AZƏRBAYCAN
RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R I
Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsinin Azərbaycan
Respublikası Konstitusiyasının 25-ci maddəsinin I, III, IV və V hissələrinə,
71-ci maddəsinin I və II hissələrinə və 149-cu maddəsinin I və III hissələrinə
uyğunluğunun yoxlanılmasına dair
12 oktyabr 2026-cı il Bakı şəhəri
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Humay
Əfəndiyeva, Rauf Quliyev, Otari Qvaladze, Fikrət Məmmədov, İsa Nəcəfov, Rəşid
Rzayev, Fərhad Tutayuk (məruzəçi-hakim) və Xanlar Vəliyevdən ibarət tərkibdə,
məhkəmə
katibi Fəraid Əliyevin iştirakı ilə,
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII hissəsinə, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 32-ci maddələrinə və Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə
müvafiq olaraq, konstitusiya məhkəmə icraatının yazılı prosedur qaydasında
keçirilən məhkəmə iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin
(ombudsmanın) sorğusu əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci
maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I, III,
IV və V hissələrinə, 71-ci maddəsinin I və II hissələrinə və 149-cu maddəsinin
I və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.
İş
üzrə hakim F.Tutayukun məruzəsini, Azərbaycan Respublikası İnsan hüquqları üzrə
müvəkkilinin (ombudsmanın) sorğusunu və Azərbaycan Respublikası Milli Məclisi
Aparatının mülahizəsini, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan
Respublikasının Prokurorluğu, Azərbaycan Respublikasının Daxili İşlər
Nazirliyi, Bakı Apellyasiya Məhkəməsi, Azərbaycan Respublikasının Vəkillər
Kollegiyası, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi tərəfindən
təqdim edilmiş mütəxəssis mülahizələrini, ekspertlər Bakı Dövlət
Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının
müdiri, hüquq elmləri doktoru, professor Ş.Səmədovanın və həmin kafedranın müəllimi
J.Qənbərovanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
M Ü Ə Y Y Ə N E T D İ:
Azərbaycan
Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi)
sorğu ilə müraciət edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan
sonra – Cinayət Məcəlləsi) 79.1-ci maddəsinin Azərbaycan Respublikası
Konstitusiyasının (bundan sonra – Konstitusiya) 25-ci maddəsinin I, III, IV və
V hissələrinə, 71-ci maddəsinin I və II hissələrinə və 149-cu maddəsinin I və
III hissələrinə uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.
Sorğuda qeyd
olunmuşdur ki, Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş
ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna
olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına
qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına
böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini
təxirə sala bilər. Yəni, şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır
cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum
edilmiş şəxslərin cəzalarının çəkilməsi təxirə salınmır. Lakin digər ağır və ya
xüsusilə ağır cinayətlər törətməyə (məsələn, sülh və insanlıq, mülkiyyət,
ictimai təhlükəsizlik və ictimai qayda, dövlət hakimiyyəti əleyhinə cinayətlər
törətməyə) görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərə
(hamilə qadınlara və ya on dörd yaşına qədər uşağı
olan qadınlara, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına
böyüdən kişilərə) münasibətdə isə cəzanın çəkilməsi məhkəmə tərəfindən təxirə
salına bilər.
Sorğuverənin qənaətinə
görə, digər ağır və ya xüsusilə ağır cinayətlər törətməyə görə məhkum edilmiş şəxslərlə
müqayisədə şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkum
edilmiş şəxslərə münasibətdə cəzanın çəkilməsinin təxirə salına bilinməsinin nəzərdə
tutulmaması cinayət məsuliyyətinin prinsiplərinin mahiyyətinə uyğun olmamaqla,
beynəlxalq hüquqi normalarda, eləcə də Konstitusiyanın 25-ci maddəsində nəzərdə
tutulmuş bərabərlik hüququnun pozulmasına səbəb olur.
Sorğuda həmçinin
göstərilmişdir ki, Cinayət Məcəlləsinin 79-cu maddəsində “hamiləliyin pozulması
halı”nda cəzanın təxirə salınması və ya icra edilməsi ilə bağlı münasibətlərin
tənzimlənməsi nəzərdə tutulmamışdır ki, bu da qanunvericiliyin tətbiqində fikir
ayrılıqlarının və ziddiyyətlərin yaranmasına səbəb olur.
Eyni zamanda sorğuda
qeyd olunur ki, cinayət qanunvericiliyində cəzanın çəkilməsinin təxirə
salınmasının məhkəmənin diskresion səlahiyyəti (təxirə sala bilər) kimi müəyyən
edilməsi də “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası
Konstitusiya Qanununun (bundan sonra – “Normativ hüquqi aktlar haqqında”
Konstitusiya Qanunu) tələblərinə uyğun gəlmir.
