AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R I
16 aprel 2024-cü il Bakı
şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən
İsmayılov, Ceyhun Qaracayev (məruzəçi-hakim), Rafael Qvaladze, İsa Nəcəfov və Kamran
Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının
130-cu maddəsinin IV hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 27.2 və 32-ci maddələrinə və Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq,
xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə
iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası Konstitusiyasının 133-cü və "Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddələri baxımından "Dövlət
qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.2 və 29.5-ci maddələrinin
şərh edilməsinə dair konstitusiya işinə baxdı.
İş üzrə hakim C.Qaracayevin məruzəsini,
maraqlı subyektlər Azərbaycan Respublikası Baş Prokurorluğunun və Azərbaycan
Respublikası Milli Məclisi Aparatının mülahizələrini, Bakı Apellyasiya Məhkəməsinin
və Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin mütəxəssis
mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Konstitusiya hüququ
kafedrasının müəllimi, hüquq üzrə fəlsəfə doktoru G.Cəbinin rəyini və iş
materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Azərbaycan Respublikasının Prokurorluğu
(bundan sonra – Prokurorluq) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə
(bundan sonra – Konstitusiya Məhkəməsi) sorğu ilə müraciət edərək "Dövlət
qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Dövlət
qulluğu haqqında” Qanun) 29.2 və 29.5-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının
(bundan sonra – Konstitusiya) 133-cü və "Prokurorluq haqqında" Azərbaycan
Respublikası Qanununun (bundan sonra – “Prokurorluq
haqqında” Qanun) 2-ci maddələri
baxımından şərh edilməsini xahiş etmişdir.
Sorğuda göstərilmişdir ki, “Dövlət qulluğu
haqqında” Qanunun 29.2-ci maddəsinin birinci hissəsinə əsasən, 1–5-ci kateqoriya dövlət orqanlarında (yerli
icra hakimiyyəti orqanlarının rəhbərlərinin müavinləri vəzifələri və Azərbaycan
Respublikasının xarici ticarət nümayəndələri vəzifələri istisna olmaqla)
inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin tutulması
həmin dövlət orqanı rəhbərinin qərarı əsasında bu Qanunun 28-ci maddəsində nəzərdə
tutulmuş qaydada müsabiqə və ya bu Qanunun 29.3-29.9-cu maddələrinə uyğun
olaraq müsahibə yolu ilə həyata keçirilir. 1–5-ci kateqoriya dövlət
orqanının rəhbəri inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına
uyğun olan vakant vəzifə yarandığı gündən bir ay ərzində müsabiqənin, ümumi
müsahibənin və ya daxili müsahibənin keçirilməsi barədə qərar qəbul etməlidir. Müvafiq
icra hakimiyyəti orqanının yaratdığı qurum və müsabiqə (müsahibə) barədə qərar
qəbul edən müvafiq dövlət orqanı həmin müsabiqə və müsahibələrin ədalətli, şəffaf
və operativ keçirilməsini təmin etməlidir.
Həmin Qanunun 29.5-ci
maddəsinin birinci hissəsinə görə, müsahibədə
barəsində müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat
aşağı inzibati vəzifələrdə qulluq keçən dövlət qulluqçuları, habelə ən çoxu iki
təsnifat aşağı inzibati vəzifələrdə qulluq keçmiş şəxslər iştirak edə bilərlər.
Qeyd olunan maddənin üçüncü hissəsində
bu qaydadan istisna kimi Qanunun 28.12-ci maddəsinin ikinci hissəsində müəyyən
edilmiş vəzifələrin tutulması, habelə məhkəmə hakimiyyəti orqanlarında inzibati
vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin həmin
orqanlarda qulluq keçən şəxslərin iştirakı ilə tutulması müəyyən edilmişdir.
Sorğuverən hesab edir ki, “Dövlət
qulluğu haqqında” Qanunun 29.5-ci maddəsinin 3-cü hissəsi məhkəmə
hakimiyyəti orqanlarında, o cümlədən prokurorluq orqanlarında qulluq keçən
şəxslərin inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan
vəzifələrin tutulmasının müsahibə yolu ilə həyata keçirilməsi imkanını müəyyən edir.
Belə ki, Konstitusiyanın VII fəslinin
müvafiq müddəalarına əsasən, məhkəmə hakimiyyəti sistemi iki qrup orqanlardan - bilavasitə məhkəmələrin özləri və
prokurorluqdan ibarətdir.
