AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi
Plenumunun
Q Ə R A R I
Azərbaycan Respublikası
Konstitusiyasının 33-cü maddəsində nəzərdə tutulmuş mənzil toxunulmazlığı
hüququ baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157-ci maddəsində
əks olunmuş “mənzil” anlayışının şərh edilməsinə dair
25 noyabr 2024-cü
il Bakı
şəhəri
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona
Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Rafael Qvaladze, Fikrət Məmmədov, İsa
Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,
məhkəmə katibi Fəraid
Əliyevin iştirakı ilə,
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə, “Konstitusiya
Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 32-ci maddələrinə
və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin
39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur
qaydasında keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğunun
sorğusu əsasında Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsində nəzərdə
tutulmuş mənzil toxunulmazlığı hüququ baxımından Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 157-ci maddəsində əks olunmuş “mənzil” anlayışının şərh edilməsinə
dair konstitusiya işinə baxdı.
İş üzrə hakim K.Şəfiyevin
məruzəsini, maraqlı subyektlər Azərbaycan Respublikası
Prokurorluğunun və Azərbaycan Respublikası Milli Məclisi Aparatının
mülahizələrini, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət
Kollegiyasının, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının və Azərbaycan
Respublikası Vəkillər Kollegiyasının mütəxəssis mülahizələrini, ekspert
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya
kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Ş.Səmədovanın rəyini və
iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Azərbaycan
Respublikasının Prokurorluğu (bundan sonra – Prokurorluq) Azərbaycan
Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi)
sorğu ilə müraciət edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan
sonra – Cinayət Məcəlləsi) 157-ci maddəsində nəzərdə tutulmuş
“mənzil” anlayışının Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan
sonra – Cinayət-Prosessual Məcəlləsi) 7.0.34 və 17-ci maddələri
ilə əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir.
Sorğuda göstərilmişdir
ki, Cinayət Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının
qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi
ziddinə mənzilə daxil olma cinayət məsuliyyətinə səbəb olur.
Sorğuverən qeyd
etmişdir ki, Cinayət Məcəlləsində “mənzil toxunulmazlığı hüququnun
pozulması”nın cinayət məsuliyyətinə səbəb olması təsbit edilsə də, “mənzil”
anlayışına hansı sahələrin daxil olması göstərilməmişdir. Bu səbəbdən hüquq tətbiqetmə
təcrübəsində “mənzil” anlayışının fərqli mənalarda başa düşülməsi, özündə
hansı obyektləri əhatə etməsinə dair fikir ayrılığının olması, fərdi
yaşayış evlərinin hasarlanmış həyətyanı sahələrinin bu obyektlərin sırasına
daxil edilib-edilməməsinə dair vahid hüquqi mövqenin olmaması şəxsin cinayət
məsuliyyətinə cəlb edilməsi prosesində ziddiyyətli yanaşmalara gətirib çıxarır.
Prokurorluq hesab
edir ki, hüquq tətbiqetmə təcrübəsində ziddiyyətlərin aradan qaldırılması,
vahid istintaq və məhkəmə təcrübəsinin formalaşdırılması, qanunvericilik
normalarının eyni qaydada tətbiqinin və hüquqi müəyyənlik prinsipinin təmin
edilməsi məqsədilə göstərilən maddədə nəzərdə tutulmuş “mənzil” anlayışının şərh
olunmasına zərurət yaranmışdır.
Konstitusiya Məhkəməsinin
Plenumu sorğu ilə əlaqədar aşağıdakıların qeyd edilməsini vacib
hesab edir.
Azərbaycan
Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 33-cü maddəsinə
müvafiq olaraq, hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən
edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi
ziddinə heç kəs mənzilə daxil ola bilməz.
Qeyd edilən hüquq
bir sıra beynəlxalq aktlarda da öz əksini tapmışdır. Belə ki, Ümumdünya İnsan
Hüquqları Bəyannaməsinin 12-ci maddəsində və “Mülki və Siyasi Hüquqlar Haqqında
Beynəlxalq Pakt”ın 17-ci maddəsində hər bir kəsin evinin toxunulmazlığına
özbaşınalıqla və ya qeyri-qanuni qəsd edilməsinin yolverilməzliyi təsbit
olunmuşdur.
