Fərhad Abdullayev: Vətəndaş tərəfindən məhkəməyə təqdim edilən hər hansı müraciət ümidlə yanaşı, dövlətə olan etimadın təzahürüdür

News

2022 Jul

09.07.2022

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev ölkəmizdə məhkəmə-hüquq sahəsində həyata keçirilən islahatlar, Konstitusiya Məhkəməsinin fəaliyyətində insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı mühüm yer tutan vasitələrin tətbiqi, eləcə də məhkəmələrə əlçatanlıq məsələləri ilə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

- Fərhad müəllim, əvvəlcə icazə verin, Sizi və rəhbərlik etdiyiniz kollektivi Konstitusiya Məhkəməsinin yaradılmasının 24-cü ildönümü münasibətilə təbrik edim. Müsahibə üçün şərait yaratdığınıza görə Sizə minnətdarlığımızı bildiririk. Azərbaycanın müstəqillik tarixində ən mühüm hadisələrdən biri sözsüz ki, milli Konstitusiyanın qəbul edilməsidir. Hüquqi və demokratik dövlət quruculuğu prosesində, insan hüquq və azadlıqlarının təmin edilməsində, dövlət-cəmiyyət münasibətlərinin tənzimlənməsində Konstitusiyanın rolunu və əhəmiyyətini necə səciyyələndirərdiniz?

- İlk öncə qeyd etmək istərdim ki, hər bir demokratik dövlətin Əsas Qanunu - Konstitusiyası hüquq sisteminin özəyini, əsasını təşkil edir, cəmiyyətdə siyasi sabitliyin, bəzi hallarda isə milli barışığın qarantı qismində çıxış edir. Konstitusiya ölkədə hər bir şəxs, cəmiyyət və dövlət arasında mühüm ictimai münasibətləri tənzimləyən, siyasi sistemin təşkili prinsiplərini, bütövlükdə dövlətin fəaliyyət və gələcək inkişaf konsepsiyasını və prioritetlərini müəyyənləşdirən ən yüksək hüquqi qüvvəyə malik qanundur.

Konstitusiya hər bir xalqın sabit və davamlı inkişaf yolunu, o cümlədən universal beynəlxalq hüquq normaları əsasında formalaşdıran ali sənəd olmaqla yanaşı, demokratik dəyərlərə, əsas insan hüquq və azadlıqlarına münasibətini özündə ehtiva edir.

Məlum olduğu kimi, zəngin dövlətçilik ənənələrinə malik Azərbaycan xalqı ötən əsrin sonlarına doğru müstəqillik idealına qovuşduqdan sonra dövlətçiliyin mühüm atributu olan milli Konstitusiyanı referendum yolu ilə qəbul etdi. İlk milli Konstitusiyamızın hazırlanması, ölkəmizdə konstitusionalizm ideyalarının inkişafının vektorları müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. Azərbaycan dövləti üçün çətin sınaq illərində məhz Heydər Əliyev Ümummilli Lider kimi ölkə vətəndaşlarını müstəqil dövlətçilik ideyası ətrafında birləşdirməyə, ölkədə hökm sürən qeyri-sabitliyə son qoymağa müvəffəq oldu, dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə edən genişmiqyaslı islahatların reallaşdırılmasına başlanıldı.

Konstitusiyada insan və vətəndaş hüquq və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi kimi təsbit olunması, xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsinin xüsusi vurğulanması şübhəsiz ki, müstəsna əhəmiyyət kəsb edir. Əsas Qanunda, həmçinin ölkənin ərazi bütövlüyünün qorunması, hakimiyyətlərin bölünməsi prinsipinə ciddi riayət olunması, dövlət hakimiyyətinin daxili məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşması, siyasi sistemdə plüralizmə təminat verilməsi kimi əhəmiyyətli ideya və normalar təsbit edilib.

Bir məqama diqqət yetirmək olar ki, Əsas Qanunun mühüm aspektini cəmiyyətdəki bütün münasibətlərin məhz ədalət prinsipləri əsasında qurulması təşkil edir. İctimai və siyasi həyatın tarazlığını saxlayan ədalətdir. Dünyanın istənilən ölkəsində məhkəmənin əsas funksiyası isə məhz ədalətin təmin və bərqərar edilməsidir. Bu gün ədalət mühakiməsi olmadan effektiv fəaliyyət göstərən hüquqi müdafiə mexanizmlərinin mövcudluğunu təsəvvür etmək qeyri-mümkündür.

