Decisions

16.04.24 Azərbaycan Respublikası Konstitusiyasının 133-cü və "Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci mad. baxımından "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.2 və 29.5-ci mad. şərh edilməsinə dair


AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN


Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 133-cü və "Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddələri baxımından "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.2 və 29.5-ci maddələrinin şərh edilməsinə dair

 

 

16 aprel 2024-cü il                                                                                    Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev (məruzəçi-hakim), Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 32-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası Konstitusiyasının 133-cü  və "Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddələri baxımından "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.2 və 29.5-ci maddələrinin şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyektlər Azərbaycan Respublikası Baş Prokurorluğunun və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizələrini, Bakı Apellyasiya Məhkəməsinin və Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Konstitusiya hüququ kafedrasının müəllimi, hüquq üzrə fəlsəfə doktoru G.Cəbinin rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Azərbaycan Respublikasının Prokurorluğu (bundan sonra Prokurorluq) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra Konstitusiya Məhkəməsi) sorğu ilə müraciət edərək "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Dövlət qulluğu haqqında” Qanun) 29.2 və 29.5-ci maddələrinin  Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 133-cü və "Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra –  “Prokurorluq haqqında” Qanun)  2-ci maddələri baxımından şərh edilməsini xahiş etmişdir.

Sorğuda göstərilmişdir ki, “Dövlət qulluğu haqqında” Qanunun 29.2-ci maddəsinin birinci hissəsinə əsasən, 1–5-ci kateqoriya dövlət orqanlarında (yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinin müavinləri vəzifələri və Azərbaycan Respublikasının xarici  ticarət nümayəndələri vəzifələri istisna olmaqla) inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin tutulması həmin dövlət orqanı rəhbərinin qərarı əsasında bu Qanunun 28-ci maddəsində nəzərdə tutulmuş qaydada müsabiqə və ya bu Qanunun 29.3-29.9-cu maddələrinə uyğun olaraq müsahibə yolu ilə həyata keçirilir. 1–5-ci kateqoriya dövlət orqanının rəhbəri inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifə yarandığı gündən bir ay ərzində müsabiqənin, ümumi müsahibənin və ya daxili müsahibənin keçirilməsi barədə qərar qəbul etməlidir. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum və müsabiqə (müsahibə) barədə qərar qəbul edən müvafiq dövlət orqanı həmin müsabiqə və müsahibələrin ədalətli, şəffaf və operativ keçirilməsini təmin etməlidir.

Həmin Qanunun 29.5-ci maddəsinin birinci hissəsinə görə, müsahibədə barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş şəxslər iştirak edə bilərlər.

Qeyd olunan maddənin üçüncü hissəsində bu qaydadan istisna kimi Qanunun 28.12-ci maddəsinin ikinci hissəsində müəyyən edilmiş vəzifələrin tutulması, habelə məhkəmə hakimiyyəti orqanlarında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin həmin orqanlarda qulluq keçən şəxslərin iştirakı ilə tutulması müəyyən edilmişdir.

Sorğuverən hesab edir ki, “Dövlət qulluğu haqqında” Qanunun 29.5-ci maddəsinin 3-cü hissəsi məhkəmə hakimiyyəti orqanlarında, o cümlədən prokurorluq orqanlarında qulluq keçən şəxslərin inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin tutulmasının müsahibə yolu ilə həyata keçirilməsi imkanını müəyyən edir.

Belə ki, Konstitusiyanın VII fəslinin müvafiq müddəalarına əsasən, məhkəmə hakimiyyəti sistemi iki qrup orqanlardan - bilavasitə məhkəmələrin özləri və prokurorluqdan ibarətdir.