Həmçinin “İnsan
hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın “Şəxsi həyata
və ailə həyatına hörmət hüququ” adlı 8-ci maddəsində göstərilmişdir ki, hər kəs öz
şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna
malikdir.
Konstitusiya Məhkəməsinin
Plenumu hesab edir ki, Cinayət Məcəlləsinin 157-ci maddəsininin
dispozisiyasında göstərilən “mənzil” anlayışının məzmununun və hansı sahələri əhatə
etməsinin aydınlaşdırılması üçün mənzil toxunulmazlığı hüququnun mahiyyətinin və
təyinatının, bu hüquqla qorunan dəyərlərin nədən ibarət olmasının müəyyənləşdirilməsi
mühüm əhəmiyyət kəsb edir.
Konstitusiyada mənzil
toxunulmazlığı, mülkiyyət (Konstitusiyanın 29-cu maddəsi) və mənzil
(Konstitusiyanın 43-cü maddəsi) hüquqları kimi sosial-mədəni hüquqlardan fərqləndirilməklə
əsas şəxsi hüquq və azadlıqlardan biri kimi təsbit olunmuşdur. Bu ondan irəli gəlir
ki, mənzil toxunulmazlığı şəxsin mülkiyyət hüququndan daha çox şəxsi
toxunulmazlıq hüququ ilə sıx bağlı olmaqla bu hüququn davamı kimi çıxış edir. Təsadüfi
deyildir ki, yuxarıda qeyd edilən beynəlxalq aktlarda da mənzil toxunulmazlığı
hüququ şəxsi və ailə həyatına, yazışma sirrinə hörmət hüquqları ilə eyni maddədə
qoruma altına alınmışdır.
Şəxsi toxunulmazlıq
hüququ hüquqi dövlətin və demokratik cəmiyyət quruluşunun ən mühüm elementlərindən
biri olmaqla, ilk növbədə, şəxsin azadlığının, şəxsi və ailə həyatının məxfiliyinin
və təhlükəsizliyinin qorunmasını nəzərdə tutur.
Qeyd edilməlidir ki,
mənzil şəxsi həyatın yaşandığı bir yer olmaqla, insanın özünü dinc və təhlükəsiz
hiss etdiyi əsas məkandır. Yaşadığı mənzil hər kəsin şəxsi həyatını istədiyi
kimi təşkil etmək, həyatının özəl hesab etdiyi bu və ya digər məqamlarını
başqalarından gizləmək, onların müdaxilələrindən qorumaq imkanına malik olduğu
yerdir. Mənzil toxunulmazlığı da insanın şəxsi həyatının sərhədləri ilə bağlı
olaraq öz yaşayış yerində təhlükəsiz və dinc şəkildə yaşamasını, üçüncü şəxslərin
təsir və qeyri-qanuni müdaxilələrindən qorunmasını ehtiva edən konstitusion
hüquqdur.
Şəxsi həyata hörmət
hüququ kifayət qədər qorunmadıqda cəmiyyətin özünü rahat və təhlükəsiz hiss etməsi
mümkün olmadığı kimi, mənzil də hər cür özbaşına qəsd və müdaxilələrdən müdafiə
edilmədikdə, burada şəxsi həyatın qorunmasından bəhs etmək mümkün deyil.
Şəxsi və ailə həyatının
toxunulmazlığının təmin olunmasında mənzil toxunulmazlığının əhəmiyyəti və rolu
nəzərə alınmaqla bu hüquq Əsas Qanunda təsbit olunmuş və pozulmasına görə Cinayət
Məcəlləsinin “İnsan və vətəndaşın konstitusiya hüquq və azadlıqları əleyhinə
olan cinayətlər” adlı 21-ci fəslinin 157-ci maddəsində cinayət məsuliyyəti
müəyyən edilmişdir.