Qeyd edilməlidir ki, məhkəmə hakimiyyəti öz səlahiyyətlərinə və fəaliyyətinin hüquqi formasına görə dövlət hakimiyyətinin digər qollarından fərqlənir. Məhz məhkəmələrin fəaliyyəti vətəndaşlarda hüquq haqqında təsəvvürün formalaşmasında müstəsna rol oynayır.

- Konstitusiya Məhkəməsi ölkənin Əsas Qanununun müddəalarına dəqiq əməl olunmasında müstəsna rola malikdir. Bu baxımdan Konstitusiya Məhkəməsinin üzərinə düşən vəzifələri və səlahiyyətləri necə yerinə yetirdiyini qısaca şərh etməyinizi istərdik.

- İlk növbədə, onu vurğulamaq lazımdır ki, cəmiyyət inkişaf etdikcə hüquqi müdafiə mexanizmlərinin də təkmilləşdirilməsi zərurəti meydana çıxır. Bu mənada, əsas insan hüquq və azadlıqlarının konstitusiya nəzarəti qaydasında qorunması insanın konstitusiya hüquq və azadlıqlarının müdafiəsinin yeni səviyyəsi kimi qiymətləndirilir.

Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə keçirilmiş 2002-ci il ümumxalq səsverməsi - referendum nəticəsində Əsas Qanuna edilmiş əlavə və dəyişikliklərdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət etmək hüququna malik subyektlərin dairəsi genişlənmişdir. Bu insan hüquq və azadlıqlarının təminatlarının dövlət tərəfindən genişləndirilməsi ölkəmizin demokratikləşmə prosesi çərçivəsində Avropa Şurasının qarşısında könüllü olaraq götürülmüş öhdəliklərin uğurla yerinə yetirilməsinin bir nümunəsi olmuşdur. Bu dəyişikliklərin məntiqi davamı olaraq 2004-cü il yanvarın 8-də “Konstitusiya Məhkəməsi haqqında” yeni Qanunun qüvvəyə minməsi ilə Azərbaycanda ilk dəfə olaraq konstitusiya şikayəti institutunun tətbiqinə başlanılmış, eləcə də Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana) və məhkəmələrə Konstitusiya Məhkəməsinə bilavasitə müraciət etmək imkanı verilmişdir.

Qeyd edilməlidir ki, adıçəkilən qanun layihəsi Avropa Şurası ekspertlərinin iştirakı ilə hazırlanmışdır.

Zənnimcə, qanunvericiliyə edilmiş dəyişikliklər öz növbəsində Konstitusiya Məhkəməsinin fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına səbəb olmuş, insan hüquq və azadlıqlarının müdafiəsi üçün əhəmiyyətli vasitənin əldə edilməsi baxımından mühüm zəmin yaratmışdır.

Ümumiyyətlə, müasir dövrdə insan və vətəndaş hüquq və azadlıqlarının məhkəmə müdafiəsi mexanizmində Konstitusiya Məhkəməsi xüsusi yer tutur. Belə ki, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Konstitusiya Məhkəməsinin əsas məqsədləri Azərbaycan Respublikası Konstitusiyasının aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdir. Mahiyyət etibarilə bu o deməkdir ki, Konstitusiya Məhkəməsinin səlahiyyətlərinin həyata keçirilməsi son nəticədə insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsinə yönəlir.

Ümummilli lider Heydər Əliyev Konstitusiya Məhkəməsinin qarşısında duran mühüm vəzifələr və 2002-ci ildə Konstitusiyaya edilmiş dəyişikliklərlə əlaqədar qeyd etmişdir ki, vətəndaşların öz hüquqlarının müdafiəsi və bərpası üçün daha effektiv mexanizm əldə etməsi ilə yanaşı, Konstitusiya Məhkəməsi insan hüquqları ilə əlaqədar ictimai münasibətlərin tənzimlənməsində daha fəal iştirak etmək imkanı əldə etmişdir.

