Decisions

18.04.25. Bakı Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinin şərh edilməsi barədə müraciətinə dair QƏRARDAD

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R D A D I

  

Bakı Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinin şərh edilməsi barədə müraciətinə dair

  

18 aprel 2025-ci il                                                                                         Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Fikrət Məmmədov, İsa Nəcəfov (məruzəçi-hakim) və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında inzibati orqanın qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirməsi ilə əlaqədar olaraq bağladığı müqavilələrdən yaranan mübahisələrin aidiyyət məsələsinə münasibətdə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinin şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlər Bakı Apellyasiya Məhkəməsinin müraciətini və Azərbaycan Respublikası Milli Məclisi Aparatı tərəfindən təqdim edilmiş mülahizəni, Şirvan Apellyasiya Məhkəməsinin hakimi O.İsmayılovun mülahizəsini, ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ  kafedrasının professoru, hüquq elmləri doktoru S.Əliyevin və həmin kafedranın doktorantı L.Məmmədlinin rəyini araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN   ETDİ:

 

Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edərək inzibati orqanın qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirməsi ilə əlaqədar olaraq bağladığı müqavilənin inzibati və ya mülki hüquqi müqavilə hesab olunması və bu mübahisələrin aidiyyət məsələsi baxımından Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinin şərh edilməsini xahiş etmişdir.

Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, icraatında olan iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin  9 saylı Ərazi Məşğulluq filialı ilə fiziki şəxs arasında bağlanmış 6 sentyabr 2021-ci il tarixli “Özünəməşğulluğa kömək göstərilməsinə dair” müqavilə inzibati hüquq xarakteri daşıdığından iddiaya mülki məhkəmə icraatı qaydasında deyil, inzibati icraat qaydasında baxılmalıdır.

Müraciətdən və ona əlavə edilmiş materiallardan görünür ki, M.Əliyev Aqrar Xidmətlər Agentliyi və Dövlət Məşğulluq Agentliyinə qarşı kompensasiyanın ödənilməsi, “Ağıllı arı pətəyi” arı ailəsinin sığortalanaraq ona verilməsi və s. barədə öhdəliyin cavabdehlərin üzərinə qoyulması tələbi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müracət etmiş, məhkəmənin 26 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2024-cü il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 iyun 2024-cü il tarixli qərarı ilə Dövlət Məşğulluq Agentliyi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2024-cü il tarixli qərardadı ləğv edilmiş, işə yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Kassasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış müqavilənin əsasını xüsusi hüquq qaydalarının təşkil edib-etməməsi, tərəflərin müqavilə bağlayarkən xüsusi hüququn bərabərhüquqlu subyektləri kimi çıxış edib-etməməsi, ümumiyyətlə müvafiq müqavilələr bağlandığı halda tərəflər arasındakı münasibətlərin həmin müqavilə şərtlərinə uyğun olaraq və həmin şərtlər nəzərə alınmaqla xüsusi hüquq normaları ilə tənzimlənməli olub-olmaması, inzibati orqanların hakimiyyət səlahiyyətini qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirib-keçirməməsi kimi məsələləri kifayət qədər araşdırıb hüquqi qiymət verməmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası işə təkrar baxarkən məsələ ilə bağlı hüquq tətbiqetmə təcrübəsində fərqli mövqelərin mövcud olduğunu müəyyən etmişdir.

Bəzi hüquq tətbiqedicilərə görə, bu növ iddialara mülki məhkəmə icraatı qaydasında deyil, inzibati icraat qaydasında baxılmalıdır.

Bu mövqenin tərəfdarları hesab edirlər ki, hazırkı vəziyyətdə inzibati orqanlar onlara həvalə olunmuş inzibati funksiyanı yerinə yetirərək bu müqavilələri bağlamışlar. İddiaçı isə həmin hüquqi şəxslərin öz üzərlərinə düşən vəzifələri yerinə yetirmədiyini əsas gətirərək məhz həmin orqanların hərəkəti (hərəkətsizliyi) ilə bağlı ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edir.

