Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasından 23 il keçir

News

2021 Jul

13.07.2021


“Hazırda biz Konstitusiya Məhkəməsinin simasında milli dövlətçiliyimizi, Konstitusiyaya əsaslanan hüquq qaydasını, ən əsası isə insan və vətəndaş hüquq və azadlıqlarını həqiqətən müdafiə edən mötəbər təsisata malikik. Öz səmərəli fəaliyyəti nəticəsində Konstitusiya Məhkəməsi həm ölkəmizdə, həm də beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır”.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev

 “Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi səmərəli hüquqi təsisat kimi formalaşmış, dövlət hakimiyyəti sistemində özünəməxsus yer tutmuşdur. Konstitusiya Məhkəməsi insan hüquqlarına dair müasir ideyaların, xüsusilə də İnsan hüquqları üzrə Avropa Konvensiyasında təsbit olunmuş prinsiplərin milli hüquqa tətbiqində, ölkəmizin Avropa hüquq məkanına inteqrasiyasında əhəmiyyətli rol oynayır, qəbul etdiyi qərarlarla hüquq sisteminin inkişafına və hüquq mədəniyyətinin artırılmasına təsir göstərir, bütövlükdə dövlətin hüquqi əsaslarının gücləndirilməsində fəal iştirak edir”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

14 iyul - Azərbaycan Respublikasında ali konstitusiya ədalət mühakiməsi orqanının – Konstitusiya Məhkəməsinin fəaliyyətə başlamasının növbəti ildönümü tamam olur. Ölkəmizdə tam yeni dövlət institutu olan konstitusiya nəzarəti orqanının yaradılması müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin adı ilə birbaşa bağlıdır.

Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycan Respublikasının siyasi rəhbərliyinə qayıdışından sonra ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu siyasətinin gerçəkləşdirilməsinə başlanılıb, bu siyasətin mühüm tərkib hissəsi kimi hüquqi islahatlar aparılmış, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması, təkmil qanunvericilik bazasının yaradılması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilib.

İctimai münasibətlər sisteminin müasir dəyərlərə uyğun təşkilini tələb edən bu mürəkkəb proses çərçivəsində ən əhəmiyyətli hadisə ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi olub. Yeni Konstitusiya ölkəmizin dayanıqlı inkişafının əsas prioritetlərini müəyyənləşdirməklə yanaşı, siyasi, hüquqi, eləcə də sosial-iqtisadi sahələrdə ciddi islahatların aparılmasına, milli səviyyədə bir çox fundamental problemlərin həllinə imkan yaradıb.

Məlum olduğu kimi, Konstitusiya hər bir ölkənin əsas qanunu olmaqla qanunvericilik sistemində xüsusi yer tutur, dövlətin və cəmiyyətin inkişafının strateji məqsəd və vəzifələrini, dövlət quruluşunu müəyyənləşdirir, insan, cəmiyyət və dövlət arasında münasibətləri tənzimləyən əsasları təsbit edir. Hüquqi və siyasi sistemin təməlini əks etdirən Konstitusiyanın ən yüksək və ali hüquqi qüvvəyə malik normaları bütün hüquqi tənzimetmə sisteminin əsasında durur, onların qəbulu, xüsusən də oradakı müddəaların reallaşdırılması ictimai münasibətlərin inkişafında sabitlik və müəyyənlik amili qismində çıxış edir.

Qeyd edilməlidir ki, Əsas Qanunun qəbulundan sonra konstitusionalizm prinsipləri dövlətimizin üzləşdiyi çətinliklərə baxmayaraq dönmədən inkişaf edirdi. Respublikamızın ərazilərinin Ermənistan tərəfindən işğal olunmuş bir hissəsi isə konstitusiya-hüquq inkişafından təcrid edilmişdi.

Məlum olduğu kimi, otuz ilə yaxın davam etmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi səbəbi ilə öz doğma torpaqlarından didərgin düşən vətəndaşlarımızın konstitusiya hüquqları davamlı olaraq pozulub. Keçən illər ərzində əldə edilən bütün uğurlara rəğmən Azərbaycan dövlətinin və xalqının əsas problemi olan ərazi bütövlüyünün bərpası uğrunda aparılan danışıqlar Ermənistanın qeyri-konstruktiv yanaşması, müəyyən ölkələrin subyektiv mövqeləri və bəzi beynəlxalq təşkilatların fəaliyyətsizliyi səbəbindən nəticəsiz qalıb.

Buna baxmayaraq, dövlətimizin başçısı İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət nəticəsində Ermənistan-Azərbaycan münaqişəsinin reallığı davamlı şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. Bütün beynəlxalq hüquq normaları Azərbaycanın ərazi bütövlüyünü təsdiqləsə də, işğalçı Ermənistan dəfələrlə təxribat xarakterli əməliyyatlarla yeni ərazilər zəbt etmək istəyini həyata keçirirdi.

