AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
Q Ə R A R I
E.Salmanlının şikayəti üzrə Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 225.2 və Azərbaycan Respublikası Ailə
Məcəlləsinin 34.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının
29-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair
28 dekabr
2023-cü il Bakı şəhəri
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona
Salmanova,
Humay Əfəndiyeva, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim)
ibarət tərkibdə,
məhkəmə
katibi Fəraid Əliyevin iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının
130-cu maddəsinin V hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 27.2 və 34-cü maddələrinə və Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq,
konstitusiya məhkəmə icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə
iclasında E.Salmanlının şikayəti üzrə Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 225.2 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin
34.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin
I və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.
İş
üzrə hakim K.Şəfiyevin məruzəsini, ərizəçinin şikayətini, Azərbaycan
Respublikası Vəkillər Kollegiyasının mütəxəssis mülahizəsini, ekspert Bakı Dövlət
Universitetinin Hüquq fakültəsinin Mülki proses və kommersiya hüququ
kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru M.Yolçiyevin rəyini və iş
materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
İddia onunla əsaslandırılmışdır ki, E.Salmanlı 14
fevral 2007-ci il tarixində F.Sərkərzadə ilə rəsmi nikaha daxil olmuş və bu
nikahdan iki övladı dünyaya gəlmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin
7 may 2019-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Birgə nikah dövründə
Bakı şəhəri Nəsimi rayonu Həsən Əliyev küçəsi 1061 bina 8 ünvanında yerləşən 9 saylı mənzili əldə etmişlər. Həmin
əmlak ümumi birgə mülkiyyət hesab edildiyindən, əmlak üzərində ər-arvadın
paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilməlidir.
F.Sərkərzadə iddiaya etiraz edərək bildirmişdir
ki, iddia predmeti olan mənzilin 48 515 manata alınmasından 3 gün əvvəl onun anası G.Ələkbərovanın mülkiyyətində
olan başqa mənzil 120 000 manata satılmış və cavabdehə verilmiş həmin pul vəsaiti
hesabına mübahisəli mənzil alınmışdır. Mübahisəli mənzilin cavabdehin anasının verdiyi
vəsait hesabına əldə olunmasına görə həmin əmlak ümumi birgə mülkiyyət kimi
qiymətləndirilməməlidir.
Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 6 aprel
2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək mübahisəli mənzil
üzərində F.Sərkərzadə ilə E.Salmanlının hər birinin 1/2 hissədə pay hüququnun
müəyyən edilməsi, iddianın digər hissədə rədd edilməsi qət edilmişdir.
Birinci instansiya məhkəməsinin mövqeyinə görə,
nikah müddətində ər-arvadın ümumi gəlirləri hesabına əldə etdikləri əmlak
onların ümumi birgə mülkiyyəti sayılır. Cavabdeh mübahisəli mənzilin onun
anasının vəsaiti hesabına əldə olunmasını sübuta yetirə bilmədiyi üçün mənzil ər-arvadın
ümumi vəsaiti hesabına əldə olunmuş mənzil hesab edilməlidir.
Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 avqust 2021-ci il tarixli qətnaməsi ilə birinci
instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki
Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin Mülki Kollegiyası) 3 mart 2022-ci
il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilmiş, apellyasiya
instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün
Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Kassasiya instansiyası məhkəməsi mövqeyini
onunla əsaslandırmışdır ki, mübahisəli mənzilin F.Sərkərzadənin anasına məxsus
mənzilin satışından əldə edilmiş pul vəsaiti hesabına alınmasına dair sübutlara
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə
hüquqi qiymət verilməmiş, bu isə prosessual hüquq normalarının pozulması və
düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
Bakı Apellyasiya Məhkəməsinin Mülki
Kollegiyasının 14 iyul 2022-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin
qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd
edilmişdir.
