Decisions

28.03.24 Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin VIII və X hissələri, 80-ci maddəsi baxımından AR İnzibati Xətalar Məcəlləsinin 499.1 və 499.2-ci maddələrinin həmin Məcəllənin 38-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin VIII və X hissələri, 80-ci maddəsi baxımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1 və 499.2-ci maddələrinin həmin Məcəllənin 38-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair

 

 

28 mart 2024-cü il                                                                                                  Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov (məruzəçi-hakim) və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi F.Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının  yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin VIII və X hissələri, 80-ci maddəsi baxımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1 və 499.2-ci maddələrinin həmin Məcəllənin 38-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlər Şirvan Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizələrini, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin mütəxəssis mülahizələrini, ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının professoru, hüquq elmləri doktoru S.Əliyevin və həmin kafedranın dosenti, hüquq üzrə fəlsəfə doktoru N.Şükürovun rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Şirvan Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 499.1 və 499.2-ci maddələrinin əlaqəli şəkildə və İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsinin həmin Məcəllənin 38-ci maddəsinə uyğunluğu baxımından şərh edilməsini xahiş etmişdir.

Müraciətdən görünür ki, “REAL-QAZ” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – “REAL-QAZ” MMC) müqavilə əsasında müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malları 6 noyabr 2020-ci il tarixli gömrük bəyannaməsi ilə Gürcüstan Respublikasına göndərmiş və həmin malların 24 ay ərzində, yəni 5 noyabr 2022-ci il tarixinədək Azərbaycan Respublikasına qaytarılmasına zəmanət vermiş, həmin zəmanət müddəti gömrük bəyannaməsində də öz əksini tapmışdır. Malların bir hissəsi müəyyən edilmiş müddət ərzində ölkəyə geri qaytarılsa da, digər hissəsi qaytarılmamışdır. “REAL-QAZ” MMC-nin əməkdaşı 5 iyun 2023-cü il tarixində Bakı Baş Gömrük İdarəsinə müraciət edərək qalan malların 24 ay ərzində Azərbaycan Respublikasına gətirilməsinin mümkün olmadığını bildirmiş və onların müvəqqəti ixrac gömrük proseduru altında qalma müddətinin 12 aya qədər uzadılmasını xahiş etmişdir. Həmin müraciət əsasında Bakı Baş Gömrük İdarəsində aparılmış araşdırma zamanı malların invoys dəyərinin 3 320 ABŞ dolları təşkil edən hissəsinin 5 noyabr 2022-ci il tarixinədək Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılmaması müəyyən edilmiş və bu səbəbdən 24 iyul 2023-cü il tarixində “REAL-QAZ” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir.

Lənkəran Rayon Məhkəməsinin 25 avqust 2023-cü il tarixli qərarı ilə “REAL-QAZ” MMC barəsində inzibati xəta haqqında iş üzrə icraata İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə müvafiq olaraq inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilmişdir. Bakı Baş Gömrük İdarəsinin rəisi qeyd olunan qərardan Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir.

Apellyasiya instansiyası məhkəməsi işə baxarkən müəyyən etmişdir ki, müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş əşyalara münasibətdə inzibati xətanın aşkar olunma vaxtına və törədilmə qaydasına görə əməlin hansı hallarda İnzibati Xətalar Məcəlləsinin 499.1 və ya 499.2-ci maddələri ilə tövsif edilməsi ilə bağlı məhkəmə təcrübəsində fərqli yanaşmalar vardır. Müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş əşyaların Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılmaması faktının aşkar olunduğu vaxt baxımından  əməlin İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsi ilə tövsifinin mümkünlüyü fikir ayrılığına səbəb olur. Bir qrup hüquq tətbiqedicilər hesab edirlər ki, İnzibati Xətalar Məcəlləsinin 499.1.1-499.1.5-ci maddələrində müəyyən olunmuş müddətlər keçmədən, əməl daha sərt inzibati məsuliyyət nəzərdə tutan həmin Məcəllənin 499.2-ci maddəsi ilə tövsif edilə bilməz. Çünki həmin müddət ərzində şəxsin müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş əşyaları Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarmaq ehtimalı var.