Digər mövqe tərəfdarlarının qənaətinə görə isə hazırkı növdən olan iddialara mülki icraat qaydasında baxılmalıdır.

Belə ki,  inzibati orqanların bağladığı müqavilələr özündə həm də xüsusi (mülki) hüquqi müqavilələri ehtiva edir, bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddəsinə uyğun olaraq inzibati orqanla digər tərəf arasında azad surətdə bağlanılır və tərəflərin bu müqavilələrin məzmununu müəyyənləşdirmək imkanı vardır.

Göstərilənlərə əsasən müraciət edənin qənaətinə görə müvafiq mübahisələrin mahiyyəti üzrə düzgün həll edilməsi, məhkəmə təcrübəsində yaranmış qeyri-müəyyənliyin aradan qaldırılması, bununla da hüquq normalarının tətbiqinin proqnozlaşdırılan olması və hüquqi müəyyənlik kimi ədalət mühakiməsinin fundamental prinsiplərinin təmin edilməsi məqsədilə inzibati orqanın qanunla ona həvalə olunmuş inzibati funksiyanın yerinə yetirilməsi ilə əlaqədar olaraq bağladığı müqavilənin inzibati və ya mülki hüquqi müqavilə olması baxımından  İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinin şərh edilməsinə zərurət yaranmışdır.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə bağlı aşağıdakıları qeyd edir.

Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır.

Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır.

Müqavilənin inzibati və ya mülki hüquqi müqavilə olması, tərəflər arasında yaranan münasibətlərin xarakteri mübahisənin mülki mühakimə icraatı qaydasında, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması, yəni məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

İnzibati məhkəmə icraatı qaydasında baxılan mübahisələr subyekt və predmet baxımından digər məhkəmə icraatı növlərindən fərqlənir. Ona görə də məhkəmə təcrübəsində mübahisələrin aidiyyəti məsələsi həll edilərkən iddianın subyekti, mübahisənin predmeti müəyyən edilməli, habelə məhkəmə aidiyyətinə dair prosessual normaların tətbiqində vahid mövqe formalaşmalıdır. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə icraatı qaydasında baxılmasına dair qeyri-müəyyənlik yaranmış olar. Belə qeyri-müəyyənlik işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasına çətinlik yarada, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər (Konstitusiya Məhkəməsi Plenumunun “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının  şərh edilməsinə dair 2013-cü il 13 iyun tarixli Qərarı).

Göstərilənlər nəzərə alınmaqla Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, inzibati hüquq münasibətlərinin, mülki və inzibati müqavilələrin, eləcə də inzibati mübahisələrin xarakterik xüsusiyyətlərinin aydınlaşdırılması müraciətdə qaldırılmış məsələnin həlli baxımından vacib əhəmiyyətə malikdir.

İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir.

Qeyd olunmalıdır ki, inzibati hüquq münasibətləri digər hüquq münasibətlərindən başlıca olaraq subyekt tərkibinə və predmetinə görə fərqlənir.

İnzibati, yəni publik hüquq münasibətlərinin obyektini məhz dövlət idarəçiliyi və yerli özünüidarəetmənin həyata keçirilməsi prosesində yaranan ictimai münasibətlər təşkil edir. Bu münasibətlərdə tərəflərdən biri qismində mütləq şəkildə inzibati orqan və ya qanunla inzibati akt qəbul etmək səlahiyyəti verilən hər hansı bir subyekt çıxış edir.

İnzibati hüquq münasibətlərini yaradan hüquqi faktlardan biri qismində inzibati müqavilələr çıxış edir.

Qeyd olunmalıdır ki, müqavilə mülki hüququn ənənəvi institutu olsa da, dövlətin idarəetmə funksiyalarını daha çevik və səmərəli həyata keçirməsi məqsədilə, eləcə də inzibati hüququn inkişafı nəticəsində müqavilə anlayışı inzibati hüquqa da daxil olmuşdur.