O da qeyd
olunmalıdır ki, Cinayət Məcəlləsinin göstərilən maddəsi ilə mühafizə altına
alınan münasibətlər məhz şəxsin mənzilində təhlükəsiz, özünün müəyyən
etdiyi kimi yaşaya bilməsi ilə bağlı ictimai münasibətlərdir (cinayət tərkibinin
obyekti). Yəni bu cinayət əməli ilə konkret mənzilə deyil, insanın yaşadığı mənzildə
şəxsi və ailə həyatının toxunulmazlığı ilə bağlı ictimai münasibətlərə qəsd
edilmiş olunur.
Əməl formal tərkibli
olmaqla hər hansı maddi nəticələr yaratması tələb olunmur, şəxsin yaşadığı yerə
onun iradəsi ziddinə daxil olma anından onun həmin mənzil daxilində şəxsi və
ailə həyatının toxunulmazlığının pozulması baş vermiş olur.
Göstərilən maddədə
öz əksini tapmış “mənzil” anlayışı ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu
qeyd etməyi vacib hesab edir ki, bir sıra normativ hüquqi aktlarda məsələn, Azərbaycan
Respublikasının Mənzil Məcəlləsində (bundan sonra – Mənzil Məcəlləsi) 12.2 və
13.3-cü maddələr), Cinayət-Prosessual Məcəlləsində (7.0.34-cü maddə), “Polis
haqqında” Azərbaycan Respublikasının Qanununda (1-ci maddə), “Yaşayış yeri və
olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda (2-ci
maddə) “yaşayış sahəsi”, “mənzil”, “yaşayış yeri” kimi müxtəlif anlayışlardan
istifadə olunmasına və həmin anlayışlara izah verilməsinə baxmayaraq, Cinayət Məcəlləsində
bu anlayışın tərifi verilməmişdir.
Nəzərə alınması
mühüm olan məqamlardan biri odur ki, müxtəlif qanunvericilik aktları fərqli
ictimai münasibətləri, yaxud ictimai münasibətlərin müxtəlif aspektlərini tənzimlədiyindən
həmin normativ aktlarda anlayışlara verilən izah və təriflər, bir qayda olaraq
onların hüquqi məqsəd və təyinatına, yerinə yetirdiyi funksiyalara
uyğun müəyyən edilir. Məhz bundan irəli gəlir ki, eyni anlayış bəzən müxtəlif
normativ aktlarda fərqli mənalar kəsb edə və ya əhatə dairəsinə görə bir-birindən
fərqlənə bilir.
Bu səbəbdən
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, hər hansı normativ aktda mənzilə
və ya yaşayış sahəsinə (yerinə) verilmiş anlayışın istisnasız şəkildə Cinayət Məcəlləsinin
157-ci maddəsinə münasibətdə tətbiq edilməsi həmin normanın konstitusiya-hüquqi
təyinatı, habelə onunla mühafizə olunan ictimai münasibətlər baxımından məqsədəmüvafiq
hesab edilə bilməz.
İnsan Hüquqları üzrə
Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də öz qərarlarında göstərmişdir
ki, Konvensiyanın 8-ci maddəsinə əsasən “şəxsi həyat”, “ailə həyatı” və “ev” məfhumları
1 nömrəli Protokolun 1-ci maddəsindəki “mülkiyyət” məfhumu kimi müstəqil
anlayışlardır; onların qorunması dövlətdaxili qanunvericilikdə kvalifikasiyadan
deyil, işin faktiki hallarından asılıdır (“Çıraqov və başqaları Ermənistana
qarşı” iş üzrə 2015-ci il 16 iyun tarixli Qərar, §206). Müvafiq
olaraq, bu və ya digər yaşayış məskəninin 8-ci maddənin 1-ci bəndində nəzərdə
tutulmuş müdafiənin şamil olunduğu "mənzil" təşkil edib-etmədiyi barədə
sualın cavabı işin faktiki hallarından, yəni şəxsin konkret məkanla yetərli və
davamlı əlaqələrinin mövcudluğundan asılıdır (“Vinterşteyn və başqaları
Fransaya qarşı” iş üzrə 2013-cü il 17 oktyabr tarixli Qərar, §141).
