Decisions

12.10.26 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I, III, IV və V hissələrinə, 71-ci maddəsinin I və II hissələrinə və 149-cu maddəsinin I və III hissələrinə uyğunluğu

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R  I

 

 

Azərbaycan  Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I, III, IV və V hissələrinə, 71-ci maddəsinin I və II hissələrinə və 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair

 

 

12 oktyabr 2026-cı il                                                                                Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Humay Əfəndiyeva, Rauf Quliyev, Otari Qvaladze, Fikrət Məmmədov, İsa Nəcəfov, Rəşid Rzayev, Fərhad Tutayuk (məruzəçi-hakim) və Xanlar Vəliyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 32-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, konstitusiya məhkəmə icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) sorğusu əsasında Azərbaycan  Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I, III, IV və V hissələrinə, 71-ci maddəsinin I və II hissələrinə və 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim F.Tutayukun məruzəsini, Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) sorğusunu və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizəsini, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının Prokurorluğu, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Bakı Apellyasiya Məhkəməsi, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi tərəfindən təqdim edilmiş mütəxəssis mülahizələrini, ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Ş.Səmədovanın və həmin kafedranın müəllimi J.Qənbərovanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

 

M Ü Ə Y Y Ə N   E T D İ:

 

 

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) sorğu ilə müraciət edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 79.1-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 25-ci maddəsinin I, III, IV və V hissələrinə, 71-ci maddəsinin I və II hissələrinə və 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Sorğuda qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Yəni, şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzalarının çəkilməsi təxirə salınmır. Lakin digər ağır və ya xüsusilə ağır cinayətlər törətməyə (məsələn, sülh və insanlıq, mülkiyyət, ictimai təhlükəsizlik və ictimai qayda, dövlət hakimiyyəti əleyhinə cinayətlər törətməyə) görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərə (hamilə qadınlara və ya on dörd yaşına qədər uşağı olan qadınlara, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərə) münasibətdə isə cəzanın çəkilməsi məhkəmə tərəfindən təxirə salına bilər.        

Sorğuverənin qənaətinə görə, digər ağır və ya xüsusilə ağır cinayətlər törətməyə görə məhkum edilmiş şəxslərlə müqayisədə şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslərə münasibətdə cəzanın çəkilməsinin təxirə salına bilinməsinin nəzərdə tutulmaması cinayət məsuliyyətinin prinsiplərinin mahiyyətinə uyğun olmamaqla, beynəlxalq hüquqi normalarda, eləcə də Konstitusiyanın 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququnun pozulmasına səbəb olur.

Sorğuda həmçinin göstərilmişdir ki, Cinayət Məcəlləsinin 79-cu maddəsində “hamiləliyin pozulması halı”nda cəzanın təxirə salınması və ya icra edilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi nəzərdə tutulmamışdır ki, bu da qanunvericiliyin tətbiqində fikir ayrılıqlarının və ziddiyyətlərin yaranmasına səbəb olur.

Eyni zamanda sorğuda qeyd olunur ki, cinayət qanunvericiliyində cəzanın çəkilməsinin təxirə salınmasının məhkəmənin diskresion səlahiyyəti (təxirə sala bilər) kimi müəyyən edilməsi də “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun (bundan sonra – “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu) tələblərinə uyğun gəlmir.

Göstərilənlərə əsasən Ombudsman cinayət qanunvericiliyi normalarında mövcud qeyri-müəyyənliklərin və fikir ayrılıqlarının yaranmasına səbəb olan məqamların aradan qaldırılması, bununla da hüquqi müəyyənlik prinsipinin təmin edilməsi məqsədi ilə Konstitusiya Məhkəməsinə sorğu vermişdir.

Konstitusiya Məhkəməsinin Plenumu sorğu ilə əlaqədar Konstitusiyada təsbit edilmiş bərabərlik hüququnun mahiyyətinin və cinayət qanunvericiliyində bu prinsipin tətbiqi xüsusiyyətlərinin nəzərdən keçirilməsini, eləcə də Cinayət Məcəlləsinin 79.1-ci maddəsində müəyyən edilmiş tənzimetmənin hüquqi məqsəd və təyinatı bir daha  açıqlanmaqla həmin normanın konstitusion bərabərlik hüququ baxımından qiymətləndirilməsini vacib hesab edir.

