Постановления

25.11.24. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsində nəzərdə tutulmuş mənzil toxunulmazlığı hüququ baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157-ci maddəsində əks olunmuş “mənzil” anlayışının şərh edilməsinə dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsində nəzərdə tutulmuş mənzil toxunulmazlığı hüququ baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157-ci maddəsində əks olunmuş “mənzil” anlayışının şərh edilməsinə dair

 

 

25 noyabr 2024-cü il                                                                                    Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Rafael Qvaladze, Fikrət Məmmədov, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 32-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsində nəzərdə tutulmuş mənzil toxunulmazlığı hüququ baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157-ci maddəsində əks olunmuş “mənzil” anlayışının şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlər Azərbaycan Respublikası Prokurorluğunun və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizələrini, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının müdiri, hüquq elmləri doktoru, professor Ş.Səmədovanın rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

 Azərbaycan Respublikasının Prokurorluğu (bundan sonra – Prokurorluq) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra –  Konstitusiya Məhkəməsi) sorğu ilə müraciət edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra –  Cinayət Məcəlləsi)  157-ci maddəsində nəzərdə tutulmuş “mənzil” anlayışının Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra –  Cinayət-Prosessual Məcəlləsi)  7.0.34 və 17-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir.

Sorğuda göstərilmişdir ki, Cinayət Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma cinayət məsuliyyətinə səbəb olur.

Sorğuverən qeyd etmişdir ki, Cinayət Məcəlləsində “mənzil toxunulmazlığı hüququnun pozulması”nın cinayət məsuliyyətinə səbəb olması təsbit edilsə də, “mənzil” anlayışına hansı sahələrin daxil olması göstərilməmişdir. Bu səbəbdən hüquq tətbiqetmə təcrübəsində “mənzil” anlayışının fərqli mənalarda başa düşülməsi, özündə hansı obyektləri əhatə etməsinə dair fikir ayrılığının olması, fərdi yaşayış evlərinin hasarlanmış həyətyanı sahələrinin bu obyektlərin sırasına daxil edilib-edilməməsinə dair vahid hüquqi mövqenin olmaması şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi prosesində ziddiyyətli yanaşmalara gətirib çıxarır.

Prokurorluq hesab edir ki, hüquq tətbiqetmə təcrübəsində ziddiyyətlərin aradan qaldırılması, vahid istintaq və məhkəmə təcrübəsinin formalaşdırılması, qanunvericilik normalarının eyni qaydada tətbiqinin və hüquqi müəyyənlik prinsipinin təmin edilməsi məqsədilə göstərilən maddədə nəzərdə tutulmuş “mənzil” anlayışının şərh olunmasına zərurət yaranmışdır.

Konstitusiya Məhkəməsinin Plenumu sorğu ilə əlaqədar  aşağıdakıların qeyd edilməsini  vacib hesab edir.

Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 33-cü maddəsinə müvafiq olaraq, hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz.

Qeyd edilən hüquq bir sıra beynəlxalq aktlarda da öz əksini tapmışdır. Belə ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 12-ci maddəsində və “Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt”ın 17-ci maddəsində hər bir kəsin evinin toxunulmazlığına özbaşınalıqla və ya qeyri-qanuni qəsd edilməsinin yolverilməzliyi təsbit olunmuşdur.

Həmçinin “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın “Şəxsi həyata və ailə həyatına hörmət hüququ” adlı 8-ci maddəsində göstərilmişdir ki, hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Cinayət Məcəlləsinin 157-ci maddəsininin dispozisiyasında göstərilən “mənzil” anlayışının məzmununun və hansı sahələri əhatə etməsinin aydınlaşdırılması üçün mənzil toxunulmazlığı hüququnun mahiyyətinin və təyinatının, bu hüquqla qorunan dəyərlərin nədən ibarət olmasının müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir.

Konstitusiyada mənzil toxunulmazlığı, mülkiyyət (Konstitusiyanın 29-cu maddəsi) və mənzil (Konstitusiyanın 43-cü maddəsi) hüquqları kimi sosial-mədəni hüquqlardan fərqləndirilməklə əsas şəxsi hüquq və azadlıqlardan biri kimi təsbit olunmuşdur. Bu ondan irəli gəlir ki, mənzil toxunulmazlığı şəxsin mülkiyyət hüququndan daha çox şəxsi toxunulmazlıq hüququ ilə sıx bağlı olmaqla bu hüququn davamı kimi çıxış edir. Təsadüfi deyildir ki, yuxarıda qeyd edilən beynəlxalq aktlarda da mənzil toxunulmazlığı hüququ şəxsi və ailə həyatına, yazışma sirrinə hörmət hüquqları ilə eyni maddədə qoruma altına alınmışdır.