Qeyd edilməlidir ki,
digər hüquqlar kimi mənzil toxunulmazlığı hüququ mütləq hüquq olmamaqla qanunla
müəyyənləşdirilmiş əsaslarla və qaydada məhdudlaşdırıla bilər ki, belə halların
da bir çoxu məhz cinayət mühakimə icraatı zamanı bəzi istintaq və prosessual hərəkətlərin
həyata keçirilməsi zərurətindən irəli gəlir. Belə hərəkətlər həyata keçirilərkən
səlahiyyətli dövlət hakimiyyəti orqanları tərəfindən prosessual imkanlardan
sui-istifadə edilməsinin qarşısının alınması, insanların şəxsi və ailə həyatının,
mülkiyyət hüququnun toxunulmazlığının təmin edilməsi baxımından Cinayət-Prosessual
Məcəlləsinin 17-ci maddəsində bu Məcəllədə nəzərdə tutulmuş hallardan başqa,
heç kəsin yaşayış yerində yaşayanların iradəsi ziddinə yaşayış
yerinə daxil ola bilməməsi təsbit edilmişdir. Bu norma hər kəsin
Konstitusiya ilə tanınan mənzil toxunulmazlığı, mülkiyyət və s. hüquqlarının təminatına
yönəlməklə, cinayət mühakimə icraatının əsas prinsipləri və şərtlərindən birini
təşkil edir.
Müvafiq olaraq,
Cinayət-Prosessual Məcəlləsinin 7.0.34-cü maddəsində yaşayış yerinə anlayış
verilməklə onun bir və ya bir neçə şəxsin yaşaması üçün müvəqqəti, yaxud
daimi istifadə edilən yer, o cümlədən ev, mənzil, bağ evi,
mehmanxanada, sanatoriyada, pansionatda, yataqxanada, istirahət evində,
kempinqdə, turist bazasında otaq, onlara bilavasitə bitişik aynabəndlər,
terraslar, qalereyalar, eyvanlar, ümumi istifadə üçün yerlər (onların istirahət,
əmlak saxlamaq, yaxud insanların digər tələbatlarını təmin etmək üçün istifadə
olunan digər tərkib hissələri), çoxmənzilli evdən başqa tikililərin zirzəmisi və
çardağı, habelə dəniz gəmisinin kayutası və ya uzaq səfərdə olan qatarın kupesi
(bunlardan əlavə bu Məcəllənin məqsədləri üçün yaşayış yerinin fiziki şəxsin
xidməti kabineti, ona məxsus çəpərli torpaq sahəsi, avtomobil, çay və dəniz gəmisi)
olduğu göstərilmişdir.
Nəzərə alınmalıdır
ki, cinayət prosesi çərçivəsində həyata keçirilən prosessual hərəkətlər şəxslərin
yalnız mənzil deyil, bir sıra digər hüquqlarının (mülkiyyət və s.)
qanunvericilik çərçivəsində məhdudlaşdırılması və ya onlara müdaxilə edilməsi
ilə nəticələnə bildiyindən, Cinayət-Prosessual Məcəlləsində “yaşayış yeri”
anlayışı yalnız mənzil toxunulmazlığı hüququ baxımından deyil, bütövlükdə həmin
Məcəllənin məqsəd və funksiyaları, onunla tənzimlənən münasibətlərin xüsusiyyətləri
nəzərə alınmaqla formalaşdırılmışdır.
Məhz bu səbəbdən də
həmin anlayışın eynilə Cinayət Məcəlləsinin 157-ci maddəsinə münasibətdə tətbiq
edilməsi məsələn, istənilən çəpərlənmiş torpaq sahəsinin və ya avtomibilin həmin
maddə baxımından mənzil hesab edilməsi cinayət məsuliyyətinin əsassız şəkildə
genişləndirilməsi ilə nəticələnə bilər.
Mənzil Məcəlləsinin
12.2-ci maddəsinə əsasən isə yaşayış sahəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə
uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün
yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara,
qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahədir. Həmin Məcəllənin
13.2-ci maddəsinə uyğun olaraq, otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və
digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət
fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Bir və ya bir neçə otaqdan,
habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə
tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan
sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil
hesab edilir (Mənzil Məcəllənin 13.3-cü maddəsi).
Qeyd edilməsi zəruridir
ki, Mənzil Məcəlləsi üzrə yaşayış sahəsi, mənzil anlayışlarının əhatə etdiyi
sahələrə özbaşına qəsd Cinayət Məcəlləsinin 157-ci
maddəsi ilə cinayət məsuliyyətinin yaranmasına əsas ola bilsə də,
cinayət qanununun qeyd edilən normasındakı “mənzil” anlayışı Mənzil Məcəlləsində
nəzərdə tutulmuş sahələrlə məhdudlaşmır. Mənzil toxunulmazlığı mülkiyyəti
deyil, insanın şəxsi və ailə həyatının toxunulmazlığını, sərbəst və dinc
yaşamaq hüququnu təmin etdiyindən və Cinayət Məcəlləsinin 157-ci maddəsi ilə
qorunan münasibətlərin mənzildə yaşayanların şəxsi və ailə həyatının
toxunulmazlığı olduğundan, qəsd edilən yaşayış sahəsinin məhz daşınmaz əmlak
olması və s. tələb olunmur.
Göstərilənlərə əsasən
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mənzil toxunulmazlığının
pozulmasına görə cinayət məsuliyyətinin müəyyən edilməsində əsas məqsəd şəxsi və
ailə həyatının mühafizəsi olduğundan, mənzil anlayışı elə sahələri əhatə etməlidir
ki, orada şəxsi və ailə həyatının yaşanması və qorunması mümkün olsun.
Odur ki, Cinayət Məcəlləsinin
157-ci maddəsində mənzil dedikdə, şəxsin özünə yaşayış yeri kimi seçdiyi, şəxsi
və ailə həyatının yaşandığı elə sahə və tikililər başa düşülməlidir ki, buraya
şəxsin iradəsi ziddinə daxil olma ilə onun dinc və təhlükəsiz yaşayışına, şəxsi
həyatının pozulmasına təhlükə yaranmış olsun.
Bu baxımdan
Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, şəxsin yaşadığı yerin Cinayət
Məcəlləsinin 157-ci maddəsinin məqsədləri baxımından mənzil hesab edilə bilməsi
üçün o aşağıdakı hər üç meyara cavab verməlidir:
- bir və ya bir
neçə şəxs tərəfindən müvəqqəti və ya daimi yaşama üçün istifadə edilməsi;
Şəxsin yaşayış sahəsindən
istifadə etməsi dedikdə, onun həmin sahə ilə davamlı və yetərli əlaqəsinin
olması, şəxsi və ailə həyatının bu və ya digər hissələrini orada gerçəkləşdirməsi
başa düşülür. Nəzərə alınmalıdır ki, şəxs yaşayış sahəsində şəxsi və ailə həyatınının
müxtəlif hissələrini (istirahət, qidalanma, qonaq qəbul etmə və s.) yaşaya bilər
ki, həmin sahələr də mənzil anlayışına aiddir.
Hər hansı sahənin
yaşayış sahəsi olması üçün uzun müddət və ya daimi istifadə edilməsi, daşınar və
ya daşınmaz olması, qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun tikilməsi əhəmiyyət
kəsb etmədiyi kimi, onun şəxsin mülkiyyətində olub-olmamasının da əhəmiyyəti
yoxdur. Məhz buna görə də, normada “mülkiyyətçi”nin deyil, “mənzildə yaşayan”ın
iradəsi ziddinə daxil olma cinayətin obyektiv cəhətinin əlaməti kimi müəyyən
olunmuşdur. Avropa Məhkəməsinin qərarlarında da “mənzil” anlayışı təkcə qanunla
şəxsin adına rəsmiləşdirilən mənzillərlə məhdudlaşdırılmamışdır (“Bakli Birləşmiş
Krallığa qarşı” iş üzrə 1996-cı il 29 sentyabr tarixli Qərar).