Göstərilənlərə əsasən
Ombudsman cinayət qanunvericiliyi normalarında mövcud qeyri-müəyyənliklərin və
fikir ayrılıqlarının yaranmasına səbəb olan məqamların aradan qaldırılması, bununla
da hüquqi müəyyənlik prinsipinin təmin edilməsi məqsədi ilə Konstitusiya Məhkəməsinə
sorğu vermişdir.
Konstitusiya Məhkəməsinin
Plenumu sorğu ilə əlaqədar Konstitusiyada təsbit edilmiş bərabərlik hüququnun
mahiyyətinin və cinayət qanunvericiliyində bu prinsipin tətbiqi xüsusiyyətlərinin
nəzərdən keçirilməsini, eləcə də Cinayət Məcəlləsinin 79.1-ci maddəsində müəyyən
edilmiş tənzimetmənin hüquqi məqsəd və təyinatı bir daha açıqlanmaqla həmin normanın konstitusion bərabərlik
hüququ baxımından qiymətləndirilməsini vacib hesab edir.
Belə ki, əsas insan
hüquq və azadlıqları sırasında müəyyən edilmiş bərabərlik hüququ hüquqi dövlətin
vacib göstəricilərindən olmaqla, hər kəsin qanun və məhkəmə qarşısında bərabər
olmasını, irqindən, etnik
mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən,
qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və
digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq dövlət tərəfindən hər
kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Konstitusiyanın
25-ci maddəsinin III və IV hissələrinin tələblərinə görə insan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini,
dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq
qadağandır. Heç kəsə bu maddənin III hissəsində göstərilən
əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz,
yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz.
Oxşar normalar bir
sıra beynəlxalq hüquqi aktlarda, o cümlədən Ümumdünya İnsan
Hüquqları Bəyannaməsinin 2-ci maddəsində, “Mülki və siyasi hüquqlar haqqında”
Beynəlxalq Paktın 26-cı maddəsində və “İnsan hüquqlarının və əsas azadlıqların
müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsində əks olunmuşdur.
Konstitusiya Məhkəməsi
Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə bərabərlik prinsipinin əsas
mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan
edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Lakin
vəziyyəti fərqli olan subyektlər üçün hüquq və vəzifələrin mütləq bərabərliyi
ola bilməz. Bərabərlik hüququna əsasən vəziyyəti fərqli olan subyektlər üçün
eyni tənzimləmə tətbiq edilə bilməz. Eyni zamanda bir qrup daxilində hüquq və vəzifələr
onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər
arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın
obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan
qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar
ayrı-seçkilik xarakteri daşıyır. Bununla belə, bərabərlik hüququ qanunverici tərəfindən
ayrı-ayrı kateqoriyalı subyektlərə güzəştlərin və imtiyazların tətbiq edilməsini
inkar etmir. Bu cür fərqlər o zaman bərabərlik hüququna zidd olar ki, onlar
ağlabatan, obyektiv və mütənasib olmasınlar (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
71.1-ci maddəsinin şərh edilməsi haqqında” 2010-cu il 13 dekabr tarixli Qərar).
Qeyd
olunmalıdır ki, bərabərlik
prinsipi normativ əsasını Konstitusiyadan götürsə də, hər bir hüquq sahəsinin
xarakterik cəhətlərindən irəli gələrək fərqli aspektlərdə təzahür edə bilər.
Cinayət
hüququnda qanun qarşısında bərabərlik prinsipi Cinayət Məcəlləsinin 6-cı maddəsində
müəyyən edilməklə şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsində ayrı-seçkiliyin
qarşısını alan, qanunla konkret sadalanmış meyarlara görə şəxsin məsuliyyətə cəlb
edilməsində fərqli yanaşmanın tətbiqini qadağan edən, həmçinin həmin əsaslara
görə şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilə bilməməsini nəzərdə
tutan fundamental prinsiplərdəndir.
Həmin
maddəyə uyğun olaraq cinayət törətmiş şəxslər qanun qarşısında bərabərdirlər və
irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən,
qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və
digər ictimai birliklərə mənsubiyyətindən və digər hallardan asılı olmayaraq
cinayət məsuliyyətinə cəlb olunurlar. Bu maddədə nəzərdə tutulmuş əsaslara görə
heç kəs cinayət məsuliyyətinə cəlb edilə və ya cəzalandırıla bilməz, yaxud cəzadan
və ya cinayət məsuliyyətindən azad edilə bilməz.
