Dövlət
qulluğu haqqında
Azərbaycan
Respublikasının Qanunu
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin 19-cu bəndinə uyğun olaraq Azərbaycan
Respublikasında dövlət qulluğunun hüquqi, təşkilati və maliyyə-iqtisadi əsaslarını
müəyyən edir.
I fəsil. Ümumi müddəalar
Maddə 1. Əsas anlayışlar
1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə
edir:
1.1.1. dövlət qulluğu — Azərbaycan Respublikasının Konstitusiyasına və
digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının
həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmət;
1.1.2. dövlət qulluğunun xüsusi növü — xüsusi, hərbi və ya diplomatik
rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmə;
1.1.3. dövlət qulluqçusu — yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə
tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada
inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi
verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən
Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının
vətəndaşı olan dövlət orqanının işçisi;
1.1.4. dövlət orqanı — Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan
Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və
funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən,
Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə
olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan
Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına
uyğun olaraq yaradılan və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan struktura
malik olan dövlət təsisatı;
1.1.5. dövlət orqanlarının kateqoriyası (təsnifatı) — dövlət
orqanlarının statusu, iyerarxiyası və yurisdiksiyası (ölkə, regional və yerli səviyyədə)
nəzərə alınmaqla təsnifləşdirilməsi;
1.1.6. dövlət məvacibi — dövlət qulluqçusuna pul formasında nağdsız
qaydada ödənilən aylıq haqq;
1.1.7. dövlət qulluğu vəzifəsi — dövlət orqanının Azərbaycan
Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən
edilən səlahiyyətlərini icra etmək məqsədilə həmin orqanın strukturuna müvafiq
olaraq ştat cədvəlində müəyyən edilən ştat vahidi;
1.1.8. inzibati və yardımçı vəzifələrin təsnifatı — dövlət orqanlarında
inzibati və yardımçı vəzifələrin aid olduqları dövlət orqanlarının kateqoriyası
nəzərə alınmaqla təsnifləşdirilməsi;
1.1.9. dövlət qulluğunun inzibati vəzifəsi — dövlət orqanının struktur
bölməsinin fəaliyyət istiqamətinə uyğun olaraq həmin bölmənin səlahiyyətlərini
bilavasitə həyata keçirən, dövlət orqanının strukturuna müvafiq olaraq ştat cədvəlində
müəyyən edilən ştat vahidi;
1.1.10. dövlət qulluğunun yardımçı vəzifəsi — dövlət orqanının struktur
bölməsinin fəaliyyətini təmin edən, dövlət orqanının strukturuna müvafiq olaraq
ştat cədvəlində müəyyən edilən ştat vahidi;
1.1.11. inzibati və yardımçı vəzifələrin təsnifat toplusu — inzibati və
yardımçı vəzifələrin adlarını, təsnifatlarını və dövlət qulluqçularının ixtisas
dərəcələrini özündə əks etdirən, dövlət orqanlarında ştat cədvəllərinin
hazırlanması üçün əsas olan və müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən siyahı;
1.1.12. dövlət qulluqçusunun ixtisas dərəcəsi — dövlət qulluqçusunun
tutduğu vəzifəyə uyğun olaraq ona verilən ixtisas səviyyəsi;
1.1.13. dövlət orqanının strukturu — dövlət orqanının fəaliyyətini təmin
edən struktur qurumlarının normativ hüquqi aktlarla müəyyən edilmiş sistemi;
1.1.14. dövlət orqanının aparatı — özündə struktur bölmələri (şöbə və
sektor) birləşdirən və dövlət orqanına həvalə edilmiş səlahiyyətlərin həyata
keçirilməsini bilavasitə təşkil və təmin edən dövlət orqanının struktur qurumu;
1.1.15. dövlət orqanının struktur bölməsi — dövlət orqanının rəhbərinin
qərarı ilə yaradılan və həmin dövlət orqanının əsasnaməsinə uyğun olaraq ona həvalə
edilmiş səlahiyyətləri həyata keçirən dövlət orqanının struktur vahidi;
1.1.16. rotasiya — inzibati vəzifə tutan dövlət qulluqçularının bu
Qanunun 31-1-ci maddəsinə uyğun olaraq bir vəzifədən başqa vəzifəyə keçirilməsi;
1.1.17. bilavasitə rəhbər — dövlət qulluqçusunun birbaşa tabe olduğu vəzifəli
şəxs;
1.1.18. xidməti fəaliyyət — dövlət qulluqçusunun qanunla müəyyən edilmiş
hüquq və vəzifələrinin həyata keçirilməsi ilə əlaqədar fəaliyyəti;
1.1.19. dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi —
dövlət qulluqçusunun cari fəaliyyətinə nəzarətin həyata keçirilməsi, onun
potensial imkanlarının aşkara çıxarılması və həmin imkanlardan səmərəli istifadə
edilməsi, dövlət qulluqçusunun peşə səriştəliyini artırmağa stimullaşdırılması
və onun əlavə təhsilə və ya təlimə ehtiyacının, habelə tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyinin,
işçinin vəzifədə irəli çəkilməsi üçün potensialının müəyyənləşdirilməsi məqsədilə
keçirilən dövlət qulluqçusunun hər təqvim ilinin sonunda fəaliyyətinin
yoxlanılması;
1.1.20. şöbə — dövlət orqanının bir və ya bir neçə fəaliyyət istiqaməti
üzrə səlahiyyətlərini həyata keçirən struktur bölməsi;
1.1.21. sektor — dövlət orqanının şöbə daxilində və ya müstəqil şəkildə
yaradılan struktur bölməsi;
1.1.22. vəzifə təlimatı — dövlət qulluğu vəzifəsinin adının, qulluq
funksiyalarının və həmin vəzifənin tutulması şərtlərinin əks olunduğu və dövlət
orqanının rəhbəri tərəfindən təsdiq olunan sənəd;
1.1.23. mərkəzi icra hakimiyyəti orqanı — səlahiyyətləri Azərbaycan
Respublikası Konstitusiyasının 113-cü maddəsi ilə müəyyən edilən fəaliyyət
istiqamətlərinə uyğun sahələrdə dövlət siyasətini və tənzimlənməsini həyata
keçirən dövlət orqanı;
1.1.24. mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət
agentlikləri və dövlət xidmətləri — mərkəzi icra hakimiyyəti orqanının yanında
yaradılan və sahəvi qanunlarla müəyyən edilən səlahiyyətlərini ölkə səviyyəsində
həyata keçirən struktur qurumu;
1.1.25. mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələri — mərkəzi
icra hakimiyyəti orqanının yerlərdə (rayon, şəhər və region üzrə) fəaliyyətinin
təmin edilməsi məqsədilə yaradılan struktur qurumu;
1.1.26. intizam məsuliyyəti — dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin
yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsinə (intizam xətasına),
habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmamasına görə bu
Qanunda nəzərdə tutulmuş intizam tənbehinin tətbiqini nəzərdə tutan hüquqi məsuliyyət
növü;
1.1.27. müsabiqə — inzibati vəzifələrin tutulması məqsədilə namizədlərin
vakant vəzifələrə uyğunluğunu qiymətləndirmək üçün keçirilən test imtahanından
və müsahibədən ibarət proses;
1.1.28. daxili müsahibə — 1—5-ci kateqoriya dövlət orqanlarında inzibati
vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifənin
tutulması üçün keçirilən, həmin dövlət orqanlarında inzibati vəzifələrdə qulluq
keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət
qulluqçularının, habelə bu Qanunun 28.12-ci maddəsinin ikinci hissəsində müəyyən
edilmiş vəzifələrə iddia edən şəxslərin iştirakını nəzərdə tutan müsahibə;
1.1.29. ümumi müsahibə — 1—5-ci kateqoriya dövlət orqanlarında inzibati
vəzifələrin dördüncü-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifənin həmin
dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən
və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət
qulluqçuları, habelə azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə
çalışmış, həmçinin bu Qanunun 29.3-cü maddəsinin birinci hissəsində nəzərdə
tutulmuş digər şəxslər tərəfindən tutulması məqsədilə keçirilən müsahibə.
1.2. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan
Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə
edir.
Maddə 2. Qanunun tətbiq dairəsi
2.1. Bu Qanun dövlət orqanlarının struktur qurumlarında qulluq keçən
dövlət qulluqçularına şamil edilir.
2.2. Bu Qanunda başqa hal nəzərdə tutulmamışdırsa, bu Qanun Azərbaycan
Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Birinci
vitse-prezidentinə və vitse-prezidentlərinə, Azərbaycan Respublikasının Baş
nazirinə və onun müavinlərinə, Azərbaycan Respublikası Milli Məclisinin
deputatlarına, Azərbaycan Respublikası məhkəmələrinin hakimlərinə, Azərbaycan Respublikasının
İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana), Azərbaycan Respublikası mərkəzi
icra hakimiyyəti orqanlarının rəhbərlərinə və onların müavinlərinə, Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının sədrinə, sədr müavininə, katiblərinə
və digər üzvlərinə, Azərbaycan Respublikası Hesablama Palatasının sədrinə, sədr
müavininə və auditorlarına, yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinə
(başçılarına), Azərbaycan Respublikasının Audiovizual Şurasının sədrinə, sədr
müavinlərinə və digər üzvlərinə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
deputatlarına, Naxçıvan Muxtar Respublikasının Baş nazirinə və onun müavinlərinə,
Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana),
Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədrinə, Naxçıvan
Muxtar Respublikası Televiziya və Radio Şurasının sədrinə, sədr müavinlərinə və
digər üzvlərinə, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti
orqanlarının rəhbərlərinə, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi
Nümayəndəliyinin rəhbərinə və hərbi qulluqçulara şamil olunmur.
2.3. Dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət)
keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul
edilmək hüququna, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında müsabiqə və
müsahibə yolu ilə həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin
qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin
bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa
qanunları ilə tənzimlənir. Dövlət qulluğunun xüsusi növü nəzərdə tutulan dövlət
orqanlarında çalışan və xüsusi, hərbi və ya diplomatik rütbəsi olmayan şəxslərə
(dövlət qulluqçusu olmayan digər işçilər istisna olmaqla) bu Qanun şamil
edilir.
2.4. Bu Qanun dövlət orqanlarının tabeliyində olan hüquqi şəxslərin
işçilərinə şamil edilmir. Bu işçilərin əmək münasibətləri Azərbaycan
Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.
Maddə 3. Dövlət qulluğunun əsas vəzifələri
3.1.
Dövlət qulluğunun əsas vəzifələri aşağıdakılardır:
3.0.1.
Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunvericilik aktları əsasında
vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi;
3.0.2.
dövlət orqanlarının səlahiyyəti hüdudlarında qərarların hazırlanması, qəbul
edilməsi, icrası və onların icrasına nəzarət edilməsi;
3.0.3.
dövlət orqanlarının səmərəli fəaliyyətinin və dövlət qulluqçuları tərəfindən qulluq
funksiyalarının icrasının təmin edilməsi.
Maddə 4. Dövlət qulluğunun prinsipləri
4.1.
Dövlət qulluğu aşağıdakı prinsiplərə əsaslanır:
4.1.1.
qanunçuluq;
4.1.2.
Azərbaycan Respublikasında qanunvericilik, icra və məhkəmə hakimiyyəti
orqanlarının səlahiyyət hüdudlarının müəyyən edilməsi;
4.1.3.
dövlət orqanlarına və dövlət qulluqçularına nəzarət və onların hesabat verməsi;
4.1.4.
yuxarı kateqoriya dövlət orqanlarının və vəzifəli şəxslərin öz səlahiyyətləri
hüdudlarında qəbul etdikləri qərarların aşağı kateqoriya dövlət
orqanları və vəzifəli şəxslər tərəfindən yerinə yetirilməsinin məcburiliyi;
4.1.5.
bütün vətəndaşların və vəzifəli şəxslərin dövlət qulluqçularının qanuni tələblərini
icra etməyə və qanuni hərəkətlərini müdafiə etməyə borclu olması;
4.1.6.
dövlət qulluğuna qəbulun şəffaflığı;
4.1.7.
vətəndaşların dövlət qulluğuna müsabiqə və müsahibə əsasında qəbul edilməsi;
4.1.8.
vətəndaşların öz qabiliyyətlərinə, xidməti nailiyyətlərinə və peşə hazırlığına
uyğun olaraq dövlət qulluğunun hər hansı vəzifəsini tutmaqda hüquq bərabərliyi;
4.1.9.
irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən,
sosial mənşəyindən, ailə, əmlak və qulluq mövqeyindən, yaşayış yerindən,
dinə münasibətindən, əqidəsindən, həmkarlar ittifaqlarına və ya ictimai
birliklərə mənsubiyyətindən, habelə dövlət qulluqçusunun xidməti fəaliyyətinə
aid olmayan başqa səbəblərdən asılı olmayaraq dövlət qulluqçularının hüquq
bərabərliyi;
4.1.10. dövlət qulluqçularının potensialının səmərəli istifadəsi,
xidməti və peşəkarlıq səviyyəsinin artırılması məqsədi ilə onların
rotasiyası;
4.1.11. dövlət
qulluqçularının sosial və hüquqi müdafiəsi, onların özləri və ailələri üçün layiqli
həyat səviyyəsinin təmin edilməsi;
4.1.12. dövlət orqanlarının və ya onların vəzifəli şəxslərinin qanunsuz
hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş zərərə görə dövlət
orqanlarının məsuliyyət daşıması.
4.2.
Dövlət orqanlarında siyasi partiyaların və ictimai birliklərin strukturları
yaradılmır.
4.3.
Dövlət qulluqçuları vəzifə borclarını yerinə yetirərkən Azərbaycan Respublikası
Konstitusiyasını, qanunlarını və onlara müvafiq olaraq qəbul edilmiş digər
qanunvericilik aktlarını rəhbər tuturlar və siyasi partiyaların və
ictimai birliklərin qərarlarının onlara dəxli yoxdur.
Maddə 5. Dövlət qulluğunu idarəetmə orqanları
5.1.
Azərbaycan Respublikasında bu Qanunun tətbiqinə nəzarəti, dövlət qulluğunun
normativ-metodiki təminatını, Azərbaycan Respublikasında dövlət qulluqçuları
kateqoriyasına aid edilən şəxslərin siyahısını müəyyən etməyi Azərbaycan
Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası həyata keçirir (bundan
sonra—Şura). Şura 18 nəfər üzvdən ibarətdir. Şuranın 6 üzvü Azərbaycan
Respublikasının Prezidenti tərəfindən, 6 üzvü Azərbaycan Respublikası Milli Məclisinin
sədri tərəfindən, 6 üzvü isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
sədri tərəfindən təyin edilir. Şuranın səlahiyyətləri qanunla təsdiq edilən
Əsasnamə ilə müəyyən edilir.
5.2.
Şura dövlət orqanı deyil və onun üzvləri öz səlahiyyətlərini ictimai əsaslarla
həyata keçirirlər. Şuranın fəaliyyətinin təşkilini müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yaradılan Katiblik həyata
keçirir.
5.3.
Şuranın qəbul etdiyi qərarların məcburiliyi müvafiq dövlət qulluqçuları üçün
müvafiq olaraq Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası
Milli Məclisinin sədri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri
tərəfindən təmin edilir.
5.4. Şuranın qəbul etdiyi qərarlar icra edilməsi üçün 3 (üç) iş günü
müddətində müvafiq dövlət orqanlarına göndərilir. Dövlət orqanlarının rəhbərləri
tərəfindən həmin qərarın icra vəziyyəti barədə hesabat 30 (otuz) gün müddətində
Şuraya təqdim edilir.
Maddə 6. Dövlət qulluğu haqqında qanunvericilik
Dövlət
qulluğu haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından,
bu Qanundan, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr,
Azərbaycan Respublikasının dövlət qulluğunu hüquqi cəhətdən tənzim edən və dövlət
qulluqçularının hüquqi vəziyyətinin xüsusiyyətlərini müəyyən edən digər
qanunvericilik aktlarından ibarətdir.
II fəsil. Dövlət orqanları
Maddə 7. Dövlət orqanlarının struktur qurumlarında
struktur bölmələrinin növləri və yaradılması qaydası
7.1. Dövlət orqanlarının struktur qurumlarında işçilərin müəyyən edilmiş
say həddi daxilində şöbə, onun tərkibində və ya müstəqil olmaqla sektor
yaradıla bilər.
7.2. Dövlət orqanlarının struktur qurumlarında struktur bölmənin rəhbəri
də daxil olmaqla, şöbə yaradılması üçün minimum 8 ştat vahidi (dövlət sirrinin
mühafizəsi üzrə struktur bölmələrdə 3 ştat vahidi), sektor yaradılması üçün
minimum 3 ştat vahidi müəyyən edilir.
7.3. Dövlət orqanlarının struktur qurumlarında struktur bölmələrin
onlara həvalə edilmiş funksiyalar nəzərə alınmaqla təminedici və yardımçı
struktur bölmələr kimi təsnifləşdirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahı əsasında həyata
keçirilir.