Sorğuda qeyd edilmişdir ki, prokurorluğun konstitusion statusu nəzərə alınaraq həmin orqanın məhkəmə hakimiyyəti orqanları sırasında olmasına dair normalar digər qanunvericilik aktlarında da əks olunmuşdur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Məhkəmələr və hakimlər haqqında” Qanun) 106-cı maddəsinin ikinci hissəsində hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarında xidmət illəri hakim stajı ilə bərabər hesab edilərək eyni maddi təminatlar müəyyən edilmiş, hərbi vəziyyət dövründə isə prokurorluq orqanlarının fəaliyyəti “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun “Hərbi vəziyyət dövründə qanunvericilik və məhkəmə hakimiyyəti orqanlarının, habelə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) fəaliyyətinin xüsusiyyətləri” adlanan 4-cü fəslinin 23-cü maddəsində tənzimlənmişdir.

Göstərilənlərlə yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 sentyabr tarixli, 3065 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”nın 1.11-ci bəndində də müəyyən edilən tədbirin məqsədi kimi “məhkəmə hakimiyyəti orqanlarının müasirləşdirilməsinə yönəlmiş məhkəmə hüquq islahatlarının tərkib hissəsi kimi prokurorluq orqanlarının işinin səmərəliliyinin artırılması”, 3.1-ci bəndində isə “məhkəmə hakimiyyətinə daxil olan prokurorluq orqanları işçilərinin vəzifə maaşları sisteminin təkmilləşdirilməsi” nəzərdə tutulmuşdur.

Sorğuverənin qənaətinə görə, qanunvericilikdə prokurorluğun məhkəmə hakimiyyəti sisteminə daxil olan orqan kimi təsbit olunması nəzərə alınaraq, prokurorluq orqanlarında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin həmin orqanlarda qulluq keçən şəxslərin iştirakı ilə tutulmasının müsahibə yolu ilə həyata keçirilməsinin mümkünlüyü məsələsinə aydınlıq gətirilməsi zərurəti yaranmışdır.

Konstitusiya Məhkəməsinin Plenumu sorğu ilə əlaqədar aşağıdakıların qeyd edilməsini vacib hesab edir.

Konstitusiyanın 55-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının dövlətin idarə olunmasında iştirak etmək hüququ vardır. Bu hüququ onlar bilavasitə və ya nümayəndələri vasitəsilə həyata keçirə bilərlər. Azərbaycan Respublikasının vətəndaşları dövlət orqanlarında qulluq etmək imkanına malikdirlər. Dövlət orqanlarının vəzifəli şəxsləri Azərbaycan Respublikasının vətəndaşları sırasından təyin edilirlər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dövlət qulluğuna qanunla müəyyənləşdirilmiş qaydada qəbul edilə bilərlər

Azərbaycan Respublikasında dövlət qulluğunun hüquqi, təşkilati və maliyyə-iqtisadi əsasları “Dövlət qulluğu haqqında” Qanunla müəyyən edilir.

Həmin Qanunun 1.1.1 və 1.1.2-ci maddələrində dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmət kimi müəyyən edilmişdir. Dövlət qulluğunun xüsusi növü isə xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçməni ehtiva edir.

Sorğuda qaldırılan məsələ ilə bağlı, ilk növbədə, qeyd edilməlidir ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanun) 1.1-ci maddəsində Azərbaycan Respublikasının prokurorluq orqanlarında qulluq  prokurorluğun fəaliyyət istiqamətləri üzrə prokurorluq işçilərinin səlahiyyətlərini yerinə yetirmələri ilə əlaqədar həyata keçirdikləri dövlət qulluğunun xüsusi növü kimi göstərilmişdir.

Prokurorluq işçiləri dedikdə, prokurorlar, prokurorluğun müstəntiqləri, prokurorluğun əməliyyatçıları və prokurorluğun stajorları nəzərdə tutulur və tutduqları vəzifələrə və iş stajına müvafiq olaraq xüsusi və ya hərbi rütbələr yalnız prokurorlara, prokurorluğun müstəntiqlərinə və əməliyyatçılarına verilir (“Prokurorluq haqqında” Qanunun 1-ci maddəsi və  35-ci maddəsinin birinci hissəsi).