Qeyd edilməlidir ki,
cinayət hüququnda qanun qarşısında bərabərlik prinsipi cəzanın və ya digər
cinayət-hüquqi xarakterli tədbirlərin tətbiqi, eləcə də cinayət məsuliyyətindən
və ya cəzadan azad edilmə məsələlərində fərdi yanaşmanın mümkünlüyünü istisna
etmir. Əksinə Konstitusiya ilə bəyan edilmiş, habelə cinayət qanununun əsas
prinsiplərindən olan ədalət və humanizm prinsipləri hüquqi diferensiasiyanı, yəni
şəxslərin hüquqi vəziyyətinə, törətdikləri əməlin xarakterinə və ictimai təhlükəlilik
dərəcəsinə, qəsdə uğrayan obyektin sosial əhəmiyyətinə, subyektiv cəhəti
xarakterizə edən əlamətlərə və digər hallara görə fərqli cinayət hüquqi tənzimləmənin
nəzərdə tutulmasını labüd edir.
Bu səbəbdəndir ki,
Cinayət Məcəlləsinin şərti məhkum etmə, cəzadan şərti olaraq vaxtından əvvəl
azad etmə və ya digər cinayət məsuliyyətindən (cəzadan) azad etmə (məsələn, Məcəllənin
72, 73, 73-1, 73-2, 80-1-ci və sair maddələrində müəyyən edilmiş qaydalar), o cümlədən cəzanın çəkilməsinin
təxirə salınması institutları vasitəsilə müxtəlif kateqoriya şəxslər üçün
xüsusi hüquqi rejimlər müəyyən edilmişdir. Bu normalar obyektiv və ağlabatan
meyarlar əsasında ayrı-ayrı subyektlər dairəsinə münasibətdə fərqli hüquqi tənzimetməni
nəzərdə tutur.
Beləliklə, cinayət törətmiş şəxslərə əməlin xarakteri və
ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, cinayətin törədilməsi
halları və hüquqi əhəmiyyət kəsb edən digər hallara mütənasib olan cəza təyin
edilməsi və onların müəyyən şərtlər daxilində cəzadan azad edilməsi, cinayət məsuliyyətinin
qanunla müəyyən olunmuş qaydada və əsaslarla güzəştli formada həyata keçirilməsi
zamanı güdülən qanuni məqsədlərdən asılı olaraq xüsusi qayda müəyyən edilməsi, o
cümlədən cəzanın çəkilməsinin təxirə salınması institutu daxilində müvafiq qadağanın
nəzərdə tutulması bərabərlik prinsipinin pozulması deyil, cinayət hüququnun ədalət,
humanizm, məsuliyyətin labüdlüyü, fərdiləşdirilməsi və digər əsas prinsiplərinin
qarşılıqlı realizəsinin təmin edilməsi kimi qiymətləndirilməlidir.
Cinayət məsuliyyətinin
diferensiallaşdırılması qanunverici tərəfindən yalnız cinayət-hüquqi
sanksiyaların müəyyən edilməsi yolu ilə deyil, eyni zamanda digər cinayət-hüquqi
təsir tədbirlərinin nəzərdə tutulması vasitəsilə həyata keçirilir. Oxşar hüquqi
mövqe Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası
Konstitusiyasının 80-ci maddəsi baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
206.1-1, 206-1.2, 206-1.3, 263.1 və 263.1-1-ci maddələrinin həmin Məcəllənin
2.2, 5.1 və 43-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2025-ci
il 20 oktyabr tarixli Qərarında da öz əksini tapmışdır.
Qeyd edilməlidir ki,
cinayətkarlığın dinamikasına təsiri nəzərə alınmaqla müəyyən edilən güzəşt və
ya məhdudiyyətlə bağlı qaydalarla həm cinayətkarlığa qarşı mübarizənin effektivliyinin
artırılması, həm də cinayət qanunvericiliyinin qoruyucu və preventiv funksiyalarının
həyata keçirilməsinin təmin edilməsi və bununla da Cinayət Məcəlləsinin 2-ci
maddəsində təsbit edilmiş vəzifələrə nail olunması məqsədi güdülür.
Bu vəzifələri həyata keçirmək üçün Cinayət Məcəlləsi cinayət məsuliyyətinin
əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli
olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə
görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi
xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 2-ci maddəsi).
Konstitusiya
Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası
Konstitusiyasının 80-ci maddəsi baxımından Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 79-cu maddəsinin həmin Məcəllənin 41.2-ci maddəsi və Azərbaycan
Respublikası Cəzaların İcrası Məcəlləsinin 173-cü maddəsi ilə əlaqəli
şəkildə şərh edilməsinə dair” 2026-cı il 25 may tarixli Qərarında Məcəllənin
79-cu maddəsinin hüquqi təyinatı ilə bağlı qeyd etmişdir ki, hamilə qadınlar və azyaşlı
uşaqları olan şəxslərin cəzasının çəkilməsinin təxirə salınmasının tətbiqi
əsasları kimi məhkum edilmiş şəxsi cəmiyyətdən təcrid etmədən cəzanın
məqsədlərinə nail olmaqla yanaşı uşaqların maraqlarının qorunmasına dair
konstitusion prinsipin həyata keçirilməsi çıxış edir. Hamilə qadınlar və
azyaşlı uşaqları olan şəxslərin cəzasının çəkilməsinin təxirə salınmasında
dövlətin məqsədi azyaşlı uşaqların qayğısına qalmaq, ailəni qoruyub saxlamaq və
azyaşlı uşaqları zəruri valideyn qayğısı və tərbiyəsi ilə təmin etməkdir.
Cinayət Məcəlləsinin 79.1-ci maddəsində şəxsiyyət əleyhinə
ağır və xüsusilə ağır cinayətlərin törədilməsinə görə beş ildən artıq müddətə
azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslərin istisna edilməsi onunla
əlaqədardır ki, şəxsiyyət əleyhinə cinayətlərdə ictimai təhlükəli qəsdə uğrayan
obyekt kimi şəxsin həyatı, sağlamlığı, şəxsi
azadlığı, cinsi toxunulmazlığı, şərəf və ləyaqəti və sair bu kimi mühüm dəyərlər
çıxış edir. Həmçinin
yetkinlik yaşına çatmayanlarla bağlı münasibətlər və ailə münasibətləri
şəxsiyyət əleyhinə cinayətlərdə qəsd obyekti olaraq müəyyən edilmişdir.
Konstitusiyanın
12-ci maddəsinin I hissəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının
təmin edilməsi dövlətin ali məqsədi kimi bəyan edilmişdir. Bu konstitusion
normadan irəli gələrək və qorunan obyektin ali dəyərini nəzərə alaraq Cinayət Məcəlləsinin
Xüsusi hissəsində şəxsiyyət əleyhinə cinayətlər digər cinayətlərdən əvvəl verilmişdir (sülh və insanlıq əleyhinə
cinayətlər və müharibə cinayətləri istisna olmaqla).
Şəxsiyyət əleyhinə
cinayətlər bir çox digər cinayətlərdən (məsələn, mülkiyyət əleyhinə cinayətlərdən)
onunla fərqlənir ki, bu əməllər nəticəsində insan həyatına qəsd edildikdə və ya
sağlamlığa ağır zərər vurulduqda yaranmış nəticələrin geri qaytarılması,
vurulmuş zərərin tam bərpası bir çox hallarda qeyri-mümkün olur.
Bundan əlavə, yuxarıda qeyd olunan dəyərlərə,
o cümlədən yetkinlik yaşına çatmayan şəxslərə və ailə münasibətlərinə etinasızlıq
nümayiş etdirən və həmin əməllərə görə məhkəmə tərəfindən beş ildən artıq müddətə
azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin uşağın fiziki, psixi və mənəvi
inkişafı ilə bağlı öz üzərinə düşən vəzifələrini lazımınca yerinə yetirməməsi, uşaqların
mənafelərinə zərər vura biləcək hərəkətlər etməsi riski də yüksəkdir ki, onlara
münasibətdə cəzanın çəkilməsinin təxirə salına bilinməsinin mümkün olması
qanunvericinin həmin tədbirin müəyyən olunmasında güddüyü hüquqi məqsədlə
uyğunluq təşkil etməzdi.
Məhz bu səbəblərdən qanunverici tərəfindən Cinayət
Məcəlləsinin 79-cu maddəsində şəxsiyyət əleyhinə cinayət törətmiş şəxslərə
qarşı daha sərt hüquqi yanaşma sərgilənir ki, bu da müəyyən hüquqi məqsədə,
uşağın valideyn qayğısından və himayəsindən məhrum edilməməsi və onların üstün
mənafelərinin təmin edilməsinə dair dövlətin öhdəliklərinin həyata keçirilməsi
ilə ictimai təhlükəsizliyin təmin edilməsi və şəxsiyyətin ali konstitusion dəyər
kimi qorunması arasında ədalətli balansın gözlənilməsinə xidmət edir.
Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu
hesab edir ki, Cinayət Məcəlləsinin 79.1-ci maddəsində müvafiq şəxslər dairəsinə
münasibətdə müəyyən edilmiş qadağa obyektiv və ağlabatan olmaqla hüquqi cəhətdən
əsaslandırılmış hallara söykəndiyindən Konstitusiyanın 25-ci maddəsinin I, III,
IV və V hissələrinin, 71-ci maddəsinin I və II hissələrinin və 149-cu maddəsinin I və III hissələrinin tələblərinə
uyğundur.
Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
79.1-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin
I, II və III hissələrinə, 26-cı maddəsinin II hissəsinə, 28-ci maddəsinin I
hissəsinə, 147-ci maddəsinə və 149-cu maddəsinin I və III hissələrinə
uyğunluğunun yoxlanılmasına dair” 2010-cu il 2 mart tarixli Qərarında da belə nəticəyə
gəlmişdir ki, Cinayət Məcəlləsinin müddəalarında, o cümlədən 79.1-ci maddədə müəyyən
sosial qruplara aid olunan şəxslər arasında mümkün olan fərqləndirmə bərabərlik
hüququnun pozulması kimi qiymətləndirilməməlidir. Cinayət qanunvericiliyi ilə
qadınlara, xüsusən də hamilə və müəyyən yaşadək uşaqları olan qadınlara, 65
yaşından yuxarı olan kişilərə və digər şəxslərə verilən imtiyazlar (pozitiv
ayrı-seçkilik) heç də qalan şəxslərin konstitusiya hüquqlarını pozmur və sadəcə
həssas sosial qruplara dövlətin xüsusi münasibətini ifadə edir. Bərabərlik hüququ mahiyyətcə qanun və məhkəmə qarşısında hamının məhz
hüquq və azadlıqlarının bərabərliyini ifadə etsə də, insanların mexaniki bərabərləşdirilməsini
nəzərdə tutmur. Konstitusiyanın 25-ci
maddəsinin III hissəsinin müddəalarına görə bu hüququn pozulmasından yalnız o halda
bəhs etmək mümkündür ki, hər hansı şəxsin hüquq və azadlıqlarının bərabərliyi obyektiv
hüquqi meyarlar baxımından məhdudlaşdırılmış olsun.
O da qeyd olunmalıdır ki, Cinayət Məcəlləsinin
79.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş şəxsiyyət əleyhinə cinayətlər
anlayışı Məcəllənin eyni adlı səkkizinci bölməsində göstərilmiş “Həyat və
sağlamlıq əleyhinə”, “Şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə”, “Şəxsiyyətin
cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə”, “İnsan və vətəndaşın konstitusiya
hüquq və azadlıqları əleyhinə”, “Yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri
əleyhinə” olan, yəni şəxsiyyətin hüquq və azadlıqları ilə bağlı ictimai münasibətlərin
əsas bilavasitə obyekt kimi müəyyən edildiyi cinayətləri ehtiva edir. Belə
yanaşma cinayət qanununun sistemliliyini və hüquqi müəyyənliyi təmin etməklə,
cinayət qanunvericiliyinin hüquqi texnikasına uyğundur.
Əks yanaşma, yəni insanın
şəxsiyyəti, o cümlədən həyat və sağlamlığı ilə bağlı münasibətlərin zəruri əlavə
obyekt qismində çıxış etdiyi cinayətlərin şəxsiyyət əleyhinə cinayət olaraq
qiymətləndirilib 79.1-ci maddənin əhatə dairəsinə aid edilməsi cinayət qanunvericiliyində
genişləndirici təfsirin qadağan olması ilə bağlı prinsipin pozulmasına səbəb olar. Konstitusiya
Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə Konstitusiyanın 71-ci maddəsinin VIII hissəsindəki
müddəa Əsas Qanunda qanunçuluq prinsipini ifadə edərək, cinayət və cəzanın
qanuna əsaslanmasını tələb etməklə yanaşı (nullum crimen sine lege və nulla
poena sine lege prinsipləri), cinayət qanununun genişləndirici təfsirinin qadağan
edilməsi (lex stricta) və cinayət qanunvericiliyinin aydın və müəyyən olmasını
da (lex certa) tələb edir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh
edilməsinə dair” 2012-ci il 10 aprel tarixli Qərar).
Bununla belə
Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, şəxsiyyət
əleyhinə cinayətlərlə eyni hüquqi əhəmiyyətə malik konstitusion dəyərlərə qəsd
edən bəzi
cinayət kateqoriyalarının da qanunverici tərəfindən normanın mətnində nəzərdə
tutulması məqsədəmüvafiqdir. Bunun zəruriliyi konstitusiya məhkəmə icraatı
zamanı daxil olmuş mütəxəssis mülahizələrində və ekspert rəyində də vurğulanmışdır.
Xüsusilə qeyd
olunmalıdır ki, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin şəxsiyyət əleyhinə cinayətlər
bölməsində məhz
yetkinlik yaşına çatmayan şəxslərin cinsi toxunulmazlığına qarşı yönəlmiş elə əməllər
(Cinayət Məcəlləsinin 152.1, 152.2, 152.3, 153.1, 153.2 və 153.3-cü maddələri) də
var ki, onlar az ağır cinayətlər kateqoriyasına aid olduğundan müvafiq maddədə cəzanın
təxirə
salınmasının qadağan olunduğu cinayətlər dairəsinə daxil deyil. Bundan əlavə,
Cinayət Məcəlləsinin 171–171-2-ci maddələrində nəzərdə tutulan yetkinlik yaşına
çatmayanları fahişəliyə, pornoqrafiya tamaşalarında iştirak etməyə və ya digər əxlaqsız
əməllərə cəlb etmə, uşaq pornoqrafiyasının dövriyyəsi və seksual xarakterli məqsədlərlə
uşaqların təqib edilməsi əməllərini törədən şəxslərə münasibətdə cəzanın təxirə
salınması ilə bağlı hər hansı qadağa yoxdur.
