24.02.2020
Fevralın 24-də Konstitusiya Məhkəməsində bəşəriyyət
tarixində ən qanlı səhifələrdən biri olan Xocalı soyqırımının 28-ci ildönümü ilə
əlaqədar anım tədbiri keçirilib.
Tədbir
Xocalı faciəsinə həsr olunmuş gənc rəssamların rəsm işlərinin təqdimatı ilə
başlayıb.
Əvvəlcə
Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra
çıxış edən Sədr Fərhad Abdullayev bildirib ki, Xocalı soyqırımı qurbanlarının
xatirəsini incəsənət vasitəsilə yaşatmaq təqdirəlayiq haldır.
Sərgidə,
həmçinin Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, tanınmış heykəltəraş,
Xalq rəssamı, professor Fuad Salayev iştirak edib.
Sədr
sərginin Konstitusiya Məhkəməsində təşkilinə görə Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasına təşəkkürünü bildirib.
Daha
sonra Fərhad Abdullayev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı
baş vermiş ən dəhşətli hadisələrdən biri olan Xocalı faciəsindən danışıb. Qeyd
edilib ki, Xocalı soyqırımı erməni şovinistlərinin azərbaycanlılara qarşı
XIX-XX əsrlərdə həyata keçirdikləri etnik təmizləmə siyasətinin tərkib hissəsidir.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə tarixdə Azərbaycan xalqına qarşı ən
dəhşətli və qanlı faciə - Xocalı soyqırımı törədilib. Ermənistan silahlı qüvvələrinin
bir gecədə azərbaycanlılara qarşı törətdikləri dəhşətli qırğın nəticəsində 613
nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 nəfər yaşlı insan qətlə yetirilib,
1275 dinc sakin girov götürülüb, 150 nəfər itkin düşüb.
Sədr
vurğulayıb ki, Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis
“Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib və beləliklə Xocalı
soyqırımına ilk dəfə siyasi və hüquqi qiymət verilib. Ümummilli Lider bu
soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq təşkilatlara
çatdırılması istiqamətində məqsədyönlü və davamlı addımlar atıb, beynəlxalq
ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırıb.
Konstitusiya
Məhkəməsinin Sədri qeyd edib ki, Xocalı soyqırımı barədə həqiqətlərinin dünya
ictimaiyyətinə çatdırılması birbaşa dövlətimizin başçısı İlham Əliyevin
tapşırıqları və nəzarəti altında həyata keçirilir. Dövlətimizin başçısı Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi, həmçinin Xocalı soyqırımı ilə bağlı həqiqətləri
bütün beynəlxalq tribunalardan dünya ictimaiyyətinin diqqətinə çatdırır. Məhz
bu addımların sayəsində son illərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsinin, o cümlədən Xocalı faciəsinin beynəlxalq aləmdə tanıdılması
istiqamətində sistemli iş aparılır.
Fərhad
Abdullayev diqqətə çatdırıb ki, fevralın 15-də 56-cı Münxen Təhlükəsizlik
Konfransında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən panel-müzakirələrdə
dövlətimizin başçısı Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu həm tarixi, həm
beynəlxalq hüquq, həm də beynəlxalq birliyin mövqeyi kontekstində dünya
ictimaiyyətinin diqqətinə bir daha çatdırdı. Azərbaycan Prezidenti tarixə
ekskurs edərək və beynəlxalq hüquq normalarına istinad edərək Dağlıq Qarabağın
tarixi və hüquqi cəhətdən Azərbaycana məxsus olmasını bütün dünyaya bir daha
sübut etdi. Sədr vurğulayıb ki, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin bir daha beynəlxalq birliyin diqqətinə
çatdırılması son dərəcə önəmli hadisə oldu.
Konstitusiya
Məhkəməsinin Sədri Xocalı soyqırımının dünyaya çatdırılması istiqamətində Heydər
Əliyev Fondu tərəfindən həyata keçirilən mühüm layihələri qeyd edib, Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın bu sahədəki
misilsiz xidmətlərini xüsusi vurğulayıb. Diqqətə çatdırılıb ki, məhz bu uğurlu
fəaliyyət nəticəsində hazırda dünyanın bir sıra ölkələri, həmçinin bəzi beynəlxalq
təşkilatlar Xocalı qətliamının soyqırımı kimi tanınması barədə qərarlar qəbul
ediblər. Bu səylərin nəticəsində artıq dünya ictimaiyyəti Xocalı faciəsi,
torpaqlarımızın zəbt edilməsi ilə bağlı daha çox məlumatlıdır.
Fərhad
Abdullayev Xocalı soyqırımının beynəlxalq aləmdə tanınmasında Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyevanın xidmətlərini də diqqətə çatdırıb. Məhz
Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-dən başlanmış “Xocalıya ədalət!”
beynəlxalq kampaniyası Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə
çatdırılmasında mühüm rol oynayıb.
Sədr
Fərhad Abdullayev Xocalıda azərbaycanlılara qarşı erməni silahlı dəstələrinin həyata
keçirdiyi kütləvi qırğının soyqırımı olmasını beynəlxalq hüquq normalarının təsdiqlədiyini
və bu qanlı cinayəti törədənlərin layiqli cəzalarını almalarının vacibliyini
vurğulayıb. Bu istiqamətdə həyata keçirilən tədbirlərdə Azərbaycan
hüquqşünaslarının da üzərinə düşən vəzifələrdən danışan Konstitusiya Məhkəməsinin
Sədri diqqətə çatdırıb ki, hər birimiz Xocalı soyqırımı, eləcə də Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə
çatdırılması, soyqırımını törədənlərin layiqli cəzalarını almaları istiqamətində
səylərimizi artırmalıyıq.
Konstitusiya
Məhkəməsinin qonağı – görkəmli heykəltəraş, Azərbaycan Respublikasının Xalq rəssamı
Fuad Salayev tədbirdə çıxış edərək bildirib ki, Xocalıda baş verən hadisələr Azərbaycan
xalqının faciəsidir. Lakin bu faciə xalqımızın mübarizə əzmini qıra bilmədi.
Fuad Salayev qeyd edib ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının gənc rəssamları
sərgidə təqdim olunmuş rəsm işləri vasitəsilə Xocalı soyqırımının ağrısını əks
ediblər. Xalq rəssamı çıxışının sonunda vurğulayıb ki, Xocalıda baş verən faciə
bir də heç bir zaman təkrar olunmamalıdır.
Tədbirin sonunda Sədr Fərhad Abdullayev gənc rəssamlara, yaradıcı, öz Vətənini sonsuz dərəcədə sevən istedadlı insanlara, eləcə də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarova və prorektoru Fuad Salayevə Konstitusiya Məhkəməsi adından dərin təşəkkürünü bildirib.