AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
AZƏRBAYCAN RESPUBLIKASI
KONSTITUSIYA MƏHKƏMƏSI PLENUMUNUN
QƏRARI
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin
512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair
10 fevral 2012-ci il
Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad
Abdullayev (sədr), Sona Salmanova, Fikrət Babayev (məruzəçi-hakim), Südabə
Həsənova, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən
ibarət tərkibdə,
məhkəmə katibi İsmayıl İsmayılovun,
maraqlı subyektlərin nümayəndələri Sumqayıt Apellyasiya Məhkəməsinin
hakimi Mübariz Zeynalovun, Aparat rəhbəri Müzəffər Ağazadənin, Azərbaycan
Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik
şöbəsinin baş məsləhətçisi Eldar Əsgərovun,
ekspert Bakı Dövlət Universitetinin Cinayət prosesi kafedrasının
dosenti, hüquq üzrə fəlsəfə doktoru Rauf Rüstəmovun,
mütəxəssis Azərbaycan Respublikası Prokurorluğunun Dövlət ittihamının
müdafiəsi üzrə idarəsinin rəis müavini, Apellyasiya və kassasiya instansiyaları
məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin rəisi Mürvət
Həsənovun iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI
hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə
iclasında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və
519.0.4-cü maddələrinin şərh edilməsinə dair Sumqayıt Apellyasiya
Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxdı.
İş üzrə hakim F.Babayevin məruzəsini, maraqlı subyektlərin
nümayəndələrinin və mütəxəssisin çıxışlarını, ekspertin rəyini dinləyib və iş
materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Sumqayıt Apellyasiya Məhkəməsi Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) ünvanladığı
müraciətində göstərmişdir ki, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan
Respublikası Məhkəməsinin 21 avqust 2008-ci il tarixli hökmünə əsasən
R.Səlimova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM)
120.2.9-cu maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 62-ci maddəsi tətbiq
olunmaqla 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in
79.1-ci maddəsinə əsasən məhkumun 5 yanvar 2003-cü il tarixində doğulmuş
oğlu səkkiz yaşına çatana kimi həmin cəzanın çəkilməsi təxirə salınmışdır.
Məhkumun üzərində nəzarətin həyata keçirilməsi Dəvəçi (Şabran) rayon Məhkəmə
Nəzarətçiləri və Məhkəmə İcraçıları Bölməsinə (hazırda Şabran rayon İcra Qrupu)
həvalə edilmişdir.
Şabran rayon İcra Qrupunun rəhbəri uşağın səkkiz yaşına çatması ilə
əlaqədar olaraq 17 yanvar 2011-ci il tarixində Şabran rayon məhkəməsinə cəzanın
çəkilməsinin təxirə salınmasının ləğv edilməsi və məhkum R.Səlimovanın cəzanın
çəkilməsi üçün göndərilməsi barədə təqdimat vermişdir.
Şabran rayon məhkəməsinin 2 fevral 2011-ci il tarixli qərarı ilə
material baxılması üçün hökm çıxarmış Bakı Ağır Cinayətlər Məhkəməsinə
göndərilmişdir. Qərar onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası
Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 512.2-ci maddəsinə əsasən
cəzanın çəkilməsinin təxirə salınmasının ləğv edilməsi və məhkumun azadlıqdan
məhrum etmə növündə cəzasının çəkilməsi üçün göndərilməsi hökm çıxarmış məhkəmə
tərəfindən həyata keçirilməlidir.
Məhkəmənin qərarından verilmiş apellyasiya protesti Sumqayıt
Apellyasiya Məhkəməsinin 3 iyun 2011-ci il tarixli qərarı ilə təmin
edilməmişdir.
Apellyasiya instansiyası məhkəməsinin qərarını əsassız hesab edən
dövlət ittihamçısı həmin qərardan kassasiya protesti vermişdir. Azərbaycan
Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 16 avqust 2011-ci il
tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilərək
material yeni apellyasiya baxışına qaytarılmışdır.
Sumqayıt Apellyasiya Məhkəməsi yenidən iş materiallarını araşdırarkən
CPM-in ərazi məhkəmə aidiyyətinə dair 512.2 və 519.0.4-cü maddələri arasında
cəzanın çəkilməsinin təxirə salınmasının ləğv edilməsi və məhkumun azadlıqdan
məhrum etmə növündə cəzanın çəkilməsi üçün göndərilməsi məsələsinə hökm
çıxarmış məhkəmə və ya məhkumun yaşayış yeri üzrə məhkəmə tərəfindən baxılması
ilə bağlı anlaşılmazlıqların olması və belə vəziyyətin təcrübədə
qeyri-müəyyənlik yaratması qənaətinə gəlmişdir.
Bu səbəbdən Sumqayıt Apellyasiya Məhkəməsi Konstitusiya Məhkəməsinə
müraciət edərək CPM-in 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsini xahiş
etmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə əlaqədar aşağıdakıların
qeyd edilməsini zəruri hesab edir.
CM-in 9-cu maddəsinin mənasına görə cinayət hüququ şəxsiyyəti,
zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə
sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə
durmalıdır.
Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin
differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət
tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin
təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir
tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən
şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad
edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm – cinayət törədən şəxslərə
cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə
institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir.
Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları
məhz bu prinsipə əsaslanır. Hamilə qadınların və ya səkkiz yaşına qədər uşağı
olan qadınların, habelə səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən
kişilərin cəzasının çəkilməsinin təxirə salınması da cinayət qanunvericiliyində
əksini tapmış humanizm prinsipinin reallaşdırılması vasitələrindən biridir. Bu
əsasla cəzanın təxirə salınmasında dövlətin məqsədi azyaşlı uşaqların qayğısına
qalmaq, ailəni qoruyub saxlamaq və azyaşlı uşaqlara zəruri valideyn qayğısı və
tərbiyəsini təmin etməkdir.
Cəzanın çəkilməsinin təxirə salınmasının tətbiq edilməsi iki
məqsəd daşıyır. Bir tərəfdən, bu yuxarıda qeyd edildiyi kimi, humanizmin
təcəssümü, digər tərəfdən isə cəzanın məqsədlərinə cəza real çəkilmədən nail
olmaq imkanıdır.
Cinayət qanunu cəzanın çəkilməsinin təxirə salınmasını bir neçə
əsaslarla şərtləndirmişdir:
- bu institut ancaq hamilə qadınlara, səkkiz yaşına
qədər uşağı olan qadınlara və səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən
kişilərə tətbiq edilir;
- şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə
təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti beş ildən artıq olan
şəxslərə tətbiq edilmir;
- şəxs uşağının tərbiyəsi ilə məşğul olmalıdır.
Bununla yanaşı, qeyd edilməlidir ki, cəzanın çəkilməsinin təxirə
salınması məsələsini həll edərkən məhkəmə bir sıra digər halları da nəzərə
almalıdır. Bu hallar sırasına məhkumun şəxsiyyəti, cəzanın çəkilməsi müddətində
davranışı, əməyə münasibəti, uşağa zəruri şəraiti təmin etmək imkanı, cinayət
əməli törədilənədək uşağın tərbiyəsinə olan münasibəti və s. aiddir. Bütün bu
hallar təxirə salmanın məqsədinə, yəni uşağa valideyn qayğısının təmin
olunmasına nail olmaq imkanını təsdiq etməlidir. Bu hallar olmadıqda isə təxirə
salma üçün zəruri olan əsaslar olsa belə, məhkəmə cəzanın çəkilməsini təxirə
salmaya bilər. Belə ki, cəzanın çəkilməsinin təxirə salınması məhkəmənin
vəzifəsi deyil, səlahiyyətidir.
Konstitusiya Məhkəməsi Plenumunun bu məsələ ilə əlaqədar formalaşdırdığı
hüquqi mövqeyinə əsasən səkkiz yaşınadək uşaqları olan bəzi məhkum edilmiş
şəxslərin cəzasının çəkilməsinin təxirə salınmasının mümkünlüyünü nəzərdə tutan
CM-in 79.1-ci maddəsi dispozitiv xarakter daşıyır və məsələ ilə bağlı
məhkəmənin vəzifəsini deyil, məhz hüququnu müəyyənləşdirir (Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinin Azərbaycan Respublikası
Konstitusiyasının 25-ci maddəsinin I, II və III hissələrinə, 26-cı maddəsinin
II hissəsinə, 28-ci maddəsinin I hissəsinə, 147-ci maddəsinə və 149-cu
maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair Konstitusiya
Məhkəməsi Plenumunun 02 mart 2010-cu il tarixli Qərarı).
Hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın
çəkilməsinin təxirə salınması məsələlərini CM-in 79-cu maddəsi tənzimləyir.
Həmin maddəyə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət
törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş
şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya səkkiz
yaşına qədər uşağı olan qadınlar, habelə səkkiz yaşına çatmamış uşağını
təkbaşına böyüdən kişilər tərəfindən uşaq səkkiz yaşına çatanadək cəzanın
çəkilməsini təxirə sala bilər.
Cinayət qanununda nəzərdə tutulmuş cəzanın çəkilməsinin təxirə
salınması qaydaları CPM-in hökm və ya məhkəmənin digər yekun qərarlarının
icrası qaydasında icraat fəslində nəzərdə tutulmuşdur. CPM-in 510.1-ci
maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda hamilə və ya
azyaşlı uşağı olan qadın, habelə səkkiz yaşına çatmamış uşağını təkbaşına
böyüdən kişi barəsində cəzanın çəkilməsi hökmü çıxarmış məhkəmə tərəfindən
uşağın səkkiz yaşı tamam olanadək təxirə salına bilər.
Qeyd edilməlidir ki, həmin şəxslərin cəzalarının çəkilməsinin təxirə
salınması məsələsi həm hökm çıxarılarkən, həm də onlar cəzaçəkmə
müəssisələrində cəza çəkərkən həll edilə bilər.
Cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərin cəzalarının
çəkilməsinin təxirə salınması məsələsi Azərbaycan Respublikası Cəzaların İcrası
Məcəlləsinin (bundan sonra – CİM) 172-ci maddəsilə tənzimlənir. Həmin maddəyə
görə cəzaçəkmə müəssisələrində cəza çəkən hamilə və azyaşlı uşaqları olan
məhkum qadınların, habelə səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən
kişilərin cəzalarının çəkilməsi məhkəmə tərəfindən uşaq səkkiz yaşına çatanadək
təxirə salına bilər. Hamilə və ya səkkiz yaşına qədər uşağı olan qadın, habelə
səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişi cəzasının çəkilməsinin
təxirə salınması haqqında məhkəməyə ərizə ilə müraciət edə bilər.
Göründüyü kimi, qanunverici hökmün çıxarılması zamanı ilə hökm
çıxarıldıqdan sonrakı zamanı fərqləndirməyərək, hər iki mərhələdə cəzanın
çəkilməsinin təxirə salınması səlahiyyətini hökmü çıxarmış məhkəməyə aid
etmişdir.
CM-in 79-cu maddəsində cəzanın çəkilməsinin təxirə salınması
institutunun tətbiqi ilə yanaşı, onun tətbiqinin doğurduğu bir sıra digər
məsələlər də tənzimlənmişdir. Belə ki, qanunverici CM-in 79.2 və 79.3-cü
maddələrində cəzanın çəkilməsinin təxirə salınmasının ləğv edilməsindən
və cəzanın çəkilməsinin təxirə salınması müddətinin bitməsindən bəhs edərək, bu
halları bir-birindən fərqləndirmiş, habelə onların hüquqi nəticələrini müəyyən
etmişdir.
Cəzanın çəkilməsinin təxirə salınmasının ləğv edilməsi CM-in 79.2-ci
maddəsində nəzərdə tutulmuş və onun məhkum edilmiş şəxslər üzərində nəzarəti
həyata keçirən müvafiq dövlət orqanının xəbərdarlığından sonra uşaqdan imtina
və uşağı tərbiyə etməkdən boyun qaçırma kimi iki əsası müəyyən edilmişdir.
Göstərilən əsaslar mövcud olduqda, məhkəmə məhkum edilmiş şəxslər üzərində
nəzarəti həyata keçirən dövlət orqanının təqdimatı əsasında cəzaçəkmənin təxirə
salınmasını ləğv edə və məhkumu cəzanı çəkmək üçün hökmlə müəyyən olunmuş yerə
göndərə bilər.
Cinayət qanununda cəzanın çəkilməsinin təxirə salınmasının ləğv edilməsi
ilə cəzanın çəkilməsinin təxirə salınması müddətinin bitməsi fərqləndirildiyi
kimi onların prosessual qaydaları da mövcud qanunvericilikdə fərqli müəyyən
edilmişdir.
Cəzanın çəkilməsinin təxirə salınmasının ləğv edilməsi və məhkumun
azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi üçün göndərilməsi məsələsi
CPM-in ittiham hökmünün icrası müddətinin başa çatmasına görə cəza çəkməkdən
azad etmə, habelə cəzanın çəkilməsinin təxirə salınmasının ləğv edilməsindən
bəhs edən 512-ci maddəsi ilə tənzimlənir. Belə ki, CPM-in 512.2-ci maddəsinə
əsasən cəzanın çəkilməsinin təxirə salınmasının ləğv edilməsi və məhkumun
azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün göndərilməsi cəzaları icra edən
müəssisə və ya orqanın təqdimatına əsasən cinayət qanununun müddəalarına
müvafiq olaraq hökm çıxarmış məhkəmə tərəfindən həyata keçirilir. Adından və
məzmunundan da göründüyü kimi, bu maddə cəzanın çəkilməsinin təxirə
salınmasının ləğv edilməsi məsələsinin tənzimlənməsi qaydasını müəyyən edir.
CM-in 79.3-cü maddəsi isə müvafiq olaraq cəzanın çəkilməsinin təxirə
salınması müddətinin bitməsindən (uşaq səkkiz yaşına çatdıqda) və onun hüquqi
nəticələrindən bəhs edir. Həmin maddəyə əsasən uşaq səkkiz yaşına çatdıqda,
məhkəmə məhkum edilmiş şəxsi cəzanın çəkilməmiş hissəsindən azad edir və ya
cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz edir, yaxud məhkum
edilmiş şəxsi cəzanın qalan hissəsini çəkmək üçün müvafiq müəssisəyə göndərir.
CM-in 79.3-cü maddəsindən göründüyü kimi, bu mərhələdə məhkəmə üç növ
qərar qəbul edə bilər:
· məhkumun islah olunduğunu nəzərə alaraq, onu icrası təxirə
salınmış cəzadan tamamilə azad edə bilər;
· icrası təxirə salınmış, yaxud çəkilməmiş hissəsinin icrası
təxirə salınmış cəzanı başqa yüngül cəza ilə əvəz edə bilər;
· icrası təxirə salınmış cəzanı çəkmək üçün məhkumu cəzaçəkmə
yerinə göndərə bilər.
Cəzanın çəkilməsinin təxirə salınması müddətinin bitməsi ilə əlaqədar
sözügedən məsələlərə baxılması CPM-in cəzaları icra edən müəsissə və ya
orqanların təqdimatı əsasında hökmün və ya məhkəmənin digər yekun qərarının
icrasına dair başqa məsələlərin həll edilməsindən bəhs edən 519-cu maddəsi ilə
tənzimlənir. Qanunverici həmin maddədə nəzərdə tutulmuş “hökmün və ya
məhkəmənin digər yekun qərarının icrasına dair başqa məsələlər” sırasına
cəzanın çəkilməsi təxirə salınmış məhkumun cəzadan azad edilməsi, eləcə də
məhkumun azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi üçün göndərilməsi də
daxil edilmişdir (CPM-in 519.0.3-519.0.4-cü maddələri).
Belə ki, CM-in 79.3-cü maddəsində nəzərdə tutulmuş cəzanın çəkilməsi
təxirə salınmış məhkumun təxirə salma müddəti bitdikdən sonra cəzadan azad
edilmənin prosessual qaydası CPM-in 519.0.3-cü maddəsi ilə tənzimlənir. Həmin
maddəyə əsasən məhkumun yaşayış yeri üzrə məhkəmə cəzaları icra edən
müəssisənin və ya orqanın təqdimatı əsasında cəzanın çəkilməsi təxirə salınmış
məhkumun cəzadan azad edilməsi barədə məsələyə baxır.
Bununla yanaşı qeyd edilməlidir ki, CM-in 79.3-cü maddəsində nəzərdə
tutulmuş məhkumun təxirə salma müddəti bitdikdən sonra cəzasının daha yüngül
cəza ilə əvəz edilməsinin prosessual qaydası CPM-də nəzərdə tutulmamışdır.
Sözügedən məsələnin cinayət-prosessual qanunvericiliyində əksini tapmaması
hüquqtətbiqetmə təcrübəsində müəyyən çətinliklərin yaranmasına səbəb ola bilər.
Bu mənada, “daha yüngül cəza ilə əvəz etmə”yə nisbətən “cəzadan azad
etmə”nin qanunverici tərəfindən məhkəməyə verilmiş daha geniş hüquq olduğunu
nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, həmin
Məcəllənin 519.0.3-cü maddəsi qeyd olunan şəxslərin cəzalarının daha yüngül
cəza ilə əvəz edilməsi məsələsinin prosessual qaydasına da şamil
edilməlidir.
Bundan başqa, CM-in 79.3-cü maddəsinə əsaslanaraq, məhkəmə cəzanın
çəkilməsi təxirə salınmış məhkumun təxirə salma müddəti bitdikdən sonra
cəzaları icra edən müəssisə və ya orqanın təqdimatı əsasında məhkumu azadlıqdan
məhrum etmə növündə cəzanın çəkilməsi üçün göndərə bilər.
Təxirə salma müddəti bitdikdən sonra (uşaq səkkiz yaşına çattıqda)
məhkumun azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi üçün göndərilməsinin
prosessual qaydası isə CPM-in 519.0.4-cü maddəsi ilə tənzimlənmişdir. Belə ki,
CPM-in 519.0.4-cü maddəsinə əsasən məhkumun yaşayış yeri üzrə məhkəmə cəzaları
icra edən müəssisə və ya orqanın təqdimatı əsasında cəzanın çəkilməsinin təxirə
salınmasını ləğv edə və məhkumu azadlıqdan məhrum etmə növündə cəzanın
çəkilməsi üçün göndərə bilər. Maddənin məzmunundan göründüyü kimi, qanunverici
bu halda da məhkəmənin üzərinə məhkumun azadlıqdan məhrum etmə növündə cəzanın
çəkilməsi üçün göndərilməsi ilə əlaqədar cəzanın çəkilməsinin təxirə
salınmasını ləğv etmək vəzifəsini qoymuşdur.
Lakin qanunverici CPM-in 512.2-ci maddəsində qeyd olunan təxirə
salmanın ləğv edilməsi ilə həmin Məcəllənin 519.0.4-cü maddəsindəki təxirə
salmanın ləğv etməsi institutlarını fərqləndirməmişdir. Bu isə öz növbəsində,
həmin normaların tətbiqi zamanı məhkəmə təcrübəsində qeyri-müəyyənlik yaradır.
Mövcud qanunvericiliyin normalarından çıxış edərək Konstitusiya
Məhkəməsinin Plenumu belə qənaətə gəlir ki, qanunverici CPM-in 512.2-ci
maddəsində nəzərdə tutulan cəzanın çəkilməsinin təxirə salınmasının ləğv
edilməsini CM-in 79.2-ci maddəsi ilə, CPM-in 519.0.4-cü maddəsində nəzərdə
tutulan cəzanın çəkilməsinin təxirə salınmasının ləğv edilməsini isə CM-in
79.3-cü maddəsində qeyd olunan yalnız azadlıqdan məhrum etmə növündə cəzanın
çəkilməsi üçün göndərilməsi ilə əlaqələndirmişdir. Bu məsələdə
qeyri-müəyyənliyin yaranmasına yol verilməməsi üçün “cəzanın çəkilməsinin
təxirə salınmasının ləğv edilməsi” “azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi
üçün göndərilmə”ni şərtləndirən prosessual zərurət kimi qəbul
edilməlidir.
Beləliklə, CM-in 79.3-cü maddəsində nəzərdə tutulmuş hal (uşaq səkkiz
yaşına çatdıqda) baş verdikdə məhkumun yaşayış yeri üzrə məhkəmə CPM-in 519.0.3
və 519.04-cü maddələrinə uyğun olaraq cəzaları icra edən müəssisənin və ya
orqanın təqdimatı əsasında cəzanın çəkilməsi təxirə salınmış məhkumun cəzadan
azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz
edilməsi, yaxud cəzanın çəkilməsinin təxirə salınmasını ləğv edərək məhkumun
azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi üçün göndərilməsi məsələlərinə
baxır.
Yuxarıda göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin
Plenumu qeyd edir ki, təxirə salma müddəti bitdikdə (uşaq səkkiz yaşına çatdıqda)
məhkumun yaşayış yeri üzrə məhkəmə cəzaları icra edən müəssisənin və ya orqanın
təqdimatını, məhkumun şəxsiyyətini, törədilmiş cinayətin xarakterini və ictimai
təhlükəlilik dərəcəsini, cəzanın çəkilməsinin təxirə salındığı dövrdə məhkumun
davranışını və islah olunmasını, habelə həmin dövrdə uşağın tərbiyə edilməsinə
münasibətini nəzərə alaraq məhkumun cəzadan azad edilməsi və ya cəzanın
çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəz edilməsi (CPM-in 519.0.3-cü
maddəsi), yaxud cəzanın çəkilməsinin təxirə salınmasını ləğv edərək məhkumun
azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi üçün göndərilməsi (CPM-in
519.0.4-cü maddəsi) barədə qərar qəbul edə bilər.
Konstitusiya Məhkəməsinin Plenumu həmçinin aşağıdakıların qeyd
edilməsini vacib hesab edir.
Hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında
materialların birinci instansiya məhkəmələrinə aidiyyəti cinayət-prosessual
qanunvericiliyin xüsusi normaları ilə tənzimlənir. CPM-in 66-77-ci maddələri
ilə müəyyən edilmiş qaydalar, həmçinin cinayət işinin tez, hərtərəfli və
obyektiv baxılmasına yönəlmişdir. CPM-in ərazi üzrə məhkəmə aidiyyəti
məsələsini tənzimləyən 74.9-cu maddəsinə əsasən məhkəmə nəzarətinin həyata
keçirilməsi qaydasında, habelə hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
qaydasında materiallara birinci instansiya məhkəmələrində aidiyyəti üzrə
baxılması bu Məcəllənin 442.1, 510.1, 511.1, 512.1, 513.1, 514.1, 515.2,
516-519-cu maddələri ilə müəyyən olunur.
Göründüyü kimi, qeyd olunan maddədə hökm və ya məhkəmənin digər yekun
qərarlarının icrası qaydasında işlərə baxılması ilə əlaqədar cəzanın
çəkilməsinin təxirə salınmasının ləğv edilməsi məsələsini tənzimləyən CPM-in
512.2-ci maddəsi sadalanan maddələr sırasına daxil edilməmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, CPM-in 512.2-ci
maddəsinin hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında
işlərə baxılması ilə əlaqədar cəzanın çəkilməsinin təxirə salınmasının ləğv
edilməsi məsələsini tənzimlədiyini və buna uyğun olaraq onun CPM-in müvafiq
fəslində əks olunmasını nəzərə alaraq, həmin maddənin CPM-in 74.9-cu maddəsində
sadalanmaması onun hüquqtətbiqetmə təcrübəsində tətbiqini istisna etmir.
Bununla belə, bu çatışmazlığın da aradan qaldırılması hüquqi müəyyənlik
prinsipinə xidmət etmiş olar.
Bundan əlavə, CİM-in 173.3-cü maddəsində müəyyən edilmişdir ki,
məhkum xəbərdarlıqdan sonra uşaqdan imtina etdiyi və ya uşağı tərbiyə etməkdən
boyun qaçırmaqda davam etdiyi halda, icra məmuru məhkumun yaşayış yeri üzrə
məhkəməyə cəzanın çəkilməsinin təxirə salınmasının ləğvi və məhkumun hökmlə
müəyyən olunmuş cəzanın icrası yerinə göndərilməsi haqqında təqdimat verir.
Göründüyü kimi, sözügedən maddədə bu məsələnin həll edilməsi üçün icra
məmuru tərəfindən cəzanın çəkilməsinin təxirə salınmasının ləğvi və məhkumun
hökmlə müəyyən olunmuş cəzanın icrası yerinə göndərilməsi haqqında təqdimatın
məhkumun yaşayış yeri üzrə məhkəməyə verilməsi nəzərdə tutulmuşdur.
Bu isə öz növbəsində, yuxarıda göstərildiyi kimi, sözügedən məsələnin
prosessual qaydasını hal-hazırda tənzimləyən CPM-in 512.2-ci maddəsi ilə
uzlaşmır. Belə ki, məhkəmə aidiyyətinin müstəsna olaraq
cinayət-prosessual qanunvericiliyində müəyyən olunması prinsipi CPM-in 29.2-ci
maddəsində təsbit olunmuşdur. Həmin normaya müvafiq olaraq bu Məcəllədə nəzərdə
tutulmuş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır.
Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, Sumqayıt
Apellyasiya Məhkəməsinin müraciətində qaldırılan məsələyə cinayət,
cinayət-prosessual və cəzaların icrası qanunvericiliklərinin mövcud
müddəalarına əsaslanaraq şərh verilmişdir. Bununla belə, qeyd olunanlardan
görünür ki, təxirə salma müddəti bitdikdən sonra cəzanın daha yüngül cəza ilə
əvəz edilməsinin, məhkumun azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi
üçün göndərilməsinin prosessual qaydalarının, habelə CPM-in 74.9-cu maddəsinin
natamamlığı və CİM-in müddəalarının prosessual qanunvericiliyə uyğun olmaması
qanunvericilikdə boşluq və ziddiyyətləri yaratmaqla məhkəmə təcrübəsində
qeyri-müəyyənliyə səbəb olur.
Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki,
cəzanın çəkilməsinin təxirə salınması və ondan irəli gələn məsələlərin hansı
məhkəmədə baxılması qanunvericilikdə aydın və birmənalı göstərilməlidir. Bu
tələb Azərbaycan Respublikasının Konstitusiyasında (bundan sonra –
Konstitusiya) təsbit olunmuş insan və vətəndaş hüquqlarının və azadlıqlarının
məhkəmə hakimiyyəti tərəfindən qorunması, habelə hüquq və azadlıqların məhkəmə
təminatı prinsiplərindən irəli gəlir (Konstitusiyanın 60 və 71-ci maddələri).
Konstitusiyanın 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən
edilmiş məhkəmədə baxılması hüququ vardır.
Bu Konstitusiya normaları beynəlxalq müqavilələrə, eləcə də “İnsan hüquqlarının
və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə
əsaslanır. Həmin norma ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin
hüquqi mövqeyinə əsasən “qanun əsasında yaradılmış məhkəmə” Konvensiya və onun
Protokolları ilə müəyyən olunmuş müdafiə sisteminə xas olan hüququn aliliyi
prinsipini əks etdirir. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin mənasında
“qanun” məhkəmə orqanlarının yaradılması və onların səlahiyyətinə aid
qanunvericiliyi ehtiva edir. Müvafiq olaraq, məhkəmə daxili qanunvericilik
əsasında tətbiq edilən müddəalara uyğun olaraq təqsirləndirilən şəxsin işinə
baxmağa səlahiyyətli deyilsə, bu məhkəmə Konvensiyanın 6-cı maddəsinin 1-ci
bəndinin mənasında “qanun əsasında yaradılmış” hesab edilə bilməz (Coëme və
digərləri Belçikaya qarşı, 32492/96 və s., 22 iyul 2000-ci il, §§ 99 və
107-108).
Bundan irəli gələrək, qeyd edilməlidir ki, demokratik hüquqi dövlətdə
cinayət işlərinin məhkəmə aidiyyəti cinayət mühakimə icraatında şəxsin
hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən
institutlardan biri olduğu üçün məhkəmələrin aidiyyət meyarları
cinayət-prosessual qanunvericiliyində dəqiq müəyyən edilməlidir, əks təqdirdə
məhkəmə, tərəflər və prosesin digər iştirakçıları qarşısında bu və ya digər işin
hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənlik yaranmış olar. Belə
qeyri-müəyyənlik işə baxılmasını ləngidə, bununla da şəxsin işinə məhkəmə
tərəfindən ağlabatan müddətdə baxılması hüququnu poza bilər. İşlərin aidiyyət
qaydalarına riayət edilməməsi isə işlərə səlahiyyətli məhkəmə tərəfindən
baxılması tələbini, eləcə də məhkəmə müdafiəsi hüququnu pozmuş olar.
Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri
hesab edir ki, qanunverici cinayət prosesinin həyata keçirilməsi üçün məhkəmə
aidiyyətinin elə prosessual qaydalarını dəqiq müəyyən etməlidir ki, onlar
prosessual səmərəlilik və qənaət tələblərinə cavab versin. Yuxarıda təhlil
edilən məsələlərin məhkumun yaşayış yeri üzrə məhkəmənin səlahiyyətinə aid
edilməsi prosessual qənaət prinsipinə cavab verməklə məhkəmə icraatının rahat
və səmərəli olmasına, yəni yüksək nəticələrin minimum vasitələrlə əldə
edilməsinə xidmət etmiş olar.
Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu
aşağıdakı nəticəyə gəlir:
· CPM-in 512.2-ci maddəsinin müddəalarına əsasən CM-in 79.2-ci
maddəsində göstərilən hallarda cəzanın çəkilməsinin təxirə salınmasının ləğv
edilməsi və məhkumun azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün
göndərilməsi cəzaları icra edən müəssisə və ya orqanın təqdimatına əsasən
hökm çıxarmış məhkəmə tərəfindən həyata keçirilir;
· CPM-in 519.0.3 və 519.0.4-cü maddələrinə müvafiq olaraq CM-in
79.3-cü maddəsində göstərilən halda, yəni uşaq səkkiz yaşına çatdıqda, məhkum
edilmiş şəxsin cəzadan azad edilməsi və ya cəzanın çəkilməmiş hissəsinin daha
yüngül cəza növü ilə əvəz edilməsi, yaxud cəzanın qalan hissəsini çəkmək üçün
müvafiq müəssisəyə göndərilməsi cəzaları icra edən müəssisə və ya orqanın
təqdimatı əsasında məhkumun yaşayış yeri üzrə məhkəmə tərəfindən həyata keçirilir;
· Cinayət-Prosessual Məcəlləsinin qeyd olunan maddələri
qanunvericilik qaydasında təkmilləşdirilənədək həmin müddəalar Konstitusiya
Məhkəməsi Plenumunun bu Qərarda formalaşdırdığı hüquqi mövqeyinə uyğun tətbiq
edilməlidir.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI
hissəsini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun
60, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI :
1. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2-ci
maddəsinin müddəalarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
79.2-ci maddəsində göstərilən hallarda cəzanın çəkilməsinin təxirə salınmasının
ləğv edilməsi və məhkumun azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün
göndərilməsi cəzaları icra edən müəssisə və ya orqanın təqdimatına əsasən
hökm çıxarmış məhkəmə tərəfindən həyata keçirilir.
2. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 519.0.3 və
519.0.4-cü maddələrinə müvafiq olaraq Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 79.3-cü maddəsində göstərilən halda, yəni uşaq səkkiz yaşına
çatdıqda, məhkum edilmiş şəxsin cəzadan azad edilməsi və ya cəzanın çəkilməmiş
hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, yaxud cəzanın qalan
hissəsini çəkmək üçün müvafiq müəssisəyə göndərilməsi cəzaları icra edən
müəssisə və ya orqanın təqdimatı əsasında məhkumun yaşayış yeri üzrə məhkəmə
tərəfindən həyata keçirilir.
3. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin qeyd
olunan maddələri qanunvericilik qaydasında təkmilləşdirilənədək həmin müddəalar
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarda
formalaşdırdığı hüquqi mövqeyinə uyğun tətbiq edilməlidir.
4. Qərar dərc olunduğu gündən qüvvəyə minir.
5. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi”
qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda
dərc edilsin.
6. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə,
dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
Sədr Fərhad
Abdullayev
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun
10 fevral 2012-ci il tarixli
qərarından hakim İ.Ə.Nəcəfovun
X Ü S U S İ R Ə Y İ
Sumqayıt Apellyasiya Məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə sorğu
ilə müraciət edərək Azərbaycan Respublikası Cinayət Prosessual
Məcəlləsinin (bundan sonra CPM) 512.2 və 519.4-cü
maddələrinin şərh olunmasını xahiş etmişdir
Sorğuda qeyd olunur ki, Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan
Respublikası Məhkəməsinin 21.08.2008-ci il tarixli hökmünə əsasən Səlimova
Rasimə Ağamalı qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra
CM) 120.2.9-cu maddəsi liə təqsirli bilinərək həmin məcəllənin 62-ci maddəsi
tətbiq olunmaqla 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş,
CM-nin 79.1-ci maddəsinə əsasən məhkumun 05.01.2003-cü il tarixdə anadan olmuş
oğlu 8 yaşına çatana kimi hökmün icrası təxirə salınmışdır. Məhkumun üzərində
nəzarətin həyata keçirilməsi Şabran (Dəvəçi) rayon Məhkəmə Nəzarətçiləri və
Məhkəmə İcraçıları bölməsinə (icra qrupu) həvalə edilmişdir.
Şabran rayon icra qrupupunun rəhbəri uşağın 8 yaşına çatması liə
əlaqədar olaraq Şabran rayon Məhkəməsinə hökmün icrasının təxirə salınmasının
ləğv edilməsi və məhkumun cəzaçəkmə yerinə göndərilməsi üçün təqdimat
vermişdir.
Şabran rayon Məhkəməsinin 02.02.2011-ci il tarixli qərarı liə
material baxılması üçün hökmü çıxaran Bakı Ağır Cinayətlər Məhkəməsinə
göndərilmişdir. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, CPM-nin 512.2-ci
maddəsinə əsasən cəzanın çəkilməsinin təxirə salınmasının ləğv edilməsi və
məhkumun cəzanın çəkilməsi üçün göndərilməsi hökmü çıxarmış məhkəmə tərəfindən
həll edilməlidir.
Şabran rayon Məhkəməsinin qərarı Sumqayıt Apellyasiya Məhkəməsi
tərəfindən əsaslı hesab olunmuş, Azərbaycan Respublikası Ali Məhkəməsi Cinayət
Kollegiyasının qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ləğv
edilmiş, material yeni Apellyasiya baxışına qaytarılmışdır.
Sumqayıt Apellyasiya Məhkəməsində iş materialları araşdırılarkən
CPM-nin 512.2 və 519.0.4-cü maddələri arasında anlaşılmazlığın olması qənaətinə
gəlinərək həmin maddələrin şərh edilməsi üçün Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinə müraciət olunmuşdur.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qərara
gəlmişdir ki; CM-nın 79.2-ci maddəsinə müvafiq olaraq cəzanın çəkilməsini
təxirə salınmasının ləğv edilməsi və məhkumun azadlıqdan məhrum etmə cəzasının
çəkilməsi üçün göndərilməsi cəzaları icra edən müəssisə və ya orqanın
təqdimatına əsasən CPM-nin 512.2-ci maddəsində nəzərdə tutulan qaydada hökmü
çıxarmış məhkəmə tərəfindən həyata keçirilir.
CM-nın 79.3-cü maddəsinə müvafiq olaraq isə uşaq 8 yaşına çatdıqda
məhkum edilmiş şəxsin cəzanın qalan hissəsini çəkmək üçün müvafiq müəssisəyə
göndərilməsi cəzaları icra edən müəssisə və ya orqanın təqdimatına əsasən
CPM-nin 519.0.4-cü maddəsinə əsasən məhkumun yaşayış yeri üzrə məhkəmə
tərəfindən həyata keçirilir.
Konstitusiya Məhkəməsinin Plenumu bununla əlaqədar qərarda həmçinin
göstərmişdir ki; CPM-nin 74.9-cu madəsində sadalanan maddələr sırasına həmin
məcəllənin 512.2-ci maddəsinin əlavə edilməsi və CİM-nin 173.3-cü maddəsinin
CPM-nın 512.2-ci maddəsi ilə uyğunlaşdırılması Milli Məclisə tövsiyyə edilsin.
Qeyd olunmalıdır ki, CM-nın 79.2-ci maddəsində nəzərdə
tutulmuşdur ki, bu məcəllənin 79.1-ci maddəsində nəzərdə tutulmuş qadınlar
(həmçinin kişilər), məhkum edilmiş şəxslər üzərində nəzarət həyata keçirən
müvafiq dövlət orqanının xəbərdarlığından sonra uşaqdan imtina etdiyi və ya
uşağı tərbiyə etməkdən boyun qaçırmaqda davam etdiyi halda məhkəmə həmin
orqanın təqdimatı əsasında cəzaçəkmənin təxirə salınmasını ləğv edə və məhkumun
cəzanı çəkmək üçün hökmlə müəyyən olunmuş yerə göndərə bilər.
CM-nın 79.3-cü maddəsində isə nəzərdə tutulmuşdur ki, uşaq 8 yaşına
çatdıqda məhkəmə məhkum edilmiş qadını (həmçinin kişilər) cəzanın çəkilməmiş
hissəsindən azad edir və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü
ilə əvəz edir, yaxud məhkum edilmiş qadını (həmçinin kişilər) cəzanın
çəkilməmiş hissəsini çəkmək üçün müvafiq müəssisəyə göndərir.
CPM-nın 512.2-ci maddəsində nəzərdə tutulur ki, cəzanın çəkilməsinin
təxirə salınmasının ləğv edilməsi və məhkumun azadlıqdan məhrum etmə cəzasının
çəkilməsi üçün göndərilməsi cəzaları icra edən müəssisə və ya orqanın
təqdimatına əsasən cinayət qanununun müddəalarına müvafiq olaraq hökm çıxarmış
məhkəmə tərəfindən həyata keçirilir.
CPM-nın 519.0 və 519.0.4-cü maddəsində isə nəzərdə tutulur ki,
məhkumun yaşayış yeri üzrə məhkəmə cəzaları icra edən müəssisə və ya orqanın
təqdimatına əsasən hökmün və ya məhkəmənin digər yekun qərarının icrası liə
əlaqədar aşağıdakı məsələlərə baxır:
- cəzanın çəkilməsinin təxirə salınmasının ləğv edilməsi və məhkumun
azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi üçün göndərilməsi barədə.
Hökmlə təyin edilmiş cəzanın icrasının təxirə salınmasının ləğvinin
qanunda iki halı nəzərdə tutulmuşdur.
Belə ki, 1) CM-nin 79.2-ci maddəsində nəzərdə tutulan və 2) həmçinin
CM-nin 79.3-cü maddəsində nəzərdə tutulan hallar.
Birinci halda təxirə salma ləğv edilirsə hökm icra edilməsi üçün
göndərilir.
İkinci halda isə işə baxan hakimə üç qərardan birinin qəbul edilməsi
hüququ verilir.
Bu iki halın birincisində hökmlə təyin edilmiş cəzanın icra edilməsi
üçün göndərilməməsi, bu barədə lazımi göstəriş verilməməsi, hökmün icraya
yönəldilməsi üçün hökm çıxarmış məhkəmə tərəfindən göstəriş verilməli olması-
bu məsələyə baxılmalı olması, ikinci halda isə hökmün icraya yönəldilməsi
qənaətinə gəlinib, hökmün icrası prosesində ortaya çıxan məsələ kimi nəzərə
alınıb məhkumun yaşayış yeri üzrə məhkəmə tərəfindən bu məsələyə baxılmalı
olması fikri düzgün olmamaqla biri-biri ilə tam ziddiyyət təşkil edir və
eyni məsələyə iki cür qiymət verilməyə səbəb olur.
Hesab edirəm ki, burada iki məsələnin aydınlaşdırılması- izah
edilməsi lazımdır ki, bu da Plenum qərarında şərh edilməmişdir.
Belə ki, aydınlaşdırılmalıdır ki, CM-nın 79-cu maddəsi və CPM-nin
510-cu maddəsində göstərilən halda məhkum edilmiş hamilə qadınlar və ya 8
yaşına qədər uşağı olan qadınlar, habelə 8 yaşınadək uşağı təkbaşına böyüdən
kişilər tərəfindən uşaq 8 yaşına çatanadək cəzanın çəkilməsinin təxirə
salınması faktında hökmlə təyin edilmiş cəzanın icraya yönəldilməsi haqda hökm
çıxarmış hakim (məhkəmə iclasına sədrlik edən) tərəfindən qanunla müəyyən
olunmuş qaydada göstəriş verilmişdirmi? Belə ki, bu məsələ hökmün icrası
qaydasında həll edilməli olan və ya hökmün icraya göndərilməsi məsələsinə
baxılması qaydasında həll olunmalıdır.
Qanundan göründüyü kimi CM-nın 79-cu maddəsində göstərilən əsasda
hökm üzrə məhkuma cəza təyin edilir, hökmlə təyin edilmiş cəzanın icrası üçün
CPM-nın 506.0.1-ci maddəsinə əsasən göstəriş verilmir, hökm icra edilməsi üçün
müvafiq müəssisə və ya orqana göndərilmir. Bu icra müvafiq şərtlə- uşaq 8
yaşına çatanadək təxirə salınır. R.A.Səlimova da Ağır Cinayətlərə Dair İşlər
Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 21 avqust 2008-ci il tarixli hökmünə
əsasən CM-in 120.2.9-cu maddəsi ilə təqsirli bilinərək CM-in 62-ci maddəsi
tətbiq olunmaqla 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum
edilmiş, CM-in 79.1-ci maddəsinə əsasən onun 05 yanvar 2003-cü il tarixində
doğulmuş oğlu 8 (səkkiz) yaşına çatana kimi hökmün icrası təxirə salınmışdır.
Məhkumun üzərində, nəzarətin həyata keçirilməsi Şabran (Dəvəçi rayon) icra
qruppuna həvalə edilmişdir.
Hökmün qanunla müəyyən olunmuş qaydada icrası barədə göstəriş
verilmədiyi, hökm icra olunması üçün göndərilmədiyi halda, hökmdə göstərilən
azadlıqdan məhrum etmə cəzasının məhkum tərəfindən çəkilməyə başlanmadığı
halda, cəzanın icrası zamanı ortaya çıxan məsələyə hansı məhkəmə tərəfindən
baxılmasını tənzimləyən CPM-nin 519 və eləcə də 519.0.4-cü maddəsinin
tətbiqindən də söhbət gedə bilməz. İcra üçün göndərilməmiş hökmlə təyin edilmiş
cəzanın icrasına- cəzanın çəkilməsinə başlanılmadığına görə şərh olunan
məsələyə AR CPM-nin 519-cu maddəsində nəzərdə tutulan məhkumun yaşayış yeri
üzrə məhkəmə tərəfindən yox, bu hər iki halda hökmün icrasının təxirə
salınmasının ləğvi CPM-nın 512.2-ci maddəsi qaydasında hökm çıxarmış məhkəmə
tərəfindən həll edilməlidir.
CPM-nın 519.0.4-cü maddəsi qaydasında isə ancaq icraya yönəldilmiş
hökmlərin məhkumun hökmlə təyin edilmiş cəzanın müəyyən hissəsini çəkdikdən
sonra, hökmün icrası təxirə salındığı hallarda, bu təxirəsalmanın ləğv
edilməsinə dair qaldırılmış məsələyə baxılmalıdır.
Bu məsələyə o vaxt CPM-nin 519.0.4-cü maddəsi qaydasında, məhkumun
yaşayış yeri üzrə məhkəmə tərəfindən (CM-nin 79.2-ci maddəsində nəzərdə tutulan
halda) baxıla bilər ki, məhkm edilmiş şəxs barəsində AR CİM-nin 172-ci maddəsi
qaydasında hökmün icrası təxirə salınmış olsun. Bu halda təxirəsalmanın ləğvi
də CPM-nin 519.0.4-cü maddəsi qaydasında AR CİM-nin 173-cü maddəsinə müvafiq
olaraq həll edilməlidir. Belə ki, CİM-in 172.1 maddəsinə əsasən cəza çəkmə
müəssisələrində cəza çəkən hamilə və azyaşlı uşaqları olan məhkum qadınların
cəzalarının çəkilməsi məhkəmə tərəfindən, məhkumun ərizəsi əsasında (CİM-in
172.3-cü mad.) uşaq səkkiz yaşına çatanadək təxirə salına bilər.
Bu halda işə baxan məhkəmə üç gündən gec olmayaraq, məhkumun yaşayış
yeri üzrə məhkəməyə azad etmə tarixi göstərilməklə cəzanın icrasının təxirə
salınması haqqında qərarın surətini göndərir.
Hökmün icra üçün göndərilməsi məsələsi məhkəmə nəzarəti qaydasında
həll olunan məsələ olmadığına görə CPM-nin 512.2-ci maddəsinin həmin məcəllənin
74.9-cu maddəsində qeyd edilməsinə heç bir ehtiyac yoxdur. Bu baxımdan da
CİM-nin 173-cü maddəsi ilə CPM-nin 512.2-ci maddəsi ziddiyyət təşkil
etmədiyindən bu maddələrdə hər hansı düzəliş edilməsinə də zərurət yoxdur.
Beləliklə hökmlə məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə
cəzasının çəkilməsi təxirə salınmışdırsa uşaq səkkiz yaşına çatdıqda, cəzanın
çəkilməsinin təxirə salınmasının ləğv edilməsi və məhkumun azadlıqdan məhrum
etmə cəzasının çəkilməsi üçün göndərilməsi cəzaları icra edən müəssisə və ya
orqanın təqdimatına əsasən hökmü çıxarmış məhkəmə tərəfindən həyata keçrilir
(CPM-in 506-cı və 512.2-ci mad.).
Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 172-ci
maddəsinə əsasən cəza çəkmə müəssisələrində cəza çəkən hamilə və ya azyaşlı
uşaqları olan məhkum qadınların cəzasının çəkilməsi məhkəmə qərarı ilə uşaq
səkkiz yaşına çatanadək təxirə salınmışdırsa, uşaq səkkiz yaşına çatdıqda,
məhkumun yaşayış yeri üzrə məhkəmə cəzaları icra edən müəssisənin və ya orqanın
təqdimatı əsasında cəzanın çəkilməsi təxirə salınmış məhkumu cəzadan azad edə
və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edə, yaxudda
ki, məhkumu cəzanın qalan hissəsini çəkmək üçün göndərə bilər (CM-in 79.3-cü
mad., CİM-in 173.2-173.4-cü mad. və CPM-in 519.0.3-cü və 519.0.4-cü mad.).
Hakim
İ.Nəcəfov