Konstitusiya müddəalarının aliliyinin və onların təkamülünün təmin edilməsində Konstitusiya Məhkəməsinin mühüm rolunu qeyd edərkən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev vurğulamışdır ki, Konstitusiya Məhkəməsi insan hüquqlarının etibarlı təminatçısına çevrilməklə ölkəmizin hüquq sisteminin inkişafına öz töhfəsini verir, hüquqi tənzimləmə məsələləri üzrə müsbət təcrübə formalaşdırır.

Konstitusiya Məhkəməsi onun üzərinə düşən missiyanı tam məsuliyyətlə dərk edərək, hüquqi dövlətçiliyin inkişafı istiqamətində öz vəzifələrinin yerinə yetirilməsinə daim məsuliyyətlə yanaşmağa çalışıb və əminəm ki, bundan sonra da çalışacaqdır.

- Konstitusiya Məhkəməsinin səlahiyyətlərindən danışarkən qeyd etdiniz ki, bu səlahiyyətlərdən biri konstitusiya şikayətlərinə baxılmasıdır. Ümumiyyətlə, konstitusiya şikayəti institutu hansı prinsiplər əsasında fəaliyyət göstərir?

- Artıq qeyd olunduğu kimi, Konstitusiya Məhkəməsinin əsas səlahiyyətlərindən biri konstitusiya şikayətlərinə baxılmasıdır. Əsas Qanunun 130-cu maddəsinin V hissəsinə əsasən, hər kəs onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından Konstitusiya Məhkəməsinə şikayət verə bilər.

Bilirsiniz, Azərbaycan Respublikası Konstitusiyasının üçdəbir hissəsi bilavasitə insan hüquq və azadlıqlarının təmin olunmasından bəhs edir.

Fikrimcə, Konstitusiya Məhkəməsinə şikayətlə müraciət etmək hüququnun Əsas Qanunda təsbit edilməsi demokratik, hüquqi dövlətin formalaşdırılması prosesində və məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində olduqca mühüm rol oynamaqla, şəxslərin Konstitusiya Məhkəməsinə şikayət vermək hüququna malik olmaları onların hüquq və azadlıqlarının müdafiəsi baxımından əhəmiyyətli vasitənin əldə edilməsi deməkdir.

Qeyd edilməlidir ki, Konstitusiyada və “Konstitusiya Məhkəməsi haqqında” Qanunda “şikayət” terminindən istifadə olunur. Öz növbəsində Konstitusiya Məhkəməsinə verilən şikayətlər mahiyyət etibarilə Əsas Qanunda nəzərdə tutulan hüquqların müdafiəsi ilə bağlı olduğundan təcrübədə “konstitusiya şikayəti” anlayışından istifadə edilir.

Müasir hüquq doktrinasında konstitusiya şikayəti institutu insan hüquqlarının dövlət tərəfindən müdafiəsinin effektiv mexanizmi kimi qəbul edilir, Konstitusiyanın aliliyinin təmin edilməsinin səmərəli vasitələrindən biri kimi çıxış edir.

Qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsi yaradılan dövrdə, konstitusiya şikayəti institutuna o qədər də optimist yanaşmayan, az sayda olsa da, bəzi hüquqşünaslar Konstitusiya Məhkəməsinin insanlar üçün əlçatan olması vacibliyini hiss etmirdilər. Bunlar, əsasən, belə desək, müasir hüququn inkişafında müşahidə edilən yeni tendensiyaları və tələbləri tam təhlil etməyən şəxslər idi. Lakin bu cür subyektiv xarakterli yanaşmanın nə qədər nəzəri və praktiki əsasının olmadığını, ölkəmizin müasir və mütərəqqi inkişafı ilə uzlaşmadığını zaman göstərdi.

Fikrimcə, hər bir məhkəmənin qapıları insanın üzünə daim açıq qalmalıdır. İnsan hüquq və azadlıqlarının müdafiəsi baxımından məhkəmələrə əlçatanlığı təmin etmək olduqca vacibdir. Əlbəttə ki, bu proses yalnız Konstitusiya və qanun çərçivəsində həyata keçirilməlidir. Çünki vətəndaş məhkəmənin simasında onun qanun əsasında hüquqlarını müdafiə edə bilən dövlət hakimiyyəti təsisatını görür. Odur ki, vətəndaş tərəfindən məhkəməyə təqdim edilən hər hansı müraciət ümidlə yanaşı, dövlətə olan etimadın təzahürüdür. Bu etimad, o cümlədən konstitusiya şikayəti vasitəsi ilə də ifadə olunur.