Uzun illərdir Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan Respublikası silahlı qüvvələrinin 2020-ci ildə ölkəmizə qarşı genişmiqyaslı hərbi təxribatlara başlaması dövlətimizin və xalqımızın Vətən uğrunda mübarizəyə qalxmasını zəruri etdi və Qarabağ savaşının yeni həlledici mərhələsi başlandı.

Məlum olduğu kimi, sentyabrın 27-də Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq ordumuzun cəbhə zonasında yerləşən mövqelərini və dinc insanların yaşadığı bir sıra məntəqələri qəsdən və hədəflənmiş şəkildə intensiv atəşə tutub. Lakin bu hücum Azərbaycanı ölkəmizin Konstitusiyası və beynəlxalq hüquq normalarına uyğun olaraq özünümüdafiə hüququndan istifadə edərək Ermənistanı sülhə məcbur etmək, onun təxribatlarının, hərbi avantüralarının və Azərbaycana qarşı işğalçı siyasətinin qarşısını almaq məqsədilə əks-hücum əməliyyatı həyata keçirmək vəzifəsi ilə üz-üzə qoydu. 44 gün davam edən hərbi əməliyyat Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusunun zəfər yürüşü kimi şanlı tariximizə yazıldı.

Azərbaycan Ordusunun hərbi uğurları müharibənin nəticəsini müəyyənləşdirdi və Vətən müharibəsi Azərbaycanın tam qələbəsi ilə başa çatdı. Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən Qələbəni təsdiqləyən tarixi Bəyanat imzalandı.

Uğurla aparılmış əks-hücum əməliyyatları nəticəsində Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın Şanlı Ordusu əzəli torpaqlarımızı zəbt edən düşmənə sarsıdıcı zərbələr endirərək 30 illik işğala son qoydu və ölkəmizin ərazi bütövlüyünü bərpa etdi.

Bildiyimiz kimi, cəbhədə məğlubiyyətə düçar olan Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüquq normalarını kobudcasına pozaraq dinc sakinləri və mülki infrastrukturu hədəf alıb. Düşmənin silahlı qüvvələrinin çirkin əməlləri və Azərbaycan xalqına qarşı törətdikləri növbəti dəhşətli və insanlıqdan uzaq cinayətin nəticəsində 94 dinc sakin həlak olub, 400-dən artıq mülki şəxs yaralanmış və mülki infrastruktura çox sayda ziyan vurulub.

Erməni silahlı qüvvələrinin törətdiyi hərbi cinayətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün Konstitusiya Məhkəməsi də daxil olmaqla bütün dövlət orqanları öz səlahiyyətləri çərçivəsində işlər aparıblar.

Belə ki, Gəncə şəhərində Ermənistan tərəfindən törədilən hərbi cinayətlə bağlı Məhkəməmiz bütün dünya ölkələrinin Konstitusiya ədalət mühakiməsi orqanlarına müraciət edərək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ölkəmizin beynəlxalq səviyyədə tanınmış dövlət sərhədləri daxilində ərazi bütövlüyünü bərpa etmək, işğal olunmuş Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayonu düşməndən azad etmək məqsədilə Azərbaycan ərazisində keçirdiyi uğurlu əməliyyatlara cavab olaraq Ermənistan silahlı qüvvələrinin beynəlxalq və humanitar hüququ pozaraq dinc sakinlərə istifadəsi qadağan olunmuş raketlərlə zərbələr endirməsini diqqətə çatdırıb. Həmçinin qeyd edilib ki, Azərbaycanın Gəncə, Mingəçevir, Tərtər, Bərdə, Ağcabədi və digər şəhər və yaşayış məntəqələrində yerləşən mülki obyektlər və yaşayış binaları Ermənistan ərazisindən raket atəşinə məruz qalıb. Dəymiş ziyan və həlak olanlarla bağlı məlumatlar qeyd edilərək, bu faktlar Ermənistanın hərbi-siyasi rəhbərliyinin mülki əhaliyə qarşı apardığı terror və faşist siyasətinin növbəti təzahürü kimi qiymətləndirilib.

Bundan əlavə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi bəyanatla çıxış edərək Konstitusiya Ədalət Mühakiməsi üzrə Dünya Konfransı, Avropa Konstitusiya Məhkəmələrinin Konfransı, habelə Asiya Konstitusiya Məhkəmələri və Ekvivalent İnstitutlar Assosiasiyası təşkilatları çərçivəsində Vətən müharibəsində ölkəmizin beynəlxalq hüquq normalarına əsaslanan haqlı mövqeyini dünyanın bütün Konstitusiya məhkəmələrinin diqqətinə çatdırıb.

Müharibənin parlaq qələbəmizlə bitməsindən yarım ildən artıq vaxt keçməyinə baxmayaraq, doğma torpaqlarından Ermənistan silahlı qüvvələri tərəfindən zorla qovulan Azərbaycan vətəndaşlarının geri qayıtmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının azad edilmiş əraziləri erməni silahlı birləşmələri tərəfindən minalandığından dinc şəraitdə mülki şəxslər həlak olmağa davam edir.

