Decisions

21.06.24 AR Konstitusiyasının 17-ci maddəsinin I hissəsi, 29-cu maddəsinin I və VII hissələri baxımından AR MM-nin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin I hissəsi, 29-cu maddəsinin I və VII hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair

 

 

21 iyun 2024-cü il                                                                                      Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev (məruzəçi-hakim), Rafael Qvaladze, Fikrət Məmmədov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin I hissəsi, 29-cu maddəsinin I və VII hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyektlər Bakı Apellyasiya Məhkəməsinin və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizələrini, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru S.Süleymanlının, Martin Lüter adına Halle-Vittenberq Universitetinin professoru A.Əliyev və ADA Universiteti və Martin Lüter adına Halle-Vittenberq Universitetinin birgə doktorantura layihəsi çərçivəsində doktorantı N.Rəsulzadənin rəylərini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 29-cu maddəsinin I və VII hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir.

Müraciətdən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli qətnaməsi ilə A.Alimovun Bakı şəhəri 38 saylı xüsusi notariat ofisinə qarşı Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsində yerləşən 97 saylı evin 38 nömrəli mənzilində mərhum qardaşı B.Alimovun adına açıq saxlanmış 1/10 hissədə payın onun vərəsəlik payına əlavə edilməsi barədə iddiası təmin edilmişdir.

İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına görə, qeyd olunan mənzil iddiaçının anasına məxsus olmuş, anası vəsiyyətnamə ilə həmin mənzili iddiaçıya vəsiyyət etmiş, sonuncunun vəfatından sonra iddiaçı Bakı şəhəri 38 saylı xüsusi notariat ofisinə vərəsəlik işinin açılması ilə bağlı müraciət etmiş, vərəsəlik işi açılmış, iddiaçıya miras mənzilin 7/10 hissəsinə, məcburi payları olan digər üç qardaşın hər birinə isə 1/10 hissəsinə pay almaqları ilə bağlı 4 avqust 2016-cı il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Şəhadətnaməyə əsasən, qardaşlardan biri – B.Alimova miras əmlakdan çatası 1/10 hissədə pay açıq saxlanılmışdır. B.Alimov 20 sentyabr 2021-ci ildə vəfat etdikdən sonra onun arvadı M.Popovaya ərinin adına açıq saxlanılmış 1/10 hissədə paya 25 iyul 2022-ci il tarixində qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi hesab etmişdir ki, miras əmlakla bağlı hüquqlar vəsiyyətnamə ilə bütünlükdə iddiaçının xeyrinə bölüşdürülmüş, məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması isə müəyyənləşdirilmiş müddət ərzində həyata keçirilməmişdir.

İşdə iştirak etməyə cəlb edilməyən M.Popova qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

Bakı Apellyasiya Məhkəməsi işə baxarkən Mülki Məcəllənin mirasda məcburi paya hüququ müəyyən edən normalarında qeyri-müəyyənliyin olması qənaətinə gələrək Konstitusiya Məhkəməsinə müraciət etmişdir.

Müraciətdə göstərilmişdir ki, bir sıra hüquq tətbiq edənlərin mövqeyinə görə Mülki Məcəllənin 1194-cü maddəsinə uyğun olaraq miras əmlakdan məcburi pay almaq hüququ tələb hüququdur və bu hüquqa malik olan şəxs vəsiyyətnamə üzrə vərəsədən miras əmlakda məcburi payının mülkiyyətdə pay şəklində müəyyən edilməsini deyil, həmin payın pul formasında ödənilməsini tələb edə bilər. Məcburi payı tələb etmək hüququ olan şəxsin miras əmlakda payının açıq saxlanılması, yaxud həmin əmlakda payının müəyyən edilməsi vərəsənin miras əmlak barəsində sahiblik, istifadə və sərəncam hüquqlarını məhdudlaşdırır. Mülki Məcəllənin 1255-ci maddəsinin tələbinə əsasən, miras əmlak onun açıldığı gündən etibarən vəsiyyət üzrə vərəsənin əmlakı sayıldığından, qanun və ya vəsiyyət üzrə vərəsə statusunda olmayan, yalnız məcburi pay hüququna malik olan şəxslərin həmin əmlakda paylı mülkiyyətinin yaranması Konstitusiyanın 29-cu maddəsi ilə təminat altına alınan mülkiyyət hüququnun mahiyyətinə uyğun gəlmir.