Əminliklə deyə bilərəm ki, ölkəmizdə konstitusiya şikayəti institutunun insan hüquq və azadlıqlarının müdafiəsində nisbətən yeni olmasına baxmayaraq, 20 ilə yaxın bir dövr ərzində tətbiq olunan bu mexanizm faydalı və səmərəli olduğunu sübut etdi. Belə ki, konstitusiya nəzarəti orqanına fərdi qaydada müraciət etmək imkanı insan hüquqlarına Konstitusiya səviyyəsində riayət edilməsinin təminatının vacib vasitələrindən biri kimi qəbul olunur.

Bir məsələyə diqqətinizi yönəldim. Bu gün, istənilən məcəllə və qanunlarımızda aparılan bir sıra mühüm dəyişikliklər, onların qəbul olunması və korreksiyasında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri, qəbul etdiyi qərarlar xüsusi yer tutur. Bu qərarlar həm səlahiyyətli subyektlərin sorğuları, məhkəmələrin müraciətləri, habelə konstitusiya şikayətləri əsasında qəbul edilmişdir.

Məlum olduğu kimi, Konstitusiya Məhkəməsinə şikayətlə müraciət edə bilən subyektlərin dairəsi Konstitusiyada “hər kəs” ifadəsi ilə ehtiva edilmişdir. Odur ki, Konstitusiya Məhkəməsinə şikayətlə müraciət etmək hüququna fiziki şəxslər, yəni, vətəndaşlar, vətəndaşlığı olmayanlar və əcnəbilərlə yanaşı, ictimai təşkilatlar, ictimai fondlar, ictimai birliklər, siyasi partiyalar, həmçinin dini birliklər, o cümlədən digər hüquqi şəxslər də malikdirlər.

Qeyd etmək istərdim ki, müasir dövrdə bütün digər sahələrdə olduğu kimi, məhkəmə-hüquq sistemində həyata keçirilən islahatlar ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi məqsədini daşıyır.

Məhkəmə hakimiyyətinin müstəqilliyinin qarantı olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədilə “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərman imzalayıb. Məhkəmə hakimiyyətinin müasir və mütərəqqi prinsiplərinin inkişaf etdirilməsinin vacibliyini nəzərdə tutan dövlət başçısının Fərmanının əsas məqsədi hüquqi cəmiyyətin möhkəmləndirilməsi və insanların hüquq və azadlıqlarının ədalət mühakiməsi vasitəsilə təmin edilməsinin gücləndirilməsidir.

Fərmanda əks olunmuş yanaşmalar və məhkəmələrin fəaliyyəti üçün müəyyən edilmiş istiqamətlər Konstitusiya Məhkəməsinin işi üçün böyük əhəmiyyət daşıyır və praktiki işində tətbiq edilir. Hesab edirəm ki, Fərmanda məhkəmələrin funksionallığı, insan hüquqlarının qorunması və qanunçuluğun təmin edilməsi sahəsində keyfiyyətcə yeni mərhələyə qədəm qoyulmaqla məhkəmələrin üzərinə düşən vəzifələr daha da gücləndirilib.

Fərmanda, həmçinin məhkəməyə müraciət imkanlarının daha da genişləndirilməli olması nəzərdə tutulmuşdur. Əminəm ki, bu nöqteyi-nəzərdən də məhkəməyə müraciət forması olan konstitusiya şikayəti institutu xüsusi önəm daşıyır.

Fikrimcə, həyata keçirilən bütün islahatlar məhkəmə hakimiyyətinin nüfuzunun artırılmasına yönəldilərək, başlıcası isə cəmiyyətdə məhkəmələrə olan etimadın möhkəmləndirilməsi məqsədini daşıyır. Bundan ötrü təkcə bilikli, savadlı, subyektiv meyillərinə arxalanan hüquqşünas deyil, həm də ədalətli, qərəzsiz, qanunçuluğa riayət edən vicdanlı və obyektiv hakim olmaq gərəkdir.

- Maraq doğuran məsələlərdən biri də konstitusiya şikayətlərinə baxılma qaydasıdır. Bununla bağlı qanunvericilikdə nə kimi kriteriyalar və tələblər mövcuddur?