İşğaldan azad olunmuş ərazilərdə çəkiliş edərək xidməti vəzifələrini yerinə yetirən Azərbaycan Televiziyasının və Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) əməkdaşlarının cari il iyunun 4-də Azərbaycanın Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində minanın partlaması nəticəsində həlak olmaları ilə bağlı Konstitusiya Məhkəməsi konstitusiya ədalət mühakiməsi orqanlarına bəyanatla müraciət edib. Müraciətdə diqqətə çatdırılıb ki, minalanmış ərazilərin xəritələrinin təqdim edilməsi ilə bağlı Azərbaycan tərəfinin çoxsaylı çağırışlarına baxmayaraq, Ermənistan rəhbərliyi bütün beynəlxalq hüquq müqavilələrinin tələblərini kobud şəkildə pozaraq bundan imtina edir.

Bununla belə, bu il iyunun 12-də Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanın basdırıldığı yerləri özündə əks etdirən xəritələrin, iyulun 3-də isə Füzuli və Zəngilan rayonları üzrə tank və piyada əleyhinə təqribən 92 min minaya dair xəritələrin Ermənistanın Azərbaycan tərəfinə təqdim etməsi müqabilində saxlanılan 30 nəfər hərbi qulluqçunun Ermənistana təhvil verilməsi Prezident İlham Əliyevin qətiyyətli iradəsinin məntiqi nəticəsi və daha bir parlaq diplomatik qələbəsidir. Mina xəritələrinin əldə edilməsi vətəndaşlarımızın, o cümlədən minatəmizləyənlərin həyatını və sağlamlığını xilas etməklə yanaşı, məcburi köçkünlərin qayıdışı prosesini də sürətləndirəcək.

Həmçinin qeyd etmək lazımdır ki, Azərbaycanın rəşadətli Ordusunun öz ərazi bütövlüyünü bərpa etməsi uğrunda apardığı əməliyyatların başlanğıcından qardaş Türkiyə daim öz mənəvi dəstəyini əsirgəməyib. Vətən müharibəsi zamanı Türkiyənin Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslan dəfələrlə əlaqə yaradaraq Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatını pisləyib, Türkiyə Konstitusiya Məhkəməsinin kollektivi adından qardaş Azərbaycanın Vətən uğrunda şəhid olmuş əsgərlərinin, dinc əhalinin erməni işğalçıları tərəfindən qətlə yetirilməsindən kədərləndiyini bildirərək xalqımıza dərin hüznlə başsağlığı vermiş və bir daha Türkiyənin daim Azərbaycan xalqının yanında olduğunu vurğulayıb.

Bu mənəvi dəstəyin davamı olaraq cari il iyunun 15-də ölkəmizin mədəniyyət paytaxtında - Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamənin imzalanması, sözsüz ki, tarixi hadisə kimi yaddaşlarımıza həkk olundu.

Bu tarixi sənəd iki qardaş ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinin, eləcə də ortaq maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin məntiqi nəticəsi olaraq ölkələrimizin regional və beynəlxalq rolunu, çəkisini daha da artıracaq. Şuşa Bəyannaməsi müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafeləri müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir.

Vətən müharibəsindən danışarkən, xüsusilə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edildikdən dərhal sonra Azərbaycan xalqına Azad Şuşa haqqında bəyanatını çatdırmaqla bərabər, həm də həmin tarixi gündə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Fəxri xiyabandakı məzarını ziyarət edərək “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim” sözlərini səsləndirməsi Vətən müharibəsi hadisələrinin kulminasiya nöqtəsi kimi tarixə düşdü. Bu, Qalib Ali Baş Komandanın tarixi Qələbənin böyük təməllərini qoymuş Ümummilli Lider qarşısında ibrətamiz hesabatı kimi mühüm tarixi hadisəyə çevrilib.

Onu da vurğulamaq lazımdır ki, ordu quruculuğunun yüksək səviyyədə həyata keçirilməsi, hərbi sahənin inkişafı və hərbi qulluqçuların peşəkarlığının artırılması, ordunun müasir texnika ilə təminatı Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin nəticəsidir. Respublikamızda hər zaman hərbçilərə, şəhid ailələrinə, qazilərə dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilir.

Ötən il dekabrın 8-də Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondunun yaradılması ilə bağlı Fərman imzalayıb. Vurğulanmalıdır ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və tapşırığı ilə həyata keçirilən sosial dəstək və yardım aksiyaları, şəhid və qazi ailələrinə xüsusi həssaslıq və qayğı ilə yanaşılması xalqımız tərəfindən daim rəğbət və sevgi ilə qarşılanır.

Vətən müharibəsində qazanılmış Şanlı Qələbə nəticəsində, həmçinin Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad olunmuş torpaqlarımızda bərpa edilib. İşğal altındakı torpaqlarımızın azad olunması həm də vətəndaşların konstitusiya hüquqlarının bərpasını təmin etdi.