Şəxsi toxunulmazlıq hüququ hüquqi dövlətin və demokratik cəmiyyət quruluşunun ən mühüm elementlərindən biri olmaqla, ilk növbədə, şəxsin azadlığının, şəxsi və ailə həyatının məxfiliyinin və təhlükəsizliyinin qorunmasını nəzərdə tutur.

Qeyd edilməlidir ki, mənzil şəxsi həyatın yaşandığı bir yer olmaqla, insanın özünü dinc və təhlükəsiz hiss etdiyi əsas məkandır. Yaşadığı mənzil hər kəsin şəxsi həyatını istədiyi kimi təşkil etmək, həyatının özəl hesab etdiyi bu və ya digər məqamlarını başqalarından gizləmək, onların müdaxilələrindən qorumaq imkanına malik olduğu yerdir. Mənzil toxunulmazlığı da insanın şəxsi həyatının sərhədləri ilə bağlı olaraq öz yaşayış yerində təhlükəsiz və dinc şəkildə yaşamasını, üçüncü şəxslərin təsir və qeyri-qanuni müdaxilələrindən qorunmasını ehtiva edən konstitusion hüquqdur.

Şəxsi həyata hörmət hüququ kifayət qədər qorunmadıqda cəmiyyətin özünü rahat və təhlükəsiz hiss etməsi mümkün olmadığı kimi, mənzil də hər cür özbaşına qəsd və müdaxilələrdən müdafiə edilmədikdə, burada şəxsi həyatın qorunmasından bəhs etmək mümkün deyil.

Şəxsi və ailə həyatının toxunulmazlığının təmin olunmasında mənzil toxunulmazlığının əhəmiyyəti və rolu nəzərə alınmaqla bu hüquq Əsas Qanunda təsbit olunmuş və pozulmasına görə Cinayət Məcəlləsinin “İnsan və vətəndaşın konstitusiya hüquq və azadlıqları əleyhinə olan cinayətlər”  adlı 21-ci fəslinin 157-ci maddəsində cinayət məsuliyyəti müəyyən edilmişdir.

O da qeyd olunmalıdır ki, Cinayət Məcəlləsinin göstərilən maddəsi ilə mühafizə altına alınan münasibətlər məhz şəxsin mənzilində təhlükəsiz, özünün müəyyən etdiyi kimi yaşaya bilməsi ilə bağlı ictimai münasibətlərdir (cinayət tərkibinin obyekti). Yəni bu cinayət əməli ilə konkret mənzilə deyil, insanın yaşadığı mənzildə şəxsi və ailə həyatının toxunulmazlığı ilə bağlı ictimai münasibətlərə qəsd edilmiş olunur.

Əməl formal tərkibli olmaqla hər hansı maddi nəticələr yaratması tələb olunmur, şəxsin yaşadığı yerə onun iradəsi ziddinə daxil olma anından onun həmin mənzil daxilində şəxsi və ailə həyatının toxunulmazlığının pozulması baş vermiş olur.

Göstərilən maddədə öz əksini tapmış “mənzil” anlayışı ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, bir sıra normativ hüquqi aktlarda məsələn, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində (bundan sonra – Mənzil Məcəlləsi) 12.2 və 13.3-cü maddələr), Cinayət-Prosessual Məcəlləsində (7.0.34-cü maddə), “Polis haqqında” Azərbaycan Respublikasının Qanununda (1-ci maddə), “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda (2-ci maddə) “yaşayış sahəsi”, “mənzil”, “yaşayış yeri” kimi müxtəlif anlayışlardan istifadə olunmasına və həmin anlayışlara izah verilməsinə baxmayaraq, Cinayət Məcəlləsində bu anlayışın tərifi verilməmişdir.

