Konstitusiya Məhkəməsinin hakimi Astana şəhərində keçirilmiş beynəlxalq forumda iştirak edib

News

2025 Sep

16.09.2025

12 sentyabr 2025-ci il tarixində Qazaxıstan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümünə həsr olunmuş "Hüquq vasitəsilə Sülh və Gələcək" mövzusunda Beynəlxalq Forum keçirilib.

Tədbirin açılışında Qazaxıstan Respublikası Konstitusiya Məhkəməsinin sədri Elvira Azimova qonaqları salamlamışdır.

Forumda Qazaxıstan dövlət orqanlarının rəhbərləri, habelə Türkiyə, Özbəkistan, Qırğız Respublikası, Koreya, Bolqarıstan və digər ölkələrin konstitusiya ədalət mühakiməsi orqanlarının hakimləri, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişlər.

Tədbirdə “Qanun və asayişin qorunması sülhün əsası kimi: insan hüquqlarına və dövlətin sabitliyinə hörmət”, “Qanunvericinin praqmatikliyi və qanunun məsuliyyətlə tətbiq edilməsi: etimadın və səmərəliliyin təmin edilməsi”, “Konstitusiya kimliyi və hüquqi mühit: gələcək nəsillərin maarifləndirilməsi” mövzularında keçirilən sessiyalarda konstitusiya məhkəmələrinin təcrübəsi üzrə məruzələr dinlənilmiş, fikir mübadiləsi aparılmışdır.

Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Qazaxıstan Respublikasının Konstitusiyasının 30 illik yubileyi münasibətilə Konstitusiya Məhkəməsinin sədri E.Əzimovanın təqdimatı əsasında Qazaxıstan Respublikasının Prezidenti cənab Qasım-Comərd Tokayevin 28 avqust 2025-ci il tarixli, 978 nömrəli Fərmanı ilə “Qazaxıstan Respublikası Konstitusiyasının 30 illiyi” medalı ilə təltif olunub.

Səfər çərçivəsində Forum iştirakçıları Qazaxıstan Respublikası Prezidentinin Arxivinin fəaliyyəti ilə tanış olmuş və Qazaxıstan Respublikasının Konstitusiya  Məhkəməsinin yeni inzibati binasında olmuşlar.

Tədbirdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsini hakim Rauf Quliyev təmsil edib.