7.4. Ali kateqoriya dövlət orqanlarında bu Qanunun 7.1-ci maddəsində nəzərdə
tutulanlardan başqa struktur bölmələr də yaradıla bilər.
Maddə 8. Dövlət orqanlarının təsnifatı
8.1. Dövlət orqanları onların statusu, iyerarxiyası və yurisdiksiyası
(ölkə, regional və yerli səviyyədə) nəzərə alınmaqla aşağıdakı kateqoriyalar
üzrə təsnifatlaşdırılır:
8.1.1. əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının
7-ci maddəsinin III hissəsinə əsasən müəyyən edilən Azərbaycan Respublikasının
qanunvericilik, icra və məhkəmə hakimiyyətinin ən yüksək dövlət orqanları, Azərbaycan
Respublikası Prezidentinin Administrasiyası, habelə Azərbaycan dövlətinin
başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanlar və icra səlahiyyətlərini
həyata keçirən orqan, Azərbaycan Respublikasının Milli Məclisi, Ali
konstitusiya ədalət mühakiməsi səlahiyyətlərini həyata keçirən Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsi, ümumi və ixtisaslaşdırılmış məhkəmələrin
icraatına aid edilən işlər üzrə ali məhkəmə orqanı olan Azərbaycan
Respublikasının Ali Məhkəməsi (Ali kateqoriya dövlət orqanları);
8.1.2. əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan
Respublikasının Konstitusiya qanunları və Azərbaycan Respublikasının qanunları
ilə müəyyən edilən dövlət orqanları — Azərbaycan Respublikasının Ali Məhkəməsi,
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, Azərbaycan Respublikasının Baş
Prokurorluğu, Azərbaycan Respublikasının Hesablama Palatası, Məhkəmə-Hüquq
Şurasının Aparatı, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin
(ombudsmanın) Aparatı (1-ci kateqoriya dövlət orqanları);
8.1.3. əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan
Respublikasının Konstitusiya qanunları, Azərbaycan Respublikasının qanunları ilə
və Azərbaycan Respublikasının Konstitusiyasının 113-cü maddəsi ilə müəyyən edilən
dövlət orqanları — Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Naxçıvan
Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı, Azərbaycan
Respublikasının Hərbi Prokurorluğu, Naxçıvan Muxtar Respublikasının
Prokurorluğu, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin
(ombudsmanın) Aparatı, Azərbaycan Respublikasının apelyasiya məhkəmələri, Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi, Azərbaycan Respublikasının
Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Katibliyi, müvafiq icra
hakimiyyəti orqanları, Azərbaycan Respublikasının Audiovizual Şurasının Aparatı
(2-ci kateqoriya dövlət orqanları);
8.1.4. əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının
113-cü və 124-cü maddələri ilə və qanunla müəyyən edilən dövlət orqanları —
müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və
dövlət xidmətləri, Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələrinin
aparatları, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin
(ombudsmanın) regional mərkəzləri, Naxçıvan Muxtar Respublikasının Mərkəzi
Seçki Komissiyasının Aparatı, Naxçıvan Muxtar Respublikasının müvafiq icra
hakimiyyəti orqanları, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio
Şurasının Aparatı, ağır cinayətlər məhkəmələri, inzibati məhkəmələr, kommersiya
məhkəmələri, hərbi məhkəmələr, Naxçıvan Muxtar Respublikasının Hərbi
Prokurorluğu, Bakı şəhər prokurorluğu (3-cü kateqoriya dövlət orqanları);
8.1.5. əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının
113-cü, 120-ci və 124-cü maddələri ilə və qanunla müəyyən edilən dövlət
orqanları — müvafiq icra hakimiyyəti orqanları, müvafiq icra hakimiyyəti
orqanlarının yerli bölmələri, müvafiq icra hakimiyyəti orqanlarının yanında,
tabeliyində olan orqanlar, rayon (şəhər) məhkəmələri , rayon (şəhər)
prokurorluqları və hərbi prokurorluqları (4-cü kateqoriya dövlət orqanları);
8.1.6. əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının
113-cü və 124-cü maddələri ilə müəyyən edilən dövlət orqanları —müvafiq icra
hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət
xidmətlərinin, müvafiq icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan
orqanların yerli bölmələri, müvafiq icra hakimiyyəti orqanlarının yanında olan
orqanlar, inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və sahə inzibati ərazi
dairələri üzrə nümayəndəlikləri (5-ci kateqoriya dövlət orqanları).
8.2. Dövlət orqanlarının bölmələri onlara həvalə edilmiş funksiyalara
görə aparıcı və köməkçi bölmələrə bölünür (1-ci — 7-ci kateqoriya dövlət
orqanlarının bölmələri).
8.3. Konkret dövlət orqanlarının və onların bölmələrinin muvafiq
kateqoriyalara aidiyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə bu
qanun əsasında müəyyən edilir.
III fəsil. Dövlət qulluğu vəzifəsi
Maddə 9. Dövlət qulluğu vəzifəsinin anlayışı
Dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktları ilə müəyyən
edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin
vəzifəni tutuan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən
asılı olaraq müəyyən edilir.
Maddə 10. Dövlət orqanlarında vəzifələrin təsnifatı
10.1. Dövlət orqanlarında vəzifələr həmin vəzifələrin funksiyalarının məzmunundan,
səlahiyyətlərinin mənbəyindən və tutulması üsullarından asılı olaraq inzibati və
yardımçı vəzifələrə bölünür.
10.2. Siyasi vəzifələr 1-ci kateqoriya dövlət orqanları rəhbərlərinin, rəhbərlərin
birinci müavinlərinin və müavinlərinin, 2-ci kateqoriya dövlət orqanları rəhbərlərinin
vəzifələridir. Siyasi vəzifəyə dövlət qulluqçuları Azərbaycan Respublikasının
qanunları ilə müəyyən edilmiş qaydada və müddətə qanunvericilik və icra
hakimiyyəti orqanlarının qərarı ilə təyin edilir və ya seçilirlər.
10.3. Dövlət qulluqçuları siyasi vəzifəyə təyin ediləndən və ya seçiləndən
sonra özlərinə müşavir, köməkçi və katib işə götürə bilərlər.
10.4.
Siyasi vəzifələri tutan şəxslərn hüquqi statusu başqa qanunvericilik aktları ilə
müəyyən olunur və bu Qanunda başqa hal nəzərdə tutulmayıbsa, bu Qanunun
qüvvəsi onlara şamil edilmir.
10.5. İnzibati vəzifələr Ali — 5-ci kateqoriya dövlət orqanlarının
strukturuna daxil olan struktur qurumların və struktur bölmələrin rəhbərlərinin,
onların müavinlərinin, habelə dövlət qulluğunda çalışan mütəxəssislərin vəzifələridir,
İnzibati vəzifə tutan şəxsin hüquqi statusu müvafiq orqanın səlahiyyətlərini müəyyən
edən qanunvericilik aktları ilə, habelə vəzifə təlimatları ilə müəyyən edilir.
10.6. Yardımçı vəzifələr Ali — 5-ci kateqoriya dövlət orqanlarında
texniki işləri həyata keçirən dövlət qulluqçularının (kargüzar, makinaçı,
kuryer, arxiv qeydiyyatçısı, liftçi, sürücü və sair işçilərin) vəzifələridir.
Yardımçı vəzifə tutan şəxsin hüquqi statusu müvafiq orqanın səlahiyyətlərini müəyyən
edən qanunvericilik aktları ilə, habelə vəzifə təlimatları ilə müəyyən edilir.
Maddə 11. İnzibati və yardımçı vəzifələrin təsnifatı
11.1. İnzibati vəzifələrin aşağıdakı təsnifatları vardır:
11.1.1. inzibati vəzifələrin ali təsnifatı:
11.1.1.1. Azərbaycan Respublikası Prezidentinin Administrasiya rəhbərinin
vəzifəsi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Azərbaycan
Respublikasının Birinci vitse-prezidentinin fəaliyyətini təmin edən struktur
bölmənin rəhbərinin vəzifəsi, Azərbaycan Respublikası Milli Məclisinin Aparat rəhbərinin
vəzifəsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin vəzifəsi,
Azərbaycan dövlətinin başçısının icra səlahiyyətlərini həyata keçirən orqanın Aparat
rəhbərinin vəzifəsi, Azərbaycan Respublikası Dövlət müşavirlərinin vəzifəsi,
Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər
orqanların rəhbərlərinin vəzifəsi, Azərbaycan Respublikasının Ali Məhkəməsinin
Aparat rəhbərinin vəzifəsi.
11.1.2. inzibati vəzifələrin birinci təsnifatı:
11.1.2.1. Azərbaycan Respublikası Prezidentinin Administrasiya rəhbərinin
müavini vəzifəsi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin fəaliyyətini təmin edən
struktur bölmənin rəhbərinin müavini vəzifəsi, Azərbaycan Respublikası
Prezidentinin köməkçisinin vəzifəsi, Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasında struktur bölmə rəhbərinin vəzifəsi, Azərbaycan
Respublikasının Birinci vitse-prezidentinin köməkçisinin vəzifəsi, Azərbaycan
Respublikasının vitse-prezidentinin köməkçisinin vəzifəsi Azərbaycan
Respublikası Milli Məclisinin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
aparat rəhbərlərinin müavinləri vəzifələri, Azərbaycan dövlətinin başçısının
icra səlahiyyətlərini həyata keçirən orqanın Aparat rəhbərinin müavini vəzifəsi,
Azərbaycan Respublikasının Ali Məhkəməsinin Aparat rəhbərinin müavini vəzifəsi,
habelə həmin dövlət orqanlarının struktur bölmələrinin (şöbələrinin) rəhbərlərinin
vəzifələri;
11.1.2.1-1. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası
Prezidentinin səlahiyyətli nümayəndəsinin vəzifəsi;
11.1.2.1-2. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin
vəzifələri;
11.1.2.2. Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin
edən digər orqanların rəhbərlərinin birinci müavinləri və müavinləri, habelə həmin
orqanlarda bölmə rəhbərlərinin vəzifələri;
11.1.2.3. 1-ci kateqoriya dövlət orqanları aparat rəhbərlərinin vəzifələri;
11.1.2.4. Azərbaycan Respublikası Baş nazirinin, Azərbaycan Respublikası
Milli Məclisinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan
Respublikası Ali Məhkəməsinin sədrlərinin müşavirləri, köməkçiləri vəzifələri.
11.1.3. inzibati vəzifələrin ikinci təsnifatı:
11.1.3.1. Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin
edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında struktur
bölmə rəhbərinin müavini vəzifəsi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası
rəhbərinin köməkçisi vəzifəsi, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin
aparatlarında struktur bölmə (şöbə) rəhbərinin müavini vəzifəsi;
11.1.3.2. Azərbaycan dövlətinin başçısının icra səlahiyyətlərini həyata
keçirən orqanın Aparatında bölmə rəhbərinin müavini vəzifəsi;
11.1.3.3. Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin
edən digər orqanların struktur bölmə rəhbərlərinin müavinlərinin vəzifələri;
11.1.3.3-1. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası
Prezidentinin səlahiyyətli nümayəndəsinin müavinlərinin vəzifələri;
11.1.3.3-2. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin
müavinlərinin vəzifələri;
11.1.3.4. 1-ci kateqoriya dövlət orqanları aparat rəhbərlərinin müavinlərinin,
struktur bölmə (şöbə) rəhbərlərinin vəzifələri;
11.1.3.5. Naxçıvan Muxtar Respublikasında 2-ci kateqoriya dövlət
orqanları aparat rəhbərlərinin vəzifələri;
11.1.3.5-1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin
müşaviri, köməkçisi, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavininin
və Azərbaycan Respublikası Baş nazirinin müavininin köməkçiləri vəzifələri;
11.1.3.6. müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət
agentliklərinin və dövlət xidmətlərinin rəhbərlərinin, Azərbaycan
Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və
konsulluqlarında təyin olunan ticarət nümayəndələrinin vəzifələri;
11.1.3.7. müvafiq icra hakimiyyəti orqanı rəhbərinin müavinlərinin vəzifələri.
11.1.4. inzibati vəzifələrin üçüncü təsnifatı:
11.1.4.1. Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin
edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan
Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
və Azərbaycan Respublikası Ali Məhkəməsinin aparatlarında mütəxəssislərin vəzifələri;
11.1.4.2. Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin
edən digər orqanların bölmə rəhbərlərinin, onların müavinlərinin və mütəxəssislərinin
vəzifələri;
11.1.4.3. Azərbaycan dövlətinin başçısının icra səlahiyyətlərini həyata
keçirən orqanın Aparatında mütəxəssislərin vəzifələri;
11.1.4.3-1. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası
Prezidentinin səlahiyyətli nümayəndəliyində mütəxəssislərin vəzifələri;
11.1.4.3-2. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərində
mütəxəssislərin vəzifələri;
11.1.4.4. 1-ci kateqoriya dövlət orqanları struktur bölmə (şöbə) rəhbərlərinin
müavinlərinin vəzifələri;
11.1.4.5. 2-ci kateqoriya dövlət orqanları aparat rəhbərlərinin və
onların müavinlərinin vəzifələri;
11.1.4.6. Naxçıvan Muxtar Respublikasında 2-ci kateqoriya dövlət
orqanları aparat rəhbərlərinin müavinlərinin və struktur bölmə (şöbə) rəhbərlərinin
vəzifələri;
11.1.4.7. müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət
agentliklərinin və dövlət xidmətlərinin rəhbərlərinin müavinlərinin vəzifələri.
11.1.5. inzibati vəzifələrin dördüncü təsnifatı:
11.1.5.1. 1-ci kateqoriya dövlət orqanlarının aparatlarında mütəxəssislərin
vəzifələri;
11.1.5.2. 2-ci kateqoriya dövlət orqanları struktur bölmə (şöbə) rəhbərlərinin
və onların müavinlərinin vəzifələri;
11.1.5.2-1. müvafiq icra hakimiyyəti orqanları yanında yaradılan rəhbəri
və rəhbərinin müavinləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin
və vəzifədən azad edilən dövlət xidmətləri və dövlət agentliklərinin aparat rəhbərlərinin
və onların müavinlərinin vəzifələri;
11.1.5.3. Naxçıvan Muxtar Respublikasında 2-ci kateqoriya dövlət
orqanları struktur bölmə (şöbə) rəhbərlərinin müavinlərinin vəzifələri;
11.1.5.4. müvafiq icra hakimiyyəti orqanı rəhbərinin müavinlərinin vəzifələri.
11.1.6. inzibati vəzifələrin beşinci təsnifatı:
11.1.6.1. 2-ci kateqoriya dövlət orqanlarının mütəxəssislərinin vəzifələri;
11.1.6.1-1. müvafiq icra hakimiyyəti orqanları yanında yaradılan rəhbəri
və rəhbərinin müavinləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin
və vəzifədən azad edilən dövlət xidmətləri və dövlət agentliklərinin rəhbərlərinin
müşavirlərinin, köməkçilərinin vəzifələri;
11.1.6.2. Naxçıvan Muxtar Respublikasında 3-cü kateqoriya müvafiq icra
hakimiyyəti orqanlarının aparat rəhbərlərinin vəzifələri;
11.1.6.3. 3-cü kateqoriya dövlət orqanları struktur bölmə (şöbə) rəhbərlərinin
və onların müavinlərinin vəzifələri;
11.1.6.4. 4-cü kateqoriya dövlət orqanları — müvafiq icra hakimiyyəti
orqanlarının yerli bölmələrinin, müvafiq icra hakimiyyəti orqanlarının yanında,
tabeliyində olan orqanların, müvafiq icra hakimiyyəti orqanının tabeliyində
olan orqanların rəhbərlərinin vəzifələri;
11.1.7. inzibati vəzifələrin altıncı təsnifatı:
11.1.7.1. 3-cü kateqoriya dövlət orqanlarının mütəxəssislərinin vəzifələri;
11.1.7.2. 4-cü kateqoriya müvafiq icra hakimiyyəti orqanının struktur
bölmə (şöbə) rəhbərinin və onun müavininin vəzifələri;
11.1.7.3. 4-cü kateqoriya dövlət orqanları — müvafiq icra hakimiyyəti
orqanlarının yerli bölmələrinin, müvafiq icra hakimiyyəti orqanlarının yanında,
tabeliyində olan orqanların, müvafiq icra hakimiyyəti orqanının tabeliyində
olan orqanların rəhbərlərinin müavinlərinin vəzifələri;
11.1.7.4. 5-ci kateqoriya dövlət orqanları — müvafiq icra hakimiyyəti
orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin,
onların yanında, tabeliyində olan orqanların yerli bölmələrinin rəhbərləri və
onların müavinlərinin vəzifələri.