Nəzərə alınması mühüm olan məqamlardan biri odur ki, müxtəlif qanunvericilik aktları fərqli ictimai münasibətləri, yaxud ictimai münasibətlərin müxtəlif aspektlərini tənzimlədiyindən həmin normativ aktlarda anlayışlara verilən izah və təriflər, bir qayda olaraq onların  hüquqi məqsəd və təyinatına, yerinə yetirdiyi funksiyalara uyğun müəyyən edilir. Məhz bundan irəli gəlir ki, eyni anlayış bəzən müxtəlif normativ aktlarda fərqli mənalar kəsb edə və ya əhatə dairəsinə görə bir-birindən fərqlənə bilir.

Bu səbəbdən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, hər hansı normativ aktda mənzilə və ya yaşayış sahəsinə (yerinə) verilmiş anlayışın istisnasız şəkildə Cinayət Məcəlləsinin 157-ci maddəsinə münasibətdə tətbiq edilməsi həmin normanın konstitusiya-hüquqi təyinatı, habelə onunla mühafizə olunan ictimai münasibətlər baxımından məqsədəmüvafiq hesab edilə bilməz.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) də öz qərarlarında göstərmişdir ki, Konvensiyanın 8-ci maddəsinə əsasən “şəxsi həyat”, “ailə həyatı” və “ev” məfhumları 1 nömrəli Protokolun 1-ci maddəsindəki “mülkiyyət” məfhumu kimi müstəqil anlayışlardır; onların qorunması dövlətdaxili qanunvericilikdə kvalifikasiyadan deyil, işin faktiki hallarından asılıdır (“Çıraqov və başqaları Ermənistana qarşı” iş üzrə 2015-ci il 16 iyun tarixli Qərar, §206). Müvafiq olaraq, bu və ya digər yaşayış məskəninin 8-ci maddənin 1-ci bəndində nəzərdə tutulmuş müdafiənin şamil olunduğu "mənzil" təşkil edib-etmədiyi barədə sualın cavabı işin faktiki hallarından, yəni şəxsin konkret məkanla yetərli və davamlı əlaqələrinin mövcudluğundan asılıdır (“Vinterşteyn və başqaları Fransaya qarşı” iş üzrə 2013-cü il 17 oktyabr tarixli Qərar, §141).

Qeyd edilməlidir ki, digər hüquqlar kimi mənzil toxunulmazlığı hüququ mütləq hüquq olmamaqla qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada məhdudlaşdırıla bilər ki, belə halların da bir çoxu məhz cinayət mühakimə icraatı zamanı bəzi istintaq və prosessual hərəkətlərin həyata keçirilməsi zərurətindən irəli gəlir. Belə hərəkətlər həyata keçirilərkən səlahiyyətli dövlət hakimiyyəti orqanları tərəfindən prosessual imkanlardan sui-istifadə edilməsinin qarşısının alınması, insanların şəxsi və ailə həyatının, mülkiyyət hüququnun toxunulmazlığının təmin edilməsi baxımından Cinayət-Prosessual Məcəlləsinin 17-ci maddəsində bu Məcəllədə nəzərdə tutulmuş hallardan başqa, heç kəsin yaşayış yerində yaşayanların iradəsi ziddinə yaşayış yerinə daxil ola bilməməsi təsbit edilmişdir. Bu norma hər kəsin Konstitusiya ilə tanınan mənzil toxunulmazlığı, mülkiyyət və s. hüquqlarının təminatına yönəlməklə, cinayət mühakimə icraatının əsas prinsipləri və şərtlərindən birini təşkil edir.

Müvafiq olaraq, Cinayət-Prosessual Məcəlləsinin 7.0.34-cü maddəsində yaşayış yerinə anlayış verilməklə onun bir və ya bir neçə şəxsin yaşaması üçün müvəqqəti, yaxud daimi istifadə edilən  yer, o cümlədən ev, mənzil, bağ evi, mehmanxanada, sanatoriyada, pansionatda, yataqxanada, istirahət evində, kempinqdə, turist bazasında otaq, onlara bilavasitə bitişik aynabəndlər, terraslar, qalereyalar, eyvanlar, ümumi istifadə üçün yerlər (onların istirahət, əmlak saxlamaq, yaxud insanların digər tələbatlarını təmin etmək üçün istifadə olunan digər tərkib hissələri), çoxmənzilli evdən başqa tikililərin zirzəmisi və çardağı, habelə dəniz gəmisinin kayutası və ya uzaq səfərdə olan qatarın kupesi (bunlardan əlavə bu Məcəllənin məqsədləri üçün yaşayış yerinin fiziki şəxsin xidməti kabineti, ona məxsus çəpərli torpaq sahəsi, avtomobil, çay və dəniz gəmisi) olduğu göstərilmişdir.

