Decisions

10.02.12 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

AZƏRBAYCAN RESPUBLIKASI

KONSTITUSIYA MƏHKƏMƏSI PLENUMUNUN

 

QƏRARI

 

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin

512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair

 

10 fevral 2012-ci il                                                            Bakı şəhəri

 

 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Fikrət Babayev (məruzəçi-hakim), Südabə Həsənova, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi İsmayıl İsmayılovun,

maraqlı subyektlərin nümayəndələri Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Mübariz Zeynalovun, Aparat rəhbəri Müzəffər Ağazadənin, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Eldar Əsgərovun,

ekspert Bakı Dövlət Universitetinin Cinayət prosesi kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Rauf Rüstəmovun,

mütəxəssis Azərbaycan Respublikası Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəis müavini, Apellyasiya və kassasiya instansiyaları məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi Mürvət Həsənovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin  müraciəti əsasında konstitusiya işinə baxdı.

İş üzrə hakim F.Babayevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssisin çıxışlarını, ekspertin rəyini dinləyib və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

 Sumqayıt Apellyasiya Məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) ünvanladığı müraciətində göstərmişdir ki, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 21 avqust 2008-ci il tarixli hökmünə əsasən R.Səlimova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 120.2.9-cu maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 79.1-ci maddəsinə əsasən  məhkumun 5 yanvar 2003-cü il tarixində doğulmuş oğlu səkkiz yaşına çatana kimi həmin cəzanın çəkilməsi təxirə salınmışdır. Məhkumun üzərində nəzarətin həyata keçirilməsi Dəvəçi (Şabran) rayon Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları Bölməsinə (hazırda Şabran rayon İcra Qrupu) həvalə edilmişdir.

Şabran rayon İcra Qrupunun rəhbəri uşağın səkkiz yaşına çatması ilə əlaqədar olaraq 17 yanvar 2011-ci il tarixində Şabran rayon məhkəməsinə cəzanın çəkilməsinin təxirə salınmasının ləğv edilməsi və məhkum R.Səlimovanın cəzanın çəkilməsi üçün göndərilməsi barədə təqdimat vermişdir.

Şabran rayon məhkəməsinin 2 fevral 2011-ci il tarixli qərarı ilə material baxılması üçün hökm çıxarmış Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 512.2-ci maddəsinə əsasən cəzanın çəkilməsinin təxirə salınmasının ləğv edilməsi və məhkumun azadlıqdan məhrum etmə növündə cəzasının çəkilməsi üçün göndərilməsi hökm çıxarmış məhkəmə tərəfindən həyata keçirilməlidir.

Məhkəmənin qərarından verilmiş apellyasiya protesti Sumqayıt Apellyasiya Məhkəməsinin 3 iyun 2011-ci il tarixli qərarı ilə təmin edilməmişdir.

Apellyasiya instansiyası məhkəməsinin qərarını əsassız hesab edən dövlət ittihamçısı həmin qərardan kassasiya protesti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 16 avqust 2011-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilərək material yeni apellyasiya baxışına qaytarılmışdır.

Sumqayıt Apellyasiya Məhkəməsi yenidən iş materiallarını araşdırarkən CPM-in ərazi məhkəmə aidiyyətinə dair 512.2 və 519.0.4-cü maddələri arasında cəzanın çəkilməsinin təxirə salınmasının ləğv edilməsi və məhkumun azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi üçün göndərilməsi məsələsinə hökm çıxarmış məhkəmə və ya məhkumun yaşayış yeri üzrə məhkəmə tərəfindən baxılması ilə bağlı anlaşılmazlıqların olması və belə vəziyyətin təcrübədə qeyri-müəyyənlik yaratması qənaətinə gəlmişdir.

Bu səbəbdən Sumqayıt Apellyasiya Məhkəməsi Konstitusiya Məhkəməsinə müraciət edərək CPM-in 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsini xahiş etmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

CM-in 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır.

Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm – cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir.

Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. Hamilə qadınların və ya səkkiz yaşına qədər uşağı olan qadınların, habelə səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərin cəzasının çəkilməsinin təxirə salınması da cinayət qanunvericiliyində əksini tapmış humanizm prinsipinin reallaşdırılması vasitələrindən biridir. Bu əsasla cəzanın təxirə salınmasında dövlətin məqsədi azyaşlı uşaqların qayğısına qalmaq, ailəni qoruyub saxlamaq və azyaşlı uşaqlara zəruri valideyn qayğısı və tərbiyəsini təmin etməkdir.

Cəzanın çəkilməsinin  təxirə salınmasının tətbiq edilməsi iki məqsəd daşıyır. Bir tərəfdən, bu yuxarıda qeyd edildiyi kimi, humanizmin təcəssümü, digər tərəfdən isə cəzanın məqsədlərinə cəza real çəkilmədən nail olmaq imkanıdır.

Cinayət qanunu cəzanın çəkilməsinin təxirə salınmasını bir neçə əsaslarla şərtləndirmişdir:

-   bu institut ancaq hamilə qadınlara, səkkiz yaşına qədər uşağı olan qadınlara və səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərə tətbiq edilir;

- şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti beş ildən artıq olan şəxslərə tətbiq edilmir;

-   şəxs uşağının tərbiyəsi ilə məşğul olmalıdır.

