Decisions

30.10.23 AR Konstitusiyasının 35-ci mad. VI hissəsi baxımından AR ƏM-in 6-cı mad.“a” bəndinin həmin Məcəllənin 208-ci mad. ilə və AR İXM-in 43.4, 128.2.3 və 129.1.4-cü mad. əlaqəli şəkildə şərh edilməsinə dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin VI hissəsi baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 6-cı maddəsinin “a” bəndinin həmin Məcəllənin 208-ci maddəsi ilə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.4, 128.2.3 və 129.1.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair

 

 

30 oktyabr 2023-cü il                                                                                     Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov (məruzəçi-hakim) və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Şəki Rayon Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin VI hissəsi baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 6-cı maddəsinin “a” bəndinin həmin Məcəllənin 208-ci maddəsi ilə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.4, 128.2.3 və 129.1.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlər Şəki Rayon Məhkəməsi və Azərbaycan Respublikası Milli Məclisi Aparatının mülahizələrini, Azərbaycan Respublikası Ali Məhkəməsi və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının  mütəxəssis mülahizələrini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Şəki Rayon Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 43.4 və 128.2.3-cü maddələrinin həmin Məcəllənin 129.1.4-cü maddəsi ilə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 6-cı maddəsinin həmin Məcəllənin 208-ci maddəsi və Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 35-ci maddəsinin V hissəsi ilə əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir.

Müraciətdən görünür ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinin zabitinin hərbi hissənin ərazisində yerləşən idman şəhərciyində təlim-idman qurğusunun taxtasının yenilənməsi ilə bağlı işlərin görülməsi ilə əlaqədar verdiyi göstərişin icrası zamanı əsgər E.Əliyev dərəcəsi təyin edilməyən xəsarət almışdır. Əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi olmadığına görə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir.

Bundan sonra Zaqatala hərbi prokuroru tərəfindən İnzibati Xətalar Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması əsası ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və qərar müvafiq materiallarla birlikdə baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Şəki-Zaqatala Regional Şöbəsinə göndərilmişdir.

Regional Şöbənin 15 mart 2023-cü il tarixli qərarı ilə Əmək Məcəlləsinin 6-cı maddəsinin “a” bəndi əsas götürülməklə İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir.

Zaqatala hərbi prokuroru həmin qərardan Şəki Rayon Məhkəməsinə protest vermişdir.

Müraciətedən qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 43.4-cü maddəsi ilə hərbi qulluqçular tərəfindən törədilmiş inzibati xətaya dair işlərə hərbi məhkəmələr tərəfindən baxılmasının müəyyən olunmasına baxmayaraq, həmin Məcəllənin 129.1.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından verilən şikayət və ya protestin rayon (şəhər) məhkəmələrinə verilməli olması təsbit edilmişdir. Müraciətedənin qənaətinə görə, göstərilən normalar arasındakı ziddiyyət təcrübədə qeyri-müəyyənliyin yaranmasına səbəb olur.

Müraciətdə o da qeyd olunmuşdur ki, Əmək Məcəlləsinin 6-cı maddəsinin “a” bəndi ilə həmin Məcəllənin hərbi qulluqçulara şamil edilmədiyi təsbit olunsa da, Məcəllənin 208-ci maddəsinə görə, əməyin mühafizəsi normaları və qaydaları müəssisələrdə işə cəlb edilən hərbi qulluqçuların çalışdıqları bütün iş yerlərində tətbiq edilməlidir. Müraciətedən hesab edir ki, Əmək Məcəlləsinin 6-cı maddəsinin “a” bəndi həmin Məcəllənin 208-ci maddəsi və Konstitusiyanın 35-ci maddəsinin V hissəsi ilə ziddiyyət təşkil etdiyindən, qeyd olunan maddələrin əlaqəli şəkildə şərh edilməsinə zərurət yaranmışdır.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

Konstitusiyanın 35-ci maddəsinin I və II hissələrinə müvafiq olaraq, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.