- Qeyd edim ki, konstitusiya şikayəti məhkəmə müraciətinin spesifik formasıdır. Konstitusiya Məhkəməsinə verilən şikayətlərin xüsusiyyətləri “Konstitusiya Məhkəməsi haqqında” Qanunda müəyyən edilib. Yəni, Konstitusiya Məhkəməsinə şikayət müvafiq tələblərə uyğun olaraq verilir.

Şəxs şikayətlə Konstitusiya Məhkəməsinə müraciət etmək üçün digər mümkün hüquq-müdafiə vasitələrindən mütləq istifadə etməli, bütün instansiyaları keçməlidir. Yalnız bundan sonra həmin şəxs Konstitusiyada təsbit edilmiş əsas hüquqların bərpası ilə bağlı şikayətlə Konstitusiya Məhkəməsinə müraciət edə bilər. Digər tərəfdən, qanunvericiliyin tələbinə əsasən hüquq və azadlıqların pozulması nəticəsində ərizəçiyə ağır və bərpaedilməz zərərin vurulmasının digər məhkəmələr vasitəsilə qarşısının alınması mümkün olmadıqda şikayət bilavasitə Konstitusiya Məhkəməsinə verilə bilər.

Konstitusiya şikayətləri əsasında məhkəmə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılması üzrə Konstitusiya Məhkəməsinin fəaliyyətindən bəhs edərkən xüsusilə nəzərə alınmalıdır ki, bu səlahiyyət Konstitusiya Məhkəməsini üçpilləli məhkəmə sisteminin növbəti instansiyasına qətiyyən çevirmir. Odur ki, Konstitusiya Məhkəməsi məhkəmə aktlarının qanuniliyini yoxlayarkən sırf müstəsna hüquq müdafiə vasitəsi qismində çıxış edir, mülki və ya cinayət işlərinə, kommersiya və ya inzibati mübahisələrə mahiyyəti üzrə baxmır. Bundan əlavə, Konstitusiya Məhkəməsi Plenumunun iclaslarında işin faktiki halları da yoxlanılmır. Faktiki halların təhlili, nəticə etibarilə sübutların qiymətləndirilməsinə gətirib çıxarır, bu isə Konstitusiya Məhkəməsinin səlahiyyətlərindən kənardır.

Məlumat üçün bildirim ki, tətbiq olunmağa başlandığı vaxtdan, yəni, 2004-cü ildən bu günə kimi Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən konstitusiya şikayətləri əsasında cəmi 202 qərar qəbul edilmişdir. Həmin qərarlarda ərizəçilərin Konstitusiyada təsbit edilmiş məhkəməyə müraciət etmək hüququ, mülkiyyət hüquqlarının müdafiəsi, əmək, mənzil, sosial təminat hüquqları və s. mühüm məsələlərə dair hüquq tətbiqetmə baxımından əhəmiyyətli hüquqi mövqelər formalaşdırılıb.

Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri Konstitusiyanın əsasları, onun aliliyi və birbaşa hüquqi qüvvəsi, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq aktlar nəzərə alınmaqla formalaşır. Konstitusiya Məhkəməsinin qərarlarında xüsusilə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnda geniş tətbiq edilən hüquqi müəyyənlik, mütənasiblik və tarazlıq kimi prinsiplər geniş şəkildə öz əksini tapıb.

Xüsusi olaraq qeyd etməliyəm ki, Konstitusiya Məhkəməsi Plenumunun qərarının həm təsviri-əsaslandırıcı hissəsi, həm də nəticəvi hissəsində əks olunan hüquqi mövqelər oxşar hüquqi mübahisələrə şamil olunmaqla bütün hüquq tətbiqedici orqanların fəaliyyətini düzgün və birmənalı istiqamətləndirir.

Onu da bildirim ki, 2002-ci ilə qədər hər bir fiziki və hüquqi şəxs Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu vasitəsilə müraciət etmək hüququna malik idi. Lakin vətəndaşların Konstitusiya Məhkəməsinə əlçatanlığı nöqteyi-nəzərdən həmin təcrübənin qeyri-effektiv və səmərəsiz olduğunu zaman göstərdi. Odur ki, hər bir şəxsin konstitusiya nəzarəti orqanına birbaşa müraciət etmək hüququnun təmin olunması tam məntiqli və əsaslandırılmış bir qərar idi.