11.1.8. inzibati vəzifələrin yeddinci təsnifatı:
11.1.8.1. 4-cü və 5-ci kateqoriya dövlət orqanları — müvafiq icra
hakimiyyəti orqanının, müvafiq icra hakimiyyəti orqanlarının yerli bölmələrinin,
müvafiq icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların,
rayon (şəhər) məhkəmələrinin, rayon (şəhər) prokurorluqlarının və hərbi
prokurorluqlarının, müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan
orqanların, müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət
agentliklərinin və dövlət xidmətlərinin, onların yanında, tabeliyində olan
orqanların yerli bölmələrinin mütəxəssislərinin vəzifələri;
11.1.8.2. müvafiq icra hakimiyyəti orqanlarının yanında olan orqanların
rəhbərlərinin, onların müavinlərinin və mütəxəssislərinin vəzifələri, müvafiq
icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələrinin və
sahə inzibati ərazi dairələri nümayəndələrinin, onların müavinlərinin və mütəxəssislərin
vəzifələri.
11.2. Yardımçı vəzifələrin aşağıdakı təsnifatları vardır:
11.2.1. yardımçı vəzifələrin birinci təsnifatı — Ali kateqoriya dövlət
orqanlarında texniki vəzifələr;
11.2.2. yardımçı vəzifələrin ikinci təsnifatı — 1-ci kateqoriya dövlət
orqanlarında texniki vəzifələr;
11.2.3. yardımçı vəzifələrin üçüncü təsnifatı — 2-ci və 3-cü kateqoriya
dövlət orqanlarında texniki vəzifələr;
11.2.4. yardımçı vəzifələrin dördüncü təsnifatı — 4-cü və 5-ci
kateqoriya dövlət orqanlarında texniki vəzifələr.
11.3. Bu Qanunun 11.1-ci maddəsində göstərilən inzibati vəzifələrin
birinci təsnifatı istisna olmaqla, ikinci-üçüncü təsnifat vəzifələri tutan şəxslərin
müvafiq ixtisas dərəcəsi (o cümlədən, həmin vəzifə üçün nəzərdə tutulmuş daha
yüksək ixtisas dərəcəsi) alması üçün dövlət orqanında azı yeddi illik qulluq
stajı və müvafiq vəzifədə azı üç illik qulluq stajı olmalı, dördüncü-yeddinci təsnifat
vəzifələri tutan şəxslərin isə bundan ötrü dövlət orqanında azı beş illik
qulluq stajı olmalıdır. Bu halda həmçinin vəzifəli şəxsin funksiyalarının məzmunu,
peşəkarlığı və idarəçilik təcrübəsi nəzərə alınır. Bu maddənin birinci cümləsində
müəyyən edilmiş hər hansı tələbə cavab verməyən vəzifəli şəxsə tutduğu vəzifənin
inzibati təsnifatı üçün müəyyən edilmiş ən kiçik ixtisas dərəcəsi verilir.
Üçüncü təsnifat vəzifələrində çalışan dövlət qulluqçularına 3-cü dərəcə dövlət
müşaviri ixtisas dərəcəsi o halda verilə bilər ki, həmin şəxslərin uyğun dövlət
orqanlarında azı on illik qulluq stajı, müvafiq vəzifədə isə azı beş illik
qulluq stajı olsun. Bu halda həmçinin vəzifəli şəxsin funksiyalarının məzmunu,
peşəkarlığı və idarəçilik təcrübəsi nəzərə alınır.
11.4. Dövlət orqanlarının aparatları (və ya onların fəaliyyətini təmin
edən qurumlar) və onların bölmələri Ali — 5-ci kateqoriya dövlət orqanlarının
Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilmiş funksiya
və səlahiyyətləri, habelə onların həyata keçirilməsi xüsusiyyətləri nəzərə
alınaraq, təminedici və yardımçı kimi təsnifləşdirilir.
Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən
qurumların) və onun bölmələrinin adları müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
Qeyd:
11-ci maddədə «dövlət orqanlarının aparatı (və ya onların fəaliyyətini təmin
edən qurumlar)» dedikdə, dövlət orqanının vəzifə, funksiya və səlahiyyətlərinin
həyata keçirilməsini təmin edən dövlət qulluqçularından ibarət
ixtisaslaşdırılmış bölmələrini özündə birləşdirən dövlət orqanının struktur
vahidi nəzərdə tutulur.
Maddə 12. İnzibati və yardımçı vəzifələrin təsnifat
toplusu
12.1. İnzibati və yardımçı vəzifələrin təsnifat toplusuna vəzifələrin təsnifatları
və adları, ixtisas dərəcələri və vəzifələrin tutulması şərtləri haqqında məlumatlar
daxil edilir.
12.2. İnzibati və yardımçı vəzifələrin təsnifat toplusu dövlət
orqanlarının ştat cədvəllərinin yaradılması və dövlət qulluqçularının vəzifə təlimatlarının
hazırlanması üçün əsasdır. İnzibati və yardımçı vəzifələrin təsnifat toplusu Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 13. İnzibati və yardımçı vəzifələrə aid ixtisas
tələbləri
13.1. İnzibati və yardımçı vəzifələrə aid ixtisas tələbləri vəzifə
iddiasında olan şəxsin həmin vəzifənin öhdəsindən gəlməsi üçün kifayət qədər səriştəsinin
olmasını təmin edir.
13.2. İnzibati vəzifə iddiasında olan şəxsin müvafiq ali təhsili
olmalıdır. Həmin şəxsin başqa ali təhsili olduqda, o, ixtisasını dəyişdirib
iddiasında olduğu inzibati vəzifənin profilini öyrənməlidir.
13.3. Yardımçı vəzifə iddiasında olan şəxsin tam orta təhsili olmalıdır.
13.4. İnzibati və yardımçı vəzifələri tutmaq üçün əlavə tələblər
qanunvericiliklə və vəzifə təlimatları ilə müəyyən edilir.
13.5. Ali kateqoriya dövlət orqanlarında inzibati və yardımçı vəzifələr
tutan dövlət qulluqçularının həmin dövlət orqanlarının fəaliyyətini, dövlət
qulluğu vəzifəsinin adını, qulluq funksiyalarını və vəzifənin tutulması şərtlərini
özündə əks etdirən vəzifə təlimatları həmin orqanların rəhbərləri tərəfindən təsdiq
edilir. 1 — 5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci—yeddinci
təsnifatlarına uyğun olan vəzifələr üzrə vəzifə təlimatları müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi ümumi şərtlərə
uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla
(qurumla) razılaşdırılmaqla, müvafiq dövlət orqanlarının rəhbərləri tərəfindən
təsdiq edilir.
IV fəsil. Dövlət qulluqçusu
Maddə 14. Dövlət qulluqçusu
14.1. Dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş
yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər)
dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul
edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan
Respublikasının vətəndaşıdır.
14.2. Siyasi və ya inzibati vəzifə tutan və hakimiyyət səlahiyyətləri
alan dövlət qulluqçusu dövlət vəzifəli şəxsdir.
14.3. Deputatlar və hakimlər dövlət qulluqçuları sayılmırlar.
Maddə 15. Dövlət qulluqçusunun andı
15.1.
And Azərbaycan Respublikası ilə dövlət qulluqçusu arasında açıq hüquqi borc və
sədaqət münasibətlərini təsdiq edir.
15.2.
İlk dəfə daimi dövlət qulluğuna qəbul edilmiş vətəndaş vəzifəsinin icrasına
başlamamışdan əvvəl aşağıdakı məzmunda and içir:
«Azərbaycan
Respublikasına sadiq olacağıma, onun Konstitusiyasına dönmədən əməl edəcəyimə,
dövlət sirrini və xidməti sirri qoruyacağıma, dövlət qulluğunun mənə verdiyi
hüquqları və üzərimə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, ancaq qanunauyğun
surətdə, var gücümlə və vətənin mənafeyi naminə həyata keçirəcəyimə and içirəm».
15.3.
Andiçmə təntəli şəraitdə Azərbaycan Respublikasının Dövlət bayrağı altında Azərbaycan
Respublikasının Konstitusiyasına əl basmaqla həyata keçirilir.
15.4.
Andiçmə bir dəfə olur. And içən dövlət qulluqçusu andın mətnini imzalayır və
bu sənəd onun şəxsi işində saxlanılır.
15.5.
Dövlət qulluğunun ayrı-ayrı növlərində andın status xüsusiyyətləri Azərbaycan
Respublikasının qanunvericilik aktlarında müəyyən edilir.
15.6.
Yardımçı dövlət qulluğu vəzifəsinə qəbul edilənlər and içmirlər.
Maddə
15-1. Dövlət qulluqçusunun şəxsi işi
15-1.1. Dövlət qulluqçusunun dövlət qulluğu keçdiyi dövr ərzində yalnız
bir şəxsi işi tərtib edilir və aparılır.
15-1.2. Dövlət qulluqçusunun şəxsi işinə bu Qanunun 15-1.3-cü maddəsinə əsasən
müəyyən olunan qaydalarda nəzərdə tutulmuş sənədlər və məlumatlar daxil edilir.
15-1.3. Dövlət qulluqçusunun şəxsi işinin aparılması qaydaları müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
15-1.4. Dövlət qulluqçusunun şəxsi işinin aparılması ilə bağlı tələblərin
pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar
Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Maddə
15-2. Dövlət qulluqçusunun xidməti vəsiqəsi
15-2.1. Dövlət qulluqçusuna qulluq keçdiyi dövlət orqanında xidməti vəsiqə
verilir.
15-2.2. Xidməti vəsiqə dövlət qulluqçusunun tutduğu dövlət qulluğu vəzifəsini
və ona verilmiş ixtisas dərəcəsini təsdiq edən rəsmi sənəddir.
15-2.3. Xidməti vəsiqənin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 15-3. Dövlət qulluqçularının reyestri
15-3.1. Dövlət qulluqçularının reyestri dövlət qulluqçuları (o cümlədən
stajçı kimi və sınaq müddəti ilə qulluğa qəbul edilmiş şəxslər, habelə dövlət
qulluğuna xitam verilmiş şəxslər də daxil olmaqla) barədə məlumatlardan ibarət
dövlət informasiya ehtiyatıdır.
15-3.2. Dövlət qulluqçularının reyestri müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır.
15-3.3. Dövlət qulluqçuları reyestrinin aparılması qaydası müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
15-3.4. Bu Qanunun 15-3.3-cü maddəsində nəzərdə tutulan qaydanın tələblərinin
pozulması qanunla nəzərdə tutulmuş hallarda məsuliyyətə səbəb olur.
Maddə 16. Dövlət qulluqçularının ixtisas dərəcələri
16.1. Dövlət qulluqçusunun ixtisas dərəcəsi onun ixtisas səviyyəsini
göstərir, dövlət qulluqçusuna inzibati vəzifə tutmaq, vəzifə maaşına əlavə haqq
almaq və sosial təminatlardan istifadə etmək hüququ verir.
16.2. İnzibati vəzifələrin təsnifatına uyğun olaraq dövlət
qulluqçularına aşağıdakı ixtisas dərəcələri verilir:
16.2.1. inzibati vəzifələrin ali təsnifatı üzrə — həqiqi dövlət
müşaviri, 1-ci dərəcə dövlət müşaviri və 2-ci dərəcə dövlət müşaviri;
16.2.2. inzibati vəzifələrin birinci təsnifatı üzrə — 1-ci dərəcə dövlət
müşaviri, 2-ci dərəcə dövlət müşaviri və 3-cü dərəcə dövlət müşaviri;
16.2.3. inzibati vəzifələrin ikinci təsnifatı üzrə — 2-ci dərəcə dövlət
müşaviri, 3-cü dərəcə dövlət müşaviri və dövlət qulluğunun baş müşaviri;
16.2.4. inzibati vəzifələrin üçüncü təsnifatı üzrə — dövlət qulluğunun
baş müşaviri, dövlət qulluğunun müşaviri və dövlət qulluğunun kiçik müşaviri;
16.2.5. inzibati vəzifələrin dördüncü təsnifatı üzrə — dövlət qulluğunun
müşaviri, dövlət qulluğunun kiçik müşaviri və 1-ci dərəcə dövlət qulluqçusu;
16.2.6. inzibati vəzifələrin beşinci təsnifatı üzrə — dövlət qulluğunun
kiçik müşaviri, 1-ci dərəcə dövlət qulluqçusu və 2-ci dərəcə dövlət qulluqçusu;
16.2.7. inzibati vəzifələrin altıncı təsnifatı üzrə — 1-ci dərəcə dövlət
qulluqçusu, 2-ci dərəcə dövlət qulluqçusu və 3-cü dərəcə dövlət qulluqçusu;
16.2.8. inzibati vəzifələrin yeddinci təsnifatı üzrə — 2-ci dərəcə dövlət
qulluqçusu, 3-cü dərəcə dövlət qulluqçusu və kiçik dövlət qulluqçusu.
16.3. Yardımçı vəzifələrin təsnifatına uyğun olaraq dövlət
qulluqçularına aşağıdakı ixtisas dərəcələri verilir:
16.3.1. yardımçı vəzifələrin birinci təsnifatı üzrə — dövlət qulluğunun
baş referenti, dövlət qulluğunun böyük referenti və dövlət qulluğunun 1-ci dərəcə
referenti;
16.3.2. yardımçı vəzifələrin ikinci təsnifatı üzrə — dövlət qulluğunun
böyük referenti, dövlət qulluğunun 1-ci dərəcə referenti və dövlət qulluğunun
2-ci dərəcə referenti;
16.3.3. yardımçı vəzifələrin üçüncü təsnifatı üzrə — dövlət qulluğunun
1-ci dərəcə referenti, dövlət qulluğunun 2-ci dərəcə referenti və dövlət
qulluğunun 3-cü dərəcə referenti;
16.3.4. yardımçı vəzifələrin dördüncü təsnifatı üzrə — dövlət qulluğunun
2-ci dərəcə referenti, dövlət qulluğunun 3-cü dərəcə referenti və dövlət
qulluğunun kiçik referenti.
Maddə 17. İxtisas dərəcələrinin verilməsi və onlardan
məhrum edilməsi
17.1. İxtisas dərəcələri bu qanunun 16-cı maddəsinə müvafiq olaraq dövlət
qulluqçusunun tutduğu vəzifəyə, qulluq stajına və ixtisas dərəcəsində qulluq
müddətinə uyğun olaraq, habelə əvvəllər verilmiş ixtisas dərəcəsi nəzərə
alınmaqla ardıcıl verilir. Dövlət qulluqçusunun qulluq stajına 1991-ci il
oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil
edilir.
İlk dəfə daimi dövlət qulluğuna qəbul olunmuş şəxsə tutduğu vəzifənin
inzibati təsnifatı üçün müəyyən edilmiş ən kiçik ixtisas dərəcəsi verilir.
17.2. 3-cü dərəcə dövlət müşaviri və ondan yuxarı olan ixtisas dərəcələri
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun
olaraq verilir. Bu ixtisas dərəcələri alan dövlət qulluqçusuna müvafiq hüquqi
akt və vəsiqə verilir.
Dövlət qulluğunun baş müşaviri və ondan aşağı olan ixtisas dərəcələri
müvafiq dövlət orqanının rəhbəri tərəfindən verilir.
17.3. İnzibati vəzifələrin ali təsnifatı istisna olmaqla, birinci-ikinci
təsnifat inzibati vəzifələri tutan dövlət qulluqçusunun həmin təsnifat üzrə
ixtisas dərəcəsi alması üçün dövlət qulluğunda azı 5 il qulluq stajı, həmin təsnifatlara
daxil olan vəzifələrdə azı 3 il qulluq stajı olmalıdır.
İnzibati vəzifələrin üçüncü-altıncı təsnifat vəzifələri tutan dövlət
qulluqçusunun həmin təsnifat üzrə daha yüksək (növbəti) ixtisas dərəcəsi alması
üçün müvafiq vəzifə də daxil olmaqla, həmin təsnifata daxil olan vəzifələrdə
azı 4 il qulluq stajı olmalıdır.
Bu maddənin birinci hissəsində müəyyən edilmiş hər hansı tələbə cavab
verməyən dövlət qulluqçusuna, habelə təyin olunduğu inzibati vəzifənin təsnifatına
uyğun ixtisas dərəcəsinə malik olmayan dövlət qulluqçusuna tutduğu vəzifənin
inzibati təsnifatı üçün müəyyən edilmiş ən kiçik ixtisas dərəcəsi verilir.
İxtisas dərəcəsi verilərkən dövlət qulluqçusunun peşəkarlığı və idarəçilik
təcrübəsi nəzərə alınır.
Bu qanunun 17.3-cü maddəsinin ikinci hissəsində «müvafiq vəzifə» və
«müvafiq vəzifədə» dedikdə, dövlət qulluqçusunun hazırda dövlət qulluğu keçdiyi
dövlət orqanında tutduğu dövlət qulluğu vəzifəsi nəzərdə tutulur.
17.4. Müvafiq inzibati vəzifələr üçün müəyyən edilmiş ixtisas dərəcələri
çərçivəsində növbəti ixtisas dərəcəsi almaq üçün aşağıdakılar vacibdir:
- üçüncü-beşinci
təsnifat vəzifələri üçün - ixtisas dərəcəsində qulluq müddəti 3 il təşkil
etməlidir;
- altıncı-yeddinci
təsnifat vəzifələri üçün - ixtisas dərəcəsində qulluq müddəti 2 il təşkil
etməlidir.