Əmək münasibətlərini tənzimləyən Azərbaycan Respublikasının əmək qanunvericiliyi sistemi Əmək Məcəlləsindən, Azərbaycan Respublikasının müvafiq qanunlarından, müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyəti çərçivəsində qəbul etdiyi normativ hüquqi aktlardan, əmək, sosial-iqtisadi məsələlərlə əlaqədar Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir (Əmək Məcəlləsinin 1-ci maddəsi).

Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci hissəsinə əsasən, Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.

Əmək Məcəlləsinin 3-cü maddəsinin 2 və 3-cü hissələrinə görə, işçi dedikdə, işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs, işəgötürən dedikdə isə tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, fiziki şəxs başa düşülür. Həmin Məcəllənin 3-cü maddəsinin 8-ci hissəsi ilə iş yeri işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yer kimi təsbit edilmişdir.

Əmək Məcəlləsinin şamil edilmədiyi şəxslərin dairəsini müəyyən edən 6-cı maddəsinin “a” bəndinə əsasən, bu Məcəllə hərbi qulluqçulara şamil olunmur.

 “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanun)  2.0.9 və 2.0.2-ci maddələrinə görə, hərbi qulluqçular – həqiqi hərbi xidmətdə olan şəxslərdir. Hərbi xidmət isə dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir.

Həmin Qanunun 12.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətlə komplektləşdirilməsi üsullarına görə hərbi xidmət çağırış üzrə və könüllü xidmətlərə bölünür.

Hərbi xidmətə çağırışın müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları müddətli həqiqi hərbi xidmət və zabitlərin həqiqi hərbi xidməti olmaqla həqiqi hərbi xidmətlərə çağırılırlar (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 12.2-ci maddəsi).

Qeyd olunan Qanunun 36-cı maddəsində isə Azərbaycan Respublikası vətəndaşlarının bağlaşma əsasında könüllü daxil olduqları həqiqi hərbi xidmətlərin formaları nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli qərarı ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nın  1.2-ci bəndinə görə, bu Qayda Azərbaycan Ordusuna və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə, habelə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarına (dövlət orqanlarının strukturuna daxil olan qurumlara) həqiqi hərbi xidmətə bağlaşma əsasında könüllü daxil olan Azərbaycan Respublikasının vətəndaşlarına, həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə şamil edilir.

Qaydaların 1 nömrəli əlavəsi ilə bağlaşmanın forması təsdiq edilmiş və tərəflərin bağlaşma üzrə öhdəlikləri müəyyən edilmişdir.

Göründüyü kimi, həqiqi hərbi xidmət çağırış üzrə və könüllü xidmətlərə bölünməklə, könüllü xidmətə daxil olan şəxslərlə müvafiq dövlət orqanı arasında əmək müqaviləsi deyil, məhz bağlaşma formasında müvafiq sənəd imzalanır və bağlaşmanın imzalanması həqiqi hərbi xidmətin başlanması üçün əsas yaradan hüquqi fakt kimi çıxış edir.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, Əmək Məcəlləsinin hərbi qulluqçulara şamil olunmaması hərbi xidmətin dövlət qulluğunun xüsusi növü olmaqla əmək fəaliyyətinin digər növlərindən əhəmiyyətli dərəcədə fərqlənməsindən, hərbi qulluqçuların xidməti fəaliyyəti ilə əlaqədar müvafiq dövlət orqanı ilə onlar arasında əmək müqaviləsinin bağlanmamasından, Əmək Məcəlləsi ilə nəzərdə tutulmuş əmək (işçi-işəgötürən) münasibətlərinin yaranmamasından irəli gəlir.

Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında da qeyd edilmişdir ki, hərbi qulluğun özü dövlət qulluğunun xüsusi növü kimi, bilavasitə ölkənin müdafiəsinin və dövlət təhlükəsizliyinin təminatı ilə əlaqədar olduğuna görə ümumi (publik) maraqlar naminə həyata keçirilən fəaliyyətdir. Hərbi qulluqda olan şəxslərin konstitusiya əhəmiyyətli funksiyaları həyata keçirmələri onların hüquqi statusuna, habelə həmin şəxslərlə dövlət arasında olan qarşılıqlı münasibətlərin məzmununa və xarakterinə təsir göstərir. Bu qulluq növü əmək fəaliyyətinin digər növlərindən fərqləndiyinə görə müəyyən xüsusiyyətlərə malikdir (“Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 1-ci bəndinin iyirminci abzasının və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 121-ci maddəsinin ikinci hissəsinin şərh edilməsinə dair” 2014-cü il 28 mart tarixli Qərar).