Apellyasiya instansiyası məhkəməsi hesab
etmişdir ki, mübahisəli əmlak tərəflərin ümumi gəlirləri deyil, F.Sərkərzadənin
anası G.Ələkbərovaya məxsus mənzilin satışından əldə edilmiş pul vəsaiti hesabına
alındığından, həmin əmlak onların ümumi birgə mülkiyyəti sayıla bilməz.
Ali Məhkəmənin Mülki Kollegiyasının 23 yanvar
2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının
14 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
E.Salmanlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə
(bundan sonra – Konstitusiya Məhkəməsi) şikayətlə müraciət edərək Ali Məhkəmənin
Mülki Kollegiyasının 23 yanvar 2023-cü il tarixli qərarının Azərbaycan
Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına
uyğunluğunun yoxlanılmasını xahiş etmişdir. Eyni zamanda ərizəçi şikayətində iş
üzrə tətbiq olunan Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra –
Mülki Məcəllə) 225.2 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra
– Ailə Məcəlləsi) 34.1-ci maddələrinin Konstitusiyanın 29-cu maddəsinə
uyğunluğunun yoxlanılmasını da xahiş etmişdir.
Konstitusiya Məhkəməsinin
Plenumu şikayətlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
Konstitusiyanın 130-cu
maddəsinin V hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikası Qanununun (bundan sonra – “Konstitusiya Məhkəməsi haqqında” Qanun)
34.1-ci maddəsinə əsasən, hər kəs onun hüquq və azadlıqlarını pozan
qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə
və məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada bu maddənin III hissəsinin
1-7-ci bəndlərində göstərilən məsələlərin Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsi tərəfindən həll edilməsi üçün Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi
məqsədi ilə şikayət verə bilər.
“Konstitusiya
Məhkəməsi haqqında” Qanunun 34.2-ci maddəsinə müvafiq olaraq, Konstitusiyanın
130-cu maddəsinin III hissəsinin 4-cü bəndində nəzərdə tutulmuş məsələyə dair
şikayətə Konstitusiya Məhkəməsi tərəfindən baxılmasına barəsində şikayət edilən
Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarının Azərbaycan Respublikasının Konstitusiyasına
və ya qanunlarına uyğun olmayan normativ hüquqi akta əsaslandığı hallarda yol
verilir.
Qeyd
edilməlidir ki, şikayətlərə baxılması ilə əlaqədar kassasiya instansiyası məhkəməsinin
əsaslandığı normativ hüquqi aktın və ya onun hər hansı normasının
Konstitusiyaya uyğun olub-olmamasını aydınlaşdırmaq üçün, ilk növbədə, həmin
normanın konstitusiya-hüquqi təyinatı, qanunvericilik sistemindəki yeri və digər
normalarla qarşılıqlı əlaqədə yerinə yetirdiyi funksiya araşdırılaraq müəyyən
edilməlidir. Bu, normanın konstitusiya-hüquqi mahiyyətinin müəyyən olunmasına, məzmunundakı
mümkün ola biləcək qeyri-müəyyənliklərin, o cümlədən boşluqların aşkara
çıxarılması və aradan qaldırılmasına, bununla da tətbiqi təcrübəsindəki ziddiyyətlərə
son qoyulmasına və hüquq tətbiqetmədə
vahidliyin təmin edilməsinə xidmət etməklə, həmin normanın Konstitusiyaya zidd
tətbiqinin də qarşısını alır.
Konstitusiya Məhkəməsinin Plenumu E.Axundovun
şikayətinə dair 2023-cü il 6 oktyabr tarixli Qərarında qeyd etmişdir ki, qanunvericilikdə
boşluq müvafiq normanın mövcud olmamasını nəzərdə tutmaqla, son nəticədə Əsas
Qanunda təsbit edilmiş müvafiq insan hüquq və azadlıqlarının həyata keçirilməsi
üçün məhdudiyyət yarada bilər. Bu boşluq mahiyyətcə qeyri-konstitusion norma ilə
eyni hüquqi nəticəyə malikdir və onun aradan qaldırılması ümumi qaydada
qanunvericinin funksiyasına (səlahiyyətinə) aid olsa da, həmçinin konstitusiya
məhkəmə icraatı vasitəsi ilə aradan qaldırıla bilər.
