2012-10-05 Konstitusiya Məhkəməsində Almaniya nümayəndə heyəti ilə görüş olmuşdur

News

2012 Oct

Oktyabrın 5-də Konstitusiya Məhkəməsində Bakı şəhərində səfərdə olan Almaniyanın Frayburq şəhərindəki Xarici və Beynəlxalq Cinayət Hüququ üzrə Maks Plank İnstitutunun direktoru Hans-Yörg Albrextin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olmuşdur.

Görüşdə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev 1998-ci ildə yaradılmış Konstitusiya Məhkəməsinin fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, Konstitusiya Məhkəməsinin səlahiyyətləri Azərbaycan Konstitusiyasında öz əksini tapmışdır. 

F.Abdullayev Konstitusiya Məhkəməsinin beynəlxalq əlaqələrinin qurulmasına xüsusi diqqət yetirildiyini, qurumun fəaliyyətində ayrı-ayrı ölkələrlə yanaşı, beynəlxalq məhkəmələrin təcrübəsinin də nəzərə alındığını vurğulamışdır. Azərbaycan Konstitusiya Məhkəməsinin Avropa Konstitusiya Məhkəmələri Konfransı Təşkilatının tamhüquqlu üzvü olduğu, bir çox beynəlxalq təşkilatlarla qarşılıqlı təcrübə mübadiləsinin təşkili, ikitərəfli və çoxtərəfli əlaqələrin inkişaf etdirildiyi bildirilmişdir.

Fərhad Abdullayev Azərbaycan Konstitusiya Məhkəməsi tərəfindən Avropa İnsan Hüquqları Məhkəməsi presedentlərinin tam şəkildə qəbul olunduğu və qərarlarda istifadə edildiyi barədə qonaqlara məlumat vermişdir.
Hans-Jörq Albrext rəhbərlik etdiyi təşkilatın fəaliyyətindən danışmışdır. O, Almaniya Konstitusiya Məhkəməsinin qərarlarında da Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsindən geniş istifadə edildiyini bildirmişdir. 

Görüş zamanı Avropa məhkəmələrinin təcrübəsində beynəlxalq hüquq normalarının tətbiqi ilə bağlı digər məsələlər üzrə fikir mübadiləsi aparılmışdır.