Konstitusiya Məhkəməsi Aparatında hesabat iclası keçirilib

News

2023 Jan

24.01.2023

Yanvarın 24-də Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Aparatının 2022-ci ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib.

İclası açan sədr ötən il daxil olmuş sorğu, müraciət və şikayətlərlə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən bir sıra mühüm qərarların qəbul edildiyini vurğulayıb.

Məlumat verilib ki, 2022-ci ildə Konstitusiya Məhkəməsinə 12 sorğu, 28 müraciət, 1792 şikayət (onlardan 625 şikayət onlayn müraciət vasitəsilə) daxil olub. Həmçinin diqqətə çatdırılıb ki, Konstitusiya Məhkəməsinin rəsmi internet saytı vasitəsilə daxil olan ərizə və məktubların sayı bir qədər artıb. Daxil olan şikayətlərdən 551-i müvafiq qaydada baxılması üçün Konstitusiya Məhkəməsinin palatalarına verilib, digərləri isə baxılması üçün aidiyyəti orqanlara göndərilib.

Qeyd edilib ki, ötən il Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən baxılmış konstitusiya işləri ilə əlaqədar geniş hüquqi əhəmiyyətə malik 45 qərar və 15 qərardad qəbul olunub. Onlardan 13 qərar sorğular, 18 qərar məhkəmə müraciətləri, 14 qərar isə şikayətlər əsasında qəbul edilib.

Konstitusiya Məhkəməsi Plenumunun qərar və qərardadlarında mülki, cinayət, əmək, vergi və hüququn digər sahələri üzrə yaranmış hüquqi kolliziyalara Azərbaycan Respublikası Konstitusiyasının müddəaları nöqteyi-nəzərindən hüquqi qiymət verilib.

Konstitusiya Məhkəməsi 2022-ci ildə qəbul edilmiş Plenum qərarlarının nəticələrinə dair bütün ölkə məhkəmələrinə icmal məktubla tövsiyələrini çatdırıb.

Sədr vurğulayıb ki, keçən ilin ən yaddaqalan hadisələrindən biri Azərbaycan Prezidentinin 2022-ci il 5 yanvar tarixli Sərəncamı ilə 2022-ci ilin “Şuşa İli” elan edilməsidir. Bununla əlaqədar iyulun 14-də Konstitusiya Məhkəməsinin sədri, hakimləri və məsul əməkdaşlarından ibarət nümayəndə heyəti Məhkəmənin Plenumunda baxılmış üç iş üzrə qərarların elan olunması üçün Şuşa şəhərinə səfər edib. Həmin qərarlar Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə, Baş Prokurorluğun sorğusu əsasında Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin qeyd hissəsinin əlaqəli şəkildə şərh olunmasına və N.Hüseynbəyovun şikayəti üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının 2020-ci il 24 noyabr tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işləri ilə bağlı olublar.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Məhkəmə tərəfindən Tədbirlər Planı hazırlanıb.

Sədr qeyd edib ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra ölkənin hüquqi, ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, həmçinin dövlətin beynəlxalq əlaqələrində dönüş yaranıb, müstəqil dövlət quruculuğu prosesinin əsası qoyulub. Ümummilli Lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildikdən sonra demokratik əsaslarla formalaşmaqda olan dövlətin idarəçilik sisteminin, o cümlədən hüquq-mühafizə orqanlarının, məhkəmələrin yaradılması və onların fəaliyyət istiqamətlərini müəyyən edən qanunların qəbul olunması prosesinə başlanıldı.

Ötən ilin noyabrında Konstitusiya Məhkəməsi tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi və 12 noyabr Konstitusiya Gününə həsr olunmuş “Hüquqi dövlətin əsasları” adlı hüquq olimpiadası Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz rayonlarında keçirilib. Olimpiadada ümumilikdə 40 məktəbdən 800 şagird iştirak edib və sonda qaliblər müəyyənləşdirilib.

İclasda Aparat rəhbərinin çıxışı, Aparatın müvafiq şöbə və sektor müdirlərinin hesabatları dinlənilib. Həmçinin Konstitusiya Məhkəməsinə daxil olan sorğu, müraciət və şikayətlərdə toxunulan hüquqi aspektlər, Məhkəmə tərəfindən qəbul edilən qərarların icrası, tərtib olunan analitik arayış və rəylər, habelə təşkilati məsələlərlə bağlı məruzələr edilib.

Qeyd olunub ki, ötən il Konstitusiya Məhkəməsinin beynəlxalq məhkəmə-hüquq əməkdaşlığı ənənəvi olaraq inkişaf edib. Konstitusiya Məhkəməsinin Plenumu qəbul etdiyi bütün qərarlarında dövlətdaxili qanunvericiliklə yanaşı, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq-hüquqi müqavilələrə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə diqqət yetirir.