Həmin mövqenin tərəfdarları həmçinin hesab edirlər ki, miras əmlak yalnız vəsiyyətnamə üzrə vərəsəyə vəsiyyət olunmuşsa, tamamilə sonuncunun mülkiyyətinə keçməli, məcburi paya malik olan şəxslərin payı açıq saxlanılmamalı, bundan sonra sonuncular müvafiq tələb hüquqlarından istifadə edərək mülkiyyətçidən miras əmlakda olan məcburi paylarının dəyərini tələb edə bilərlər.

Digər qrup hüquq tətbiqedənlər isə hesab edirlər ki, məcburi pay vəsiyyət olunmuş əmlakın tərkibinə aid olduqda, həmin pay bu əmlakdan qanun üzrə çatmalı olan payın 1/2  hissəsini təşkil etməli və həmin əmlakdan pay şəklində verilməlidir. Bu mövqenin tərəfdarlarına görə mirasdan məcburi pay almaq hüququ əşya hüququdur və məcburi pay üzərində birbaşa hakimiyyəti təmin edir.

Həmçinin müraciətdə göstərilmişdir ki, məcburi payla bağlı tələblərə baxılarkən məcburi pay hüququna malik olan şəxslərin hansı müddət ərzində belə tələb irəli sürmək hüquqları dəqiq müəyyən edilməmiş, belə tələblərə iddia müddətinin, yaxud kəsici müddətin tətbiq edilməli olması mübahisə doğurmaqla hüquq tətbiqetmədə qeyri-müəyyənliyin yaranması ilə nəticələnir.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

Konstitusiyanın 29-cu maddəsinin I, II və IV hissələrinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Konstitusiyanın 29-cu maddəsinin VII hissəsi ilə müəyyən edilmişdir ki, dövlət vərəsəlik hüququna təminat verir.

Konstitusiyada vərəsəlik hüququ mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması kimi müəyyən edildiyindən mülkiyyət və vərəsəlik hüquqları eyni maddədə konstitusiya təminatı altına alınmışdır. Konstitusiyanın qeyd olunan norması vəsiyyət etmə hüququ ilə bərabər miras alma hüququna da təminat vermişdir. Çünki vərəsəlik hüququna təminat bir tərəfdən miras qoymağı, eləcə də vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur.

Mülki Məcəllənin 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

Göründüyü kimi, vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin.

Nəzərə alınmalıdır ki, qanun üzrə vərəsəlik məcburilik əlamətinə malik olmadığından miras qoyan vəsiyyətnamə vasitəsi ilə qanun üzrə vərəsələrini (birinci növbə vərəsələr istisna olmaqla) vərəsəlikdən tam və ya qismən kənarlaşdırmaq səlahiyyətinə malikdir.

Belə ki, vərəsəlik hüququnun mühüm elementlərindən biri vəsiyyət azadlığıdır. Vəsiyyət azadlığı vasitəsilə miras qoyana mülkiyyəti üzərində sərəncam vermək hüququndan irəli gələrək, vərəsəliyi öz sağlığında şəxsi istəyinə uyğun olaraq tənzimləmək imkanı verilir. Bu azadlığın təminatını müəyyən edən Mülki Məcəllənin  1166-cı maddəsində göstərilmişdir ki, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.

Mülki Məcəllənin 1176.1-ci maddəsinə görə isə vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir.

Lakin qeyd olunmalıdır ki, vəsiyyət etmək azadlığı mütləq xarakter daşımır və mülkiyyət hüququ kimi sosial ədalət baxımından qanunvericiliklə müəyyən edilən hədləri mövcuddur. Mülki qanunvericiliyə əsasən vəsiyyət etmək azadlığı mirasda məcburi pay institutu ilə məhdudlaşdırılmışdır.

