04.07.2023
İyulun
4-də Bakıda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 illik yubileyi
ilə əlaqədar "Konstitusiya normalarının tətbiqi vasitəsilə qanunvericiliyin inkişafı" mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfransda
Azərbaycan Respublikası Milli Məclisi, Ədliyyə Nazirliyi, Ali Məhkəmə, Daxili
İşlər Nazirliyi, Baş Prokurorluq, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman), Vəkillər
Kollegiyasının rəhbər və nümayəndələri, Bakı Dövlət Universitetinin rəhbər və
nümayəndələri, habelə bir çox məhkəmələrin sədr və hakimləri, tanınmış alimlər,
hüquq ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Həmçinin,
tədbirdə iştirak etmək üçün Bakı şəhərinə Türkiyə, Qazaxıstan, Özbəkistan,
Rusiya, Albaniya, Belarus, Bolqarıstan, Gürcüstan, Qırğızıstan, İndoneziya,
Macarıstan, Serbiya və Tailand Konstitusiya Məhkəmələrinin nümayəndə heyətləri
təşrif buyurublar.
Konfransın
əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransı
açıq elan edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev ilk öncə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin Konstitusiya Məhkəməsinin 25
illiyi ilə əlaqədar ünvanlandığı təbrik məktubu səsləndirib.
Sədr
Fərhad Abdullayev təbrik məktubuna görə Azərbaycan Respublikasının Prezidenti
Zati-Aliləri cənab İlham Əliyevə Konstitusiya Məhkəməsinin bütün kollektivi və
konfrans iştirakçıları adından öz dərin təşəkkürünü və minnətdarlığını
bildirib. Fərhad Abdullayev qeyd edib ki, Dövlətimizin Başçısının Konstitusiya
Məhkəməsinin işinə verdiyi bu qiymət Məhkəmənin kollektivi üçün yüksək etimadın
təzahürüdür.
Fərhad
Abdullayev xüsusilə vurğulayıb ki, Dövlət Başçısı cənab İlham Əliyev məhkəmə
hakimiyyətinin müstəqilliyinin təminatçısı olaraq hakimlərin və ümumilikdə məhkəmə
orqanlarının qərəzsiz, müstəqil və şəffaf fəaliyyətini, onların maddi-sosial təminatını
daim diqqət mərkəzində saxlayır. Bu diqqət məhkəmə hakimiyyəti üçün çox dəyərlidir
və hər bir hakim üçün çox əhəmiyyətlidir.
Daha
sonra sədr Fərhad Abdullayev Konfransda iştirak edən qonaqları salamlayaraq
qeyd edib ki, bu il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil
Azərbaycan dövlətinin memarı, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin
anadan olmasının 100 ili tamam oldu. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
ilə Ulu Öndərin 100 illik yubileyi münasibətilə 2023-cü ilin Azərbaycan
Respublikasında “Heydər Əliyev İli” elan olunması Ümummilli Liderin əziz xatirəsinə
əbədi ehtiramın ən bariz nümunəsidir.
Sədr
dahi şəxsiyyət Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı əvəzolunmaz
xidmətlərindən biri olan uğurlu dövlət quruculuğu prosesinin əsasının qoyulması
haqqında söhbət açdı. Qeyd edilib ki, həmin proses çərçivəsində ən əlamətdar
hadisələrdən biri 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə müstəqil
Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi idi.
Referendum
yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə
demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyətinin yaradılmasına və hüquq
sisteminin müasir tələblərə uyğun formalaşmasına geniş imkanlar açdı.
Vurğulanıb
ki, insan hüquq və azadlıqlarının müdafiəsini dövlətin ali məqsədi elan etmiş
Konstitusiyanın aliliyinin təmin edilməsi, Əsas Qanunda təsbit olunmuş insan
hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiə olunması məqsədilə 14 iyul
1998-ci ildə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yaradılmışdır.
Qeyd
edilib ki, müstəqil Azərbaycanın Konstitusiyasının müəllifi olan Ulu Öndər Heydər
Əliyevin ən böyük arzusu tarixi torpaqlarımızın işğaldan azad edilməsi və doğma
Azərbaycanın ərazi bütövlüyünün bərpası idi. Ümummilli Liderin bu arzusu və vəsiyyətini
onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev və onun rəhbərliyi
ilə igid Azərbaycan ordusu yerinə yetirdi. 44 günlük Qarabağ müharibəsi nəticəsində
dövlətimizin ərazi bütövlüyü bərpa edildi və bayrağımız doğma yurdumuzda -
Şuşada qürurla dalğalandırıldı.
