18.01.2023
Bu il
Azərbaycan xalqının qürur ünvanına çevrilmiş 20 Yanvar hadisələrindən 33 il
ötür. Xalqımızın yaddaşına qanlı faciə kimi daxil olan 20 Yanvar hadisəsi milli
tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən birini təşkil edir.
Hər il
olduğu kimi, bu il də Qanlı Yanvar şəhidlərinin əziz xatirəsi Konstitusiya
Məhkəməsi tərəfindən ehtiramla yad edilib. 20 Yanvar faciəsinin 33-cü ildönümü
ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri, hakimləri
və Aparatın məsul əməkdaşları Şəhidlər xiyabanını ziyarət edərək, bu faciənin
qurbanlarını yad ediblər.
Sonra
Konstitusiya Məhkəməsində anım tədbiri keçirilib.
Əvvəlcə
faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbirdə
çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Qanlı Yanvar
faciəsini müstəqil Azərbaycanın tarixində mühüm dönüş nöqtəsi, istiqlal
yolumuzun başlanğıcı kimi qiymətləndirib. Bildirilib ki, Azərbaycanda vüsət
tapmış milli azadlıq hərəkatını boğmaq məqsədilə Sovet Silahlı Qüvvələrinin
Bakı şəhərinə və respublikanın bir neçə rayonuna yeridilərək xalqımıza qarşı
misli görünməmiş qırğın törətməklə SSRİ Konstitusiyasının, eləcə də insan hüquqları
ilə bağlı beynəlxalq hüquq müqavilələrinin bir sıra normaları kobudcasına
pozulub.
20 Yanvar
hadisələri beynəlxalq cinayət kimi də qiymətləndirilməlidir. Bu, bəşəriyyət və
insanlıq əleyhinə törədilmiş dəhşətli əməl idi. XX əsrdə insanlığa qarşı törədilmiş
qırğınların ən dəhşətli səhifələrindən olan 20 Yanvar faciəsi xalqımızın qan
yaddaşına əbədi həkk edilib. Bu hadisələr Azərbaycanın gələcək taleyinə, milli
azadlıq hərəkatının daha da güclənməsinə, müstəqilliyimizin bərpasına mühüm
təsir göstərib.
O müdhiş
günlərdə Ulu Öndər Heydər Əliyev kimi qüdrətli liderin respublikada yoxluğunu
bütün xalq hiss edirdi. Amma Bakıda olmamasına baxmayaraq, hər kəsdən əvvəl səs
verən də məhz Heydər Əliyev oldu. Ümummilli Liderimiz Moskvada SSRİ-nin Dövlət
Təhlükəsizlik Komitəsinin xüsusi nəzarət altında olmasına baxmayaraq,
hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də silahdaşı, o çətin
günlərdə Heydər Əliyevi bir an belə tək qoymayan İlham Əliyevlə birlikdə
Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi. Ulu Öndər baş vermiş
təcavüzə qəti etirazını bildirməklə, faciəni törədənləri, xüsusilə də, Sovet
İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin sonuncu Baş Katibi Qorbaçovu,
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin rəhbərliyini kəskin ittiham
etdi və sovet qoşunlarının Bakıdan çıxarılmasını tələb etdi.
Ulu Öndər
Heydər Əliyevin bu tarixi addımı onun respublikamızın rəhbərliyindən
uzaqlaşdırıldığına baxmayaraq, öz xalqı ilə daim bağlı olduğunu bir daha
göstərdi.
Diqqətə
çatdırılıb ki, Ümummilli Liderin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından
sonra 20 Yanvar faciəsinin baş verməsinin səbəblərinin araşdırılması və onu
törədənlərin məsuliyyətə cəlb olunması istiqamətində mühüm addımlar atıldı. 20
Yanvar hadisələrinə siyasi qiymət ilk dəfə Ulu öndər Heydər Əliyev tərəfindən
verildi. Məhz Ümummilli Liderimizin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin
martın 29-da parlament “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli
hadisələr haqqında” Qərar qəbul etdi. Beləliklə də, 20 Yanvar faciəsi məhz Ulu
Öndər Heydər Əliyevin ardıcıl mübarizəsindən sonra öz siyasi-hüquqi qiymətini
aldı.
