AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
Azərbaycan
Respublikası
Konstitusiya
Məhkəməsi Plenumunun
Q Ə R A R I
Azərbaycan Respublikası
Konstitusiyasının 35-ci maddəsinin VI hissəsi baxımından Azərbaycan
Respublikası Əmək Məcəlləsinin 6-cı maddəsinin “a” bəndinin həmin Məcəllənin
208-ci maddəsi ilə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.4,
128.2.3 və 129.1.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair
30 oktyabr 2023-cü il
Bakı şəhəri
Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona
Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael
Qvaladze, İsa Nəcəfov (məruzəçi-hakim) və Kamran Şəfiyevdən ibarət tərkibdə,
məhkəmə katibi Fəraid
Əliyevin iştirakı ilə,
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə
müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında
keçirilən məhkəmə iclasında Şəki Rayon Məhkəməsinin müraciəti əsasında Azərbaycan
Respublikası Konstitusiyasının 35-ci maddəsinin VI hissəsi baxımından Azərbaycan
Respublikası Əmək Məcəlləsinin 6-cı maddəsinin “a” bəndinin həmin Məcəllənin
208-ci maddəsi ilə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin
43.4, 128.2.3 və 129.1.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair
konstitusiya işinə baxdı.
İş üzrə hakim İ.Nəcəfovun
məruzəsini, maraqlı subyektlər Şəki Rayon Məhkəməsi və Azərbaycan Respublikası
Milli Məclisi Aparatının mülahizələrini, Azərbaycan Respublikası Ali Məhkəməsi
və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının mütəxəssis mülahizələrini və iş
materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Şəki Rayon Məhkəməsi
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra –
Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası İnzibati
Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 43.4 və
128.2.3-cü maddələrinin həmin Məcəllənin 129.1.4-cü maddəsi ilə, Azərbaycan
Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 6-cı maddəsinin
həmin Məcəllənin 208-ci maddəsi və Azərbaycan Respublikası Konstitusiyasının
(bundan sonra – Konstitusiya) 35-ci maddəsinin V hissəsi ilə əlaqəli şəkildə
şərh edilməsini xahiş etmişdir.
Müraciətdən görünür ki, Azərbaycan
Respublikası Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinin zabitinin hərbi
hissənin ərazisində yerləşən idman şəhərciyində təlim-idman qurğusunun taxtasının
yenilənməsi ilə bağlı işlərin görülməsi ilə əlaqədar verdiyi göstərişin icrası
zamanı əsgər E.Əliyev dərəcəsi təyin edilməyən xəsarət almışdır. Əməldə
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsində nəzərdə
tutulan cinayət tərkibi olmadığına görə cinayət işinin başlanmasının rədd
edilməsi haqqında qərar qəbul edilmişdir.
Bundan sonra Zaqatala hərbi
prokuroru tərəfindən İnzibati Xətalar Məcəlləsinin 198.1.1-ci maddəsində
nəzərdə tutulan inzibati xəta tərkibinin olması əsası ilə inzibati xəta
haqqında iş üzrə icraat başlanmış və qərar müvafiq materiallarla birlikdə
baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Şəki-Zaqatala Regional
Şöbəsinə göndərilmişdir.
Regional Şöbənin 15 mart
2023-cü il tarixli qərarı ilə Əmək Məcəlləsinin 6-cı maddəsinin “a” bəndi əsas
götürülməklə İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə uyğun olaraq
inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir.
Zaqatala hərbi prokuroru
həmin qərardan Şəki Rayon Məhkəməsinə protest vermişdir.
Müraciətedən qeyd edir ki, İnzibati
Xətalar Məcəlləsinin 43.4-cü maddəsi ilə hərbi qulluqçular tərəfindən
törədilmiş inzibati xətaya dair işlərə hərbi məhkəmələr tərəfindən baxılmasının
müəyyən olunmasına baxmayaraq, həmin Məcəllənin 129.1.4-cü maddəsinə əsasən səlahiyyətli
orqanın (vəzifəli şəxsin) qərarından verilən şikayət və ya protestin rayon
(şəhər) məhkəmələrinə verilməli olması təsbit edilmişdir. Müraciətedənin
qənaətinə görə, göstərilən normalar arasındakı ziddiyyət təcrübədə qeyri-müəyyənliyin
yaranmasına səbəb olur.
Müraciətdə o da qeyd
olunmuşdur ki, Əmək Məcəlləsinin 6-cı maddəsinin “a” bəndi ilə həmin Məcəllənin
hərbi qulluqçulara şamil edilmədiyi təsbit olunsa da, Məcəllənin 208-ci
maddəsinə görə, əməyin mühafizəsi normaları və qaydaları müəssisələrdə işə cəlb
edilən hərbi qulluqçuların çalışdıqları bütün iş yerlərində tətbiq edilməlidir.
Müraciətedən hesab edir ki, Əmək Məcəlləsinin 6-cı maddəsinin “a” bəndi həmin
Məcəllənin 208-ci maddəsi və Konstitusiyanın 35-ci maddəsinin V hissəsi ilə
ziddiyyət təşkil etdiyindən, qeyd olunan maddələrin əlaqəli şəkildə şərh
edilməsinə zərurət yaranmışdır.
Konstitusiya Məhkəməsinin Plenumu
müraciətlə əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
Konstitusiyanın 35-ci maddəsinin I və II
hissələrinə müvafiq olaraq, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin
əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə,
məşğuliyyət və iş yeri seçmək hüququ vardır.
Əmək
münasibətlərini tənzimləyən Azərbaycan Respublikasının əmək qanunvericiliyi
sistemi Əmək Məcəlləsindən, Azərbaycan Respublikasının müvafiq qanunlarından,
müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyəti çərçivəsində qəbul etdiyi
normativ hüquqi aktlardan, əmək, sosial-iqtisadi məsələlərlə əlaqədar Azərbaycan
Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir
(Əmək Məcəlləsinin 1-ci maddəsi).
Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci hissəsinə
əsasən, Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini,
habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin
münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.
Əmək Məcəlləsinin 3-cü maddəsinin 2 və
3-cü hissələrinə görə, işçi dedikdə, işəgötürənlə fərdi qaydada yazılı əmək
müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan
fiziki şəxs, işəgötürən dedikdə isə tam
fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona
xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və
ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli
orqanı, fiziki şəxs başa düşülür. Həmin Məcəllənin 3-cü maddəsinin 8-ci
hissəsi ilə iş yeri işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək
müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yer kimi təsbit
edilmişdir.
Əmək Məcəlləsinin şamil edilmədiyi şəxslərin
dairəsini müəyyən edən 6-cı maddəsinin “a” bəndinə əsasən, bu Məcəllə hərbi
qulluqçulara şamil olunmur.
“Hərbi
vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun (bundan
sonra – “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanun) 2.0.9 və 2.0.2-ci maddələrinə görə, hərbi
qulluqçular – həqiqi hərbi xidmətdə olan şəxslərdir. Hərbi xidmət isə dövlət
qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində
və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər
dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda)
qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan
Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata
keçirdikləri xidməti fəaliyyətdir.
Həmin Qanunun 12.1-ci maddəsinə əsasən,
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətlə komplektləşdirilməsi
üsullarına görə hərbi xidmət çağırış üzrə və könüllü xidmətlərə bölünür.
Hərbi xidmətə çağırışın müəyyən edilmiş
tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşları müddətli həqiqi
hərbi xidmət və zabitlərin həqiqi hərbi xidməti olmaqla həqiqi hərbi xidmətlərə
çağırılırlar (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 12.2-ci maddəsi).
Qeyd olunan Qanunun 36-cı maddəsində isə
Azərbaycan Respublikası vətəndaşlarının bağlaşma əsasında könüllü daxil
olduqları həqiqi hərbi xidmətlərin formaları nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli qərarı ilə təsdiq edilmiş
“Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və
Qaydası”nın 1.2-ci bəndinə görə, bu
Qayda Azərbaycan Ordusuna və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
olaraq yaradılmış başqa silahlı birləşmələrə, habelə Azərbaycan Respublikasının
Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət
orqanlarına (dövlət orqanlarının strukturuna daxil olan qurumlara) həqiqi hərbi
xidmətə bağlaşma əsasında könüllü daxil olan Azərbaycan Respublikasının vətəndaşlarına,
həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə şamil edilir.