Nəzərə alınmalıdır ki, cinayət prosesi çərçivəsində həyata keçirilən prosessual hərəkətlər şəxslərin yalnız mənzil deyil, bir sıra digər hüquqlarının (mülkiyyət və s.) qanunvericilik çərçivəsində məhdudlaşdırılması və ya onlara müdaxilə edilməsi ilə nəticələnə bildiyindən, Cinayət-Prosessual Məcəlləsində “yaşayış yeri” anlayışı yalnız mənzil toxunulmazlığı hüququ baxımından deyil, bütövlükdə həmin Məcəllənin məqsəd və funksiyaları, onunla tənzimlənən münasibətlərin xüsusiyyətləri nəzərə alınmaqla formalaşdırılmışdır.

Məhz bu səbəbdən də həmin anlayışın eynilə Cinayət Məcəlləsinin 157-ci maddəsinə münasibətdə tətbiq edilməsi məsələn, istənilən çəpərlənmiş torpaq sahəsinin və ya avtomibilin həmin maddə baxımından mənzil hesab edilməsi cinayət məsuliyyətinin əsassız şəkildə genişləndirilməsi ilə nəticələnə bilər.

Mənzil Məcəlləsinin 12.2-ci maddəsinə əsasən isə yaşayış sahəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahədir. Həmin Məcəllənin 13.2-ci maddəsinə uyğun olaraq, otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir (Mənzil Məcəllənin 13.3-cü maddəsi).

Qeyd edilməsi zəruridir ki, Mənzil Məcəlləsi üzrə yaşayış sahəsi, mənzil anlayışlarının əhatə etdiyi sahələrə özbaşına qəsd Cinayət Məcəlləsinin 157-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranmasına əsas ola bilsə də, cinayət qanununun qeyd edilən normasındakı “mənzil” anlayışı Mənzil Məcəlləsində nəzərdə tutulmuş sahələrlə məhdudlaşmır. Mənzil toxunulmazlığı mülkiyyəti deyil, insanın şəxsi və ailə həyatının toxunulmazlığını, sərbəst və dinc yaşamaq hüququnu təmin etdiyindən və Cinayət Məcəlləsinin 157-ci maddəsi ilə qorunan münasibətlərin mənzildə yaşayanların şəxsi və ailə həyatının toxunulmazlığı olduğundan, qəsd edilən yaşayış sahəsinin məhz daşınmaz əmlak olması və s. tələb olunmur.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mənzil toxunulmazlığının pozulmasına görə cinayət məsuliyyətinin müəyyən edilməsində əsas məqsəd şəxsi və ailə həyatının mühafizəsi olduğundan, mənzil anlayışı elə sahələri əhatə etməlidir ki, orada şəxsi və ailə həyatının yaşanması və qorunması mümkün olsun.

Odur ki, Cinayət Məcəlləsinin 157-ci maddəsində mənzil dedikdə, şəxsin özünə yaşayış yeri kimi seçdiyi, şəxsi və ailə həyatının yaşandığı elə sahə və tikililər başa düşülməlidir ki, buraya şəxsin iradəsi ziddinə daxil olma ilə onun dinc və təhlükəsiz yaşayışına, şəxsi həyatının pozulmasına təhlükə yaranmış olsun.

Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, şəxsin yaşadığı yerin Cinayət Məcəlləsinin 157-ci maddəsinin məqsədləri baxımından mənzil hesab edilə bilməsi üçün o aşağıdakı hər üç meyara cavab verməlidir:

 

-    bir və ya bir neçə şəxs tərəfindən müvəqqəti və ya daimi yaşama üçün istifadə edilməsi;

Şəxsin yaşayış sahəsindən istifadə etməsi dedikdə, onun həmin sahə ilə davamlı və yetərli əlaqəsinin olması, şəxsi və ailə həyatının bu və ya digər hissələrini orada gerçəkləşdirməsi başa düşülür. Nəzərə alınmalıdır ki, şəxs yaşayış sahəsində şəxsi və ailə həyatınının müxtəlif hissələrini (istirahət, qidalanma, qonaq qəbul etmə və s.) yaşaya bilər ki, həmin sahələr də mənzil anlayışına aiddir.

