20 Yanvar şəhidlərinin xatirəsi Konstitusiya Məhkəməsində ehtiramla anılıb

News

2023 Jan

18.01.2023

Bu il Azərbaycan xalqının qürur ünvanına çevrilmiş 20 Yanvar hadisələrindən 33 il ötür. Xalqımızın yaddaşına qanlı faciə kimi daxil olan 20 Yanvar hadisəsi milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən birini təşkil edir.

Hər il olduğu kimi, bu il də Qanlı Yanvar şəhidlərinin əziz xatirəsi Konstitusiya Məhkəməsi tərəfindən ehtiramla yad edilib. 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri, hakimləri və Aparatın məsul əməkdaşları Şəhidlər xiyabanını ziyarət edərək, bu faciənin qurbanlarını yad ediblər.

Sonra Konstitusiya Məhkəməsində anım tədbiri keçirilib.

Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirdə çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Qanlı Yanvar faciəsini müstəqil Azərbaycanın tarixində mühüm dönüş nöqtəsi, istiqlal yolumuzun başlanğıcı kimi qiymətləndirib. Bildirilib ki, Azərbaycanda vüsət tapmış milli azadlıq hərəkatını boğmaq məqsədilə Sovet Silahlı Qüvvələrinin Bakı şəhərinə və respublikanın bir neçə rayonuna yeridilərək xalqımıza qarşı misli görünməmiş qırğın törətməklə SSRİ Konstitusiyasının, eləcə də insan hüquqları ilə bağlı beynəlxalq hüquq müqavilələrinin bir sıra normaları kobudcasına pozulub.

20 Yanvar hadisələri beynəlxalq cinayət kimi də qiymətləndirilməlidir. Bu, bəşəriyyət və insanlıq əleyhinə törədilmiş dəhşətli əməl idi. XX əsrdə insanlığa qarşı törədilmiş qırğınların ən dəhşətli səhifələrindən olan 20 Yanvar faciəsi xalqımızın qan yaddaşına əbədi həkk edilib. Bu hadisələr Azərbaycanın gələcək taleyinə, milli azadlıq hərəkatının daha da güclənməsinə, müstəqilliyimizin bərpasına mühüm təsir göstərib.

O müdhiş günlərdə Ulu Öndər Heydər Əliyev kimi qüdrətli liderin respublikada yoxluğunu bütün xalq hiss edirdi. Amma Bakıda olmamasına baxmayaraq, hər kəsdən əvvəl səs verən də məhz Heydər Əliyev oldu. Ümummilli Liderimiz Moskvada SSRİ-nin Dövlət Təhlükəsizlik Komitəsinin xüsusi nəzarət altında olmasına baxmayaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də silahdaşı, o çətin günlərdə Heydər Əliyevi bir an belə tək qoymayan İlham Əliyevlə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi. Ulu Öndər baş vermiş təcavüzə qəti etirazını bildirməklə, faciəni törədənləri, xüsusilə də, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin sonuncu Baş Katibi Qorbaçovu, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin rəhbərliyini kəskin ittiham etdi və sovet qoşunlarının Bakıdan çıxarılmasını tələb etdi.

Ulu Öndər Heydər Əliyevin bu tarixi addımı onun respublikamızın rəhbərliyindən uzaqlaşdırıldığına baxmayaraq, öz xalqı ilə daim bağlı olduğunu bir daha göstərdi.

Diqqətə çatdırılıb ki, Ümummilli Liderin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinin baş verməsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması istiqamətində mühüm addımlar atıldı. 20 Yanvar hadisələrinə siyasi qiymət ilk dəfə Ulu öndər Heydər Əliyev tərəfindən verildi. Məhz Ümummilli Liderimizin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin martın 29-da parlament “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Beləliklə də, 20 Yanvar faciəsi məhz Ulu Öndər Heydər Əliyevin ardıcıl mübarizəsindən sonra öz siyasi-hüquqi qiymətini aldı.

Vurğulanıb ki, 20 Yanvar şəhidlərininin xatirəsini əbədiləşdirmək məqsədilə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Şəhidlər xiyabanında Azərbaycanın azadlığı uğrunda mübarizədə şəhid olanlara həsr olunmuş “Əbədi məşəl” abidə-kompleksi ucaldılıb. Azərbaycan Prezidentinin 2000-ci il yanvarın 17-də imzaladığı Fərmanla 1990-cı il 20 Yanvar faciəsi zamanı şəhid olanlara “20 Yanvar Şəhidi” fəxri adı verilib.

Ulu Öndərin şəhid ailələrini və əlilləri dövlət qayğısı ilə əhatə etdiyini vurğulayan sədr qeyd edib ki, Ümummilli Liderin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev şəhid ailələrinin və sağlamlıqlarını itirmiş şəxslərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya məqsəd qoyub. Prezidentin gərgin fəaliyyəti nəticəsində şəhid ailələrinin, o cümlədən əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmləndirilib. 2006-cı il yanvarın 19-da dövlətimizin başçısının fərmanı ilə 20 Yanvar şəhidlərinin ailələri üçün Azərbaycan Prezidentinin təqaüdü təsis edilib. Bu şəxslərin maddi və sosial vəziyyəti daim dövlət başçısının diqqətindədir.

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva hər zaman şəhid ailələrinə xüsusi nəvaziş, diqqət və qayğı ilə yanaşır, onların sosial təminatı istiqamətində mühüm işlər görülür.

Azərbaycan xalqı və dövləti 20 Yanvar şəhidlərin xatirəsini daim uca tutur. Prezident İlham Əliyev şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir, hər il yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edərək “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyur.

Qeyd edilib ki, Qanlı Yanvar faciəsi şəhidlərinin qanı yerdə qalmadı. 20 Yanvar şəhidlərinin qəhrəmanlıq salnaməsini 44 günlük Vətən müharibəsinin qəhrəmanları davam etdirdilər.

Bu gün Ulu Öndər Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin ruhu şaddır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu xalqımızın 30 illik həsrətinə son qoyaraq torpaqlarımızı erməni işğalından azad edib yeni reallıq yaratdı, dəmir yumruq qalib gəldi. İndi həmin ərazilərdə Azərbaycanın üçrəngli bayrağı dalğalanır. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işlərinə başlanılıb və keçmiş məcburi köçkünlər artıq öz doğma torpaqlarına qayıdırlar.

Prezident İlham Əliyevin Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncamında qeyd edilir ki, Ulu Öndər Azərbaycan xalqının tarixi yaddaşının bərpası istiqamətində atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərib, özünüdərki və soy-kökə qayıdışı təmin edib, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilib.

Sədr vurğulayıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Vətən müharibəsində Şanlı Qələbəsi dövlətçiliyimizin tarixində daim xüsusi yer tutacaq. İşğal olunmuş torpaqların azad edilməsi və dövlətin ərazi bütövlüyünün təmin olunması həm də vətəndaşların Konstitusiyada təsbit edilmiş hüquqlarının bərpası və dövlətin əsasını bərqərar etdi.

Anım mərasiminə yekun vuran sədr qeyd edib ki, 20 Yanvar faciəsi Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib.