Konstitusiya Məhkəməsi Aparatının əməkdaşları köməyə ehtiyacı olan 30-dan çox ailəyə yardım ediblər

News

2020 Apr

17.04.2020

Konstitusiya Məhkəməsi Aparatının əməkdaşları xüsusi karantin rejiminin qaydalarına əməl etməklə, Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda yaşayan aztəminatlı ailələrə, həmçinin evdən çıxa bilməyən tənha və yaşlı insanlara - ümumilikdə 30-dan çox ailəyə baş çəkib, müxtəlif ərzaq məhsullarından ibarət bağlamaları təqdim ediblər.

Görüş zamanı, Konstitusiya Məhkəməsi Aparatının əməkdaşları vətəndaşlarımıza koronavirus epidemiyasından qorunma üsullarını bir daha izah edərək, xüsusi karantin rejimi dövründə evdə qalmalarını tövsiyə edib və bu qaydalara riayət etmələrinin onların özləri və yaxınlarının sağlamlığı üçün vacib olduğunu diqqətə çatdırıblar.

Bu təşəbbüsü minnətdarlıq hissi ilə qarşılayan sakinlər göstərilən diqqət və qayğıya görə Konstitusiya Məhkəməsinin rəhbərliyinə və kollektivinə minnətdarlıqlarını bildiriblər.

Konstitusiya Məhkəməsi bu yardım aksiyalarını bundan sonra da davam etdirmək niyyətindədir.