- şəxsi
həyatı (onun məxfiliyini) təmin edə bilməsi;
Yaşayış sahəsinin
mənzil hesab edilməsi üçün həmin sahə şəxsi və ailə həyatının yaşandığı və məxfiliyi
təmin etmək imkanına malik bir məkan olmaqla, oraya qeyri-qanuni müdaxilə ilə şəxsin
şəxsi və ailə həyatının toxunulmazlığına təhlükə yaranmalıdır. Bu səbəbdən çoxmənzilli
binanın ümumi istifadədə olan sahələri, xəstələrin stasionar müalicə olunduğu xəstəxana
palatası kimi yerlər Cinayət Məcəlləsinin 157-ci maddəsi baxımından mənzil
hesab edilə bilməz.
Avropa Məhkəməsi də
öz qərarlarında qeyd etmişdir ki, "mənzil" dedikdə adətən, fiziki cəhətdən
açıq seçilən elə ərazi başa düşülür ki, orada şəxsi və ailə həyatı mövcud olsun
(“Morena Gomez İspaniyaya qarşı” iş üzrə 2005-ci il 16 fevral
tarixli Qərar, §53).
Həmçinin Sloveniya
Respublikası Konstitusiya Məhkəməsinin 2017-ci il 12 oktyabr tarixli Qərarında
qeyd edilmişdir ki, mənzil (ev) anlayışı bir neçə məna daşıyır. Mənzil fərdi ətrafdan
qoruyan fiziki məkandır. Eyni zamanda, mənzil fərdin öz istədiyi kimi yaşadığı
və beləliklə özünü realizə edə bildiyi şəxsi məkandır.
- yaşayış
məqsədilə digər sahələrdən təcrid olunması;
Yaşayış sahəsinin mənzil
anlayışına daxil ola bilməsi üçün onun yaşayış yeri kimi istifadə edildiyini
göstərən xarici əlamətlər olmalı, həmin sahə xarici mühitdən təcrid
olunmalıdır. Belə təcrid olunmanın xarakteri, yəni maneələrin nə dərəcədə möhkəm
olması əhəmiyyət daşımamaqla, insanların yaşayış tərzinə, sosial və iqtisadi vəziyyətinə,
adət-ənənələrə və s. amillərə görə fərqlənə bilər.
Konstitusiya Məhkəməsinin
Plenumu qeyd etməyi vacib hesab edir ki, bu meyar bilavasitə təyinatı yaşayış
sahəsi olmayan, lakin şəxsin yaşaması üçün uyğunlaşdırılmış sahələrə (məsələn,
qaraj, anbar, vaqon və s.) münasibətdə mənzil toxunulmazlığı hüququnun müdafiəsi
üçün xüsusi əhəmiyyət kəsb edir. Həmin sahələrin təyinatının yaşayış sahəsi
olmamasına baxmayaraq, şəxs oradan şəxsi və ailə həyatını yaşamaq üçün istifadə
edirsə, onun həmin sahə ilə bağlı mənzil toxunulmazlığı konstitusion hüququnun
qorunması mütləqdir.
Bu kimi yerlərə
orada yaşayan şəxsin iradəsi ziddinə daxil olma hallarında əməlin Cinayət Məcəlləsinin
157-ci maddəsi ilə tövsif edilməsi zamanı şəxsin oradan müvafiq yaşayış sahəsi
kimi istifadə etməsinə dair iradə ifadəsinin kənar şəxslərdə hər hansı şübhəyə əsas
verməyəcək dərəcədə aydın ifadə edilmiş olması, yaxud mənzil toxunulmazlığını
pozan şəxsin belə sahələrin məhz yaşayış sahəsi kimi istifadə edildiyini bilməsi
və ya bilməli olması kimi amillər nəzərə alınmalıdır.
O da qeyd edilməlidir
ki, mənzil toxunulmazlığının pozulması subyektiv cəhətdən qəsdən törədilən
cinayət olduğundan, bu əməli törədən şəxsin daxil olduğu sahənin məhz yaşayış
sahəsi kimi istifadə olunduğunu və həmin sahəyə iradə ziddinə daxil olduğunu dərk
etməsi cinayət tərkibinin əmələ gəlməsi üçün zəruri əlaməti təşkil edir.
