qulluqçularının öz vəzifələrini müvəffəqiyyətlə və vicdanla yerinə
yetirməsi, vakant vəzifə olması, habelə boşalmış vəzifənin tələblərinə
uyğun olaraq əlavə təhsilalmanın nəticələri nəzərə alınmaqla həyata
keçirilir. Bu zaman rotasiya olunmuş inzibati vəzifə tutan dövlət
qulluqçularına üstünlük verilir.
32.3. Qulluqçunun irəli çəkilməsindən imtina
edilməsi barədə qanunvericilikdə müəyyən olunmuş qaydada, yəni yalnız müsabiqənin
və ya attestasiyanın keçirilməsi qaydasının pozulduğu hallarda şikayət etmək
olar.
32.4. Yeni vəzifəyə təyinat Azərbaycan
Respublikasının adından həyata keçirilir və müvafiq orqanın sənədi (vəsiqəsi)
ilə təsdiq edilir.
32.5. Dövlət qulluqçusunun potensialından
düzgün istifadə edilərək hərtərəfli inkişafına şərait yaratmaq, onun dövlət
qulluğunda irəli çəkilməsi və motivasiyasının təmin edilməsi və dövlət
qulluğunda insan resurslarından daha səmərəli istifadə edilməklə dövlət
orqanının kadr tələbatına olan ehtiyacını vaxtında ödəmək məqsədilə dövlət
qulluqçusunun karyerası planlaşdırılır. Dövlət qulluqçularının karyerasının
planlaşdırılması üçün dövlət orqanları tərəfindən müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada dövlət
qulluqçusunun karyera inkişaf planı hazırlanır.
Maddə
32-1. Dövlət qulluğunda olmanın yaş həddi
32-1.1. Dövlət qulluqçusunun dövlət qulluğunda
olmasının yaş həddi 65-dir.
32-1.2. 65 yaşına çatmış dövlət qulluqçusunun
dövlət qulluğunda olma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər
dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Dövlət qulluqçusunun dövlət
qulluğunda olma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.
32-1.3. İnzibati vəzifələrin ali-üçüncü təsnifatına
aid vəzifələrdə qulluq keçən dövlət qulluqçusunun dövlət qulluğunda olma müddəti
müvafiq dövlət orqanının razılığı əsasında bu Qanunun 32-1.2-ci maddəsində nəzərdə
tutulmuş müddətdən artıq uzadıla bilər.
32-1.4. Bu Qanunun 32-1.2-ci maddəsinə uyğun
olaraq dövlət orqanına aid edilən sahədə dövlət qulluğunda olma müddəti
uzadılmış dövlət qulluqçularının sayı həmin dövlət orqanının vahid sistemini təşkil
edən qurumların işçilərinin ümumi sayının 15 faizindən artıq ola bilməz.
32-1.5. Dövlət orqanının aparatının və digər
struktur qurumunun çalışma müddəti uzadılmış işçilərinin sayı müvafiq olaraq
onun aparatının və digər struktur qurumunun işçilərinin sayının 2 faizindən
artıq ola bilməz.
32-1.6. Dövlət orqanının aparatında və ya digər
struktur qurumunda dövlət qulluqçularının sayı 100 nəfərdən az olduqda, çalışma
müddəti uzadılmış işçilərin sayı iki ştat vahidinə qədər yuvarlaqlaşdırılır.
32-1.7. Dövlət qulluqçusunun dövlət qulluğunda
olma müddətinin uzadılmasına onun razılığı əsasında yol verilir.
32-1.8. Bu Qanunun 32-1.2-ci maddəsi tətbiq
edilərkən aşağıdakılar nəzərə alınır:
32-1.8.1. dövlət qulluğunda intizam tənbeh tədbirlərinin
tətbiq edilməməsi;
32-1.8.2. elmi dərəcənin və ya elmi adın
olması;
32-1.8.3. dövlət təltifi ilə təltif edilmə;
32-1.8.4. attestasiyadan üç dəfə müvəffəqiyyətlə
keçmə.