Belə qadağaların olmaması yetkinlik yaşına
çatmayan şəxslərə qarşı həmin cinayətlərə yol vermiş şəxslərin, həmçinin insanın
şəxsiyyəti, o cümlədən həyat və sağlamlığı ilə bağlı münasibətlərin əlavə
bilavasitə obyekt qismində olduğu zorakılıqla törədilən digər ağır və xüsusilə
ağır cinayətlər, məsələn sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri,
terrorçuluq və terrorla əlaqəli ictimai təhlükəsizlik əleyhinə cinayətlər törətmiş
şəxslərin şəxsiyyət əleyhinə cinayət törətmiş şəxslərlə müqayisədə cəzasının təxirə
salınmasının qanunvericilik qaydasında mümkün olması anlamına gəlir ki, bu da maddənin
məqsədi ilə ziddiyyət təşkil edə bilər.
Nəzərə alınmalıdır ki, cinayət məsuliyyətini
müəyyən edən normaların Cinayət Məcəlləsinin Xüsusi hissəsində sistemləşdirilməsi
cinayətlərin əsas bilavasitə obyektinin sosial əhəmiyyətinə və hüquqi dəyərinə uyğun
olaraq aparılır.
Bu baxımdan Cinayət Məcəlləsinin Xüsusi hissəsinin
quruluşunda sülh və insanlıq əleyhinə cinayətlərin, həmçinin müharibə cinayətlərinin
şəxsiyyət əleyhinə cinayətlərdən əvvəl yerləşdirilməsi həmin əməllərin şəxsiyyət
əleyhinə cinayətlərdən daha təhlükəli kateqoriya olması ilə bağlı
qanunvericinin iradəsini əks etdirir.
Həmçinin Cinayət
Məcəlləsinin 75.5 və 80.4-cü maddələrində sülh və insanlıq əleyhinə, terrorçuluq, terrorçuluğu
maliyyələşdirmə və müharibə cinayətləri törətmiş şəxslərin törətdikləri cinayətlərin bəşəriyyət
üçün xüsusi təhlükəli olması nəzərə alınaraq cinayət məsuliyyətinə cəlb etmə
müddətlərinin keçməsi ilə əlaqədar məsuliyyətdən və ittiham
hökmünün icrası müddətinin bitməsi ilə əlaqədar cəza çəkməkdən azad edilməsinin
yolverilməzliyinə dair qayda müəyyən edilmişdir.
Bundan əlavə, həmin Məcəllənin 12.3-cü maddəsinə
əsasən sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, insan
alveri, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hava gəmisini qaçırma, girov
götürmə, işgəncələr, dəniz quldurluğu, narkotik vasitələrin və psixotrop maddələrin
qanunsuz dövriyyəsi, saxta pul və ya qiymətli kağızları hazırlama və ya satma,
beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə,
radioaktiv materiallarla əlaqədar cinayətlər törətmiş Azərbaycan Respublikası vətəndaşları,
əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər, cinayətlərin törədilməsi yerindən
asılı olmayaraq, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilir və cəzalandırılır.
Göstərilən normalar qanunvericinin insanın həyat
və sağlamlığına, şəxsiyyətinə qəsd edən cinayətlərlə bağlı onların ictimai təhlükəliliyindən
irəli gələn kəskin münasibətini ifadə edir.
Cinayət Məcəlləsinin ədalət prinsipini təsbit
edən 8-ci maddəsinə görə cinayət törətmiş şəxs
haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli
olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun
törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə
uyğun olmalıdır.
Törədilmiş əmələ görə təyin olunan cəza ilə cinayətin xarakteri və ictimai
təhlükəlilik dərəcəsi, onu törədən şəxsin şəxsiyyəti arasında olan proporsionallıq ədalətlilik meyarı kimi çıxış edir. Bu baxımdan
o halda “sosial” ədalətin bərpası məqsədinə nail oluna bilər ki, təyin edilmiş
cəza zərər çəkənin mənafeləri də nəzərə alınmaqla cinayətin xarakterinə və
ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın
şəxsiyyətinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara uyğun olsun və yalnız zərərçəkmiş şəxsdə deyil, bütövlükdə cəmiyyətdə
ədalətin bərqərar olduğuna əminlik yaratsın. Oxşar mövqe Konstitusiya Məhkəməsi
Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi
baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 509.1-ci
maddəsinin həmin Məcəllənin 520.7-ci maddəsi ilə əlaqəli şəkildə şərh
edilməsinə dair” 2025-ci il 18 iyun
tarixli Qərarında da öz əksini tapmışdır.