Fərhad
Abdullayev qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması
xalqımızın çoxəsrlik tarixində hər zaman mühüm yer tutacaq. Bu gün işğaldan
azad olunan ərazilərin bərpa və yenidənqurma prosesi yüksək səviyyədə və sürətlə
həyata keçirilir. Bərpa və yenidənqurma prosesi dövlətimiz qarşısında duran ən
vacib və prioritet istiqamət olmaqla daim Dövlət Başçısı cənab İlham Əliyevin
diqqət mərkəzindədir.
Xüsusilə
vurğulanmışdır ki, işğal altındakı torpaqlarımızın azad olunması ilə Azərbaycan
Respublikası Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad olunmuş
torpaqlarımızda da bərpa edildi. Bu gün 30 ilə yaxın öz yurdlarından məcburi
köçürülmüş vətəndaşlarımızın Əsas Qanunda təsbit edilmiş bir sıra hüquqlarının,
o cümlədən sərbəst hərəkət etmək, özünə yaşayış yeri seçmək, təhlükəsiz yaşamaq
kimi hüquqlarının tam şəkildə təmin edilməsinə zəmin yaranır.
Sədr
Konstitusiya Məhkəməsinin fəaliyyətindən danışaraq qeyd etdi ki, Konstitusiya Məhkəməsinin
əsas səlahiyyətləri məhz Konstitusiyada öz əksini tapıb. Ölkənin Əsas Qanunu
Konstitusiya Məhkəməsinin fəaliyyəti üçün fundamental hüquqi baza qismində
çıxış edir.
Odur
ki, Konstitusiya Məhkəməsi insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı öz
missiyasını həyata keçirərkən ilk növbədə Konstitusiya müddəalarını, orada əks
olunan dəyər və prinsipləri rəhbər tutur.
Məhz
Əsas Qanunun normalarına istinad edilməsi insan hüquq və azadlıqlarının daha
effektiv və səmərəli müdafiəsi üçün təminat yaradır.
Sədr
Fərhad Abdullayev bildirib ki, Konstitusiya Məhkəməsi fəaliyyət göstərdiyi 25
il ərzində 545 qərar və 160 qərardad qəbul edib. Hüquqi dövlət quruculuğuna öz
töhfəsini vermiş həmin qərar və qərardadlarda Konstitusiyanın aliliyinin təmin
edilməsinə yönəlmiş mühüm hüquqi mövqelər öz əksini tapıb.
Qeyd
edilib ki, Məhkəmə keçən dövr ərzində hüquq və azadlıqların müdafiəsi üzrə fəaliyyətini
daim təkmilləşdirmiş və beynəlxalq təcrübəni, o cümlədən İnsan Hüquqları üzrə
Avropa Məhkəməsinin presedent hüququnu, həmçinin “İnsan hüquqlarının və əsas
azadlıqların müdafiəsi haqqında” Konvensiya və ona dair Protokolları tətbiq etməyə
çalışmışdır.
Eyni
zamanda, Konstitusiya Məhkəməsi fəaliyyətə başladığı dövrdən xarici ölkələrin
Konstitusiya nəzarəti orqanları ilə, habelə beynəlxalq təşkilatlarla əlaqələrin
genişləndirilməsinə xüsusi önəm vermişdir.
Daha
sonra tədbirdə iştirak edən Azərbaycan Respublikası Milli Məclisi sədrinin
birinci müavini Əli Hüseynli, Ədliyyə naziri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri
İnam Kərimov, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva, Baş
prokurorun müavini Heydər Məmmədov və Vəkillər Kollegiyasının sədri Anar
Bağırov təbrik nitqləri ilə çıxış ediblər.
