Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin 25 illiyinə həsr olunmuş Beynəlxalq Konfrans keçirilib

Новости

2023 Jul

04.07.2023

İyulun 4-də Bakıda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 illik yubileyi ilə əlaqədar "Konstitusiya normalarının tətbiqi vasitəsilə qanunvericiliyin inkişafı" mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransda Azərbaycan Respublikası Milli Məclisi, Ədliyyə Nazirliyi, Ali Məhkəmə, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman), Vəkillər Kollegiyasının rəhbər və nümayəndələri, Bakı Dövlət Universitetinin rəhbər və nümayəndələri, habelə bir çox məhkəmələrin sədr və hakimləri, tanınmış alimlər, hüquq ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Həmçinin, tədbirdə iştirak etmək üçün Bakı şəhərinə Türkiyə, Qazaxıstan, Özbəkistan, Rusiya, Albaniya, Belarus, Bolqarıstan, Gürcüstan, Qırğızıstan, İndoneziya, Macarıstan, Serbiya və Tailand Konstitusiya Məhkəmələrinin nümayəndə heyətləri təşrif buyurublar.

Konfransın əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Konfransı açıq elan edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev ilk öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Konstitusiya Məhkəməsinin 25 illiyi ilə əlaqədar ünvanlandığı təbrik məktubu səsləndirib.

Sədr Fərhad Abdullayev təbrik məktubuna görə Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri cənab İlham Əliyevə Konstitusiya Məhkəməsinin bütün kollektivi və konfrans iştirakçıları adından öz dərin təşəkkürünü və minnətdarlığını bildirib. Fərhad Abdullayev qeyd edib ki, Dövlətimizin Başçısının Konstitusiya Məhkəməsinin işinə verdiyi bu qiymət Məhkəmənin kollektivi üçün yüksək etimadın təzahürüdür.

Fərhad Abdullayev xüsusilə vurğulayıb ki, Dövlət Başçısı cənab İlham Əliyev məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı olaraq hakimlərin və ümumilikdə məhkəmə orqanlarının qərəzsiz, müstəqil və şəffaf fəaliyyətini, onların maddi-sosial təminatını daim diqqət mərkəzində saxlayır. Bu diqqət məhkəmə hakimiyyəti üçün çox dəyərlidir və hər bir hakim üçün çox əhəmiyyətlidir.

Daha sonra sədr Fərhad Abdullayev Konfransda iştirak edən qonaqları salamlayaraq qeyd edib ki, bu il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin memarı, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam oldu. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Ulu Öndərin 100 illik yubileyi münasibətilə 2023-cü ilin Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan olunması Ümummilli Liderin əziz xatirəsinə əbədi ehtiramın ən bariz nümunəsidir.

Sədr dahi şəxsiyyət Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı əvəzolunmaz xidmətlərindən biri olan uğurlu dövlət quruculuğu prosesinin əsasının qoyulması haqqında söhbət açdı. Qeyd edilib ki, həmin proses çərçivəsində ən əlamətdar hadisələrdən biri 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi idi.

Referendum yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyətinin yaradılmasına və hüquq sisteminin müasir tələblərə uyğun formalaşmasına geniş imkanlar açdı.

Vurğulanıb ki, insan hüquq və azadlıqlarının müdafiəsini dövlətin ali məqsədi elan etmiş Konstitusiyanın aliliyinin təmin edilməsi, Əsas Qanunda təsbit olunmuş insan hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiə olunması məqsədilə 14 iyul 1998-ci ildə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi yaradılmışdır.

Qeyd edilib ki, müstəqil Azərbaycanın Konstitusiyasının müəllifi olan Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu tarixi torpaqlarımızın işğaldan azad edilməsi və doğma Azərbaycanın ərazi bütövlüyünün bərpası idi. Ümummilli Liderin bu arzusu və vəsiyyətini onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev və onun rəhbərliyi ilə igid Azərbaycan ordusu yerinə yetirdi. 44 günlük Qarabağ müharibəsi nəticəsində dövlətimizin ərazi bütövlüyü bərpa edildi və bayrağımız doğma yurdumuzda - Şuşada qürurla dalğalandırıldı.

