Qərarlar

28.12.23 E.Salmanlının şikayəti üzrə AR Mülki Məcəlləsinin 225.2 və AR Ailə Məcəlləsinin 34.1-ci maddələrinin AR Konstitusiyasının 29-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

E.Salmanlının şikayəti üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair

 

 

28 dekabr 2023-cü il                                                                         Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 34-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, konstitusiya məhkəmə icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında E.Salmanlının şikayəti üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim K.Şəfiyevin məruzəsini, ərizəçinin şikayətini,  Azərbaycan Respublikası Vəkillər Kollegiyasının mütəxəssis mülahizəsini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki proses və kommersiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru M.Yolçiyevin rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

E.Salmanlı F.Sərkərzadəyə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikah dövründə əldə edilmiş mənzil üzərində 2/3 hissədə mülkiyyət payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia onunla əsaslandırılmışdır ki, E.Salmanlı 14 fevral 2007-ci il tarixində F.Sərkərzadə ilə rəsmi nikaha daxil olmuş və bu nikahdan iki övladı dünyaya gəlmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 7 may 2019-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Birgə nikah dövründə  Bakı şəhəri Nəsimi rayonu Həsən Əliyev küçəsi 1061 bina 8  ünvanında yerləşən 9 saylı mənzili əldə etmişlər. Həmin əmlak ümumi birgə mülkiyyət hesab edildiyindən, əmlak üzərində ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilməlidir.

F.Sərkərzadə iddiaya etiraz edərək bildirmişdir ki, iddia predmeti olan mənzilin 48 515 manata alınmasından  3 gün əvvəl onun anası G.Ələkbərovanın mülkiyyətində olan başqa mənzil 120 000 manata satılmış və cavabdehə verilmiş həmin pul vəsaiti hesabına mübahisəli mənzil alınmışdır. Mübahisəli mənzilin cavabdehin anasının verdiyi vəsait hesabına əldə olunmasına görə həmin əmlak ümumi birgə mülkiyyət kimi qiymətləndirilməməlidir.

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 6 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək mübahisəli mənzil üzərində F.Sərkərzadə ilə E.Salmanlının hər birinin 1/2 hissədə pay hüququnun müəyyən edilməsi, iddianın digər hissədə rədd edilməsi qət edilmişdir.

Birinci instansiya məhkəməsinin mövqeyinə görə, nikah müddətində ər-arvadın ümumi gəlirləri hesabına əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Cavabdeh mübahisəli mənzilin onun anasının vəsaiti hesabına əldə olunmasını sübuta yetirə bilmədiyi üçün mənzil ər-arvadın ümumi vəsaiti hesabına əldə olunmuş mənzil hesab edilməlidir.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının  11 avqust 2021-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin Mülki Kollegiyası) 3 mart 2022-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Kassasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli mənzilin F.Sərkərzadənin anasına məxsus mənzilin satışından əldə edilmiş pul vəsaiti hesabına alınmasına dair sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə hüquqi qiymət verilməmiş, bu isə prosessual hüquq normalarının pozulması və düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 iyul 2022-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd edilmişdir.

Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisəli əmlak tərəflərin ümumi gəlirləri deyil, F.Sərkərzadənin anası G.Ələkbərovaya məxsus mənzilin satışından əldə edilmiş pul vəsaiti hesabına alındığından, həmin əmlak onların ümumi birgə mülkiyyəti sayıla bilməz.

Ali Məhkəmənin Mülki Kollegiyasının 23 yanvar 2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

E.Salmanlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayətlə müraciət edərək Ali Məhkəmənin Mülki Kollegiyasının 23 yanvar 2023-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir. Eyni zamanda ərizəçi şikayətində iş üzrə tətbiq olunan Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 225.2 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsi) 34.1-ci maddələrinin Konstitusiyanın 29-cu maddəsinə uyğunluğunun yoxlanılmasını da xahiş etmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

Konstitusiyanın 130-cu maddəsinin V hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Konstitusiya Məhkəməsi haqqında” Qanun) 34.1-ci maddəsinə əsasən, hər kəs onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada bu maddənin III hissəsinin 1-7-ci bəndlərində göstərilən məsələlərin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən həll edilməsi üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədi ilə şikayət verə bilər.

“Konstitusiya Məhkəməsi haqqında” Qanunun 34.2-ci maddəsinə müvafiq olaraq, Konstitusiyanın 130-cu maddəsinin III hissəsinin 4-cü bəndində nəzərdə tutulmuş məsələyə dair şikayətə Konstitusiya Məhkəməsi tərəfindən baxılmasına barəsində şikayət edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və ya qanunlarına uyğun olmayan normativ hüquqi akta əsaslandığı hallarda yol verilir.

Qeyd edilməlidir ki, şikayətlərə baxılması ilə əlaqədar kassasiya instansiyası məhkəməsinin əsaslandığı normativ hüquqi aktın və ya onun hər hansı normasının Konstitusiyaya uyğun olub-olmamasını aydınlaşdırmaq üçün, ilk növbədə, həmin normanın konstitusiya-hüquqi təyinatı, qanunvericilik sistemindəki yeri və digər normalarla qarşılıqlı əlaqədə yerinə yetirdiyi funksiya araşdırılaraq müəyyən edilməlidir. Bu, normanın konstitusiya-hüquqi mahiyyətinin müəyyən olunmasına, məzmunundakı mümkün ola biləcək qeyri-müəyyənliklərin, o cümlədən boşluqların aşkara çıxarılması və aradan qaldırılmasına, bununla da tətbiqi təcrübəsindəki ziddiyyətlərə son qoyulmasına və  hüquq tətbiqetmədə vahidliyin təmin edilməsinə xidmət etməklə, həmin normanın Konstitusiyaya zidd tətbiqinin də qarşısını alır.

Konstitusiya Məhkəməsinin Plenumu E.Axundovun şikayətinə dair 2023-cü il 6 oktyabr tarixli Qərarında qeyd etmişdir ki, qanunvericilikdə boşluq müvafiq normanın mövcud olmamasını nəzərdə tutmaqla, son nəticədə Əsas Qanunda təsbit edilmiş müvafiq insan hüquq və azadlıqlarının həyata keçirilməsi üçün məhdudiyyət yarada bilər. Bu boşluq mahiyyətcə qeyri-konstitusion norma ilə eyni hüquqi nəticəyə malikdir və onun aradan qaldırılması ümumi qaydada qanunvericinin funksiyasına (səlahiyyətinə) aid olsa da, həmçinin konstitusiya məhkəmə icraatı vasitəsi ilə aradan qaldırıla bilər.

E.Salmanlının şikayətindən və iş materiallarından göründüyü kimi, işə ikinci dəfə baxan apellyasiya və kassasiya instansiyası məhkəmələri mübahisəli mənzilin məhz F.Sərkərzadəyə bağışlanmış pul vəsaiti hesabına əldə edildiyinə əsaslanaraq Mülki Məcəllənin 225.2 və Ailə Məcəlləsinin 34.1-ci maddələrinə istinadən həmin mənzilin birgə nikah dövründə əldə edilmiş olsa da, F.Sərkərzadənin şəxsi mülkiyyəti olması qənaətinə gəlmişlər.

Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu ümumi mülkiyyət anlayışına, ər-arvadın əmlakının ümumiliyi prezumpsiyasının mahiyyətinə və bununla bağlı qanunvericilikdə nəzərdə tutulmuş normaların hüquqi məqsəd və təyinatına aydınlıq gətirilməsini zəruri hesab edir.

Konstitusiyanın 13-cü maddəsinin I hissəsinə və 29-cu maddəsinin I-IV hissələrinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Konstitusiya Məhkəməsi Plenumunun mülkiyyət hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərar).

Bir qayda olaraq bir əşya üzərində bir şəxsin mülkiyyət hüququ olur və bu fərdi mülkiyyət adlanır. Bir əşya üzərində birdən çox şəxsin mülkiyyət hüququ olduqda ümumi mülkiyyət halı yaranır. Mülki Məcəllənin  213.1 və 213.2-ci maddələrinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

Birgə mülkiyyət qanunvericilikdə nəzərdə tutulan əsaslardan əmələ gəlir. Birgə mülkiyyət rejiminin yaranmasını şərtləndirən əsaslardan biri də nikahdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” 2021-ci il 23 iyul tarixli Qərarı).

Ər-arvadın ümumi birgə mülkiyyətində olan əmlakın qanuni rejimi Mülki Məcəllənin 225 və Ailə Məcəlləsinin 31-37-ci maddələri ilə müəyyən edilmişdir.

Mülki Məcəllənin 225.1-ci maddəsinə görə, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

Ailə Məcəlləsinin 31.1 və 31.2-ci maddələrinə müvafiq olaraq, ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir.

Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.

Ər-arvadın ümumi birgə mülkiyyətinə aşağıdakılar aid edilir:

- onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.);

- ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak (Ailə Məcəlləsinin 32.2-ci maddəsi).

Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir (Ailə Məcəlləsinin 32.3-cü maddəsi).

Konstitusiya Məhkəməsi Plenumunun ər-arvadın ümumi birgə mülkiyyətinin mahiyyəti ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən, qanunverici ailə institutunu ər-arvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən, onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətlərinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur. Bu baxımdandır ki, Ailə Məcəlləsinin 36.5-ci maddəsinə görə, məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər (“Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” 2021-ci il 23 iyul tarixli Qərar).

Qanunverici ər-arvadın hər birinə məxsus olan əmlakın dairəsini Mülki Məcəllənin 225.2 və 225.3-cü maddələri, eləcə də Ailə Məcəlləsinin 34-cü maddəsi ilə konkret müəyyən etmişdir.

Mülki Məcəllənin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.

Ailə Məcəlləsinin 34.1-ci maddəsinə uyğun olaraq, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında və digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).

Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında da qeyd edilmişdir ki, əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir:

·əmlakın ər-arvadın nikah müddətində əldə olunması;

·əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması (“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 5 və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərar).

Beləliklə, nikaha qədər tərəflərə məxsus olan və ya nikah dövründə onlardan birinin hədiyyə, vərəsəlik və s. əvəzsiz əqdlər üzrə əldə etdiyi əşya ərin və ya arvadın şəxsi mülkiyyəti hesab olunur.

Mülki hüquqda əvəzsiz əqdlərə vərəsəlik, bağışlama, əvəzsiz istifadə müqavilələri və s. aid edilir. Əvəzli və əvəzsiz müqavilələrin anlayışı Mülki Məcəllənin 397-ci maddəsində təsbit olunmuşdur. Müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli, bir tərəf digər tərəfdən haqq və ya digər qarşılıqlı əvəz almadan ona nə isə verməyi öhdəsinə götürürsə, həmin müqavilə əvəzsiz sayılır.

Mülki Məcəllə ilə tənzimlənən əvəzsiz müqavilə növlərindən biri də bağışlama müqaviləsidir. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur (Mülki Məcəllənin 666.1-ci maddəsi).

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, tərəflərdən birinin nikah dövründə əvəzsiz əqd üzrə əldə etdiyi əmlak ər-arvadın birgə təsərrüfat  fəaliyyətinin, yəni təsərrüfat birliyinin nəticəsi olmadığından, qanunverici belə əmlakı müvafiq olaraq ərin və ya arvadın şəxsi mülkiyyəti olaraq tanıyır.

Beləliklə, qanunverici birgə nikah dövründə ər-arvadın əldə etmiş olduğu əmlakın ümumiliyi prezumpsiyasını qəbul etmiş, ümumi birgə mülkiyyət ər-arvadın əmlakının qanuni rejimi olaraq tanınmışdır. Odur ki, nikah dövründə əldə edilmiş əmlakın şəxsi əmlak olduğunu, o cümlədən əvəzsiz əqd əsasında əldə edilmiş vəsait hesabına alınmış əmlak olduğunu iddia edən tərəfin bunu təsdiqləyən kifayət qədər mötəbər, bariz sübutları əsasında həmin əmlakın şəxsi əmlak olduğu qərara alına bilər.

Qeyd edilməlidir ki, qanunvericilik bağışlama müqaviləsinin forması ilə bağlı tələbləri də müəyyən etmişdir. Belə ki, Mülki Məcəllənin 668.1-ci maddəsinə müvafiq olaraq bağışlama aşağıdakı hallarda etibarlıdır:

·daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə;

·rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə;

·daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə;

·tələblərin və digər hüquqların bağışlanması zamanı onlar bu Məcəllənin tələblərinə uyğun yazılı surətdə keçirildikdə;

·gələcəkdə bağışlama vəd edildikdə bu vəd notariat qaydasında təsdiqləndikdə.

Göründüyü kimi, daşınar əşya olaraq pul vəsaitinin bağışlanması zamanı müqavilə hədiyyə verənin pul vəsaitini hədiyyə alana verməsi və hədiyyə alan tərəfindən həmin vəsaitin qəbul edilməsi anında bağlanmış hesab olunur və bununla bağlı hər hansı forma tələbi nəzərdə tutulmamışdır.