Yeri gəlmişkən qeyd edilməlidir ki, təcrübədə konstitusiya şikayəti institutu effektiv hüquqi vasitə kimi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə verilən şikayətlərə münasibətdə bir növ filtr rolunu oynayır. Strasburq Məhkəməsinin statistikası onu göstərir ki, effektiv konstitusiya şikayəti mexanizminin mövcudluğu nəzərdə tutulan dövlətlərdən daxil olan şikayətlərin sayının (əhalinin sayına proporsional olaraq) azalmasına əhəmiyyətli təsir edir.

Məlum olduğu kimi, aparılmış son islahatlar nəticəsində 2022-ci il fevralın 1-dən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etmək üçün nəzərə tutulan altı aylıq müddət dörd aya endirilmişdir. Bu müddət iş üzrə ölkədaxili yekun məhkəmə qərarı qəbul edildiyi andan hesablanır. Qeyd olunan dəyişiklik “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 15 nömrəli Protokolunda nəzərdə tutulur.

Şübhəsiz ki, Strasburq Məhkəməsinə müraciət etmə müddətinin dörd aya endirilməsi, bir tərəfdən də şəxslərə konstitusiya nəzarəti orqanına müraciət etmək üçün əlavə faktor rolunu oynayır. Bununla da hüquq və azadlıqların ölkədaxili müdafiə vasitələri ilə qorunmasına daha geniş imkan yaranır.

- Növbəti sualımız konstitusiya şikayətlərinin statistikası və mahiyyəti ilə bağlıdır. Konstitusiya Məhkəməsinə orta hesabla nə qədər şikayət daxil olur? Şikayətlərdə qaldırılan məsələlər əsasən hansı sahələrlə bağlıdır? Bu məsələ ilə bağlı digər ölkələrin təcrübəsi barədə nə deyə bilərsiniz?

- Konstitusiya Məhkəməsinə hər il orta hesabla 2000-dən çox şikayət daxil olur. Lakin onların əksəriyyəti müvafiq orqanlara aidiyyəti üzrə baxılması üçün göndərilir.

Konstitusiya Məhkəməsinin Palatalarına öyrənilməsi üçün isə 500-ə yaxın şikayət göndərilir. Yoxlanılma nəticəsində şikayətlərin az bir hissəsi Plenumun müzakirəsinə çıxarılır.

Xüsusilə qeyd etməliyəm ki, konstitusiya şikayəti əsasında hər hansı bir işin Plenumun icraatına qəbul edilməsi üçün şəxsin Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarının pozulması əsas meyar kimi çıxış edir. Məhz bu səbəbdən digər ölkələrlə müqayisədə Plenum tərəfindən az sayda şikayətlərə baxılması bir çox hallarda vətəndaşların narazılığına səbəb olur. Lakin Konstitusiya Məhkəməsi olaraq biz şikayətləri Plenumun icraatına qəbul edilməyən hər bir şəxsə izah edirik ki, konstitusiya nəzarəti orqanı məhkəmə instansiyası deyil və artıq qeyd etdiyim kimi, onun faktiki halları araşdırmaq səlahiyyəti qanunvericiliklə nəzərdə tutulmayıb.

Qaldırılan məsələlərə gəlincə, qeyd etməliyəm ki, şikayətlərdə əsasən sosial təminat hüququ, məhkəmə müdafiəsi hüququ, mülkiyyət hüququ ilə bağlı məsələlər üstünlük təşkil edir.

Konstitusiya şikayəti institutundan bəhs edərkən bu sahədə mövcud olan xarici təcrübə xüsusi maraq doğurur. Qeyd edilməlidir ki, Konstitusiya məhkəmələrinə şikayət təqdim etmək hüququ bir çox ölkələrin qanunvericiliyində nəzərdə tutulmuşdur və getdikcə bu ölkələrin sayı çoxalır. Məsələn, Türkiyə Respublikasında 2010-cu ildə Əsas Qanuna edilən dəyişikliklərdən sonra fərdi şikayət institutu 2012-ci ildən etibarən tətbiq olunmağa başlanıb. Bu günə kimi fərdi şikayətlər əsasında Türkiyə Respublikası Konstitusiya Məhkəməsi tərəfindən 10 min 160 qərar qəbul edilib.