O da nəzərə
alınmalıdır ki, cəzanın çəkilməsinin təxirə salınmasının tənzimlənməsinə dair
normalar ictimai təhlükəli əməli törətmiş şəxsə münasibətdə humanist yanaşmanın
təmin edilməsi ilə yanaşı, cinayətdən zərərçəkmiş şəxsin ədalət mühakiməsinə
olan etimadının qorunmasına, pozulmuş hüquqlarının səmərəli müdafiəsinə və dövlət
tərəfindən effektiv hüquqi müdafiəyə dair legitim gözləntilərinin qarşılanmasına
da yönəlməlidir.
Odur ki, Cinayət Məcəlləsinin 79.1-ci maddəsinin
dispozisiyasında yalnız şəxsiyyət əleyhinə cinayətlərin istisna edilməsi, lakin xarakteri və ictimai təhlükəliliyi
baxımından daha ağır olan digər cinayətlərə, həmçinin
yetkinlik yaşına çatmayan şəxslərə, onların cinsi
toxunulmazlığına qarşı cinayətlərə görə məhkum edilmiş şəxslərin həmin tədbirin
tətbiq dairəsindən kənarda saxlanılmaması cəzanın
məqsədlərinə uyğun olmamaqla, fərdi hüquqların müdafiəsi ilə ictimai təhlükəsizliyin təmin edilməsi
arasında balansın pozulması ilə nəticələnə
bilər.
Bu baxımdan qanunverici
tərəfindən Cinayət Məcəlləsinin 79.1-ci maddəsində məhdudiyyət müəyyən edilmiş
şəxslərin əhatə dairəsinin yenidən nəzərdən keçirilərək şəxsiyyət əleyhinə
cinayətlərlə
müqayisə edilə biləcək, eyni və ya oxşar ictimai təhlükəlilik dərəcəsinə
malik, həmçinin normanın məqsədi ilə uyğunlaşmayan digər cinayətlərin də həmin
maddə üzrə hüquqi tənzimetməyə cəlb edilməsi məsələsinə baxılması cinayət-hüquqi tənzimləmənin
daxili ardıcıllığının və sistemliliyinin qorunmasına, ədalətliliyin təmin edilməsinə
xidmət etmiş olar.
“Normativ hüquqi
aktlar haqqında” Konstitusiya Qanununun 25.1-ci maddəsinə müvafiq olaraq normativ hüquqi aktlar daxilən uzlaşdırılmalı, məntiqli qurulmalı və
normayaratma texnikasına uyğun olmalıdır.
Konstitusiyanın
94-cü maddəsinin I hissəsinin 17-ci bəndinə müvafiq olaraq Azərbaycan
Respublikasının Milli Məclisi cinayətlərin və başqa hüquq pozuntularının müəyyən
edilməsi, onların törədilməsinə görə məsuliyyətin təyin edilməsi ilə bağlı
ümumi qaydalar müəyyən edir.
Göstərilənlərə əsasən
Konstitusiya Məhkəməsinin Plenumu belə hesab edir ki, sülh və insanlıq əleyhinə
cinayətlər, müharibə cinayətləri, insan alveri, terrorçuluq, terrorla əlaqəli
ictimai təhlükəsizlik əleyhinə cinayətlər, narkotik vasitələrin və psixotrop
maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər törətməyə görə beş ildən
çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin, həmçinin
yetkinlik yaşına çatmayanların, onların cinsi toxunulmazlığı əleyhinə və
normanın məqsədi ilə uyğunlaşmayan digər cinayətlər törətmiş şəxslərin Cinayət
Məcəlləsinin 79.1-ci maddəsinin tətbiq dairəsindən istisna edilməsi istiqamətində
qanunvericiliyin təkmilləşdirilməsi məqsədəmüvafiqdir.
Müvafiq
təkmilləşdirilmə aparılanadək cəzanın çəkilməsinin təxirə salınması məsələsinə
baxarkən hakimlər yalnız formal meyarlarla kifayətlənməməli, həmçinin törədilən
əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, məhkumu xarakterizə edən şəxsi
keyfiyyətləri nəzərdən keçirərək onun cəmiyyətdən təcrid olunmadan cəzanın məqsədinə
nail olunmasının mümkünlüyünü qiymətləndirməlidirlər.
Sorğuda
qaldırılmış digər məsələlərə Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında
ətraflı aydınlıq gətirilmişdir. Belə ki, Konstitusiya Məhkəməsi
Plenumunun yuxarıda qeyd olunan “Azərbaycan Respublikası
Konstitusiyasının 80-ci maddəsi baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
79-cu maddəsinin həmin Məcəllənin 41.2-ci maddəsi və Azərbaycan Respublikası Cəzaların
İcrası Məcəlləsinin 173-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2026-cı il 25 may tarixli Qərarında belə nəticəyə gəlinmişdir ki, Azərbaycan
Respublikası Konstitusiyasının 80-ci maddəsinin, həmçinin Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 5.1, 8.1, 41.2-ci və Azərbaycan Respublikası
Cəzaların İcrası Məcəlləsinin 173.4-cü maddələrinin tələbləri baxımından
cəzanın çəkilməsinin təxirə salındığı dövrdə hamiləliyin pozulması halı məhkəmə
tərəfindən cəzaçəkmənin təxirə salınmasının ləğvi üçün əsasdır. Bu hal məhkumun
cəzanın çəkilməmiş hissəsindən azad edilməsini və ya cəzanın çəkilməmiş
hissəsinin daha yüngül cəza növü ilə əvəz olunmasını şərtləndirə bilməz.