Konfransın
praktiki hissəsində Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin sədri Zühtü
Arslan “Fərdi şikayət: Türkiyədə son inkişaflar", Serbiya Respublikası
Konstitusiya Məhkəməsinin Sədri xanım Snejana Markoviç “Əsas konstitusiya
prinsiplərinin müdafiəsində Konstitusiya Məhkəməsinin rolu”, Qazaxıstan Respublikası
Konstitusiya Məhkəməsinin Sədri xanım Elvira Azimova “Qanunun aliliyi və insan
hüquqlarının müdafiəsi üzrə öhdəliklərə əməl olunmasına konstitusiya nəzarətinin
səmərəliliyi” Albaniya Respublikası Konstitusiya Məhkəməsinin Sədri xanım Holta
Zaçay “Albaniya Konstitusiya Məhkəməsi məhkəmə islahatları və konstitusiya dəyişiklikləri
fonunda - əldə edilmiş nəticə”, Bolqarıstan Respublikası Konstitusiya Məhkəməsinin
Sədri xanım Pavlina Panova “Ənənə və tərəqqi arasında tarazlıq”, Qırğız
Respublikası Konstitusiya Məhkəməsinin Sədri Emil Oskonbayev “Konstitusiya nəzarəti orqanının məhkəmə fəallığının
qanunvericiliyin inkişafına təsiri”, İndoneziya Respublikası Konstitusiya Məhkəməsinin
Sədri Anvar Usman “İndoneziyada qanunvericiliyin inkişafına töhfə verilməsində
insan hüquqlarının və qanunun aliliyinin rolu”, Özbəkistan Respublikası
Konstitusiya Məhkəməsinin Sədri Mirza Ulugbek Abdusalomov “Özbəkistanda
konstitusiya islahatı və konstitusiya nəzarətinin inkişafının yeni mərhələsi”,
Belarus Respublikası Konstitusiya Məhkəməsinin Hakimi xanım Alla Bodak “Konstitusiya
nəzarəti: qanunvericiliyin konstitusiyalaşdırılması”, Rusiya Federasiyası Konstitusiya
Məhkəməsinin Hakimi Qadis Hacıyev “Rusiya Federasiyası qanunvericiliyinin
konstitusiya əsaslarının formalaşdırılmasında Konstitusiya Məhkəməsinin
iştirakı”, Bakı Dövlət Universitetinin Əmək və Ekologiya hüququ kafedrasının
müdiri Alış Qasımov “Əmək məzuniyyətlərinin hüquqi tənzimlənməsi: mövcud
boşluqlar və onların Konstitusiya normalarının şərhi vasitəsilə aradan
qaldırılması” və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Hakimi Rövşən
İsmayılov “Konstitusiya nəzarəti orqanlarının təcrübəsində qanunların
Konstitusiyaya uyğun təfsiri” mövzular üzrə çıxış edərək, təmsil etdikləri ölkələrdə
konstitusiya ədalət mühakiməsi sahəsində mövcud olan təcrübəni təqdim etmişlər.
Təqdim
edilmiş məruzələrdən sonra müzakirələr və geniş fikir mübadiləsi aparılıb.
Tədbirin
sonunda sədr Fərhad Abdullayev yekun nitqi ilə çıxış edərək konfransın
gedişatında müxtəlif aktual mövzulara toxunaraq, səmərəli fikir mübadiləsi
aparmağa nail olunduğunu bildirib.
Qeyd
edilib ki, müxtəlif hüquq sistemlərinə malik ölkələrin öz təcrübələrinin
bölüşdüyü bugünkü konfransda maraqlı müzakirələr aparıldı, konstitusiya
hüququnun müxtəlif sahələri, xüsusilə də Konstitusiya Məhkəməsinin qərarlarında
formalaşdırdığı hüquqi mövqelər və konstitusiya normalarının tətbiqi vasitəsilə
qanunvericilikdə boşluqların aradan qaldırılması, onun inkişafı ilə bağlı
maraqlı fikirlər ifadə edildi.
Sədr
xüsusilə vurğuladı ki, Dövlət Başçısı cənab İlham Əliyevin məhkəmə hakimiyyətinin
müstəqilliyinin təminatçısı olması hər zaman məhkəmələrin müstəqil və şəffaf fəaliyyətinə,
qərəzsiz şəkildə qərarların qəbul edilməsinə imkan yaradır. Öz növbəsində
Konstitusiya Məhkəməsi də fəaliyyət göstərdiyi müddət ərzində ilk əvvəl Ulu Öndər
Heydər Əliyevin, bu gün isə möhtərəm cənab Prezidentin dəstəyini hər zaman hiss
edib. Bu dəstək əlbəttə ki, qürurverici olmaqla yanaşı, eyni zamanda olduqca
böyük məsuliyyət deməkdir. Konstitusiya Məhkəməsinin kollektivi hər zaman üzərinə
düşən bu məsuliyyətli missiyanı layiqincə yerinə yetirməyə çalışır.
Bununla
da, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 illiyinə həsr olunan “Konstitusiya
normalarının tətbiqi vasitəsilə qanunvericiliyin inkişafı” mövzusunda beynəlxalq
konfrans işini başa çatdırıb.
Tədbirdən
sonra Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan Konstitusiya Məhkəmələrinin
sədrlərinin Türk Dünyası Konstitusiya Yurisdiksiyaları Konfransının (TDKYK) çərçivəsində
işçi iclası keçirilmiş, konstitusiya ədalət mühakiməsi sahəsində məhkəmə-hüquq əməkdaşlıq
məsələləri müzakirə edilmişdir.
Xarici dövlətlərin Konstitusiya Məhkəmələrinin nümayəndə heyətləri səfər çərçivəsində həmçinin Azərbaycanın zəngin tarixi və mədəniyyəti ilə tanış olacaqlar.