Bununla yanaşı, qeyd edilməlidir ki, cəzanın çəkilməsinin təxirə salınması məsələsini həll edərkən məhkəmə bir sıra digər halları da nəzərə almalıdır. Bu hallar sırasına məhkumun şəxsiyyəti, cəzanın çəkilməsi müddətində davranışı, əməyə münasibəti, uşağa zəruri şəraiti təmin etmək imkanı, cinayət əməli törədilənədək uşağın tərbiyəsinə olan münasibəti və s. aiddir. Bütün bu hallar təxirə salmanın məqsədinə, yəni uşağa valideyn qayğısının təmin olunmasına nail olmaq imkanını təsdiq etməlidir. Bu hallar olmadıqda isə təxirə salma üçün zəruri olan əsaslar olsa belə, məhkəmə cəzanın çəkilməsini təxirə salmaya bilər. Belə ki, cəzanın çəkilməsinin təxirə salınması məhkəmənin vəzifəsi deyil, səlahiyyətidir.

Konstitusiya Məhkəməsi Plenumunun bu məsələ ilə əlaqədar formalaşdırdığı hüquqi mövqeyinə əsasən səkkiz yaşınadək uşaqları olan bəzi məhkum edilmiş şəxslərin cəzasının çəkilməsinin təxirə salınmasının mümkünlüyünü nəzərdə tutan CM-in 79.1-ci maddəsi dispozitiv xarakter daşıyır və məsələ ilə bağlı məhkəmənin vəzifəsini deyil, məhz hüququnu müəyyənləşdirir (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I, II və III hissələrinə, 26-cı maddəsinin II hissəsinə, 28-ci maddəsinin I hissəsinə, 147-ci maddəsinə və 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun 02 mart 2010-cu il tarixli Qərarı).

Hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınması məsələlərini CM-in 79-cu maddəsi tənzimləyir. Həmin maddəyə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya səkkiz yaşına qədər uşağı olan qadınlar, habelə səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq səkkiz yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər.

Cinayət qanununda nəzərdə tutulmuş cəzanın çəkilməsinin təxirə salınması qaydaları CPM-in hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında icraat fəslində nəzərdə tutulmuşdur. CPM-in 510.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda hamilə və ya azyaşlı uşağı olan qadın, habelə səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişi barəsində cəzanın çəkilməsi hökmü çıxarmış məhkəmə tərəfindən uşağın səkkiz yaşı tamam olanadək təxirə salına bilər.

Qeyd edilməlidir ki, həmin şəxslərin cəzalarının çəkilməsinin təxirə salınması məsələsi həm hökm çıxarılarkən, həm də onlar cəzaçəkmə müəssisələrində cəza çəkərkən həll edilə bilər.

Cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərin cəzalarının çəkilməsinin təxirə salınması məsələsi Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (bundan sonra – CİM) 172-ci maddəsilə tənzimlənir. Həmin maddəyə görə cəzaçəkmə müəssisələrində cəza çəkən hamilə və azyaşlı uşaqları olan məhkum qadınların, habelə səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərin cəzalarının çəkilməsi məhkəmə tərəfindən uşaq səkkiz yaşına çatanadək təxirə salına bilər. Hamilə və ya səkkiz yaşına qədər uşağı olan qadın, habelə səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişi cəzasının çəkilməsinin təxirə salınması haqqında məhkəməyə ərizə ilə müraciət edə bilər.

Göründüyü kimi, qanunverici hökmün çıxarılması zamanı ilə hökm çıxarıldıqdan sonrakı zamanı fərqləndirməyərək, hər iki mərhələdə cəzanın çəkilməsinin təxirə salınması səlahiyyətini hökmü çıxarmış məhkəməyə aid etmişdir.

CM-in 79-cu maddəsində cəzanın çəkilməsinin təxirə salınması institutunun tətbiqi ilə yanaşı, onun tətbiqinin doğurduğu bir sıra digər məsələlər də tənzimlənmişdir. Belə ki, qanunverici CM-in 79.2 və 79.3-cü maddələrində  cəzanın çəkilməsinin təxirə salınmasının ləğv edilməsindən və cəzanın çəkilməsinin təxirə salınması müddətinin bitməsindən bəhs edərək, bu halları bir-birindən fərqləndirmiş, habelə onların hüquqi nəticələrini müəyyən etmişdir.

Cəzanın çəkilməsinin təxirə salınmasının ləğv edilməsi CM-in 79.2-ci maddəsində nəzərdə tutulmuş və onun məhkum edilmiş şəxslər üzərində nəzarəti həyata keçirən müvafiq dövlət orqanının xəbərdarlığından sonra uşaqdan imtina və uşağı tərbiyə etməkdən boyun qaçırma kimi iki əsası müəyyən edilmişdir. Göstərilən əsaslar mövcud olduqda, məhkəmə məhkum edilmiş şəxslər üzərində nəzarəti həyata keçirən dövlət orqanının təqdimatı əsasında cəzaçəkmənin təxirə salınmasını ləğv edə və məhkumu cəzanı çəkmək üçün hökmlə müəyyən olunmuş yerə göndərə bilər.

Cinayət qanununda cəzanın çəkilməsinin təxirə salınmasının ləğv edilməsi ilə cəzanın çəkilməsinin təxirə salınması müddətinin bitməsi fərqləndirildiyi kimi onların prosessual qaydaları da mövcud qanunvericilikdə fərqli müəyyən edilmişdir.

