10.02.2023
Ümummilli lider Heydər Əliyevin keçdiyi yola və Azərbaycan
üçün gördüyü işlərə nəzər yetirərkən çoxşaxəli fəaliyyətinin diqqətəlayiq
istiqamətlərindən biri kimi yürütdüyü xarici siyasət xüsusilə diqqəti cəlb
edir. Belə ki, ulu öndər Heydər Əliyevin məhz xarici siyasətdə, beynəlxalq
münasibətlərdə uğurlu taktiki və strateji fəaliyyətinin nəticəsi kimi, Azərbaycanın
suveren dövlət olaraq siyasi, hüquqi, iqtisadi və digər sahələrdə milli
maraqları əsas götürülməklə beynəlxalq birliyə uğurlu inteqrasiyasına nail
olundu.
Odur ki,
bu gün biz müstəqil Azərbaycanın siyasi, iqtisadi, hərbi uğurlarından, Cənubi
Qafqazın ən inkişaf etmiş dövləti, beynəlxalq birlikdə güvənilən strateji tərəfdaş
kimi yüksək statusundan danışarkən Heydər Əliyevin uzaqgörən və düşünülmüş
xarici siyasət kursuna, Azərbaycan Respublikasının beynəlxalq hüququn müstəqil
subyekti kimi tanınmasına istiqamətlənmiş fəaliyyətinə qısaca da olsa nəzər
salmağı vacib hesab edirik. Təbii ki, həyata keçirilən işləri bir məqalə çərçivəsində
əhatə etmək qeyri-mümkündür, lakin bir sıra mühüm aspektlərə toxunmaq istərdik.
Ölkə
tarixinin keşməkeşli, çətin dönəmində Azərbaycan xalqının israrlı tələbi ilə
hakimiyyətə qayıdan ümummilli liderin zəngin bilik və bacarığı, yüksək dövlət
idarəçiliyi və uzaqgörənlik qabiliyyəti sayəsində formalaşdırdığı dövlət siyasəti
ölkəmizin ildən-ilə müasir dünyada imicinin və mövqeyinin güclənməsinə zəmin
yaratdı.
Ulu öndər:
"Müstəqil Azərbaycanda hüquqi-demokratik dövlət qurulmalıdır, Azərbaycan
dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir və tarixi ənənələrindən,
milli ənənələrdən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən
səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir",
- söyləməklə beynəlxalq birliyə daxil olmaq üçün prioritetləri müəyyən etdi.
Azərbaycanın
daimi müstəqilliyinin təminatı üçün demokratik dəyərlərin üstünlüyünü, hüquqi
dövlət quruculuğunun əsas prinsiplərini qəbul edən, insan hüquq və
azadlıqlarının reallaşdırılmasına şərait yaradan Əsas Qanunun - Konstitusiyanın
qəbulunun zəruriliyini nəzərə alaraq məhz Heydər Əliyevin təşəbbüsü ilə
Konstitusiya layihəsini hazırlayan Komissiya təşkil edildi. Komissiyanın sədri
isə ulu öndər Heydər Əliyev seçildi. Çox qısa bir müddətdə layihə hazırlanaraq
ictimai müzakirəyə təqdim olundu və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi
(referendum) yolu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi.
Konstitusiyanın
milli hüquq sistemimizə gətirdiyi mühüm yeniliklərdən biri də ölkə tarixində
ilk dəfə olaraq konstitusiya nəzarəti institutunun yaradılması olmuşdur.
Əsas
Qanunun qəbulu ilə ölkədə həyata keçirilən demokratik dövlət, vətəndaş cəmiyyəti
quruculuğu, iqtisadi, sosial, məhkəmə-hüquq islahatlarına paralel, Azərbaycanın
dövlət suverenliyinə beynəlxalq təminatın yaradılması məqsədilə mühüm işlərə
başlanıldı.
1996-cı
il iyunun 28-dən etibarən Azərbaycan Respublikasının Avropa Şurasında
"xüsusi qonaq statusu"nda iştirakı təmin olundu.
