AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R D A D I
Bakı Apellyasiya Məhkəməsinin Azərbaycan
Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinin şərh edilməsi
barədə müraciətinə dair
18 aprel 2025-ci il Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən
İsmayılov, Ceyhun Qaracayev, Fikrət Məmmədov, İsa
Nəcəfov (məruzəçi-hakim) və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu
maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq,
xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə
iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında inzibati
orqanın qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirməsi ilə
əlaqədar olaraq bağladığı müqavilələrdən yaranan mübahisələrin aidiyyət məsələsinə
münasibətdə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci
maddəsinin şərh edilməsinə dair konstitusiya işinə baxdı.
İş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlər
Bakı Apellyasiya Məhkəməsinin müraciətini və Azərbaycan Respublikası Milli
Məclisi Aparatı tərəfindən təqdim edilmiş mülahizəni, Şirvan Apellyasiya
Məhkəməsinin hakimi O.İsmayılovun mülahizəsini, ekspertlər Bakı Dövlət
Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının professoru, hüquq elmləri
doktoru S.Əliyevin və həmin kafedranın doktorantı L.Məmmədlinin rəyini
araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu
MÜƏYYƏN ETDİ:
Bakı Apellyasiya Məhkəməsi Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edərək inzibati orqanın
qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirməsi ilə əlaqədar
olaraq bağladığı müqavilənin inzibati və ya mülki hüquqi müqavilə hesab
olunması və bu mübahisələrin aidiyyət məsələsi baxımından Azərbaycan
Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinin şərh edilməsini
xahiş etmişdir.
Apellyasiya instansiyası məhkəməsi hesab edir ki,
icraatında olan iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin 9 saylı Ərazi Məşğulluq filialı ilə fiziki
şəxs arasında bağlanmış 6 sentyabr 2021-ci il tarixli “Özünəməşğulluğa kömək
göstərilməsinə dair” müqavilə inzibati hüquq xarakteri daşıdığından iddiaya
mülki məhkəmə icraatı qaydasında deyil, inzibati icraat qaydasında
baxılmalıdır.
Müraciətdən və ona əlavə edilmiş materiallardan
görünür ki, M.Əliyev Aqrar Xidmətlər Agentliyi və Dövlət Məşğulluq Agentliyinə qarşı
kompensasiyanın ödənilməsi, “Ağıllı arı pətəyi” arı ailəsinin sığortalanaraq ona
verilməsi və s. barədə öhdəliyin cavabdehlərin üzərinə qoyulması tələbi ilə
Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müracət etmiş, məhkəmənin 26 aprel
2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.
Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının
2 aprel 2024-cü il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən
təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş
üzrə icraata xitam verilmişdir.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki
Kollegiyasının 13 iyun 2024-cü il tarixli qərarı ilə Dövlət Məşğulluq Agentliyi
tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya
Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2024-cü il tarixli qərardadı ləğv
edilmiş, işə yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Kassasiya instansiyası məhkəməsi mövqeyini onunla
əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasında
bağlanmış müqavilənin əsasını xüsusi hüquq qaydalarının təşkil edib-etməməsi,
tərəflərin müqavilə bağlayarkən xüsusi hüququn bərabərhüquqlu subyektləri kimi
çıxış edib-etməməsi, ümumiyyətlə müvafiq müqavilələr bağlandığı halda tərəflər arasındakı
münasibətlərin həmin müqavilə şərtlərinə uyğun olaraq və həmin şərtlər nəzərə
alınmaqla xüsusi hüquq normaları ilə tənzimlənməli olub-olmaması, inzibati
orqanların hakimiyyət səlahiyyətini qanunvericiliklə müəyyən edilmiş qayda və
prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb
olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata
keçirib-keçirməməsi kimi məsələləri kifayət qədər araşdırıb hüquqi qiymət
verməmişdir.
Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası işə
təkrar baxarkən məsələ ilə bağlı hüquq tətbiqetmə təcrübəsində fərqli mövqelərin
mövcud olduğunu müəyyən etmişdir.
Bəzi hüquq tətbiqedicilərə görə, bu növ iddialara
mülki məhkəmə icraatı qaydasında deyil, inzibati icraat qaydasında
baxılmalıdır.
Bu mövqenin tərəfdarları hesab edirlər ki, hazırkı vəziyyətdə
inzibati orqanlar onlara həvalə olunmuş inzibati funksiyanı yerinə yetirərək bu
müqavilələri bağlamışlar. İddiaçı isə həmin hüquqi şəxslərin öz üzərlərinə
düşən vəzifələri yerinə yetirmədiyini əsas gətirərək məhz həmin orqanların
hərəkəti (hərəkətsizliyi) ilə bağlı ona vurulmuş zərərin əvəzinin ödənilməsini
tələb edir.
Digər mövqe tərəfdarlarının qənaətinə görə isə hazırkı
növdən olan iddialara mülki icraat qaydasında baxılmalıdır.
Belə ki,
inzibati orqanların bağladığı müqavilələr özündə həm də xüsusi (mülki)
hüquqi müqavilələri ehtiva edir, bu müqavilələr Azərbaycan Respublikası Mülki
Məcəlləsinin 390-cı maddəsinə uyğun olaraq inzibati orqanla digər tərəf
arasında azad surətdə bağlanılır və tərəflərin bu müqavilələrin məzmununu
müəyyənləşdirmək imkanı vardır.
Göstərilənlərə əsasən müraciət edənin qənaətinə
görə müvafiq mübahisələrin mahiyyəti üzrə düzgün həll edilməsi, məhkəmə
təcrübəsində yaranmış qeyri-müəyyənliyin aradan qaldırılması, bununla da hüquq normalarının
tətbiqinin proqnozlaşdırılan olması və hüquqi müəyyənlik kimi ədalət
mühakiməsinin fundamental prinsiplərinin təmin edilməsi məqsədilə inzibati
orqanın qanunla ona həvalə olunmuş inzibati funksiyanın yerinə yetirilməsi ilə
əlaqədar olaraq bağladığı müqavilənin inzibati və ya mülki hüquqi müqavilə olması
baxımından İnzibati Prosessual
Məcəllənin 2.1-ci maddəsinin şərh edilməsinə zərurət yaranmışdır.
Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə bağlı
aşağıdakıları qeyd edir.
Azərbaycan Respublikası Konstitusiyasının 62-ci
maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə
baxılması hüququ vardır.
Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi
hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata
keçirilməsinə zəmanət yaradır.
Müqavilənin inzibati və ya mülki hüquqi müqavilə
olması, tərəflər arasında yaranan münasibətlərin xarakteri mübahisənin mülki
mühakimə icraatı qaydasında, yoxsa inzibati məhkəmə icraatı qaydasında baxılması,
yəni məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb
edir.
İnzibati məhkəmə icraatı qaydasında baxılan
mübahisələr subyekt və predmet baxımından digər məhkəmə icraatı növlərindən fərqlənir.
Ona görə də məhkəmə təcrübəsində mübahisələrin aidiyyəti məsələsi həll
edilərkən iddianın subyekti, mübahisənin predmeti müəyyən edilməli, habelə məhkəmə
aidiyyətinə dair prosessual normaların tətbiqində vahid mövqe formalaşmalıdır.
Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə icraatı qaydasında baxılmasına
dair qeyri-müəyyənlik yaranmış olar. Belə qeyri-müəyyənlik işə məhkəmə
tərəfindən ağlabatan müddətdə baxılmasına çətinlik yarada, son nəticədə şəxsin
pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər (Konstitusiya
Məhkəməsi Plenumunun “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası
Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra
hakimiyyəti orqanının razılığı” müddəasının
şərh edilməsinə dair 2013-cü il 13 iyun tarixli Qərarı).