Bununla belə, bu və ya digər ölkənin demokratik və hüquqi inkişafı üçün Konstitusiyanın qəbul edilməsi ilə yanaşı, onun aliliyinin təmin olunması, cəmiyyətdəki hüquqi əlaqələrin konstitusiya prinsipləri çərçivəsindən kənara çıxmaması üçün konstitusiya nəzarəti institutunun mövcudluğu zəruridir.

Azərbaycan Respublikası Konstitusiyasının müddəalarından irəli gələn prinsiplərin aliliyinin təmin olunmasına və cari qanunvericilikdə mövcud ziddiyyətlərin aradan qaldırılmasına yönəlmiş fəaliyyəti artıq 23 ildir həyata keçirən Konstitusiya Məhkəməsi öz səlahiyyətlərini müvafiq subyektlərdən daxil olan sorğular, müraciətlər və şikayətlər əsasında konstitusiya icraatı qaydasında həyata keçirir.

Ümumiyyətlə, müasir dövrdə konstitusiya ədalət mühakiməsi orqanının mühüm vəzifələrindən biri də Konstitusiyanın mütəmadi olaraq inkişaf etdirilməsi, ona dinamizm qazandırılmasıdır. Bu yanaşma isə ilk növbədə, belə bir zərurətdən irəli gəlir ki, dövlətin Əsas Qanunu bir tərəfdən siyasi sabitliyin təminatçısı kimi qəbul edilir, digər tərəfdən isə o, cəmiyyətin konkret hədəflərə yönəlmiş inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə öz töhfəsini verir. Bu mənada Konstitusiyanın aliliyinin təmin olunması ictimai münasibətlərdə sabitliyin mühüm amili kimi çıxış edir. Bütövlükdə konstitusiya hüququnun inkişafına xidmət edən bu vəzifənin icra olunmasında Konstitusiya Məhkəməsinin üzərinə mühüm hüquqi vəzifələr düşür.

Qeyd etmək lazımdır ki, Konstitusiyanın müddəalarına əsaslanan “Konstitusiya Məhkəməsi haqqında” Qanun Əsas Qanunun aliliyinin təmin olunmasını Konstitusiya Məhkəməsinin əsas məqsədi kimi təsbit edib. Konstitusiya Məhkəməsi bu məqsədləri həyata keçirərkən dövlət hakimiyyətinin digər qolları ilə qarşılıqlı fəaliyyət göstərir, qəbul etdiyi qərarlarla milli hüquq sisteminə öz töhfəsini verir. Konstitusiya Məhkəməsi qanunvericiliyin ona verdiyi səlahiyyətlər çərçivəsində fəaliyyət göstərərək konstitusiya ədalət mühakiməsi vasitəsilə qanunvericiliyin təkmilləşdirilməsi, vahid məhkəmə-hüquq təcrübəsinin formalaşdırılması, habelə hüquq elminin inkişafı prosesində iştirak edir.

Fəaliyyəti müddətində Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş qərarlarda Konstitusiyanın əsasları, onun aliliyi və birbaşa qüvvəsi, respublikamızın tərəfdar çıxdığı beynəlxalq hüquq müqavilələrinin müddəaları, habelə insan hüquqlarının və azadlıqlarının prioriteti prinsipi nəzərə alınmaqla mühüm hüquqi mövqelər formalaşdırılıb.

Ötən 23 il ərzində Məhkəmənin Plenumu tərəfindən ümumilikdə 468 qərar və 129 qərardad qəbul edib. Bu qərarların böyük hissəsi birbaşa və ya dolayı yol ilə Konstitusiyada təsbit edilmiş insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı olub.

Konstitusiya Məhkəməsi keçən fəaliyyət ilində pozulmuş hüquqların bərpasına yönələn bir sıra mühüm qərarlar qəbul etmiş, daxil olan sorğu və müraciətlər əsasında qanunların düzgün anlamı və tətbiqinə dair rəsmi şərhlər və izahlar verib, yeni qanunvericilik normalarının qəbul olunması, yaxud mövcud qanunlara düzəliş və əlavələr olunması ilə bağlı Azərbaycan Respublikasının Milli Məclisinə müvafiq tövsiyələr edib.

Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun Sumqayıt Apellyasiya Məhkəməsinin müraciəti əsasında qəbul etdiyi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2020-ci il 24 sentyabr tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.2-ci maddəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 53, 149 və 152-ci maddələri əlaqəli şəkildə şərh edilib.

Müraciətedən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin və mülki prosessual qanunvericilikdə nəzərdə tutulan iddianın dəyişdirilməsinə dair normaların Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən şərhinə ehtiyac yarandığı qənaətinə gəlib. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndində yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsinə dair məhkəmə qətnaməsi şəxsin qeydiyyatdan çıxarılması üçün əsaslardan biri kimi müəyyən edilib. Müraciətedənin qənaətinə görə, “istifadə hüququnun yaranmaması” dəlili üzrə də qeydiyyatdan çıxarılma üçün, istifadə hüququnun xitamı qaydası tətbiq edilməlidir.