Sonda sədr qeyd edib ki, Azərbaycan Prezidentinin ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanında əks olunmuş əhəmiyyətli aspektlər Konstitusiya Məhkəməsinin fəaliyyəti üçün mühüm istiqamətləri müəyyən edib.

Diqqətə çatdırılıb ki, Konstitusiya Məhkəməsinin yenilənmiş rəsmi internet səhifəsi və 2022-ci il ərzində internet səhifəsində yaradılmış axtarış sistemi müasir tələblərə cavab verir, vətəndaşların ərizə və şikayətlərinin onlayn qəbulu, onlara operativ şəkildə baxılması, həmçinin ictimaiyyətin Məhkəməyə əlçatanlığını daha da genişləndirmək üçün imkanlar yaradır. Konstitusiya Məhkəməsinin fəaliyyətinin prioritet istiqamətlərindən biri vətəndaşların Məhkəməyə əlçatanlığını daha da genişləndirməkdir.

Dövlətimizin başçısının “Azərbaycan Respublikasının dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşıdır və buna görə bütün dövlət qurumları tərəfindən vətəndaşların şikayətlərinə çox diqqətlə yanaşılmalıdır” fikri əsas götürülərək, bununla bağlı Aparatın müvafiq şöbələrində vətəndaşların ərizə və şikayətlərinin diqqətlə araşdırılmasının vacibliyi vurğulanıb.

Sədr bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün cəmiyyətin inkişafını əhatə edən hüquqi islahatlar məhkəmə sisteminin təkmilləşdirilməsinə və müasirləşdirilməsinə töhfə verməkdədir. Bu da öz növbəsində insanların Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqlarının müdafiəsinin daha səmərəli həyata keçirilməsi üçün şərait yaratmaqla, Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul olunmuş qərarların hüquqtətbiqetmə təcrübəsinə müsbət təsir göstərməsinə imkan verir.

Diqqətə çatdırılıb ki, Konstitusiya Məhkəməsi gənc hüquqşünaslarla işbirliyinə də çox böyük önəm verir. Bu mənada xüsusilə Konstitusiya Məhkəməsində keçirilən Könüllülük Proqramının davam etdirilməsi vacibdir. Konstitusiya Məhkəməsində könüllülər Aparatın müxtəlif şöbə və sektorlarında təcrübə keçib, Plenum iclaslarının təşkil edilməsi prosesində, habelə vətəndaşların qəbulunda bilavasitə iştirak edib, səlahiyyətli subyektlərin sorğuları, məhkəmələrin müraciətləri, həmçinin vətəndaşların şikayətlərinin öyrənilməsi vasitəsilə Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqların müdafiə mexanizmi ilə yaxından tanış olublar.

Konstitusiya Məhkəməsi Plenumunun icraatına qəbul edilmiş sorğu və müraciətlərə dair hüquq sahəsində öz biliklərinə güvənən hər bir hüquqşünas, o cümlədən hüquq üzrə təhsil alan tələbələr üçün öz yazılı rəylərini Konstitusiya Məhkəməsinə təqdim etmək imkanı yaradılıb.

Qeyd edilib ki, Vətən müharibəsində qazanılan parlaq Qələbə sayəsində azad olunan ərazilərdə bu gün genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, mühüm layihələr reallaşdırılır. Dövlətimizin başçısı bu ərazilərdə strateji obyektlərin, müəssisələrin təməlini qoyur, tikinti işlərinin gedişini, yüksək texnologiyaların tətbiqini diqqət mərkəzində saxlayır. Bu bərpa-quruculuq işləri Azərbaycanın gücünü, Prezidentimizin möhkəm iradəsini, yüksək idarəçilik məharətini, qurub-yaratmaq əzmini bütün dünyaya nümayiş etdirir.

Konstitusiya Məhkəməsinin kollektivi bu genişmiqyaslı işlərlə və uğurla həyata keçirilən layihələrlə əyani şəkildə Şuşa şəhərinə səfər etdiyi zaman böyük məmnuniyyətlə tanış olub.

Həmçinin qeyd edilib ki, bu ilin iyulunda Konstitusiya Məhkəməsinin yaradılmasının 25 ili tamam olur. 1998-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Məhkəmə öz fəaliyyətinə başlayıb. Bu əlamətdar yubiley ilə bağlı cari ilin iyulunda beynəlxalq məhkəmə-hüquq konfransının keçirilməsi nəzərdə tutulur.

Konstitusiya Məhkəməsinin sədri 2022-ci ildə görülmüş işləri müsbət qiymətləndirməklə yanaşı, qurumun fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə hakimlərin icraatında olan işlərlə bağlı müvafiq tövsiyələr, Aparatın qarşısında duran vəzifələrlə bağlı bir sıra tapşırıqlar verib.