Digər yanaşmaya görə,  İnzibati Xətalar Məcəlləsinin 499.1 və 499.2-ci maddələri biri-birindən asılı olmayan, fərqli tərkiblərdir. Əməlin İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsi ilə tövsif edilməsi üçün həmin Məcəllənin 499.1-ci maddəsində müəyyən olunmuş müddətlərin bitməsinə zərurət yoxdur.

Müraciətedənin qənaətinə görə, ikinci yanaşma tətbiq edildiyi halda müvəqqəti ixracla bağlı münasibətləri tənzimləyən qaydalarda müəyyən edilmiş müddətin bitdiyi gündən növbəti gün həm İnzibati Xətalar Məcəlləsinin 499.1, həm də 499.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədildiyi gün sayılır. İnzibati məsuliyyətə cəlb etmə müddəti bir il olduğu halda, İnzibati Xətalar Məcəlləsinin 499.1-ci maddəsi ilə müəyyən edilmiş son müddətin keçdiyi vaxtdan, yəni bir ildən sonra şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması həmin Məcəllənin 53.1.6-cı maddəsi baxımından mümkün olmadığı üçün, şəxs ümumiyyətlə İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsi üzrə inzibati məsuliyyətdən kənarda qalır.

Bununla yanaşı İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsi özlüyündə həmin Məcəllənin 38-ci maddəsi ilə uyğunsuzluq təşkil edir. Belə ki, həmin maddəyə müvafiq olaraq inzibati məsuliyyətə cəlb etmə müddətinin yuxarı həddi bir il olduğundan, İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsi ilə təqsirli olan şəxs barəsində həmin maddə üzrə inzibati xəta haqqında iş üzrə icraat başlana bilməz.

Göstərilənlərə əsasən müraciətedən gömrük qaydaları əleyhinə olan inzibati xətalarla bağlı qanunvericiliyin eyni qaydada tətbiqinin və hüquqi müəyyənlik prinsipinin tələblərinə əməl edilməsinin təmin olunması üçün Konstitusiya Məhkəməsinə müraciət etməyin zəruri olduğu qənaətinə gəlmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə əlaqədar aşağıdakıları qeyd edir.

Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 71-ci maddəsinin VIII və X hissələrinə görə,  heç kəs törədildiyi zaman hüquq pozuntusu sayılmayan əmələ görə məsuliyyət daşımır. Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Konstitusiyanın bu tələbləri qanunçuluq prinsipinin təzahürü olmaqla, onların yerinə yetirilməsi, öz növbəsində, dövlət orqanlarının hərəkətlərinin proqnozlaşdırıla bilən olmasına və onlara məhdudiyyətsiz mülahizə üçün imkan yaratmamasına zəmanət verməklə, hər kəsin hüquq və azadlıqlarının mühüm təminatı kimi çıxış edir.

Hüququn aliliyi prinsipinə əsaslanan qanunçuluq prinsipi, digər məsələlərlə yanaşı, dövlət orqanlarının qanunla müəyyən edilmiş səlahiyyətlərinə uyğun olaraq, bu hüdudlar və müddətlər çərçivəsində hərəkət etmək vəzifəsini də nəzərdə tutur. Buna müvafiq olaraq, qanunla müəyyən edilmiş səlahiyyətverici əsas olmadan dövlət orqanı tərəfindən edilən hər hansı bir hərəkət qeyri-legitim sayılmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54.3-cü maddəsinin və “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 4, 21 və 27-ci maddələrinin bəzi müddəalarının əlaqəli şəkildə şərh edilməsinə dair”  2021-ci il 23 fevral tarixli Qərarı).

Konstitusiyanın 80-ci maddəsinə görə isə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.

İnzibati Xətalar Məcəlləsinin 499-cu maddəsi malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmaması, yaxud həmin əraziyə qaytarılmaması ilə bağlı inzibati xəta tərkiblərini müəyyən etmişdir.

Bununla bağlı göstərilməlidir ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra – Gömrük Məcəlləsi) 130.2-ci maddəsinə əsasən, malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi qaydalarını bu Məcəllənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin qaydalarda malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi şərtləri, onların bu prosedur altında qalma müddəti müəyyən edilməlidir.

Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi müddəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 sentyabr tarixli 244 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi Qaydaları” (bundan sonra – Qaydalar)  ilə müəyyən olunmuşdur.

Qaydaların 3.1 və 3.2-ci bəndlərinə görə, müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların bu gömrük proseduru altında qalma müddəti gömrük orqanları tərəfindən 24 (iyirmi dörd) aydan çox olmamaq şərtilə müəyyənləşdirilir. Bu müddət müvəqqəti ixrac gömrük prosedurunun məqsədi üçün kifayət etməlidir. Bu Qaydaların 3.1-ci bəndində göstərilən müddətdə müvəqqəti ixrac gömrük prosedurunun məqsədlərinə nail olunmadıqda, gömrük orqanı həmin prosedur üçün müəyyən olunmuş müddətin başa çatmasına 1 (bir) ay qalmış prosedur sahibinin əsaslandırılmış müraciəti ilə malların müvəqqəti ixrac gömrük proseduru altında qalma müddətini 12 (on iki) aya qədər uzadır.

Müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar üçün müəyyən edilmiş müddət başa çatanadək müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar idxal edilməli və ya digər gömrük proseduru altında yerləşdirilməlidir (Qaydaların 3.6-cı bəndi).

Beləliklə, qanunvericiliklə malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi üçün ən çoxu 24 ay müddət müəyyən edilmiş və bu müddətin ən çoxu 12 ay uzadıla biləcəyi nəzərdə tutulmuşdur. Prosedur sahibi gömrük orqanları tərəfindən müəyyən edilmiş müddətin sonuncu günündən gec olmayaraq müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malları təkrar idxal etməli, yəni ölkəyə qaytarmalıdır ki, həmin vəzifənin yerinə yetirilməməsi də İnzibati Xətalar Məcəlləsinin 499-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranması üçün əsas təşkil edir.

İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə müvafiq olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir.

İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, müraciətdə qaldırılan məsələnin həlli üçün İnzibati Xətalar Məcəlləsinin 499.1 və 499.2-ci maddələrində təsbit olunan inzibati xəta tərkiblərinin əlamətləri, xüsusilə də obyektiv cəhətin zəruri və fakultativ əlamətləri nəzərdən keçirilməlidir.

Vurğulanmalıdır ki, inzibati xətanın tövsif edilməsində zəruri və fakultativ əlamətlərin müəyyən edilməsinin böyük əhəmiyyəti vardır. Zəruri əlamətlər hər bir inzibati xəta tərkibinə məxsus elə əlamətlərdir ki, onlar mövcud olmadıqda inzibati xəta tərkibi yaranmır. Fakultativ əlamətlər isə bütün inzibati xəta tərkibləri üçün zəruri olmayan və müxtəlif tərkiblərdə fərqli əhəmiyyət daşıyan əlamətlərdir. Zəruri və fakultativ əlamətlərin müəyyənləşdirilməsi oxşar inzibati xəta tərkiblərinin bir-birindən fərqləndirilməsi üçün böyük əhəmiyyət kəsb edir.

İnzibati Xətalar Məcəlləsinin 499.1 və 499.2-ci maddələrində nəzərdə tutulan inzibati xətalar da məhz obyektiv cəhətin əlamətlərinə görə bir-birindən fərqlənməklə, müvafiq olaraq hərəkət və ya hərəkətsizliklə törədilir.

İnzibati Xətalar Məcəlləsinin 499.1-ci maddəsi ilə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə məsuliyyət müəyyən edilmiş, o cümlədən həmin Məcəllənin 499.1.1-499.1.5-ci maddələri gecikdirilmənin aşağıda qeyd olunan müddətlərindən asılı olaraq məsuliyyəti diferensiallaşdırmışdır:

·on beş günədək müddətə;

·on beş gündən bir ayadək müddətə;

·bir aydan üç ayadək müddətə;

·üç aydan bir ilədək müddətə;

·bir ildən artıq müddətə gecikdirilməklə malların və ya nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması.

Qeyd olunmalıdır ki, İnzibati Xətalar Məcəlləsinin 499.1-ci maddəsində göstərilmiş inzibati xəta obyektiv cəhətdən hərəkətlə, yəni Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması ilə bağlı hərəkətlərin icra edilməsiylə törədilir.

Həmçinin yuxarıda göstərilən müddətlər, qeyd edilən inzibati xəta tərkibində obyektiv cəhətin fakultativ elementi kimi çıxış edir. Bu element mallar və ya nəqliyyat vasitələrinin aparılması və ya qaytarılması üçün müəyyən olunmuş müddətlərin pozulmasında ifadə olunur. İnzibati Xətalar Məcəlləsinin 499.1.1-499.1.5-ci maddələrində təsbit olunmuş inzibati xəta tərkibləri bir-birindən məhz həmin elementə görə fərqləndirilmiş, mallar və ya nəqliyyat vasitələrinin aparılması və ya qaytarılmasının gecikdirildiyi müddətdən asılı olaraq daha sərt inzibati tənbehin tətbiqi nəzərdə tutulmuşdur.

Beləliklə, İnzibati Xətalar Məcəlləsinin 499.1-ci maddəsində təsbit olunmuş inzibati xəta tərkibinin yaranması üçün obyektiv cəhətinin zəruri elementi olan hərəkət icra edilməli, mallar və ya nəqliyyat vasitələri hökmən müəyyən edilmiş müddətlər ötürülməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmalı və ya bu əraziyə qaytarılmalıdır. Qeyd edilən kənara aparılma və ya qaytarılma isə müvafiq gömrük proseduru ilə bağlı gömrük orqanları tərəfindən müəyyən edilmiş müddətlərin pozulma dərəcəsindən, yəni gecikdirmənin müddətindən asılı olaraq əməl İnzibati Xətalar Məcəlləsinin 499.1.1-499.1.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır.

İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsi ilə bağlı qeyd edilməlidir ki, həmin maddəyə əsasən, aparılması və ya qaytarılması məcburi olan əvvəllər gətirilmiş və ya aparılmış mallar və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmamasına və ya bu əraziyə qaytarılmamasına görə məsuliyyət müəyyən olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 499.1-ci maddəsindən fərqli olaraq, bu maddədə nəzərdə tutulan əməl obyektiv cəhətdən hərəkətsizliklə törədilən inzibati xətadır.

Nəzərə alınmalıdır ki, qanunverici İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsində malların və ya nəqliyyat vasitələrinin gətirilməsi və ya aparılması üçün gömrük orqanları tərəfindən müəyyənləşdirilmiş müddətin bitməsini birbaşa olaraq onların Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmamasına və ya bu əraziyə qaytarılmamasına görə məsuliyyətin yaranmasına əsas verən hüquqi fakt kimi müəyyən etməmişdir. Əksinə, İnzibati Xətalar Məcəlləsinin 499.1-ci maddəsi ilə məhz gecikdirilmə müddətlərini müəyyənləşdirərək həmin müddətlər daxilində mallar və ya nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılmasının gecikdirilməsinə görə məsuliyyəti tənzimləmişdir. Bununla da qanunverici, müəyyən olunmuş gecikdirilmə müddətləri daxilində mallar və nəqliyyat vasitələrini  gömrük ərazisindən kənara aparan və ya bu əraziyə qaytaran şəxslərin məsuliyyətini, bu müddətlər ötdükdən sonra da hərəkətsizlik nümayiş etdirən şəxslərlə müqayisədə yüngülləşdirərək məsuliyyəti diferensiallaşdırmışdır.

O da qeyd olunmalıdır ki, malların və ya nəqliyyat vasitələrinin ölkə ərazisinə qaytarılmasını və ya aparılmasını müəyyən olunmuş müddətlər pozulmaqla (gecikdirməklə) həyata keçirən şəxslər, belə gecikdirmənin nəticələrinə məruz qalmaqla İnzibati Xətalar Məcəlləsinin 499.1-ci maddəsində qeyd olunan müddətlərdən asılı olaraq məsuliyyət daşıyacaq, həmin müddətlər bitənə qədər qaytarılma və ya aparılma ilə bağlı öhdəliklər icra edilmədiyi halda isə daha ağır inzibati tənbeh müəyyən edən İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsi ilə məsuliyyət daşıyacaqlar.

Göstərilən səbəblərdən Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta o halda törədilmiş hesab olunur ki, mallar və ya nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasının və ya bu əraziyə qaytarılmasının gecikdirilməsi ilə bağlı həmin Məcəllənin 499.1-ci maddəsində göstərilən müddətlərin bitməsinədək mallar və ya nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmamış və ya bu əraziyə qaytarılmamış olsun.

Əks yanaşma, yəni malların və ya nəqliyyat vasitələrinin gətirilməsi və ya aparılması üçün gömrük orqanları tərəfindən müəyyənləşdirilmiş müddətin bitdiyi an, onların Azərbaycan Respublikasının gömrük ərazisindən aparılmadığı və ya bu əraziyə gətirilmədiyi təqdirdə İnzibati Xətalar Məcəlləsinin  499.2-ci maddəsində təsbit olunmuş tərkibin yarandığının qəbul edilməsi, İnzibati Xətalar Məcəlləsinin 499.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkiblərinin öz əhəmiyyətini itirməsi ilə nəticələnməklə, onların tətbiqini qeyri-mümkün edərdi. Belə ki,  İnzibati Xətalar Məcəlləsinin  499.2-ci maddəsindəki inzibati xəta tərkibinin yaranması, eyni hüquqi faktla bağlı şəxsin həmin Məcəllənin  499.1-ci maddəsi ilə məsuliyyət daşımasını istisna edir.

Müraciətdə şərh edilməsi xahiş olunan məsələlərdən biri də İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsində göstərilən “bir ildən artıq müddətə gecikdirilməklə” müddəası ilə bağlıdır. Konstitusiya Məhkəməsinin Plenumu bununla əlaqədar qeyd etməyi vacib hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 499.1-ci maddəsində göstərilən müddətlər bir-biri ilə əlaqəlidir və biri digərinin davamı kimi çıxış edir. Həmin müddətlərdə, yəni müəyyən zaman kəsiyində baş verən hüquqi faktlar hüquqi nəticəsinə görə bir-birindən fərqlənir və məsuliyyətin ağırlaşmasına səbəb olur. Eləcə də “bir ildən artıq müddətə gecikdirilməklə” müddəası həmin Məcəllənin 499.1.4-cü maddəsinin dispozisiyasında təsbit edilmiş “üç aydan bir ilədək müddətə gecikdirilməklə” müddəası ilə bağlı olmaqla, onun məntiqi davamı kimi çıxış edir.

O da vurğulanmalıdır ki, “bir ildən artıq müddətə gecikdirilməklə” müddəasına aydınlıq gətirilməsi İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi anının müəyyənləşdirilməsi baxımından da önəm kəsb edir. Belə ki, həmin Məcəllənin 499.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi anı 499.1-ci maddəsində göstərilən müddətlərin sonuncusunun (499.1.5-ci maddədəki müddətin) bitdiyi gündən növbəti gün hesab olunur.

Qeyd olunmalıdır ki, qanunların ümumiliyinin təmin edilməsi zərurəti hüquqi dövlətin vacib təzahürlərindən biri olan qanunun aydın və proqnozlaşdırıla bilən olması prinsipi ilə uzlaşmalıdır. Lakin eyni zamanda, qanunun mətninin mütləq aydınlığı (qanunvericinin bütün mümkün ola biləcək həyati halları qanunda nəzərdə tutması) qeyri-realdır.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi dəfələrlə qeyd etmişdir ki, istənilən hüquq sistemində norma nə qədər dəqiq tərtib olunsa da, məhkəmə şərhi qaçılmazdır. Anlaşılmayan məqamların izah olunmasına hər zaman ehtiyac olacaq. Müəyyənlik arzuedilən olsa da, bəzən lüzumsuz sərtliklə müşayiət oluna bilər, halbuki hüquq dəyişən şəraitlə addımlamaq xüsusiyyətinə malik olmalıdır. Müvafiq olaraq bir çox qanunlar qaçılmaz terminlərin istifadəsi ilə tərtib olunmuşlar ki, onlar az və ya çox dərəcədə qeyri-müəyyəndir, onların şərhi və tətbiqi təcrübədən asılıdır. Bir müddəanın müxtəlif cür təfsir olunması öz-özlüyündə öncədən görmə tələbinin pozulmasına gətirib çıxarmır. İşlərə baxılarkən məhkəmələrin üzərinə qoyulmuş rol ondan ibarətdir ki, onlar bu cür şübhələri təfsirlə aradan götürsünlər (Böyük Palatanın CentroEuropa 7S.R.L. və Di Stefano İtaliyaya qarşı iş üzrə  2012-ci il 7 iyun, §141; Gorzelik və digərləri Polşaya qarşı iş üzrə 2004-cü il 17 fevral, §65; Rekvenyi Macarıstana qarşı iş üzrə 1999-cu il 20 may, §34 tarixli Qərarları).

Konstitusiya Məhkəməsinin Plenumu R.Cəfərovun şikayəti üzrə 2012-ci il 18 may tarixli Qərarında qeyd etmişdir ki, hüquqi normaların bəzən qaçılmaz olan natamamlığı və ya qeyri-müəyyənliyi məhz məhkəmə təcrübəsi vasitəsilə aradan qaldırılır.

Nəzərə alınmalıdır ki, İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsində qeyd  olunmuş “bir ildən artıq müddətə gecikdirilməklə” müddəasının hərfi mənada, bir ildən artıq olan istənilən müddəti nəzərdə tutması kimi təfsir edilməsi, faktiki olaraq malların və ya nəqliyyat vasitələrinin gömrük ərazisindən kənara aparılmasını və ya bu əraziyə qaytarılmasını qeyri-müəyyən müddətədək gecikdirən şəxslərin məsuliyyətdən kənarda qalmasına şərait yaradar.

Bundan əlavə, belə təfsir malları və ya nəqliyyat vasitələrini bir ildən daha az müddətə gecikdirməklə gömrük ərazisindən kənara aparan və ya bu əraziyə qaytaran şəxslərdən fərqli olaraq, həmin malların və ya nəqliyyat vasitələrinin aparılması və ya qaytarılması ilə bağlı hərəkətləri ümumiyyətlə icra etməyən şəxslərin məsuliyyətdən yayınmasına səbəb olmaqla, İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsinin tətbiqini mümkünsüz edər. Belə hal isə qanun qarşısında bərabərlik, ədalət, hüquqi müəyyənlik prinsipləri ilə uyğunsuzluq təşkil etməklə yanaşı, İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsi ilə müəyyən edilən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələrinin həyata keçirilməsinə də mane olur.

Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında qeyd etmişdir ki, normanın mümkün olan bütün təfsiri variantları sırasından məhkəmələr yalnız konstitusiyaya uyğun olana üstünlük verməlidirlər. Əgər normanın təfsiri konstitusion norma və prinsiplərin pozulmasına gətirib çıxarırsa, onun konkret işə tətbiq olunması yolverilməzdir. Məhkəmə təcrübəsi, yalnız normanın konstitusion tələblərə uyğun gələn məzmununun müəyyənləşdirilməsinə imkan verən, hamı tərəfindən qəbul edilmiş qaydalara uyğun aparılmış təfsirinə  əsaslanmalıdır ( “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2022-ci  il 9 mart tarixli Qərar).

İnzibati Xətalar Məcəlləsinin qeyri-müəyyən, fərqli yanaşmalara səbəb olan normalarının onların konstitusiya-hüquqi mənasına və hüquqi təyinatına uyğun şərhi vasitəsilə məzmununun birmənalı və aydın müəyyən edilməsi və vahid mövqeyin formalaşdırılması hüquq tətbiqedən orqanların fəaliyyətində qanunçuluq prinsipinin gözlənilməsinə imkan yaradaraq, inzibati xəta haqqında işin əsassız olaraq uzanmamasına, işlərə ağlabatan müddətlərdə baxılmasına və son nəticədə Konstitusiyanın 60-cı maddəsinin I hissəsi ilə qorunan ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsinə xidmət edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 11 noyabr tarixli Qərarı).

Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsində təsbit olunmuş “bir ildən artıq müddətə gecikdirilməklə” müddəası gecikdirilmənin yuxarı həddini müəyyən etməklə,  malların və ya nəqliyyat vasitələrinin bir ildən artıq olan və həmin (ikinci) ilin sonunadək davam edən müddətdə gecikdirilməsini nəzərdə tutur. Həmin müddət bitənədək mallar  və ya nəqliyyat vasitələri  Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmadıqda və ya bu əraziyə qaytarılmadıqda növbəti gün həmin Məcəllənin 499.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyi gün hesab olunur.

Konstitusiya Məhkəməsinin Plenumu onu da vurğulamağı vacib hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsində təsbit olunmuş “bir ildən artıq müddətə gecikdirilməklə” müddəasının hansı müddəti əhatə etməsi baxımından qanunverici orqan tərəfindən təkmilləşdirilməsi məqsədəmüvafiqdir.

O da nəzərə alınmalıdır ki, İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə müvafiq olaraq inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Dairəsi müəyyən edilmiş inzibati xətalar, o cümlədən gömrük qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər.

Həmin Məcəllənin 38.2-ci maddəsi ilə bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlərin davam edən inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanması müəyyənləşdirilmiş, 23 fevral 2021-ci il tarixli 270-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsində “davam edən” sözləri “uzanan” sözü ilə əvəz edilmişdir.

Qeyd edilməlidir ki, uzanan və davam edən inzibati xətalar fərqli anlayışlar olmaqla, belə inzibati xətalara görə inzibati məsuliyyətə cəlb etmə müddətinin hesablanması digər inzibati xətalardan fərqlənir. İnzibati Xətalar Məcəlləsində uzanan inzibati xətalara görə məsuliyyətə cəlb edilmə müddətinin hesablanma qaydası müəyyənləşdirilsə də, uzanan və davam edən inzibati xətaların anlayışı verilməmişdir.

Bununla yanaşı hüquq nəzəriyyəsində formalaşmış anlayışa əsasən, davam edən inzibati xəta zaman baxımından ara verməklə bir sıra oxşar əməllərin bir neçə dəfə eyni məqsədlər, subyektlər, hərəkət üsulu ilə və məcmu halında vahid niyyətlə həyata keçirilməsidir.

Konstitusiya Məhkəməsinin Plenumu uzanan inzibati xətalarla bağlı əvvəlki qərarlarında da qeyd etmişdir ki, inzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir (“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair” 2021-ci il 17 mart tarixli Qərar).

Uzanan inzibati xətanın səciyyəvi xüsusiyyəti ondan ibarətdir ki,  o, əməlin törədilməsi ilə bitmir, əməl (hərəkət və ya hərəkətsizlik) törədildiyi andan başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. Uzanan inzibati xəta inzibati xətanı törədən şəxsin özünün xətanın dayandırılmasına yönəlmiş hərəkəti və ya inzibati xətanın kənardan müdaxilə nəticəsində dayandırılması məqamında başa çatır.

Belə ki, İnzibati Xətalar Məcəlləsinin 499.1-ci maddəsində göstərilmiş inzibati xəta mallar və ya nəqliyyat vasitələrinin müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması ilə bağlı hərəkətin icra edilməsi anında törədildiyi və həmin anda bitdiyi üçün bu əməl uzanan inzibati xəta hesab edilə bilməz.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu bildirməyi vacib hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 499.1.1-499.1.5-ci maddələrində təsbit edilmiş inzibati xətaların törədildiyi gün həmin xətanın obyektiv cəhətini təşkil edən hərəkətin icra edildiyi - əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparıldığı və ya bu əraziyə qaytarıldığı gün hesab edildiyindən, İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsi ilə müəyyən edilən inzibati məsuliyyətə cəlb etmə müddətinin axımı da həmin tarixdən başlanır.

Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

- Konstitusiyanın 71-ci maddəsinin VIII və X hissələrinin, 80-ci maddəsinin konstitusion hüquqi mahiyyətindən və təyinatından irəli gələrək, İnzibati Xətalar Məcəlləsinin 499.1.1-499.1.5-ci maddələrində təsbit edilmiş inzibati xətalar əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparıldığı və ya bu əraziyə qaytarıldığı gün törədilmiş hesab edilir və İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsi ilə müəyyən edilən inzibati məsuliyyətə cəlb etmə müddətinin axımı həmin tarixdən başlanır;

-  İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsində təsbit olunmuş “bir ildən artıq müddətə gecikdirilməklə” müddəasının hansı müddəti əhatə etməsi baxımından təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunmalıdır.

Məsələ qanunvericilik qaydasında həll edilənədək İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsində təsbit olunmuş “bir ildən artıq müddətə gecikdirilməklə” müddəası Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasının və ya bu əraziyə qaytarılmasının bir ildən artıq və növbəti bir ilin sonunadək olan müddətə gecikdirilməsini nəzərdə tutur;

-   Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələri İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsində müəyyən edilən bir ildən artıq və bu Qərara müvafiq olaraq növbəti bir il bitənədək Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmadıqda və ya bu əraziyə qaytarılmadıqda, növbəti gün həmin Məcəllənin 499.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyi gün kimi qəbul edilməlidir.

    Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1.              Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin VIII və X hissələrinin, 80-ci maddəsinin konstitusion hüquqi mahiyyətindən və təyinatından irəli gələrək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.1-499.1.5-ci maddələrində təsbit edilmiş inzibati xətalar əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparıldığı və ya bu əraziyə qaytarıldığı gün törədilmiş hesab edilir və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsi ilə müəyyən edilən inzibati məsuliyyətə cəlb etmə müddətinin axımı həmin tarixdən başlanır.

2.              Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsində təsbit olunmuş “bir ildən artıq müddətə gecikdirilməklə” müddəasının hansı müddəti əhatə etməsi baxımından təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə olunsun.

Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsində təsbit olunmuş “bir ildən artıq müddətə gecikdirilməklə” müddəası Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasının və ya bu əraziyə qaytarılmasının bir ildən artıq və növbəti bir ilin sonunadək olan müddətə gecikdirilməsini nəzərdə tutur.

3.              Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.5-ci maddəsində müəyyən edilən bir ildən artıq və bu Qərara müvafiq olaraq növbəti bir il bitənədək Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmadıqda və ya bu əraziyə qaytarılmadıqda, növbəti gün həmin Məcəllənin 499.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədildiyi gün kimi qəbul edilməlidir.

4.              Qərar dərc edildiyi gündən qüvvəyə minir.

5.              Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

6.              Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 

Sədr                                                                                                     Fərhad Abdullayev