“Heydər Əliyev və hüquqi dövlət” hüquq olimpiadasının qalibləri mükafatlandırılıb

News

2023 Nov

04.11.2023

Noyabrın 4-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi və 12 Noyabr – Konstitusiya Günü münasibətilə təşkil etdiyi “Heydər Əliyev və hüquqi dövlət” hüquq olimpiadasının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin universitetin foyesində ucaldılmış abidəsi önünə gül dəstələri qoyub, “Zəfər guşəsi” və ADPU-nun Heydər Əliyev Muzeyini ziyarət ediblər.

Dövlət Himninin ifa olunması ilə başlanan tədbirdə Ulu Öndərin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov əsası Heydər Əliyev tərəfindən qoyulan hüquqi dövlət quruculuğu ilə bağlı geniş nitq söyləyib, gənclərin hüquqi dünyagörüşlərinin artırılmasının vacibliyini vurğulayıb.

Rektor Konstitusiya Məhkəməsinə belə ictimai faydalı və stimullaşdırıcı təşəbbüs üçün təşəkkürünü bildirərək olimpiada qaliblərini təbrik edib.

Tədbirdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Aparatının Konstitusiya hüququ şöbəsinin müdiri, III dərəcəli dövlət qulluğu müşaviri Dürdanə Məmmədova Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin olimpiada iştirakçılarına müraciətini oxuyub və qeyd edib ki, qurum tərəfindən gənclər arasında konstitusion dəyərlərin təbliği məqsədilə ənənəvi olaraq olimpiadalar təşkil olunur, maarifləndirmə işləri aparılır.

Daha sonra universitet üzrə 134 tələbənin qatıldığı olimpiadada yüksək nəticə göstərərək, I yeri tutan Kimya və biologiya fakültəsinin tələbəsi Aysel Firuz qızı Əmirova, II yeri tutan Kimya və biologiya fakültəsinin tələbəsi Həzrə Firuz qızı Əmirova, III yeri tutan Tarix və coğrafiya fakültəsinin tələbəsi Anar Mehman oğlu Əlizadə və fərqlənən 15 nəfər tələbə təltif edilib.

Qeyd edək ki, olimpiadada I və II yeri tutan Kimya və biologiya fakültəsinin tələbələri Aysel və Həzrə eyni ixtisasda təhsil alan bacılardır.