Mülki Məcəllənin mirasda məcburi payın anlayışını müəyyən edən 1193-cü maddəsinə müvafiq olaraq, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

Vurğulanmalıdır ki, insanın şəxsiyyət olaraq formalaşmasında, cəmiyyətin inkişafında ailənin əvəzolunmaz rolu nəzərə alınaraq Konstitusiyanın 17-ci maddəsi ilə ailənin dövlətin himayəsində olduğu bəyan edilmişdir. Məcburi pay sahibliyi institutu da dövlətin ailəni himayə etməsi ilə bağlı üzərinə götürdüyü pozitiv öhdəliyin icrasına xidmət edən hüquqi vasitələrdəndir. Odur ki, mirasda məcburi paya dair qanunvericilik normaları məhz bu məqsədə nail olmağa imkan verən məzmunda təfsir və tətbiq edilməlidir.

Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında məcburi pay institutunun hüquqi mahiyyəti və təyinatı ilə bağlı hüquqi mövqelərini ifadə edərkən bu institutun məhz ailənin qorunması prinsipi ilə bağlı olduğunu qeyd etmişdir.

Vəsiyyət azadlığını məhdudlaşdıran mirasda məcburi pay hüququ ailə maraqlarının qorunmasına xidmət edir. Mirasda məcburi pay – sosial-iqtisadi və əxlaqi yükü (əhəmiyyəti) olan vərəsəlik hüququnun ənənəvi hissəsidir. Məcburi pay hüququ ölən şəxsin yaxınlarının müəyyən kateqoriyasına (yəni məcburi vərəsələrinə) münasibətdə sosial təminat rolunu oynayır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I və II hissələrinə, 29-cu maddəsinin I, II və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il 20 oktyabr tarixli Qərar).

Mirasda məcburi pay hüququ məcburi vərəsələrə (vəsiyyət edənin uşaqları, valideynləri və arvadına (ərinə) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq həcmi qanunvericiliklə müəyyən edilmiş qaydada verilən minimum pay haqqıdır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I, III, IV və V hissələrinə, 26-cı maddəsinin II hissəsinə, 29-cu maddəsinin I və VII hissələrinə, 71-ci maddəsinin I və II hissələrinə və 149-cu maddəsinin I və III hissələrinə  uyğunluğunun yoxlanılmasına dair” 2021-ci il 19 fevral tarixli Qərar).

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 8 yanvar tarixli Qərarında qeyd edilmişdir ki, mülkiyyətçi yaşadığı dövrdə ona məxsus olan əmlak üzərində sərəncam vermək hüququna malik olmaqla yanaşı, öz övladları, habelə digər yaxın ailə üzvləri qarşısında müəyyən qədər cavabdehlik daşıyır. Mülkiyyətçinin bu cavabdehliyi onun ölümündən sonra vərəsəlik hüququnda öz təsbitini tapmış mirasda məcburi pay institutu ilə təmin edilmiş olur. Bu zaman yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərə miras qoyanın iradəsindən asılı olmayaraq mirasda məcburi pay ayrılır. Beləliklə, qanunverici mirasda məcburi pay institutunu təsbit etməklə, ailə münasibətlərini bir ailə üzvünün düşünülməmiş, digər ailə üzvlərinin mənafelərini nəzərə almadan, bununla da etibarlı və sağlam ailə münasibətlərinə və təminatına zərər verə bilən qərarından qorumaq məqsədi daşıyır.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də Marks Belçikaya qarşı iş üzrə 1979-cu il 13 iyun tarixli qərarında göstərmişdir ki, vəsiyyətdən kənar vərəsəlik və yaxın qohumlar arasında sərəncam məsələləri ailə həyatı ilə sıx bağlıdır. Ailə həyatı təkcə sosial, əxlaqi və ya mədəni əlaqələri əhatə etmir (məsələn, uşaqların təhsili sahəsində), buraya həmçinin, digər məsələlərlə yanaşı, alimentlə bağlı öhdəliklər və Razılığa gələn Dövlətlərin əksəriyyətinin daxili hüquq sistemlərində nəzərdə tutulmuş mirasın qorunan hissəsi kimi maddi xarakterli təminat və maraqlar da daxildir.