Qaydaların 1 nömrəli əlavəsi ilə
bağlaşmanın forması təsdiq edilmiş və tərəflərin bağlaşma üzrə öhdəlikləri müəyyən
edilmişdir.
Göründüyü kimi, həqiqi hərbi xidmət
çağırış üzrə və könüllü xidmətlərə bölünməklə, könüllü xidmətə daxil olan şəxslərlə
müvafiq dövlət orqanı arasında əmək müqaviləsi deyil, məhz bağlaşma formasında
müvafiq sənəd imzalanır və bağlaşmanın imzalanması həqiqi hərbi xidmətin
başlanması üçün əsas yaradan hüquqi fakt kimi çıxış edir.
Konstitusiya Məhkəməsinin Plenumu qeyd
etməyi zəruri hesab edir ki, Əmək Məcəlləsinin hərbi qulluqçulara şamil
olunmaması hərbi xidmətin dövlət qulluğunun xüsusi növü olmaqla əmək fəaliyyətinin
digər növlərindən əhəmiyyətli dərəcədə fərqlənməsindən, hərbi qulluqçuların
xidməti fəaliyyəti ilə əlaqədar müvafiq dövlət orqanı ilə onlar arasında əmək
müqaviləsinin bağlanmamasından, Əmək Məcəlləsi ilə nəzərdə tutulmuş əmək (işçi-işəgötürən)
münasibətlərinin yaranmamasından irəli gəlir.
Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki
qərarlarında da qeyd edilmişdir ki, hərbi qulluğun özü dövlət qulluğunun xüsusi
növü kimi, bilavasitə ölkənin müdafiəsinin və dövlət təhlükəsizliyinin təminatı
ilə əlaqədar olduğuna görə ümumi (publik) maraqlar naminə həyata keçirilən fəaliyyətdir.
Hərbi qulluqda olan şəxslərin konstitusiya əhəmiyyətli funksiyaları həyata
keçirmələri onların hüquqi statusuna, habelə həmin şəxslərlə dövlət arasında
olan qarşılıqlı münasibətlərin məzmununa və xarakterinə təsir göstərir. Bu
qulluq növü əmək fəaliyyətinin digər növlərindən fərqləndiyinə görə müəyyən
xüsusiyyətlərə malikdir (“Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan
Respublikası Qanununun 11-ci maddəsinin 1-ci bəndinin iyirminci abzasının və Azərbaycan
Respublikasının 1997-ci il 3 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi
xidmətkeçmə haqqında” Əsasnamənin 121-ci maddəsinin ikinci hissəsinin şərh
edilməsinə dair” 2014-cü il 28 mart tarixli Qərar).
Hərbi qulluqda yerinə yetirilən
funksiyaların xarakteri və xüsusi əhəmiyyəti, mürəkkəbliyi, onların həyat və
sağlamlıq üçün təhlükəliliyi və digər amillər nəzərə alınmaqla, hərbi
qulluqçuların əmək hüququ, maddi təminatı, istirahət hüququ və digər sosial təminat
hüquqları, eləcə də hərbi xidmətkeçmə ilə əlaqədar digər münasibətlər sahəvi
normativ aktlarla tənzimlənmişdir.
“Hərbi
qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra
– “Hərbi qulluqçuların statusu haqqında” Qanun) 1-ci maddəsinin 1-ci
hissəsinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan
Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunu
ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi
qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan
Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa
qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata
keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir.
Beləliklə, qanunverici orqan özünün
konstitusion səlahiyyətləri çərçivəsində hərbi qulluqçuların xüsusi hüquqi
statusunu nəzərə alaraq, həm onların hüquq və azadlıqlarının həyata keçirilməsi
üçün müəyyən əlavələr və ya məhdudiyyətlər müəyyənləşdirir, həm də bu şəxslərin
üzərinə hərbi qulluğun vəzifələrindən, prinsiplərindən və funksiyalarından irəli
gələn əlahiddə vəzifələr qoyur.
“Azərbaycan Respublikasının Silahlı
Qüvvələri haqqında” Azərbaycan Respublikası Qanununun 13.2 və 13.3-cü maddələrinə
əsasən, Silahlı Qüvvələrin hərbi qulluqçuları hərbi xidmət vəzifələrini yerinə
yetirərkən Silahlı Qüvvələrin hərbi nizamnamələrinin tələblərini və komandirlərin
(rəislərin) qəbul etdiyi qərarları (əmr və sərəncamları) icra edirlər. Silahlı
Qüvvələrin təyinatı ilə bağlı olmayan vəzifələrin icrasına cəlb edilməsi
müvafiq icra hakimiyyəti orqanının təqdimatı ilə Azərbaycan Respublikasının
Milli Məclisinin qərarına əsasən həyata keçirilir.