Göstərilənlər nəzərə alınmaqla Konstitusiya
Məhkəməsinin Plenumu hesab edir ki, inzibati hüquq münasibətlərinin, mülki və
inzibati müqavilələrin, eləcə də inzibati mübahisələrin xarakterik
xüsusiyyətlərinin aydınlaşdırılması müraciətdə qaldırılmış məsələnin həlli
baxımından vacib əhəmiyyətə malikdir.
İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsinə
əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə
aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin
prosessual prinsiplərini və qaydalarını müəyyən edir.
Qeyd olunmalıdır ki, inzibati hüquq münasibətləri
digər hüquq münasibətlərindən başlıca olaraq subyekt tərkibinə və predmetinə
görə fərqlənir.
İnzibati, yəni publik hüquq münasibətlərinin obyektini
məhz dövlət idarəçiliyi və yerli özünüidarəetmənin həyata keçirilməsi
prosesində yaranan ictimai münasibətlər təşkil edir. Bu münasibətlərdə
tərəflərdən biri qismində mütləq şəkildə inzibati orqan və ya qanunla inzibati
akt qəbul etmək səlahiyyəti verilən hər hansı bir subyekt çıxış edir.
İnzibati hüquq münasibətlərini yaradan hüquqi
faktlardan biri qismində inzibati müqavilələr çıxış edir.
Qeyd olunmalıdır ki, müqavilə mülki hüququn ənənəvi
institutu olsa da, dövlətin idarəetmə funksiyalarını daha çevik və səmərəli
həyata keçirməsi məqsədilə, eləcə də inzibati hüququn inkişafı nəticəsində
müqavilə anlayışı inzibati hüquqa da daxil olmuşdur.
İnzibati müqaviləyə Azərbaycan Respublikasının qanunvericiliyində
konkret anlayış verilməsə də, belə müqavilələr bir sıra səciyyəvi xüsusiyyətlərə
malikdir ki, bununla da onlar mülki hüquqi müqavilələrdən fərqlənir.
İlk növbədə nəzərə alınmalıdır ki, inzibati
müqavilələrin tərəflərindən ən azı biri qismində məqsədi konkret inzibati hüquq
münasibətlərini yaratmaq, dəyişdirmək və ya sona çatdırmaq olan inzibati
orqanlar (publik hakimiyyət daşıyıcıları) çıxış edir. Lakin tərəflərdən birinin
inzibati orqan olması özlüyündə həmin müqavilənin inzibati müqavilə hesab
olunması üçün kifayət qədər əsas təşkil etmir. Müqavilənin inzbati müqavilə
hesab edilməsi üçün onun tərəfləri ilə yanaşı, müqavilənin obyektinin,
məqsədinin, müqavilə münasibətlərinə şamil olunan qanunvericiliyin
xüsusiyyətlərinin nəzərə alınması mütləqdir.
İnzibati müqavilələrin obyekti, yəni bu müqavilə
ilə tənzimlənən münasibətlər dövlətin idarəetmə funksiyalarının həyata
keçirilməsi ilə əlaqədardır. Bu müqavilələr ictimai faydaya əsaslanmaqla ictimai
və ya dövlət maraqlarının təminatına xidmət edir.
Eyni zamanda inzibati müqavilələrin obyektini məhz
inzibati hüquq normaları ilə tənzimlənməli olan münasibətlər təşkil edir. Belə
ki, mahiyyətcə daha çox dispozitiv xarakterli olan, şərtləri tərəflərin azad
iradə ifadəsi ilə müəyyən edilən mülki hüquqi müqavilələrdən fərqli olaraq,
inzibati müqavilələrin bağlanma qaydası, bir sıra mühüm şərtləri və s.
məsələlər inzibati hüquq normaları ilə müəyyənləşdirilir. İnzibati
müqavilələrin məzmunun müəyyənləşdirilməsində tərəflər tam sərbəst olmamaqla,
belə müqavilələrin müəyyən şərtləri inzibati qanunvericiliyin imperativ müddəalarına
tabedir.