Cəzanın çəkilməsinin təxirə salınmasının ləğv edilməsi və məhkumun azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi üçün göndərilməsi məsələsi CPM-in ittiham hökmünün icrası müddətinin başa çatmasına görə cəza çəkməkdən azad etmə, habelə cəzanın çəkilməsinin təxirə salınmasının ləğv edilməsindən bəhs edən 512-ci maddəsi ilə tənzimlənir. Belə ki, CPM-in 512.2-ci maddəsinə əsasən cəzanın çəkilməsinin təxirə salınmasının ləğv edilməsi və məhkumun azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün göndərilməsi cəzaları icra edən müəssisə və ya orqanın təqdimatına əsasən cinayət qanununun müddəalarına müvafiq olaraq hökm çıxarmış məhkəmə tərəfindən həyata keçirilir. Adından və məzmunundan da göründüyü kimi, bu maddə cəzanın çəkilməsinin təxirə salınmasının ləğv edilməsi məsələsinin tənzimlənməsi qaydasını müəyyən edir.

CM-in 79.3-cü maddəsi isə müvafiq olaraq cəzanın çəkilməsinin təxirə salınması müddətinin bitməsindən (uşaq səkkiz yaşına çatdıqda) və onun hüquqi nəticələrindən bəhs edir. Həmin maddəyə əsasən uşaq səkkiz yaşına çatdıqda, məhkəmə məhkum edilmiş şəxsi cəzanın çəkilməmiş hissəsindən azad edir və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz edir, yaxud məhkum edilmiş şəxsi cəzanın qalan hissəsini çəkmək üçün müvafiq müəssisəyə göndərir.

CM-in 79.3-cü maddəsindən göründüyü kimi, bu mərhələdə məhkəmə üç növ qərar qəbul edə bilər:

· məhkumun islah olunduğunu nəzərə alaraq, onu icrası təxirə salınmış cəzadan tamamilə azad edə bilər;

· icrası təxirə salınmış, yaxud çəkilməmiş hissəsinin icrası təxirə salınmış cəzanı başqa yüngül cəza ilə əvəz edə bilər;

· icrası təxirə salınmış cəzanı çəkmək üçün məhkumu cəzaçəkmə yerinə göndərə bilər.

Cəzanın çəkilməsinin təxirə salınması müddətinin bitməsi ilə əlaqədar sözügedən məsələlərə baxılması CPM-in cəzaları icra edən müəsissə və ya orqanların təqdimatı əsasında hökmün və ya məhkəmənin digər yekun qərarının icrasına dair başqa məsələlərin həll edilməsindən bəhs edən 519-cu maddəsi ilə tənzimlənir. Qanunverici həmin maddədə nəzərdə tutulmuş “hökmün və ya məhkəmənin digər yekun qərarının icrasına dair başqa məsələlər” sırasına cəzanın çəkilməsi təxirə salınmış məhkumun cəzadan azad edilməsi, eləcə də məhkumun azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi üçün göndərilməsi də daxil edilmişdir (CPM-in 519.0.3-519.0.4-cü maddələri).

Belə ki, CM-in 79.3-cü maddəsində nəzərdə tutulmuş cəzanın çəkilməsi təxirə salınmış məhkumun təxirə salma müddəti bitdikdən sonra cəzadan azad edilmənin prosessual qaydası CPM-in 519.0.3-cü maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən məhkumun yaşayış yeri üzrə məhkəmə cəzaları icra edən müəssisənin və ya orqanın təqdimatı əsasında cəzanın çəkilməsi təxirə salınmış məhkumun cəzadan azad edilməsi barədə məsələyə baxır.

Bununla yanaşı qeyd edilməlidir ki, CM-in 79.3-cü maddəsində nəzərdə tutulmuş məhkumun təxirə salma müddəti bitdikdən sonra cəzasının daha yüngül cəza ilə əvəz edilməsinin prosessual qaydası CPM-də nəzərdə tutulmamışdır. Sözügedən məsələnin cinayət-prosessual qanunvericiliyində əksini tapmaması hüquqtətbiqetmə təcrübəsində müəyyən çətinliklərin yaranmasına səbəb ola bilər.

Bu mənada, “daha yüngül cəza ilə əvəz etmə”yə nisbətən “cəzadan azad etmə”nin qanunverici tərəfindən məhkəməyə verilmiş daha geniş hüquq olduğunu nəzərə alaraq,  Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, həmin Məcəllənin 519.0.3-cü maddəsi qeyd olunan şəxslərin cəzalarının daha yüngül cəza ilə əvəz edilməsi məsələsinin prosessual qaydasına da şamil edilməlidir.    

Bundan başqa, CM-in 79.3-cü maddəsinə əsaslanaraq, məhkəmə cəzanın çəkilməsi təxirə salınmış məhkumun təxirə salma müddəti bitdikdən sonra cəzaları icra edən müəssisə və ya orqanın təqdimatı əsasında məhkumu azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi üçün göndərə bilər.

Təxirə salma müddəti bitdikdən sonra (uşaq səkkiz yaşına çattıqda) məhkumun azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi üçün göndərilməsinin prosessual qaydası isə CPM-in 519.0.4-cü maddəsi ilə tənzimlənmişdir. Belə ki, CPM-in 519.0.4-cü maddəsinə əsasən məhkumun yaşayış yeri üzrə məhkəmə cəzaları icra edən müəssisə və ya orqanın təqdimatı əsasında cəzanın çəkilməsinin təxirə salınmasını ləğv edə və məhkumu azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi üçün göndərə bilər. Maddənin məzmunundan göründüyü kimi, qanunverici bu halda da məhkəmənin üzərinə məhkumun azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi üçün göndərilməsi ilə əlaqədar cəzanın çəkilməsinin təxirə salınmasını ləğv etmək vəzifəsini qoymuşdur.