Sorğuda qeyd edilmişdir ki, prokurorluğun konstitusion
statusu nəzərə alınaraq həmin orqanın məhkəmə hakimiyyəti orqanları sırasında olmasına
dair normalar digər qanunvericilik aktlarında da əks olunmuşdur. “Məhkəmələr və
hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Məhkəmələr
və hakimlər haqqında” Qanun) 106-cı maddəsinin ikinci hissəsində hakim vəzifəsinə
təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarında xidmət illəri
hakim stajı ilə bərabər hesab edilərək eyni maddi təminatlar müəyyən edilmiş, hərbi
vəziyyət dövründə isə prokurorluq orqanlarının fəaliyyəti “Hərbi vəziyyət
haqqında” Azərbaycan Respublikası Qanununun “Hərbi vəziyyət dövründə
qanunvericilik və məhkəmə hakimiyyəti orqanlarının, habelə Azərbaycan
Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) fəaliyyətinin
xüsusiyyətləri” adlanan 4-cü fəslinin 23-cü maddəsində tənzimlənmişdir.
Göstərilənlərlə yanaşı, Azərbaycan
Respublikası Prezidentinin 2008-ci il 27 sentyabr tarixli, 3065 nömrəli Sərəncamı
ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin
müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı”nın 1.11-ci bəndində
də müəyyən edilən tədbirin məqsədi kimi “məhkəmə hakimiyyəti orqanlarının
müasirləşdirilməsinə yönəlmiş məhkəmə hüquq islahatlarının tərkib hissəsi kimi
prokurorluq orqanlarının işinin səmərəliliyinin artırılması”, 3.1-ci bəndində isə
“məhkəmə hakimiyyətinə daxil olan prokurorluq orqanları
işçilərinin vəzifə maaşları sisteminin təkmilləşdirilməsi” nəzərdə tutulmuşdur.
Konstitusiya Məhkəməsinin Plenumu sorğu ilə əlaqədar
aşağıdakıların qeyd edilməsini vacib hesab edir.
Konstitusiyanın
55-ci maddəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının dövlətin idarə olunmasında
iştirak etmək hüququ vardır. Bu hüququ onlar bilavasitə və ya nümayəndələri
vasitəsilə həyata keçirə bilərlər. Azərbaycan Respublikasının vətəndaşları dövlət orqanlarında qulluq etmək imkanına
malikdirlər. Dövlət orqanlarının vəzifəli şəxsləri Azərbaycan
Respublikasının vətəndaşları sırasından təyin edilirlər. Əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər dövlət qulluğuna qanunla müəyyənləşdirilmiş qaydada qəbul edilə
bilərlər
Azərbaycan Respublikasında dövlət qulluğunun
hüquqi, təşkilati və maliyyə-iqtisadi əsasları “Dövlət qulluğu haqqında”
Qanunla müəyyən edilir.
Həmin Qanunun 1.1.1 və 1.1.2-ci maddələrində dövlət
qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi
aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi
sahəsində dövlət qulluğu vəzifəsində xidmət kimi müəyyən edilmişdir. Dövlət
qulluğunun xüsusi növü isə xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan
vəzifələrdə dövlət qulluğu keçməni ehtiva edir.
Sorğuda qaldırılan məsələ ilə bağlı, ilk növbədə,
qeyd edilməlidir ki, “Prokurorluq orqanlarında qulluq
keçmə haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra –
“Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanun) 1.1-ci maddəsində Azərbaycan
Respublikasının prokurorluq orqanlarında qulluq
prokurorluğun fəaliyyət istiqamətləri üzrə prokurorluq işçilərinin səlahiyyətlərini
yerinə yetirmələri ilə əlaqədar həyata keçirdikləri dövlət qulluğunun xüsusi
növü kimi göstərilmişdir.
Prokurorluq işçiləri dedikdə, prokurorlar,
prokurorluğun müstəntiqləri, prokurorluğun əməliyyatçıları və prokurorluğun
stajorları nəzərdə tutulur və tutduqları vəzifələrə və iş stajına müvafiq
olaraq xüsusi və ya hərbi rütbələr yalnız prokurorlara, prokurorluğun müstəntiqlərinə
və əməliyyatçılarına verilir (“Prokurorluq haqqında” Qanunun 1-ci maddəsi və 35-ci maddəsinin birinci hissəsi).
Nəzərə alınmalıdır ki, “Dövlət qulluğu haqqında” Qanun ilə dövlət
qulluğunun xüsusi növü nəzərdə tutulan dövlət orqanlarında çalışan və məhz xüsusi,
hərbi və ya diplomatik rütbəsi olmayan şəxslərin (dövlət qulluqçusu olmayan digər
işçilər istisna olmaqla) qulluq keçməsi tənzimlənir (“Dövlət qulluğu haqqında”
Qanunun 2.3-cü maddəsinin ikinci cümləsi və “Prokurorluq orqanlarında qulluq
keçmə haqqında” Qanunun 3.3-cü maddəsi).
“Dövlət qulluğu haqqında” Qanunun müddəalarına
əsasən, xüsusi rütbələr nəzərdə tutmayan vəzifələr həmin vəzifələrin
funksiyalarının məzmunundan, səlahiyyətlərinin mənbəyindən və tutulması
üsullarından asılı olaraq inzibati və yardımçı vəzifələrə bölünür.
Sorğuda
aydınlıq gətirilməsi məqsədi ilə qaldırılan məsələ də prokurorluq orqanlarında məhz
xüsusi rütbələr nəzərdə
tutulmayan inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına
uyğun olan vəzifələrin tutulmasının “Dövlət qulluğu haqqında” Qanunun 29.2 və
29.5-ci maddələrinə müvafiq olaraq müsahibə yolu ilə həyata keçirilməsinin mümkünlüyü
ilə bağlıdır.
Bununla
bağlı göstərmək lazımdır ki, dövlət qulluğu haqqında qanunvericilikdə 1–5-ci kateqoriya dövlət orqanlarında (yerli icra hakimiyyəti
orqanlarının rəhbərlərinin müavinləri vəzifələri və Azərbaycan
Respublikasının xarici ticarət nümayəndələri vəzifələri istisna olmaqla)
inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına uyğun olan vəzifələrin
tutulması qaydası həmin dövlət orqanı rəhbərinin qərarı əsasında aşağıdakı kimi
müəyyən edilmişdir:
-
“Dövlət qulluğu haqqında” Qanunun 28-ci maddəsində
nəzərdə tutulmuş test imtahanı və müsahibədən ibarət müsabiqə yolu ilə;
- “Dövlət qulluğu haqqında” Qanunun 29.3-29.9-cu
maddələrinə uyğun olaraq müsahibə yolu ilə.
Qanunverici
ümumi müsahibəni və daxili müsahibəni fərqləndirərək, daxili müsahibəni 1-5-ci
kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci-yeddinci təsnifatlarına
və həmin Qanunun 28.12-ci maddəsinin ikinci hissəsində müəyyən edilmiş vəzifələrə
iddia edən, həmin dövlət orqanlarında inzibati vəzifələrdə qulluq keçən şəxslərin
iştirakını nəzərdə tutan müsahibə kimi göstərmişdir.
Göstərilməlidir ki, inzibati vəzifələrin dördüncü-yeddinci
təsnifatlarına və Qanunun 28.12-ci maddəsinin ikinci hissəsində müəyyən edilmiş
vəzifələrə uyğun olan vakant
vəzifənin tutulması üçün, ilk növbədə, daxili müsahibə keçirilə bilər.
Daxili
müsahibə nəticəsində müvafiq inzibati vəzifə tutulmadıqda, dövlət orqanı
rəhbərinin müvafiq qərarı əsasında həmin Qanunun 29.3-cü
maddəsinin birinci hissəsində nəzərdə tutulmuş digər şəxslərin iştirakını
nəzərdə tutan ümumi müsahibə və ya
Qanunun 28-ci maddəsində nəzərdə tutulmuş qaydada müsabiqə keçirilə bilər.
Qeyd edilməlidir ki, “Dövlət qulluğu
haqqında” Qanunun 29.5-ci maddəsində müsahibədə iştirakın şərti kimi barəsində
müsahibə elan edilən vəzifənin təsnifatından ən çoxu iki təsnifat aşağı
inzibati vəzifələrdə qulluq keçmə müəyyən edilmişdir. Bu şərtdən istisna isə həmin
Qanunun 28.12-ci maddəsinin ikinci hissəsində müəyyən edilmiş vəzifələrin
tutulmasına, habelə sorğuda da vurğulandığı kimi, məhkəmə hakimiyyəti
orqanlarında inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun vəzifələrin
həmin orqanlarda qulluq keçən şəxslər tərəfindən tutulmasına şamil olunmadığı təsbit
edilmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu “Dövlət
qulluğu haqqında” Qanunun 29.5-ci maddəsində məhkəmə hakimiyyəti orqanlarında
inzibati vəzifələrdə qulluq keçən şəxslər dedikdə, prokurorluq orqanlarında çalışan
dövlət qulluqçularının da ehtiva edilib-edilməməsi ilə bağlı aşağıdakıların qeyd
olunmasını vacib hesab edir.
