28.01.2022
Fərhad Abdullayevin sədrliyi ilə
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası
keçirilib.
İclasda Bakı Apellyasiya
Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin
109-1.1-ci maddəsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 110.1-ci və
110.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə
baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş
üzrə hakim S.Salmanovanın məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin -
Bakı Apellyasiya Məhkəməsinin hakimi İ.Şirinovun və Milli Məclis Aparatının
şöbə müdiri M.Bazıqovun, mütəxəssislər Ali Məhkəmənin Mülki Kollegiyasının
sədri S.Hacıyevin, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis
müavini S.Musayevanın mülahizələrini, Bakı Dövlət Universitetinin hüquq
fakültəsinin mülki hüquq kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru
S.Süleymanlının, mülki proses və kommersiya hüququ kafedrasının dosenti, hüquq
üzrə fəlsəfə doktoru A.Mirzəyevanın rəylərini və işin materiallarını araşdırıb
müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Azərbaycan
Respublikası Konstitusiyasının 58-ci maddəsinə, Azərbaycan Respublikası Mülki
Məcəlləsinin 109-4.1.1-ci və 112.1-ci maddələrinə uyğun olaraq, kooperativ
üzvlərinin könüllülük prinsipi əsasında qanunvericilikdə nəzərdə tutulmuş
qaydada kooperativə daxil olmaq və kooperativdən çıxmaq hüququ vardır.
Azərbaycan Respublikası Mülki
Məcəlləsinin 109-1.1-ci maddəsinin "kooperativ beşdən az olmayan fiziki və
(və ya) hüquqi şəxslər tərəfindən yaradılır” və Azərbaycan Respublikası Mənzil
Məcəlləsinin 110.1-ci maddəsinin “mənzil-tikinti kooperativinin üzvlərinin sayı
beşdən az ola bilməz” müddəaları təşkilati-hüquqi formasına görə kooperativin
yaradılmasına və fəaliyyət göstərməsinə yönələn ümumi tələbdir. Beşdən az üzvü
olan hüquqi şəxs mənzil-tikinti kooperativi formasında yaradıla və ya
fəaliyyətini davam etdirə bilməz.
Azərbaycan Respublikası Mülki
Məcəlləsinin 111.3.3-cü maddəsinə müvafiq olaraq, kooperativ üzvlərini qəbul
etmək və çıxarmaq kooperativ üzvlərinin ümumi yığıncağının müstəsna
səlahiyyətinə aiddir və bu səlahiyyət kooperativ üzvünün könüllü iradəsi olduğu
təqdirdə onun çıxarılmasını da ehtiva edir.
Kooperativin yaradılması zamanı
qarşıya qoyulan məqsədə nail olunmuşsa, Azərbaycan Respublikası Mənzil
Məcəlləsinin 109.5-ci maddəsinin tələbinə görə, kooperativin qanunla müəyyən
olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə
çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı
haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir.
Qərar dərc edildiyi gündən qüvvəyə
minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə,
yaxud rəsmi təfsir edilə bilməz.