İnzibati müqaviləyə Azərbaycan Respublikasının qanunvericiliyində konkret anlayış verilməsə də, belə müqavilələr bir sıra səciyyəvi xüsusiyyətlərə malikdir ki, bununla da onlar mülki hüquqi müqavilələrdən fərqlənir.

İlk növbədə nəzərə alınmalıdır ki, inzibati müqavilələrin tərəflərindən ən azı biri qismində məqsədi konkret inzibati hüquq münasibətlərini yaratmaq, dəyişdirmək və ya sona çatdırmaq olan inzibati orqanlar (publik hakimiyyət daşıyıcıları) çıxış edir. Lakin tərəflərdən birinin inzibati orqan olması özlüyündə həmin müqavilənin inzibati müqavilə hesab olunması üçün kifayət qədər əsas təşkil etmir. Müqavilənin inzbati müqavilə hesab edilməsi üçün onun tərəfləri ilə yanaşı, müqavilənin obyektinin, məqsədinin, müqavilə münasibətlərinə şamil olunan qanunvericiliyin xüsusiyyətlərinin nəzərə alınması mütləqdir.

İnzibati müqavilələrin obyekti, yəni bu müqavilə ilə tənzimlənən münasibətlər dövlətin idarəetmə funksiyalarının həyata keçirilməsi ilə əlaqədardır. Bu müqavilələr ictimai faydaya əsaslanmaqla ictimai və ya dövlət maraqlarının təminatına xidmət edir.

Eyni zamanda inzibati müqavilələrin obyektini məhz inzibati hüquq normaları ilə tənzimlənməli olan münasibətlər təşkil edir. Belə ki, mahiyyətcə daha çox dispozitiv xarakterli olan, şərtləri tərəflərin azad iradə ifadəsi ilə müəyyən edilən mülki hüquqi müqavilələrdən fərqli olaraq, inzibati müqavilələrin bağlanma qaydası, bir sıra mühüm şərtləri və s. məsələlər inzibati hüquq normaları ilə müəyyənləşdirilir. İnzibati müqavilələrin məzmunun müəyyənləşdirilməsində tərəflər tam sərbəst olmamaqla, belə müqavilələrin müəyyən şərtləri inzibati qanunvericiliyin imperativ müddəalarına tabedir.

Konstitusiya Məhkəməsinin Plenumu “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun  2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 6 oktyabr tarixli Qərarında  da göstərmişdir ki, inzibati müqavilənin əsasını xüsusi hüquq qaydaları deyil, inzibati hüquq qaydaları təşkil edir. Habelə, inzibati müqavilələri başqalarından fərqləndirən ən vacib xüsusiyyət idarəetmə orqanının qarşı tərəfdən fərqli olaraq daha üstün səlahiyyətə malik olması və imtiyazlardan istifadə etməsidir.

O da nəzərə alınmalıdır ki, inzibati müqavilələrdə tərəflər heç də həmişə hakimiyyət-tabeçilik münasibətlərində olmasalar da,  belə müqavilələrin əsas xüsusiyyətlərindən birini tərəflərin qeyri-bərabərliyi, yəni inzibati orqanların publik hakimiyyət daşıyıcısı kimi daha üstün vəziyyətdə olması təşkil edir. Bir sıra hallarda qanunvericilikdə inzibati müqavilələr və onların bağlanması proseduru ilə bağlı mülki (xüsusi) hüquqdakı bərabərlik prinsipindən kənara çıxan, inzibati orqana bir sıra üstünlüklər tanıyan qayda və şərtlər (müqavilə üzrə kontragentə və onun müəyyən edilməsinə dair xüsusi şərtlər və qaydalar, müqavilənin digər tərəfinin müqavilə şərtlərinə uyğun fəaliyyət göstərib-göstərmədiyinin yoxlanılması, müqavilənin inzibati orqan tərəfindən birtərəfli qaydada ləğvi, şərtlərinin birtərəfli qaydada dəyişdirilməsi imkanı və s.) mövcud olur. İnzibati orqanlar ilə kommersiya və ya digər iqtisadi maraqlardan çıxış edən fiziki və ya hüquqi şəxslər arasında bağlanılan inzibati müqavilələrdə inzibati orqanlara bu kimi üstünlüklərin verilməsi sonuncuların ictimai və dövlət maraqlarına xidmət etməsindən irəli gəlir.

