Oktyabrın 5-də Konstitusiya Məhkəməsində Bakı şəhərində səfərdə olan Almaniyanın Frayburq şəhərindəki Xarici və Beynəlxalq Cinayət Hüququ üzrə Maks Plank İnstitutunun direktoru Hans-Yörg Albrextin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olmuşdur.
Görüşdə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev 1998-ci ildə yaradılmış Konstitusiya Məhkəməsinin fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, Konstitusiya Məhkəməsinin səlahiyyətləri Azərbaycan Konstitusiyasında öz əksini tapmışdır.
F.Abdullayev Konstitusiya Məhkəməsinin beynəlxalq əlaqələrinin qurulmasına xüsusi diqqət yetirildiyini, qurumun fəaliyyətində ayrı-ayrı ölkələrlə yanaşı, beynəlxalq məhkəmələrin təcrübəsinin də nəzərə alındığını vurğulamışdır. Azərbaycan Konstitusiya Məhkəməsinin Avropa Konstitusiya Məhkəmələri Konfransı Təşkilatının tamhüquqlu üzvü olduğu, bir çox beynəlxalq təşkilatlarla qarşılıqlı təcrübə mübadiləsinin təşkili, ikitərəfli və çoxtərəfli əlaqələrin inkişaf etdirildiyi bildirilmişdir.
Görüş zamanı Avropa məhkəmələrinin təcrübəsində beynəlxalq hüquq normalarının tətbiqi ilə bağlı digər məsələlər üzrə fikir mübadiləsi aparılmışdır.