Hərbi qulluqda yerinə yetirilən funksiyaların xarakteri və xüsusi əhəmiyyəti, mürəkkəbliyi, onların həyat və sağlamlıq üçün təhlükəliliyi və digər amillər nəzərə alınmaqla, hərbi qulluqçuların əmək hüququ, maddi təminatı, istirahət hüququ və digər sosial təminat hüquqları, eləcə də hərbi xidmətkeçmə ilə əlaqədar digər münasibətlər sahəvi normativ aktlarla tənzimlənmişdir.

 “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra “Hərbi qulluqçuların statusu haqqında” Qanun) 1-ci maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir.

Beləliklə, qanunverici orqan özünün konstitusion səlahiyyətləri çərçivəsində hərbi qulluqçuların xüsusi hüquqi statusunu nəzərə alaraq, həm onların hüquq və azadlıqlarının həyata keçirilməsi üçün müəyyən əlavələr və ya məhdudiyyətlər müəyyənləşdirir, həm də bu şəxslərin üzərinə hərbi qulluğun vəzifələrindən, prinsiplərindən və funksiyalarından irəli gələn əlahiddə vəzifələr qoyur.

“Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikası Qanununun 13.2 və 13.3-cü maddələrinə əsasən, Silahlı Qüvvələrin hərbi qulluqçuları hərbi xidmət vəzifələrini yerinə yetirərkən Silahlı Qüvvələrin hərbi nizamnamələrinin tələblərini və komandirlərin (rəislərin) qəbul etdiyi qərarları (əmr və sərəncamları) icra edirlər. Silahlı Qüvvələrin təyinatı ilə bağlı olmayan vəzifələrin icrasına cəlb edilməsi müvafiq icra hakimiyyəti orqanının təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisinin qərarına əsasən həyata keçirilir.

Həmçinin, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 9-cu maddəsinin 1-ci bəndinin 3-cü abzasına əsasən hərbi xidmət keçdikləri dövrdə hərbi qulluqçuların hərbi xidmətdə nəzərdə tutulmayan işlərə və başqa vəzifələrin icrasına cəlb edilməsinə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi qaydada yol verilir.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hərbi qulluqçular qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada, hərbi xidmətdə nəzərdə tutulmayan işlərə, vəzifələrin icrasına cəlb edilərkən onlar cəlb olunduqları iş yerlərində (müəssisələrdə) faktiki olaraq müəssisənin işçiləri ilə eyni status əldə etmiş olurlar. Məhz buna görə də qanunverici Əmək Məcəlləsinin 208-ci maddəsi ilə əməyin mühafizəsi normaları və qaydalarının tətbiq edildiyi iş yerlərinin dairəsini müəyyən edərkən müvafiq olaraq müəssisələrdə işə cəlb edilən hərbi qulluqçuların çalışdıqları bütün iş yerlərində bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş əməyin mühafizəsi normaları və qaydalarının hökmən tətbiq edilməli olduğunu təsbit etmişdir.

Həmin Məcəllənin 3-cü maddəsinin 1-ci hissəsinə əsasən, müəssisə dedikdə mülkiyyətçinin təşkilati-hüquqi formasından, adından və fəaliyyət növündən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaratdığı hüquqi şəxs, onun və xarici hüquqi şəxsin filialı, nümayəndəliyi başa düşülür.

Müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər və qanunvericiliklə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər (Əmək Məcəlləsinin 215-ci maddəsi).

