23.09.2024
Konstitusiya Məhkəməsinin nümayəndə heyəti sentyabrın
18-dən sentyabrın 20-dək Asiya Konstitusiya Məhkəmələrinin və Ekvivalent
İnstitutlar Assosiasiyasının (AKMA) “Dayanıqlı Cəmiyyət Naminə Konstitusiya
Ədalət Mühakiməsinin gücləndirilməsində Konstitusiya Məhkəmələri və Ekvivalent
İnstitutlar” mövzusunda keçirilmiş 6-cı Konqresində iştirak etmək üçün Banqkok
şəhərində səfərdə olub.
Bir çox Asiya ölkələri Konstitusiya Məhkəmələrinin
nümayəndə heyətlərinin iştirakı ilə keçirilmiş Konqresdə “Dayanıqlı Cəmiyyət
Naminə Konstitusiya Ədalət Mühakiməsinin gücləndirilməsində Konstitusiya Məhkəmələrinin
rolu”, “Dəyişən dünyada dayanıqlı ədalət naminə konstitusiya ədalət mühakiməsinin
inkişafı”, “Konstitusiya ədalət mühakiməsi və dayanıqlı sosial inkişaf”
mövzuları üzrə sessiyalar keçirilib.
Konqresdə çıxışlar zamanı Konstitusiya Məhkəməsinin sədri
Fərhad Abdullayevin videoçıxışı tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Tədbir çərçivəsində nümayəndə heyətlərini Tailand
Kralının xüsusi nümayəndəsi salamlayıb.
Konqresin yekununda Banqkok Bəyannaməsi qəbul edilib.
Bəyannamədə o da qeyd olunub ki, Assosiasiyaya üzv olan Asiya ölkələrinin
Konstitusiya Məhkəmələri Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə
Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransına (COP29) ən xoş arzularını
ifadə edirlər. Konstitusiya Məhkəmələri belə beynəlxalq tədbirlərin cəmiyyətin
bu sahədə biliklərinin artırılması daxil olmaqla dayanıqlı inkişaf və iqlim dəyişikliyi
məsələsində vacibliyini tanıyırlar.