E.Salmanlının şikayətindən və iş
materiallarından göründüyü kimi, işə ikinci dəfə baxan apellyasiya və kassasiya
instansiyası məhkəmələri mübahisəli mənzilin məhz F.Sərkərzadəyə bağışlanmış
pul vəsaiti hesabına əldə edildiyinə əsaslanaraq Mülki Məcəllənin 225.2 və Ailə
Məcəlləsinin 34.1-ci maddələrinə istinadən həmin mənzilin birgə nikah dövründə əldə
edilmiş olsa da, F.Sərkərzadənin şəxsi mülkiyyəti olması qənaətinə gəlmişlər.
Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu ümumi
mülkiyyət anlayışına, ər-arvadın əmlakının ümumiliyi prezumpsiyasının
mahiyyətinə və bununla bağlı qanunvericilikdə nəzərdə tutulmuş normaların
hüquqi məqsəd və təyinatına aydınlıq gətirilməsini zəruri hesab edir.
Konstitusiyanın 13-cü maddəsinin I hissəsinə və 29-cu
maddəsinin I-IV hissələrinə görə, Azərbaycan Respublikasında mülkiyyət
toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ
vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o
cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ
mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq,
əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından
ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə
bilməz.
Konstitusiya Məhkəməsi Plenumunun mülkiyyət hüququ ilə
bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu hüququn məzmunu Konstitusiyanın
13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş
cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını
təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü
maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət
hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir,
şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət
hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və
onların qarşısını almalıdır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin
107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr
tarixli Qərar).
Bir qayda olaraq bir əşya üzərində bir şəxsin
mülkiyyət hüququ olur və bu fərdi mülkiyyət adlanır. Bir əşya üzərində birdən
çox şəxsin mülkiyyət hüququ olduqda ümumi mülkiyyət halı yaranır. Mülki
Məcəllənin 213.1 və 213.2-ci maddələrinə
əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi
mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin
hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar
müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
Birgə mülkiyyət qanunvericilikdə nəzərdə tutulan
əsaslardan əmələ gəlir. Birgə mülkiyyət rejiminin yaranmasını şərtləndirən
əsaslardan biri də nikahdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan
Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin
37.3-cü maddəsinin şərh edilməsinə dair” 2021-ci il 23 iyul tarixli Qərarı).
Ər-arvadın ümumi birgə mülkiyyətində olan əmlakın
qanuni rejimi Mülki Məcəllənin 225 və Ailə Məcəlləsinin 31-37-ci maddələri ilə
müəyyən edilmişdir.
Mülki Məcəllənin 225.1-ci maddəsinə görə, ərlə
arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar
arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
Ailə Məcəlləsinin 31.1 və 31.2-ci maddələrinə
müvafiq olaraq, ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni
rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın
əmlakının qanuni rejimi fəaliyyət göstərir.
Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, nikah
müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti
sayılır.
Ər-arvadın ümumi birgə mülkiyyətinə
aşağıdakılar aid edilir:
- onların hər birinin əmək, sahibkarlıq və
intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya
və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət,
sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin
itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.);
- ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən
daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s.
kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və
əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və
ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın
qazandığı hər hansı sair əmlak (Ailə Məcəlləsinin 32.2-ci maddəsi).
Nikah
dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul
olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad)
da ümumi əmlak üzərində hüquqa malikdir (Ailə Məcəlləsinin 32.3-cü maddəsi).
Konstitusiya Məhkəməsi Plenumunun ər-arvadın
ümumi birgə mülkiyyətinin mahiyyəti ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən,
qanunverici ailə institutunu ər-arvadın şəxsi münasibətlərindən yaranan birgəliyi
ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən, onların
nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətlərinin
nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Ər-arvadın
məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər
onların ümumi əmlakının dairəsinə daxil olur. Bu baxımdandır ki, Ailə Məcəlləsinin
36.5-ci maddəsinə görə, məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi
və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin
mülkiyyəti hesab edə bilər (“Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və
36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə
dair” 2021-ci il 23 iyul tarixli Qərar).
Qanunverici ər-arvadın hər birinə məxsus olan əmlakın
dairəsini Mülki
Məcəllənin 225.2 və 225.3-cü maddələri, eləcə də Ailə Məcəlləsinin 34-cü maddəsi
ilə konkret müəyyən etmişdir.
Mülki Məcəllənin
225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş
əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik
qaydasında aldığı əmlak onun mülkiyyətidir.
Ailə Məcəlləsinin 34.1-ci maddəsinə
uyğun olaraq, nikaha
daxil olanadək onlara məxsus olan əmlak, habelə
nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında və digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın
hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
Konstitusiya
Məhkəməsi Plenumunun əvvəlki qərarlarında da qeyd edilmişdir ki, əmlakın
ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud
olması vacibdir:
·əmlakın ər-arvadın nikah müddətində
əldə olunması;
·əmlakın ər-arvadın ümumi gəlirləri
hesabına əldə olunması (“Azərbaycan Respublikasında mənzil fondunun
özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 5 və 12-ci
maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərar).
Beləliklə, nikaha qədər tərəflərə məxsus olan və ya nikah dövründə
onlardan birinin hədiyyə,
vərəsəlik və s. əvəzsiz
əqdlər üzrə
əldə etdiyi əşya ərin və ya arvadın şəxsi mülkiyyəti hesab olunur.
Mülki
hüquqda əvəzsiz əqdlərə vərəsəlik, bağışlama, əvəzsiz istifadə müqavilələri və
s. aid edilir. Əvəzli və əvəzsiz müqavilələrin anlayışı Mülki Məcəllənin
397-ci maddəsində təsbit olunmuşdur. Müqaviləyə görə tərəf öz vəzifələrinin
icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə
əvəzli, bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə
isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır.
Mülki Məcəllə ilə tənzimlənən əvəzsiz müqavilə
növlərindən biri də bağışlama müqaviləsidir. Bağışlama müqaviləsi sağ ikən
bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini
bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan
tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə
alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə,
hədiyyənin qəbul edildiyi ehtimal olunur (Mülki Məcəllənin 666.1-ci maddəsi).
Konstitusiya
Məhkəməsinin Plenumu qeyd edir ki, tərəflərdən birinin nikah dövründə əvəzsiz
əqd üzrə əldə etdiyi əmlak ər-arvadın birgə təsərrüfat fəaliyyətinin, yəni təsərrüfat birliyinin
nəticəsi olmadığından, qanunverici belə əmlakı müvafiq olaraq ərin və ya
arvadın şəxsi mülkiyyəti olaraq tanıyır.
Beləliklə,
qanunverici birgə nikah dövründə ər-arvadın əldə etmiş olduğu əmlakın ümumiliyi
prezumpsiyasını qəbul etmiş, ümumi birgə mülkiyyət ər-arvadın əmlakının qanuni
rejimi olaraq tanınmışdır. Odur ki, nikah dövründə əldə edilmiş əmlakın şəxsi
əmlak olduğunu, o cümlədən əvəzsiz əqd əsasında əldə edilmiş vəsait hesabına
alınmış əmlak olduğunu iddia edən tərəfin bunu təsdiqləyən kifayət qədər
mötəbər, bariz sübutları əsasında həmin əmlakın şəxsi əmlak olduğu qərara alına
bilər.