Maddə
33. Dövlət qulluğuna xitam verilməsi
33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla
xitam verilə bilər:
33.1.1. dövlət qulluqçusunun öz arzusu ilə;
33.1.2. dövlət orqanı ləğv edildikdə;
33.1.3. dövlət qulluqçularının sayı və ya
ştatları ixtisar edildikdə;
33.1.4. qanunvericiliyin tələbləri pozularaq
işə qəbul edildikdə;
33.1.5. dövlət qulluqçusunun aldığı
sertifikatın qüvvədəolma müddəti bitdikdə və dövlət qulluqçusu növbəti
sertifikat ala bilmədikdə;
33.1.6. Bu qanunun 25.2.6-cı maddəsinə uyğun
olaraq dövlət qulluğundan azad edildikdə;
33.1.7. Azərbaycan Respublikası vətəndaşlığına
xitam verildikdə;
33.1.8. qanunvericilik və ya yerli özünüidarə
orqanlarına seçildikdə, habelə hakim təyin edildikdə, əgər onlar həmin vəzifələrdən
imtina etmədikdə;
33.1.9. qanunvericilikdə daha uzun müddət müəyyən
edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam
itirilməsi ilə əlaqədar dövlət qulluqçusu əmək funksiyasını yerinə yetirə bilmədikdə;
33.1.10. məhkəmənin qanuni qüvvəyə minmiş
ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuni
qüvvəyə minmiş qərarı olduqda;
33.1.11. dövlət qulluqçusu vəfat etdikdə,
habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş
elan edildikdə;
33.1.12. dövlət qulluğunda olmanın yaş həddinə
çatdıqda.
33.2. Dövlət qulluqçusu müvafiq qanunvericiliyə
uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan
çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən
asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində
birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur.
33.3. Dövlət orqanı rəhbərinin dövlət
qulluğunu davam etdirmək barədə qərarı olarsa, dövlət qulluqçusu öz arzusu ilə
dövlət qulluğundan çıxmaq barədə ərizəni verdiyi gündən 1 ay ərzində dövlət
qulluğunu davam etdirməlidir. Zərurət olduqda, həmin müddət dövlət orqanının rəhbəri
tərəfindən əlavə olaraq 1 ay müddətinədək uzadıla bilər.
IV fəsil.
Yekun müddəalar
Maddə
34. Dövlət qulluğu keçmənin digər məsələləri
Bu Qanunda və ona uyğun qəbul edilmiş
qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər
məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir.
Maddə
35. Qanunun qüvvəyə minməsi
Bu Qanun 2001-ci il sentyabrın 1-dən qüvvəyə
minir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 21 iyul 2000-ci il
№ 926-IQ
«Azərbaycan» qəzetində dərc edilmişdir (7
fevral 2001-ci il, №30).
«Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu»nda dərc edilmişdir (2001-ci il, № 1, maddə 1).
13 fevral 2001-ci il tarixli, 74-IIQD nömrəli; 2 iyul 2002-ci il tarixli, 359-IIQD nömrəli; 3 dekabr 2002-ci il tarixli, 398-IIQD nömrəli; 30 dekabr 2003-cü il tarixli, 569-IIQD nömrəli; 5 mart 2004-cü il tarixli, 597-IIQD nömrəli; 4 may 2004-cü il tarixli, 646-IQD nömrəli; 8 iyun 2004-cü il tarixli, 684-IIQD nömrəli; 10 sentyabr 2004-cü il tarixli, 751-IIQD nömrəli; 15 aprel 2005-ci il tarixli, 886-IIQD nömrəli; 10 may 2005-ci il tarixli, 914-IIQD nömrəli; 1 sentyabr 2005-ci il tarixli, 980-IIQD nömrəli; 3 mart 2006-cı il tarixli, 78-IIIQD nömrəli; 12 may 2006-cı il tarixli, 108-IIIQD nömrəli; 30 may 2006-cı il tarixli, 122-IIIQD nömrəli; 10 oktyabr 2006-cı il tarixli, 159-IIIQD nömrəli; 20 oktyabr 2006-cı il tarixli, 167-IIIQD nömrəli; 28 noyabr 2006-cı il tarixli, 179-IIIQD nömrəli; 16 fevral 2007-ci il tarixli, 246-IIIQD nömrəli; 10 aprel 2007-ci il tarixli, 303-IIIQD nömrəli; 31 may 2007-ci il tarixli, 356-IIIQD nömrəli; 1 oktyabr 2007-ci il tarixli, 