Azərbaycan Respublikasında dövlət hakimiyyətinin
hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilməsi Konstitusiyanın
7-ci maddəsinin III hissəsində öz əksini tapmışdır. Bu prinsip qanunvericilik,
icra və məhkəmə hakimiyyətlərinin öz səlahiyyətləri çərçivəsində müstəqil fəaliyyət
göstərmələrini nəzərdə tutur.
Həmin prinsipə əsasən Konstitusiyanın “Məhkəmə
hakimiyyəti” adlı VII fəslində məhkəmə hakimiyyətinə iki qrup orqanlar – məhkəmələr və vahid mərkəzləşdirilmiş orqan
kimi müəyyən edilən prokurorluq aid edilmişdir.
Məlum olduğu kimi, Azərbaycan
Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. Məhkəmələr
ədalət mühakiməsini həyata keçirərkən Azərbaycan Respublikası Konstitusiyasında təsbit
edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını, mülkiyyət formasından
asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatların, siyasi partiyaların,
ictimai birliklərin, digər hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini
hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edir, Azərbaycan
Respublikasının Konstitusiyasında və bu qanunda nəzərdə tutulmuş digər vəzifələri
həyata keçirirlər (Konstitusiyanın 125-ci maddəsinin I hissəsi və “Məhkəmələr və
hakimlər haqqında” Qanunun 3-cü maddəsi).
Beləliklə, məhkəmə hakimiyyəti ədalət mühakiməsi
yolu ilə mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə
tutulmuş digər vasitələrlə məhkəmələr tərəfindən həyata keçirilir.
Azərbaycan Respublikasının Prokurorluğu isə
Konstitusiyanın 133-cü maddəsinin I hissəsində
təsbit edildiyi kimi,
qanunla nəzərdə tutulmuş qaydada və hallarda qanunların icra və tətbiq
olunmasına nəzarət edir, qanunla nəzərdə tutulmuş hallarda cinayət işləri
başlayır və istintaq aparır, məhkəmədə dövlət ittihamını müdafiə edir, məhkəmədə
iddia qaldırır, məhkəmə qərarlarından protest verir.
Beləliklə, prokurorluğun səlahiyyətləri və fəaliyyət
istiqamətləri baxımından ədalətin təmin edilməsində əhəmiyyətli iştirakı nəzərə
alınaraq, habelə prokurorluğun müstəqilliyinin təmin edilməsi nöqteyi-nəzərindən
bu dövlət orqanı Əsas Qanunda digər hakimiyyət qollarına dair fəsildə deyil, məhz
məhkəmə hakimiyyəti fəslində nəzərdə tutulmuşdur.
Müvafiq olaraq “Prokurorluq
haqqında" Qanunun 2-ci maddəsində də prokurorluq məhkəmə hakimiyyəti sisteminə
daxil olmaqla ərazi və ixtisaslaşdırılmış prokurorluqların Azərbaycan
Respublikasının baş prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş
orqan kimi təsbit edilmişdir.
Həmçinin Azərbaycan
Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli “Məhkəmə-hüquq sistemində
islahatların dərinləşdirilməsi haqqında” Fərmanında məhkəmə hakimiyyəti
sisteminə aid edilmiş orqan olaraq prokurorluğa müvafiq məsələlərlə bağlı
tövsiyələr də verilmişdir.
Ədalət
mühakiməsinin həyata keçirilməsində prokurorun
iştirakını və dövlət ittihamının müdafiəsini tənzimləyən “Prokurorluq haqqında”
Qanunun 19-cu maddəsinə görə, hakimlərin müstəqilliyi və onların yalnız qanuna
tabe olması prinsipinə dönmədən əməl edilməklə prokurorlar Azərbaycan
Respublikasının prosessual qanunvericiliyində nəzərdə tutulmuş qaydada və
hallarda məhkəmələrdə cinayət işlərinə birinci instansiya, apellyasiya və
kassasiya qaydasında baxılmasında tərəf kimi iştirak edir, rəy verir, dövlət
ittihamını müdafiə edir, məhkəmədə iddia qaldırır, mülki və kommersiya mübahisələrinə dair
işlərə baxılmasında iddiaçı qismində iştirak edir, məhkəmə qərarlarından
protest verir.