Fərhad Abdullayev qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması xalqımızın çoxəsrlik tarixində hər zaman mühüm yer tutacaq. Bu gün işğaldan azad olunan ərazilərin bərpa və yenidənqurma prosesi yüksək səviyyədə və sürətlə həyata keçirilir. Bərpa və yenidənqurma prosesi dövlətimiz qarşısında duran ən vacib və prioritet istiqamət olmaqla daim Dövlət Başçısı cənab İlham Əliyevin diqqət mərkəzindədir.

Xüsusilə vurğulanmışdır ki, işğal altındakı torpaqlarımızın azad olunması ilə Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad olunmuş torpaqlarımızda da bərpa edildi. Bu gün 30 ilə yaxın öz yurdlarından məcburi köçürülmüş vətəndaşlarımızın Əsas Qanunda təsbit edilmiş bir sıra hüquqlarının, o cümlədən sərbəst hərəkət etmək, özünə yaşayış yeri seçmək, təhlükəsiz yaşamaq kimi hüquqlarının tam şəkildə təmin edilməsinə zəmin yaranır.

Sədr Konstitusiya Məhkəməsinin fəaliyyətindən danışaraq qeyd etdi ki, Konstitusiya Məhkəməsinin əsas səlahiyyətləri məhz Konstitusiyada öz əksini tapıb. Ölkənin Əsas Qanunu Konstitusiya Məhkəməsinin fəaliyyəti üçün fundamental hüquqi baza qismində çıxış edir.

Odur ki, Konstitusiya Məhkəməsi insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı öz missiyasını həyata keçirərkən ilk növbədə Konstitusiya müddəalarını, orada əks olunan dəyər və prinsipləri rəhbər tutur.

Məhz Əsas Qanunun normalarına istinad edilməsi insan hüquq və azadlıqlarının daha effektiv və səmərəli müdafiəsi üçün təminat yaradır.

Sədr Fərhad Abdullayev bildirib ki, Konstitusiya Məhkəməsi fəaliyyət göstərdiyi 25 il ərzində 545 qərar və 160 qərardad qəbul edib. Hüquqi dövlət quruculuğuna öz töhfəsini vermiş həmin qərar və qərardadlarda Konstitusiyanın aliliyinin təmin edilməsinə yönəlmiş mühüm hüquqi mövqelər öz əksini tapıb. 

Qeyd edilib ki, Məhkəmə keçən dövr ərzində hüquq və azadlıqların müdafiəsi üzrə fəaliyyətini daim təkmilləşdirmiş və beynəlxalq təcrübəni, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnu, həmçinin “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya və ona dair Protokolları tətbiq etməyə çalışmışdır.

Eyni zamanda, Konstitusiya Məhkəməsi fəaliyyətə başladığı dövrdən xarici ölkələrin Konstitusiya nəzarəti orqanları ilə, habelə beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsinə xüsusi önəm vermişdir.

Daha sonra tədbirdə iştirak edən Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Əli Hüseynli, Ədliyyə naziri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri İnam Kərimov, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva, Baş prokurorun müavini Heydər Məmmədov və Vəkillər Kollegiyasının sədri Anar Bağırov təbrik nitqləri ilə çıxış ediblər.