Qazaxıstan Respublikasında isə cari il iyunun 5-də Əsas Qanuna əlavə və dəyişikliklərin edilməsi ilə bağlı referendum keçirilib. Bu əlavə və dəyişikliklərin edilməsi ilə konstitusiya nəzarəti institutunun modernləşdirilməsi, Konstitusiya Şurasının Konstitusiya Məhkəməsi ilə əvəzlənməsi, həmçinin Məhkəməyə müraciət edə biləcək subyektlərin dairəsinin genişləndirilməsi, o cümlədən vətəndaşların müraciət etmək imkanı nəzərdə tutulub.

Bir çox ölkələrin təcrübəsi onu göstərir ki, təsirli və effektiv konstitusiya şikayəti institutu tətbiq edilmədən Konstitusiyanın aliliyini və ölkədə konstitusionalizmin sistemli şəkildə inkişafını təmin etmək çox çətindir.

- Fərhad müəllim, sonda hər birimiz üçün qürurverici olan mövzuya toxunmaq istərdik. Rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazandığı şanlı Qələbə sayəsində əzəli torpaqlarımız otuz ilə yaxın davam edən işğaldan azad edildi. Bu Zəfər sayəsində Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad edilmiş torpaqlarımızda bərpa olundu, vətəndaşların konstitusiya hüquqlarının bərpası təmin edildi. Bu barədə fikirlərinizi eşitmək maraqlı olardı.

- Bu gün Azərbaycan çoxəsrlik tarixinin ən parlaq və qüdrətli dövrünü yaşayır desək, yanılmarıq. Doğrudan da, qalib ölkənin vətəndaşı olmaq hamımız üçün qürurvericidir. 44 günlük Vətən müharibəsində qalibiyyət Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən müdrik daxili və xarici siyasəti, Ordumuzun şücaəti və xalqımızın sarsılmaz milli birliyi sayəsində mümkün olmuşdur. Bu müharibə göstərdi ki, xalqımız nə qədər qüdrətli, mətin və torpağını sevən bir xalqdır.

Aparılan hərbi əməliyyatlarda Azərbaycan Ordusu tarixi qələbələr qazandı. Ordumuz yüksək döyüş qabiliyyətini və böyük ruh yüksəkliyini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan əsgəri öz dövlətinin ərazi bütövlüyünü, xalqının azadlığını və müstəqilliyini cəsarətlə və şərəflə qorudu. Müzəffər Azərbaycan Ordusu 44 günlük savaş ərzində müasir hərb texnologiyalarının ən son yeniliklərini bütün dünyaya göstərdi. Azərbaycan Ordusu və əsgəri dünyada hərbi əməliyyatların planlaşdırılmasının və həyata keçirilməsinin yeni texnologiyalara əsaslanan praktik nümunəsini sərgilədi.

Bir çox hərbi ekspertlərin də qeyd etdiyi kimi, bütövlükdə 44 günlük Vətən müharibəsi, xüsusilə Şuşanın azad edilməsi dünya hərb tarixində xüsusi yer tutacaq. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev çıxışında Şuşa əməliyyatı barəsində bunları söyləmişdir: “Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi, Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaqdır. Çünki bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək icra ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı Qələbəmizdir”.

Əminliklə deyə bilərik ki, Vətən müharibəsində qalibiyyət, işğal edilmiş torpaqlarımızın azad edilməsi, yüz minlərlə məcburi köçkünün doğma yurdlarına qayıtması imkanının yaradılması müstəqillik tariximizin ən böyük nailiyyəti oldu.

Şübhəsiz ki, qazanılan parlaq Qələbə ölkədə və regionda yeni hüquqi reallıqların yaranması ilə nəticələndi. Otuz ilə yaxın müddət ərzində işğal altında qalmış torpaqlarımızda da Əsas Qanunun hüquqi qüvvəsinin təmin edilməsi ilə demokratik hüquqi dövlət quruculuğunun inkişafında yeni dövr başladı.

Onu da qeyd etməliyəm ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz növbəsində ali konstitusiya ədalət mühakiməsi orqanı olaraq səlahiyyətləri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi demokratik, hüquqi dövlət quruculuğu prosesində hər bir təşəbbüsə dəstək olmağa daim hazırdır.

- Maraqlı söhbətə görə təşəkkür edirik.

https://azertag.az/xeber/2210243