Qeyd edilməlidir ki, Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının 2022-ci il 28 oktyabr tarixli, 54-28 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati prosedurlar haqqında” Model Qanunda inzibati müqaviləyə verilən anlayış da yuxarıda qeyd olunan bir sıra xüsusiyyətləri özündə əks etdirir.  Həmin  Qanunun 62-ci maddəsinin 1 və 4-cü bəndlərinə əsasən, inzibati müqavilə – inzibati orqan tərəfindən onun səlahiyyətləri çərçivəsində və ictimai maraqlar naminə vətəndaşlarla, o cümlədən fərdi sahibkar statusuna malik şəxslərlə, vətəndaş birlikləri, o cümlədən hüquqi şəxslərlə və (və ya) digər inzibati orqanlarla bağlanan, ikitərəfli (və ya çoxtərəfli) iradə ifadəsinə əsaslanan razılaşmadır.

İnzibati orqan inzibati müqavilənin məcburi tərəfidir. İnzibati müqavilə inzibati orqanın ictimai-hüquqi səlahiyyətlərinin həyata keçirilməsinə yönəldilmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qeyd olunanları ümumiləşdirməklə inzibati müqavilələrin əsas səciyyəvi xüsusiyyətlərinə aşağıdakılar aid edilə bilər:

·       müqavilə tərəflərindən ən azı birinin inzibati orqan olması;

·       müqavilənin predmetinin dövlətin idarəetmə funksiyalarının həyata keçirilməsi ilə bağlı olması;

·       müqavilənin məqsədinin ictimai və ya ümumdövlət maraqlarının təmin olunmasına, ictimai ehtiyacların ödənilməsinə və ya birbaşa ictimai xidmətlərin icra edilməsinə yönəldilməsi;

·       müqavilənin bir sıra şərtlərinin inzibati hüquq normaları ilə tənzimlənməsi;

·       müqavilə tərəflərinin qeyri-bərabərliyi və s.

Mülki müqavilələrlə bağlı isə qeyd olunmalıdır ki, Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər.

Həm mülki, həm də inzibati müqavilələr tərəflərin iradə azadlığı ilə bağlansa da, mülki hüquq münasibətləri inzibati münasibətlərdən fərqli olaraq istər hüquqi, istərsə də faktiki cəhətdən tərəflərin bərabərliyinə əsaslanan münasibətlərdir.

Mülki hüquqda müqavilə azadlığı prinsipi daha geniş tətbiq edilməklə, seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını özündə ehtiva edir.  Məhz bu səbəbdəndir ki, mülki müqavilə münasibətlərini tənzimləyən mülki qanunvericilik normaları mahiyyətcə daha çox dispozitiv xarakterli olmaqla, tərəflərin azad iradə ifadəsi ilə müəyyən etdikləri müqavilə şərtləri üzrə tənzimetməyə üstünlük verilir.

Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi zəruri hesab edir ki, inzibati münasibətlər tərəflərin qeyri-bərabərliyinə əsaslandığından fiziki və hüquqi şəxslərin qanuni mənafelərinin daha səmərəli müdafiəsini təmin etmək məqsədilə qanunvericiliklə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrə ixtisaslaşdırılmış məhkəmələr tərəfindən inzibati məhkəmə icraatı qaydasında baxılması müəyyən olunmuşdur. 

İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsi ilə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatını inzibati məhkəmələrin və inzibati kollegiyaların həyata keçirildiyi təsbit edilmişdir.

İnzibati ədliyyənin əsas məqsədlərindən biri isə dövlət idarəçiliyi sahəsində fiziki və hüquqi şəxslərin subyektiv hüquqlarının müdafiəsidir.