Hər hansı sahənin yaşayış sahəsi olması üçün uzun müddət və ya daimi istifadə edilməsi, daşınar və ya daşınmaz olması, qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun tikilməsi əhəmiyyət kəsb etmədiyi kimi, onun şəxsin mülkiyyətində olub-olmamasının da əhəmiyyəti yoxdur. Məhz buna görə də, normada “mülkiyyətçi”nin deyil, “mənzildə yaşayan”ın iradəsi ziddinə daxil olma cinayətin obyektiv cəhətinin əlaməti kimi müəyyən olunmuşdur. Avropa Məhkəməsinin qərarlarında da “mənzil” anlayışı təkcə qanunla şəxsin adına rəsmiləşdirilən mənzillərlə məhdudlaşdırılmamışdır (“Bakli Birləşmiş Krallığa qarşı” iş üzrə 1996-cı il 29 sentyabr tarixli Qərar).

 

-    şəxsi həyatı (onun məxfiliyini) təmin edə bilməsi;

 Yaşayış sahəsinin mənzil hesab edilməsi üçün həmin sahə şəxsi və ailə həyatının yaşandığı və məxfiliyi təmin etmək imkanına malik bir məkan olmaqla, oraya qeyri-qanuni müdaxilə ilə şəxsin şəxsi və ailə həyatının toxunulmazlığına təhlükə yaranmalıdır. Bu səbəbdən çoxmənzilli binanın ümumi istifadədə olan sahələri, xəstələrin stasionar müalicə olunduğu xəstəxana palatası kimi yerlər Cinayət Məcəlləsinin 157-ci maddəsi baxımından mənzil hesab edilə bilməz.

Avropa Məhkəməsi də öz qərarlarında qeyd etmişdir ki, "mənzil" dedikdə adətən, fiziki cəhətdən açıq seçilən elə ərazi başa düşülür ki, orada şəxsi və ailə həyatı mövcud olsun (“Morena Gomez İspaniyaya qarşı”  iş üzrə 2005-ci il 16 fevral tarixli Qərar, §53).

Həmçinin Sloveniya Respublikası Konstitusiya Məhkəməsinin 2017-ci il 12 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, mənzil (ev) anlayışı bir neçə məna daşıyır. Mənzil fərdi ətrafdan qoruyan fiziki məkandır. Eyni zamanda, mənzil fərdin öz istədiyi kimi yaşadığı və beləliklə özünü realizə edə bildiyi şəxsi məkandır.

 

-    yaşayış məqsədilə digər sahələrdən təcrid olunması;

Yaşayış sahəsinin mənzil anlayışına daxil ola bilməsi üçün onun yaşayış yeri kimi istifadə edildiyini göstərən xarici əlamətlər olmalı, həmin sahə xarici mühitdən təcrid olunmalıdır. Belə təcrid olunmanın xarakteri, yəni maneələrin nə dərəcədə möhkəm olması əhəmiyyət daşımamaqla, insanların yaşayış tərzinə, sosial və iqtisadi vəziyyətinə, adət-ənənələrə və s. amillərə görə fərqlənə bilər.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, bu meyar bilavasitə təyinatı yaşayış sahəsi olmayan, lakin şəxsin yaşaması üçün uyğunlaşdırılmış sahələrə (məsələn, qaraj, anbar, vaqon və s.) münasibətdə mənzil toxunulmazlığı hüququnun müdafiəsi üçün xüsusi əhəmiyyət kəsb edir. Həmin sahələrin təyinatının yaşayış sahəsi olmamasına baxmayaraq, şəxs oradan şəxsi və ailə həyatını yaşamaq üçün istifadə edirsə, onun həmin sahə ilə bağlı mənzil toxunulmazlığı konstitusion hüququnun qorunması mütləqdir.

Bu kimi yerlərə orada yaşayan şəxsin iradəsi ziddinə daxil olma hallarında əməlin Cinayət Məcəlləsinin 157-ci maddəsi ilə tövsif edilməsi zamanı şəxsin oradan müvafiq yaşayış sahəsi kimi istifadə etməsinə dair iradə ifadəsinin kənar şəxslərdə hər hansı şübhəyə əsas verməyəcək dərəcədə aydın ifadə edilmiş olması, yaxud mənzil toxunulmazlığını pozan şəxsin belə sahələrin məhz yaşayış sahəsi kimi istifadə edildiyini bilməsi və ya bilməli olması kimi amillər nəzərə alınmalıdır.

O da qeyd edilməlidir ki, mənzil toxunulmazlığının pozulması subyektiv cəhətdən qəsdən törədilən cinayət olduğundan, bu əməli törədən şəxsin daxil olduğu sahənin məhz yaşayış sahəsi kimi istifadə olunduğunu və həmin sahəyə iradə ziddinə daxil olduğunu dərk etməsi cinayət tərkibinin əmələ gəlməsi üçün zəruri əlaməti təşkil edir.

Həyətyanı torpaq sahəsinin, habelə çəpərlənmiş torpaq sahəsinin “mənzil” anlayışına daxil olub-olmaması ilə bağlı sorğuda qaldırılan məsələyə münasibətdə isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, torpaq sahəsinin xarici mühitdən ayrılması üçün tədbirlər görülməsi (hasarlanması, çəpərlənməsi və s.), orada şəxsin məişət ehtiyaclarının qarşılanması üçün sahələrin yerləşməsi, şəxsin həmin sahədə şəxsi həyatının müəyyən hissəsini, məsələn istirahətini təşkil etməsi və s. bu kimi işin halları nəzərə alınmaqla, belə sahənin Cinayət Məcəlləsinin 157-ci maddəsi ilə mühafizə olunan dəyərlər baxımından mənzil hesab olunması mümkündür.

Avropa Məhkəməsinin “Guta Moldovaya qarşı” iş üzrə 2007-ci il 7 iyun tarixli Qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, qanuni əsas olmadan həyətyanı sahəyə daxil olma mənzil toxunulmazlığı hüququnun pozulmasını təşkil etmişdir.

Beləliklə, yaşayış sahəsinə daxil olmanın səbəbi, məqsədi və işin faktiki halları nəzərə alınmaqla hüquq tətbiqedən orqanlar tərəfindən şəxsin şəxsi və ailə həyatının toxunulmazlığına təhlükənin yaranmış olub-olmaması baxımından hər bir əmələ hüquqi qiymət verilməlidir.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

- Konstitusiyanın 33-cü maddəsində nəzərdə tutulmuş mənzil toxunulmazlığı hüququnun mahiyyəti və təyinatından irəli gələrək Cinayət Məcəlləsinin 157-ci maddəsi baxımından “mənzil” dedikdə, bu Qərarın təsviri -əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq daimi və ya müvəqqəti yaşanmasından və mülkiyyət formasından asılı olmayaraq, bir və ya bir neçə şəxs tərəfindən yaşamaq üçün istifadə edilən, şəxsi həyatı (onun məxfiliyini) təmin edən və digər sahələrdən təcrid olunan yaşayış yeri başa düşülür;

- Həyətyanı torpaq sahəsi, eləcə də təyinatı yaşayış sahəsi olmasa da yaşayış üçün uyğunlaşdırılmış sahələr bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş meyarlara uyğun olaraq şəxsi və ailə həyatının yaşandığı yer kimi istifadə edildiyi halda, həmin sahəyə şəxsin iradəsi ziddinə daxil olma Cinayət Məcəlləsinin 157-ci maddəsi üzrə cinayət məsuliyyətinə səbəb ola bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65–67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1.              Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsində nəzərdə tutulmuş mənzil toxunulmazlığı hüququnun mahiyyəti və təyinatından irəli gələrək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157-ci maddəsi baxımından “mənzil” dedikdə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq daimi və ya müvəqqəti yaşanmasından və mülkiyyət formasından asılı olmayaraq, bir və ya bir neçə şəxs tərəfindən yaşamaq üçün istifadə edilən, şəxsi həyatı (onun məxfiliyini) təmin edən və digər sahələrdən təcrid olunan yaşayış yeri başa düşülür.

2.              Həyətyanı torpaq sahəsi, eləcə də təyinatı yaşayış sahəsi olmasa da yaşayış üçün uyğunlaşdırılmış sahələr Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş meyarlara uyğun olaraq şəxsi və ailə həyatının yaşandığı yer kimi istifadə edildiyi halda, həmin sahəyə şəxsin iradəsi ziddinə daxil olma Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157-ci maddəsi üzrə cinayət məsuliyyətinə səbəb ola bilər.