Lakin Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, pul vəsaitinin bağışlanması ilə bağlı müqavilənin yazılı forması ilə bağlı qanunvericilikdə imperativ tələb olmasa da, nikah dövründə əldə edilmiş əmlakın məhz tərəflərdən birinə bağışlanmış pul vəsaiti hesabına əldə edilməsi əsası ilə ər-arvadın ümumi birgə deyil, ərin və ya arvadın şəxsi əmlakı kimi qiymətləndirilməsi və bununla da onların əmlakının qanuni rejimindən kənara çıxılması üçün, ilk növbədə, bağışlamanın ailəyə deyil, məhz tərəflərdən birinə edilməsini, habelə həmin vəsait hesabına mübahisəli əşyanın əldə edilməsini təsdiqləyəcək mötəbər, o cümlədən əyani sübutların (yazılı müqavilə və s.) mövcud olması zəruridir.

Nəzərə alınmalıdır ki, şifahi qaydada bağlanmış əqdlər üzrə yuxarıda qeyd edilənlərin hüquq tətbiqedici orqanlar tərəfindən dəqiq müəyyənləşdirilməsi, bir qayda olaraq mümkün olmadığından, bu, hazırkı işdə olduğu kimi hüquq tətbiqetmə təcrübəsində ziddiyyətlərin və fərqli yanaşmaların yaranmasına və eyni bir faktın bir halda ərin və ya arvadın şəxsi mülkiyyətinin yaranmasının əsası kimi qiymətləndirilməsi, digər halda isə onların birgə mülkiyyətini  istisna edən əsas kimi nəzərə alınmaması ilə nəticələnir.

Vurğulanmalıdır ki, hər hansı əqdin forması ilə bağlı tələb heç də həmişə həmin əqdin etibarlılıq şərti olaraq qəbul edilmir. Bəzi hallarda belə forma tələbi məhz sübutetmə şərti olaraq çıxış edir. Bu zaman həmin əqd üzrə iddianın sübuta yetirilməsi, habelə bu əqddən irəli gələn nəticələrin tətbiqi tələbinin təmin edilməsi üçün əqdin forma tələbinə riayət edilməsi mütləq olur.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, ailə-nikah münasibətləri üzrə hər hansı əşyanın məhz əvəzsiz əqd üzrə əldə edilməsi səbəbindən ərin və ya arvadın şəxsi mülkiyyəti olması ilə bağlı tələblərin təmin edilməsi üçün, belə əqdlərin mövcudluğu əyani sübutlarla (yazılı müqavilə və s.) təsdiqlənməlidir. Odur ki, ailə-nikah münasibətləri, ər-arvadın əmlakının ümumiliyi prezumpsiyasının əksinə olaraq nikah dövründə əldə olunmuş əşyanın ərin və ya arvadın şəxsi mülkiyyəti olması qənaətinə gəlinməsi  baxımından əvəzsiz əqdlər üçün yazılı forma sübutetmə şərti olaraq qəbul edilməlidir.

Əks yanaşma, yəni tərəflərin iradəsinin dəqiq, birmənalı, aydın şəkildə ifadə olunmasına imkan verən əyani sübutların (yazılı müqavilə və s.) olmaması halında əmlakın  ər-arvadın hər birinin ayrıca mülkiyyəti kimi qiymətləndirilməsi Ailə Məcəlləsi ilə müəyyən edilən ər-arvadın əmlakının qanuni rejiminin mahiyyəti və məqsədinə uyğun gəlməməklə yanaşı, ərin və ya arvadın öz hüquqlarından sui-istifadəsinə əhəmiyyətli şərait yaradaraq digər tərəfin Konstitusiya ilə təminat verilən mülkiyyət hüququnun pozulması ilə nəticələnə bilər.

Odur ki, Mülki Məcəllənin 225.2 və Ailə Məcəlləsinin 34.1-ci maddələri üzrə əvəzsiz əqd (bağışlama müqaviləsi) əsasında əldə olunmuş əşyanın ərin və ya arvadın şəxsi əmlakı hesab edilməsi üçün belə əqdlərin yazılı forması ilə bağlı tələbin sübutetmə şərti kimi nəzərdə tutulmaması Konstitusiyanın 29-cu maddəsinə zidd olmaqla yanaşı, ailənin dövlətin xüsusi himayəsində olduğunu bəyan edən Konstitusiyanın 17-ci maddəsinin I hissəsi ilə də uzlaşmır.

Bu baxımdan Konstitusiya Məhkəməsi Plenumunun hazırkı Qərarında ifadə etdiyi hüquqi yanaşma nəzərə alınmaqla, Mülki Məcəllənin 225.2 və Ailə Məcəlləsinin 34.1-ci maddələrində əmlakın ər-arvadın hər birinin ayrıca mülkiyyəti hesab edilməsi üçün həmin əmlakın əldə edilməsinə əsas verən əvəzsiz əqdlərin forması ilə bağlı tənzimetmənin müəyyən edilməsi istiqamətində qanunverici tərəfindən dəyişikliklərin həyata keçirilməsi məqsədəmüvafiq hesab edilir.

 Qeyd edilməlidir ki, hər hansı normanın hüquqi cəhətdən tənzimlənməsi zəruri olan ictimai münasibətləri bütövlükdə əhatə etməməsi, təcrübədə yaranan  müəyyən hüquqi məsələlərin həllində müvafiq qaydanın yetərsiz qaldığı hallarda da qanun boşluğu yaranmış olur.

Hüquq normalarının dəqiq, aydın və birmənalı müəyyən olması, hüquqtənzimetmə sistemində onların bir-birinə uyğunluğu tələbi isə konstitusion prinsiplərdən irəli gəlir. Əks təqdirdə, vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatını zəiflədən ziddiyyətli hüquq tətbiqetmə təcrübəsi yaranar (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 2011-ci il 20 may tarixli Qərarı).

Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarının müdafiə ediləcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il 22 sentyabr və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il 2 aprel tarixli Qərarları).

Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

- Mülki Məcəllənin 225.2 və Ailə Məcəlləsinin 34.1-ci maddələri üzrə əvəzsiz əqd (bağışlama müqaviləsi) əsasında əldə olunmuş əşyanın ərin və ya arvadın ayrıca əmlakı hesab edilməsi üçün belə əqdin yazılı forması ilə bağlı tələbin sübutetmə şərti kimi nəzərdə tutulmaması ər-arvadın əmlakının ümumiliyi prezumpsiyası baxımından Konstitusiyanın 29-cu maddəsinin I və III hissələrinə uyğun olmayan hesab edilməlidir.

Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla Mülki Məcəllənin 225.2 və Ailə Məcəlləsinin 34.1-ci maddələrinə əmlakın ər-arvadın hər birinin ayrıca mülkiyyəti hesab edilməsi üçün həmin əmlakın əldə edilməsinə əsas verən əvəzsiz əqdlərin forması ilə bağlı tənzimetmənin müəyyən edilməsi istiqamətində müvafiq dəyişikliklərin həyata keçirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilməlidir;

- Konstitusiyanın 29-cu maddəsinin I və III hissələrinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə əsasən məsələ qanunvericilik qaydasında həll edilənədək Mülki Məcəllənin 225.2 və Ailə Məcəlləsinin 34.1-ci maddələri üzrə əvəzsiz əqd (bağışlama müqaviləsi) əsasında əldə olunmuş əşyanın ərin və ya arvadın ayrıca əmlakı hesab edilməsi üçün belə əqdin yazılı forması sübutetmə şərti kimi qəbul edilməlidir;

- E.Salmanlının F.Sərkərzadəyə qarşı əmlak bölgüsü tələbinə dair iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 23 yanvar 2023-cü il tarixli qərarı Konstitusiyanın 29-cu maddəsinin I və III hissələrinə uyğun olmayan hesab edilməli, işə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 34, 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1.              Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddələri üzrə əvəzsiz əqd (bağışlama müqaviləsi) əsasında əldə olunmuş əşyanın ərin və ya arvadın ayrıca əmlakı hesab edilməsi üçün belə əqdin yazılı forması ilə bağlı tələbin sübutetmə şərti kimi nəzərdə tutulmaması ər-arvadın əmlakının ümumiliyi prezumpsiyası baxımından Konstitusiyanın 29-cu maddəsinin I və III hissələrinə uyğun olmayan hesab edilsin.

Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelər nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddələrinə əmlakın ər-arvadın hər birinin ayrıca mülkiyyəti hesab edilməsi üçün həmin əmlakın əldə edilməsinə əsas verən əvəzsiz əqdlərin forması ilə bağlı tənzimetmənin müəyyən edilməsi istiqamətində müvafiq dəyişikliklərin həyata keçirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

2.              Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin I və III hissələrinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə əsasən məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddələri üzrə əvəzsiz əqd (bağışlama müqaviləsi) əsasında əldə olunmuş əşyanın ərin və ya arvadın ayrıca əmlakı hesab edilməsi üçün belə əqdin yazılı forması sübutetmə şərti kimi qəbul edilsin.

3.              E.Salmanlının F.Sərkərzadəyə qarşı əmlak bölgüsü tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 yanvar 2023-cü il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin I və III hissələrinə uyğun olmayan hesab edilsin, işə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılsın.

4.              Qərar dərc olunduğu gündən qüvvəyə minir.

5.              Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

6.              Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 


 

Sədr                                                                                          Fərhad Abdullayev