28.03.2024
Fərhad Abdullayevin sədrliyi
ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
Məhkəmə iclasında Şirvan Apellyasiya Məhkəməsinin
müraciəti əsasında Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin
VIII və X hissələri, 80-ci maddəsi baxımından Azərbaycan Respublikası İnzibati
Xətalar Məcəlləsinin 499.1-ci və 499.2-ci maddələrinin həmin Məcəllənin 38-ci
maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya
Məhkəməsinin Plenumu iş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlər
Şirvan Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikası Milli Məclisi
Aparatının mülahizələrini, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan
Respublikası Dövlət Gömrük Komitəsinin mütəxəssis mülahizələrini, ekspertlər
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının
professoru, hüquq elmləri doktoru S.Əliyevin və həmin kafedranın dosenti, hüquq
üzrə fəlsəfə doktoru N.Şükürovun rəyini və iş materiallarını araşdırıb müzakirə
edərək qərar qəbul edib.
Qərarda
deyilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin VIII və
X hissələrinin, 80-ci maddəsinin konstitusion hüquqi mahiyyətindən və təyinatından
irəli gələrək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin
499.1.1-499.1.5-ci maddələrində təsbit edilmiş inzibati xətalar əvvəllər müvəqqəti
gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş
müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara
aparıldığı və ya bu əraziyə qaytarıldığı gün törədilmiş hesab edilir və Azərbaycan
Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsi ilə müəyyən edilən
inzibati məsuliyyətə cəlbetmə müddətinin axımı həmin tarixdən başlanır.
Azərbaycan
Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsində təsbit olunmuş
“bir ildən artıq müddətə gecikdirilməklə” müddəasının hansı müddəti əhatə etməsi
baxımından təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə
olunsun.
Məsələ
qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası İnzibati Xətalar
Məcəlləsinin 499.1.5-ci maddəsində təsbit olunmuş “bir ildən artıq müddətə
gecikdirilməklə” müddəası Azərbaycan Respublikasının gömrük ərazisindən kənara
aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş
və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının
gömrük ərazisindən kənara aparılmasının və ya bu əraziyə qaytarılmasının bir
ildən artıq və növbəti bir ilin sonunadək olan müddətə gecikdirilməsini nəzərdə
tutur.
Azərbaycan
Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə
qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar
və ya nəqliyyat vasitələri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin
499.1.5-ci maddəsində müəyyən edilən bir ildən artıq və bu Qərara müvafiq
olaraq növbəti bir il bitənədək Azərbaycan Respublikasının gömrük ərazisindən kənara
aparılmadıqda və ya bu əraziyə qaytarılmadıqda, növbəti gün həmin Məcəllənin
499.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyi gün kimi qəbul
edilməlidir.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.