Odur ki, hərbi qulluqçuların cəlb olunduqları iş yerlərində əməyin təhlükəsizliyinə cavabdeh olan şəxslər müəssisənin digər işçiləri kimi orada işə cəlb edilmiş hərbi qulluqçuların da əməyinin təhlükəsizliyi üçün bütün zəruri tədbirləri həyata keçirmək vəzifəsini daşıyır və bu vəzifənin yerinə yetirilməməsi əməyin mühafizəsi qaydalarının pozulmasına görə həmin şəxslərin məsuliyyət daşımasına əsas yaradır. Müəssisədə işə cəlb edilən hərbi qulluqçular da digər işçilər kimi əməyin təhlükəsizliyi ilə bağlı norma və qaydalara riayət etmək vəzifəsi daşıyırlar.

Əməyin mühafizəsi normaları və qaydalarının müəssisələrdə işə cəlb edilən hərbi qulluqçuların çalışdıqları bütün iş yerlərinə şamil olunmasının müəyyənləşdirilməsi  Konstitusiyanın 35-ci maddəsinin VI hissəsinə müvafiq olaraq hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun təmin edilməsinə yönəlmişdir.

Əsas Qanunda  təsbit olunmuş yaşamaq və sağlamlığın qorunması hüququ ilə bağlı olan hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ əmək hüququnun mühüm tərkib hissəsidir.

Həmin hüququn məzmunu ondan ibarətdir ki, hər bir işçinin onun həyatına və sağlamlığına mənfi təsir etməyən və zərər vurmayan, təhlükəsizlik tələblərinə cavab verən şəraitdə işləmək hüququ vardır. Eyni zamanda, bu konstitusiya hüququ işəgötürən tərəfindən əməyin təhlükəsizliyinin, işçilərin həyatının, sağlamlığının və əməyinin mühafizəsinin təmin edilməsi öhdəliyini nəzərdə tutur.

Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ dövlət tərəfindən bu hüququn həyata keçirilməsini təmin edən müvafiq hüquqi tənzimlənməni tələb edir. Həmin vəzifəni yerinə yetirərkən dövlət təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun reallaşdırılmasını təmin edən vasitələr və onların həyata keçirilməsinə nəzarət edən səmərəli mexanizmlər təsis etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul tarixli Qərarı).

Əməyin mühafizəsi ilə bağlı münasibətlər Əmək Məcəlləsinin IX bölməsi ilə tənzimlənir. Həmin Məcəllənin 207-ci maddəsinin 2-ci hissəsinə əsasən, əməyin mühafizəsi normaları və qaydaları bu Məcəllə ilə, səlahiyyətləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanlarının qəbul etdiyi normativ hüquqi aktlarla, habelə Azərbaycan Respublikasının qoşulduğu və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir.

Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Konstitusiyanın 35-ci maddəsinin VI hissəsinin mahiyyətinə uyğun olaraq Əmək Məcəlləsinin 6-cı maddəsinin “a” bəndi həmin Məcəllənin 208-ci maddəsi ilə ziddiyyət təşkil etmir.

O da qeyd olunmalıdır ki, Konstitusiyanın 35-ci maddəsinin V hissəsinə müvafiq olaraq, məhkəmə qərarı əsasında şərtləri və müddətləri qanunla nəzərdə tutulan məcburi əməyə cəlb etmək, hərbi xidmət zamanı səlahiyyətli şəxslərin əmrlərinin yerinə yetirilməsi ilə əlaqədar işlətmək, fövqəladə vəziyyət və hәrbi vəziyyət zamanı vətəndaşlara tələb olunan işləri gördürmək hallarına yol verilir.

Göründüyü kimi, hərbi xidmət zamanı tərəflər arasında əmək münasibətləri yaranmasa da, səlahiyyətli şəxslərin əmrlərinə uyğun olaraq müvafiq işlərin görülməsi yol veriləndir.

 “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 27.1.5-ci maddəsinə əsasən, vəzifə borclarını, yaxud komandir (rəis) tərəfindən verilmiş əmr, sərəncam və ya göstərişi yerinə yetirərkən hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər hərbi xidmət vəzifələrinin icrasında sayılırlar. Bu səbəbdən komandir (rəis) tərəfindən verilmiş əmr, sərəncam və ya göstərişin yerinə yetirilməsi hərbi qulluqçunun müəssisədə işə cəlb edilən şəxs statusunu alması mənasına gəlmir.