Konfransın praktiki hissəsində Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslan “Fərdi şikayət: Türkiyədə son inkişaflar", Serbiya Respublikası Konstitusiya Məhkəməsinin Sədri xanım Snejana Markoviç “Əsas konstitusiya prinsiplərinin müdafiəsində Konstitusiya Məhkəməsinin rolu”, Qazaxıstan Respublikası Konstitusiya Məhkəməsinin Sədri xanım Elvira Azimova “Qanunun aliliyi və insan hüquqlarının müdafiəsi üzrə öhdəliklərə əməl olunmasına konstitusiya nəzarətinin səmərəliliyi” Albaniya Respublikası Konstitusiya Məhkəməsinin Sədri xanım Holta Zaçay “Albaniya Konstitusiya Məhkəməsi məhkəmə islahatları və konstitusiya dəyişiklikləri fonunda - əldə edilmiş nəticə”, Bolqarıstan Respublikası Konstitusiya Məhkəməsinin Sədri xanım Pavlina Panova “Ənənə və tərəqqi arasında tarazlıq”, Qırğız Respublikası Konstitusiya Məhkəməsinin Sədri Emil Oskonbayev “Konstitusiya nəzarəti  orqanının məhkəmə fəallığının qanunvericiliyin inkişafına təsiri”, İndoneziya Respublikası Konstitusiya Məhkəməsinin Sədri Anvar Usman “İndoneziyada qanunvericiliyin inkişafına töhfə verilməsində insan hüquqlarının və qanunun aliliyinin rolu”, Özbəkistan Respublikası Konstitusiya Məhkəməsinin Sədri Mirza Ulugbek Abdusalomov “Özbəkistanda konstitusiya islahatı və konstitusiya nəzarətinin inkişafının yeni mərhələsi”, Belarus Respublikası Konstitusiya Məhkəməsinin Hakimi xanım Alla Bodak “Konstitusiya nəzarəti: qanunvericiliyin konstitusiyalaşdırılması”, Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin Hakimi Qadis Hacıyev “Rusiya Federasiyası qanunvericiliyinin konstitusiya əsaslarının formalaşdırılmasında Konstitusiya Məhkəməsinin iştirakı”, Bakı Dövlət Universitetinin Əmək və Ekologiya hüququ kafedrasının müdiri Alış Qasımov “Əmək məzuniyyətlərinin hüquqi tənzimlənməsi: mövcud boşluqlar və onların Konstitusiya normalarının şərhi vasitəsilə aradan qaldırılması” və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Hakimi Rövşən İsmayılov “Konstitusiya nəzarəti orqanlarının təcrübəsində qanunların Konstitusiyaya uyğun təfsiri” mövzular üzrə çıxış edərək, təmsil etdikləri ölkələrdə konstitusiya ədalət mühakiməsi sahəsində mövcud olan təcrübəni təqdim etmişlər.

Təqdim edilmiş məruzələrdən sonra müzakirələr və geniş fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda sədr Fərhad Abdullayev yekun nitqi ilə çıxış edərək konfransın gedişatında müxtəlif aktual mövzulara toxunaraq, səmərəli fikir mübadiləsi aparmağa nail olunduğunu bildirib.

Qeyd edilib ki, müxtəlif hüquq sistemlərinə malik ölkələrin öz təcrübələrinin bölüşdüyü bugünkü konfransda maraqlı müzakirələr aparıldı, konstitusiya hüququnun müxtəlif sahələri, xüsusilə də Konstitusiya Məhkəməsinin qərarlarında formalaşdırdığı hüquqi mövqelər və konstitusiya normalarının tətbiqi vasitəsilə qanunvericilikdə boşluqların aradan qaldırılması, onun inkişafı ilə bağlı maraqlı fikirlər ifadə edildi.

Sədr xüsusilə vurğuladı ki, Dövlət Başçısı cənab İlham Əliyevin məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı olması hər zaman məhkəmələrin müstəqil və şəffaf fəaliyyətinə, qərəzsiz şəkildə qərarların qəbul edilməsinə imkan yaradır. Öz növbəsində Konstitusiya Məhkəməsi də fəaliyyət göstərdiyi müddət ərzində ilk əvvəl Ulu Öndər Heydər Əliyevin, bu gün isə möhtərəm cənab Prezidentin dəstəyini hər zaman hiss edib. Bu dəstək əlbəttə ki, qürurverici olmaqla yanaşı, eyni zamanda olduqca böyük məsuliyyət deməkdir. Konstitusiya Məhkəməsinin kollektivi hər zaman üzərinə düşən bu məsuliyyətli missiyanı layiqincə yerinə yetirməyə çalışır.

Bununla da, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 illiyinə həsr olunan “Konstitusiya normalarının tətbiqi vasitəsilə qanunvericiliyin inkişafı” mövzusunda beynəlxalq konfrans işini başa çatdırıb.

Tədbirdən sonra Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan Konstitusiya Məhkəmələrinin sədrlərinin Türk Dünyası Konstitusiya Yurisdiksiyaları Konfransının (TDKYK) çərçivəsində işçi iclası keçirilmiş, konstitusiya ədalət mühakiməsi sahəsində məhkəmə-hüquq əməkdaşlıq məsələləri müzakirə edilmişdir.

Xarici dövlətlərin Konstitusiya Məhkəmələrinin nümayəndə heyətləri səfər çərçivəsində həmçinin Azərbaycanın zəngin tarixi və mədəniyyəti ilə tanış olacaqlar.