Lakin qanunverici CPM-in 512.2-ci maddəsində qeyd olunan təxirə salmanın ləğv edilməsi ilə həmin Məcəllənin 519.0.4-cü maddəsindəki təxirə salmanın ləğv etməsi institutlarını fərqləndirməmişdir. Bu isə öz növbəsində, həmin normaların tətbiqi zamanı məhkəmə təcrübəsində qeyri-müəyyənlik yaradır.

Mövcud qanunvericiliyin normalarından çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu  belə qənaətə gəlir ki, qanunverici CPM-in 512.2-ci maddəsində nəzərdə tutulan cəzanın çəkilməsinin təxirə salınmasının ləğv edilməsini CM-in 79.2-ci maddəsi ilə, CPM-in 519.0.4-cü maddəsində nəzərdə tutulan cəzanın çəkilməsinin təxirə salınmasının ləğv edilməsini isə CM-in 79.3-cü maddəsində qeyd olunan yalnız azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi üçün göndərilməsi ilə əlaqələndirmişdir. Bu məsələdə qeyri-müəyyənliyin yaranmasına yol verilməməsi üçün “cəzanın çəkilməsinin təxirə salınmasının ləğv edilməsi” “azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi üçün göndərilmə”ni şərtləndirən prosessual zərurət kimi qəbul edilməlidir. 

Beləliklə, CM-in 79.3-cü maddəsində nəzərdə tutulmuş hal (uşaq səkkiz yaşına çatdıqda) baş verdikdə məhkumun yaşayış yeri üzrə məhkəmə CPM-in 519.0.3 və 519.04-cü maddələrinə uyğun olaraq cəzaları icra edən müəssisənin və ya orqanın təqdimatı əsasında cəzanın çəkilməsi təxirə salınmış məhkumun cəzadan azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, yaxud cəzanın çəkilməsinin təxirə salınmasını ləğv edərək məhkumun azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi üçün göndərilməsi məsələlərinə baxır.

Yuxarıda göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, təxirə salma müddəti bitdikdə (uşaq səkkiz yaşına çatdıqda) məhkumun yaşayış yeri üzrə məhkəmə cəzaları icra edən müəssisənin və ya orqanın təqdimatını, məhkumun şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanın çəkilməsinin təxirə salındığı dövrdə məhkumun davranışını və islah olunmasını, habelə həmin dövrdə uşağın tərbiyə edilməsinə münasibətini nəzərə alaraq məhkumun cəzadan azad edilməsi və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəz edilməsi (CPM-in 519.0.3-cü maddəsi), yaxud cəzanın çəkilməsinin təxirə salınmasını ləğv edərək məhkumun azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi üçün göndərilməsi (CPM-in 519.0.4-cü maddəsi) barədə qərar qəbul edə bilər.

Konstitusiya Məhkəməsinin Plenumu həmçinin aşağıdakıların qeyd edilməsini vacib hesab edir.

Hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında materialların birinci instansiya məhkəmələrinə aidiyyəti cinayət-prosessual qanunvericiliyin xüsusi normaları ilə tənzimlənir. CPM-in 66-77-ci maddələri ilə müəyyən edilmiş qaydalar, həmçinin cinayət işinin tez, hərtərəfli və obyektiv baxılmasına yönəlmişdir. CPM-in ərazi üzrə məhkəmə aidiyyəti məsələsini tənzimləyən 74.9-cu maddəsinə əsasən məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında, habelə hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında materiallara birinci instansiya məhkəmələrində aidiyyəti üzrə baxılması bu Məcəllənin 442.1, 510.1, 511.1, 512.1, 513.1, 514.1, 515.2, 516-519-cu maddələri ilə müəyyən olunur.

Göründüyü kimi, qeyd olunan maddədə hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında işlərə baxılması ilə əlaqədar cəzanın çəkilməsinin təxirə salınmasının ləğv edilməsi məsələsini tənzimləyən CPM-in 512.2-ci maddəsi sadalanan maddələr sırasına daxil edilməmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, CPM-in 512.2-ci maddəsinin hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında işlərə baxılması ilə əlaqədar cəzanın çəkilməsinin təxirə salınmasının ləğv edilməsi məsələsini tənzimlədiyini və buna uyğun olaraq onun CPM-in müvafiq fəslində əks olunmasını nəzərə alaraq, həmin maddənin CPM-in 74.9-cu maddəsində sadalanmaması onun hüquqtətbiqetmə təcrübəsində tətbiqini istisna etmir. Bununla belə, bu çatışmazlığın da aradan qaldırılması hüquqi müəyyənlik prinsipinə xidmət etmiş olar.            

Bundan əlavə, CİM-in 173.3-cü maddəsində müəyyən edilmişdir ki, məhkum xəbərdarlıqdan sonra uşaqdan imtina etdiyi və ya uşağı tərbiyə etməkdən boyun qaçırmaqda davam etdiyi halda, icra məmuru məhkumun yaşayış yeri üzrə məhkəməyə cəzanın çəkilməsinin təxirə salınmasının ləğvi və məhkumun hökmlə müəyyən olunmuş cəzanın icrası yerinə göndərilməsi haqqında təqdimat verir.  