- Müvafiq
yardımçı vəzifələr üçün müəyyən edilmiş ixtisas dərəcələri çərçivəsində
növbəti ixtisas dərəcəsi almaq üçün aşağıdakılar vacibdir:
- birinci-ikinci
təsnifat vəzifələri üçün - ixtisas dərəcəsində qulluq müddəti ardıcıl olaraq
2 il təşkil etməlidir;
- üçüncü-dördüncü
təsnifat vəzifələri üçün - ixtisas dərəcəsində qulluq müddəti ardıcıl
olaraq 1 il təşkil etməlidir.
17.4-1. Dövlət qulluqçusuna bu Qanunun 17.3-cü maddəsinin birinci hissəsində
və 17.4-cü maddəsində müəyyən edilmiş tələblər nəzərə alınmadan daha yüksək
(növbəti) ixtisas dərəcəsi aşağıdakı hallarda verilə bilər:
17.4-1.1. xidməti fəaliyyətin qiymətləndirilməsinin nəticəsinə uyğun
olaraq qulluq funksiyalarını nümunəvi icra etdiyinə və işindəki yüksək nailiyyətlərinə
görə;
17.4-1.2. yuxarı təsnifat dövlət qulluğu vəzifəsinə təyin edildikdə.
17.4-2. Bu Qanunun 17.4-1-ci maddəsində nəzərdə tutulmuş qaydada dövlət
qulluqçusuna vaxtından əvvəl ixtisas dərəcəsi onun malik olduğu ixtisas dərəcəsində
qulluq müddətinin ən azı yarısı keçdikdən sonra verilə bilər.
Bu Qanunun 17.4-1.1-ci maddəsində nəzərdə tutulmuş halda vaxtından əvvəl
ixtisas dərəcəsinin verilməsinə dövlət qulluqçusunun dövlət qulluğunda qulluq
etdiyi müddətdə yalnız bir dəfə yol verilir.
Bu Qanunun 17.4-1.2-ci maddəsi dövlət qulluqçusunun tutduğu inzibati vəzifədən
bir təsnifat yuxarı inzibati vəzifəyə təyin edildiyi hallarda tətbiq oluna bilər.
17.4-3. Dövlət qulluqçularına ixtisas dərəcələri verilərkən onların
xüsusi, hərbi və diplomatik rütbələri nəzərə alınır. Xüsusi, hərbi və
diplomatik rütbələrin ixtisas dərəcələri ilə qarşılıqlı olaraq
uyğunlaşdırılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın
(qurumun) müəyyən etdiyi qaydada həyata keçirilir.
17.5. Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin
verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
17.6. Bu qanunun 33.1.7-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət
qulluqçusu ona verilmiş ixtisas dərəcəsindən məhrum edilir və bu barədə şəxsin
əmək kitabçasında müvafiq qeyd aparılır.
17.7. Bu Qanunun 25.2-ci maddəsinə əsasən intizam tənbehi qaydasında
dövlət qulluqçusunun ixtisas dərəcəsi (bu Qanunun 17.2-ci maddəsinin birinci
hissəsinə uyğun olaraq verilmiş ixtisas dərəcələri istisna olmaqla) bir pillə
aşağı salına bilər. İntizam tənbehinin tətbiqi qaydasında dövlət qulluqçusunun
ixtisas dərəcəsi təqvim ili ərzində yalnız bir dəfə aşağı salına bilər. Bu
qaydada aşağı salınmış ixtisas dərəcəsində qulluq müddəti həmin intizam tənbehinin
verilməsi haqqında əmrin imzalandığı gündən hesablanır.
17.8. İxtisas dərəcəsinin verilməsi, aşağı salınması və ixtisas dərəcəsindən
məhrum etmə tətbiq olunarkən dövlət qulluqçusunun əmək kitabçasında və şəxsi
işində müvafiq qeydlər edilir.
Maddə 18. Dövlət qulluqçusunun əsas vəzifələri
18.0.
Dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər:
18.0.1.
qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi
aktları həyata keçirməli;
18.0.2.
rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri
yerinə yetirməli;
18.0.3.
dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli;
18.0.4.
başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi
dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli;
18.0.5.
vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı
və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli;
18.0.6.
lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görməli;
18.0.7.
dövlət sirrini və qanunla mühafizə edilən digər sirri həmişə, o cümlədən dövlət
qulluğuna xitam verildikdən sonra da saxlamalı;
18.0.8.
vəzifə borcunun yerinə yetirilməsi vaxtı daxil olan və vətəndaşların şəxsi və
ailə həyatı, şərəfi və ləyaqəti ilə bağlı məlumatları gizli saxlamalı və
qanunla nəzərdə tutulmuş hallar istisna edilməklə, belə məlumatların verilməsini
tələb etməməli;
18.0.9.
qulluq keçdiyi orqanın rəhbərinə hər il öz gəlirləri və əmlak vəziyyəti
haqqında maliyyə hesabatı verməli, orada əlavə gəlirlərin mənbəyini, növünü və
məbləğini göstərməli;
18.0.10.
qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti olaraq başqa
yaşayış yerinə keçməli, başqa yerdə qulluq keçməli və ya başqa vəzifələri
icra etməli;
18.0.11.
qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada öz fiziki və əqli qabiliyyətinin
və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün
tibbi komissiyalarda müayinə keçməli;
18.0.12.
etik davranış qaydalarına əməl etməlidir.
Maddə 19. Dövlət qulluqçusunun əsas hüquqları
19.0.
Dövlət qulluqçusu aşağıdakı hüquqlara malikdir:
19.0.1.
vəzifə borcunu yerinə yetirmək üçün dövlət orqanlarından, ictimai birliklərdən,
müəssisə, idarə və təşkilatlardan müəyyən edilmiş qaydada lazımi informasiya və
materiallar tələb etmək və almaq;
19.0.2.
dövlət qulluqçusunu vəzifəyə təyin və vəzifədən azad etmək hüququna
malik olan vəzifəli şəxsdən öz qulluq vəzifələrinin yazılı surətdə təsbit edilməsini
və onların icrası üçün şərait yaradılmasını tələb etmək;
19.0.3.
dövlət məvacibi almaq;
19.0.4.
əlavə təhsili və qulluq vəzifələrinin yerinə yetirilməsinə münasibəti nəzərə
alınmaqla qulluqda irəli çəkilmək və ya dövlət məvacibinin məbləğinin
artırılması iddiasında olmaq;
19.0.5.
elmi və yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq, qulluq keçdiyi dövlət
orqanı rəhbərinin icazəsi ilə pedaqoji və başqa ödənişli fəaliyyətlə məşğul
olmaq;
19.0.6.
əmanətlərdən (depozitlərdən), qiymətli kağızlardan, rentadan və icarədən gəlir
götürmək;
19.0.7.
ilk tələbdən öz şəxsi işinin bütün materialları ilə, şəxsi işə tikilməli olan rəylər
və digər sənədlərlə tanış olmaq, habelə öz izahatlarının şəxsi işə tikilməsini
tələb etmək;
19.0.8.
şərəf və ləyaqətinə xələl gətirən məlumatları təkzib etmək üçün xidməti araşdırma
aparılmasını tələb etmək;
19.0.9.
müvafiq orqanlarda və məhkəmədə öz qanuni hüquqlarını və mənafeyini müdafiə etmək;
19.0.10.
həmkarlar ittifaqlarında birləşmək;
19.0.11.
qulluq keçdiyi dövlət orqanının rəhbərindən aldığı icrası məcburi olan
göstəriş və ya əmrin qanuniliyi və ya dürüstlüyü dövlət qulluqçusunda şübhə
doğurursa, həmin göstərişin və ya əmrin yazılı şəkildə ona verilməsini tələb
etmək;
19.0.12.
qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa və bu, dövlət qulluqçusu
funksiyalarının icrası ilə bir araya sığmayan deyilsə, ictimai birliklərdə üzv
olmaq;
19.0.13.
qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət vəsaiti hesabına təhsil almaq
və müvafiq təlim keçmək, habelə təhsil məqsədilə məzuniyyət almaq;
19.0.14.
qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətlər (sosial məzuniyyətlər,
özünün və ya ailə üzvlərinin müalicəsi ilə əlaqədar və yaradıcılıq məzuniyyətləri),
özünün və ya ailə üzvlərinin əlilliyi, o cümlədən sağlamlıq imkanlarının
məhdudluğu ilə əlaqədar pensiyalar və müavinətlər almaq.
Maddə 20. Dövlət qulluğu ilə əlaqədar məhdudiyyətlər
20.1.
Dövlət qulluqçusunun aşağıdakılara ixtiyarı yoxdur:
20.1.1.
dövlət orqanlarında əlavə ödənişli (əmək qanunvericiliyində nəzərdə
tutulmuş qaydada müvəqqəti əvəz edilməsi halları istisna olmaqla), heç bir
seçkili və ya təyinatlı vəzifə tutmağa;
20.1.2.
elmi və yaradıcılıq fəaliyyəti istisna olmaqla, qulluq keçdiyi dövlət
orqanı rəhbərinin icazəsi olmadan pedaqoji və başqa ödənişli fəaliyyətlə
məşğul olmağa;
20.1.3.
dövlət orqanının və ya yerli özünüidarə orqanının işləri üzrə üçüncü şəxslərin nümayəndəsi
olmağa;
20.1.4.
dövlət qulluğuna xitam verildikdən sonra Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş müddət ərzində öz qulluq fəaliyyətinə aid
olan və dövlət sirri və ya qanunla mühafizə edilən digər sirr olan məsələlər
barədə informasiyadan üçüncü şəxslərin xeyrinə istifadə etməyə;
20.1.5.
qulluq keçdiyi dövlət orqanı rəhbərinə bildirmədən xarici ölkənin vəsaiti
hesabına oraya getməyə;
20.1.6.
qulluq vəzifələrini icra etdiyi dövrdə siyasi partiyaların fəaliyyətində
iştirak etməyə;
20.1.7.
tətillərdə və dövlət orqanlarının işini pozan digər hərəkətlərdə iştirak etməyə;
20.1.8.
dini təbliğ etmək üçün dövlət qulluqçusunun statusundan istifadə etməyə və dövlət
orqanlarının tabeliyindəki obyektlərdə dini mərasimlərin keçirilməsinə rəsmi xarakter
verməyə.
20.2. Seçki komissiyasının həlledici səs hüquqlu üzvü dövlət qulluğunda
ola bilməz.
20.3. Dövlət
qulluqçusu bu maddənin tələblərinə zidd hərəkət etdikdə, əgər qanunvericilikdə
ayrı qayda nəzərdə tutulmayıbsa, xəbərdarlıq aldıqdan sonra otuz gün ərzində o,
dövlət qulluğuna, yoxsa başqa fəaliyyətə üstünlük verdiyini özü üçün müəyyən edərək
gəldiyi qərar barəsində qulluq keçdiyi dövlət orqanının rəhbərinə məlumat
verməlidir.
Maddə 21. Dövlət qulluqçuları üçün təminatlar
21.1.
Dövlət qulluqçuları üçün aşağıdakılara təminat verilir:
21.1.1.
dövlət qulluqçusunun layiqli həyat səviyyəsini təmin edən dövlət məvacibi və
digər ödənişlər;
21.1.2.
lazımi qulluq şəraiti;
21.1.3.
haqqı ödənilən məzuniyyət;
21.1.4.
dövlət qulluqçularının və onların ailə üzvlərinin icbari tibbi
sığortası;
21.1.5. müvafiq istiqamət üzrə əlavə təhsilalma;
21.1.6.
dövlət orqanları ləğv edilərsə və ya ştatlar ixtisara düşərsə, vəzifə maaşına və
ixtisasa uyğun işə düzəlmə və ya dövlət orqanlarında tutduğu vəzifəyə
uyğun vəzifə tutmaqda üstünlük;
21.1.7.
pensiya təminatı və dövlət sosial sığortası;
21.1.8.
qulluq vəzifələrinin icrası ilə əlaqədar olaraq qanunla müəyyən edilmiş qaydada
sığorta;
21.1.9.
icra edilən vəzifə öhdəliklərinin xarakteri nəzərə alınmaqla xidməti nəqliyyat və
ya müvafiq kompensasiya almaq;
21.1.10.
dövlət qulluqçusunun vəzifə öhdəliklərinin icrası ilə əlaqədar olaraq ona və
onun ailə üzvlərinə qarşı törədilən zorakılıqdan, hədələrdən və təhqirlərdən
dövlət qulluqçusunun və onun ailə üzvlərinin müdafiəsi.
21.2. Dövlət qulluqçusu sosial sığorta və məşğulluq fondlarına ödənişlərdən
azaddır.
21.3.
Dövlət qulluqçusu bu qanunda nəzərdə tutulmuş hallardan başqa yalnız öz
razılığı ilə aşağı maaşlı vəzifəyə keçirilə bilər.
21.4.
Dövlət hakimiyyəti orqanlarının, habelə dövlət orqanları rəhbərliyinin tərkibinin
dəyişməsi dövlət qulluğuna xitam verilməsi üçün əsas deyildir.
21.5. Yardımçı vəzifələr tutan dövlət qulluqçuları üçün təminatlar Azərbaycan
Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilir.
21.6. Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən
səfirlik və konsulluqlarında təyin olunan ticarət nümayəndələrinə və
onların aparatlarının işçilərinə dövlət məvacibi (əməkhaqqı), tibbi sığorta, nəqliyyat
xərcləri, yaşayış sahəsinin icarə xərcləri, məktəbyaşlı ailə üzvlərinin təhsil
haqqı və bu Qanunda nəzərdə tutulmayan təminatların verilməsi qaydası müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun dövlət
qulluqçularına aid edilən digər təminatlar ilə bağlı müddəaları Azərbaycan
Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və
konsulluqlarında təyin olunan ticarət nümayəndələrinə və onların
aparatlarının işçilərinə şamil edilir.
Maddə 22. Dövlət məvacibi
22.1.
Dövlət məvacibi dövlət qulluqçusuna pul ilə ödənilən haqdır. Dövlət məvacibinin
məbləği səlahiyyət həcmindən, məsuliyyət dərəcəsindən, tələb olunan peşəkarlıq
səviyyəsindən, vəzifədə qulluq stajından asılıdır.
22.2.
Dövlət məvacibi vəzifə maaşındın, mükafatlardan və vəzifə maaşına əlavələrdən
(dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr)
ibarətdir.
22.3. Dövlət orqanlarında inzibati və yardımçı vəzifə tutan dövlət
qulluqçularının aylıq vəzifə maaşının minimum məbləği müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
22.4.
Qulluq şəraiti həyat və sağlamlıq üçün təhlükəli, yaxud xüsusilə ağır
olan dövlət orqanlarında vəzifə maaşları üçün artıq əmsal müəyyən edilir.
Əmsalın müəyyən edilməsi qaydası, onun təyin edilməsi üçün əsas və onun məbləği
Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən edilir.
22.5.
Dövlət qulluqçularının vəzifə maaşlarına Azərbaycan Respublikasının Qanununa
müvafiq surətdə yerli əmsallar müəyyən edilir.
22.6.
Dövlət qulluqçusuna hakimiyyət səlahiyyəti vermək barədə qərar qəbul edilməsi
ilə eyni zamanda müvafiq səlahiyyətin icrasına görə onun üçün qanunvericiliklə
müəyyən edilən məbləğdə əlavə haqq müəyyən edilir.
22.7.
Dövlət qulluqçusuna daimi dövlət qulluğuna qəbul edildiyi vaxtdan başlayaraq
qulluq stajına görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın
(qurumun) müəyyən etdiyi qaydada və məbləğdə aylıq əlavə haqq ödənilir. Haqqın
məbləği qanunvericiliklə müəyyən edilir. Dövlət qulluqçusu daha
yüksək dərəcəli dövlət qulluğu vəzifəsinə təyin edilərkən əvvəlki vəzifəsində
qulluq stajına görə əlavə haqq verilmir. Bu maddə Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti və vitse-prezidentləri, Azərbaycan
Respublikasının Baş naziri və onun müavinləri, Naxçıvan Muxtar Respublikasının
Baş naziri və onun müavinləri, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti
orqanının rəhbəri və onun müavinləri, Naxçıvan Muxtar Respublikasının mərkəzi
icra hakimiyyəti orqanının rəhbəri və onun müavinləri, yerli icra hakimiyyəti
orqanının rəhbəri (başçısı) vəzifələrini tutan şəxslərə də şamil olunur.
22.7-1. Dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə
tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət
qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə
tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir.
22.7-2. Qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınaraq, dövlət
qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və
dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə
daxil edilməsi qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) təsdiq edir.
22.8.
Dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq təyin
edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq Qanunu ilə müəyyən edilir.
22.9. Bu Qanunun 22-ci maddəsinin müddəaları Azərbaycan Respublikasının
xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin
olunan ticarət nümayəndələrinə və onların aparatlarının işçilərinə şamil
olunmur.