Həyətyanı torpaq sahəsinin,
habelə çəpərlənmiş torpaq sahəsinin “mənzil” anlayışına daxil olub-olmaması ilə
bağlı sorğuda qaldırılan məsələyə münasibətdə isə Konstitusiya Məhkəməsinin
Plenumu qeyd etməyi vacib hesab edir ki, torpaq sahəsinin xarici mühitdən
ayrılması üçün tədbirlər görülməsi (hasarlanması, çəpərlənməsi və s.), orada şəxsin
məişət ehtiyaclarının qarşılanması üçün sahələrin yerləşməsi, şəxsin həmin sahədə
şəxsi həyatının müəyyən hissəsini, məsələn istirahətini təşkil etməsi və s. bu
kimi işin halları nəzərə alınmaqla, belə sahənin Cinayət Məcəlləsinin 157-ci
maddəsi ilə mühafizə olunan dəyərlər baxımından mənzil hesab olunması
mümkündür.
Avropa Məhkəməsinin “Guta
Moldovaya qarşı” iş üzrə 2007-ci il 7 iyun tarixli Qərarında əks
olunmuş hüquqi mövqeyə əsasən, qanuni əsas olmadan həyətyanı sahəyə daxil olma
mənzil toxunulmazlığı hüququnun pozulmasını təşkil etmişdir.
Beləliklə, yaşayış
sahəsinə daxil olmanın səbəbi, məqsədi və işin faktiki halları nəzərə alınmaqla
hüquq tətbiqedən orqanlar tərəfindən şəxsin şəxsi və ailə həyatının
toxunulmazlığına təhlükənin yaranmış olub-olmaması baxımından hər bir əmələ
hüquqi qiymət verilməlidir.
Göstərilənlərə əsasən
Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:
- Konstitusiyanın
33-cü maddəsində nəzərdə tutulmuş mənzil toxunulmazlığı hüququnun mahiyyəti və
təyinatından irəli gələrək Cinayət Məcəlləsinin 157-ci maddəsi baxımından “mənzil”
dedikdə, bu Qərarın təsviri -əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə
uyğun olaraq daimi və ya müvəqqəti yaşanmasından və mülkiyyət formasından asılı
olmayaraq, bir və ya bir neçə şəxs tərəfindən yaşamaq üçün istifadə edilən, şəxsi
həyatı (onun məxfiliyini) təmin edən və digər sahələrdən təcrid olunan yaşayış
yeri başa düşülür;
- Həyətyanı
torpaq sahəsi, eləcə də təyinatı yaşayış sahəsi olmasa da yaşayış üçün
uyğunlaşdırılmış sahələr bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks
olunmuş meyarlara uyğun olaraq şəxsi və ailə həyatının yaşandığı yer kimi
istifadə edildiyi halda, həmin sahəyə şəxsin iradəsi ziddinə daxil olma Cinayət
Məcəlləsinin 157-ci maddəsi üzrə cinayət məsuliyyətinə səbəb ola bilər.
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini,
“Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63,
65–67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu
QƏRARA
ALDI:
1. Azərbaycan
Respublikası Konstitusiyasının 33-cü maddəsində nəzərdə tutulmuş mənzil
toxunulmazlığı hüququnun mahiyyəti və təyinatından irəli gələrək Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 157-ci maddəsi baxımından “mənzil” dedikdə,
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı
hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq daimi və ya müvəqqəti
yaşanmasından və mülkiyyət formasından asılı olmayaraq, bir və ya bir neçə şəxs
tərəfindən yaşamaq üçün istifadə edilən, şəxsi həyatı (onun məxfiliyini) təmin
edən və digər sahələrdən təcrid olunan yaşayış yeri başa düşülür.
2. Həyətyanı
torpaq sahəsi, eləcə də təyinatı yaşayış sahəsi olmasa da yaşayış üçün
uyğunlaşdırılmış sahələr Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş meyarlara
uyğun olaraq şəxsi və ailə həyatının yaşandığı yer kimi istifadə edildiyi
halda, həmin sahəyə şəxsin iradəsi ziddinə daxil olma Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 157-ci maddəsi üzrə cinayət məsuliyyətinə səbəb ola bilər.
3. Qərar
dərc edildiyi gündən qüvvəyə minir.
4. Qərar
Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.
5. Qərar
qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi
təfsir edilə bilməz.
