Asiya ölkələrinin Konstitusiya məhkəmələri COP29-un keçirilməsində Azərbaycana uğurlar arzulayıblar

Новости

2024 Sep

23.09.2024

Konstitusiya Məhkəməsinin nümayəndə heyəti sentyabrın 18-dən sentyabrın 20-dək Asiya Konstitusiya Məhkəmələrinin və Ekvivalent İnstitutlar Assosiasiyasının (AKMA) “Dayanıqlı Cəmiyyət Naminə Konstitusiya Ədalət Mühakiməsinin gücləndirilməsində Konstitusiya Məhkəmələri və Ekvivalent İnstitutlar” mövzusunda keçirilmiş 6-cı Konqresində iştirak etmək üçün Banqkok şəhərində səfərdə olub.

Bir çox Asiya ölkələri Konstitusiya Məhkəmələrinin nümayəndə heyətlərinin iştirakı ilə keçirilmiş Konqresdə “Dayanıqlı Cəmiyyət Naminə Konstitusiya Ədalət Mühakiməsinin gücləndirilməsində Konstitusiya Məhkəmələrinin rolu”, “Dəyişən dünyada dayanıqlı ədalət naminə konstitusiya ədalət mühakiməsinin inkişafı”, “Konstitusiya ədalət mühakiməsi və dayanıqlı sosial inkişaf” mövzuları üzrə sessiyalar keçirilib.

Konqresdə çıxışlar zamanı Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin videoçıxışı tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Tədbir çərçivəsində nümayəndə heyətlərini Tailand Kralının xüsusi nümayəndəsi salamlayıb.

Konqresin yekununda Banqkok Bəyannaməsi qəbul edilib. Bəyannamədə o da qeyd olunub ki, Assosiasiyaya üzv olan Asiya ölkələrinin Konstitusiya Məhkəmələri Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 29-cu Tərəflər Konfransına (COP29) ən xoş arzularını ifadə edirlər. Konstitusiya Məhkəmələri belə beynəlxalq tədbirlərin cəmiyyətin bu sahədə biliklərinin artırılması daxil olmaqla dayanıqlı inkişaf və iqlim dəyişikliyi məsələsində vacibliyini tanıyırlar.

Konqres çərçivəsində həmçinin konstitusiya ədalət mühakiməsi sahəsində bir sıra hüquqi məsələlər üzrə çıxışlar edilib, fikir mübadiləsi aparılıb.