11.09.2023
Fərhad Abdullayevin sədrliyi
ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
İclasda Bakı Apellyasiya Məhkəməsinin
müraciəti əsasında Azərbaycan Respublikası Konstitusiyasının 28 və 71-ci maddələrinin
II hissəsi baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin
Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 167-ci maddəsinə münasibətdə
şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin
Plenumu iş üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyektlər Bakı
Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikası Milli Məclisi Aparatının
mülahizələrini, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət
Kollegiyasının, Azərbaycan Respublikası Baş Prokurorluğunun mütəxəssis mülahizələrini
və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin mənasına görə, məhkum
edilmiş şəxsin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz
edildikdə, məhkumluğun ödənilməsi müddəti cəzanın çəkilməmiş hissəsini əvəz edən
cəzanın çəkilib qurtardığı gündən hesablanmalıdır.
Azərbaycan Respublikası Cəzaların
İcrası Məcəlləsinin 167.0.4-cü maddəsində cəzanın çəkilməmiş hissəsinin
daha yüngül cəza növü ilə əvəz edilməsi cəzanın çəkilməmiş hissəsindən azad etmənin
cəzaların icrası qaydasında tənzimlənməsini nəzərdə tutur.