Bununla yanaşı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, hərbi xidmət keçmə zamanı təhlükəsizliyin təmin edilməsi mühüm əhəmiyyət kəsb edir.

Hərbi xidmətin təhlükəsizliyi hərbi xidmət şəraitinin və onun yerinə yetirilmə qaydasının təmin edilməsini, şəxsi heyətin və hər bir hərbi qulluqçunun ayrı-ayrılıqda, eləcə də yerli əhalinin və ətraf mühitin hərbi xidmətdə gündəlik fəaliyyət zamanı yaranan təhlükəli amillərin  təsirindən mühafizə edilməsini nəzərdə tutan hüquqi, təşkilati, texniki, tibbi və digər tədbirlərdən ibarətdir.

Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası silahlı qüvvələrinin Daxili Xidmət Nizamnaməsi”nin (bundan sonra – Daxili Xidmət Nizamnaməsi) 7-ci maddəsinə görə, bütün hərbi qulluqçular rütbələrindən və vəzifələrindən asılı olmayaraq Qanun qarşısında bərabərdirlər və hərbi intizamın və ictimai asayişin pozulması ilə bağlı nalayiq hərəkətlərə, eləcə də əxlaq qaydalarına zidd hərəkətlərə görə — ictimai təsir tədbirlərinə; hərbi intizamı pozduqlarına görə — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsində müəyyən edilmiş qaydada intizam məsuliyyətinə; inzibati xətalara görə - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsində bilavasitə nəzərdə tutulmuş hallarda intizam məsuliyyətinə, qalan hallarda isə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada inzibati məsuliyyətə cəlb oluna bilərlər.

Oxşar norma İnzibati Xətalar Məcəlləsində də nəzərdə tutulmuşdur. Həmin Məcəllədə qeyd olunmuşdur ki, intizam nizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar (İnzibati Xətalar Məcəlləsinin 16.3-cü maddəsi).

İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsinə əsasən, inzibati tənbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) bu Məcəllənin 16.3-cü maddəsində göstərilən şəxslər barəsində inzibati tənbeh tətbiq etmək əvəzinə, inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xətalar haqqında işlər üzrə materialları müvafiq icra hakimiyyəti orqanına verə bilərlər.

Göründüyü kimi, qanunvericilikdə hərbi qulluqçular tərəfindən törədilmiş inzibati xətalara görə intizam və inzibati məsuliyyət formaları müəyyən edilmişdir. Əgər intizam nizamnaməsində hərbi qulluqçunun törətdiyi inzibati xətaya görə intizam məsuliyyəti nəzərdə tutulmuşsa, bu hal onun inzibati məsuliyyətə cəlb edilməsini istisna edir.

Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, məhkəmələrsəlahiyyətli orqanlar (vəzifəli şəxslər) hərbi qulluqçular tərəfindən törədilən və hazırkı müraciətə səbəb olmuş  hallarla əlaqədar inzibati xətalar haqqında işlərə baxarkən müvafiq əmr, sərəncam və ya göstərişin hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar olub-olmamasını, həmin əmr, sərəncam və ya göstərişin icrası ilə əlaqədar təhlükəsizlik tədbirlərinin görülüb-görülməməsini, vəzifəli şəxslər tərəfindən hərbi xidmətin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmədiyi halda pozuntunun konkret olaraq hansı hərəkətdə (hərəkətsizlikdə) ifadə olunduğunu müəyyənləşdirməklə əmələ hüquqi qiymət verməli, əməlin inzibati xəta tərkibini yaradıb-yaratmadığını müəyyənləşdirməli, inzibati xəta tərkibinin mövcud olduğu, lakin buna görə hərbi qulluqçuların inzibati məsuliyyətinin müəyyən edilmədiyi hallarda İnzibati Xətalar Məcəlləsinin 16.4-cü maddəsinə müvafiq olaraq inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə cəlb olunması üçün inzibati xətalar haqqında işlər üzrə materialların müvafiq icra hakimiyyəti orqanına göndərilməsi məsələsini həll etməlidirlər.