Beləliklə, qeyd edilənlərə əsasən Mülki Məcəllənin 1193-cü maddəsi ilə ailə birliyinin və maraqlarının qorunmasına xidmət edən mirasda məcburi pay institutu vasitəsi ilə  birinci növbə qanun üzrə vərəsələrin vərəsəlik hüquqları miras qoyanın ölümlə bağlı sərəncamlarına qarşı təminat altına alınmış, onun belə sərəncamlarla ən yaxın ailə üzvlərini vərəsəlik hüququndan tamamilə məhrum etməsinin qarşısı alınmışdır. Məcburi pay, adından da göründüyü kimi “məcburilik” xüsusiyyəti ilə təmin olunaraq miras qoyanın birinci növbə qanun üzrə vərəsələrinin miras əmlakdan istisna edilə bilməyəcək şəkildə və ehtiyacdan asılı olmayaraq minimum həcmdə ayrılan miras hissəsidir.

Qanunvericiliyə əsasən məcburi pay almaq hüququ olan vərəsənin onu qəbul etməkdən imtina etdiyi halda onun payının vəsiyyət üzrə vərəsələrə keçməsi (Mülki Məcəllənin 1202.1-ci maddəsi), məcburi pay almaq hüququndan məhrumetmənin, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkün olması (Mülki Məcəllənin 1203.1-ci maddəsi) kimi müddəaların mövcudluğu da qanunvericinin məcburi payı digər vərəsəlik növlərindən, qanun üzrə vərəsəlikdən fərqlənməyən, əksinə onun toxunulmaz hissəsi kimi müəyyənləşdirdiyini göstərir. Bu səbəbdən də Mülki Məcəllənin 1255-ci maddəsinə uyğun olaraq miras əmlak mirasın açıldığı gündən digər vərəsələr kimi məcburi pay sahibi vərəsələrin də mülkiyyəti sayılır.

Məcburi payı tələb hüququ kimi qiymətləndirən hüquq tətbiqedənlərin öz mövqelərini əsaslandırdığı Mülki Məcəllənin 1194-cü maddəsinə əsasən, məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər.

Bununla bağlı nəzərə alınmalıdır ki, mirasın açılması ilə miras əmlakı təşkil edən maddi dəyərlər vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçsə də, yəni həmin əmlak üzərində vərəsələrin, həmçinin məcburi pay sahibi vərəsələrin hüquqları yaransa da, bu hələ payların müəyyən edilməsini, mirasın bölüşdürülməsini, payların ayrılıb vərəsələrə verilməsini ifadə etmir.

Buna görə də, məcburi pay hüququ olan şəxslər miras qoyanın vəsiyyəti əsasında qanun üzrə vərəsəlikdən məhrum olarlarsa, mirasın açılması anından onların öz məcburi paylarının verilməsini digər vərəsələrdən tələb etmək hüququ yaranır və bu hüququn pozulması halında onun müdafiəsi qaydası digər vərəsəlik növləri üzrə pozulmuş hüquqların müdafiəsi qaydasından fərqlənmir.

Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 22 aprel tarixli Qərarında da göstərmişdir ki, miras əmlakdan vərəsələrə çatası pay, o cümlədən məcburi pay miras açıldıqdan sonra müəyyən edildiyinə görə, həmin payı tələb etmək hüququ da miras açıldıqdan sonra həyata keçirilir.

Bununla yanaşı, qanunvericiliyin məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələrin birgə borclu kimi çıxış etməsinə dair müddəası ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, həmin maddədəki “birgə borclu” anlayışı Mülki Məcəllənin 500-cü maddəsi ilə tənzimlənən birgə borcluluğu özündə ehtiva etmir. Belə ki, Mülki Məcəllənin həmin maddəsinə əsasən, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır.

Lakin nəzərə alınmalıdır ki, məcburi pay sahibi vərəsələr öz paylarının bütövlükdə və ya pozulmuş hissəsini hər hansı vərəsədən təkbaşına deyil, digər vərəsələrdən hər birinin payına mütənasib hissədə tələb edə bilər.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mirasda məcburi pay haqqı vəsiyyət üzrə vərəsələr üçün öhdəliyin yaranmasına əsas olan hüquqi institut deyil, məhz miras qoyanın vəsiyyət sərəncamlarının məhdudlaşdırılmasına yönələn qanun üzrə vərəsəliyin toxunulmaz bir hissəsi kimi müəyyən olunmuşdur. Buna görə də Mülki Məcəllənin 1194-cü maddəsində qeyd olunan “birgə borclu” ifadəsi həmin Məcəllənin 500-cü maddəsində nəzərdə tutulmuş birgə borcluluğu deyil, məhz məcburi payın pozulması halında onun miras qoyanın vəsiyyəti nəticəsində miras əmlak əldə edən bütün vərəsələrin əldə etdiyi əmlak hesabına tamamlanmalı olduğunu ehtiva edir.

Müraciətdə göstərilən mirasda məcburi pay hüququna müddətin şamil edilib-edilməməsi məsələsi ilə bağlı qeyd edilməlidir ki, Mülki Məcəllənin 1202.2-ci maddəsinə əsasən, məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir.

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2023-cü il 26 dekabr tarixli Qərarı ilə isə Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə,  Konstitusiyanın 29-cu maddəsinin VII hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.

Həmin Qərarda göstərilmişdir ki, Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır.

Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarında ifadə etdiyi mövqelər mirasda məcburi pay hüququna da şamil olunmalı və belə payın qəbulu hər hansı xüsusi qəbul müddətinə tabe olmamalıdır.

Məcburi pay sahibi vərəsələrin onlara çatası payı digər vərəsələrdən tələb etməsinə iddia müddətinin şamil edilib-edilməməsi ilə bağlı qeyd olunmalıdır ki, Mülki Məcəllənin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi və bərpası üçün müddət iddia müddəti sayılır.

Mülki Məcəllənin 373-cü maddəsi ilə iddia müddətlərinin müəyyənləşdirilməsi ilə yanaşı, həmin Məcəllədə iddia müddətinin şamil edilmədiyi hallar da  göstərilmişdir. Qeyd edilən Məcəllənin 384.0.4-cü maddəsinə görə, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir.

Əşya hüquqlarının iddia müddətinə tabe olmaması prinsipi hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biridir və Konstitusiyanın 29-cu maddəsinin, 60-cı maddəsinin I hissəsinin və 71-ci maddəsinin II hissəsinin müddəalarının təmin edilməsinə xidmət edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarı).

Göstərilənlərlə yanaşı Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qeyd edilən məcburi pay hüququ olan şəxslərin miras əmlakda payının müəyyən edilməsinin əmlakda paylı mülkiyyətinin yaranmasına səbəb olması və digər vərəsələrin miras əmlak barəsində sahiblik, istifadə və sərəncam hüquqlarını məhdudlaşdırmasına dair bir sıra hüquqtətbiq edən şəxslərin mövqeyinə münasibətdə qeyd edir ki, mirasın bölüşdürülməsi anlayışı və qaydası Mülki Məcəllənin 71-ci fəsli ilə müəyyən edilmişdir. Həmin Məcəllənin 1274-cü maddəsinə müvafiq olaraq, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür.

Qeyd edilməlidir ki, miras əmlak qarşılıqlı razılıq əsasında, notariat qaydasında və məhkəmə qaydasında bölüşdürülür. Qarşılıqlı razılıq əsasında mirasın bölgüsü ümumi qayda olmaqla vərəsələr arasında mübahisə olmadığı təqdirdə qarşılıqlı razılaşma əsasında birgə sazişə uyğun notariat və ya məhkəmənin iştirakı olmadan miras əmlakın bölüşdürülməsidir.

Miras əmlak vərəsələrin vərəsəlik hüququnu təsdiq edən sənədin (vərəsəlik şəhadətnaməsinin) alınması məcburi olan hallarda isə notarial bölgü yolu ilə bölüşdürülür. Bu bölgüdən yalnız iki şərt olduqda istifadə olunur: vərəsələr arasında miras əmlakın bölüşdürülməsi barədə mübahisə olmamalı, mirasa elə bir əmlak daxil olmalıdır ki, bu əmlakın əldə edilməsi notariat ofisinin vərəsəlik şəhadətnaməsi olmadan qeyri-mümkün olsun.

Miras əmlakın məhkəmənin iştirakı ilə iddia icraatı qaydası əsasında bölünməsindən o halda istifadə olunur ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olsun. Yəni miras əmlakın bölüşdürülməsi barədə vərəsələr arasında razılıq olmadığı hallarda, bölgü məhkəmə qaydasında aparılır. Bu qayda mülki qanunvericilikdə birbaşa nəzərdə tutulmuşdur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 26 iyul tarixli Qərarı).

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mirasda məcburi pay sahibi vərəsəliyin qanun üzrə vərəsəliyin toxunulmaz hissəsi olması qanunvericiliyin miras əmlakın böldüşdürülməsi ilə bağlı normalarının məcburi pay hüququ olan şəxslərə münasibətdə də tətbiq edilməsinə əsas verir. Məcburi pay hüququna malik vərəsələr öz məcburi paylarının həcminə mütənasib olaraq mirasa daxil olan bu və ya digər əmlakın onlara verilməsi, yaxud əmlakın bir miras şərikinə verilib, digərlərinə kompensasiya ödənilməsi və s. ilə bağlı digər vərəsələrlə qarşılıqlı razılıq əldə edə, belə razılıq olmadıqda isə miras əmlakın qanunvericiliyin tələblərinə uyğun olaraq bölüşdürülməsi üçün məhkəməyə müraciət edə bilərlər.

Belə ki, Mülki Məcəllənin 1291-ci maddəsinə görə, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır.

Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, hazırkı Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır.

Digər tərəfdən, Konstitusiya Məhkəməsinin Plenumu Bakı Apellyasiya  Məhkəməsinin müraciətinə səbəb olmuş mülki iş üzrə mübahisənin yekunlaşmadığını, eləcə də müraciətə baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, bu Qərar onun qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır.

Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

- Konstitusiyanın 17-ci maddəsinin I hissəsinin, 29-cu maddəsinin I və VII hissələrinin hüquqi mahiyyəti və təyinatı baxımından Mülki Məcəllənin 1193-cü maddəsi ilə müəyyən edilən mirasda məcburi pay qanun üzrə vərəsəliyin toxunulmaz hissəsini təşkil etməklə vəsiyyətnamənin məzmunundan asılı olmayaraq vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) məcburi miras payıdır;

- vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələri Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 26 dekabr tarixli Qərarı əsasında qüvvədən düşmüş hesab edildiyindən və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payın qəbulu hər hansı xüsusi qəbul müddətindən asılı deyildir;

- Mülki Məcəllənin 384.0.4-cü maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payı tələb etmək hüququna iddia müddəti şamil edilmir;

- Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar, qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1. Azərbaycan Respublikası Konstitusiyanın 17-ci maddəsinin I hissəsinin,  29-cu maddəsinin I və VII hissələrinin hüquqi mahiyyəti və təyinatı baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsi ilə müəyyən edilən mirasda məcburi pay qanun üzrə vərəsəliyin toxunulmaz hissəsini təşkil etməklə vəsiyyətnamənin məzmunundan asılı olmayaraq vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) məcburi miras payıdır.

2. Vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 26 dekabr tarixli Qərarı əsasında qüvvədən düşmüş hesab edildiyindən və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payın qəbulu hər hansı xüsusi qəbul müddətindən asılı deyildir.

3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payı tələb etmək hüququna iddia müddəti şamil edilmir.

4. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.

5. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

6. Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

7. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 

Sədr                                                                                             Fərhad Abdullayev