Müraciətedən, həmçinin hesab edib ki, şəxsin yaşayış yeri üzrə qeydiyyatda olması onun həmin mənzilə köçürülməsini tələb etmək hüququnu qaçılmaz edir. Bu zaman mənzildən istifadə hüququnun olmamasının müəyyən edilməsi üzrə qəbul edilmiş qətnamələr yaşayış sahəsindən çıxarılma üçün əsas ola bilməz. Bu halda da qeydiyyatdan çıxarılma üçün şəxsin mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə olmalıdır.

Müraciətdə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda qeydiyyat və istifadə hüquqları anlayışlarının fərqləndirilməsinin bir sıra hallarda məhkəməyə müraciət etmiş şəxslərin Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin təsiri altına düşməyən, eləcə də həmin Məcəllənin 149-cu maddəsi ilə uzlaşmayan, yanlış iddiaların qaldırılmasına səbəb olduğu qeyd edilir. Belə ki, Mülki Prosessual Məcəllənin 53-cü maddəsini tətbiq edərkən iddianın elementlərinin dəyişdirilməsi iddiaçının hüququ olduğundan və məhkəmə onun bu hüququnun həyata keçirilməsinin qarşısını ala bilmədiyindən əvvəlki iddia tələbləri həmin maddənin tələblərinə uyğun olmayan şəkildə yeni iddia ilə əvəzləşdirilir.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələlərlə bağlı belə qərara gəlib ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

Konstitusiya Məhkəməsi Plenumunun Sumqayıt Apellyasiya Məhkəməsinin müraciəti əsasında qəbul etdiyi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 8 yanvar tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü, 1194-cü və 1200-cü maddələri şərh edilib.

Müraciətdə göstərilib ki, Mülki Məcəllənin 1200-cü maddəsinə əsasən, miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır.

Sumqayıt Apellyasiya Məhkəməsi məhkəmə təcrübəsində bu cür işlərlə bağlı fikir ayrılığının mövcudluğunu nəzərə alaraq müvafiq normaların Konstitusiya Məhkəməsi tərəfindən şərh edilməsinin zəruriliyi qənaətinə gəlmişdir. Müraciətedən hesab edib ki, məsələyə dair hüquq tətbiqetmə təcrübəsində müxtəlif yanaşmaların olması məcburi pay tələb etmək hüququ olan şəxslərin öz hüquq və qanunla qorunan mənafelərini realizə etməsində çətinliklər yaradır.

Müraciətdə qaldırılan məsələlərlə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki, Mülki Məcəllənin 1159.1.1-ci və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir.

Mülki Məcəllənin 667.1-ci və 1200-cü maddələrinin məzmununa əsasən, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (məcburi pay hüququ olan vərəsələr) vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər.

Qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi fərdi şikayətlər əsasında qəbul olunan qərarlarda da ərizəçilərin hüquq və azadlıqların məhkəmə müdafiəsi, bərabərlik, mülkiyyət, əmək, mənzil və digər hüquqları ilə bağlı hüquqi mövqelər formalaşdırır, qanunvericiliyi şərh edir.

Belə ki, F.Məcnunbəyovanın şikayəti üzrə qəbul olunmuş 2021-ci il 6 aprel tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu qeyd edib ki, Ailə Məcəlləsinin 8-ci maddəsinə əsasən, pozulmuş hüquqların müdafiəsi üçün bu Məcəllədə müəyyən edilmiş müddətlər istisna olmaqla, ailə münasibətlərindən irəli gələn tələblərə iddia müddəti şamil olunmur. İddia müddətini müəyyən edən normaların tətbiqi zamanı məhkəmə Mülki Məcəllədə nəzərdə tutulmuş qaydaları rəhbər tutur.

Yəni, qanunverici Ailə Məcəlləsinin 36.9-cu maddəsində nəzərdə tutulan ümumi əmlakın bölünməsi haqqında tələblərə üçillik iddia müddətini tətbiq edərkən, bu müddətin tətbiqi ilə bağlı məsələlərdə Mülki Məcəllənin qaydalarının rəhbər tutulmalı olduğunu müəyyən edib.

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) sorğusu əsasında qəbul olunmuş “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.3-cü və 85.4-cü maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin V hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2021-ci il 23 aprel tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.3-cü və 85.4-cü maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin I hissəsinə, 17-ci maddəsinin IV və V hissələrinə, 26-cı maddəsinin II hissəsinə, 71-ci maddəsinin I və II hissələrinə, 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunu yoxlayıb.

Sorğuda göstərilib ki, Cinayət Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Cinayətin subyekti olan yetkinlik yaşına çatmayanlara təyin edilə bilən cəza növlərindən biri ictimai işlərdir. Cinayət Məcəlləsinin 85.3-cü maddəsinin tələbinə görə, ictimai işlər səksən saatdan üç yüz iyirmi saatadək müddətə təyin olunur və yetkinlik yaşına çatmayan məhkumun bacardığı, onun təhsildən və əsas işindən asudə vaxtlarda yerinə yetirdiyi işlərdən ibarətdir. Bu cəza növünün icra müddəti on beş yaşınadək şəxslər üçün gündə iki saatdan, on beş yaşından on altı yaşınadək şəxslər üçün isə gündə üç saatdan çox ola bilməz.

Sorğu onunla əsaslandırılıb ki, Konstitusiyanın 17-ci maddəsinin IV və V hissələrinə, 26-cı maddəsinin II hissəsinə müvafiq olaraq, uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır. 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Cinayət Məcəlləsinin 85.3-cü maddəsində isə on beş yaşınadək şəxslərin təhsilindən və əsas işindən asudə vaxtlarında bacardıqları işlərin icrasına cəlb edilməsi nəzərdə tutulub.

Sorğuverən hesab edib ki, 14 yaşından 15 yaşınadək olan yetkinlik yaşına çatmayanların işləməsi və onlara ictimai işlər və əsas iş yeri üzrə çəkilən islah işləri növündə cəzaların tətbiqini nəzərdə tutan Cinayət Məcəlləsinin 85.3-cü və 85.4-cü maddələri hüquqa və haqq-ədalət meyarlarına cavab verməməklə Konstitusiyanın 17-ci maddəsinin V hissəsi, eləcə də digər qeyd olunan normaların tələbləri ilə ziddiyyət təşkil edir.

Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlib ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.3-cü və 85.4-cü maddələri Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin V hissəsi ilə mahiyyət etibarı ilə ziddiyyət təşkil etmir.

Bununla yanaşı, Plenum qeyd edib ki, məhkəmələr ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş 15 yaşınadək şəxslərə ictimai işlər cəzasının təyin edilməsi məsələsini həll edərkən, ilk növbədə, onların Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 88.1-ci maddəsinə uyğun olaraq cinayət məsuliyyətindən azad edilməsinə üstünlük verməlidirlər.

Konstitusiya Məhkəməsi Plenumunun Sumqayıt Apellyasiya Məhkəməsinin müraciəti əsasında qəbul etdiyi “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” 2021-ci il 17 may tarixli Qərarında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin “əldə edilmiş xarici valyuta vəsaitləri” müddəası şərh olunub.

Müraciətdə göstərilib ki, İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xəta tərkibinin yaranmasının əsası kimi xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində xarici valyuta vəsaitinin əldə edilməsi və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan həmin vəsaitin xaricdən qaytarılmaması çıxış edir.

Əlavə olaraq, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.1-12.3-cü bəndlərinə istinad edilərək bildirilir ki, İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin dispozisiyasında olduğu kimi, Qaydaların 12.3-cü bəndində də “əldə edilmiş xarici valyuta vəsaitləri” müddəası nəzərdə tutulub.

Müraciətedən hesab edib ki, İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin dispozisiyası ilə inzibati məsuliyyətin yaranmasının əsası məhz vəsaitin əldə edilməsi ilə şərtləndirilir, vəsaitlər əldə edilmədiyi halda şəxs barəsində inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz.

Eyni zamanda, müraciətdə qeyd edilib ki, xarici iqtisadi fəaliyyəti həyata keçirən şəxslər arasında bağlanmış sadə alğı-satqı müqaviləsi üzrə alıcının təhvil aldığı malların tam dəyərini 180 gün müddətində ödəməməsi və ya gecikdirməsi həmin Qaydaların 12.1-ci və 12.2-ci bəndləri ilə tənzimlənmir. Belə ki, Qaydalarla nəzərdə tutulan münasibətlər malların konsiqnasiya (sonradan satılmaq məqsədilə malın bir şəxsdən digər şəxsə verilməsi) yolu ilə ixrac edilməsini ehtiva edir.

Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu hesab edib ki, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır.

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin “əldə edilmiş xarici valyuta vəsaitləri” müddəası xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində faktiki əldə edilməsindən asılı olmayaraq Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini nəzərdə tutur.

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü və 12-ci maddələrinin tələblərinə müvafiq olaraq məhkəmələr həmin Məcəllənin 483-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirini tətbiq edərkən inzibati xətanı törədən şəxsin təqsirini müəyyən etməlidirlər.

Konstitusiya Məhkəməsi Plenumunun Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin müraciəti əsasında qəbul etdiyi “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 iyun tarixli Qərarında Mülki Prosessual Məcəllənin 35.1-ci, 35.3-cü və 39.1-ci maddələri əlaqəli şəkildə şərh edilib.

