Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyanın 28 və 71 mad. II hissəsi baxımından Cinayət Məcəlləsinin 83.4-cü mad. Cəzaların İcrası Məcəlləsinin 167-ci mad. münasibətdə şərh edilməsinə dair konstitusiya işinə baxıb

Новости

2023 Sep

11.09.2023

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

İclasda Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Konstitusiyasının 28 və 71-ci maddələrinin II hissəsi baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 167-ci maddəsinə münasibətdə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyektlər Bakı Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizələrini, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının, Azərbaycan Respublikası Baş Prokurorluğunun mütəxəssis mülahizələrini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin mənasına görə, məhkum edilmiş şəxsin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti cəzanın çəkilməmiş hissəsini əvəz edən cəzanın çəkilib qurtardığı gündən hesablanmalıdır.

Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 167.0.4-cü maddəsində cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi cəzanın çəkilməmiş hissəsindən azad etmənin cəzaların icrası qaydasında tənzimlənməsini nəzərdə tutur.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.