Maddə 22-1. Dövlət qulluqçusunun əlavə təhsili
22-1.1. Dövlət qulluqçusunun əlavə təhsili fasiləsiz təhsilin və peşə
hazırlığının tərkib hissəsi olmaqla, ali, orta ixtisas və peşə təhsili pillələrinin
hər hansı birini bitirmək haqqında dövlət sənədi olan hər bir dövlət
qulluqçusunun (o cümlədən stajçı kimi və sınaq müddətinə qəbul edilmiş şəxslərin)
fasiləsiz təhsil almaq imkanını təmin edir.
22-1.2. Dövlət qulluqçusunun əlavə təhsil aldığı müddət onun qulluq
stajına daxildir.
22-1.3. Dövlət qulluqçusunun əlavə təhsil alması üçün aşağıdakılar əsasdır:
22-1.3.1. dövlət qulluğunda daha yüksək vəzifəyə təyin edilməsi;
22-1.3.2. dövlət qulluğunun ehtiyat kadrlarının siyahısına daxil edilməsi;
22-1.3.3. dövlət qulluqçusunun attestasiyası və ya onun xidməti fəaliyyətinin
qiymətləndirilməsinin nəticəsi;
22-1.3.4. dövlət qulluqçusunun şəxsi təşəbbüsü.
22-1.4. Dövlət qulluqçusunun əlavə təhsil alması həmin dövlət orqanının
rəhbəri tərəfindən müəyyən edilir.
22-1.5. Dövlət qulluqçusunun əlavə təhsili ixtisasartırma və yenidənhazırlanma
qurumlarında, təhsil müəssisələrində yaradılmış müvafiq strukturlarda, stajkeçmə
və peşə hazırlığı kurslarında və bu sahə üzrə fəaliyyətinə xüsusi razılıq
verilmiş digər müəssisələrdə qanunvericiliklə müəyyən olunmuş istiqamətlərdə həyata
keçirilir.
22-1.6. Dövlət qulluqçusu əlavə təhsil almaq üçün xarici ölkələrə ezam
edilə bilər.
22-1.7. Dövlət qulluqçusunun əlavə peşə təhsili qulluqkeçmədən
ayrılmaqla, qismən ayrılmaqla və ya ayrılmamaqla həyata keçirilir.
22-1.8. Dövlət qulluqçusunun əlavə peşə təhsilinin növü, forması,
müddəti və maliyyə təminatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq
edilən qaydalarla tənzimlənir.
22-1.9. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan
Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının
və Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın)
aparatlarında, habelə 2-ci-5-ci kateqoriya dövlət orqanlarında ali hüquq təhsili
tələb edən vəzifələrdə qulluq keçən dövlət qulluqçuları mütəmadi olaraq müvafiq
icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində peşə hazırlığına və
ixtisasının artırılmasına cəlb edilirlər.
Maddə 23. Dövlət qulluqçularının pensiya təminatı
23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı «Əmək
pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata
keçirilir.
23.2.
Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq
stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət
qulluqçusuna «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa uyğun
olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət
qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə
tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur.
23.2-1. Dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar
dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə «Əmək
pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş əmək
pensiyası yaşına çatmasına ən çoxu 2 il qalmış dövlət qulluqçusu kimi əmək
pensiyasına əlavə almaq hüququ onların dövlət qulluğu vəzifəsində minimum 13 il
qulluq stajı olduğu halda yaranır. (2020-ci il yanvarın 1-dən tətbiq edilir)
23.3. Müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına, əlilliyinə,
o cümlədən sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış,
dövlət qulluğu vəzifəsində bu Qanunun 23.2-ci maddəsi ilə müəyyən edilmiş
minimum qulluq stajına (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal
istisna olmaqla) və əmək pensiyası almaq hüququna malik olmayan dövlət
qulluqçusuna qanunvericiliklə müəyyən edilmiş miqdarda ömürlük müavinət təyin
edilir.
23.4. Dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə
olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara
uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada
yenidən hesablanır.
23.5. Dövlət qulluqçusu, yaxud pensiyaçı öldükdən sonra onun ailə
başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinə
pensiyanın müvafiq qanunvericiliklə müəyyən edilən faizi ödənilir.
Maddə 24. Dövlət qulluqçularının mükafatlandırılması
24.1.
Dövlət qulluqçusunun vəzifə borclarını yerinə yetirərkən səylə çalışması hərtərəfli
mükafatlandırılır. Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və
qaydaları qanunvericiliklə müəyyənləşdirilir.
24.2.
Dövlət qulluqçularının xidmətdə peşəkarlıq səviyyəsinin artması və vəzifə
borcuna və andına sədaqəti dövlət tərəfindən qiymətləndirilməlidir. Onun xidmətlərinin
dövlət tərəfindən təsdiq edilməsi «Vətənə xidmətə görə» ordeninin üç dərəcəsi,
«Dövlət qulluğunda fərqlənməyə görə» medalı ilə, digər orden və medallarla təltif
olunmasından, habelə Azərbaycan Respublikasının fəxri adlarını almasından ibarətdir.
Dövlət qulluqçularının orden və medallarla təltif olunması və onlara fəxri
adların verilməsi haqqında əsasnamələr və qaydalar qanunvericiliklə müəyyən
edilir.
Maddə 25. Dövlət qulluqçusunun məsuliyyəti
25.1. Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi
və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu qanunla müəyyən edilmiş məhdudiyyətlərə
əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə
səbəb olur.
25.2. Dövlət qulluqçusu bu qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində
nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən
biri tətbiq edilə bilər:
25.2.1. töhmət;
25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək
azaldılması;
25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə
keçirilməsi;
25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi;
25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması;
25.2.6. dövlət qulluğundan azad edilməsi.
25.3. Bu qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə
əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır,
dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət
orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı
izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə
mane olmur.
25.4. Xidməti yoxlamanın aparılması qaydası müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
25.5. Dövlət qulluqçularına intizam tənbehi bu qanunun 25.2-ci maddəsində
nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər.
Dövlət qulluqçusunun məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti
itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı
aparıldığı vaxt həmin müddətə daxil edilmir.
25.6. Bu qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri
vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə
və ya bu qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə
tətbiq oluna bilər.
25.7. Bu qanunun 25.2.1-25.2.6-cı maddələrində nəzərdə tutulmuş intizam
tənbeh tədbirləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri
tərəfindən, 25.2.1-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri isə,
habelə dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən
səlahiyyət verilmiş vəzifəli şəxs (şəxslər) tərəfindən tətbiq oluna bilər.
25.8. İntizam tənbeh tədbirinin tətbiq edilməsi barədə əmrdən, onun
imzalandığı gündən 7 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına şikayət
vermək olar. Bu zaman həmin orqan tərəfindən intizam tənbeh tədbiri 10 iş günü
müddətində ləğv olunmalı və ya qüvvədə saxlanılmalıdır. Tətbiq olunmuş intizam
tənbeh tədbirindən şikayət verilməsi qaydası Azərbaycan Respublikasının müvafiq
qanunvericiliyi ilə müəyyən edilir.
25.9. Dövlət qulluqçusu qanunvericiliklə müəyyən edilmiş hallarda və
qaydada inzibati və cinayət məsuliyyətinə cəlb oluna bilər.
25.10. Dövlət qulluqçusu onun təqsiri üzündən dəymiş zərər üçün
qanunvericiliklə müəyyən edilmiş qaydada maddi məsuliyyət daşıyır. Dövlət
qulluqçusunun qanuna uyğun hərəkətləri nəticəsində dəymiş zərərin əvəzi tam həcmdə
Azərbaycan Respublikasının dövlət büdcəsinin və Naxçıvan Muxtar Respublikasının
büdcəsinin vəsaiti hesabına ödənilir.
25.11. Dövlət qulluqçusu «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan
Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə
və ya həmin qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar
inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb
olunur.
Maddə 26. Qanunsuz göstərişin yerinə yetirilməsi
üstündə dövlət qulluqçusunun məsuliyyəti
26.1.
Dövlət qulluqçusu öz hərəkətlərinin qanuniliyi üçün cavabdehdir.
26.2.
Rəhbər işçinin göstərişini qanunsuz sayan dövlət qulluqçusunun etirazına
baxmayaraq, həmin rəhbər işçi öz göstərişini qüvvədə saxlayırsa və ondan yuxarı
vəzifəli rəhbər işçi həmin göstərişi ləğv etmirsə, dövlət qulluqçusu məsuliyyətdən
azad olunur.
V fəsil. Dövlət qulluğu keçmə
Maddə 27. Dövlət qulluğuna qəbul edilmək hüququ
27.1.
Azərbaycan Respublikasının 16 yaşına çatmış, irqindən, etnik mənsubiyyətindən,
dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən,
yaşayış yerindən, dinə münasibətindən, əqidəsindən, ictimai və digər
birliklərə mənsubiyyətindən asılı olmayaraq müvafiq vəzifənin tələblərinə uyğun
peşə hazırlığına malik olan və Azərbaycan Respublikasının dövlət dilini sərbəst
bilən vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququ vardır.
27.2.
Hər hansı şəxs dövlət qulluğuna aşağıdakı hallarda qəbul edilə bilməz:
27.2.1.
onun fəaliyyət qabiliyyətinə malik olmaması və ya məhdud fəaliyyət qabiliyyətinə
malik olması məhkəmənin qərarı ilə təsdiq edilərsə;
27.2.2.
məhkumluğu ödənilməmiş və ya götürülməmişsə;
27.2.3.
bilavasitə tabeliyində və ya nəzarəti altında işləyəcəyi dövlət qulluqçusu
ilə yaxın qohumluq və ya qudalıq (ər-arvadlar, onların valideynləri,
qardaşları, bacıları, övladları) əlaqəsi olduqda;
27.2.4. barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin
qanuni qüvvəyə minmiş qərarı olarsa;
27.2.5. Qanunvericiliklə
müəyyən edilmiş başqa hallarda.
27.3.
Dövlət orqanında dövlət qulluğuna qəbul edilmək üçün müraciət etmiş şəxsin
dövlət qulluğuna qəbul edilməsinin mümkün olub-olmaması qabaqcadan yoxlanılır.
Yoxlamanın qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir. Şəxsi (ailə) həyatın təfsilatı yoxlanmamalıdır.
Maddə 28. Dövlət qulluğuna qəbul
28.1. Dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test
imtahanından və müsahibədən ibarətdir.
28.2. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum inzibati vəzifələr
üzrə dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları
təşkil edir.
Test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının
təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması qaydasını müvafiq icra
hakimiyyəti orqanı müəyyən edir.
Test imtahanında iştirak etmək üçün ödənişin məbləğini müvafiq icra
hakimiyyəti orqanı müəyyən edir.
28.3. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum test
imtahanından keçən şəxsə inzibati vəzifə üzrə test imtahanından keçdiyini təsdiq
edən «Dövlət qulluğu sertifikatı» (bundan sonra — sertifikat) verir. Forması
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sertifikatın qüvvədəolma
müddəti beş ildir. Şəxs dövlət qulluğu vəzifələri üzrə, bu Qanuna uyğun olaraq
bir neçə sertifikat ala bilər.
28.4. Müsahibəni dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı təşkil
edir.
Müsahibənin keçirilməsi haqqında elan, sənədlərin qəbulu üçün müəyyən
edilmiş son müddət göstərilməklə, müvafiq icra hakimiyyəti orqanının yaratdığı
qurumun, dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanının internet
saytında və digər kütləvi informasiya vasitələrində verilir.
28.5. Dövlət qulluğuna qəbul üçün test imtahanından keçdiyini təsdiq edən
sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində
beş müsahibədə iştirak etmək üçün ödənişsiz müraciət edə bilər. Beşdən artıq
müsahibədə iştirak ödənişlidir və müsahibədə iştirak etmək üçün ödənişin məbləğini
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.
Müsahibədə iştirak etmək istəyən şəxs müsahibənin keçirilməsi elan
edildiyi gündən 30 gün müddətində dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət
orqanına müraciət edir. Müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin
qəbulu qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən müəyyən edilir.
28.6. Müsahibə sənədlərin qəbulu başa çatdıqdan sonra 30 gün ərzində
keçirilir.
Dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanı müsahibənin keçirilməsi
üçün müsahibə komissiyası yaradır. Müsahibə komissiyası 3 nəfərdən ibarət tərkibdə,
müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun 1 nümayəndəsi və 1 müstəqil
ekspert daxil edilməklə yaradılır. Müsahibə komissiyası üzvünün müsahibənin nəticələri
barədə xüsusi rəyi müsahibənin nəticələrinin araşdırılması üçün əsasdır.
Müsahibə komissiyasının reqlamenti, o cümlədən müsahibə komissiyası tərkibinin
formalaşdırılması, müsahibənin keçirilməsi, qiymətləndirmənin aparılması,
müsahibənin nəticələrinin araşdırılması qaydası və keçid balları müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
28.7. Müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər vakant dövlət
qulluğu vəzifəsinə təyin edilmək üçün 5 iş günü müddətində dövlət orqanının rəhbərinə
təqdim olunurlar. Dövlət orqanının rəhbəri təqdim olunmuş namizədlərdən birini
seçərək, altı ay müddətinə stajçı kimi qulluğa qəbul etməli və vakant dövlət
qulluğu vəzifəsinə təyin etməlidir. Staj dövründə dövlət orqanı rəhbərinin təyin
etdiyi kurator stajçının işini istiqamətləndirir, fəaliyyətinə nəzarət edir və
staj müddəti qurtardıqdan sonra stajçının sınaq müddəti ilə dövlət qulluğuna qəbul
edilməsinin məqsədəuyğun olub-olmadığı barədə tövsiyə təqdim edir. Tövsiyə müsbət
olarsa, stajçı əmək müqaviləsi bağlamaq yolu ilə üç ay sınaq müddəti ilə dövlət
qulluğuna qəbul edilir. Əmək müqaviləsində sınaq müddəti ərzində qulluq keçmənin
şərtləri müəyyənləşdirilir. Sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilən şəxslə
bağlanan əmək müqaviləsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir. Sınaq müddəti ərzində əmək müqaviləsi pozulmayıbsa, həmin müddət
qurtardıqdan sonra dövlət orqanının rəhbəri müqavilənin şərtlərinə uyğun
olaraq, həmin şəxsin daimi dövlət qulluğuna qəbul edilməsi haqqında əmr verir və
onunla müvafiq əmək müqaviləsi bağlayır. Daimi dövlət qulluğuna qəbul edilən şəxslə
bağlanan əmək müqaviləsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
28.7-1. Dövlət orqanının rəhbəri tərəfindən bu Qanunun 28.7-ci maddəsinə
uyğun olaraq təqdim olunmuş namizədlər sırasından seçim edilərkən müsabiqədə
daha yüksək nəticə əldə etmiş namizədlərə, müsabiqə nəticələri bərabər olduqda
ali təhsil pilləsinin daha yüksək səviyyəsini bitirənlərə, təhsil səviyyəsi
eyni olduqda isə təhsil müəssisəsini fərqlənmə ilə bitirənlərə və xarici dil
bilənlərə üstünlük verilir.
28.8. Stajçı kimi qulluğa qəbul edilmiş şəxs həmin müddətdə bu Qanunun
28-ci maddəsinə uyğun olaraq yenidən müsabiqədən keçərək yeni vəzifəyə təyin
edildikdə, əvvəlki vəzifədəki staj müddəti nəzərə alınır. Sınaq müddəti ilə
dövlət qulluğuna qəbul edilmiş şəxs bu Qanunun 28-ci maddəsinə uyğun olaraq
yenidən müsabiqədən keçdikdə, əvvəlki sınaq müddəti nəzərə alınmamaqla, yenidən
sınaq müddəti ilə vəzifəyə təyin edilir.
28.8-1. Bu Qanunun 28.7-ci maddəsində nəzərdə tutulmuş staj və sınaq
müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda)
inzibati vəzifələrin beşinci — yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələr
üzrə müsahibə əsasında ilk dəfə dövlət qulluğuna qəbul edilən şəxslərə də şamil
edilir.
28.9. Daimi dövlət qulluğuna qəbul edilmiş və bu Qanunun 33.1-ci maddəsinə
uyğun olaraq dövlət qulluğuna xitam verilmiş şəxslər (yardımçı vəzifə tutmuş şəxslər
istisna olmaqla) yenidən dövlət qulluğuna qəbul edildikdə, habelə bu Qanunun
2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət)
keçən və ya əvvəllər qulluq (xidmət) keçmiş (kiçik rəis heyəti və sıravi heyət
vəzifələrini tutan və ya əvvəllər tutmuş şəxslər istisna olmaqla) və xüsusi (hərbi,
diplomatik) rütbəyə malik olan şəxslər dövlət qulluğuna qəbul edildikdə, onlar
barəsində bu Qanunun 28.7-ci maddəsində nəzərdə tutulmuş staj və sınaq müddəti
tətbiq edilmir.
28.10. Daimi dövlət qulluğuna qəbul Azərbaycan Respublikasının adından
müvafiq dövlət orqanının sənədi ilə təsdiq edilir.