Müraciətdə qeyd edilib ki, nikah pozulduqdan sonra birgə nikah dövründə əldə edilmiş müxtəlif yerlərdə olan çoxsaylı əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət ediləndə daşınmaz əmlakın bölünməsi barədə iddia ərizəsinə hansı məhkəmədə (cavabdehin qeydiyyatda olduğu və ya daşınmaz əşyaların yerləşdiyi yerlər üzrə) baxılmalı olması ilə bağlı məhkəmə təcrübəsində müxtəlif yanaşmalar mövcuddur.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə bağlı belə nəticəyə gəlib ki, ər-arvadın daşınmaz əşya üzərində ümumi birgə mülkiyyətinin bölünməsinə dair iddiaların ərazi aidiyyəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə uyğun olaraq qanunla başqa hal nəzərdə tutulmamışdırsa, cavabdehin rəsmi qeydə alındığı yer üzrə müəyyən edilməlidir. Daşınmaz əşya üzərində mülkiyyət hüququnun tanınmasına dair iddialar müstəsna aidiyyət qaydalarını tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən həmin daşınmaz əşyanın olduğu yer üzrə məhkəməyə verilməlidir.

Beləliklə, Konstitusiya Məhkəməsi Plenumunun qərarlarının böyük hissəsi birbaşa və ya dolayısı ilə məhz insan hüquqlarının və azadlıqlarının – bərabərlik hüququ, mülkiyyət hüququ, sosial təminat hüququ, vərəsəlik hüququ, əmək hüququ, mənzil hüququ və digər hüquq və azadlıqların həyata keçirilməsi ilə bağlı olub. Konstitusiya Məhkəməsinin qərarları qanunvericiliyin məhz Konstitusiya dəyərlərinə və prinsiplərinə uyğun inkişaf etdirilməsinə əhəmiyyətli təsir göstərir, Konstitusiyanın aliliyi və birbaşa qüvvəsi, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquq müqavilələrinin müddəalarına əməl edilməsi ilə bağlı mühüm hüquqi mövqelər nəzərdə tutur.

Qeyd edilməlidir ki, Əsas Qanuna ciddi riayət olunması dövlətin uğurlu inkişafının və cəmiyyətdə vətəndaş həmrəylinin əsasıdır. Hər bir Azərbaycan vətəndaşının borcu dövlətçiliyimizə, tarixi və mədəni dəyərlərimizə, nailiyyətlərimizə rəğbət etmək, həmçinin Konstitusiyaya da hörmət etməkdir. Qarşımızda duran əsas vəzifələrdən biri Konstitusiyamızın təbliği, onun prinsip və dəyərlərinin bütün Azərbaycan vətəndaşları tərəfindən öyrənilməsidir. Konstitusiyaya hamı tərəfindən ardıcıl və dönmədən əməl olunması, dövlət və cəmiyyət həyatının bütün sahələrinin Əsas Qanunumuzun tələblərinə uyğunlaşdırılması hər birimizin vətəndaşlıq borcudur.

Bu gün Azərbaycan xalqı gələcəyə daha inamla addımlayır, çünki dövlətimizin sükanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əlindədir və onun mütərəqqi siyasəti ilə idarə olunur.

Ölkəmizdə ictimai-siyasi sabitliyin qorunması, milli dövlətçiliyimizin gücləndirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə genişmiqyaslı tədbirlərin həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adı ilə bağlıdır.

Respublikamız son illərdə inkişafının elə uğurlu mərhələsindədir ki, qazanılmış iqtisadi nailiyyətlər cəmiyyət həyatının ən müxtəlif sahələrində sosial rifaha, iqtisadi azadlığa və səmərəli təşəbbüskarlığa yönələn, hər bir vətəndaşın taleyində kardinal dəyişikliklərlə müşayiət olunan, demokratik islahatların dərinləşdirilməsi yolu ilə insan amilinin inkişafına xidmət edən islahatları davam etdirmək imkanı yaradır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışlarında dəfələrlə bildirib ki, müstəqil məhkəmə hakimiyyətinin formalaşdırılması, ədalət mühakiməsinin tamamilə şəffaf, demokratik, obyektiv şəraitdə həyata keçirilməsi, bu zaman insan və vətəndaş hüquq və azadlıqlarının maksimum səviyyədə qorunması baxımından hakimlər korpusunun sağlamlaşdırılması vacib şərtlərdən biridir.

Son illər dövlət başçısının rəhbərliyi ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə aparılan islahatlar nəticəsində məhkəmə sistemi daha da təkmilləşib, yeni məhkəmələr təsis olunub, məhkəmə logistikası infrastrukturun müasirləşdirilməsi üzrə xeyli işlər görülüb, məhkəmə-hüquq sisteminin cəmiyyət üçün daha əlçatan olmasına dair mühüm addımlar atılıb.

Məhz həmin proses çərçivəsində Konstitusiya Məhkəməsində müasir yanaşmalar əsasında kommunikasiya strategiyası hazırlanıb. Həmin strategiya Konstitusiya Məhkəməsi ilə ictimaiyyət arasında əlaqələrin inkişafı, xüsusən Konstitusiya Məhkəməsinin fəaliyyəti ilə maraqlanan gənc və yeni nəsil hüquqşünasların Məhkəmənin fəaliyyəti ilə tanış olmaları və öz biliklərini konstitusiya ədalət mühakiməsinin həyata keçirilməsində tətbiqi üçün yeni imkanlar yaradır.

Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun icraatına qəbul edilmiş sorğu və müraciətlər Konstitusiya Məhkəməsinin rəsmi internet səhifəsində açıq şəkildə yerləşdirilir. Beləliklə, Plenumun icraatına qəbul edilmiş sorğu və müraciətlərə dair hüquq sahəsində öz biliklərinə güvənən hər bir hüquqşünas, o cümlədən hüquq üzrə təhsil alan tələbələr artıq öz yazılı rəylərini Məhkəməyə təqdim edə bilərlər.

Həmçinin yenilənmə prosesi çərçivəsində Konstitusiya Məhkəməsi ölkəmizin yaradıcılıq ictimaiyyətinin fəal iştirakı əsasında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi embleminin yenilənməsi ilə bağlı peşəkar dizaynerlər və istedadına güvənən şəxslər arasında açıq müsabiqə elan edib. Sevindirici haldır ki, elan olunmuş müsabiqəyə gənc rəssam və dizaynerlər, xüsusən Azərbaycan Rəssamlıq Akademiyasının tələbələri böyük maraq göstərib, fəal iştirak ediblər. Konstitusiya Məhkəməsinin yaranması günündə müsabiqənin qalibi elan ediləcək və Məhkəmə özünün 24-cü fəaliyyət ilinə yeni emblemlə qədəm qoyacaq.

Hazırda bütün dünyada olduğu kimi, Azərbaycanda da COVID-19 pandemiyası ilə əlaqədar müəyyən qanuni məhdudiyyətlər tətbiq edilməkdədir. Məlum olduğu kimi, bu gün dünyanın gündəmi COVID-19 infeksiyasına qarşı mübarizədir. Pandemiyanın zərərlərini minimuma endirmək üçün Azərbaycan dövləti tərəfindən əhəmiyyətli və sistemli tədbirlər görülməkdədir. Belə ki, Azərbaycan Cənubi Qafqazda ilk olaraq vaksinasiya prosesinə start verib. Pandemiyanın ilk günlərindən işlər düzgün qurulub, bütün lazımi addımlar atılıb, beynəlxalq təşkilatlarla təmaslar yaradılıb.

Aparılan uğurlu işlər nəticəsində bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması prosesi uğurla davam edir. Sevindirici haldır ki, hazırda ölkəmizdə kifayət qədər sayda vaksin var və Azərbaycan dünyanın aparıcı ölkələri sırasında pandemiya ilə uğurlu mübarizə aparmaqdadır.

Müasir Azərbaycan dünya birliyində özünə layiqli yer tutmağa müvəffəq olmuş regionun müstəqil siyasət yürüdən lider dövlətidir. Dövlətimizin başçısı İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kurs sayəsində ölkəmiz öz geostrateji və iqtisadi potensialından səmərəli istifadə edərək dünyanın dinamik inkişaf edən ölkələrindən birinə çevrilib, beynəlxalq aləmdə tolerantlığın və dözümlülüyün məkanı kimi tanınıb. Hüquqi dövlət ideya və prinsiplərinin bərqərar edilməsi, ölkə iqtisadiyyatının dinamik inkişafı, əhalinin sosial rifahının günbəgün daha da yaxşılaşdırılması, təhsil, səhiyyə, idman, mədəniyyət və digər sahələrdə tərəqqi – bütün bunlar düşünülmüş milli strategiyanın tərkib hissəsi olaraq davamlı xarakter daşıyır.

Azərbaycan dövləti sivil dünyanın tamhüquqlu bir üzvü kimi beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsinə böyük önəm verir. Bunun ən bariz nümunəsi tarixdə ilk dəfə Azərbaycanda futbol üzrə Avropa çempionatının final mərhələsinin oyununun keçirilməsidir. Avropa çempionatının oyunlarının Bakıda keçirilməsi dövlətimizin beynəlxalq səviyyədə qazandığı növbəti uğurun bariz nümunəsidir. Ölkəmiz indiyədək idmanın müxtəlif növlərinə aid mötəbər beynəlxalq yarışlara yüksək səviyyədə ev sahibliyi edib. Bu gün ən nüfuzlu idman qurumlarının böyük beynəlxalq yarışlara ev sahibliyi hüququnu tərəddüd etmədən Azərbaycana verməsi də təsadüfi deyil. Əminik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti və xalqı tarixi nailiyyətlərə imza atmaqda bundan sonra da davam edəcək.

Sonda bir daha qeyd etmək lazımdır ki, bu gün ərazi bütövlüyümüzün bərpası uğrunda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əzəli torpaqlarımızın geri qaytarılması istiqamətində qazanılan tarixi Qələbə Azərbaycan xalqının birliyinin qələbəsidir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Vətən Müharibəsindən sonra həm regionda, həm də ölkə daxilində müsbət istiqamətdə böyük dəyişikliklər müşahidə olunacaq.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi isə bu mütərəqqi prosesdə öz səlahiyyətləri çərçivəsində dövlət başçısının bütün təşəbbüslərinə dəstək olmağa hazırdır.

Fərhad Abdullayev

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsinin sədri