Göründüyü kimi, sözügedən maddədə bu məsələnin həll edilməsi üçün icra məmuru tərəfindən cəzanın çəkilməsinin təxirə salınmasının ləğvi və məhkumun hökmlə müəyyən olunmuş cəzanın icrası yerinə göndərilməsi haqqında təqdimatın məhkumun yaşayış yeri üzrə məhkəməyə verilməsi nəzərdə tutulmuşdur. 

Bu isə öz növbəsində, yuxarıda göstərildiyi kimi, sözügedən məsələnin prosessual qaydasını hal-hazırda tənzimləyən CPM-in 512.2-ci maddəsi ilə uzlaşmır. Belə ki,  məhkəmə aidiyyətinin müstəsna olaraq cinayət-prosessual qanunvericiliyində müəyyən olunması prinsipi CPM-in 29.2-ci maddəsində təsbit olunmuşdur. Həmin normaya müvafiq olaraq bu Məcəllədə nəzərdə tutulmuş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır.   

Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin müraciətində qaldırılan məsələyə cinayət, cinayət-prosessual və cəzaların icrası qanunvericiliklərinin mövcud müddəalarına əsaslanaraq şərh verilmişdir. Bununla belə, qeyd olunanlardan görünür ki, təxirə salma müddəti bitdikdən sonra cəzanın daha yüngül cəza ilə əvəz edilməsinin, məhkumun azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi üçün göndərilməsinin prosessual qaydalarının, habelə CPM-in 74.9-cu maddəsinin natamamlığı və CİM-in müddəalarının prosessual qanunvericiliyə uyğun olmaması qanunvericilikdə boşluq və ziddiyyətləri yaratmaqla məhkəmə təcrübəsində qeyri-müəyyənliyə səbəb olur.

Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, cəzanın çəkilməsinin təxirə salınması və ondan irəli gələn məsələlərin hansı məhkəmədə baxılması qanunvericilikdə aydın və birmənalı göstərilməlidir. Bu tələb Azərbaycan Respublikasının Konstitusiyasında (bundan sonra – Konstitusiya) təsbit olunmuş insan və vətəndaş hüquqlarının və azadlıqlarının məhkəmə hakimiyyəti tərəfindən qorunması, habelə hüquq və azadlıqların məhkəmə təminatı prinsiplərindən irəli gəlir (Konstitusiyanın 60 və 71-ci maddələri). Konstitusiyanın 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır.

Bu Konstitusiya normaları beynəlxalq müqavilələrə, eləcə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsaslanır. Həmin norma ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən “qanun əsasında yaradılmış məhkəmə” Konvensiya və onun Protokolları ilə müəyyən olunmuş müdafiə sisteminə xas olan hüququn aliliyi prinsipini əks etdirir. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin mənasında “qanun” məhkəmə orqanlarının yaradılması və onların səlahiyyətinə aid qanunvericiliyi ehtiva edir. Müvafiq olaraq, məhkəmə daxili qanunvericilik əsasında tətbiq edilən müddəalara uyğun olaraq təqsirləndirilən şəxsin işinə baxmağa səlahiyyətli deyilsə, bu məhkəmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin mənasında “qanun əsasında yaradılmış” hesab edilə bilməz (Coëme və digərləri Belçikaya qarşı, 32492/96 və s., 22 iyul 2000-ci il, §§ 99 və 107-108).

Bundan irəli gələrək, qeyd edilməlidir ki, demokratik hüquqi dövlətdə cinayət işlərinin məhkəmə aidiyyəti cinayət mühakimə icraatında şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən institutlardan biri olduğu üçün məhkəmələrin aidiyyət meyarları cinayət-prosessual qanunvericiliyində dəqiq müəyyən edilməlidir, əks təqdirdə məhkəmə, tərəflər və prosesin digər iştirakçıları qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənlik yaranmış olar. Belə qeyri-müəyyənlik işə baxılmasını ləngidə, bununla da şəxsin işinə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılması hüququnu poza bilər. İşlərin aidiyyət qaydalarına riayət edilməməsi isə işlərə səlahiyyətli məhkəmə tərəfindən baxılması tələbini, eləcə də məhkəmə müdafiəsi hüququnu pozmuş olar.

Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, qanunverici cinayət prosesinin həyata keçirilməsi üçün məhkəmə aidiyyətinin elə prosessual qaydalarını dəqiq müəyyən etməlidir ki, onlar prosessual səmərəlilik və qənaət tələblərinə cavab versin. Yuxarıda təhlil edilən məsələlərin məhkumun yaşayış yeri üzrə məhkəmənin səlahiyyətinə aid edilməsi prosessual qənaət prinsipinə cavab verməklə məhkəmə icraatının rahat və səmərəli olmasına, yəni yüksək nəticələrin minimum vasitələrlə əldə edilməsinə xidmət etmiş olar.

Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticəyə gəlir:

· CPM-in 512.2-ci maddəsinin müddəalarına əsasən CM-in 79.2-ci maddəsində göstərilən hallarda cəzanın çəkilməsinin təxirə salınmasının ləğv edilməsi və məhkumun azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün göndərilməsi cəzaları icra edən müəssisə və ya orqanın təqdimatına əsasən  hökm çıxarmış məhkəmə tərəfindən həyata keçirilir;

· CPM-in 519.0.3 və 519.0.4-cü maddələrinə müvafiq olaraq CM-in 79.3-cü maddəsində göstərilən halda, yəni uşaq səkkiz yaşına çatdıqda, məhkum edilmiş şəxsin cəzadan azad edilməsi və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, yaxud cəzanın qalan hissəsini çəkmək üçün müvafiq müəssisəyə göndərilməsi cəzaları icra edən müəssisə və ya orqanın təqdimatı əsasında məhkumun yaşayış yeri üzrə məhkəmə tərəfindən həyata keçirilir;

· Cinayət-Prosessual Məcəlləsinin qeyd olunan maddələri qanunvericilik qaydasında təkmilləşdirilənədək həmin müddəalar Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarda formalaşdırdığı hüquqi mövqeyinə uyğun tətbiq edilməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 60, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 

 

QƏRARA ALDI :

 

1. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2-ci maddəsinin müddəalarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.2-ci maddəsində göstərilən hallarda cəzanın çəkilməsinin təxirə salınmasının ləğv edilməsi və məhkumun azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün göndərilməsi cəzaları icra edən müəssisə və ya orqanın təqdimatına əsasən  hökm çıxarmış məhkəmə tərəfindən həyata keçirilir.

2. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 519.0.3 və 519.0.4-cü maddələrinə müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.3-cü maddəsində göstərilən halda, yəni uşaq səkkiz yaşına çatdıqda, məhkum edilmiş şəxsin cəzadan azad edilməsi və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, yaxud cəzanın qalan hissəsini çəkmək üçün müvafiq müəssisəyə göndərilməsi cəzaları icra edən müəssisə və ya orqanın təqdimatı əsasında məhkumun yaşayış yeri üzrə məhkəmə tərəfindən həyata keçirilir.

3. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin qeyd olunan maddələri qanunvericilik qaydasında təkmilləşdirilənədək həmin müddəalar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarda formalaşdırdığı hüquqi mövqeyinə uyğun tətbiq edilməlidir.

4. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

5. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

6. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

  

Sədr                                                                    Fərhad Abdullayev

   

 

 

 

 

 

 

 

 

 

 

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun

10 fevral 2012-ci il tarixli qərarından hakim İ.Ə.Nəcəfovun

 

X Ü S U S İ   R Ə Y İ

 

Sumqayıt Apellyasiya Məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə sorğu  ilə müraciət edərək Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 512.2 və 519.4-cü maddələrinin şərh olunmasını xahiş etmişdir

Sorğuda qeyd olunur ki, Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 21.08.2008-ci il tarixli hökmünə əsasən Səlimova Rasimə Ağamalı qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 120.2.9-cu maddəsi liə təqsirli bilinərək həmin məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 79.1-ci maddəsinə əsasən məhkumun 05.01.2003-cü il tarixdə anadan olmuş oğlu 8 yaşına çatana kimi hökmün icrası təxirə salınmışdır. Məhkumun üzərində nəzarətin həyata keçirilməsi Şabran (Dəvəçi) rayon Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları bölməsinə (icra qrupu) həvalə edilmişdir.

Şabran rayon icra qrupupunun rəhbəri uşağın 8 yaşına çatması liə əlaqədar olaraq Şabran rayon Məhkəməsinə hökmün icrasının təxirə salınmasının ləğv edilməsi və məhkumun cəzaçəkmə yerinə göndərilməsi üçün təqdimat vermişdir.

Şabran rayon Məhkəməsinin 02.02.2011-ci il tarixli qərarı liə material baxılması üçün hökmü çıxaran Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, CPM-nin 512.2-ci maddəsinə əsasən cəzanın çəkilməsinin təxirə salınmasının ləğv edilməsi və məhkumun cəzanın çəkilməsi üçün göndərilməsi hökmü çıxarmış məhkəmə tərəfindən həll edilməlidir.

Şabran rayon Məhkəməsinin qərarı Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən əsaslı hesab olunmuş, Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ləğv edilmiş, material yeni Apellyasiya baxışına qaytarılmışdır.

Sumqayıt Apellyasiya Məhkəməsində iş materialları araşdırılarkən CPM-nin 512.2 və 519.0.4-cü maddələri arasında anlaşılmazlığın olması qənaətinə gəlinərək həmin maddələrin şərh edilməsi üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət olunmuşdur.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara gəlmişdir ki; CM-nın 79.2-ci maddəsinə müvafiq olaraq cəzanın çəkilməsini təxirə salınmasının ləğv edilməsi və məhkumun azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün göndərilməsi cəzaları icra edən müəssisə və ya orqanın təqdimatına əsasən CPM-nin 512.2-ci maddəsində nəzərdə tutulan qaydada hökmü çıxarmış məhkəmə tərəfindən həyata keçirilir.

CM-nın 79.3-cü maddəsinə müvafiq olaraq isə uşaq 8 yaşına çatdıqda məhkum edilmiş şəxsin cəzanın qalan hissəsini çəkmək üçün müvafiq müəssisəyə göndərilməsi cəzaları icra edən müəssisə və ya orqanın təqdimatına əsasən CPM-nin 519.0.4-cü maddəsinə əsasən məhkumun yaşayış yeri üzrə  məhkəmə tərəfindən həyata keçirilir.