Konstitusiya Məhkəməsinin Plenumu “İnzibati icraat
haqqında” Azərbaycan Respublikası Qanununun
2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 6
oktyabr tarixli Qərarında da
göstərmişdir ki, inzibati müqavilənin əsasını xüsusi hüquq qaydaları deyil,
inzibati hüquq qaydaları təşkil edir. Habelə, inzibati müqavilələri
başqalarından fərqləndirən ən vacib xüsusiyyət idarəetmə orqanının qarşı
tərəfdən fərqli olaraq daha üstün səlahiyyətə malik olması və imtiyazlardan
istifadə etməsidir.
O da nəzərə alınmalıdır ki, inzibati müqavilələrdə tərəflər heç də həmişə hakimiyyət-tabeçilik münasibətlərində olmasalar da,
belə müqavilələrin əsas
xüsusiyyətlərindən birini tərəflərin qeyri-bərabərliyi, yəni inzibati orqanların
publik hakimiyyət daşıyıcısı kimi daha üstün vəziyyətdə olması təşkil edir. Bir
sıra hallarda qanunvericilikdə inzibati müqavilələr və onların bağlanması
proseduru ilə bağlı mülki (xüsusi) hüquqdakı bərabərlik prinsipindən kənara
çıxan, inzibati orqana bir sıra üstünlüklər tanıyan qayda və şərtlər (müqavilə
üzrə kontragentə və onun müəyyən edilməsinə dair xüsusi şərtlər və qaydalar, müqavilənin
digər tərəfinin müqavilə şərtlərinə uyğun fəaliyyət göstərib-göstərmədiyinin
yoxlanılması, müqavilənin inzibati orqan tərəfindən birtərəfli qaydada ləğvi,
şərtlərinin birtərəfli qaydada dəyişdirilməsi imkanı və s.) mövcud olur. İnzibati orqanlar ilə kommersiya və ya
digər iqtisadi maraqlardan çıxış edən fiziki və ya hüquqi şəxslər arasında
bağlanılan inzibati müqavilələrdə inzibati orqanlara bu kimi üstünlüklərin
verilməsi sonuncuların ictimai və dövlət maraqlarına xidmət etməsindən irəli gəlir.
Qeyd edilməlidir ki, Müstəqil Dövlətlər Birliyinə
üzv dövlətlərin Parlamentlərarası Assambleyasının 2022-ci il 28 oktyabr
tarixli, 54-28 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati prosedurlar haqqında”
Model Qanunda inzibati müqaviləyə verilən anlayış da yuxarıda qeyd olunan bir
sıra xüsusiyyətləri özündə əks etdirir. Həmin
Qanunun 62-ci maddəsinin 1 və 4-cü
bəndlərinə əsasən, inzibati müqavilə – inzibati orqan tərəfindən onun
səlahiyyətləri çərçivəsində və ictimai maraqlar naminə vətəndaşlarla, o cümlədən
fərdi sahibkar statusuna malik şəxslərlə, vətəndaş birlikləri, o cümlədən
hüquqi şəxslərlə və (və ya) digər inzibati orqanlarla bağlanan, ikitərəfli (və
ya çoxtərəfli) iradə ifadəsinə əsaslanan razılaşmadır.
İnzibati orqan inzibati müqavilənin məcburi
tərəfidir. İnzibati müqavilə inzibati orqanın ictimai-hüquqi səlahiyyətlərinin
həyata keçirilməsinə yönəldilmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki,
qeyd olunanları ümumiləşdirməklə inzibati müqavilələrin əsas səciyyəvi
xüsusiyyətlərinə aşağıdakılar aid edilə bilər:
·
müqavilə
tərəflərindən ən azı birinin inzibati orqan olması;
·
müqavilənin
predmetinin dövlətin idarəetmə funksiyalarının həyata keçirilməsi ilə bağlı
olması;
·
müqavilənin
məqsədinin ictimai və ya ümumdövlət maraqlarının təmin olunmasına, ictimai
ehtiyacların ödənilməsinə və ya birbaşa ictimai xidmətlərin icra edilməsinə
yönəldilməsi;
·
müqavilənin bir sıra
şərtlərinin inzibati hüquq normaları ilə tənzimlənməsi;
·
müqavilə
tərəflərinin qeyri-bərabərliyi və s.