Sədr Fərhad
Abdullayev
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsində nəzərdə
tutulmuş mənzil toxunulmazlığı hüququ baxımından Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 157-ci maddəsində əks olunmuş “mənzil” anlayışının şərh edilməsinə
dair 25 noyabr 2024-cü il tarixli Qərarından hakimlər İsa Nəcəfov və Kamran Şəfiyevin
XÜSUSİ
RƏYİ
Konstitusiya Məhkəməsinin
Plenumun Qərarına hörmətlə yanaşaraq aşağıdakı mövqeyimi bildirirəm.
Əsaslandırıcı
hissədə “mənzil” anlayışı ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin
presedent hüququna istinad edilməmişdir. Baxmayaraq ki, Avropa İnsan Hüquqları
Məhkəməsi cox saylı qərarlarında “mənzil” anlayışına hansı obyektlərin daxil
olmasını göstərilmişdir.
Qərarda istinad edilən
Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları mülkiyyət hüququ ilə bağlıdır və
müraciətin predmetinə aid deyil.
Torpaq sahəsi açıq məkan
olduğu üçün orada şəxsi həyat hüququnu təmin etmək mümkün deyil.
Buna görə yaşayış evlərinin hasarlanmış həyətyanı sahələri mənzil hesab etmək
olmaz. Lakin yaşayış evlərinin hasarlanmış həyətyanı sahələri şəxsi mülkiyyət
olaraq qanunsuz müdaxilədən qanunla mühafizə olunmalıdır.
Qərarda həyətyanı
torpaq sahəsini şəxsi və ailə həyatının yaşandığı yer kimi istifadə edildiyi
halda “mənzil” anlayışına aid edilmişdir. Həyətyanı torpaq sahəsində şəxsi və
ailə həyatın mövcudluğu isə həmin sahənin xarici mühitdən ayrılması üçün tədbirlər
görülməsi ilə (hasarlanması, çəpərlənməsi və s.) əlaqələndirilmişdir. Bu
halda həyətyanı torpaq sahəsini mənzil hesab edilməsini hasarın
mövcudluğundan, onun hündürlüyündən asılı edilmişdir. Bu meyar obyektiv və dəqiq
deyil. Geniş və qeyri-müəyyən şərh və tətbiq üçün imkanlar yaradır.
Qərar hissəsinə
aşağıdakı bəndlər daxil edilməliydir:
- Cinayət Məcəlləsinin
157-ci maddəsində əks olunmuş “mənzil” anlayışına mənzil (Mənzil Məcəlləsinin
13.3-cü maddəsi), yaşayış evi (Mənzil Məcəlləsinin 13.2-ci maddəsi), bağ evi, şəxsin
yaşaması istifadə edilən mehmanxanada, sanatoriyada, pansionatda, yataqxanada,
istirahət evində, kempinqdə, turist bazasında, ahıllar və əlilliyi olan şəxslər
üçün sosial xidmət müəssisələrində otaq daxildir.
- “Mənzil”
anlayışına yaşayış evi ilə vahid kompleksi təşkil edən aynabəndlər,
terraslar, qalereyalar, eyvanlar, ümumi istifadə üçün yerlər (istirahət, əmlak
saxlamaq, yaxud insanların digər tələbatlarını təmin etmək üçün istifadə olunan
digər sahələr), qaraj, аnbar, zirzəmi və s. уеrlər aiddir;
- Yaşayış evlərinin
hasarlanmış həyətyanı sahələri, yaşayış evlərindən ayrılmış və insanların məskunlaşması
üçün istifadə edilməyən yardımçı tikililər, аnbar, zirzəmilər,
qarajlar və digər sahələr “mənzil” anlayışına aid edilmir.
Bu siyahı məhdudlaşdırıcı
xarakter daşımır. Məhkəmələr hər bir sahəni “mənzil” anlayışına aid olub
olmamasını müəyyən edərkən bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks
olunmuş hüquqi mövqelərdən Avropa Məhkəməsinin president hüququndan və
işin konkret hallarından çıxış etməlidirlər.
İsa Nəcəfov
Kamran Şəfiyev