Konstitusiya Məhkəməsinin Plenumu bununla əlaqədar qərarda həmçinin göstərmişdir ki; CPM-nin 74.9-cu madəsində sadalanan maddələr sırasına həmin məcəllənin 512.2-ci maddəsinin əlavə edilməsi və CİM-nin 173.3-cü maddəsinin CPM-nın 512.2-ci maddəsi ilə uyğunlaşdırılması Milli Məclisə tövsiyyə edilsin.

 Qeyd olunmalıdır ki, CM-nın 79.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu məcəllənin 79.1-ci maddəsində nəzərdə tutulmuş qadınlar (həmçinin kişilər), məhkum edilmiş şəxslər üzərində nəzarət həyata keçirən müvafiq dövlət orqanının xəbərdarlığından sonra uşaqdan imtina etdiyi və ya uşağı tərbiyə etməkdən boyun qaçırmaqda davam etdiyi halda məhkəmə həmin orqanın təqdimatı əsasında cəzaçəkmənin təxirə salınmasını ləğv edə və məhkumun cəzanı çəkmək üçün hökmlə müəyyən olunmuş yerə göndərə bilər.

CM-nın 79.3-cü maddəsində isə nəzərdə tutulmuşdur ki, uşaq 8 yaşına çatdıqda məhkəmə məhkum edilmiş qadını (həmçinin kişilər) cəzanın çəkilməmiş hissəsindən azad edir və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz edir, yaxud məhkum edilmiş qadını (həmçinin kişilər) cəzanın çəkilməmiş hissəsini çəkmək üçün müvafiq müəssisəyə göndərir.

CPM-nın 512.2-ci maddəsində nəzərdə tutulur ki, cəzanın çəkilməsinin təxirə salınmasının ləğv edilməsi və məhkumun azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün göndərilməsi cəzaları icra edən müəssisə və ya orqanın təqdimatına əsasən cinayət qanununun müddəalarına müvafiq olaraq hökm çıxarmış məhkəmə tərəfindən həyata keçirilir.

CPM-nın 519.0 və 519.0.4-cü maddəsində isə nəzərdə tutulur ki, məhkumun yaşayış yeri üzrə məhkəmə cəzaları icra edən müəssisə və ya orqanın təqdimatına əsasən hökmün və ya məhkəmənin digər yekun qərarının icrası liə əlaqədar aşağıdakı məsələlərə baxır:

- cəzanın çəkilməsinin təxirə salınmasının ləğv edilməsi və məhkumun azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi üçün göndərilməsi barədə.

Hökmlə təyin edilmiş cəzanın icrasının təxirə salınmasının ləğvinin qanunda iki halı nəzərdə tutulmuşdur.

Belə ki, 1) CM-nin 79.2-ci maddəsində nəzərdə tutulan və 2) həmçinin CM-nin 79.3-cü maddəsində nəzərdə tutulan hallar.

Birinci halda təxirə salma ləğv edilirsə hökm icra edilməsi üçün göndərilir.

İkinci halda isə işə baxan hakimə üç qərardan birinin qəbul edilməsi hüququ verilir.

Bu iki halın birincisində hökmlə təyin edilmiş cəzanın icra edilməsi üçün göndərilməməsi, bu barədə lazımi göstəriş verilməməsi, hökmün icraya yönəldilməsi üçün hökm çıxarmış məhkəmə tərəfindən göstəriş verilməli olması- bu məsələyə baxılmalı olması, ikinci halda isə hökmün icraya yönəldilməsi qənaətinə gəlinib, hökmün icrası prosesində ortaya çıxan məsələ kimi nəzərə alınıb məhkumun yaşayış yeri üzrə məhkəmə tərəfindən bu məsələyə baxılmalı olması fikri düzgün olmamaqla biri-biri ilə tam ziddiyyət təşkil edir və eyni  məsələyə iki cür qiymət verilməyə səbəb olur.

Hesab edirəm ki, burada iki məsələnin aydınlaşdırılması- izah edilməsi lazımdır ki, bu da Plenum qərarında şərh edilməmişdir.

Belə ki, aydınlaşdırılmalıdır ki, CM-nın 79-cu maddəsi və CPM-nin 510-cu maddəsində göstərilən halda məhkum edilmiş hamilə qadınlar və ya 8 yaşına qədər uşağı olan qadınlar, habelə 8 yaşınadək uşağı təkbaşına böyüdən kişilər tərəfindən uşaq 8 yaşına çatanadək cəzanın çəkilməsinin təxirə salınması faktında hökmlə təyin edilmiş cəzanın icraya yönəldilməsi haqda hökm çıxarmış hakim (məhkəmə iclasına sədrlik edən) tərəfindən qanunla müəyyən olunmuş qaydada göstəriş verilmişdirmi? Belə ki, bu məsələ hökmün icrası qaydasında həll edilməli olan və ya hökmün icraya göndərilməsi məsələsinə baxılması qaydasında həll olunmalıdır.