Mülki müqavilələrlə bağlı isə qeyd olunmalıdır ki,
Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin
müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə
şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə,
fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin
məzmununu müəyyənləşdirə bilərlər.
Həm mülki, həm də inzibati müqavilələr tərəflərin
iradə azadlığı ilə bağlansa da, mülki hüquq münasibətləri inzibati
münasibətlərdən fərqli olaraq istər hüquqi, istərsə də faktiki cəhətdən
tərəflərin bərabərliyinə əsaslanan münasibətlərdir.
Mülki hüquqda müqavilə azadlığı prinsipi daha geniş
tətbiq edilməklə, seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq),
onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən
müvafiq qiymətləri müəyyən etmək azadlığını özündə ehtiva edir. Məhz bu səbəbdəndir ki, mülki müqavilə
münasibətlərini tənzimləyən mülki qanunvericilik normaları mahiyyətcə daha çox
dispozitiv xarakterli olmaqla, tərəflərin azad iradə ifadəsi ilə müəyyən
etdikləri müqavilə şərtləri üzrə tənzimetməyə üstünlük verilir.
Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd
etməyi zəruri hesab edir ki, inzibati münasibətlər tərəflərin
qeyri-bərabərliyinə əsaslandığından fiziki və hüquqi şəxslərin qanuni
mənafelərinin daha səmərəli müdafiəsini təmin etmək məqsədilə qanunvericiliklə
inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrə ixtisaslaşdırılmış
məhkəmələr tərəfindən inzibati məhkəmə icraatı qaydasında baxılması müəyyən olunmuşdur.
İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsi ilə
qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə
dair işlər üzrə məhkəmə icraatını inzibati məhkəmələrin və inzibati
kollegiyaların həyata keçirildiyi təsbit edilmişdir.
İnzibati ədliyyənin əsas məqsədlərindən biri isə dövlət
idarəçiliyi sahəsində fiziki və hüquqi şəxslərin subyektiv hüquqlarının
müdafiəsidir.
Digər tərəfdən, inzibati məhkəmələrin “təyinatı”
bununla məhdudlaşmayaraq, həmçinin inzibati orqanların qanunla müəyyən edilmiş
qaydada və hüdudlarda fəaliyyət göstərmələrinə “nəzarətin” həyata keçirilməsini
ehtiva edir. Bu baxımdan inzibati məhkəmə icraatında mülki məhkəmə icraatı ilə
nisbətdə dövlətin daha yüksək publik marağı mövcud olur (Konstitusiya Məhkəməsi
Plenumunun X.Mustafayevanın şikayəti üzrə 2021-ci il 19 noyabr tarixli Qərarı).
İnzibati məhkəmə icraatı mülki məhkəmə icraatından
bir sıra xüsusiyyətlərinə görə fərqlənir. Belə ki, mülki məhkəmə icraatından
fərqli olaraq inzibati məhkəmə icraatında məhkəmə proses iştirakçılarının
izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və
işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin həlli üçün əhəmiyyət
kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa, müstəqil
şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə
icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları
toplamağa borcludur (İnzibati Prosessual Məcəllənin 12.1 və 12.2-ci maddələri).
İnzibati məhkəmə icraatını mülki məhkəmə
icraatından fərqləndirən digər xüsusiyyət isə İnzibati Prosessual Məcəllənin
13-cü maddəsində nəzərdə tutulan məhkəmənin yardım etmək vəzifəsidir.