Nəzərə alınmalıdır ki,  “Dövlət qulluğu haqqında” Qanun ilə dövlət qulluğunun xüsusi növü nəzərdə tutulan dövlət orqanlarında çalışan və məhz xüsusi, hərbi və ya diplomatik rütbəsi olmayan şəxslərin (dövlət qulluqçusu olmayan digər işçilər istisna olmaqla) qulluq keçməsi tənzimlənir (“Dövlət qulluğu haqqında” Qanunun 2.3-cü maddəsinin ikinci cümləsi və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunun 3.3-cü maddəsi).

“Dövlət qulluğu haqqında” Qanunun müddəalarına əsasən, xüsusi rütbələr nəzərdə tutmayan vəzifələr həmin vəzifələrin funksiyalarının məzmunundan, səlahiyyətlərinin mənbəyindən və tutulması üsullarından asılı olaraq inzibati və yardımçı vəzifələrə bölünür.

Sorğuda aydınlıq gətirilməsi məqsədi ilə qaldırılan məsələ də prokurorluq orqanlarında məhz xüsusi rütbələr nəzərdə tutulmayan inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin tutulmasının “Dövlət qulluğu haqqında” Qanunun 29.2 və 29.5-ci maddələrinə müvafiq olaraq müsahibə yolu ilə həyata keçirilməsinin mümkünlüyü ilə bağlıdır.

Bununla bağlı göstərmək lazımdır ki, dövlət qulluğu haqqında qanunvericilikdə 1–5-ci kateqoriya dövlət orqanlarında (yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinin müavinləri vəzifələri və Azərbaycan Respublikasının xarici  ticarət nümayəndələri vəzifələri istisna olmaqla) inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin tutulması qaydası həmin dövlət orqanı rəhbərinin qərarı əsasında aşağıdakı kimi müəyyən edilmişdir:

- “Dövlət qulluğu haqqında” Qanunun 28-ci maddəsində nəzərdə tutulmuş test imtahanı və müsahibədən ibarət müsabiqə yolu ilə;

- “Dövlət qulluğu haqqında” Qanunun 29.3-29.9-cu maddələrinə uyğun olaraq müsahibə yolu ilə.

Qanunverici ümumi müsahibəni və daxili müsahibəni fərqləndirərək, daxili müsahibəni 1-5-ci kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına və həmin Qanunun 28.12-ci maddəsinin ikinci hissəsində müəyyən edilmiş vəzifələrə iddia edən, həmin dövlət orqanlarında inzibati vəzifələrdə qulluq keçən şəxslərin iştirakını nəzərdə tutan müsahibə kimi göstərmişdir.

Göstərilməlidir ki, inzibati vəzifələrin dördüncü-yeddinci təsnifatlarına və Qanunun 28.12-ci maddəsinin ikinci hissəsində müəyyən edilmiş vəzifələrə uyğun olan vakant vəzifənin tutulması üçün, ilk növbədə, daxili müsahibə keçirilə bilər.

Daxili müsahibə nəticəsində müvafiq inzibati vəzifə tutulmadıqda, dövlət orqanı rəhbərinin müvafiq qərarı əsasında həmin Qanunun 29.3-cü maddəsinin birinci hissəsində nəzərdə tutulmuş digər şəxslərin iştirakını nəzərdə tutan ümumi müsahibə və ya Qanunun 28-ci maddəsində nəzərdə tutulmuş qaydada müsabiqə keçirilə bilər.

Qeyd edilməlidir ki, “Dövlət qulluğu haqqında” Qanunun 29.5-ci maddəsində müsahibədə iştirakın şərti kimi barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmə müəyyən edilmişdir. Bu şərtdən istisna isə həmin Qanunun 28.12-ci maddəsinin ikinci hissəsində müəyyən edilmiş vəzifələrin tutulmasına, habelə sorğuda da vurğulandığı kimi, məhkəmə hakimiyyəti orqanlarında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun vəzifələrin həmin orqanlarda qulluq keçən şəxslər tərəfindən tutulmasına şamil olunmadığı təsbit edilmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu “Dövlət qulluğu haqqında” Qanunun 29.5-ci maddəsində məhkəmə hakimiyyəti orqanlarında inzibati vəzifələrdə qulluq keçən şəxslər dedikdə, prokurorluq orqanlarında çalışan dövlət qulluqçularının da ehtiva edilib-edilməməsi ilə bağlı aşağıdakıların qeyd olunmasını vacib hesab edir.