Müraciətdə qaldırılan digər məsələ ilə bağlı qeyd olunmalıdır ki, Konstitusiyanın 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir.

Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 iyun tarixli Qərarı).

Məhkəmə aidiyyəti institutu şəxsin məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və pozulmuş hüquqların ədalət mühakiməsinin əsas prinsiplərinin tələblərinə cavab verən şəkildə bərpa edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş xüsusi təminatlardan biridir.

Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında formalaşdırılmış hüquqi mövqeyə əsasən, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə o, qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə icraatı qaydasında baxılmasına dair qeyri-müəyyənlik yaranmış olur. Belə qeyri-müəyyənlik işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarada, son nəticədə isə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 6 oktyabr tarixli Qərar).

İnzibati Xətalar Məcəlləsinin 40-cı maddəsi ilə inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan orqanlara (vəzifəli şəxslərə) müvafiq olaraq rayon (şəhər) məhkəmələri; yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar (kollegial orqan); müvafiq icra hakimiyyəti orqanları, Mərkəzi Bank, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (vəzifəli şəxslər) aid edilmişdir.

İnzibati xətalar haqqında işlərin aidiyyəti isə İnzibati Xətalar Məcəlləsinin 8-ci Fəsli ilə müəyyən edilmişdir.  Həmin Məcəllənin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmaq hüququ olduğu inzibati xətalar haqqında işlərin siyahısı təsbit olunmuşdur.

İnzibati Xətalar Məcəlləsinin müvafiq icra hakimiyyəti orqanlarının aidiyyətini müəyyən edən 44-cü maddəsinə görə isə bu Məcəllənin 40, 41 və 43-cü maddələrində göstərilən hallardan başqa, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş digər inzibati xətalar haqqında işlərə müvafiq icra hakimiyyəti orqanları baxırlar.

Qeyd edilməlidir ki, inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyətinin yalnız məhkəmələrə deyil, həmçinin müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətli şəxslərinə verilməsinin əsas səbəblərindən biri nisbətən az ictimai təhlükəli əməllər olaraq inzibati xəta haqqında iş üzrə icraatın tezliyi, səmərəliliyi və sadəliyinin təmin edilməsidir.

İnzibati xətaya məhz hansı orqan tərəfindən baxılmalı olması hər bir inzibati xətanın xarakteri, qəsd etdiyi ictimai münasibətlərin dairəsi və digər amillər əsas götürülməklə sahəvilik prinsipinə əsaslanaraq və  həmin icra hakimiyyəti orqanlarının ayrı-ayrı sahələrdə ixtisaslaşma əsasında fəaliyyət göstərdiyi nəzərə alınaraq müəyyənləşdirilmişdir. Bu da inzibati xəta haqqında işin ixtisaslaşmış subyekt tərəfindən hərtərəfli və operativ araşdırılmasını təmin etməklə yanaşı,  inzibati xətaların qarşısının alınması, inzibati xətaların törədilməsinə kömək edən səbəblərin və şəraitin aşkar edilməsi və aradan qaldırılması sahəsində tədbirlərin həyata keçirilməsinə də şərait yaratmış olur.

Hərbi məhkəmələrin aidiyyəti məsələsinə gəldikdə isə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasında ədalət mühakiməsini həyata keçirən məhkəmələrin sistemi ümumi və ixtisaslaşdırılmış məhkəmələrdən təşkil olunmuşdur.

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq, hərbi məhkəmə birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş cinayət işlərinə, habelə inzibati xətalar haqqında işlərə baxır.

