Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

News

2024 Mar

28.03.2024

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

Məhkəmə iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin VIII və X hissələri, 80-ci maddəsi baxımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1-ci və 499.2-ci maddələrinin həmin Məcəllənin 38-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlər Şirvan Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizələrini, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin mütəxəssis mülahizələrini, ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının professoru, hüquq elmləri doktoru S.Əliyevin və həmin kafedranın dosenti, hüquq üzrə fəlsəfə doktoru N.Şükürovun rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin VIII və X hissələrinin, 80-ci maddəsinin konstitusion hüquqi mahiyyətindən və təyinatından irəli gələrək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-499.1.5-ci maddələrində təsbit edilmiş inzibati xətalar əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparıldığı və ya bu əraziyə qaytarıldığı gün törədilmiş hesab edilir və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsi ilə müəyyən edilən inzibati məsuliyyətə cəlbetmə müddətinin axımı həmin tarixdən başlanır.

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsində təsbit olunmuş “bir ildən artıq müddətə gecikdirilməklə” müddəasının hansı müddəti əhatə etməsi baxımından təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun.

Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsində təsbit olunmuş “bir ildən artıq müddətə gecikdirilməklə” müddəası Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasının və ya bu əraziyə qaytarılmasının bir ildən artıq və növbəti bir ilin sonunadək olan müddətə gecikdirilməsini nəzərdə tutur.

Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsində müəyyən edilən bir ildən artıq və bu Qərara müvafiq olaraq növbəti bir il bitənədək Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmadıqda və ya bu əraziyə qaytarılmadıqda, növbəti gün həmin Məcəllənin 499.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyi gün kimi qəbul edilməlidir.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.