Qeyd edilməlidir ki, qanunvericilik bağışlama
müqaviləsinin forması ilə bağlı tələbləri də müəyyən etmişdir. Belə ki, Mülki Məcəllənin
668.1-ci maddəsinə müvafiq olaraq bağışlama aşağıdakı hallarda etibarlıdır:
·daşınmaz əşyaların
və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi
notariat qaydasında təsdiqləndikdə;
·rəsmi
reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı
bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə;
·daşınar əşyaların
bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə;
·tələblərin
və digər hüquqların bağışlanması zamanı onlar bu Məcəllənin tələblərinə uyğun
yazılı surətdə keçirildikdə;
·gələcəkdə
bağışlama vəd edildikdə bu vəd notariat qaydasında təsdiqləndikdə.
Göründüyü kimi, daşınar əşya olaraq pul vəsaitinin
bağışlanması zamanı müqavilə hədiyyə verənin pul vəsaitini hədiyyə alana verməsi
və hədiyyə alan tərəfindən həmin vəsaitin qəbul edilməsi anında bağlanmış hesab
olunur və bununla bağlı hər hansı forma tələbi nəzərdə tutulmamışdır.
Lakin Konstitusiya Məhkəməsinin Plenumu qeyd
etməyi vacib hesab edir ki, pul vəsaitinin bağışlanması ilə bağlı müqavilənin
yazılı forması ilə bağlı qanunvericilikdə imperativ tələb olmasa da, nikah
dövründə əldə edilmiş əmlakın məhz tərəflərdən birinə bağışlanmış pul vəsaiti
hesabına əldə edilməsi əsası ilə ər-arvadın ümumi birgə deyil, ərin və ya
arvadın şəxsi əmlakı kimi qiymətləndirilməsi və bununla da onların əmlakının qanuni rejimindən kənara çıxılması üçün, ilk
növbədə, bağışlamanın ailəyə deyil, məhz tərəflərdən birinə edilməsini, habelə
həmin vəsait hesabına mübahisəli əşyanın əldə edilməsini təsdiqləyəcək mötəbər,
o cümlədən əyani sübutların (yazılı müqavilə və s.) mövcud olması zəruridir.
Nəzərə alınmalıdır ki, şifahi qaydada bağlanmış
əqdlər üzrə yuxarıda qeyd edilənlərin hüquq tətbiqedici orqanlar tərəfindən dəqiq
müəyyənləşdirilməsi, bir qayda olaraq mümkün olmadığından, bu, hazırkı işdə olduğu
kimi hüquq tətbiqetmə təcrübəsində ziddiyyətlərin və fərqli yanaşmaların
yaranmasına və eyni bir faktın bir halda ərin və ya arvadın şəxsi mülkiyyətinin
yaranmasının əsası kimi qiymətləndirilməsi, digər halda isə onların birgə
mülkiyyətini istisna edən əsas kimi nəzərə
alınmaması ilə nəticələnir.
Vurğulanmalıdır ki, hər hansı əqdin forması ilə
bağlı tələb heç də həmişə həmin əqdin etibarlılıq şərti olaraq qəbul edilmir. Bəzi
hallarda belə forma tələbi məhz sübutetmə şərti olaraq çıxış edir. Bu zaman həmin
əqd üzrə iddianın sübuta yetirilməsi, habelə bu əqddən irəli gələn nəticələrin
tətbiqi tələbinin təmin edilməsi üçün əqdin forma tələbinə riayət edilməsi mütləq
olur.
Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin
Plenumu hesab edir ki, ailə-nikah münasibətləri üzrə hər hansı əşyanın məhz əvəzsiz
əqd üzrə əldə edilməsi səbəbindən ərin və ya arvadın şəxsi mülkiyyəti olması ilə
bağlı tələblərin təmin edilməsi üçün, belə əqdlərin mövcudluğu əyani sübutlarla
(yazılı müqavilə və s.) təsdiqlənməlidir. Odur ki, ailə-nikah münasibətləri, ər-arvadın
əmlakının ümumiliyi prezumpsiyasının əksinə olaraq nikah dövründə əldə olunmuş əşyanın
ərin və ya arvadın şəxsi mülkiyyəti olması qənaətinə gəlinməsi baxımından əvəzsiz əqdlər üçün yazılı forma
sübutetmə şərti olaraq qəbul edilməlidir.
Əks yanaşma, yəni tərəflərin iradəsinin
dəqiq, birmənalı, aydın şəkildə ifadə olunmasına imkan verən əyani sübutların
(yazılı müqavilə və s.) olmaması halında əmlakın ər-arvadın hər birinin ayrıca mülkiyyəti kimi
qiymətləndirilməsi Ailə Məcəlləsi ilə müəyyən edilən ər-arvadın əmlakının
qanuni rejiminin mahiyyəti və məqsədinə uyğun gəlməməklə yanaşı, ərin və ya
arvadın öz hüquqlarından sui-istifadəsinə əhəmiyyətli şərait yaradaraq digər tərəfin
Konstitusiya ilə təminat verilən mülkiyyət hüququnun pozulması ilə nəticələnə
bilər.
Odur ki, Mülki Məcəllənin 225.2 və Ailə
Məcəlləsinin 34.1-ci maddələri üzrə əvəzsiz əqd (bağışlama müqaviləsi) əsasında
əldə olunmuş əşyanın ərin və ya arvadın şəxsi əmlakı hesab edilməsi üçün belə əqdlərin
yazılı forması ilə bağlı tələbin sübutetmə şərti kimi nəzərdə tutulmaması
Konstitusiyanın 29-cu maddəsinə zidd olmaqla yanaşı, ailənin dövlətin xüsusi
himayəsində olduğunu bəyan edən Konstitusiyanın 17-ci maddəsinin I hissəsi ilə
də uzlaşmır.
Bu baxımdan Konstitusiya Məhkəməsi Plenumunun
hazırkı Qərarında ifadə etdiyi hüquqi yanaşma nəzərə alınmaqla, Mülki Məcəllənin 225.2 və Ailə Məcəlləsinin 34.1-ci maddələrində əmlakın
ər-arvadın hər birinin ayrıca mülkiyyəti hesab edilməsi üçün həmin əmlakın əldə
edilməsinə əsas verən əvəzsiz əqdlərin forması ilə bağlı tənzimetmənin müəyyən
edilməsi istiqamətində qanunverici tərəfindən dəyişikliklərin həyata
keçirilməsi məqsədəmüvafiq hesab edilir.
Qeyd edilməlidir ki, hər hansı normanın hüquqi cəhətdən tənzimlənməsi zəruri
olan ictimai münasibətləri bütövlükdə əhatə etməməsi, təcrübədə yaranan müəyyən hüquqi məsələlərin həllində müvafiq
qaydanın yetərsiz qaldığı hallarda da qanun boşluğu yaranmış olur.
Hüquq normalarının dəqiq, aydın və birmənalı
müəyyən olması, hüquqtənzimetmə sistemində onların bir-birinə uyğunluğu tələbi isə
konstitusion prinsiplərdən irəli gəlir. Əks təqdirdə, vətəndaşların hüquq və
azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatını zəiflədən
ziddiyyətli hüquq tətbiqetmə təcrübəsi yaranar (Konstitusiya Məhkəməsi
Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh
edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərarı).
Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas
aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir
müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun
təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində
hər kəsə onun hüquq və azadlıqlarının müdafiə ediləcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin
isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq
normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz
mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında
dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət
prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Konstitusiya Məhkəməsi
Plenumunun "Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları
haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan
Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh
edilməsinə dair” 2008-ci il 22 sentyabr və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin
59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci
il 2 aprel tarixli Qərarları).
Göstərilənləri nəzərə alaraq Konstitusiya
Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:
- Mülki Məcəllənin 225.2 və Ailə Məcəlləsinin
34.1-ci maddələri üzrə əvəzsiz əqd (bağışlama müqaviləsi) əsasında əldə olunmuş
əşyanın ərin və ya arvadın ayrıca əmlakı hesab edilməsi üçün belə əqdin yazılı
forması ilə bağlı tələbin sübutetmə şərti kimi nəzərdə tutulmaması ər-arvadın əmlakının
ümumiliyi prezumpsiyası baxımından Konstitusiyanın 29-cu maddəsinin I və III hissələrinə uyğun olmayan hesab edilməlidir.
Bu
Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə
alınmaqla Mülki Məcəllənin 225.2 və Ailə Məcəlləsinin 34.1-ci maddələrinə əmlakın ər-arvadın hər birinin ayrıca mülkiyyəti
hesab edilməsi üçün həmin əmlakın əldə edilməsinə əsas verən əvəzsiz əqdlərin
forması ilə bağlı tənzimetmənin müəyyən edilməsi istiqamətində müvafiq
dəyişikliklərin həyata keçirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə
tövsiyə edilməlidir;
-
Konstitusiyanın 29-cu maddəsinin I və III hissələrinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində
əks olunan hüquqi mövqelərə əsasən məsələ qanunvericilik qaydasında həll edilənədək
Mülki Məcəllənin
225.2 və Ailə Məcəlləsinin 34.1-ci maddələri üzrə əvəzsiz əqd (bağışlama
müqaviləsi) əsasında əldə olunmuş əşyanın ərin və ya arvadın ayrıca əmlakı
hesab edilməsi üçün belə əqdin yazılı forması sübutetmə şərti kimi qəbul edilməlidir;
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu
maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan
Respublikası Qanununun 34, 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər
tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu
1.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin
225.2 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddələri üzrə əvəzsiz
əqd (bağışlama müqaviləsi) əsasında əldə olunmuş əşyanın ərin və ya arvadın
ayrıca əmlakı hesab edilməsi üçün belə əqdin yazılı forması ilə bağlı tələbin
sübutetmə şərti kimi nəzərdə tutulmaması ər-arvadın əmlakının ümumiliyi
prezumpsiyası baxımından Konstitusiyanın 29-cu maddəsinin I və III hissələrinə uyğun olmayan hesab edilsin.
Bu
Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə
alınmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2 və Azərbaycan
Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddələrinə əmlakın ər-arvadın hər birinin ayrıca mülkiyyəti
hesab edilməsi üçün həmin əmlakın əldə edilməsinə əsas verən əvəzsiz əqdlərin
forması ilə bağlı tənzimetmənin müəyyən edilməsi istiqamətində müvafiq
dəyişikliklərin həyata keçirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə
tövsiyə edilsin.
2.
Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin I və III hissələrinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində
əks olunan hüquqi mövqelərə əsasən məsələ qanunvericilik qaydasında həll edilənədək
Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 225.2 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin
34.1-ci maddələri üzrə əvəzsiz əqd (bağışlama müqaviləsi) əsasında əldə olunmuş
əşyanın ərin və ya arvadın ayrıca əmlakı hesab edilməsi üçün belə əqdin yazılı
forması sübutetmə şərti kimi qəbul edilsin.
3.
E.Salmanlının F.Sərkərzadəyə qarşı əmlak bölgüsü
tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki
Kollegiyasının 23 yanvar 2023-cü il tarixli qərarı Azərbaycan Respublikası
Konstitusiyasının 29-cu maddəsinin I və III hissələrinə uyğun olmayan hesab
edilsin, işə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan
Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada
yenidən baxılsın.
4.
Qərar dərc olunduğu gündən qüvvəyə minir.
5.
Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində
və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc
edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi
internet saytında yerləşdirilsin.
6.
Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən
ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Sədr Fərhad Abdullayev