Vurğulanıb
ki, 20 Yanvar şəhidlərininin xatirəsini əbədiləşdirmək məqsədilə Ulu Öndər
Heydər Əliyevin təşəbbüsü ilə Şəhidlər xiyabanında Azərbaycanın azadlığı uğrunda
mübarizədə şəhid olanlara həsr olunmuş “Əbədi məşəl” abidə-kompleksi ucaldılıb.
Azərbaycan Prezidentinin 2000-ci il yanvarın 17-də imzaladığı Fərmanla 1990-cı
il 20 Yanvar faciəsi zamanı şəhid olanlara “20 Yanvar Şəhidi” fəxri adı
verilib.
Ulu
Öndərin şəhid ailələrini və əlilləri dövlət qayğısı ilə əhatə etdiyini
vurğulayan sədr qeyd edib ki, Ümummilli Liderin siyasi xəttini uğurla davam
etdirən Prezident İlham Əliyev şəhid ailələrinin və sağlamlıqlarını itirmiş
şəxslərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri
kimi qarşıya məqsəd qoyub. Prezidentin gərgin fəaliyyəti nəticəsində şəhid
ailələrinin, o cümlədən əlillərin sosial təminatı ildən-ilə daha da
möhkəmləndirilib. 2006-cı il yanvarın 19-da dövlətimizin başçısının fərmanı ilə
20 Yanvar şəhidlərinin ailələri üçün Azərbaycan Prezidentinin təqaüdü təsis
edilib. Bu şəxslərin maddi və sosial vəziyyəti daim dövlət başçısının
diqqətindədir.
Birinci
vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva hər zaman
şəhid ailələrinə xüsusi nəvaziş, diqqət və qayğı ilə yanaşır, onların sosial
təminatı istiqamətində mühüm işlər görülür.
Azərbaycan
xalqı və dövləti 20 Yanvar şəhidlərin xatirəsini daim uca tutur. Prezident
İlham Əliyev şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial
məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir, hər il yanvarın 20-də
Şəhidlər xiyabanını ziyarət edərək “Əbədi məşəl” abidə kompleksinin önünə əklil
qoyur.
Qeyd
edilib ki, Qanlı Yanvar faciəsi şəhidlərinin qanı yerdə qalmadı. 20 Yanvar
şəhidlərinin qəhrəmanlıq salnaməsini 44 günlük Vətən müharibəsinin qəhrəmanları
davam etdirdilər.
Bu gün
Ulu Öndər Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda
canlarından keçmiş bütün şəhidlərin ruhu şaddır. Prezident, Müzəffər Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu xalqımızın 30
illik həsrətinə son qoyaraq torpaqlarımızı erməni işğalından azad edib yeni
reallıq yaratdı, dəmir yumruq qalib gəldi. İndi həmin ərazilərdə Azərbaycanın
üçrəngli bayrağı dalğalanır. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı
quruculuq işlərinə başlanılıb və keçmiş məcburi köçkünlər artıq öz doğma
torpaqlarına qayıdırlar.
Prezident
İlham Əliyevin Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi
haqqında Sərəncamında qeyd edilir ki, Ulu Öndər Azərbaycan xalqının tarixi
yaddaşının bərpası istiqamətində atdığı qətiyyətli addımlar o dövrdə milli
ruhun canlanmasına xidmət göstərib, özünüdərki və soy-kökə qayıdışı təmin edib,
müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilib.
Sədr
vurğulayıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə rəşadətli Ordumuzun Vətən müharibəsində Şanlı Qələbəsi dövlətçiliyimizin
tarixində daim xüsusi yer tutacaq. İşğal olunmuş torpaqların azad edilməsi və
dövlətin ərazi bütövlüyünün təmin olunması həm də vətəndaşların Konstitusiyada
təsbit edilmiş hüquqlarının bərpası və dövlətin əsasını bərqərar etdi.
Anım mərasiminə yekun vuran sədr qeyd edib ki, 20 Yanvar faciəsi Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib.