21.09.2024
Sentyabrın 21-də Fərhad Abdullayevin sədrliyi ilə
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib.
İclasda 2024-cü il sentyabrın
1-də Azərbaycan Respublikası Milli Məclisinə keçirilmiş növbədənkənar seçkilərin
nəticələrinə dair Mərkəzi Seçki Komissiyasından (MSK) daxil olmuş materiallar
üzrə xüsusi konstitusiya icraatı qaydasında konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin sədri
Fərhad Abdullayev iclası açaraq 2024-cü il sentyabrın 1-də Azərbaycan
Respublikası Milli Məclisinə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə
dair Mərkəzi Seçki Komissiyasının 2024-cü il 16 sentyabr tarixli protokolunun
Azərbaycan Respublikası Konstitusiyasının 86-cı, “Konstitusiya Məhkəməsi
haqqında” Qanunun 54-cü maddələrinə müvafiq olaraq, seçki məcəlləsinin tələblərinə
uyğunluğu və seçkilərin yekunlarının təsdiq olunmasına dair xüsusi konstitusiya
icraatı qaydasında MSK-dan daxil olmuş materiallar üzrə işə baxan Plenumun tərkibini
elan edib.
İclasda məruzəçi qismində
çıxış edən hakim Rövşən İsmayılov Milli Məclisə seçkilərin vaxtının təyin edilməsi,
keçirilməsi və yekunları barədə məlumat verib. Bildirib ki, Azərbaycan
Respublikası Konstitusiyasının 981-ci maddəsinin I hissəsinə və
109-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası
Prezidentinin 2024-cü il 28 iyun tarixli Sərəncamı ilə altıncı çağırış Azərbaycan
Respublikası Milli Məclisi buraxılmış və Azərbaycan Respublikasının Milli Məclisinə
növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib və həmin gün
seçkilər keçirilib. Seçki məcəlləsinin 171.2 maddəsinə əsasən MSK səsvermə
günündən ən geci 20 gün müddətində dairə seçki komissiyalarının protokollarını,
bu məcəlləyə uyğun olaraq onlara əlavə edilən sənədlərlə birlikdə yoxlayır və
24 saat müddətində Konstitusiya Məhkəməsinə təqdim edir. Konstitusiyanın 86-cı
maddəsinə görə Milli Məclisə seçkilərin nəticələrinin düzgünlüyünü ümumi
qaydada Konstitusiya Məhkəməsi yoxlayır və təsdiqləyir. Mərkəzi Seçki
Komissiyası Milli Məclisə keçirilmiş seçkilərin nəticələrinin yoxlanılması və təsdiq
edilməsi məsələsinə baxılması üçün səsvermənin ümumi yekunları haqqında
MSK-nın, habelə dairə seçki komissiyalarının protokollarını onlara əlavə edilən
sənədlərlə birlikdə sentyabrın 16-da Konstitusiya Məhkəməsinə təqdim edib.
Konstitusiya Məhkəməsinin digər
məruzəçi hakimi Kamran Şəfiyev çıxışında işdə olan materialların mahiyyəti və
Konstitusiya Məhkəməsinin bu məsələyə hazırlıq mərhələsində gördüyü tədbirlər
haqqında məlumat verib. Diqqətə çatdırılıb ki, Konstitusiya Məhkəməsi seçki məcəlləsinin
171.3-cü, “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 54.4-cü maddələrinə uyğun
olaraq, MSK tərəfindən təqdim edilmiş sənədlərin seçki məcəlləsinə uyğunluğunun
yoxlanılması üçün mütəxəssislər cəlb edib, Bakı, Sumqayıt, Gəncə, Şirvan və Şəki
Apellyasiya məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin, Azərbaycan
Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Prokurorluğunun seçki
hüquqlarının müdafiəsi, seçki qanunvericiliyinin pozulması ilə əlaqədar
baxılmış şikayət və ərizələr haqqında məlumatları tələb edib.
Bildirilib ki, Bakı
Apellyasiya Məhkəməsinə seçkilərlə bağlı 22 ərizə daxil olub. Onlardan 16 iş
üzrə iddia təmin edilməyib, 4-ü aidiyyəti üzrə baxılması üçün digər Apellyasiya
məhkəmələrinə göndərilib, 2 iş üzrə iddia isə uyğun sayılmayıb.
Sumqayıt Apellyasiya Məhkəməsinin
məktubuna əsasən seçkilərlə bağlı 8 ərizə daxil olub. Bundan əlavə, Gəncə
Apellyasiya Məhkəməsinə 1, Şirvan Apellyasiya Məhkəməsinə 10, Şəki Apellyasiya
Məhkəməsinə 5, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə 1, Ali Məhkəməyə isə
11 ərizə daxil olub.
Namizədlərin qeydiyyata
alınması, təşviqat və təbliğat zamanı Azərbaycan Respublikası Baş
Prokurorluğuna 13 müraciət və məlumat daxil olub. Onlardan 6-sı üzrə cinayət
işinin başlanılması rədd edilib, digər müraciətlər isə aidiyyəti üzrə baxılması
üçün Mərkəzi Seçki Komissiyasına göndərilib.
Vurğulanıb ki, eyni zamanda,
seçkilər günü daxil olan 14 müraciət üzrə cinayət işinin başlanılması rədd
edilib. On müraciət isə aidiyyəti üzrə baxılması üçün Mərkəzi Seçki
Komissiyasına göndərilib.
Müraciətlər əsasında məhkəmələrdə
baxılan işlər seçkilərin ümumi nəticələrinə dair MSK-nın protokoluna heç bir təsir
göstərməyib. Bu orqanlara daxil olmuş şikayətlərə qanunvericiliyin tələblərinə
uyğun baxılıb.
Sonra Mərkəzi Seçki
Komissiyasının sədri Məzahir Pənahov parlament seçkilərinə hazırlıq dövründən
başlayaraq görülən işlər barədə danışıb. MSK sədri deyib ki, 2024-cü il iyunun
28-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Milli Məclisə
növbədənkənar seçkilər elan olunub və 2024-cü il sentyabrın 1-nə təyin edilib.
Həmin gün seçkilər keçirilib. Seçki Məcəlləsinə uyğun olaraq, seçkilərin
hazırlanıb keçirilməsinə məsul orqan olan MSK dərhal fəaliyyətə başlayıb və təqvim
planını təsdiqləyib.
Bildirilib ki, müxtəlif seçki
subyektlərinin, media təmsilçilərinin, aşağı seçki komissiyasının üzvlərinin
maarifləndirilməsi istiqamətində müxtəlif səpkili tədbirlər keçirilib. Seçkilər
elan edildikdən sonra deputatlığa namizədlərin irəli sürülməsi və qeydə
alınması mərhələsi başlayıb. Seçki hüququ olan bütün vətəndaşlar üçün lazımi şərait
yaradılıb.
MSK sədri əlavə edib ki,
bülletenlər vaxtında hazırlanaraq məntəqə seçki komissiyalarına çatdırılıb.
Milli Məclisə seçkilər 125 seçki dairəsi üzrə 6478 məntəqədə keçirilib.
Qeyd edilib ki, Milli Məclisə
seçkiləri çoxsaylı müşahidəçilər və beynəlxalq media təmsilçiləri izləyiblər.
Respublikanın bütün ərazisini əhatə edən 1000 seçki məntəqəsində səsvermə
prosesini internet vasitəsilə canlı izləməyə imkan verən veb-kameralar
quraşdırılıb. MSK-ya səsverməyə qədər və sonra daxil olan müraciətlər
araşdırılıb, onlarla bağlı müvafiq qərarlar qəbul edilib.
Müxtəlif mənbələrdən - sosial
şəbəkələr, seçicilər tərəfindən ünvanlanan müraciətlər, “qaynar xətt”ə daxil
olan məlumatlar araşdırılıb və ümumilikdə 21 seçki dairəsi üzrə 46 məntəqədə səsvermənin
nəticələri etibarsız hesab edilib.
MSK, həmçinin seçkilərin
hazırlanması, keçirilməsi və nəticələrin müəyyən olunması zamanı yol verdikləri
nöqsanlara görə 35 seçki məntəqəsi üzrə məntəqə seçki komissiyalarının
buraxılmasına qərar verib.
Sentyabrın 16-da MSK-nın
iclası keçirilib, yekun protokol tərtib edilib və təsdiqlənib. Milli Məclisə
seçkilərin ümumi yekunlarına dair MSK-nın protokolunun müvafiq sənədlərlə
birlikdə seçkilərin yekunlarının təsdiq edilməsi üçün Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinə təqdim olunması qərara alınıb. Səsvermə
və seçki prosesləri Seçki Məcəlləsinin tələbinə uyğun keçirilib. Baş verən
pozuntularla bağlı MSK tərəfindən müvafiq addımlar atılıb və bu, yekun sənədlərdə
əksini tapıb.
Daha sonra Məzahir Pənahov
sualları cavablandırıb, Plenumun iclasında iştirak edən ekspert və mütəxəssislərin
rəyləri dinlənilib.
Eyni zamanda, iclasda Bakı
Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının
dosenti Nəsib Şükürov ekspert qismində çıxış edib.
Tədbirdə, həmçinin Dövlət
Statistika Komitəsinin əməkdaşlarından ibarət mütəxəssislər qrupunun tərtib
etdiyi arayışla Fərid Əhmədovun çıxışı dinlənilib.
Bildirilib ki, 2024-cü il
sentyabrın 1-də keçirilmiş Milli Məclisə seçkilərlə bağlı Mərkəzi Seçki
Komissiyasının səsvermənin ümumi yekunlarına dair 2024-cü il 16 sentyabr
tarixli protokolu və ona əlavə edilmiş 125 dairə seçki komissiyasının
protokolları Azərbaycan Respublikası Seçki Məcəlləsinin müvafiq maddələrinin tələblərinə
tam uyğun tərtib edilib. Bu, 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan
Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin nəticələrini təsdiqləməyə
əsas verir.
Çıxışlardan sonra Konstitusiya
Məhkəməsi Plenumunun üzvləri gündəlikdəki məsələ ilə əlaqədar qərar qəbul etmək
üçün müşavirə otağına keçiblər.
İclasın sonunda Konstitusiya Məhkəməsinin
sədri Fərhad Abdullayev Milli Məclisə seçkilərin nəticələrinə dair yekun qərarı
elan edib.
Qərara əsasən, 2024-cü il
sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikası Milli Məclisi deputatlarının
seçkilərinin nəticələrinə dair Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının 2024-cü il 16 sentyabr tarixli protokolu və ona əlavə edilmiş sənədlər
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 100.2, 100.12, 107.2, 107.3 və
108.2-ci maddələrinin tələblərinə uyğun hesab edilib, seçki dairələri üzrə
seçkilərin nəticələri təsdiqlənib.
Konstitusiya Məhkəməsinin bu qərarı
elan olunduğu gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya vəzifəli şəxs
tərəfindən ləğv edilə, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.
Fərhad Abdullayev Konstitusiya Məhkəməsi Plenumunun iclasını bağlı elan edib.