İnzibati müqavilələr də inzibati hüquq münasibətlərini
əmələ gətirdiyinə görə, bu hal belə müqavilələrdən yaranan mübahisələrə
inzibati məhkəmə icraatı qaydasında baxılmasını zəruri edir.
O da nəzərə alınmalıdır ki, müəyyən hallarda
müqavilə tərəfləri arasında mübahisələr müqavilədən irəli gələn öhdəliklərlə
bağlı deyil, qanunvericiliklə həmin müqavilə ilə əlaqədar olaraq inzibati
orqanın daşıdığı bu və ya digər vəzifənin icra edilməməsi və ya lazımınca icra
edilməməsi (hərəkət və hərəkətsizlik) səbəbindən də yarana bilər.
Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab
edir ki, məhkəmə aidiyyəti məsələsi həll edilərkən bu Qərardadda əks olunmuş
hüquqi mövqelər nəzərə alınmaqla, həm tərəflər arasında bağlanmış müqavilənin
xarakteri, həm də mübahisənin predmeti dəqiq müəyyənləşdirilməli, mübahisənin
predmeti aydınlaşdırılarkən yalnız hüquq münasibətlərinin mahiyyətinə və
subyektiv tərkibinə deyil, həmçinin mübahisənin yarandığı səbəblərə də nəzər
yetirilməlidir.
Müraciətin edilməsinə səbəb olmuş “Özünəməşğulluğa
kömək göstərilməsinə dair” müqavilələrlə bağlı Konstitusiya Məhkəməsinin
Plenumu qeyd edir ki, Konstitusiyanın 35-ci maddəsinin VIII hissəsinə əsasən,
dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə
edir.
Konstitusiyasının 35-ci maddəsinə uyğun olaraq
məşğulluğa kömək sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati
əsaslarını, eləcə də işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində
dövlət təminatlarını müəyyən etmək məqsədilə “Məşğulluq haqqında” Azərbaycan
Respublikasının Qanunu qəbul edilmişdir.
Dövlətin işsizliyin aradan qaldırılması ilə bağlı
funksiyalarının icrasından irəli gələrək “Məşğulluq haqqında” Qanunun 24-cü
maddəsində özünüməşğulluğa kömək göstərilməsi ilə əlaqədar münasibətlər
tənzimlənmişdir.
Həmin Qanunun 24.1-ci maddəsinə görə, işsiz, habelə
bu Qanunun 4.1.3-cü maddəsində nəzərdə tutulan mülkiyyətində kənd
təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan
işaxtaran şəxslərin özünüməşğulluğunun təşkili müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir və aşağıdakı
mərhələlərdən ibarətdir: özünüməşğulluğun təşkili ilə
bağlı məsləhətlərin və məlumatların verilməsi; təcrübəsinin,
peşəsinin (ixtisasının), məşğulluq tarixçəsinin, maddi rifahının, habelə
şəraitinin özünüməşğulluğa cəlb edilməyə uyğunluğunun müəyyən edilməsi
məqsədilə ilkin monitorinqin həyata keçirilməsi; əmək bazarının təhlili
əsasında iqtisadiyyatın sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsinə
və təşkilinə kömək edilməsi; özünüməşğulluğun təşkili üçün biznes-planın
hazırlanmasında yardım edilməsi, o cümlədən təlimlərin keçirilməsi və onların
nəticələrinin qiymətləndirilməsi; seçilmiş özünüməşğulluq istiqamətinin təşkili
üçün natura şəklində material, avadanlıq və digər əmlakın 1 (bir) il
müddətinə müqavilə əsasında verilməsi;
özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin bu Qanunun 24.1.4-cü
maddəsində göstərilən müddət ərzində monitorinqi.