Ulu öndər
Heydər Əliyevin 8 iyul 1996-cı il tarixli "Avropa Şurası ilə Azərbaycan
Respublikası arasında əməkdaşlıq proqramının həyata keçirilməsi tədbirləri
haqqında", 20 yanvar 1998-ci il tarixli "Avropa Şurası ilə Azərbaycan
Respublikası arasında əməkdaşlığın dərinləşdirilməsi sahəsində tədbirlər
haqqında", habelə 14 may 1999-cu il tarixli "Azərbaycan Respublikası
ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan
Respublikasının Avropada mənafelərinin təmin edilməsi haqqında" sərəncamları
Avropa Şurasına üzvlük üçün tələb olunan hüquqi-siyasi prosedurların tez bir
zamanda həyata keçirilməsinə imkan verdi.
Avropa
Şurasına üzvlüklə bağlı öhdəliklərdən biri humanizm prinsipi baxımından qəbuledilməz
hesab olunan ölüm hökmünün ləğvi ilə bağlı olmuşdur.
Prezident
Heydər Əliyev 1998-ci il fevralın 3-də Milli Məclisə ölüm hökmünün ləğvi ilə
bağlı müraciətində insanın təbii hüquqlarından olan yaşamaq hüququnun
toxunulmazlığı, humanizm və insanpərvərlik kimi yüksək idealları rəhbər tutmaqla
ölkədə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəldiyini bildirmiş və bu tarixi
bəyanatın zəruriliyini əsaslandırmışdır. Qanunverici orqan da ölüm hökmünün ləğvi
ilə bağlı ölkə Prezidentinin təklifini dəstəkləmiş, 10 fevral 1998-ci ildə Şərqdə
ilk dəfə olaraq ölkəmizdə belə bir tarixi qərar qəbul edilmişdir.
1995-ci
ildən ölkəmizdə əfv və amnistiya təsisatlarının bərpa edilməsi sayəsində isə on
minlərlə insan yenidən azadlığa qovuşmuşdur.
Ümummilli
lider Heydər Əliyevin insan hüquq və azadlıqlarına verdiyi yüksək dəyərin daha
bir göstəricisi isə 1998-ci il 22 fevral tarixində "İnsan və vətəndaşın
hüquq və azadlıqlarının təmin edilməsi sahəsindəki tədbirlər haqqında"
imzaladığı Fərman olmuşdur. Həmin Fərmandan sonra 1998-ci il 18 iyun tarixində
qanunvericilik və institusional islahatların həyata keçirilməsinin nəzərdə
tutulduğu "İnsan haqlarının müdafiəsinə dair Dövlət Proqramı" təsdiq
edilmişdir.
Rəsmi
Bakı tərəfindən Avropa Şurasına üzvlüklə əlaqədar təşkilatın demokratik
inkişafa yönəlmiş təklif və tövsiyələrinin realizəsi istiqamətində atılan
addımlardan biri də 28 dekabr 2001-ci il tarixində "Azərbaycan
Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında"
Konstitusiya Qanununun qəbulu, 2002-ci ildə Ombudsman institutunun fəaliyyətə
başlaması üçün maddi-texniki bazanın təşkili olmuşdur.
26-28
iyun 2000-ci ildə Avropa Şurası Parlament Assambleyasının növbəti sessiyasında
Azərbaycan Respublikasının Avropa Şurasının tamhüquqlu üzvü qəbul edilməsinə
dair müsbət rəy verilmiş, 17 yanvar 2001-ci ildə isə Avropa Şurası Nazirlər
Komitəsinin nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycan
Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul
edilmişdir. Ölkəmizin bu təşkilata üzv qəbul edilməsi ümummilli lider Heydər
Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasətin nəticəsində mümkün
olmuşdur.
2001-ci
il dekabrın 25-də Milli Məclis "İnsan hüquqlarının və əsas azadlıqların
müdafiəsi haqqında" Avropa Konvensiyasını ratifikasiya etməklə demokratik
dəyərlərə, insan hüquq və əsas azadlıqlarının təminatına yüksək sadiqlik
nümayiş etdirmişdir. 15 aprel 2002-ci il tarixində ratifikasiya sənədi depozitə
edilmək üçün Avropa Şurasının Baş katibinə təqdim olunmuş, bununla da, ölkə vətəndaşlarının
Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək imkanı yaranmışdır.
Ulu öndər
dünyanın ən böyük təşkilatı sayılan BMT-nin tribunasında və digər beynəlxalq tədbirlərdə
daim əsaslandırılmış çıxışları ilə Ermənistanın işğalçılıq siyasətini ifşa
edir, münaqişənin Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında həll edilməli
olduğu fikrini israrla səsləndirirdi.