Həmçinin, “Hərbi qulluqçuların statusu
haqqında” Qanunun 9-cu maddəsinin 1-ci bəndinin 3-cü abzasına əsasən hərbi xidmət
keçdikləri dövrdə hərbi qulluqçuların hərbi xidmətdə nəzərdə tutulmayan işlərə
və başqa vəzifələrin icrasına cəlb edilməsinə Azərbaycan Respublikası
Prezidentinin müəyyən etdiyi qaydada yol verilir.
Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin
Plenumu qeyd edir ki, hərbi qulluqçular qanunvericiliklə müəyyən edilmiş
hallarda və qaydada, hərbi xidmətdə nəzərdə tutulmayan işlərə, vəzifələrin
icrasına cəlb edilərkən onlar cəlb olunduqları iş yerlərində (müəssisələrdə)
faktiki olaraq müəssisənin işçiləri ilə eyni status əldə etmiş olurlar. Məhz
buna görə də qanunverici Əmək Məcəlləsinin 208-ci maddəsi ilə əməyin mühafizəsi
normaları və qaydalarının tətbiq edildiyi iş yerlərinin dairəsini müəyyən edərkən
müvafiq olaraq müəssisələrdə işə cəlb edilən hərbi qulluqçuların çalışdıqları
bütün iş yerlərində bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən
edilmiş əməyin mühafizəsi normaları və qaydalarının hökmən tətbiq edilməli
olduğunu təsbit etmişdir.
Həmin Məcəllənin 3-cü maddəsinin 1-ci
hissəsinə əsasən, müəssisə dedikdə mülkiyyətçinin təşkilati-hüquqi formasından,
adından və fəaliyyət növündən asılı olmayaraq Azərbaycan Respublikasının
qanunvericiliyinə müvafiq olaraq yaratdığı hüquqi şəxs, onun və xarici hüquqi şəxsin
filialı, nümayəndəliyi başa düşülür.
Müəssisənin mülkiyyətçisi və işəgötürəni
işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə
yetirilməsinə bilavasitə cavabdehdirlər və qanunvericiliklə nəzərdə tutulan tədbirlərin
həyata keçirilməsini təmin etməlidirlər (Əmək Məcəlləsinin 215-ci maddəsi).
Odur ki, hərbi qulluqçuların cəlb
olunduqları iş yerlərində əməyin təhlükəsizliyinə cavabdeh olan şəxslər müəssisənin
digər işçiləri kimi orada işə cəlb edilmiş hərbi qulluqçuların da əməyinin təhlükəsizliyi
üçün bütün zəruri tədbirləri həyata keçirmək vəzifəsini daşıyır və bu vəzifənin
yerinə yetirilməməsi əməyin mühafizəsi qaydalarının pozulmasına görə həmin şəxslərin
məsuliyyət daşımasına əsas yaradır. Müəssisədə işə cəlb edilən hərbi
qulluqçular da digər işçilər kimi əməyin təhlükəsizliyi ilə bağlı norma və
qaydalara riayət etmək vəzifəsi daşıyırlar.
Əməyin mühafizəsi normaları və
qaydalarının müəssisələrdə işə cəlb edilən hərbi qulluqçuların çalışdıqları
bütün iş yerlərinə şamil olunmasının müəyyənləşdirilməsi Konstitusiyanın 35-ci maddəsinin VI hissəsinə
müvafiq olaraq hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun təmin
edilməsinə yönəlmişdir.
Əsas Qanunda təsbit olunmuş yaşamaq və sağlamlığın
qorunması hüququ ilə bağlı olan hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək
hüququ əmək hüququnun mühüm tərkib hissəsidir.
Həmin hüququn məzmunu ondan ibarətdir
ki, hər bir işçinin onun həyatına və sağlamlığına mənfi təsir etməyən və zərər
vurmayan, təhlükəsizlik tələblərinə cavab verən şəraitdə işləmək hüququ vardır.