Beləliklə, “Məşğulluq haqqında” Qanunun 24.1-ci
maddəsi ilə natura şəklində material, avadanlıq və digər əmlakın verilməsi ilə
bağlı müqavilənin bağlanması nəzərdə tutulmuş, bu müqavilənin bağlana biləcəyi
xüsusi subyektlərin konkret dairəsi (işsiz, mülkiyyətində kənd təsərrüfatına
yararlı torpaq payı olan, digər məşğulluğu olmayan
işaxtaran şəxs) göstərilmiş, müqavilənin bağlanacağı subyektin
müəyyənləşdirilməsi üçün xüsusi prosedurlar və müqavilənin müddəti
müəyyənləşdirilmişdir.
Həmin Qanunun 24-cü maddəsində özünüməşğulluğun
təşkilinə dair müqavilə əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin
məsuliyyəti ilə bağlı, habelə müqavilə münasibətlərini tənzimləyən bir sıra
normalar müəyyən olunmuşdur.
Həmçinin Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq edilmiş
“Özünüməşğulluğun təşkili Qaydası”nın 7 və 8-ci maddələri ilə
özünüməşğulluğun təşkili üçün əmlakın verilməsi, bununla bağlı, özünüməşğulluğa
cəlb olunmuş şəxslə Dövlət Məşğulluq Agentliyinin müvafiq yerli qurumları
və ya DOST mərkəzləri arasında müqavilənin bağlanması, özünüməşğulluğa cəlb
olunmuş şəxsin fəaliyyətinin həmin qurumlar və ya mərkzələr tərəfindən dövri
monitorinqinin aparılması ilə bağlı müddəalar öz əksini tapmışdır.
Göründüyü kimi inzibati orqanlar özünüməşğulluğa
cəlb olunmuş şəxs hakimiyyət-tabeçilik münasibətlərində olmasalar da,
müqavilənin bağlanması proseduru və müqavilənin bir sıra şərtləri məhz inzibati
xarakterli normativ hüquqi aktlarla müəyyən edilmişdir. Həmin şərtlər isə
tərəflər üçün məcburi xarakterə malikdir.
O da göstərilməlidir ki, “Məşğulluq haqqında” Qanunda həmin Qanunun pozulmasına görə
məsuliyyət və mübahisələrin həlli ilə bağlı müddəalar da öz əksini tapmışdır.
Belə ki, bu Qanunun 33.3-cü maddəsinə əsasən, məşğulluq sahəsində mübahisələr
inzibati qaydada və məhkəmə qaydasında həll edilir.
Qeyd edilən norma “Məşğulluq haqqında” Qanundan
irəli gələn məşğulluq sahəsində yaranan mübahisələrin inzibati xarakterli
mübahisələr olduğuna dəlalət edir.
Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir
ki, Bakı Apellyasiya Məhkəməsinin müraciətində
qaldırılan məsələlərə dair Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərinin
mövcud olması, eləcə də bu Qərardadla bəzi məsələlərə aydınlıq gətirilməsi nəzərə
alınaraq, hazırkı vəziyyətdə müraciət üzrə Konstitusiya Məhkəməsi Plenumunun
ayrıca Qərarının qəbul edilməsinə ehtiyac duyulmur.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI,
“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 49, 62, 68
və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. Müqavilələrdən yaranan mübahisələrə dair məhkəmə
aidiyyəti məsələsi məhkəmələr tərəfindən Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsi Plenumunun bu Qərardadında və “İnzibati icraat haqqında” Azərbaycan
Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci
maddələrinin şərh edilməsinə dair” 2012-ci il 6 oktyabr tarixli Qərarında
göstərilən hüquqi mövqelər nəzərə alınmaqla, müqavilənin xarakterinin və
mübahisənin predmetinin dəqiq müəyyənləşdirilməsinə əsasən həll olunmalıdır.
2 . Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun bu Qərardadının təsviri-əsaslandırıcı hissəsində
göstərilən əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin müraciəti üzrə ayrıca qərar qəbul edilməsinə ehtiyac olmadığından
konstitusiya işinin icraatına xitam verilsin.
3. Qərardadın surəti 7 gün müddətində
Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.
4. Qərardad “Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin
Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.
Sədr
Fərhad Abdullayev