Xalqın tələbi
ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev tərəfindən təxirəsalınmadan
aparılan işlərin nəticəsi olaraq BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü
ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair məlum qətnamələr qəbul
edildi. Bu qətnamələr, xüsusilə 853 saylı qətnamə ilə ermənilər münaqişədə
iştirak edən işğalçı tərəf kimi təqdim edilir, həmin işğalçı qüvvələrin Azərbaycan
Respublikasının işğal olunmuş bütün ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz
çıxarılması tələb olunurdu. 853 saylı qətnamənin 9-cu və 10-cu bəndlərində səslənən
fikirlər Ermənistanın artıq BMT tərəfindən işğalçı dövlət kimi qəbul
edildiyinin göstəricisi idi.
Belə ki,
853 saylı qətnamənin 9-cu bəndində Təhlükəsizlik Şurası Ermənistanı təkidli şəkildə
Dağlıq Qarabağ ermənilərinə təsir göstərməyə və əvvəlki qətnamənin şərtlərinə
uyğun olaraq ordusunu işğal altında olan ərazilərdən çıxarmağa çağırırdı.
Əslində, bununla BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ ermənilərinin məhz Ermənistandan
idarə olunduğu faktını qəbul etdiyini göstərmiş olurdu.
Ulu öndərin
beynəlxalq münasibətlərdə həyata keçirdiyi siyasət onun layiqli davamçısı,
Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Qeyd
edilməlidir ki, Azərbaycan torpaqlarının işğal altında olduğu müddət ərzində qəbul
edilmiş və ölkəmizin ərazi bütövlüyünü tanıyan beynəlxalq aktlar 44 günlük Vətən
müharibəsində Azərbaycanın haqq tərəfi olmasını, hərbi əməliyyatların əzəli
torpaqların işğaldan azad edilməsinə, ölkənin beynəlxalq müstəvidə tanınan sərhədlərinin
bərpasına yönəldiyini təsdiqləyən hüquqi sənədlər qismində çıxış etdi.
Ümummilli
liderin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də 1994-cü il
sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanmasıdır. Bu müqavilə
ölkə iqtisadiyyatının, xüsusən sənayenin və neft sektorunun inkişafına şərait
yaratmaqla, Azərbaycanın iqtisadi suverenliyinin bərqərar olmasına, beynəlxalq
hüququn müstəqil subyekti kimi mövqelərinin möhkəmlənməsinə güclü təkan verdi,
dövlət müstəqilliyinin mühüm təminatına çevrilərək dünya birliyinə sıx
inteqrasiyasını təmin etdi.
Bu layihə
barədə danışarkən dövlət başçısı İlham Əliyev qeyd edib ki, bu müqavilənin Azərbaycan
tarixində xüsusi yeri vardır və Azərbaycanın müstəqil ölkə kimi yaşamasında bu
rol əvəzolunmazdır. Kontraktın imzalanması böyük siyasi cəsarət tələb edirdi və
yalnız Heydər Əliyevin qətiyyəti və Azərbaycan xalqının dəstəyi ilə buna nail
olunmuşdur.
Məlum
olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il
tarixli Sərəncamı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100
illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan
Respublikasında 2023-cü il "Heydər Əliyev İli" elan edilmişdir.
Sərəncamda
"Müstəqil Azərbaycanın ulu öndərin indiki və gələcək nəsillərə əmanəti,
onun zəngin və çoxşaxəli irsinin xalqımızın milli sərvəti, bu müqəddəs mirası
qoruyub saxlamağın isə hər bir azərbaycanlının şərəfli vəzifəsi olduğu"
qeyd olunmuşdur.
Hesab
edirik ki, ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti, Azərbaycan
Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə cəsur Ordumuzun şücaət və qəhrəmanlığı sayəsində qalib xalq kimi
tariximizin ən şanlı dönəmində bu ölkənin vətəndaşı olaraq bizlər də gələcək nəsillərin
azad, müstəqil, firavan Azərbaycanda yaşamaları üçün gördüyümüz işlərdə üzərimizə
düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışmalı, bu yolda əməyimizi əsirgəməməliyik.
Rəna Abbasova,
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi
Aparatının
Cinayət və inzibati hüquq şöbəsinin
müdiri vəzifəsini icra edən.