Hərbi məhkəmələrin ixtisaslaşmış məhkəmə kimi fəaliyyətinin məqsədi hərbi xidmətlə bağlı ictimai münasibətlərin spesifik xarakteri (hərbi xidmətdə yüksək nizam-intizamın və təşkilatçılığın təmin edilməsinin zəruriliyi və s.) ilə əlaqədardır. Bu spesifiklik hərbi xidmətlə bağlı hüquq pozuntularının araşdırılması zamanı zəruri ixtisaslaşmanı tələb edir.

İnzibati Xətalar Məcəlləsinin 43.4-cü maddəsinə müvafiq olaraq, bu Məcəllənin 610-618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə, habelə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər törətdikdə, inzibati xətalar haqqında işlərə hərbi məhkəmələr baxır.

Həmin Məcəllənin 610-618-ci maddələri isə hərbi xidmət əleyhinə olan inzibati xətaları təsbit edir.

Göründüyü kimi, Azərbaycan Respublikasında hərbi məhkəmələrin baxmaq səlahiyyəti olduğu inzibati xətaların dairəsi konkretləşdirilmiş və həmin inzibati xətalar hərbi xidmət əleyhinə olan inzibati xətalarla və hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər tərəfindən törədilən, İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində qeyd olunan inzibati xətalarla məhdudlaşdırılmışdır.

Müraciətdə qaldırılan hərbi qulluqçu barəsində qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərardan protest verilməsi məsələsi ilə bağlı qeyd edilməlidir ki, İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermək hüququnu, həmin Məcəllənin 129.1-ci maddəsi isə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protestin verilmə qaydasını müəyyən etmişdir.

Həmin Məcəllənin 128.2-ci maddəsi ilə protest və ya şikayətə baxmaq hüququ olan orqanların (vəzifəli şəxslərin) dairəsi müəyyənləşdirilərək göstərilmişdir ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət və ya protest - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir.

Qeyd olunan Məcəllənin 129.1.4-cü maddəsində isə belə protestlərlə bağlı məhkəmə aidiyyəti konkretləşdirilməklə müəyyən olunmuşdur ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən protest - səlahiyyətli orqanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir.

Konstitusiya Məhkəməsinin Plenumu bildirməyi vacib hesab edir ki, qanunvericiliklə müəyyənləşdirilmiş bəzi inzibati xətaların xarakteri nəzərə alınmaqla onlara baxmaq səlahiyyətinin müxtəlif səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) həvalə edildiyi və həmin orqanların (şəxslərin) artıq inzibati xəta haqqında işə baxaraq hüquqi qiymət verdiyi nəzərə alınaraq, onların qəbul etdiyi qərara yenidən baxmaq səlahiyyəti də ixtisaslaşmış məhkəmə kimi hərbi məhkəmələrə deyil, ümumi məhkəmələrə aid edilmişdir.

Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

- Konstitusiyanın 35-ci maddəsinin VI hissəsinin tələbləri baxımından Əmək Məcəlləsinin 208-ci maddəsinə əsasən həmin Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş əməyin mühafizəsi normaları və qaydalarının hərbi qulluqçulara münasibətdə onların məhz müəssisələrdə işə cəlb edildiyi halda tətbiq olunması Əmək Məcəlləsinin 6-cı maddəsinin “a” bəndi ilə ziddiyyət təşkil etmir;

- İnzibati Xətalar Məcəlləsinin 128.2.3 və 129.1.4-cü maddələrinin tələbinə əsasən, hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər barəsində inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən protest səlahiyyətli orqanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1.              Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin VI hissəsinin tələbləri baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 208-ci maddəsinə əsasən həmin Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş əməyin mühafizəsi normaları və qaydalarının hərbi qulluqçulara münasibətdə onların məhz müəssisələrdə işə cəlb edildiyi halda tətbiq olunması Azərbaycan Respublikası  Əmək Məcəlləsinin 6-cı maddəsinin “a” bəndi ilə ziddiyyət təşkil etmir.

2.              Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3 və 129.1.4-cü maddələrinin tələbinə əsasən, hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər barəsində inzibati xəta  haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən protest  səlahiyyətli orqanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilməlidir.

3.              Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4.              Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

5.              Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 

 

Sədr                                                                                                      Fərhad Abdullayev