Cinayət qanunvericiliyində cəzanın çəkilməsinin təxirə salınmasının məhkəmənin
diskresion səlahiyyəti (təxirə sala bilər) kimi müəyyən edilməsi ilə bağlı
Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin
512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2012-ci il 10 fevral
tarixli Qərarında qeyd olunmuşdur ki, cəzanın çəkilməsinin təxirə salınması məsələsini
həll edərkən məhkəmə bir sıra halları nəzərə almalıdır. Bu hallar sırasına məhkumun
şəxsiyyəti, davranışı, əməyə münasibəti, uşağa zəruri şəraiti təmin etmək
imkanı, uşağın tərbiyəsinə olan münasibəti və sair aiddir. Bütün bu hallar təxirə
salmanın məqsədinə, yəni uşağa valideyn qayğısının təmin olunmasına nail olmaq
imkanını təsdiq etməlidir. Bu hallar olmadıqda isə təxirə salma üçün zəruri
olan əsaslar olsa belə, məhkəmə cəzanın çəkilməsini təxirə salmaya bilər. Belə ki, cəzanın
çəkilməsinin təxirə salınması məhkəmənin vəzifəsi deyil, səlahiyyətidir.
Konstitusiya
Məhkəməsinin Plenumu onu da vurğulamağı zəruri hesab edir ki, Azərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə əsasən hakimlər
cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə
iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan
öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Odur ki, hakimlər baxılan
işin bütün aspektlərini nəzərə alaraq və hüquq prinsiplərini rəhbər tutaraq
daxili inam əsasında qanunda göstərilən məqbul alternativlərdən birinin tətbiqi
barədə müvafiq qərar qəbul edirlər.
Qeyd
olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:
- Cinayət
Məcəlləsinin 79.1-ci maddəsində şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır
cinayətlərin törədilməsinə görə beş ildən artıq müddətə
azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslərə münasibətdə cəzanın təxirə
salınmasına dair qadağa uşaqların üstün
mənafelərinin müdafiəsi ilə ictimai təhlükəsizliyin və şəxsiyyətin ali
konstitusion dəyər kimi qorunması arasında balansın təmin edilməsinə xidmət
etdiyindən Konstitusiyanın 25-ci maddəsinin I, III, IV və V hissələrinə, 71-ci
maddəsinin I və II hissələrinə və 149-cu maddəsinin I və III hissələrinə uyğun
hesab edilməlidir;
- cəzanın çəkilməsinin təxirə salınması məsələsinə
baxarkən hakimlər yalnız formal meyarlarla kifayətlənməməli, həmçinin törədilən
əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini
xarakterizə edən halları nəzərdən keçirərək onun cəmiyyətdən təcrid olunmadan cəzanın
məqsədinə nail olunmasının mümkünlüyünü qiymətləndirməlidirlər.
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII və IX hissələrini,
“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63,
65–67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu
Q Ə R A R A
A L D I:
1. Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 79.1-ci
maddəsində şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayətlərin törədilməsinə
görə beş ildən artıq müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş şəxslərə
münasibətdə cəzanın təxirə salınmasına dair qadağa uşaqların üstün mənafelərinin
müdafiəsi ilə ictimai təhlükəsizliyin və şəxsiyyətin ali konstitusion dəyər
kimi qorunması arasında balansın təmin edilməsinə xidmət etdiyindən Azərbaycan
Respublikası Konstitusiyasının 25-ci maddəsinin I, III, IV və V hissələrinə,
71-ci maddəsinin I və II hissələrinə və 149-cu maddəsinin I və III hissələrinə uyğun
hesab edilsin.
2. Cəzanın çəkilməsinin təxirə salınması məsələsinə
baxarkən hakimlər yalnız formal meyarlarla kifayətlənməməli, həmçinin törədilən
əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, məhkumun
şəxsiyyətini xarakterizə edən halları nəzərdən keçirərək onun
cəmiyyətdən təcrid olunmadan cəzanın məqsədinə nail olunmasının mümkünlüyünü
qiymətləndirməlidirlər.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
4. Qərar
Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.
5. Qərar
qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya
rəsmi təfsir edilə bilməz.
Sədr Fərhad
Abdullayev