420-IIIQD nömrəli; 1 oktyabr 2007-ci il tarixli, 424-IIIQD nömrəli; 19 oktyabr 2007-ci il tarixli, 458-IIIQD nömrəli; 19 oktyabr 2007-ci il tarixli, 462-IIIQD nömrəli; 7 dekabr 2007-ci il tarixli, 504-IIIQD nömrəli; 7 dekabr 2007-ci il tarixli, 510-IIIQD nömrəli; 1 fevral 2008-ci il tarixli, 536-IIIQD nömrəli; 12 fevral 2008-ci il tarixli, 546-IIIQD nömrəli; 1 aprel 2008-ci il tarixli, 579-IIIQD nömrəli; 2 iyun 2008-ci il tarixli, 624-IIIQD nömrəli; 13 iyun 2008-ci il tarixli, 638-IIIQD nömrəli; 13 iyun 2008-ci il tarixli, 648-IIIQD nömrəli; 13 iyun 2008-ci il tarixli, 649-IIIQD nömrəli; 24 iyun 2008-ci il tarixli, 654-IIIQD nömrəli; 30 dekabr 2008-ci il tarixli, 755-IIIQD nömrəli; 28 aprel 2009-cu il tarixli, 806-IIIQD nömrəli; 26 may 2009-cu il tarixli, 820-IIIQD nömrəli; 30 sentyabr 2009-cu il tarixli, 885-IIIQD nömrəli; 27 oktyabr 2009-cu il tarixli, 901-IIIQD nömrəli; 26 noyabr 2009-cu il tarixli, 921-IIIQD nömrəli; 5 mart 2010-cu il tarixli, 972-IIIQD nömrəli; 21 dekabr 2010-cu il tarixli, 38-IVQD nömrəli; 1 fevral 2011-ci il tarixli, 57-IVQD nömrəli; 17 may 2011-ci il tarixli, 126-IVQD nömrəli; 20 aprel 2012-ci il tarixli, 345-IVQD nömrəli; 1 oktyabr 2012-ci il tarixli, 424-IVQD nömrəli; 16 oktyabr 2012-ci il tarixli, 441-IVQD nömrəli; 30 dekabr 2014-cü il tarixli, 1160-IVQD nömrəli; 3 aprel 2015-ci il tarixli, 1241-IVQD nömrəli; 30 sentyabr 2015-ci il tarixli, 1339-IVQD nömrəli; 31 may 2016-cı il tarixli, 267-VQD nömrəli; 14 oktyabr 2016-cı il tarixli, 358-VQD nömrəli; 30 sentyabr 2016-cı il tarixli, 329-VQD nömrəli; 14 oktyabr 2016-cı il tarixli, 354-VQD nömrəli; 25 aprel 2017-ci il tarixli, 625-VQD nömrəli; 31 may 2017-ci il tarixli, 693-VQD nömrəli; 31 may 2017-ci il tarixli, 706-VQD nömrəli; 30 iyun 2017-ci il tarixli, 764-VQD nömrəli; 31 oktyabr 2017-ci il tarixli, 850-VQD nömrəli; 31 oktyabr 2017-ci il tarixli, 824-VQD nömrəli; 29 dekabr 2017-ci il tarixli, 967-VQD nömrəli; 29 dekabr 2017-ci il tarixli, 968-VQD nömrəli; 6 mart 2018-ci il tarixli, 1025-VQD nömrəli; 24 aprel 2018-ci il tarixli, 1077-VQD nömrəli; 1 may 2018-ci il tarixli, 1114-VQD nömrəli; 31 may 2018-ci il tarixli, 1171-VQD nömrəli; 18 may 2018-ci il tarixli, 1147-VQD nömrəli; 29 iyun 2018-ci il tarixli, 1212-VQD nömrəli; 7 dekabr 2018-ci il tarixli, 1386-VQD nömrəli; 19 may 2020-ci il tarixli, 110-VIQD nömrəli; 29 iyun 2020-ci il tarixli, 150-VIQD nömrəli; 19 iyun 2020-ci il tarixli, 139-VIQD nömrəli; 30 sentyabr 2020-ci il tarixli, 171-VIQD nömrəli; 24 noyabr 2020-ci il tarixli, 202-VIQD nömrəli; 20 noyabr 2020-ci il tarixli, 200-VIQD nömrəli; 12 fevral 2021-ci il tarixli, 261-VIQD nömrəli; 31 may 2021-ci il tarixli, 340-VIQD nömrəli; 22 iyun 2021-ci il tarixli, 352-VIQD nömrəli (2022-ci il iyulun 1-dən qüvvəyə minir); 2 iyul 2021-ci il tarixli, 358-VIQD nömrəli (2020-ci il yanvarın 1-dən tətbiq edilir); 9 iyul 2021-ci il tarixli, 362-VIQD nömrəli; 20 dekabr 2021-ci il tarixli, 437-VIQD nömrəli; 5 noyabr 2022-ci il tarixli 628-VIQD nömrəli (2023-cü il yanvarın 1-dən qüvvəyə minir); 29 noyabr 2022-ci il tarixli 658-VIQD nömrəli; 2 dekabr 2022-ci il tarixli 668-VIQD nömrəli; 24 fevral 2023-cü il tarixli 825-VIQD nömrəli; 11 aprel 2023-cü il tarixli 860-VIQD nömrəli; 30 may 2023-cü il tarixli 877-VIQD nömrəli; 21 noyabr 2023-cü il tarixli 1021-VIQD nömrəli; 21 noyabr 2023-cü il tarixli 1022-VIQD nömrəli; 5 aprel 2024-cü il tarixli 1127-VIQD nömrəli Qanunlara əsasən dəyişikliklər və əlavələrlə.