Digər tərəfdən, inzibati məhkəmələrin “təyinatı” bununla məhdudlaşmayaraq, həmçinin inzibati orqanların qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərmələrinə “nəzarətin” həyata keçirilməsini ehtiva edir. Bu baxımdan inzibati məhkəmə icraatında mülki məhkəmə icraatı ilə nisbətdə dövlətin daha yüksək publik marağı mövcud olur (Konstitusiya Məhkəməsi Plenumunun X.Mustafayevanın şikayəti üzrə 2021-ci il 19 noyabr tarixli Qərarı).  

İnzibati məhkəmə icraatı mülki məhkəmə icraatından bir sıra xüsusiyyətlərinə görə fərqlənir. Belə ki, mülki məhkəmə icraatından fərqli olaraq inzibati məhkəmə icraatında məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa, müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur (İnzibati Prosessual Məcəllənin 12.1 və 12.2-ci maddələri).

İnzibati məhkəmə icraatını mülki məhkəmə icraatından fərqləndirən digər xüsusiyyət isə İnzibati Prosessual Məcəllənin 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin yardım etmək vəzifəsidir.

İnzibati müqavilələr də inzibati hüquq münasibətlərini əmələ gətirdiyinə görə, bu hal belə müqavilələrdən yaranan mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmasını zəruri edir.

O da nəzərə alınmalıdır ki, müəyyən hallarda müqavilə tərəfləri arasında mübahisələr müqavilədən irəli gələn öhdəliklərlə bağlı deyil, qanunvericiliklə həmin müqavilə ilə əlaqədar olaraq inzibati orqanın daşıdığı bu və ya digər vəzifənin icra edilməməsi və ya lazımınca icra edilməməsi (hərəkət və hərəkətsizlik) səbəbindən də yarana bilər.

Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmə aidiyyəti məsələsi həll edilərkən bu Qərardadda əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla,    həm tərəflər arasında bağlanmış müqavilənin xarakteri, həm də mübahisənin predmeti dəqiq müəyyənləşdirilməli, mübahisənin predmeti aydınlaşdırılarkən yalnız hüquq münasibətlərinin mahiyyətinə və subyektiv tərkibinə deyil, həmçinin mübahisənin yarandığı səbəblərə də nəzər yetirilməlidir.

Müraciətin edilməsinə səbəb olmuş “Özünəməşğulluğa kömək göstərilməsinə dair” müqavilələrlə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Konstitusiyanın 35-ci maddəsinin VIII hissəsinə əsasən, dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. 

Konstitusiyasının 35-ci maddəsinə uyğun olaraq məşğulluğa kömək sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, eləcə də işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət təminatlarını müəyyən etmək məqsədilə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.

Dövlətin işsizliyin aradan qaldırılması ilə bağlı funksiyalarının icrasından irəli gələrək “Məşğulluq haqqında” Qanunun 24-cü maddəsində özünüməşğulluğa kömək göstərilməsi ilə əlaqədar münasibətlər tənzimlənmişdir.

Həmin Qanunun 24.1-ci maddəsinə görə, işsiz, habelə bu Qanunun 4.1.3-cü maddəsində nəzərdə tutulan mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslərin özünüməşğulluğunun təşkili müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir və aşağıdakı mərhələlərdən ibarətdir: özünüməşğulluğun təşkili ilə bağlı məsləhətlərin və məlumatların verilməsi; təcrübəsinin, peşəsinin (ixtisasının), məşğulluq tarixçəsinin, maddi rifahının, habelə şəraitinin özünüməşğulluğa cəlb edilməyə uyğunluğunun müəyyən edilməsi məqsədilə ilkin monitorinqin həyata keçirilməsi; əmək bazarının təhlili əsasında iqtisadiyyatın sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsinə və təşkilinə kömək edilməsi; özünüməşğulluğun təşkili üçün biznes-planın hazırlanmasında yardım edilməsi, o cümlədən təlimlərin keçirilməsi və onların nəticələrinin qiymətləndirilməsi; seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün natura şəklində material, avadanlıq və digər əmlakın 1 (bir) il müddətinə müqavilə əsasında verilməsi;  özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin bu Qanunun 24.1.4-cü maddəsində göstərilən müddət ərzində monitorinqi.

Beləliklə, “Məşğulluq haqqında” Qanunun 24.1-ci maddəsi ilə natura şəklində material, avadanlıq və digər əmlakın verilməsi ilə bağlı müqavilənin bağlanması nəzərdə tutulmuş, bu müqavilənin bağlana biləcəyi xüsusi subyektlərin konkret dairəsi (işsiz, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olan, digər məşğulluğu olmayan işaxtaran şəxs) göstərilmiş, müqavilənin bağlanacağı subyektin müəyyənləşdirilməsi üçün xüsusi prosedurlar və müqavilənin müddəti müəyyənləşdirilmişdir.

Həmin Qanunun 24-cü maddəsində özünüməşğulluğun təşkilinə dair müqavilə əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin məsuliyyəti ilə bağlı, habelə müqavilə münasibətlərini tənzimləyən bir sıra normalar müəyyən olunmuşdur.

Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özünüməşğulluğun təşkili Qaydası”nın 7 və 8-ci maddələri ilə özünüməşğulluğun təşkili üçün əmlakın verilməsi, bununla bağlı, özünüməşğulluğa cəlb olunmuş şəxslə Dövlət Məşğulluq Agentliyinin müvafiq yerli qurumları və ya DOST mərkəzləri arasında müqavilənin bağlanması, özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin həmin qurumlar və ya mərkzələr tərəfindən dövri monitorinqinin aparılması ilə bağlı müddəalar öz əksini tapmışdır.

Göründüyü kimi inzibati orqanlar özünüməşğulluğa cəlb olunmuş şəxs hakimiyyət-tabeçilik münasibətlərində olmasalar da, müqavilənin bağlanması proseduru və müqavilənin bir sıra şərtləri məhz inzibati xarakterli normativ hüquqi aktlarla müəyyən edilmişdir. Həmin şərtlər isə tərəflər üçün məcburi xarakterə malikdir.

O da göstərilməlidir ki, “Məşğulluq haqqında”  Qanunda həmin Qanunun pozulmasına görə məsuliyyət və mübahisələrin həlli ilə bağlı müddəalar da öz əksini tapmışdır. Belə ki, bu Qanunun 33.3-cü maddəsinə əsasən, məşğulluq sahəsində mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir.

Qeyd edilən norma “Məşğulluq haqqında” Qanundan irəli gələn məşğulluq sahəsində yaranan mübahisələrin inzibati xarakterli mübahisələr olduğuna dəlalət edir.

Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki,  Bakı Apellyasiya Məhkəməsinin müraciətində qaldırılan məsələlərə dair Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərinin mövcud olması, eləcə də bu Qərardadla bəzi məsələlərə aydınlıq gətirilməsi nəzərə alınaraq, hazırkı vəziyyətdə müraciət üzrə Konstitusiya Məhkəməsi Plenumunun ayrıca Qərarının qəbul edilməsinə ehtiyac duyulmur.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 49, 62, 68 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1. Müqavilələrdən yaranan mübahisələrə dair məhkəmə aidiyyəti məsələsi məhkəmələr tərəfindən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərardadında və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun  2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 6 oktyabr tarixli Qərarında göstərilən hüquqi mövqelər nəzərə alınmaqla, müqavilənin xarakterinin və mübahisənin predmetinin dəqiq müəyyənləşdirilməsinə əsasən həll olunmalıdır.

2         . Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərardadının təsviri-əsaslandırıcı hissəsində göstərilən əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin müraciəti üzrə ayrıca qərar qəbul edilməsinə ehtiyac olmadığından konstitusiya işinin icraatına xitam verilsin.

3.  Qərardadın surəti 7 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.

4. Qərardad   “Azərbaycan   Respublikası    Konstitusiya     Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

   

Sədr                                                                                              Fərhad Abdullayev