Belə ki, əsas insan hüquq və azadlıqları sırasında müəyyən edilmiş bərabərlik hüququ hüquqi dövlətin vacib göstəricilərindən olmaqla, hər kəsin qanun və məhkəmə qarşısında bərabər olmasını, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq dövlət tərəfindən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Konstitusiyanın 25-ci maddəsinin III və IV hissələrinin tələblərinə görə insan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin III hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz.

Oxşar normalar bir sıra beynəlxalq hüquqi aktlarda, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 2-ci maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 26-cı maddəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsində əks olunmuşdur.

Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə bərabərlik prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Lakin vəziyyəti fərqli olan subyektlər üçün hüquq və vəzifələrin mütləq bərabərliyi ola bilməz. Bərabərlik hüququna əsasən vəziyyəti fərqli olan subyektlər üçün eyni tənzimləmə tətbiq edilə bilməz. Eyni zamanda bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bununla belə, bərabərlik hüququ qanunverici tərəfindən ayrı-ayrı kateqoriyalı subyektlərə güzəştlərin və imtiyazların tətbiq edilməsini inkar etmir. Bu cür fərqlər o zaman bərabərlik hüququna zidd olar ki, onlar ağlabatan, obyektiv və mütənasib olmasınlar (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” 2010-cu il 13 dekabr tarixli Qərar).

Qeyd olunmalıdır ki, bərabərlik prinsipi normativ əsasını Konstitusiyadan götürsə də, hər bir hüquq sahəsinin xarakterik cəhətlərindən irəli gələrək fərqli aspektlərdə təzahür edə bilər.

Cinayət hüququnda qanun qarşısında bərabərlik prinsipi Cinayət Məcəlləsinin 6-cı maddəsində müəyyən edilməklə şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsində ayrı-seçkiliyin qarşısını alan, qanunla konkret sadalanmış meyarlara görə şəxsin məsuliyyətə cəlb edilməsində fərqli yanaşmanın tətbiqini qadağan edən, həmçinin həmin əsaslara görə şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilə bilməməsini nəzərdə tutan fundamental prinsiplərdəndir.

Həmin maddəyə uyğun olaraq cinayət törətmiş şəxslər qanun qarşısında bərabərdirlər və irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən və digər hallardan asılı olmayaraq cinayət məsuliyyətinə cəlb olunurlar. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə heç kəs cinayət məsuliyyətinə cəlb edilə və ya cəzalandırıla bilməz, yaxud cəzadan və ya cinayət məsuliyyətindən azad edilə bilməz.

Qeyd edilməlidir ki, cinayət hüququnda qanun qarşısında bərabərlik prinsipi cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirlərin tətbiqi, eləcə də cinayət məsuliyyətindən və ya cəzadan azad edilmə məsələlərində fərdi yanaşmanın mümkünlüyünü istisna etmir. Əksinə Konstitusiya ilə bəyan edilmiş, habelə cinayət qanununun əsas prinsiplərindən olan ədalət və humanizm prinsipləri hüquqi diferensiasiyanı, yəni şəxslərin hüquqi vəziyyətinə, törətdikləri əməlin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, qəsdə uğrayan obyektin sosial əhəmiyyətinə, subyektiv cəhəti xarakterizə edən əlamətlərə və digər hallara görə fərqli cinayət hüquqi tənzimləmənin nəzərdə tutulmasını labüd edir.

Bu səbəbdəndir ki, Cinayət Məcəlləsinin şərti məhkum etmə, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya digər cinayət məsuliyyətindən (cəzadan) azad etmə (məsələn, Məcəllənin 72, 73, 73-1, 73-2, 80-1-ci və sair maddələrində müəyyən edilmiş qaydalar), o cümlədən cəzanın çəkilməsinin təxirə salınması institutları vasitəsilə müxtəlif kateqoriya şəxslər üçün xüsusi hüquqi rejimlər müəyyən edilmişdir. Bu normalar obyektiv və ağlabatan meyarlar əsasında ayrı-ayrı subyektlər dairəsinə münasibətdə fərqli hüquqi tənzimetməni nəzərdə tutur.

Beləliklə,  cinayət törətmiş şəxslərə əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, cinayətin törədilməsi halları və hüquqi əhəmiyyət kəsb edən digər hallara mütənasib olan cəza təyin edilməsi və onların müəyyən şərtlər daxilində cəzadan azad edilməsi, cinayət məsuliyyətinin qanunla müəyyən olunmuş qaydada və əsaslarla güzəştli formada həyata keçirilməsi zamanı güdülən qanuni məqsədlərdən asılı olaraq xüsusi qayda müəyyən edilməsi, o cümlədən cəzanın çəkilməsinin təxirə salınması institutu daxilində müvafiq qadağanın nəzərdə tutulması bərabərlik prinsipinin pozulması deyil, cinayət hüququnun ədalət, humanizm, məsuliyyətin labüdlüyü, fərdiləşdirilməsi və digər əsas prinsiplərinin qarşılıqlı realizəsinin təmin edilməsi kimi qiymətləndirilməlidir.

Cinayət məsuliyyətinin diferensiallaşdırılması qanunverici tərəfindən yalnız cinayət-hüquqi sanksiyaların müəyyən edilməsi yolu ilə deyil, eyni zamanda digər cinayət-hüquqi təsir tədbirlərinin nəzərdə tutulması vasitəsilə həyata keçirilir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsi baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-1, 206-1.2, 206-1.3, 263.1 və 263.1-1-ci maddələrinin həmin Məcəllənin 2.2, 5.1 və 43-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2025-ci il 20 oktyabr tarixli Qərarında da öz əksini tapmışdır.

Qeyd edilməlidir ki, cinayətkarlığın dinamikasına təsiri nəzərə alınmaqla müəyyən edilən güzəşt və ya məhdudiyyətlə bağlı qaydalarla həm cinayətkarlığa qarşı mübarizənin effektivliyinin artırılması, həm də cinayət qanunvericiliyinin qoruyucu və preventiv funksiyalarının həyata keçirilməsinin təmin edilməsi və bununla da Cinayət Məcəlləsinin 2-ci maddəsində təsbit edilmiş vəzifələrə nail olunması məqsədi güdülür.

Bu vəzifələri həyata keçirmək üçün Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 2-ci maddəsi).

Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsi baxımından Azərbaycan Respublikası  Cinayət Məcəlləsinin 79-cu maddəsinin həmin Məcəllənin 41.2-ci maddəsi və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 173-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2026-cı il 25 may tarixli Qərarında Məcəllənin 79-cu maddəsinin hüquqi təyinatı ilə bağlı qeyd etmişdir ki, hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslərin cəzasının çəkilməsinin təxirə salınmasının tətbiqi əsasları kimi məhkum edilmiş şəxsi cəmiyyətdən təcrid etmədən cəzanın məqsədlərinə nail olmaqla yanaşı uşaqların maraqlarının qorunmasına dair konstitusion prinsipin həyata keçirilməsi çıxış edir. Hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslərin cəzasının çəkilməsinin təxirə salınmasında dövlətin məqsədi azyaşlı uşaqların qayğısına qalmaq, ailəni qoruyub saxlamaq və azyaşlı uşaqları zəruri valideyn qayğısı və tərbiyəsi ilə təmin etməkdir.

Cinayət Məcəlləsinin 79.1-ci maddəsində şəxsiyyət əleyhinə ağır və xüsusilə ağır cinayətlərin törədilməsinə görə beş ildən artıq müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslərin istisna edilməsi onunla əlaqədardır ki, şəxsiyyət əleyhinə cinayətlərdə ictimai təhlükəli qəsdə uğrayan obyekt kimi şəxsin həyatı, sağlamlığı, şəxsi azadlığı, cinsi toxunulmazlığı, şərəf və ləyaqəti və sair bu kimi mühüm dəyərlər çıxış edir. Həmçinin yetkinlik yaşına çatmayanlarla bağlı münasibətlər və ailə münasibətləri şəxsiyyət əleyhinə cinayətlərdə qəsd obyekti olaraq müəyyən edilmişdir.

Konstitusiyanın 12-ci maddəsinin I hissəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi kimi bəyan edilmişdir. Bu konstitusion normadan irəli gələrək və qorunan obyektin ali dəyərini nəzərə alaraq Cinayət Məcəlləsinin Xüsusi hissəsində şəxsiyyət əleyhinə cinayətlər digər cinayətlərdən  əvvəl verilmişdir (sülh və insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri istisna olmaqla).

Şəxsiyyət əleyhinə cinayətlər bir çox digər cinayətlərdən (məsələn, mülkiyyət əleyhinə cinayətlərdən) onunla fərqlənir ki, bu əməllər nəticəsində insan həyatına qəsd edildikdə və ya sağlamlığa ağır zərər vurulduqda yaranmış nəticələrin geri qaytarılması, vurulmuş zərərin tam bərpası bir çox hallarda qeyri-mümkün olur.

Bundan əlavə, yuxarıda qeyd olunan dəyərlərə, o cümlədən yetkinlik yaşına çatmayan şəxslərə və ailə münasibətlərinə etinasızlıq nümayiş etdirən və həmin əməllərə görə məhkəmə tərəfindən beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin uşağın fiziki, psixi və mənəvi inkişafı ilə bağlı öz üzərinə düşən vəzifələrini lazımınca yerinə yetirməməsi, uşaqların mənafelərinə zərər vura biləcək hərəkətlər etməsi riski də yüksəkdir ki, onlara münasibətdə cəzanın çəkilməsinin təxirə salına bilinməsinin mümkün olması qanunvericinin həmin tədbirin müəyyən olunmasında güddüyü hüquqi məqsədlə uyğunluq təşkil etməzdi.

Məhz bu səbəblərdən qanunverici tərəfindən Cinayət Məcəlləsinin 79-cu maddəsində şəxsiyyət əleyhinə cinayət törətmiş şəxslərə qarşı daha sərt hüquqi yanaşma sərgilənir ki, bu da müəyyən hüquqi məqsədə, uşağın valideyn qayğısından və himayəsindən məhrum edilməməsi və onların üstün mənafelərinin təmin edilməsinə dair dövlətin öhdəliklərinin həyata keçirilməsi ilə ictimai təhlükəsizliyin təmin edilməsi və şəxsiyyətin ali konstitusion dəyər kimi qorunması arasında ədalətli balansın gözlənilməsinə xidmət edir.

Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Cinayət Məcəlləsinin 79.1-ci maddəsində müvafiq şəxslər dairəsinə münasibətdə müəyyən edilmiş qadağa obyektiv və ağlabatan olmaqla hüquqi cəhətdən əsaslandırılmış hallara söykəndiyindən Konstitusiyanın 25-ci maddəsinin I, III, IV və V hissələrinin, 71-ci maddəsinin I və II hissələrinin və 149-cu maddəsinin I və III hissələrinin tələblərinə uyğundur.

Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I, II və III hissələrinə, 26-cı maddəsinin II hissəsinə, 28-ci maddəsinin I hissəsinə, 147-ci maddəsinə və 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2010-cu il 2 mart tarixli Qərarında da belə nəticəyə gəlmişdir ki, Cinayət Məcəlləsinin müddəalarında, o cümlədən 79.1-ci maddədə müəyyən sosial qruplara aid olunan şəxslər arasında mümkün olan fərqləndirmə bərabərlik hüququnun pozulması kimi qiymətləndirilməməlidir. Cinayət qanunvericiliyi ilə qadınlara, xüsusən də hamilə və müəyyən yaşadək uşaqları olan qadınlara, 65 yaşından yuxarı olan kişilərə və digər şəxslərə verilən imtiyazlar (pozitiv ayrı-seçkilik) heç də qalan şəxslərin konstitusiya hüquqlarını pozmur və sadəcə həssas sosial qruplara dövlətin xüsusi münasibətini ifadə edir. Bərabərlik hüququ mahiyyətcə qanun və məhkəmə qarşısında hamının məhz hüquq və azadlıqlarının bərabərliyini ifadə etsə də, insanların mexaniki bərabərləşdirilməsini nəzərdə tutmur. Konstitusiyanın 25-ci maddəsinin III hissəsinin müddəalarına görə bu hüququn pozulmasından yalnız o halda bəhs etmək mümkündür ki, hər hansı şəxsin hüquq və azadlıqlarının bərabərliyi obyektiv hüquqi meyarlar baxımından məhdudlaşdırılmış olsun.

O da qeyd olunmalıdır ki, Cinayət Məcəlləsinin 79.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş şəxsiyyət əleyhinə cinayətlər anlayışı Məcəllənin eyni adlı səkkizinci bölməsində göstərilmiş “Həyat və sağlamlıq əleyhinə”, “Şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə”, “Şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə”, “İnsan və vətəndaşın konstitusiya hüquq və azadlıqları əleyhinə”, “Yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə” olan, yəni şəxsiyyətin hüquq və azadlıqları ilə bağlı ictimai münasibətlərin əsas bilavasitə obyekt kimi müəyyən edildiyi cinayətləri ehtiva edir. Belə yanaşma cinayət qanununun sistemliliyini və hüquqi müəyyənliyi təmin etməklə, cinayət qanunvericiliyinin hüquqi texnikasına uyğundur.

Əks yanaşma, yəni insanın şəxsiyyəti, o cümlədən həyat və sağlamlığı ilə bağlı münasibətlərin zəruri əlavə obyekt qismində çıxış etdiyi cinayətlərin şəxsiyyət əleyhinə cinayət olaraq qiymətləndirilib 79.1-ci maddənin əhatə dairəsinə aid edilməsi cinayət qanunvericiliyində genişləndirici təfsirin qadağan olması ilə bağlı prinsipin pozulmasına səbəb olar. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə Konstitusiyanın 71-ci maddəsinin VIII hissəsindəki müddəa Əsas Qanunda qanunçuluq prinsipini ifadə edərək, cinayət və cəzanın qanuna əsaslanmasını tələb etməklə yanaşı (nullum crimen sine lege və nulla poena sine lege prinsipləri), cinayət qanununun genişləndirici təfsirinin qadağan edilməsi (lex stricta) və cinayət qanunvericiliyinin aydın və müəyyən olmasını da (lex certa) tələb edir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” 2012-ci il 10 aprel tarixli Qərar).

Bununla belə Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, şəxsiyyət əleyhinə cinayətlərlə eyni hüquqi əhəmiyyətə malik konstitusion dəyərlərə qəsd edən bəzi cinayət kateqoriyalarının da qanunverici tərəfindən normanın mətnində nəzərdə tutulması məqsədəmüvafiqdir. Bunun zəruriliyi konstitusiya məhkəmə icraatı zamanı daxil olmuş mütəxəssis mülahizələrində və ekspert rəyində də vurğulanmışdır.

Xüsusilə qeyd olunmalıdır ki, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin şəxsiyyət əleyhinə cinayətlər bölməsində məhz yetkinlik yaşına çatmayan şəxslərin cinsi toxunulmazlığına qarşı yönəlmiş elə əməllər (Cinayət Məcəlləsinin 152.1, 152.2, 152.3, 153.1, 153.2 və 153.3-cü maddələri) də var ki, onlar az ağır cinayətlər kateqoriyasına aid olduğundan müvafiq maddədə cəzanın təxirə salınmasının qadağan olunduğu cinayətlər dairəsinə daxil deyil. Bundan əlavə, Cinayət Məcəlləsinin 171–171-2-ci maddələrində nəzərdə tutulan yetkinlik yaşına çatmayanları fahişəliyə, pornoqrafiya tamaşalarında iştirak etməyə və ya digər əxlaqsız əməllərə cəlb etmə, uşaq pornoqrafiyasının dövriyyəsi və seksual xarakterli məqsədlərlə uşaqların təqib edilməsi əməllərini törədən şəxslərə münasibətdə cəzanın təxirə salınması ilə bağlı hər hansı qadağa yoxdur.

Belə qadağaların olmaması yetkinlik yaşına çatmayan şəxslərə qarşı həmin cinayətlərə yol vermiş şəxslərin, həmçinin insanın şəxsiyyəti, o cümlədən həyat və sağlamlığı ilə bağlı münasibətlərin əlavə bilavasitə obyekt qismində olduğu zorakılıqla törədilən digər ağır və xüsusilə ağır cinayətlər, məsələn sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq və terrorla əlaqəli ictimai təhlükəsizlik əleyhinə cinayətlər törətmiş şəxslərin şəxsiyyət əleyhinə cinayət törətmiş şəxslərlə müqayisədə cəzasının təxirə salınmasının qanunvericilik qaydasında mümkün olması anlamına gəlir ki, bu da maddənin məqsədi ilə ziddiyyət təşkil edə bilər.

Nəzərə alınmalıdır ki, cinayət məsuliyyətini müəyyən edən normaların Cinayət Məcəlləsinin Xüsusi hissəsində sistemləşdirilməsi cinayətlərin əsas bilavasitə obyektinin sosial əhəmiyyətinə və hüquqi dəyərinə uyğun olaraq aparılır.

Bu baxımdan Cinayət Məcəlləsinin Xüsusi hissəsinin quruluşunda sülh və insanlıq əleyhinə cinayətlərin, həmçinin müharibə cinayətlərinin şəxsiyyət əleyhinə cinayətlərdən əvvəl yerləşdirilməsi həmin əməllərin şəxsiyyət əleyhinə cinayətlərdən daha təhlükəli kateqoriya olması ilə bağlı qanunvericinin iradəsini əks etdirir.

Həmçinin Cinayət Məcəlləsinin 75.5 və 80.4-cü maddələrində sülh və insanlıq əleyhinə, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və müharibə cinayətləri törətmiş şəxslərin törətdikləri cinayətlərin bəşəriyyət üçün xüsusi təhlükəli olması nəzərə alınaraq cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi ilə əlaqədar məsuliyyətdən və ittiham hökmünün icrası müddətinin bitməsi ilə əlaqədar cəza çəkməkdən azad edilməsinin yolverilməzliyinə dair qayda müəyyən edilmişdir.

Bundan əlavə, həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, insan alveri, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hava gəmisini qaçırma, girov götürmə, işgəncələr, dəniz quldurluğu, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, saxta pul və ya qiymətli kağızları hazırlama və ya satma, beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə, radioaktiv materiallarla əlaqədar cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən asılı olmayaraq, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır.

Göstərilən normalar qanunvericinin insanın həyat və sağlamlığına, şəxsiyyətinə qəsd edən cinayətlərlə bağlı onların ictimai təhlükəliliyindən irəli gələn kəskin münasibətini ifadə edir.

Cinayət Məcəlləsinin ədalət prinsipini təsbit edən 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.

Törədilmiş əmələ görə təyin olunan cəza ilə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onu törədən şəxsin şəxsiyyəti arasında olan proporsionallıq ədalətlilik meyarı kimi çıxış edir. Bu baxımdan o halda “sosial” ədalətin bərpası məqsədinə nail oluna bilər ki, təyin edilmiş cəza zərər çəkənin mənafeləri də nəzərə alınmaqla cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara uyğun olsun və yalnız zərərçəkmiş şəxsdə deyil, bütövlükdə cəmiyyətdə ədalətin bərqərar olduğuna əminlik yaratsın. Oxşar mövqe Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 509.1-ci maddəsinin həmin Məcəllənin 520.7-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2025-ci il 18 iyun tarixli Qərarında da öz əksini tapmışdır.

O da nəzərə alınmalıdır ki, cəzanın çəkilməsinin təxirə salınmasının tənzimlənməsinə dair normalar ictimai təhlükəli əməli törətmiş şəxsə münasibətdə humanist yanaşmanın təmin edilməsi ilə yanaşı, cinayətdən zərərçəkmiş şəxsin ədalət mühakiməsinə olan etimadının qorunmasına, pozulmuş hüquqlarının səmərəli müdafiəsinə və dövlət tərəfindən effektiv hüquqi müdafiəyə dair legitim gözləntilərinin qarşılanmasına da yönəlməlidir.

Odur ki, Cinayət Məcəlləsinin 79.1-ci maddəsinin dispozisiyasında yalnız şəxsiyyət əleyhinə cinayətlərin istisna edilməsi, lakin xarakteri və ictimai təhlükəliliyi baxımından daha ağır olan digər cinayətlərə, həmçinin yetkinlik yaşına çatmayan şəxslərə, onların cinsi toxunulmazlığına qarşı cinayətlərə görə məhkum edilmiş şəxslərin həmin tədbirin tətbiq dairəsindən kənarda saxlanılmaması cəzanın məqsədlərinə uyğun olmamaqla, fərdi hüquqların müdafiəsi ilə ictimai təhlükəsizliyin təmin edilməsi arasında balansın pozulması ilə nəticələnə bilər.

Bu baxımdan qanunverici tərəfindən Cinayət Məcəlləsinin 79.1-ci maddəsində məhdudiyyət müəyyən edilmiş şəxslərin əhatə dairəsinin yenidən nəzərdən keçirilərək şəxsiyyət əleyhinə cinayətlərlə müqayisə edilə biləcək, eyni və ya oxşar ictimai təhlükəlilik dərəcəsinə malik, həmçinin normanın məqsədi ilə uyğunlaşmayan digər cinayətlərin də həmin maddə üzrə hüquqi tənzimetməyə cəlb edilməsi məsələsinə baxılması cinayət-hüquqi tənzimləmənin daxili ardıcıllığının və sistemliliyinin qorunmasına, ədalətliliyin təmin edilməsinə xidmət etmiş olar.

“Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 25.1-ci maddəsinə müvafiq olaraq normativ hüquqi aktlar daxilən uzlaşdırılmalı, məntiqli qurulmalı və normayaratma texnikasına uyğun olmalıdır.  

Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 17-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Milli Məclisi cinayətlərin və başqa hüquq pozuntularının müəyyən edilməsi, onların törədilməsinə görə məsuliyyətin təyin edilməsi ilə bağlı ümumi qaydalar müəyyən edir.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə hesab edir ki, sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, insan alveri, terrorçuluq, terrorla əlaqəli ictimai təhlükəsizlik əleyhinə cinayətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin, həmçinin yetkinlik yaşına çatmayanların, onların cinsi toxunulmazlığı əleyhinə və normanın məqsədi ilə uyğunlaşmayan digər cinayətlər törətmiş şəxslərin Cinayət Məcəlləsinin 79.1-ci maddəsinin tətbiq dairəsindən istisna edilməsi istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi məqsədəmüvafiqdir.

Müvafiq təkmilləşdirilmə aparılanadək cəzanın çəkilməsinin təxirə salınması məsələsinə baxarkən hakimlər yalnız formal meyarlarla kifayətlənməməli, həmçinin törədilən əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, məhkumu xarakterizə edən şəxsi keyfiyyətləri nəzərdən keçirərək onun cəmiyyətdən təcrid olunmadan cəzanın məqsədinə nail olunmasının mümkünlüyünü qiymətləndirməlidirlər.

Sorğuda qaldırılmış digər məsələlərə Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında ətraflı aydınlıq gətirilmişdir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan “Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsi baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79-cu maddəsinin həmin Məcəllənin 41.2-ci maddəsi və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 173-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2026-cı il 25 may tarixli Qərarında belə nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinin, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 5.1, 8.1, 41.2-ci və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 173.4-cü maddələrinin tələbləri baxımından cəzanın çəkilməsinin təxirə salındığı dövrdə hamiləliyin pozulması halı məhkəmə tərəfindən cəzaçəkmənin təxirə salınmasının ləğvi üçün əsasdır. Bu hal məhkumun cəzanın çəkilməmiş hissəsindən azad edilməsini və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunmasını şərtləndirə bilməz.

Cinayət qanunvericiliyində cəzanın çəkilməsinin təxirə salınmasının məhkəmənin diskresion səlahiyyəti (təxirə sala bilər) kimi müəyyən edilməsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2012-ci il 10 fevral tarixli Qərarında qeyd olunmuşdur ki, cəzanın çəkilməsinin təxirə salınması məsələsini həll edərkən məhkəmə bir sıra halları nəzərə almalıdır. Bu hallar sırasına məhkumun şəxsiyyəti, davranışı, əməyə münasibəti, uşağa zəruri şəraiti təmin etmək imkanı, uşağın tərbiyəsinə olan münasibəti və sair aiddir. Bütün bu hallar təxirə salmanın məqsədinə, yəni uşağa valideyn qayğısının təmin olunmasına nail olmaq imkanını təsdiq etməlidir. Bu hallar olmadıqda isə təxirə salma üçün zəruri olan əsaslar olsa belə, məhkəmə cəzanın çəkilməsini təxirə salmaya bilər. Belə ki, cəzanın çəkilməsinin təxirə salınması məhkəmənin vəzifəsi deyil, səlahiyyətidir.

Konstitusiya Məhkəməsinin Plenumu onu da vurğulamağı zəruri hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə əsasən hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Odur ki, hakimlər baxılan işin bütün aspektlərini nəzərə alaraq və hüquq prinsiplərini rəhbər tutaraq daxili inam əsasında qanunda göstərilən məqbul alternativlərdən birinin tətbiqi barədə müvafiq qərar qəbul edirlər.  

Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

- Cinayət Məcəlləsinin 79.1-ci maddəsində şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayətlərin törədilməsinə görə beş ildən artıq müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslərə münasibətdə cəzanın təxirə salınmasına dair  qadağa uşaqların üstün mənafelərinin müdafiəsi ilə ictimai təhlükəsizliyin və şəxsiyyətin ali konstitusion dəyər kimi qorunması arasında balansın təmin edilməsinə xidmət etdiyindən Konstitusiyanın 25-ci maddəsinin I, III, IV və V hissələrinə, 71-ci maddəsinin I və II hissələrinə və 149-cu maddəsinin I və III hissələrinə uyğun hesab edilməlidir;

- cəzanın çəkilməsinin təxirə salınması məsələsinə baxarkən hakimlər yalnız formal meyarlarla kifayətlənməməli, həmçinin törədilən əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini xarakterizə edən halları nəzərdən keçirərək onun cəmiyyətdən təcrid olunmadan cəzanın məqsədinə nail olunmasının mümkünlüyünü qiymətləndirməlidirlər.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65–67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

 

Q Ə R A R A   A L D I:

 

 

1.        Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsində şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayətlərin törədilməsinə görə beş ildən artıq müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslərə münasibətdə cəzanın təxirə salınmasına dair qadağa uşaqların üstün mənafelərinin müdafiəsi ilə ictimai təhlükəsizliyin və şəxsiyyətin ali konstitusion dəyər kimi qorunması arasında balansın təmin edilməsinə xidmət etdiyindən Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I, III, IV və V hissələrinə, 71-ci maddəsinin I və II hissələrinə və 149-cu maddəsinin I və III hissələrinə uyğun hesab edilsin.

2. Cəzanın çəkilməsinin təxirə salınması məsələsinə baxarkən hakimlər yalnız formal meyarlarla kifayətlənməməli, həmçinin törədilən əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini xarakterizə edən halları nəzərdən keçirərək onun cəmiyyətdən təcrid olunmadan cəzanın məqsədinə nail olunmasının mümkünlüyünü qiymətləndirməlidirlər.

3.   Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4.    Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

5.    Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 

 

 

 

 

Sədr                                                                                  Fərhad Abdullayev