3.              Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4.              Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

5.               Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 

 

 Sədr                                                                                            Fərhad Abdullayev

 

 

 

 

 

 

 

 

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsində nəzərdə tutulmuş mənzil toxunulmazlığı hüququ baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157-ci maddəsində əks olunmuş “mənzil” anlayışının şərh edilməsinə dair 25 noyabr 2024-cü il tarixli Qərarından hakimlər İsa Nəcəfov və Kamran Şəfiyevin

 

XÜSUSİ  RƏYİ

 

Konstitusiya Məhkəməsinin Plenumun Qərarına hörmətlə yanaşaraq aşağıdakı mövqeyimi bildirirəm. 

Əsaslandırıcı hissədə “mənzil” anlayışı ilə bağlı  Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna istinad edilməmişdir. Baxmayaraq ki, Avropa İnsan Hüquqları Məhkəməsi cox saylı qərarlarında “mənzil” anlayışına hansı obyektlərin daxil olmasını göstərilmişdir.

Qərarda istinad edilən Avropa İnsan Hüquqları Məhkəməsinin qərarları mülkiyyət hüququ ilə bağlıdır və müraciətin predmetinə aid deyil.

Torpaq sahəsi açıq məkan olduğu üçün orada şəxsi həyat hüququnu  təmin etmək mümkün deyil. Buna görə yaşayış evlərinin hasarlanmış həyətyanı sahələri mənzil hesab etmək olmaz. Lakin yaşayış evlərinin hasarlanmış həyətyanı sahələri şəxsi mülkiyyət olaraq qanunsuz müdaxilədən qanunla mühafizə olunmalıdır.

Qərarda həyətyanı torpaq sahəsini şəxsi və ailə həyatının yaşandığı yer kimi istifadə edildiyi halda “mənzil” anlayışına aid edilmişdir. Həyətyanı torpaq sahəsində şəxsi və ailə həyatın mövcudluğu isə həmin sahənin xarici mühitdən ayrılması üçün tədbirlər görülməsi ilə (hasarlanması, çəpərlənməsi və s.) əlaqələndirilmişdir. Bu halda  həyətyanı torpaq sahəsini mənzil hesab edilməsini hasarın mövcudluğundan, onun hündürlüyündən asılı edilmişdir. Bu meyar obyektiv və dəqiq deyil. Geniş və qeyri-müəyyən şərh və tətbiq üçün imkanlar yaradır.

 

Qərar hissəsinə aşağıdakı bəndlər daxil edilməliydir:

 

- Cinayət Məcəlləsinin 157-ci maddəsində əks olunmuş “mənzil” anlayışına mənzil (Mənzil Məcəlləsinin 13.3-cü maddəsi), yaşayış evi (Mənzil Məcəlləsinin 13.2-ci maddəsi), bağ evi, şəxsin yaşaması istifadə edilən mehmanxanada, sanatoriyada, pansionatda, yataqxanada, istirahət evində, kempinqdə, turist bazasında, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrində otaq daxildir.

-  “Mənzil” anlayışına yaşayış evi  ilə vahid kompleksi təşkil edən aynabəndlər, terraslar, qalereyalar, eyvanlar, ümumi istifadə üçün yerlər (istirahət, əmlak saxlamaq, yaxud insanların digər tələbatlarını təmin etmək üçün istifadə olunan digər sahələr), qaraj, аnbar, zirzəmi və s. уеrlər aiddir;

- Yaşayış evlərinin hasarlanmış həyətyanı sahələri, yaşayış evlərindən ayrılmış və insanların məskunlaşması üçün istifadə edilməyən yardımçı tikililər, аnbar,  zirzəmilər, qarajlar və digər sahələr  “mənzil” anlayışına aid edilmir.

Bu siyahı məhdudlaşdırıcı xarakter daşımır. Məhkəmələr hər bir sahəni “mənzil” anlayışına aid olub olmamasını müəyyən edərkən bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərdən Avropa Məhkəməsinin president hüququndan və işin konkret hallarından çıxış etməlidirlər.

 

 

İsa Nəcəfov                                                              Kamran Şəfiyev