Eyni zamanda, bu konstitusiya hüququ işəgötürən tərəfindən əməyin təhlükəsizliyinin,
işçilərin həyatının, sağlamlığının və əməyinin mühafizəsinin təmin edilməsi öhdəliyini
nəzərdə tutur.
Hər kəsin təhlükəsiz və sağlam şəraitdə
işləmək hüququ dövlət tərəfindən bu hüququn həyata keçirilməsini təmin edən
müvafiq hüquqi tənzimlənməni tələb edir. Həmin vəzifəni yerinə yetirərkən dövlət
təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun reallaşdırılmasını təmin edən
vasitələr və onların həyata keçirilməsinə nəzarət edən səmərəli mexanizmlər təsis
etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin
239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il 15 iyul
tarixli Qərarı).
Əməyin mühafizəsi ilə bağlı münasibətlər
Əmək Məcəlləsinin IX bölməsi ilə tənzimlənir. Həmin Məcəllənin 207-ci maddəsinin
2-ci hissəsinə əsasən, əməyin mühafizəsi normaları və qaydaları bu Məcəllə ilə,
səlahiyyətləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanlarının qəbul etdiyi
normativ hüquqi aktlarla, habelə Azərbaycan Respublikasının qoşulduğu və ya tərəfdar
çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir.
Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin
Plenumu hesab edir ki, Konstitusiyanın 35-ci maddəsinin VI hissəsinin mahiyyətinə
uyğun olaraq Əmək Məcəlləsinin 6-cı maddəsinin “a” bəndi həmin Məcəllənin
208-ci maddəsi ilə ziddiyyət təşkil etmir.
O da qeyd olunmalıdır ki, Konstitusiyanın
35-ci maddəsinin V hissəsinə müvafiq olaraq, məhkəmə qərarı əsasında şərtləri və
müddətləri qanunla nəzərdə tutulan məcburi əməyə cəlb etmək, hərbi xidmət
zamanı səlahiyyətli şəxslərin əmrlərinin yerinə yetirilməsi ilə əlaqədar işlətmək,
fövqəladə vəziyyət və hәrbi vəziyyət zamanı vətəndaşlara tələb olunan işləri
gördürmək hallarına yol verilir.
Göründüyü kimi, hərbi xidmət zamanı tərəflər
arasında əmək münasibətləri yaranmasa da, səlahiyyətli şəxslərin əmrlərinə
uyğun olaraq müvafiq işlərin görülməsi yol veriləndir.
“Hərbi
vəzifə və hərbi xidmət haqqında” Qanunun 27.1.5-ci maddəsinə əsasən, vəzifə
borclarını, yaxud komandir (rəis) tərəfindən verilmiş əmr, sərəncam və ya göstərişi
yerinə yetirərkən hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər hərbi
xidmət vəzifələrinin icrasında sayılırlar. Bu səbəbdən komandir (rəis) tərəfindən
verilmiş əmr, sərəncam və ya göstərişin yerinə yetirilməsi hərbi qulluqçunun müəssisədə
işə cəlb edilən şəxs statusunu alması mənasına gəlmir.
Bununla yanaşı Konstitusiya Məhkəməsinin
Plenumu qeyd etməyi vacib hesab edir ki, hərbi xidmət keçmə zamanı təhlükəsizliyin
təmin edilməsi mühüm əhəmiyyət kəsb edir.
Hərbi xidmətin təhlükəsizliyi hərbi
xidmət şəraitinin və onun yerinə yetirilmə qaydasının təmin edilməsini, şəxsi
heyətin və hər bir hərbi qulluqçunun ayrı-ayrılıqda, eləcə də yerli əhalinin və
ətraf mühitin hərbi xidmətdə gündəlik fəaliyyət zamanı yaranan təhlükəli amillərin təsirindən mühafizə edilməsini nəzərdə tutan
hüquqi, təşkilati, texniki, tibbi və digər tədbirlərdən ibarətdir.