Qanundan göründüyü kimi CM-nın 79-cu maddəsində göstərilən əsasda hökm üzrə məhkuma cəza təyin edilir, hökmlə təyin edilmiş cəzanın icrası üçün CPM-nın 506.0.1-ci maddəsinə əsasən göstəriş verilmir, hökm icra edilməsi üçün müvafiq müəssisə və ya orqana göndərilmir. Bu icra müvafiq şərtlə- uşaq 8 yaşına çatanadək təxirə salınır. R.A.Səlimova da Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 21 avqust 2008-ci il tarixli hökmünə əsasən CM-in 120.2.9-cu maddəsi ilə təqsirli bilinərək CM-in 62-ci maddəsi tətbiq olunmaqla 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 79.1-ci maddəsinə əsasən onun 05 yanvar 2003-cü il tarixində doğulmuş oğlu 8 (səkkiz) yaşına çatana kimi hökmün icrası təxirə salınmışdır. Məhkumun üzərində, nəzarətin həyata keçirilməsi Şabran (Dəvəçi rayon) icra qruppuna həvalə edilmişdir.

Hökmün qanunla müəyyən olunmuş qaydada icrası barədə göstəriş verilmədiyi, hökm icra olunması üçün göndərilmədiyi halda, hökmdə göstərilən azadlıqdan məhrum etmə cəzasının məhkum tərəfindən çəkilməyə başlanmadığı halda, cəzanın icrası zamanı ortaya çıxan məsələyə hansı məhkəmə tərəfindən baxılmasını tənzimləyən CPM-nin 519 və eləcə də 519.0.4-cü maddəsinin tətbiqindən də söhbət gedə bilməz. İcra üçün göndərilməmiş hökmlə təyin edilmiş cəzanın icrasına- cəzanın çəkilməsinə başlanılmadığına görə şərh olunan məsələyə AR CPM-nin 519-cu maddəsində nəzərdə tutulan məhkumun yaşayış yeri üzrə məhkəmə tərəfindən yox, bu hər iki halda hökmün icrasının təxirə salınmasının ləğvi CPM-nın 512.2-ci maddəsi qaydasında hökm çıxarmış məhkəmə tərəfindən həll edilməlidir.

CPM-nın 519.0.4-cü maddəsi qaydasında isə ancaq icraya yönəldilmiş hökmlərin məhkumun hökmlə təyin edilmiş cəzanın müəyyən hissəsini çəkdikdən sonra, hökmün icrası təxirə salındığı hallarda, bu təxirəsalmanın ləğv edilməsinə dair qaldırılmış məsələyə baxılmalıdır.

Bu məsələyə o vaxt CPM-nin 519.0.4-cü maddəsi qaydasında, məhkumun yaşayış yeri üzrə məhkəmə tərəfindən (CM-nin 79.2-ci maddəsində nəzərdə tutulan halda) baxıla bilər ki, məhkm edilmiş şəxs barəsində AR CİM-nin 172-ci maddəsi qaydasında hökmün icrası təxirə salınmış olsun. Bu halda təxirəsalmanın ləğvi də CPM-nin 519.0.4-cü maddəsi qaydasında AR CİM-nin 173-cü maddəsinə müvafiq olaraq həll edilməlidir. Belə ki, CİM-in 172.1 maddəsinə əsasən cəza çəkmə müəssisələrində cəza çəkən hamilə və azyaşlı uşaqları olan məhkum qadınların cəzalarının çəkilməsi məhkəmə tərəfindən, məhkumun ərizəsi əsasında (CİM-in 172.3-cü mad.) uşaq səkkiz yaşına çatanadək təxirə salına bilər.

Bu halda işə baxan məhkəmə üç gündən gec olmayaraq, məhkumun yaşayış yeri üzrə məhkəməyə azad etmə tarixi göstərilməklə cəzanın icrasının təxirə salınması haqqında qərarın surətini göndərir.  

Hökmün icra üçün göndərilməsi məsələsi məhkəmə nəzarəti qaydasında həll olunan məsələ olmadığına görə CPM-nin 512.2-ci maddəsinin həmin məcəllənin 74.9-cu maddəsində qeyd edilməsinə heç bir ehtiyac yoxdur. Bu baxımdan da CİM-nin 173-cü maddəsi ilə CPM-nin 512.2-ci maddəsi ziddiyyət təşkil etmədiyindən bu maddələrdə hər hansı düzəliş edilməsinə də zərurət yoxdur.

Beləliklə hökmlə məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi təxirə salınmışdırsa uşaq səkkiz yaşına çatdıqda, cəzanın çəkilməsinin təxirə salınmasının ləğv edilməsi və məhkumun azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün göndərilməsi cəzaları icra edən müəssisə və ya orqanın təqdimatına əsasən hökmü çıxarmış məhkəmə tərəfindən həyata keçrilir (CPM-in 506-cı və 512.2-ci mad.).

Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 172-ci maddəsinə əsasən cəza çəkmə müəssisələrində cəza çəkən hamilə və ya azyaşlı uşaqları olan məhkum qadınların cəzasının çəkilməsi məhkəmə qərarı ilə uşaq səkkiz yaşına çatanadək təxirə salınmışdırsa, uşaq səkkiz yaşına çatdıqda, məhkumun yaşayış yeri üzrə məhkəmə cəzaları icra edən müəssisənin və ya orqanın təqdimatı əsasında cəzanın çəkilməsi təxirə salınmış məhkumu cəzadan azad edə və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edə, yaxudda ki, məhkumu cəzanın qalan hissəsini çəkmək üçün göndərə bilər (CM-in 79.3-cü mad., CİM-in 173.2-173.4-cü mad. və CPM-in 519.0.3-cü və 519.0.4-cü mad.).

 

Hakim                                                                        İ.Nəcəfov