28.11. Vakant vəzifəyə təyin olunmaq üçün dövlət orqanının rəhbərinə təqdim
olunmuş, lakin vakant vəzifəyə təyin edilməmiş namizədlər iki il müddətində həmin
dövlət orqanında ehtiyat kadr kimi saxlanılır. Bu müddət ərzində həmin dövlət
orqanında analoji vakant vəzifə olduqda, namizədlərin razılığı ilə onlar həmin
vəzifələrə təyin edilirlər, yaxud digər dövlət orqanında analoji vakant vəzifə
olduqda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
həmin vəzifəyə təyin edilmə məsələlərinə baxılması üçün namizədlər bu dövlət
orqanının rəhbərinə təqdim olunurlar. Həmin müddət ərzində inzibati vəzifələrə
təyin edilən namizəd ehtiyat kadrlar siyahısından çıxarılır. Şəxsin bir dövlət
orqanında ehtiyat kadr kimi saxlanılması digər dövlət orqanında dövlət
qulluğuna qəbul üzrə keçirilən müsahibədə iştirakını məhdudlaşdırmır.
Dövlət orqanında inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna
uyğun olaraq müvafiq vakant inzibati vəzifə üzrə ehtiyat kadr olduğu halda, həmin
inzibati vəzifənin müsabiqəyə və ümumi müsahibəyə çıxarılmasına yol verilmir.
28.12. Bu Qanunun 28-ci maddəsinin müddəaları ali kateqoriya dövlət
orqanlarında inzibati vəzifələrin ali, birinci, ikinci və üçüncü təsnifatı vəzifələrinə,
Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və
konsulluqlarında təyin olunan ticarət nümayəndələri vəzifələrinə, «yerli
icra hakimiyyəti orqanlarının rəhbərlərinin müavinləri vəzifələrinə dövlət
qulluğuna qəbula və bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulmuş dövlət
qulluğunun xüsusi növünə qəbula şamil edilmir. Bu Qanunun 2.3-cü maddəsində nəzərdə
tutulmuş dövlət orqanlarında qulluğa (xidmətə) qəbul qaydaları Azərbaycan
Respublikasının dövlət qulluğunun xüsusi növünü tənzimləyən qanunları ilə müəyyən
edilir.
1—3-cü kateqoriya dövlət orqanlarında (müvafiq icra hakimiyyəti orqanı,
habelə Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik
və konsulluqlarında təyin olunan ticarət nümayəndələri istisna olmaqla)
inzibati vəzifələrin birinci - üçüncü təsnifatlarına uyğun olan vəzifələrə,
habelə 2-ci kateqoriya dövlət orqanlarına aid müvafiq icra hakimiyyəti
orqanında inzibati vəzifələrin dördüncü təsnifatına uyğun olan vəzifələrə (struktur
bölmə rəhbərləri və həmin dövlət orqanı rəhbərinin müşavirləri, köməkçiləri) qəbul
bu Qanunun 29.3-cü maddəsinin ikinci hissəsinə uyğun olaraq daxili müsahibə əsasında
həyata keçirilir.
Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi
(istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər, dövlət
orqanlarında (qurumlarında) siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən vəzifələrdə azı 10 il iş stajı
olan şəxslər inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul olunarkən müsabiqənin
yalnız müsahibə mərhələsində iştirak edirlər.
28.13. Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş dövlət proqramı çərçivəsində
xaricdə təhsil almış şəxslərin dövlət qulluğuna qəbulu ilə bağlı bu Qanunun
28.1-ci maddəsi tətbiq edilmir. Həmin şəxs vakant dövlət qulluğu vəzifəsinin
aid olduğu dövlət orqanına müraciət edərək, tələb olunan sənədləri təqdim etməlidir.
Sənədlər təqdim edildikdən sonra həmin şəxs 5 iş günü müddətində dövlət
orqanının rəhbərinə təqdim olunur. Dövlət orqanının rəhbəri həmin şəxsi stajçı
kimi qulluğa qəbul etməli və vakant dövlət qulluğu vəzifəsinə təyin etməlidir.
Həmin şəxsin stajçı kimi qulluğu, habelə onun sınaq müddəti ərzində qulluq keçməsi
və daimi dövlət qulluğuna qəbul edilməsi ilə bağlı məsələlər bu Qanunun 28.7-ci
maddəsi ilə tənzimlənir.
Maddə 28-1. Dövlət qulluğunda fəaliyyətin davam
etdirilməsi
28-1.1. Dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirmək istəyən şəxs
sertifikatın qüvvədə olma müddətinin son ilində, lakin həmin sertifikatın qüvvədə
olma müddətinin bitmə tarixindən gec olmayaraq növbəti sertifikat almaq üçün
müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən keçirilən
imtahanlarda iştirak etməli və yenidən sertifikat almalıdır.
28-1.2. Sertifikat alaraq dövlət qulluğuna qəbul edilən şəxs sonradan
iki dəfə sertifikat aldıqda, sonuncu sertifikat şəxsə müddətsiz verilir və həmin
şəxs dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirməsi üçün hər hansı bir
imtahana cəlb oluna bilməz.
28-1.3. Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən
test imtahanının məzmunu Şuranın təklifləri əsasında müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Maddə 29. İnzibati vəzifələrin tutulması
29.1. Ali kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin ali-üçüncü
təsnifatlarına uyğun olan vəzifələrin tutulması müsahibə keçirilməklə və ya
qulluqda yüksəliş yolu ilə həyata keçirilir.
29.2. 1—5-ci kateqoriya dövlət orqanlarında (yerli icra hakimiyyəti
orqanlarının rəhbərlərinin müavinləri vəzifələri və Azərbaycan Respublikasının
xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında təyin
olunan ticarət nümayəndələri vəzifələri istisna olmaqla) inzibati vəzifələrin
birinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin tutulması həmin dövlət
orqanı rəhbərinin qərarı əsasında bu Qanunun 28-ci maddəsində nəzərdə tutulmuş
qaydada müsabiqə və ya bu Qanunun 29.3-29.9-cu maddələrinə uyğun olaraq müsahibə
yolu ilə həyata keçirilir. 1—5-ci kateqoriya dövlət orqanının rəhbəri inzibati
vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifə yarandığı
gündən bir ay ərzində müsabiqənin, ümumi müsahibənin və ya daxili müsahibənin
keçirilməsi barədə qərar qəbul etməlidir. Müvafiq icra hakimiyyəti orqanının
yaratdığı qurum və müsabiqə (müsahibə) barədə qərar qəbul edən müvafiq dövlət
orqanı həmin müsabiqə və müsahibələrin ədalətli, şəffaf və operativ keçirilməsini
təmin etməlidirlər.
Dövlət qulluqçusu (bu Qanunun 28.12-ci maddəsinin ikinci hissəsinə uyğun
olaraq dövlət qulluğu vəzifələrini tutan dövlət qulluqçuları istisna olmaqla)
qulluq keçdiyi orqanda öz razılığı ilə aşağı vəzifəyə keçirilərkən, habelə
tutduğu inzibati vəzifə təsnifatına uyğun olan, vəzifənin adı və qulluq
funksiyası eyni olan vəzifəyə keçirilərkən bu maddənin müddəaları həmin
dövlət qulluqçusu barəsində tətbiq edilmir.
Dövlət qulluqçusu (bu Qanunun 28.12-ci maddəsinin ikinci hissəsinə uyğun
olaraq dövlət qulluğu vəzifələrini tutan dövlət qulluqçuları istisna olmaqla)
bu maddənin müddəaları tətbiq edilmədən digər dövlət orqanında (bu maddənin
dördüncü hissəsinə uyğun olaraq dövlət qulluğuna qəbul edilmiş dövlət
qulluqçusu isə digər müvafiq icra hakimiyyəti orqanında) tutduğu inzibati vəzifə
ilə eyni təsnifatdan və ya aşağı təsnifatdan olan vəzifəyə həmin dövlət
orqanları rəhbərlərinin qarşılıqlı razılığı ilə keçirilə bilər.
Yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinin müavinləri vəzifələrinin
tutulması müsahibə keçirilməklə və ya qulluqda yüksəliş yolu ilə bu Qanunun
29.13-cü maddəsinin müddəaları nəzərə alınmaqla həyata keçirilir.
Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik
və ya konsulluğunda ticarət nümayəndəsi vəzifəsinin tutulması müsahibə
keçirilməklə və ya qulluqda yüksəliş yolu ilə bu Qanunun 29.12-ci maddəsinin
müddəaları nəzərə alınmaqla həyata keçirilir.
29.3. 1—5-ci kateqoriya dövlət orqanlarında (müvafiq icra hakimiyyəti
orqanı istisna olmaqla) inzibati vəzifələrin dördüncü-yeddinci təsnifatlarına
(2-ci kateqoriya dövlət orqanlarına aid müvafiq icra hakimiyyəti orqanında
inzibati vəzifələrin dördüncü təsnifatına uyğun olan vəzifələr (struktur bölmə
(şöbə) rəhbərləri və həmin dövlət orqanı rəhbərinin müşavirləri, köməkçiləri)
istisna olmaqla) uyğun olan vəzifələrin həmin dövlət orqanında və ya digər dövlət
orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına
uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, habelə azı 5 il qulluq stajı
olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış, eləcə də bu Qanunun
2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət)
keçən və xüsusi (hərbi, diplomatik) rütbəsi olan, habelə həmin orqanlarda azı 5
il qulluq (xidmət) stajı olan və xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə
tutulan vəzifələrdə çalışmış şəxslər tərəfindən tutulması ümumi müsahibə yolu
ilə həyata keçirilir. Bu maddənin müddəaları bu Qanunun 29.2-ci maddəsinin
dördüncü hissəsinə uyğun olaraq dövlət qulluğuna qəbul edilmiş dövlət
qulluqçuları (şəxslər) barəsində tətbiq edilmir. Dövlət qulluğu vəzifəsinin
tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru
elmi dərəcəsi olan şəxslər, dövlət orqanlarında (qurumlarında) siyahısı müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən
vəzifələrdə azı 10 il iş stajı olan şəxslər inzibati vəzifələrin tutulması üçün
keçirilən ümumi müsahibədə iştirak edə bilərlər.
1—5-ci kateqoriya dövlət orqanlarında (müvafiq icra hakimiyyəti
orqanı istisna olmaqla) inzibati vəzifələrin dördüncü — yeddinci (2-ci
kateqoriya dövlət orqanlarına aid müvafiq icra hakimiyyəti orqanında inzibati vəzifələrin
dördüncü təsnifatına uyğun olan vəzifələr (struktur bölmə (şöbə) rəhbərləri və
həmin dövlət orqanı rəhbərinin müşavirləri, köməkçiləri) istisna olmaqla) təsnifatlarına
uyğun olan vəzifələrin tutulması məqsədi ilə dövlət orqanı rəhbərinin qərarı əsasında,
ilk növbədə, həmin dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və
inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət
qulluqçularının, habelə bu Qanunun 28.12-ci maddəsinin ikinci hissəsində müəyyən
edilmiş vəzifələrə iddia edən şəxslərin iştirakını nəzərdə tutan daxili müsahibə
keçirilə bilər. Müsahibə bu Qanunun 29.4-29.9-cu maddələrinin tələbləri nəzərə
alınmaqla, bu Qanunun 29.6-cı maddəsində nəzərdə tutulmuş qaydada keçirilir.
Bu maddənin ikinci hissəsinə uyğun olaraq keçirilən müsahibə nəticəsində
müvafiq inzibati vəzifə tutulmadıqda, dövlət orqanı rəhbərinin müvafiq qərarı əsasında
bu Qanunun 29.4-29.9-cu maddələrinə uyğun olaraq, bu maddənin birinci hissəsində
nəzərdə tutulmuş digər şəxslərin iştirakını nəzərdə tutan ümumi müsahibə və ya bu
Qanunun 28-ci maddəsində nəzərdə tutulmuş qaydada müsabiqə (bu Qanunun 28.12-ci
maddəsinin ikinci hissəsində müəyyən edilmiş vəzifələr istisna olmaqla) keçirilə
bilər.
Bu maddəyə uyğun olaraq müvafiq inzibati vəzifənin müsahibə yolu ilə
tutulması həyata keçirildikdə qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin
tutulmasının ümumi şərtlərinin tələbləri gözlənilməlidir.
1—5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci —
yeddinci təsnifatlarına uyğun olan vəzifələrin tutulması məqsədilə keçirilən
müsahibədən müvəffəqiyyətlə keçmiş, lakin vakant vəzifəyə təyin edilməmiş namizədlər
iki il müddətində həmin dövlət orqanında ehtiyat kadr kimi saxlanılır. Həmin
namizədlərin vakant inzibati vəzifələrə təyin olunması və ehtiyat kadrlar
siyahısından çıxarılması ilə bağlı məsələlər bu Qanunun 28.11-ci maddəsinə
uyğun olaraq tənzimlənir.
Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatların
ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısına daxil edilən şəxs bu Qanunun
29.2-ci maddəsinin birinci hissəsinə uyğun olaraq keçirilən ümumi müsahibədə və
ehtiyat kadr kimi saxlanıldığı dövlət orqanında bu Qanunun 29.3-cü maddəsinin
ikinci hissəsinə uyğun olaraq keçirilən daxili müsahibədə iştirak edə bilər.
29.4. Bu Qanunun 29.3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş
hal istisna olmaqla, müsahibə barədə elan müvafiq dövlət orqanının müraciəti əsasında
müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən kütləvi
informasiya vasitələri ilə müsahibənin keçirilməsi tarixinə bir ay qalmış
verilir.
Müsahibənin bu Qanunun 29.3-cü maddəsinin ikinci hissəsinə uyğun
keçirilməsi barədə dövlət orqanı rəhbərinin qərarı müsahibənin keçirilməsi
tarixinə bir ay qalmış həmin dövlət orqanında rəsmi elan olunur, dövlət
orqanının və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun rəsmi
internet saytlarında yerləşdirilir.
29.5. Müsahibədə barəsində
müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı
inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat
aşağı inzibati vəzifələrdə qulluq keçmiş şəxslər iştirak edə bilərlər.
Barələrində intizam tənbehi tətbiq edilmiş dövlət qulluqçuları altı ay ərzində
müsahibəyə və müsabiqəyə buraxılmırlar.
Bu maddənin birinci hissəsi bu Qanunun 28.12-ci maddəsinin ikinci hissəsində
müəyyən edilmiş vəzifələrin tutulmasına, habelə məhkəmə hakimiyyəti
orqanlarında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin
həmin orqanlarda qulluq keçən şəxslərin iştirakı ilə tutulmasına şamil olunmur.
29.6. Müsahibə müvafiq dövlət orqanı rəhbərinin yaratdığı komissiya tərəfindən
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada keçirilir.
29.7. Bu Qanunun 29.6-cı maddəsində nəzərdə tutulmuş komissiya bu
Qanunun 28.12-ci maddəsinin ikinci hissəsində müəyyən edilmiş vəzifələrin
tutulması ilə bağlı müsahibə zamanı yalnız həmin dövlət orqanının nümayəndələri
daxil edilməklə, digər hallarda isə müvafiq icra hakimiyyəti orqanının
yaratdığı qurumun 1 nümayəndəsi və 1 müstəqil ekspert daxil edilməklə, 3 nəfərdən
ibarət tərkibdə yaradılır.
29.8. Müsahibə zamanı müsahibədə iştirak edən şəxsin bilik səviyyəsi,
peşə hazırlığı, ümumi dünyagörüşü, barəsində müsahibə elan edilən vəzifə üçün zəruri
olan keyfiyyətləri yoxlanılmaqla, müvafiq vəzifəyə yararlılığı müəyyən edilir.
29.9. Müsahibə zamanı aşağıdakı göstəricilər nəzərə alınmalıdır:
29.9.1. ixtisas dərəcəsi;
29.9.2. attestasiyanın nəticələri;
29.9.3. müvafiq vəzifənin tələblərinə uyğun olaraq əlavə təhsilalma.
29.10. Müsahibənin nəticələrinə görə müvafiq inzibati vəzifənin
tutulması barədə qərar qəbul edilir.
29.11. Müsahibə nəticəsində müvafiq inzibati vəzifə (bu Qanunun 28.12-ci
maddəsinin ikinci hissəsində müəyyən edilmiş vəzifələr istisna olmaqla)
tutulmadıqda, dövlət orqanı rəhbərinin həmin vəzifənin müsabiqə əsasında
tutulması barədə qərarı əsasında bu Qanunun 28-ci maddəsində nəzərdə tutulmuş
qaydada müsabiqə keçirilir.
29.12. Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən
səfirlik və konsulluqlarında ticarət nümayəndələri müvafiq icra hakimiyyəti
orqanının rəhbəri tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə
razılaşdırılmaqla təyin olunur.
29.13. Yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinin müavinləri
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə
razılaşdırılmaqla təyin olunur.
Maddə 29-1. Müsahibənin nəticələrinə yenidən baxılması
Namizədlər müsahibənin nəticələrindən inzibati qaydada müvafiq icra
hakimiyyəti orqanının yaratdığı quruma, Şuraya və məhkəməyə şikayət verə bilərlər.
Maddə 30. Dövlət qulluğunun şərtləri
30.1.