Azərbaycan Respublikasında dövlət hakimiyyətinin hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilməsi Konstitusiyanın 7-ci maddəsinin III hissəsində öz əksini tapmışdır. Bu prinsip qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin öz səlahiyyətləri çərçivəsində müstəqil fəaliyyət göstərmələrini nəzərdə tutur.

Həmin prinsipə əsasən Konstitusiyanın “Məhkəmə hakimiyyəti” adlı VII fəslində məhkəmə hakimiyyətinə iki qrup orqanlar – məhkəmələr və vahid mərkəzləşdirilmiş orqan kimi müəyyən edilən prokurorluq aid edilmişdir.  

Məlum olduğu kimi, Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. Məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını, mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatların, siyasi partiyaların, ictimai birliklərin, digər hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edir, Azərbaycan Respublikasının Konstitusiyasında və bu qanunda nəzərdə tutulmuş digər vəzifələri həyata keçirirlər (Konstitusiyanın 125-ci maddəsinin I hissəsi və “Məhkəmələr və hakimlər haqqında” Qanunun 3-cü maddəsi).

Beləliklə, məhkəmə hakimiyyəti ədalət mühakiməsi yolu ilə mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələrlə məhkəmələr tərəfindən həyata keçirilir.

Azərbaycan Respublikasının Prokurorluğu isə Konstitusiyanın 133-cü maddəsinin I hissəsində təsbit edildiyi kimi, qanunla nəzərdə tutulmuş qaydada və hallarda qanunların icra və tətbiq olunmasına nəzarət edir, qanunla nəzərdə tutulmuş hallarda cinayət işləri başlayır və istintaq aparır, məhkəmədə dövlət ittihamını müdafiə edir, məhkəmədə iddia qaldırır, məhkəmə qərarlarından protest verir.

Beləliklə, prokurorluğun səlahiyyətləri və fəaliyyət istiqamətləri baxımından ədalətin təmin edilməsində əhəmiyyətli iştirakı nəzərə alınaraq, habelə prokurorluğun müstəqilliyinin təmin edilməsi nöqteyi-nəzərindən bu dövlət orqanı Əsas Qanunda digər hakimiyyət qollarına dair fəsildə deyil, məhz məhkəmə hakimiyyəti fəslində nəzərdə tutulmuşdur.

 Müvafiq olaraq “Prokurorluq haqqında" Qanunun 2-ci maddəsində də prokurorluq məhkəmə hakimiyyəti sisteminə daxil olmaqla ərazi və ixtisaslaşdırılmış prokurorluqların Azərbaycan Respublikasının baş prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqan kimi təsbit edilmişdir.

Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanında məhkəmə hakimiyyəti sisteminə aid edilmiş orqan olaraq prokurorluğa müvafiq məsələlərlə bağlı tövsiyələr də verilmişdir.

Ədalət mühakiməsinin həyata keçirilməsində prokurorun iştirakını və dövlət ittihamının müdafiəsini tənzimləyən “Prokurorluq haqqında” Qanunun 19-cu maddəsinə görə,  hakimlərin müstəqilliyi və onların yalnız qanuna tabe olması prinsipinə dönmədən əməl edilməklə prokurorlar Azərbaycan Respublikasının prosessual qanunvericiliyində nəzərdə tutulmuş qaydada və hallarda məhkəmələrdə cinayət işlərinə birinci instansiya, apellyasiya və kassasiya qaydasında baxılmasında tərəf kimi iştirak edir, rəy verir, dövlət ittihamını müdafiə edir, məhkəmədə iddia qaldırır, mülki və  kommersiya mübahisələrinə dair işlərə baxılmasında iddiaçı qismində iştirak edir, məhkəmə qərarlarından protest verir.

Göstərilən normalardan çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu bir sıra Qərarlarında prokurorluğun konstitusion statusunu məhkəmə hakimiyyətinə aid edilmiş orqan, prokurorluq işçilərini isə məhkəmə hakimiyyəti daxilində hakimlərlə oxşar vəziyyətdə olan şəxslər kimi ifadə etmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin beşinci hissəsinə və həmin Qanunun “Keçid müddəaları”nın 7-ci bəndinə dair” 2003-cü il 29 aprel və R.Cəfərovun iddiasına dair 2012-ci il 18 may tarixli Qərarları).

Sorğu ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumuna təqdim edilmiş mütəxəssis mülahizələrində və ekspert rəylərində də məhkəmə hakimiyyəti sisteminə iki qrup orqanların – bilavasitə məhkəmə orqanları və prokurorluğun daxil olduğu ifadə olunmuşdur.

O da qeyd edilməlidir ki, prokurorluq orqanlarında çalışan, xüsusi və hərbi rütbəsi olmayan şəxslər bilavasitə məhkəmələrdə (Azərbaycan Respublikasının apellyasiya məhkəmələri, ümumi məhkəmələr və digər ixtisaslaşdırılmış məhkəmələrdə) qulluq keçən dövlət qulluqçuları ilə oxşar hüquqi statusda olmaqla, bərabər hüquq və imkanlara malikdirlər.

Konstitusiyanın tələblərindən irəli gələrək “Dövlət qulluğu haqqında” Qanunun 4-cü maddəsində dövlət qulluğunun əsaslandığı prinsipləri sırasında dövlət qulluqçularının hüquq bərabərliyi prinsipi müəyyən edilmişdir.

Konstitusiya Məhkəməsi Plenumunun Konstitusiyanın 25-ci maddəsində göstərilən bərabərlik prinsipinin məzmununa dair ifadə etdiyi hüquqi mövqeyinə görə, eyni və ya oxşar vəziyyətdə olan şəxslərə eyni rəftarın göstərilməsi tələb olunur. Belə şəxslərə qarşı fərqli rəftar yalnız o halda mümkündür ki, bunun üçün obyektiv və ağlabatan əsas olsun (Konstitusiya Məhkəməsi Plenumunun O.Gərəkməzlinin şikayəti üzrə 2014-cü il 25 fevral tarixli Qərarı).

Bu baxımdan, məhkəmə hakimiyyəti sisteminə aid olan orqanlar daxilində oxşar vəziyyətdə olan şəxslərə münasibətdə inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin tutulması ilə bağlı qaydalarda hər hansı fərqləndirmənin aparılması obyektiv səbəblərə əsaslanmayaraq dövlət qulluğu ilə bağlı qanunvericilik prinsiplərinin pozulmasına şərait yaratmış olur.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticəyə gəlir:

Konstitusiyasının 133-cü maddəsinin və “Prokurorluq haqqında" Qanunun 2-ci maddəsinin hüquqi məzmunu baxımından “Dövlət qulluğu haqqında” Qanunun 29.5-ci maddəsinin üçüncü hissəsinin “məhkəmə hakimiyyəti orqanlarında qulluq keçən şəxslər” müddəası məhkəmə hakimiyyəti sisteminə aid olan orqanlar daxilində oxşar hüquqi vəziyyətdə olan prokurorluq orqanlarında çalışan xüsusi və ya hərbi rütbəsi olmayan şəxsləri ehtiva edir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1.  Azərbaycan Respublikası Konstitusiyasının 133-cü maddəsinin və “Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin hüquqi məzmunu baxımından “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.5-ci maddəsinin üçüncü hissəsinin “məhkəmə hakimiyyəti orqanlarında qulluq keçən şəxslər” müddəası məhkəmə hakimiyyəti sisteminə aid olan orqanlar daxilində oxşar hüquqi vəziyyətdə  olan prokurorluq orqanlarında çalışan xüsusi və ya hərbi rütbəsi olmayan şəxsləri ehtiva edir.

2.  Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3.  Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

4.  Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 

Sədr                                                                                               Fərhad Abdullayev