Göstərilən normalardan
çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu bir sıra Qərarlarında
prokurorluğun konstitusion statusunu məhkəmə hakimiyyətinə aid edilmiş orqan, prokurorluq
işçilərini isə məhkəmə hakimiyyəti daxilində hakimlərlə oxşar vəziyyətdə olan şəxslər
kimi ifadə etmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Məhkəmələr və hakimlər
haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin beşinci hissəsinə
və həmin Qanunun “Keçid müddəaları”nın 7-ci bəndinə dair” 2003-cü il 29 aprel və
R.Cəfərovun iddiasına dair 2012-ci il 18 may tarixli Qərarları).
Sorğu ilə əlaqədar
Konstitusiya Məhkəməsi Plenumuna təqdim edilmiş mütəxəssis mülahizələrində və ekspert
rəylərində də məhkəmə hakimiyyəti sisteminə iki qrup orqanların – bilavasitə məhkəmə
orqanları və prokurorluğun daxil olduğu ifadə olunmuşdur.
O da qeyd edilməlidir ki, prokurorluq orqanlarında
çalışan, xüsusi və hərbi rütbəsi olmayan şəxslər bilavasitə məhkəmələrdə (Azərbaycan
Respublikasının apellyasiya məhkəmələri, ümumi məhkəmələr və digər
ixtisaslaşdırılmış məhkəmələrdə) qulluq keçən dövlət qulluqçuları ilə oxşar hüquqi
statusda olmaqla, bərabər hüquq və imkanlara malikdirlər.
Konstitusiyanın
tələblərindən irəli gələrək “Dövlət qulluğu haqqında” Qanunun 4-cü maddəsində
dövlət qulluğunun əsaslandığı prinsipləri sırasında dövlət qulluqçularının
hüquq bərabərliyi prinsipi müəyyən edilmişdir.
Konstitusiya
Məhkəməsi Plenumunun Konstitusiyanın 25-ci maddəsində göstərilən bərabərlik
prinsipinin məzmununa dair ifadə etdiyi hüquqi mövqeyinə görə, eyni və ya oxşar
vəziyyətdə olan şəxslərə eyni rəftarın göstərilməsi tələb olunur. Belə şəxslərə
qarşı fərqli rəftar yalnız o halda mümkündür ki, bunun üçün obyektiv və
ağlabatan əsas olsun (Konstitusiya Məhkəməsi Plenumunun O.Gərəkməzlinin
şikayəti üzrə 2014-cü il 25 fevral tarixli Qərarı).
Bu baxımdan, məhkəmə
hakimiyyəti sisteminə aid olan orqanlar daxilində oxşar vəziyyətdə olan şəxslərə münasibətdə inzibati vəzifələrin beşinci-yeddinci
təsnifatlarına uyğun olan vəzifələrin tutulması ilə bağlı qaydalarda hər hansı fərqləndirmənin aparılması obyektiv səbəblərə
əsaslanmayaraq dövlət qulluğu ilə bağlı qanunvericilik prinsiplərinin pozulmasına
şərait yaratmış olur.
Göstərilənlərə əsasən Konstitusiya
Məhkəməsinin Plenumu aşağıdakı nəticəyə gəlir:
Konstitusiyasının
133-cü maddəsinin və “Prokurorluq haqqında" Qanunun 2-ci maddəsinin hüquqi
məzmunu baxımından “Dövlət qulluğu haqqında” Qanunun 29.5-ci maddəsinin üçüncü hissəsinin
“məhkəmə hakimiyyəti orqanlarında qulluq keçən şəxslər” müddəası məhkəmə hakimiyyəti sisteminə aid olan
orqanlar daxilində oxşar hüquqi vəziyyətdə olan prokurorluq orqanlarında çalışan
xüsusi və ya hərbi rütbəsi olmayan şəxsləri də ehtiva edir.
Azərbaycan Respublikası Konstitusiyasının
130-cu maddəsinin IV hissəsini və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq,
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. Azərbaycan Respublikası Konstitusiyasının 133-cü
maddəsinin və “Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununun
2-ci maddəsinin hüquqi məzmunu baxımından “Dövlət qulluğu haqqında” Azərbaycan
Respublikası Qanununun 29.5-ci maddəsinin üçüncü hissəsinin “məhkəmə hakimiyyəti
orqanlarında qulluq keçən şəxslər” müddəası məhkəmə
hakimiyyəti sisteminə aid olan orqanlar daxilində oxşar hüquqi vəziyyətdə olan prokurorluq orqanlarında çalışan
xüsusi və ya hərbi rütbəsi olmayan şəxsləri də ehtiva edir.
2. Qərar dərc edildiyi
gündən qüvvəyə minir.
3. Qərar Azərbaycan
Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.
4. Qərar qətidir, heç
bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə
bilməz.
Sədr Fərhad Abdullayev