Dövlət qulluğunda iş vaxtı həftədə 40 saatdır. Dövlət qulluqçularının ayrı-ayrı
kateqoriyaları üçün qanunla müddəti qısaldılmış iş vaxtı müəyyən edilə bilər.
30.2.
Qulluq üçün zəruri olduqda dövlət orqanının rəhbəri müstəsna hallarda iş
vaxtını ayda əvəzi ödənilmədən 5 saata qədər artıra bilər. İş vaxtı 5 saatdan
çox artırılanda işlədiyi hər saata görə dövlət qulluqçusuna əlavə haqq ödənilməlidir.
30.3.
İnzibati vəzifə tutan dövlət qulluqçusuna ildə bir dəfə 30 təqvim günü müddətində
haqqı ödənilən əsas məzuniyyət verilir. Uzun illər işləməyə görə haqqı ödənilən
əlavə məzuniyyət aşağıdakı qaydada verilir:
30.3.1.
5 ildən 10 ilədək əmək stajına görə—2 təqvim günü;
30.3.2.
10 ildən 15 ilədək əmək stajına görə—4 təqvim günü;
30.3.3.
15 ildən çox əmək stajına görə—6 təqvim günü;
Dövlət qulluqçusu öz arzusu ilə və dövlət orqanı rəhbərinin razılığı ilə
ödənişsiz məzuniyyətə göndərilə bilər.
30.4.
Xidməti ezamiyyətə göndərilən dövlət qulluqçusu aşağıdakılarla təmin olunur:
30.4.1.
mehmanxanada və ya xidməti yaşayış sahəsində yer, altı aydan çox müddətə
ezamiyyətə göndəriləndə isə ayrıca xidməti mənzil sahəsi;
30.4.2.
iş yeri, rabitə vasitələrindən istifadə etmək imkanı;
30.4.3.
digər zəruri texniki xidmətlər və sosial-məişət xidmətləri, o cümlədən onu göndərən
orqanın vəsaiti hesabına xidmətlər.
30.5.
Müvvəqqəti olaraq başqa yerə qulluğa keçirilən dövlət qulluqçusunun ailəsini
özü ilə aparmağa ixtiyarı vardır. Ona müəyyən edilmiş yaşayış normalarına uyğun
gələn məişət ləvazimatı ilə komplektləşdirilmiş xidməti mənzil verilir, habelə əvvəl
qulluq keçdiyi yerdəki yaşayış sahəsi saxlanılır. Dövlət qulluqçusunun
ailə üzvlərinə işə və ya təhsil müəssisəsinə düzəlməkdə kömək göstərilir, məktəbəqədər
təhsil müəssisələrində yer verilir və lazım gəldikdə, onu göndərən
orqanın vəsaiti hesabına haqqı ödənilən tibbi xidmət göstərilir. Müvəqqəti
olaraq başqa yerə qulluğa keçirilməklə bağlı olan digər məsələlər Azərbaycan
Respublikasının Əmək Məcəlləsi ilə tənzim olunur.
30.6.
Yardımçı vəzifələr tutan dövlət qulluqçularının əmək münasibətləri bu
qanunun müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikasının Əmək Məcəlləsi
ilə tənzimlənir.
Maddə 30-1. Dövlət qulluqçularının xidməti fəaliyyətinin
qiymətləndirilməsi
30-1.1. İnzibati vəzifə tutan dövlət qulluqçularının xidməti fəaliyyətinin
qiymətləndirilməsi hər təqvim ilinin sonunda həyata keçirilir.
30-1.2. Ali kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin
ali-üçüncü təsnifatlarına uyğun dövlət qulluğu vəzifələrini tutan dövlət
qulluqçularının, stajçı kimi və sınaq müddəti ilə dövlət qulluğuna qəbul
edilmiş şəxslərin, habelə təqvim ilinin sonunadək müvafiq vəzifədə faktiki
olaraq 6 aydan az müddətdə qulluq keçən dövlət qulluqçularının xidməti fəaliyyəti
qiymətləndirilmir.
30-1.3. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi
onun bilavasitə rəhbəri tərəfindən həyata keçirilir.
30-1.4. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi
qiymətləndirilmə forması əsasında aparılır. Qiymətləndirilmə forması dövlət
qulluqçusunun təqvim ili ərzində yerinə yetirməli olduğu tapşırıqlar (hədəflər)
və bu Qanunun 30-1.6-cı və 30-1.7-ci maddələrində göstərilən meyarlar, habelə əmək
intizamı nəzərə alınmaqla tərtib edilir. Tapşırıqların (hədəflərin) və
meyarların mühümlük dərəcəsi bilavasitə rəhbər tərəfindən müəyyən edilir.
30-1.5. Tapşırıqlar (hədəflər) dövlət qulluqçusunun il ərzində icra etməli
olduğu mühüm işlərdir. Tapşırıqlar (hədəflər) dövlət qulluqçusunun qulluq
keçdiyi struktur bölmənin fəaliyyət istiqamətlərinə uyğun və dövlət
qulluqçusunun qulluq funksiyaları çərçivəsində olmalıdır. Tapşırıqların (hədəflərin)
icra müddəti dəqiq müəyyən edilməli, ölçülə və yerinə yetirilə bilən olmalıdır.
Hər bir tapşırığın (hədəfin) icra edilməsindən gözlənilən nəticə müəyyən edilməlidir.
30-1.6. Dövlət qulluqçusunun il ərzində xidməti fəaliyyəti aşağıdakı
meyarlar əsasında qiymətləndirilir:
30-1.6.1. peşə bilikləri;
30-1.6.2. qulluq (xidməti) vəzifələrinə münasibəti;
30-1.6.3. təhlil aparmaq, problem həll etmək və qərar vermək bacarığı;
30-1.6.4. yaradıcılıq və təşəbbüskarlıq;
30-1.6.5. iş təcrübəsi və onu bölüşmə;
30-1.6.6. kollektivdə işləmək və ünsiyyət bacarığı.
30-1.7. Rəhbər vəzifə tutan dövlət qulluqçularının fəaliyyəti bu Qanunun
30-1.6-cı maddəsində göstərilənlərə əlavə olaraq aşağıdakı meyarlar əsasında
qiymətləndirilir:
30-1.7.1. proqnozlaşdırma;
30-1.7.2. idarəetmə;
30-1.7.3. kollektiv daxilində nüfuz və ruhlandırmaq bacarığı;
30-1.7.4. komanda qurmaq bacarığı.
30-1.8. Dövlət qulluqçusunun xidməti fəaliyyəti aşağıdakı şəkildə qiymətləndirilir:
30-1.8.1. əla;
30-1.8.2. yaxşı;
30-1.8.3. kafi;
30-1.8.4. qeyri-kafi.
30-1.9. Dövlət qulluqçusunun xidməti fəaliyyətinə verilən yekun qiymətin
50 faizi tapşırıqların (hədəflərin) icra səviyyəsinin qiymətləndirilməsinə, 40
faizi meyarlar əsasında qiymətləndirilməyə, 10 faizi isə əmək intizamı əsasında
qiymətləndirməyə əsaslanır.
30-1.10. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin
nəticələri xidməti fəaliyyətin qiymətləndirilməsi barədə sənədlə rəsmiləşdirilir.
Dövlət qulluqçusunun fəaliyyəti bütün tapşırıqlar (hədəflər), meyarlar, eləcə də
əmək intizamı üzrə qiymətləndirilir və verilmiş qiymətlər əsaslandırılır. Dövlət
qulluqçusu xidməti fəaliyyətinin qiymətləndirilməsi nəticəsi ilə razılaşmadıqda
xidməti fəaliyyətin qiymətləndirilməsi barədə sənədə onun rəyi əlavə edilir.
Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri
onun şəxsi işində saxlanılır.
30-1.11. Dövlət qulluqçusunun xidməti fəaliyyəti üzrə yekun qiymət müəyyən
edildikdən sonra onunla müsahibə keçirilir. Müsahibə zamanı dövlət qulluqçusunun
xidməti fəaliyyətinə verilən qiymət və şərhlər müzakirə olunur. Müsahibə zamanı
növbəti qiymətləndirilmə ili üçün tapşırıqlar (hədəflər) və onların mühümlük dərəcəsi
müəyyən edilə bilər.
30-1.12. Dövlət orqanının rəhbəri tərəfindən dövlət qulluqçusunun xidməti
fəaliyyətinin qiymətləndirilməsinin nəticəsi əsasında onun barəsində aşağıdakı
tədbirlərdən biri görülə bilər:
30-1.12.1. dövlət qulluqçusunun mükafatlandırılması;
30-1.12.2. dövlət qulluqçusuna vaxtından əvvəl ixtisas dərəcəsinin
verilməsi;
30-1.12.3. dövlət qulluqçusunun fəaliyyətinin və bacarıqlarının daha da
təkmilləşdirilməsi məqsədilə əlavə təhsilə və ya xüsusi təlimlərə cəlb edilməsi;
30-1.12.4. dövlət qulluqçusunun bilik və bacarıqlarına uyğun digər
analoji vəzifəyə keçirilməsi;
30-1.12.5. dövlət qulluqçusunun aşağı inzibati vəzifəyə keçirilməsi.
30-1.13. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi
qaydası və qiymətləndirilmə forması müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
30-1.14. Dövlət qulluqçusu xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsi
ilə razılaşmadıqda inzibati qaydada və məhkəmə qaydasında şikayət etmək
hüququna malikdir.
Maddə 31. Dövlət qulluqçusunun attestasiyası
31.1. İnzibati və yardımçı vəzifələri tutan hər bir dövlət qulluqçusu,
bu qanunda başqa hal nəzərdə tutulmayıbsa, beş ildə bir dəfədən çox olmayaraq
attestasiyadan keçirilməlidir.
31.2. Attestasiya kollegial, obyektiv surətdə, müvafiq icra hakimiyyəti
orqanının nümayəndəsinin və müstəqil mütəxəssislərin cəlb edilməsi ilə
keçirilir. Attestasiya komissiyasının tərkibini müvafiq dövlət orqanının rəhbəri
təsdiq edir.
31.3. Attestasiya zamanı dövlət qulluqçusunun peşəkarlıq, işgüzarlıq və
mənəvi keyfiyyətləri qiymətləndirilir və onun tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyi
barədə nəticə çıxarılır.
31.4. Attestasiyanın əsas məqsədləri aşağıdakılardır:
31.4.1. dövlət qulluqçusunun tutduğu vəzifəyə uyğun gəlib-gəlmədiyinin
müəyyənləşdirilməsi;
31.4.2. dövlət qulluqçusunun potensial imkanlarından istifadə etmək
mümkünlüyünün aşkara çıxarılması, onun peşə səriştəliyini artırmağa
stimullaşdırılması;
31.4.3. dövlət qulluqçusunun əlavə təhsilinə zərurət dərəcəsinin müəyyənləşdirilməsi.
31.5. Attestasiyanın keçirilməsinin müddətləri, cədvəli və bu Qanunun
31.6-cı maddəsində göstərilən sualların hazırlanmasında istifadə olunan hüquqi
aktların və digər məlumat mənbələrinin siyahısı müvafiq icra hakimiyyəti orqanı
ilə razılaşdırılmaqla müvafiq dövlət orqanı tərəfindən təsdiq edilir və
attestasiyanın başlanmasına ən geci 1 ay qalmış attestasiyadan keçən dövlət
qulluqçularının nəzərinə çatdırılır.
31.6. Attestasiya komissiyasının üzvləri tərəfindən dövlət qulluqçusuna
yalnız tutduğu vəzifəyə, vəzifə təlimatına, ixtisasına dair, icra etdiyi işlər
və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə uyğunluğunu müəyyən etmək
üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, qulluq
funksiyalarına aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya
olunan dövlət qulluqçusuna onun xidməti fəaliyyətinə bilavasitə aid olmayan
sualların verilməsi, habelə onun siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi
yolverilməzdir.
31.7. Tutduğu vəzifədə 1 ildən az qulluq keçən, habelə staj və sınaq
müddətində olan dövlət qulluqçuları növbəti attestasiyadan keçirilmirlər. Uşağa
qulluq etmək üçün məzuniyyətdə olan dövlət qulluqçusu qulluq keçməsini davam
etdirməyə başladıqdan sonra bir ildən tez olmayaraq attestasiyadan keçməlidirlər.
31.8. Attestasiyanın keçirilməsi üçün sədrdən, katibdən və azı digər üç
komissiya üzvündən ibarət tərkibdə attestasiya komissiyası təsdiq edilir. Tərkibi
vaxtaşırı dəyişən attestasiya komissiyasına yüksək ixtisaslı mütəxəssislər,
elmi ekspertlər daxil edilə bilərlər.
31.9. Attestasiyadan keçməli olan hər bir dövlət qulluqçusuna
attestasiyanın başlanmasına ən azı 2 həftə qalmış onun bilavasitə rəhbəri tərəfindən
hazırlanmış xidməti xasiyyətnamə verilir və həmin dövlət qulluqçusu ona verilən
xasiyyətnamə ilə tanış olmalıdır.
Xasiyyətnamədə dövlət qulluqçusunun xidməti fəaliyyətinə qiymət verilir,
fərdi xüsusiyyətləri, güclü və zəif cəhətləri, keçən dövr ərzindəki işinin nəticələri
göstərilir. Sonrakı attestasiyalarda komissiyaya habelə əvvəlki attestasiyanın
attestasiya vərəqəsi təqdim edilir.
31.10. Dövlət qulluqçusu attestasiyadan keçirilərkən onun bilavasitə rəhbəri
attestasiyaya dəvət edilə bilər. Attestasiya komissiyası attestasiyadan keçən
dövlət qulluqçusunun fəaliyyəti haqqında onun məlumatını dinləyir və təqdim edilmiş
materialları nəzərdən keçirir.
31.11. Dövlət qulluqçusu üzrlü səbəb olmadan attestasiya komissiyasının
iclasına gəlmədikdə, attestasiyadan keçirilməmiş hesab edilir və həmin dövlət
qulluqçusu barəsində bu qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh
tədbirləri tətbiq edilə bilər. Dövlət qulluqçusu üzrlü səbəbdən attestasiya
komissiyasının iclasına gəlmədikdə, attestasiyadan keçirilməmiş hesab edilir.
Dövlət qulluqçusu üzrlü səbəb olmadan və ya üzrlü səbəbdən attestasiya
komissiyasının iclasına gəlmədikdə, həmin dövlət qulluqçusu növbəti
attestasiyadan keçməlidir.
31.12. Dövlət qulluqçusunun attestasiyasının nəticələri əsasında
attestasiya komissiyası aşağıdakı qiymətlərdən birini verir:
31.12.1. tutduğu vəzifəyə uyğun gəlir;
31.12.2. işini yaxşılaşdırsa və komissiyanın tövsiyələrini yerinə yetirsə,
bir ildən sonra təkrar attestasiyadan keçmək şərti ilə tutduğu vəzifəyə uyğun gəlir;
31.12.3. tutduğu vəzifəyə uyğun gəlmir.
31.13. Attestasiya komissiyası attestasiyanın nəticələri əsasında ayrı-ayrı
dövlət qulluqçularının qazandıqları müvəffəqiyyətlərə görə mükafatlandırılması,
irəli çəkilmək üçün ehtiyat kadrlar siyahısına daxil edilməsi, attestasiyadan
keçən dövlət qulluqçularının müvafiq istiqamət üzrə əlavə təhsilə cəlb edilməsi,
qulluq fəaliyyətinin, işinin nəticələrinin yaxşılaşdırılması, aşağı vəzifəyə
keçirilməsi və ya tutduğu vəzifədən azad edilməsi haqqında tövsiyələr verə bilər.
Bu halda komissiya irəli sürdüyü tövsiyələri əsaslandırmalıdır.
31.14. Dövlət qulluqçusunun fəaliyyətinə verilən qiymət və komissiyanın
tövsiyələri attestasiyadan keçən dövlət qulluqçusunun iştirakı olmadan açıq səsvermə
yolu ilə qəbul edilir.
31.15. Attestasiya və səsvermə attestasiya komissiyasının üzvlərinin ən
azı üçdə iki hissəsinin iştirakı ilə keçirilir. Səsvermənin nəticələri səs
çoxluğu ilə müəyyən edilir. Səslər bərabər olduqda, attestasiyadan keçən dövlət
qulluqçusu tutduğu vəzifəyə uyğun gələn sayılır. Attestasiya komissiyasının
üzvü olan dövlət qulluqçusu attestasiyadan keçərkən səsvermədə iştirak etmir.
Attestasiyanın nəticələri səsvermədən dərhal sonra dövlət qulluqçusuna
bildirilir.
31.16. Attestasiyanın nəticələri (qiymət və tövsiyələr), habelə
attestasiya zamanı verilən suallar və cavablar tərtib edilən, sədr, katib və
attestasiya komissiyasının səsvermədə iştirak etmiş digər üzvləri tərəfindən
imzalanan attestasiya vərəqəsinə yazılır.
31.17. Attestasiyadan keçən dövlət qulluqçusunun attestasiya vərəqəsi və
xasiyyətnaməsi onun şəxsi işində saxlanılır və onların bir surəti
attestasiyadan keçən dövlət qulluqçusuna verilir.