Azərbaycan Respublikasının 1994-cü il
23 sentyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası silahlı
qüvvələrinin Daxili Xidmət Nizamnaməsi”nin (bundan sonra – Daxili Xidmət
Nizamnaməsi) 7-ci maddəsinə görə, bütün hərbi qulluqçular rütbələrindən və vəzifələrindən
asılı olmayaraq Qanun qarşısında bərabərdirlər və hərbi intizamın və ictimai
asayişin pozulması ilə bağlı nalayiq hərəkətlərə, eləcə də əxlaq qaydalarına
zidd hərəkətlərə görə — ictimai təsir tədbirlərinə; hərbi intizamı pozduqlarına
görə — Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsində müəyyən
edilmiş qaydada intizam məsuliyyətinə; inzibati xətalara görə - Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsində bilavasitə nəzərdə
tutulmuş hallarda intizam məsuliyyətinə, qalan hallarda isə Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada inzibati
məsuliyyətə cəlb oluna bilərlər.
Oxşar norma İnzibati Xətalar Məcəlləsində
də nəzərdə tutulmuşdur. Həmin Məcəllədə qeyd olunmuşdur ki, intizam nizamnamələrində
bilavasitə nəzərdə tutulmuş hallarda hərbi qulluqçular inzibati xətalara görə
intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət
daşıyırlar (İnzibati Xətalar Məcəlləsinin 16.3-cü maddəsi).
İnzibati Xətalar Məcəlləsinin 16.4-cü
maddəsinə əsasən, inzibati tənbeh tətbiq etmə hüququ olan hakim, səlahiyyətli
orqan (vəzifəli şəxs) bu Məcəllənin 16.3-cü maddəsində göstərilən şəxslər barəsində
inzibati tənbeh tətbiq etmək əvəzinə, inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə
cəlb olunması məsələsinin həll edilməsi üçün inzibati xətalar haqqında işlər
üzrə materialları müvafiq icra hakimiyyəti orqanına verə bilərlər.
Göründüyü kimi, qanunvericilikdə hərbi
qulluqçular tərəfindən törədilmiş inzibati xətalara görə intizam və inzibati məsuliyyət
formaları müəyyən edilmişdir. Əgər intizam nizamnaməsində hərbi qulluqçunun törətdiyi
inzibati xətaya görə intizam məsuliyyəti nəzərdə tutulmuşsa, bu hal onun
inzibati məsuliyyətə cəlb edilməsini istisna edir.
Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır
ki, məhkəmələr və səlahiyyətli orqanlar (vəzifəli şəxslər)
hərbi qulluqçular tərəfindən törədilən və hazırkı müraciətə səbəb olmuş hallarla əlaqədar inzibati xətalar haqqında
işlərə baxarkən müvafiq əmr, sərəncam və ya göstərişin hərbi xidmət vəzifələrinin
icrası ilə əlaqədar olub-olmamasını, həmin əmr, sərəncam və ya göstərişin
icrası ilə əlaqədar təhlükəsizlik tədbirlərinin görülüb-görülməməsini, vəzifəli
şəxslər tərəfindən hərbi xidmətin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı
öhdəliklərin yerinə yetirilmədiyi halda pozuntunun konkret olaraq hansı hərəkətdə
(hərəkətsizlikdə) ifadə olunduğunu müəyyənləşdirməklə əmələ hüquqi qiymət verməli,
əməlin inzibati xəta tərkibini yaradıb-yaratmadığını müəyyənləşdirməli,
inzibati xəta tərkibinin mövcud olduğu, lakin buna görə hərbi qulluqçuların
inzibati məsuliyyətinin müəyyən edilmədiyi hallarda İnzibati Xətalar Məcəlləsinin
16.4-cü maddəsinə müvafiq olaraq inzibati xəta törətmiş şəxsin intizam məsuliyyətinə
cəlb olunması üçün inzibati xətalar haqqında işlər üzrə materialların müvafiq
icra hakimiyyəti orqanına göndərilməsi məsələsini həll etməlidirlər.
Müraciətdə qaldırılan digər məsələ ilə
bağlı qeyd olunmalıdır ki, Konstitusiyanın 62-ci maddəsinə əsasən hər kəsin
onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin
razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir.
Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən
edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin
mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir (Konstitusiya Məhkəməsi
Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və
39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 iyun
tarixli Qərarı).
Məhkəmə aidiyyəti institutu şəxsin məhkəmə
müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və pozulmuş hüquqların ədalət
mühakiməsinin əsas prinsiplərinin tələblərinə cavab verən şəkildə bərpa edilməsi
üçün qanunvericilikdə nəzərdə tutulmuş xüsusi təminatlardan biridir.
Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında
formalaşdırılmış hüquqi mövqeyə əsasən, məhkəmə aidiyyəti ədalət mühakiməsinin
həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual
təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə o, qanunla dəqiq müəyyən
edilməlidir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə icraatı qaydasında
baxılmasına dair qeyri-müəyyənlik yaranmış olur. Belə qeyri-müəyyənlik işə məhkəmə
tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarada, son nəticədə isə şəxsin
pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər (“İnzibati icraat
haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh
edilməsinə dair” 2012-ci il 6 oktyabr tarixli Qərar).
İnzibati Xətalar Məcəlləsinin 40-cı
maddəsi ilə inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan orqanlara (vəzifəli
şəxslərə) müvafiq olaraq rayon (şəhər) məhkəmələri; yetkinlik yaşına
çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar (kollegial
orqan); müvafiq icra hakimiyyəti orqanları, Mərkəzi Bank, müvafiq icra hakimiyyəti
orqanının yaratdığı qurum (vəzifəli şəxslər) aid edilmişdir.
İnzibati xətalar haqqında işlərin
aidiyyəti isə İnzibati Xətalar Məcəlləsinin 8-ci Fəsli ilə müəyyən edilmişdir. Həmin Məcəllənin 43.1-ci maddəsində rayon (şəhər)
məhkəmələrinin baxmaq hüququ olduğu inzibati xətalar haqqında işlərin siyahısı
təsbit olunmuşdur.
İnzibati Xətalar Məcəlləsinin müvafiq
icra hakimiyyəti orqanlarının aidiyyətini müəyyən edən 44-cü maddəsinə görə isə
bu Məcəllənin 40, 41 və 43-cü maddələrində göstərilən hallardan başqa, bu Məcəllənin
Xüsusi hissəsində nəzərdə tutulmuş digər inzibati xətalar haqqında işlərə
müvafiq icra hakimiyyəti orqanları baxırlar.
Qeyd edilməlidir ki, inzibati xətalar
haqqında işlərə baxmaq səlahiyyətinin yalnız məhkəmələrə deyil, həmçinin
müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətli şəxslərinə verilməsinin əsas
səbəblərindən biri nisbətən az ictimai təhlükəli əməllər olaraq inzibati xəta
haqqında iş üzrə icraatın tezliyi, səmərəliliyi və sadəliyinin təmin edilməsidir.
İnzibati xətaya məhz hansı orqan tərəfindən
baxılmalı olması hər bir inzibati xətanın xarakteri, qəsd etdiyi ictimai
münasibətlərin dairəsi və digər amillər əsas götürülməklə sahəvilik prinsipinə əsaslanaraq
və həmin icra hakimiyyəti orqanlarının
ayrı-ayrı sahələrdə ixtisaslaşma əsasında fəaliyyət göstərdiyi nəzərə alınaraq
müəyyənləşdirilmişdir. Bu da inzibati xəta haqqında işin ixtisaslaşmış subyekt
tərəfindən hərtərəfli və operativ araşdırılmasını təmin etməklə yanaşı, inzibati xətaların qarşısının alınması,
inzibati xətaların törədilməsinə kömək edən səbəblərin və şəraitin aşkar edilməsi
və aradan qaldırılması sahəsində tədbirlərin həyata keçirilməsinə də şərait
yaratmış olur.
Hərbi məhkəmələrin aidiyyəti məsələsinə
gəldikdə isə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasında ədalət mühakiməsini
həyata keçirən məhkəmələrin sistemi ümumi və ixtisaslaşdırılmış məhkəmələrdən təşkil
olunmuşdur.
“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan
Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq, hərbi məhkəmə birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə
aid edilmiş cinayət işlərinə, habelə inzibati xətalar haqqında işlərə baxır.
Hərbi məhkəmələrin ixtisaslaşmış məhkəmə
kimi fəaliyyətinin məqsədi hərbi xidmətlə bağlı ictimai münasibətlərin spesifik
xarakteri (hərbi xidmətdə yüksək nizam-intizamın və təşkilatçılığın təmin edilməsinin
zəruriliyi və s.) ilə əlaqədardır. Bu spesifiklik hərbi xidmətlə bağlı hüquq
pozuntularının araşdırılması zamanı zəruri ixtisaslaşmanı tələb edir.