31.18. Attestasiya komissiyasının verdiyi qiymət əsas götürülərək,
tövsiyələr nəzərə alınmaqla və qüvvədə olan qanunvericiliyə uyğun olaraq
ayrı-ayrı dövlət qulluqçularının qazandıqları müvəffəqiyyətlər müqabilində
mükafatlandırılması, dövlət qulluqçusunun irəli çəkilmək üçün ehtiyat kadrlar
siyahısına daxil edilməsi, yuxarı vəzifəyə keçirilməsi, xidməti fəaliyyətlə
bağlı müvafiq istiqamət üzrə əlavə təhsilə cəlb edilməsi, attestasiyanın nəticələrinə
görə tutduğu vəzifəyə uyğun gəlmədiyi aşkara çıxan dövlət qulluqçusunun aşağı vəzifəyə
keçirilməsi və ya tutduğu vəzifədən azad edilməsi haqqında qərarlar dövlət
qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən qəbul edilir.
31.19. Bu qanunun 31.18-ci maddəsində nəzərdə tutulmuş qərarlar dövlət
qulluqçusunun attestasiyadan keçdiyi gündən sonra ən geci 2 ay müddətində qəbul
edilir. Bu müddət keçdikdən sonra attestasiyanın nəticələri əsasında dövlət
qulluqçusunun aşağı vəzifəyə keçirilməsi və ya tutduğu vəzifədən azad edilməsi
haqqında qərarlar qəbul edilə bilməz.
31.20. Dövlət qulluqçusunun üzrlü səbəbdən işə gəlmədiyi, ezamiyyətdə və
məzuniyyətdə olduğu vaxt həmin 2 ay müddətinə daxil edilmir.
31.21. Dövlət qulluqçusu attestasiyanın nəticələrindən 7 iş günü müddətində
müvafiq icra hakimiyyəti orqanına şikayət edə bilər. Müvafiq icra hakimiyyəti
orqanı şikayətə daxil olduğu gündən sonra 20 iş günü ərzində baxır.
31.22. Dövlət qulluqçusunun attestasiyasının keçirilməsi qaydaları
müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 31-1. Dövlət qulluqçusunun rotasiyası
31-1.1. Dövlət qulluqçusunun rotasiyası onun qulluq keçdiyi dövlət
orqanının rəhbərinin qərarı ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçirilir.
31-1.2. Bu Qanunun 31-1.1-ci maddəsində nəzərdə tutulan qaydada siyahısı
müəyyən edilən dövlət qulluqçuları rotasiya qaydasında başqa vəzifəyə təyin
edilərkən onun qulluq keçdiyi inzibati vəzifənin təsnifatı, ixtisası, xidməti fəaliyyətinin
qiymətləndirilməsinin nəticəsi, qulluq stajı, habelə yaşı, ailə və sağlamlıq vəziyyəti
nəzərə alınır.
31-1.3. Müvafiq vəzifədə beş ildən az qulluq keçən dövlət qulluqçuları
rotasiya olunmur.
31-1.4. Rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə
təyin olunan dövlət qulluqçularına müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kompensasiya və birdəfəlik ödəniş
verilir.
Maddə 32. Dövlət qulluğunda irəli çəkilmək hüququ
32.1.
Dövlət qulluqçusu bu qanunla müəyyən edilmiş qaydada qulluqda yüksəliş yolu
ilə, habelə müsahibə və ya müsabiqə nəticəsində dövlət qulluğunda irəli çəkilə
bilər.
32.2.
Dövlət qulluğunda irəli çəkilmək hüququ dövlət qulluqçularının öz vəzifələrini
müvəffəqiyyətlə və vicdanla yerinə yetirməsi, vakant vəzifə olması,
habelə boşalmış vəzifənin tələblərinə uyğun olaraq əlavə təhsilalmanın nəticələri
nəzərə alınmaqla həyata keçirilir. Bu zaman rotasiya olunmuş inzibati vəzifə
tutan dövlət qulluqçularına üstünlük verilir.
32.3. Qulluqçunun irəli çəkilməsindən imtina edilməsi barədə
qanunvericilikdə müəyyən olunmuş qaydada, yəni yalnız müsabiqənin və ya
attestasiyanın keçirilməsi qaydasının pozulduğu hallarda şikayət etmək olar.
32.4. Yeni vəzifəyə təyinat Azərbaycan Respublikasının adından həyata
keçirilir və müvafiq orqanın sənədi (vəsiqəsi) ilə təsdiq edilir.
32.5. Dövlət qulluqçusunun potensialından düzgün istifadə edilərək hərtərəfli
inkişafına şərait yaratmaq, onun dövlət qulluğunda irəli çəkilməsi və
motivasiyasının təmin edilməsi və dövlət qulluğunda insan resurslarından daha səmərəli
istifadə edilməklə dövlət orqanının kadr tələbatına olan ehtiyacını vaxtında ödəmək
məqsədilə dövlət qulluqçusunun karyerası planlaşdırılır. Dövlət qulluqçularının
karyerasının planlaşdırılması üçün dövlət orqanları tərəfindən müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada
dövlət qulluqçusunun karyera inkişaf planı hazırlanır.
Maddə 32-1. Dövlət qulluğunda olmanın yaş həddi
32-1.1. Dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddi
65-dir.
32-1.2. 65 yaşına çatmış dövlət qulluqçusunun dövlət qulluğunda olma
müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox
olmayaraq uzadıla bilər. Dövlət qulluqçusunun dövlət qulluğunda olma müddətinin
5 ildən çox uzadılmasına yol verilmir.
32-1.3. İnzibati vəzifələrin ali-üçüncü təsnifatına aid vəzifələrdə
qulluq keçən dövlət qulluqçusunun dövlət qulluğunda olma müddəti müvafiq dövlət
orqanının razılığı əsasında bu Qanunun 32-1.2-ci maddəsində nəzərdə tutulmuş
müddətdən artıq uzadıla bilər.
32-1.4. Bu Qanunun 32-1.2-ci maddəsinə uyğun olaraq dövlət orqanına aid
edilən sahədə dövlət qulluğunda olma müddəti uzadılmış dövlət qulluqçularının
sayı həmin dövlət orqanının vahid sistemini təşkil edən qurumların işçilərinin
ümumi sayının 15 faizindən artıq ola bilməz.
32-1.5. Dövlət orqanının aparatının və digər struktur qurumunun çalışma
müddəti uzadılmış işçilərinin sayı müvafiq olaraq onun aparatının və digər
struktur qurumunun işçilərinin sayının 2 faizindən artıq ola bilməz.
32-1.6. Dövlət orqanının aparatında və ya digər struktur qurumunda dövlət
qulluqçularının sayı 100 nəfərdən az olduqda, çalışma müddəti uzadılmış işçilərin
sayı iki ştat vahidinə qədər yuvarlaqlaşdırılır.
32-1.7. Dövlət qulluqçusunun dövlət qulluğunda olma müddətinin
uzadılmasına onun razılığı əsasında yol verilir.
32-1.8. Bu Qanunun 32-1.2-ci maddəsi tətbiq edilərkən aşağıdakılar nəzərə
alınır:
32-1.8.1. dövlət qulluğunda intizam tənbeh tədbirlərinin tətbiq edilməməsi;
32-1.8.2. elmi dərəcənin və ya elmi adın olması;
32-1.8.3. dövlət təltifi ilə təltif edilmə;
32-1.8.4. attestasiyadan üç dəfə müvəffəqiyyətlə keçmə.
Maddə 33. Dövlət qulluğuna xitam verilməsi
33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər:
33.1.1. dövlət qulluqçusunun öz arzusu ilə;
33.1.2. dövlət orqanı ləğv edildikdə;
33.1.3. dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə;
33.1.4. qanunvericiliyin tələbləri pozularaq işə qəbul edildikdə;
33.1.5. dövlət qulluqçusunun aldığı
sertifikatın qüvvədəolma müddəti bitdikdə və dövlət qulluqçusu növbəti
sertifikat ala bilmədikdə;
33.1.6. Bu qanunun 25.2.6-cı maddəsinə uyğun
olaraq dövlət qulluğundan azad edildikdə;
33.1.7. Azərbaycan Respublikası vətəndaşlığına
xitam verildikdə;
33.1.8. qanunvericilik və ya yerli özünüidarə
orqanlarına seçildikdə, habelə hakim təyin edildikdə, əgər onlar həmin vəzifələrdən
imtina etmədikdə;
33.1.9. qanunvericilikdə daha uzun müddət müəyyən
edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam
itirilməsi ilə əlaqədar dövlət qulluqçusu əmək funksiyasını yerinə yetirə bilmədikdə;
33.1.10. məhkəmənin qanuni qüvvəyə minmiş
ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuni
qüvvəyə minmiş qərarı olduqda;
33.1.11. dövlət qulluqçusu vəfat etdikdə,
habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş
elan edildikdə;
33.1.12. dövlət qulluğunda olmanın yaş həddinə
çatdıqda.
33.2. Dövlət qulluqçusu müvafiq qanunvericiliyə
uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan
çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən
asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində
birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur.
33.3. Dövlət orqanı rəhbərinin dövlət
qulluğunu davam etdirmək barədə qərarı olarsa, dövlət qulluqçusu öz arzusu ilə
dövlət qulluğundan çıxmaq barədə ərizəni verdiyi gündən 1 ay ərzində dövlət
qulluğunu davam etdirməlidir. Zərurət olduqda, həmin müddət dövlət orqanının rəhbəri
tərəfindən əlavə olaraq 1 ay müddətinədək uzadıla bilər.
IV fəsil. Yekun müddəalar
Maddə 34. Dövlət qulluğu keçmənin digər məsələləri
Bu Qanunda və ona uyğun qəbul edilmiş
qanunvericilik aktlarında tənzimlənməyən dövlət qulluğu keçmə ilə bağlı digər
məsələlər Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir.
Maddə
35. Qanunun qüvvəyə minməsi
Bu
Qanun 2001-ci il sentyabrın 1-dən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 21 iyul 2000-ci il
№ 926-IQ
«Azərbaycan» qəzetində dərc edilmişdir (7 fevral 2001-ci il, №30)
(«LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir
(2001-ci il, № 1, maddə 1) («LegalActs» LLC).
13 fevral 2001-ci il tarixli, 74-IIQD nömrəli; 2 iyul 2002-ci il tarixli, 359-IIQD nömrəli; 3 dekabr 2002-ci il tarixli, 398-IIQD nömrəli; 30 dekabr 2003-cü il tarixli, 569-IIQD nömrəli; 5 mart 2004-cü il tarixli, 597-IIQD nömrəli; 4 may 2004-cü il tarixli, 646-IQD nömrəli; 8 iyun 2004-cü il tarixli, 684-IIQD nömrəli; 10 sentyabr 2004-cü il tarixli, 751-IIQD nömrəli; 15 aprel 2005-ci il tarixli, 886-IIQD nömrəli; 10 may 2005-ci il tarixli, 914-IIQD nömrəli; 1 sentyabr 2005-ci il tarixli, 980-IIQD nömrəli; 3 mart 2006-cı il tarixli, 78-IIIQD nömrəli; 12 may 2006-cı il tarixli, 108-IIIQD nömrəli; 30 may 2006-cı il tarixli, 122-IIIQD nömrəli; 10 oktyabr 2006-cı il tarixli, 159-IIIQD nömrəli; 20 oktyabr 2006-cı il tarixli, 167-IIIQD nömrəli; 28 noyabr 2006-cı il tarixli, 179-IIIQD nömrəli; 16 fevral 2007-ci il tarixli, 246-IIIQD nömrəli; 10 aprel 2007-ci il tarixli, 303-IIIQD nömrəli; 31 may 2007-ci il tarixli, 356-IIIQD nömrəli; 1 oktyabr 2007-ci il tarixli, 420-IIIQD nömrəli; 1 oktyabr 2007-ci il tarixli, 424-IIIQD nömrəli; 19 oktyabr 2007-ci il tarixli, 458-IIIQD nömrəli; 19 oktyabr 2007-ci il tarixli, 462-IIIQD nömrəli; 7 dekabr 2007-ci il tarixli, 504-IIIQD nömrəli; 7 dekabr 2007-ci il tarixli, 510-IIIQD nömrəli; 1 fevral 2008-ci il tarixli, 536-IIIQD nömrəli; 12 fevral 2008-ci il tarixli, 546-IIIQD nömrəli; 1 aprel 2008-ci il tarixli, 579-IIIQD nömrəli; 2 iyun 2008-ci il tarixli, 624-IIIQD nömrəli; 13 iyun 2008-ci il tarixli, 638-IIIQD nömrəli; 13 iyun 2008-ci il tarixli, 648-IIIQD nömrəli; 13 iyun 2008-ci il tarixli, 649-IIIQD nömrəli; 24 iyun 2008-ci il tarixli, 654-IIIQD nömrəli; 30 dekabr 2008-ci il tarixli, 755-IIIQD nömrəli; 28 aprel 2009-cu il tarixli, 806-IIIQD nömrəli; 26 may 2009-cu il tarixli, 820-IIIQD nömrəli; 30 sentyabr 2009-cu il tarixli, 885-IIIQD nömrəli; 27 oktyabr 2009-cu il tarixli, 901-IIIQD nömrəli; 26 noyabr 2009-cu il tarixli, 921-IIIQD nömrəli; 5 mart 2010-cu il tarixli, 972-IIIQD nömrəli; 21 dekabr 2010-cu il tarixli, 38-IVQD nömrəli; 1 fevral 2011-ci il tarixli, 57-IVQD nömrəli; 17 may 2011-ci il tarixli, 126-IVQD nömrəli; 20 aprel 2012-ci il tarixli, 345-IVQD nömrəli; 1 oktyabr 2012-ci il tarixli, 424-IVQD nömrəli; 16 oktyabr 2012-ci il tarixli, 441-IVQD nömrəli; 30 dekabr 2014-cü il tarixli, 1160-IVQD nömrəli; 3 aprel 2015-ci il tarixli, 1241-IVQD nömrəli; 30 sentyabr 2015-ci il tarixli, 1339-IVQD nömrəli; 31 may 2016-cı il tarixli, 267-VQD nömrəli; 14 oktyabr 2016-cı il tarixli, 358-VQD nömrəli; 30 sentyabr 2016-cı il tarixli, 329-VQD nömrəli; 14 oktyabr 2016-cı il tarixli, 354-VQD nömrəli; 25 aprel 2017-ci il tarixli, 625-VQD nömrəli; 31 may 2017-ci il tarixli, 693-VQD nömrəli; 31 may 2017-ci il tarixli, 706-VQD nömrəli; 30 iyun 2017-ci il tarixli, 764-VQD nömrəli; 31 oktyabr 2017-ci il tarixli, 850-VQD nömrəli; 31 oktyabr 2017-ci il tarixli, 824-VQD nömrəli; 29 dekabr 2017-ci il tarixli, 967-VQD nömrəli; 29 dekabr 2017-ci il tarixli, 968-VQD nömrəli; 6 mart 2018-ci il tarixli, 1025-VQD nömrəli; 24 aprel 2018-ci il tarixli, 1077-VQD nömrəli; 1 may 2018-ci il tarixli, 1114-VQD nömrəli; 31 may 2018-ci il tarixli, 1171-VQD nömrəli; 18 may 2018-ci il tarixli, 1147-VQD nömrəli; 29 iyun 2018-ci il tarixli, 1212-VQD nömrəli; 7 dekabr 2018-ci il tarixli, 1386-VQD nömrəli; 19 may 2020-ci il tarixli, 110-VIQD nömrəli; 29 iyun 2020-ci il tarixli, 150-VIQD nömrəli; 19 iyun 2020-ci il tarixli, 139-VIQD nömrəli; 30 sentyabr 2020-ci il tarixli, 171-VIQD nömrəli; 24 noyabr 2020-ci il tarixli, 202-VIQD nömrəli; 20 noyabr 2020-ci il tarixli, 200-VIQD nömrəli; 12 fevral 2021-ci il tarixli, 261-VIQD nömrəli; 31 may 2021-ci il tarixli, 340-VIQD nömrəli; 22 iyun 2021-ci il tarixli, 352-VIQD nömrəli (2022-ci il iyulun 1-dən qüvvəyə minir); 2 iyul 2021-ci il tarixli, 358-VIQD nömrəli (2020-ci il yanvarın 1-dən tətbiq edilir); 9 iyul 2021-ci il tarixli, 362-VIQD nömrəli; 20 dekabr 2021-ci il tarixli, 437-VIQD nömrəli; 5 noyabr 2022-ci il tarixli 628-VIQD nömrəli (2023-cü il yanvarın 1-dən qüvvəyə minir); 29 noyabr 2022-ci il tarixli 658-VIQD nömrəli; 2 dekabr 2022-ci il tarixli 668-VIQD nömrəli; 24 fevral 2023-cü il tarixli 825-VIQD nömrəli; 11 aprel 2023-cü il tarixli 860-VIQD nömrəli; 30 may 2023-cü il tarixli 877-VIQD nömrəli Qanunlara əsasən dəyişikliklər və əlavələrlə.