İnzibati Xətalar Məcəlləsinin 43.4-cü
maddəsinə müvafiq olaraq, bu Məcəllənin 610-618-ci maddələrində nəzərdə
tutulmuş inzibati xətalar haqqında işlərə, habelə bu Məcəllənin 43.1-ci maddəsində
nəzərdə tutulmuş inzibati xətaları hərbi qulluqçular və toplanışa çağırılmış hərbi
vəzifəlilər törətdikdə, inzibati xətalar haqqında işlərə hərbi məhkəmələr
baxır.
Həmin Məcəllənin 610-618-ci maddələri
isə hərbi xidmət əleyhinə olan inzibati xətaları təsbit edir.
Göründüyü kimi, Azərbaycan Respublikasında hərbi məhkəmələrin baxmaq
səlahiyyəti olduğu inzibati xətaların dairəsi konkretləşdirilmiş və həmin
inzibati xətalar hərbi xidmət əleyhinə olan inzibati xətalarla və hərbi
qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər tərəfindən törədilən, İnzibati
Xətalar Məcəlləsinin 43.1-ci maddəsində qeyd olunan inzibati xətalarla məhdudlaşdırılmışdır.
Müraciətdə qaldırılan hərbi qulluqçu
barəsində qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərardan protest verilməsi
məsələsi ilə bağlı qeyd edilməlidir ki, İnzibati Xətalar Məcəlləsinin 128-ci
maddəsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermək
hüququnu, həmin Məcəllənin 129.1-ci maddəsi isə inzibati xəta haqqında iş üzrə
qərardan şikayət və ya protestin verilmə qaydasını müəyyən etmişdir.
Həmin Məcəllənin 128.2-ci maddəsi ilə protest
və ya şikayətə baxmaq hüququ olan orqanların (vəzifəli şəxslərin) dairəsi müəyyənləşdirilərək
göstərilmişdir ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət və
ya protest - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir.
Qeyd olunan Məcəllənin 129.1.4-cü maddəsində
isə belə protestlərlə bağlı məhkəmə aidiyyəti konkretləşdirilməklə müəyyən
olunmuşdur ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə
verilən protest - səlahiyyətli orqanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə
verilir.
Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin
Plenumu aşağıdakı nəticələrə gəlir:
- Konstitusiyanın 35-ci
maddəsinin VI hissəsinin tələbləri baxımından Əmək Məcəlləsinin 208-ci
maddəsinə əsasən həmin Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən
edilmiş əməyin mühafizəsi normaları və qaydalarının hərbi qulluqçulara
münasibətdə onların məhz müəssisələrdə işə cəlb edildiyi halda tətbiq olunması
Əmək Məcəlləsinin 6-cı maddəsinin “a” bəndi ilə ziddiyyət təşkil etmir;
- İnzibati Xətalar
Məcəlləsinin 128.2.3 və 129.1.4-cü maddələrinin tələbinə əsasən, hərbi
qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər barəsində inzibati
xəta haqqında iş üzrə səlahiyyətli
orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən protest səlahiyyətli
orqanın olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilməlidir.
Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi
haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini
rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1.
Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin VI
hissəsinin tələbləri baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin
208-ci maddəsinə əsasən həmin Məcəllə ilə və digər normativ hüquqi aktlarla
müəyyən edilmiş əməyin mühafizəsi normaları və qaydalarının hərbi qulluqçulara
münasibətdə onların məhz müəssisələrdə işə cəlb edildiyi halda tətbiq olunması
Azərbaycan Respublikası Əmək
Məcəlləsinin 6-cı maddəsinin “a” bəndi ilə ziddiyyət təşkil etmir.
2.
Azərbaycan
Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3 və 129.1.4-cü maddələrinin tələbinə
əsasən, hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər barəsində
inzibati xəta haqqında iş üzrə səlahiyyətli
orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən protest səlahiyyətli orqanın olduğu yer üzrə rayon (şəhər)
məhkəməsinə verilməlidir.
3.
Qərar dərc edildiyi gündən qüvvəyə minir.
4.
Qərar Azərbaycan Respublikasının rəsmi dövlət
qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda
dərc edilsin, habelə Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.
5.
Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən
ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Sədr Fərhad Abdullayev